Oktyabrın 9-da Təhsil Nazirliyində ölkə Prezidentinin sərəncamları ilə Beynəlxalq Müəllimlər günü ərəfəsində orden və medallara, fəxri adlara layiq görülmüş təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib.
Mərasim iştirakçılarını səmimi salamlayan təhsil naziri Misir Mərdanov hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə peşə bayramı ərəfəsində bir qrup təhsil işçisinin orden və medallar, “Əməkdar müəllim” fəxri adı ilə təltif olunduğunu bildirib. Təqdimetməyə başlanmazdan əvvəl nazir Azərbaycanın tanınmış müəllimi və təhsil təşkilatçısı, uzun illər təhsilimizə fədakarlıqla xidmət etmiş respublikanın “Əməkdar müəllim”i Aliyə Təhmasibin bu günlərdə fəxri təqaüdə yola salındığını, bu münasibətlə 132-134 nömrəli təhsil kompleksində də mərasim keçirildiyini xatırladıb. Nazir Aliyə Təhmasibin zəngin bioqrafiyasının bəzi məqamlarını diqqətə çatdıraraq bildirib ki, o, həyatını Azərbaycan təhsilinin inkişafına həsr edib, Azərbaycan təhsilinin adını daim uca tutub. Onun fəaliyyəti haqqında daim müsbət fikirlər söylənildiyini vurğulayan Misir Mərdanov Aliyə Təhmasibin rəhbərlik etdiyi kollektivdə və pedoqoji ictimaiyyət arasında böyük hörmət və nüfuz sahibi olduğunu nəzərə çatdırıb. Nazir onun bir sıra dövlət təltifləri ilə mükafatlandırıldığını, 2007-ci ildə ölkə rəhbərinin sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görüldüyünü bildirib və fəxri təqaüdə çıxan Aliyə xanımın 132-134 nömrəli təhsil kompleksinin fəxri direktoru seçildiyini deyib. Onun bundan sonra da təhsil ocağı ilə sıx əlaqə saxlayacağına umidvar olduğunu söyləyən Misir Mərdanov A.Təhmasibə Təhsil Nazirliyinin təbrik məktubunu və gül dəstəsini təqdim edib. Sonra orden və medallara, fəxri adlara layiq görülmüş təhsil işçilərinə mükafatların təqdim olunmasına başlanılıb. Nazir öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 yanvar 2010-cu il tarixli sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüş Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədovun mükafatını təqdim edib. Y.Məmmədovu Azərbaycanın böyük riyaziyyatçısı kimi səciyyələndirən təhsil naziri onun ADPU-ya rektor təyin olunduqdan sonra gördüyü işlərdən, qısa müddət ərzində universitetdə yaranmış müsbət dönüşdən söz açıb. Daha sonra ölkə Prezidentinin 4 Oktyabr 2010-cu il tarixli sərəncamı ilə şöhrət ordenlərinə layiq görülmüş Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nadir Qəhrəmanov, 289 nömrəli “Zəngi” liseyinin direktoru Bayram Heydərova mükafatlar təqdim olunub. Nazir qeyd edib ki, ölkə Prezidentinin sərəncamları ilə Beynəlxalq Müəllimlər günü ərəfəsində Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 73 təhsil işçisi “Tərəqqi”, 3 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub, 70 nəfərə “Əməkdar müəllim” fəxri adı verilib. Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə fəxri adlarla təltif olunan təhsil işçilərinə medal və vəsiqələr təqdim edilib. Təhsil işçiləri adından çıxış edənlər onların əməyinə verilən belə yüksək qiymətə görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.
08/07/2015 16:52
Oktyabrın 12-də Bakı Dövlət Universitetində MDB humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının forumu öz işinə başlayıb.
Forumun birinci günü Əlaqələndirmə Şurasının iclası keçirilib. Forum iştirakçıları əvvəlcə BDU-da Heydər Əliyev muzeyi ilə tanış olub, universitetin Fəxri doktorlarının və AMEA-nın üzvlərinin fotoları əks olunmuş stendə baxıblar. Forumun Əlaqələndirmə Şurasının iclasında Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Azərbaycanın ali məktəb rektorları və humanitar fakültə dekanları iştirak ediblər. Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev forumu açaraq iştirakçıları salamlayıb. K.Abdullayev bildirib ki, ilk dəfə təşkil edilən bu forumda MDB üzvü olan 8 ölkənin 20-dən artıq ali məktəbindən 30 nümayəndə iştirak edir. Əlaqələndirmə Şurasının forumda müzakirə olunacaq məsələləri, təşkili nəzərdə tutulan mədəni tədbirləri müzakirə edəcəyini vurğulayan Kamal Abdullayev oktyabrın 13-də forum iştirakçılarının Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını və ölkəmizin ərazi bütövlüyü və Şəhidlər xiyabanını ziyarət edəcəklərini nəzərə çatdırıb. Sonra forumun ümumi iclası keçiriləcək, məruzələr dinləniləcəkdir. Forum çərçivəsində Bakının tarixi yerləri ilə tanışlıq və digər mədəni tədbirlər də nəzərdə tutulub. İclasda çıxış edən Rusiya Dövlət Humanitar Universitetinin rektoru, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yefim Pivovar bildirib ki, ilk dəfə keçirilən forumun ideyası cari ilin yanvarında Bakıda təşkil edilmiş humanitar əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda meydana gəlib. Həmin vaxt forum iştirakçılarını qəbul edən Azərbaycan Prezidenti İlham Əliyevin MDB ölkələri arasında humanitar əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğuladığını, ziyalıların bu işə öz töhfələrini verməsinin zəruriliyini qeyd etdiyini söyləyən Yefim Pivovar məhz bundan sonra MDB üzvü olan ölkələrin humanitar universitetləri rektorlarının forumunun keçirilməsi ilə bağlı təşkilati işlərə başlanıldığını deyib. Yefim Pivovar forumun təşkilinə və birinci toplantıya ev sahibliyi etdiyinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib və bu təşəbbüsün gerçəkləşməsinin yalnız humanitar universitetlər deyil, eyni zamanda, MDB xalqları arasında əməkdaşlığın və dostluq münasibətlərinin inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb. Forumun ilk günü Əlaqələndirmə Şurasının iclasından sonra qonaqlar Bakıdakı 132-134 nömrəli təhsil kompleksi ilə tanış olublar.
08/07/2015 16:52
Oktyabrın 13-də Bakı Dövlət Universitetində MDB humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının forumu işini davam etdirib.
Forum iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş Vətən övladlarının uyuduqları Şəhidlər xiyabanını ziyarət edən forum iştirakçıları məzarların üzərinə güllər qoyublar. Sonra Bakı Dövlət Universitetində işini davam etdirən forumda iştirakçıların təqdimatı keçirilib. Forum iştirakçılarını salamlayan Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov belə bir beynəlxalq tədbirin ilk dəfə Bakıda keçirilməsini yüksək dəyərləndirib, onun əhəmiyyətini vurğulayıb. Müstəqillik illərində Azərbaycanda təhsil sahəsində aparılmış köklü islahatlar barəsində iştirakçılara məlumat verən nazir bunun 1993-cü ildən, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başladığını nəzərə çatdırıb. Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan geniş quruculuq işlərindən danışan Misir Mərdanov bu inkişafın təhsil sahəsində də əsaslı keyfiyyət dəyişikliyinə səbəb olduğunu, 2 mindən çox məktəbin və əlavə tədris korpusunun inşa edildiyini, təhsilin maddi-texniki bazasının möhkəmlənməsi istiqamətində ardıcıl tədbirlər görüldüyünü qeyd edib. Təhsilin informasiyalaşdırılmasına, müasir texnoloji vasitələrin tətbiqinə geniş yer verildiyini bildirən təhsil naziri, hazırda ölkə üzrə hər 20 şagirdə 1 komüter düşdüyünü söyləyib. Nazir bu sahədə Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu, həyata keçirdiyi layihələrin əhəmiyyətini xüsusi vurğulayıb. Təhsil naziri iştirakçılara Azərbaycanda ali təhsilin inkişafı istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib, MDB humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının Bakı forumunun sahə üzrə əlaqələrin inkişafı, mövcud problemlərin təhlili və aradan qaldırılması yollarının araşdırılması baxımından rolunu qeyd edib, beynəlxalq tədbirin işinə uğurlar arzulayıb. Rusiya Federasiyasının MDB İşləri, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin nümayəndəsi Ənvər Şeyxov forum iştirakçılarını Agentliyin rəhbəri Farit Muxametşinin adından salamlayıb, onun təbrik məktubunu oxuyub. Federal Agentliyin bu il 85 yaşının qeyd edildiyini forum iştirakçılarının diqqətinə çatdıran Ənvər Şeyxov qurumun həm MDB daxilində, həm də digər ölkələrdə həyata keçirdiyi çoxsaylı layihələr barədə məlumat verib. Rusiya Dövlət Humanitar Universitetinin rektoru, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yefim Pivovar rəhbərlik etdiyi təşkilat adından Azərbaycan hökumətinə beynəlxalq tədbirin ilk dəfə Bakıda keçirilməsinə göstərdiyi köməyə görə minnətdarlığını bildirib. Yefim Pivovar Rusiya Rektorlar İttifaqının, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin foruma təbrik məktublarını iştirakçıların nəzərinə çatdırıb. Forumun gündəliyi təsdiq edildikdən sonra Yefim Pivovar “MDB dövlətlərində humanitar təhsil: problemlər və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Nahardan sonra forum işini “MDB dövlətlərinin humanitariyaları arasında əməkdaşlığın istiqamətləri və perspektivləri” mövzusunda “Dəyirmi masa”da davam etdirib. İştirakçılar Bakı forumunun yalnız humanitar universitetlər deyil, eyni zamanda, MDB xalqları arasında əməkdaşlığın və dostluq münasibətlərinin inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduqlarını bildiriblər. MDB ölkələrinin humanitar sahə universitetlərinin əməkdaşlığının möhkəmləndirilməsi məqsədilə forumun daimi fəaliyyət göstərməsi, onun internet-portalının hazırlanması, müvafiq sahələr üzrə ekspert komissaylarının, illik elmi nəşrinin yaradılması barədə qərar qəbul edilib, bu beynəlxalq tədbirin ardıcıl təşkili Əlaqələndirmə Şurasına həvalə olunub. Daha sonra MDB humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının forumunun yekunlarına dair mətbuat konfransı keçirilib. Mətbuat konfransında Bakı forumunun işi yüksək qiymətləndirilib. Qeyd olunub ki, forum humanitar sahə üzrə əlaqələrin inkişafı, mövcud problemlərin təhlili və birgə səylərlə aradan qaldırılması yollarının araşdırılması istiqamətində mühüm rol oynayacaqdır. Konfransda, həmçinin MDB ölkələrinin humanitar universitetlərinin əməkdaşlığının möhkəmləndirilməsi məqsədi ilə forumda qəbul olunmuş qərarlar haqqında məlumat verilib. Sonda Bakı Slavyan Universiteti ilə Rusiya Dövlət Humanitar Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.
08/07/2015 16:52
Oktyabrın 15-də təhsil naziri Misir Mərdanov Bakıdakı 299 saylı məktəb-liseydə tədris ocağının Valideyn-Müəllim Assosiasiyasının üzvləri ilə görüşüb.
Öncə təhsil müəssisəsi ilə tanış olan nazir sinif otaqları, kitabxana, idman zalına baxıb, müəllim və şagirdlərlə söhbət edib. Valideyn-Müəllim Assosiasiyasının üzvləri ilə görüşündə ölkədə aparılan təhsil islahatları, yeni məktəb tikintisi və təhsil ocaqlarının təmiri barədə söz açan təhsil naziri valideynlərin məktəblə yaxından əlaqə saxlamasının əhəmiyyətini vurğulayıb. Bu baxımdan 299 saylı məktəb-liseydə xüsusi fəallığın hiss olunduğunu qeyd edən Misir Mərdanov məktəbin Valideyn-Müəllim Assosiasiyasının işindən razılığını bildirib və müvafiq tövsiyələrini nəzərə çatdırıb. Valideynlər və müəllimlər təhsil naziri Misir Mərdanova minnətdarlıqlarını bildirib, onları düşündürən bir sıra məsələlərlə bağlı təkliflərlə çıxış ediblər. 2008-ci ildə əsaslı təmir olunmuş və bir əlavə tədris korpusu istifadəyə verilmiş məktəbdə yaradılan şəraitdən razılığını bildirən nazir bundan sonra da təhsil ocağına zəruri köməklik göstəriləcəyini qeyd edib, pedaqoji kollektivə və Valideyn-Müəllim Assosiasiyasının üzvlərinə gələcək işlərində uğurlar arzulayıb.
08/07/2015 16:52
Oktyabrın 16-da Qafqaz Universitetində 2010-2011-ci dərs ilinə həsr edilmiş “Yüksələn təhsilimizin bayraqdarı-Azərbaycan məktəblisi” adlı tədbir keçirilib.
Tədbirdə təhsil naziri Misir Mərdanov, Milli Məclisin deputatları, təhsil işçiləri, tələbələr, ictimaiyyət nümayəndələri iştirak ediblər. Ümummilli lider Heydər Əliyevin gənclərə və onların təhsilinə göstərdiyi diqqət və qayğıdan söz açan təhsil naziri Misir Mərdanov müasir dövrdə təhsilin önəmli rolu, ölkə təhsilinin inkişaf istiqamətləri və bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər barədə fikirlərini bildirib. Nazir “Çağ” Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin səmərəli olduğunu, təhsilimizə layiqli töhfələr verdiyini qeyd edib. “Çağ” Öyrətim İşlətmələri Şirkətinin İdarə Heyətinin sədri Ənvər Özərən ulu öndər Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini bildirib. Azərbaycan-Türkiyə özəl liseylərində və “Araz” kurslarında təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan bəhs edən Ə.Özərən Beynəlxalq fənn olimpiadalarında, bilik müsabiqələrində iştirak edən şagirdlərin qazandıqları uğurlu nəticələr haqqında da məlumat verib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və digər çıxış edənlər təhsilimizə göstərilən dövlət qayğısından danışıb, təhsildə nailiyyət qazanan şagirdləri və tələbələri təbrik edib, onlara yeni müvəffəqiyyətlər arzulyıblar. Sonra təhsil müəssisələrinin nailiyyətlərini əks etdirən film nümayiş etdirilib. Azərbaycan-Türkiyə özəl liseylərinin və “Araz” kurslarının beynəlxalq fənn olimpiadalarında və bilik müsabiqələrində uğur qazanan şagirdlərinə, ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunlarına və yüksək balla Qafqaz Universitetinə qəbul olunmuş tələbələrə mükafatlar verilib.
08/07/2015 16:52
Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov 20-26 oktyabr tarixlərində keçiriləcək “Rəhbərlər və təlimçilər üçün texniki və peşə təhsili və tədris proqramı” adlı təlim kursunda iştirak etmək üçün Sinqapura gedib.
Təlim kursu inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə texniki peşə təhsilinin rolu və gələcək perspektivləri məsələlərini əhatə edir. Qeyd edək ki, Sinqapur Əməkdaşlıq Proqramının Təlim Təqaüdü (SCPTA) tərəfindən təşkil edilən təlim kursunda dünyanın bir çox ölkələrindən peşə təhsili sahəsinin rəhbər işçiləri iştirak edəcək.
08/07/2015 16:52
Oktyabrın 21-də təhsil naziri Misir Mərdanov “Azərbaycan” Universitetində olub.
Universitetin rəhbərliyi, müəllim-tələbə heyəti tərəfindən səmimi qarşılanan nazir öncə ümummilli lider Heydər Əliyevin binanın foyesindəki büstü önünə gül dəstəsi qoyub, xatirəsini ehtiramla yad edib. Universitetin müəllim və tələbələri ilə görüşən təhsil naziri Misir Mərdanov Azərbaycan Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafına böyük önəm verdiyini vurğulayıb. Müasir şəraitdə təhsilin mühüm rolunu xatırladan təhsil naziri ölkəmizdə bu sahənin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan söz açıb. “Azərbaycan” Universiteti barədə fikirlərini açıqlayan nazir bu təhsil müəssisəsində bacarıqlı mütəxəssislər hazırlanacağına əminliyini ifadə edib. Son illər “Azərbaycan” Universitetində təhsilin təşkili, tədris keyfiyyətinin yüksəldilməsi, digər ölkələrin ali məktəbləri ilə ikitərəfli əlaqələrin qurulması istiqamətlərində mühüm işlər görüldüyünü, uğurlar qazanıldığını vurğulayan Misir Mərdanov bütün bunların universitetin nüfuzunun artması ilə nəticələndiyini deyib. Nazir qeyd edib ki, ötən illərdəkindən fərqli olaraq 2010-2011-ci dərs ilində 300 tələbənin daha yüksək ballarla “Azərbaycan” Universitetini seçməsi də məhz bu amillə bağlıdır. Rəhbərlik etdiyi ali məktəb barədə ətraflı məlumat verən “Azərbaycan” Universitetinin rektoru, professor Akif Musayev bildirib ki, təhsil müəssisəsində Azərbaycan dili və ədəbiyyat, ingilis dili, riyaziyyat və informatika, mühasibat uçotu və audit, menecment, tarix müəllimi, jurnalistika, dövlət və bələdiyyə idarəçiliyi, sosial iş və digər ixtisaslar üzrə bakalavr, 12 ixtisas üzrə magistr, həmçinin ABŞ-ın Corciya Dövlət Universiteti və Gürcüstanın Qafqaz Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində biznes inzibatçılığı sahəsi üzrə bakalavr və magistr hazırlanır. Universitetin beynəlxalq əlaqələrinə toxunan rektor bildirib ki, təhsil müəssisəsi 6 beynəlxalq təşkilatın üzvüdür və dünyanın 19-dan çox nüfuzlu ali məktəbi ilə əməkdaşlıq edir. Ali məktəbdə sürətli kabel internet şəbəkəsi və Wi-Fi sisteminin mövcud olduğunu vurğulayan Akif Musayev bütün auditoriyalarda kompüter və müasir proyektorların quraşdırıldığını diqqətə çatdırıb. Misir Mərdanov təhsil müəssisəsinin müəllimlərinə, tələbələrinə tövsiyələrini verib, onlara gələcək işlərində uğurlar arzulayıb və universitetin tədris şəraiti ilə tanış olub.
08/07/2015 16:52
Oktyabrın 21-də təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqadir Mansurla görüşüb.
Qonağı səmimi salamlayan Misir Mərdanov onu Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Azərbaycanın Misir Ərəb Respublikası ilə əlaqələrindən, ölkələrarası səmimi münasibətlərdən söz açan nazir təhsil sahəsində də ikitərəfli əməkdaşlığın inkişafına xüsusi önəm verildiyini bildirib. Nazir azərbaycanlı tələbələrin Misirin müxtəlif nüfuzlu universitetlərində, Misir Ərəb Respublikasından olan tələbələrin isə ölkəmizin ali məktəblərində təhsil aldıqlarını nəzərə çatdırıb. Səmimi qəbul üçün təhsil nazirinə minnətdarlığını bildirən Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqadir Mansur ölkələrimiz arasındakı qarşılıqlı tələbə mübadiləsi məsələsinə toxunub, Misirdə Azərbaycanın ali məktəblərində təhsil almağa böyük maraq olduğunu vurğulayıb. Səfir ölkəsinin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrə hər cür şərait yaradıldığını deyib və Azərbaycan-Misir təhsil əlaqələrinin daha da dərinləşəcəyinə əminliyini ifadə edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müvafiq müzakirələrin təhsil sahəsindəki əməkdaşlığa yeni töhfələr verəcəyi nəzərə çatdırılıb.
08/07/2015 16:52
Oktyabrın 22-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib.
Tədbirdə təhsil naziri Misir Mərdanov, maliyyə naziri Samir Şərifov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Nazirlər Kabinetinin şöbə müdiri İsmayıl Sadıqov, ali məktəb rektorları və aidiyyatı nazirliklərin məsul işçiləri iştirak ediblər. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov kollegiya iclasında ”Ali təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi ilə bağli mövcud vəziyyət və təkliflər” mövzusunda məruzə-təqdimatla çıxış edib. Təqdimatda yeni maliyyələşdirmə mexanizminin tətbiqi baxımından 2010-2011-ci tədris ilində ali təhsil müəssisələrinə aparılmış qəbulun nəticələrinin ilkin təhlili, qarşıya çıxan problemlər, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin müəyyənləşdirilməsi məsələlərindən söz açılıb. Mülkiyyət formasından asılı olmayaraq qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə dövlət sifarişinin yerinə yetirilməsində iştirak etmək imkanının verildiyini nəzərə çatdıran Misir Mərdanov ali təhsildə keyfiyyəti təmin etmək, bütün ali təhsil müəssisələri arasında sağlam rəqabət mühiti formalaşdırmaq, dövlət ali təhsil müəssisələrinin əldə etdikləri maliyyə vəsaitlərindən səmərəli istifadəsinə şərait yaratmaq və şəffaflığı təmin etmək, vəsaitlərin ayrılması prosesində subyektiv amilləri aradan qaldırmaq, tələbələrə ali məktəbləri azad seçmək imkanı vermək, dövlət ali təhsil müəssisələrinin maliyyə müstəqilliyini artırmaq baxımından yeni mexanizmin üstün cəhətləri haqqında fikirlərini bildirib. Ali məktəbləri yeni maliyyələşdirmə mexanizminin tətbiqində uğur qazanmaq üçün daha fəal olmağa səsləyən nazir 2010-2011-ci tədris ilində ali təhsil müəssisələrinə aparılmış qəbulun nəticələrinin proqnozlaşdırılan rəqəmlərə uyğun olduğunu, müvafiq göstəricilərin növbəti illərdə yaxşılaşacağına ümid etdiyini vurğulayıb. Təhsil naziri ali məktəblər tərəfindən dövlət sifarişi əsasında təhsil alanlar üçün müəyyənləşdirilmiş məbləğin artırılması, paytaxtdan kənarda yerləşən ali məktəblər üçün dövlət sifarişi ilə müsabiqə balının ayrıca müəyyənləşdirilməsi, dövlət əhəmiyyətli ixtisaslara dövlət sifarişi ilə qəbul zamanı müsabiqə balları müəyyənləşdirilməsinə fərdi yanaşılması, ödənişli əsaslarla qəbul olan məcburi köçkünlərin təhsil haqlarının müvafiq komitə tərəfindən ödənilməsi və digər məsələlərin həllini tapmasının yeni maliyyələşdirmə mexanizminin uğurla həyata keçirilməsinə əlavə təkan verəcəyinə əminliyini ifadə edib. Mövzu ətrafında çıxış edən maliyyə naziri Samir Şərifov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə və Nazirlər Kabinetinin şöbə müdiri İsmayıl Sadıqov 2010-2011-ci tədris ilində ali təhsil müəssisələrinə aparılmış qəbulun nəticələrinin yeni maliyyələşdirmə mexanizminin tətbiqi baxımından müzakirə edilməsinin mühüm əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, ayrı-ayrı ixtisaslar üzrə vəsaitlərin müəyyənləşdirilməsi qaydası təkmilləşdirilsin, ali məktəblərə vəsaitlərin səmərəli xərclənməsi baxımından zəruri köməklik göstərilsin, abituriyentlər və tələbələr arasında müvafiq maarifləndirmə işlərinə diqqət artırılsın. Daha sonra mövzu üzrə müzakirələrə başlanıb. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev və başqaları yeni maliyyələşdirmə mexanizminin tətbiqi vəziyyəti barədə fikirlərini bildirib, bir sıra təkliflərlə çıxış ediblər.
08/07/2015 16:52
Oktyabrın 23-də təhsil naziri Misir Mərdanov “Məktəb uşağın dostudur” layihəsi üzrə keçirilmiş təlim kurslarını uğurla başa vuran təlimçilərlə görüşüb.
Təhsil Nazirliyi və YUNİSEF-in birgə dəstəyi ilə reallaşdırılan “Məktəb uşağın dostudur” layihəsi haqqında məlumat verən Bakı Avropa liseyinin direktoru, “İnkişaf” Tədqiqat Mərkəzinin rəhbəri Zülfiyyə Veysova bildirib ki, 2010-cu ilin iyul ayında Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərindən, Quba, Lənkəran, Füzuli, İmişli, Qusar və Masallı rayonlarından olan 100 nəfər məktəb direktoru üçün ”ümumtəhsil məktəblərinin səmərəli idarəolunması” mövzusunda təlim kursu keçirilib. Təlimlərdə yüksək nəticə göstərmiş 15 nəfər məktəb direktorunun cari ilin oktyabr ayında təlimlərin II mərhələsində də müvəffəqiyyətlə iştirak etdiyini və onların təlimçi kimi müvafiq sertifikatlara layiq görüldüyünü vurğulayan Z.Veysova tədris ocaqlarının idarə olunması işinin təkmilləşdirilməsində, məktəb rəhbərlərinin təşəbbüskarlıqlarının artırılmasında layihənin müstəsna əhəmiyyətə malik olduğunu nəzərə çatdırıb. Görüş iştirakçılarını səmimi salamlayan təhsil naziri Misir Mərdanov “Məktəb uşağın dostudur” layihəsinin şagirdlərə bərabər imkanların yaradılması, səmərəli idarəetmə, interaktiv təlim texnologiyalarının tətbiqi, təlim nəticələrinin düzgün qiymətləndirilməsi, məktəblə valideyn və ictimaiyyət arasında sıx əməkdaşlıq münasibətlərinin təmin edilməsi, əlverişli, cəlbedici, maraqlı tədris mühitinin yaradılması baxımından rolundan söz açıb, bütün bunların keyfiyyətli təhsil, keyfiyyətli tədris prosesini təmin etməklə yanaşı, həm də cəmiyyətdə məktəbə, müəllimə olan etimadı möhkəmləndirən başlıca amil olduğunu bildirib. Bu layihənin əslində ümumu təhsil islahatlarının bir hissəsi olduğunu qeyd edən nazir təlimlərə Bakı şəhəri ilə yanaşı, müxtəlif bölgələrdən olan məktəb direktorlarının cəlb olunmasını təqdirəlayiq hal kimi dəyərləndirib və gələcəkdə də təlimlərdə iştirak edəcək şəxslərin seçimində bu amilə diqqət yetirilməsinin vacibliyini vurğulayıb. “Məktəb uşağın dostudur” layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsinə verdiyi dəstəyə görə təhsil nazirinə təşəkkürünü bildirən YUNİSEF-in Azərbaycandakı nümayəndəsinin əvəzi Rəşid Mustafa Təhsil Nazirliyi ilə birgə əməkdaşlığın bundan sonra da uğurla nəticələnəcəyinə əminliyini ifadə edib. Lənkəran rayonu Haftoni kənd orta məktəbinin direktoru Akif Xalıqov və Bakı şəhərindəki 79 saylı məktəbin direktoru Sevinc Hacızadə təlim kurslarında iştirak etməkdən məmnun olduqlarını bildirib, birgə əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi, təhsil müəssisələrində daha əlverişli təlim və inkişaf mühitinin yaradılması baxımından layihənin əhəmiyyətli olduğunu diqqətə çatdırıblar. Görüşün sonunda təlim kurslarında yüksək nəticə göstərərək təlimçi kimi seçilmiş 15 nəfər məktəb direktoruna sertifikatlar təqdim olunub.
08/07/2015 16:52
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Hörmətli vətəndaşlar! Hər birinizi “Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər” barədə anket sorğusunda aktiv iştiraka dəvət edirik. ? Fikirləriniz bizim üçün çox önəmlidir. Sorğuya keçid: https://anket.edu.az/user/318 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #Sorğu
ƏtraflıMilli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
Ətraflı