Niderland Kralliği Senatinin sədri Rene Van der Linden Təhsil Nazirliyində olmuşdur.
Ölkəmizdə səfərdə olan Niderland Krallığı Senatının sədri Rene Van der Linden sentyabrın 8-də Təhsil Nazirliyində olmuşdur. Görüşdə təhsil naziri Misir Mərdanov Azərbaycan-Niderland əlaqələrinin, o cümlədən təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən danışmışdır. O, Prezident İlham Əliyevin ölkələrimiz arasında təhsil əlaqələrinin inkişafına böyük əhəmiyyət verdiyini xatırlatmışdır. Prezident Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı gənclərin xaricdə təhsil alacağı universitetlərin sırasına Niderlandın 14 universitetinin daxil edildiyini vurğulayan nazir, bu sayı artırmaq barədə niyyəti olduğunu da diqqətə çatdırmışdır. M.Mərdanov dövlətimizin hesabına Niderlandın ali məktəblərində 27 azərbaycanlı gəncin oxuduğunu bildirmişdir. Görüşdən məmnun qaldığını qeyd edən Rene Van der Linden öz ölkəsinin təhsil sistemi, Niderlandın ayrı-ayrı universitetlərinin fəaliyyəti, müvafiq sahədə beynəlxalq əlaqələr barədə ətraflı məlumat vermişdir. Niderlandda təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışan Rena Van der Linden azərbaycanlı gənclərin bu ölkədə təhsili üçün imkanlar olduğunu bildirmiş, ölkələrimiz arasında müvafiq sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini vurğulamışdır. Görüşdə iki ölkə arasında təhsil əlaqələrinin inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılmışdır. AzərTAc
08/07/2015 16:52
Sentyabrın 13-də 7 nömrəli Bakı Peşə Liseyində ölkənin ilk peşə-ixtisas təhsili müəssisələri rəhbərlərinin konfransı keçirilib.
Tədbiri Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov açaraq konfransın 2009-2010-cu dərs ilinin yekunları və 2010-2011-ci dərs ilində qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunduğunu bildirib. Konfransın işində Təhsil Nazirliyinin şöbə müdirləri və ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri ilə yanaşı, İqtisadi İnkişaf, Mədəniyyət və Turizm nazirliklərinin, Təhsil Nazirliyi ilə birgə layihələr həyata keçirən "Azərsun Holdinq" və KNAUF şirkətlərinin nümayəndələrinin və digər qonaqların da iştirak etdiyini nəzərə çatdıran nazir müzakirə olunan məsələ ilə bağlı hazırlanmış geniş təqdimatla konfrans iştirakçılarını tanış edib. Konfrans iştirakçılarının diqqətini öncə ilk peşə-ixtisas təhsili müəssisələrinin ölkənin iqtisadi rayonları üzrə dislokasiyasına dair statistik məlumata yönəldən təhsil naziri ayrı-ayrı iqtisadi rayonlar üzrə fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrinə ehtiyacı müəyyənləşdirmək üçün müvafiq araşdırma aparmağa zərurət duyulduğunu vurğulayıb. Misir Mərdanov təqdimat-məruzəsində qeyd edib ki, ötən dərs ilində ölkə üzrə 108 ilk peşə-ixtisas təhsili müəssisəsi fəaliyyət göstərib, 25201 şagirdin peşə hazırlığı ilə 3700 nəfərlik mühəndis-pedaqoji heyət məşğul olub. Nazirin təqdimat-məruzəsində peşə təhsili müəssisələrində son 4 ildə ödənişli qəbuldan əldə olunan büdcədənkənar vəsaitin dinamikasını əks etdirən diaqram diqqətə çatdırılıb, müvafiq təhlillər aparılıb. Təhsil naziri son 6 ildə peşə təhsilinə yönəlmiş maliyyə vəsaitinin həcmi haqda məlumat verib, 2009-cu ildə şagirdbaşına 1108 manat, 2010-cu ildə 1113 manat vəsait ayrıldığını bildirib. İlk peşə ixtisas təhsili sahəsində görülmüş işlərə diqqət çəkən təhsil naziri Misir Mərdanov Nazirlər Kabineti tərəfindən bir sıra sənədlərin qəbul edildiyini nəzərə çatdırıb. Nazir Avropa Komissiyası ilə birlikdə həyata keçirilən "Peşə təhsili və təşkili sahəsində islahat strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsi çərçivəsində həyata keçirilən işlərdən, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, işəgötürən təşkilatların nümayəndələri, habelə beynəlxalq və milli ekspertlərin birgə səyi nəticəsində müxtəlif ixtisaslar üzrə peşə standartlarının hazırlanması məsələlərindən söhbət açıb, 20-yə yaxın təhsil müəssisəsinin rəhbərləri və 100-dən artıq mühəndis-pedaqoji heyət üçün 25 seminar və treninqin təşkil edildiyini vurğulayıb. Dövlət Proqramına uyğun olaraq İsmayıllı rayonunda yeni inşa olunmuş Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin yaxın günlərdə açılacağını söyləyən nazir 2009-2010-cu tədris ilində peşə liseylərində aparılmış mərkəzləşdirilmiş test imtahanlarının nəticələri barədə məlumat verib, ilk peşə-ixtisas təhsili sahəsində mövcud olan problemlər, onların aradan qaldırılması yolları və ilk peşə-ixtisas təhsilinin inkişaf etdirilməsi üçün qarşıda duran mühüm vəzifələrdən söz açıb. Konfransda təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Avropa İttifaqı ilə birlikdə ölkəmizdə həyata keçirilən "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsinin rəhbəri xanım Ann Castis, Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov, İqtisadi İnkişaf Nazirliyinin əlaqələndirmə şöbəsinin müdiri Cəmaləddin Quliyev, Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov çıxış edərək ilk peşə-ixtisas təhsili sistemində görülmüş işlər, mövcud problemlər və onların aradan qaldırılması yollarından bəhs ediblər.
08/07/2015 16:52
Sentyabrın 15-də-Bilik Günündə Bakının Səbail rayonundakı 132-134 nömrəli təhsil kompleksi əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı müasir standartlara uyğun əsaslı surətdə yenidən qurulmuş təhsil kompleksi ilə tanış oldu. Məlumat verildi ki, Prezidentin xüsusi tapşırığı ilə əsaslı şəkildə yenidən qurulmuş dördmərtəbəli təhsil kompleksində həm müəllimlərin yüksək səviyyədə fəaliyyəti, həm də şagirdlərin biliklərin əsaslarına mükəmməl yiyələnmələri üçün hər cür şərait yaradılmışdır. Şagirdlərin də, müəllimlərin də açılışını səbirsizliklə gözlədikləri bu bilik ocağında keyfiyyət, müasirlik və yüksək zövq vəhdət təşkil edir. İndi bu məktəb maddi-texniki bazasının zənginliyinə görə ölkəmizdə müasir təhsil komplekslərindən birinə çevrilmişdir. Xalqımızın maarifləndirilməsində, Azərbaycan elminin inkişaf etdirilməsində böyük xidmətləri olmuş yüzlərlə alimə ilk savad vermiş bu təhsil ocağında bu gün minədək şagirdin təlim-tərbiyəsi ilə 110 müəllim məşğuldur. Prezident İlham Əliyev təhsil kompleksində yaradılmış Heydər Əliyev Muzeyinə, fənn kabinetlərinə, idman, akt zallarına, tarix muzeyinə, ayrı-ayrı sinif otaqlarına, bufetə baxdı, tədris prosesi, dərs vəsaitləri, təhlükəsizlik sistemi ilə maraqlandı. Dövlətimizin başçısı təhsil kompleksi nəzdində fəaliyyət göstərən uşaq bağçası ilə də tanış oldu. Kompleksdə gözəl şərait yaradıldığını bildirən Prezident İlham Əliyev yeni dərs ilinin başlaması münasibətilə məktəbin müəllimlərini və şagirdlərini təbrik etdi, onlara uğurlar arzuladı. Təhsil kompleksində yaradılmış şərait müəllim-şagird kollektivinin böyük sevincinə səbəb olmuşdur. Məktəbin müəllimi Leyla Təhmasib göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə pedaqoji kollektiv adından təşəkkür etdi. Dövlətimizin başçısına təhsil kompleksinin müəllimi Ülkər Hüseynovanın müəllifi olduğu “Mənim fəxrim-məktəbim!” kitabı təqdim olundu. Sonda xatirə şəkli çəkdirildi. AzərTAc.
08/07/2015 16:52
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov sentyabrın 23-də Gürcüstana səfər etmişdir.
M.Mərdanov əvvəlcə ulu öndər Heydər Əliyevin Tbilisidəki büstünü ziyarət etmiş, abidə önünə əklil qoymuşdur. Sonra Misir Mərdanov Gürcüstanın təhsil və elm naziri Dmitri Şaşkinlə görüşmüşdür. Nazirlər Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunmuş Tbilisidəki M.F.Axundov adına 73 nömrəli azərbaycandilli məktəbə gəlmiş, təmir işləri ilə tanış olmuş, kollektivlə görüşmüşlər. Məktəbin direktoru Salman Pirməmmədov təhsil ocağının durumu ilə bağlı qonaqlara ətraflı məlumat vermiş, daimi qayğı və diqqətə görə Azərbaycan rəhbərliyinə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya müəllim və şagirdlər adından təşəkkür etmişdir. Sonra nazirlər Fondun dəstəyi ilə əsaslı təmir olunmuş Qardabani şəhərindəki 3 nömrəli azərbaycandilli məktəbdə kollektivlə görüşmüşlər. Məktəbin direktoru Firdovsi İskəndərov məktəb binasının əsaslı təmirinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmişdir. Nazirlər həmin gün Fondun dəstəyi ilə Dmanisi rayonunun mərkəzində əsaslı təmir olunmuş 2 nömrəli məktəbə də baş çəkmişlər. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov demişdir: "Bu gün biz Heydər Əliyev Fondunun dəstəyi ilə qonşu Gürcüstanda əsaslı təmir olunmuş üç məktəbə baş çəkdik, müəllim və şagird kollektivləri ilə görüşdük. Onlar belə gözəl şəraitə və daimi qayğıya görə Azərbaycan Respublikası rəhbərliyinə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq etdilər. Gürcüstanlı soydaşlarımızın müasir tipli məktəblərdə təhsil almaları üçün Azərbaycan rəhbərliyinin, Heydər Əliyev Fondunun qayğı və diqqəti əvəzsizdir. Əminəm ki, yüksək keyfiyyətlə təmir olunmuş, müasir avadanlıqla təchiz edilmiş məktəblərin kollektivləri bu qayğıya təhsildə yüksək uğurlarla cavab verəcəklər". Gürcüstanın təhsil və elm naziri Dmitri Şaşkin Heydər Əliyev Fondunun xətti ilə Gürcüstanın azərbaycandilli məktəblərində həyata keçirilən "Təhsilə dəstək" layihəsini alqışlamış və belə xeyirxahlığa görə Fondun kollektivinə, onun prezidentinə təşəkkür etmişdir. Fondun icraçı direktoru Anar Ələkbərov məktəblərin kollektivlərini yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, Mehriban xanım Əliyevanın xoş arzularını yetirmişdir. O vurğulamışdır: "Bu gün baş çəkdiyimiz hər üç məktəbin təmiri Fondun "Təhsilə dəstək" layihəsinin həyata keçirildiyi ən böyük tədbirlərdəndir. Soydaşlarımızın yığcam məskunlaşdıqları bölgələrdə reallaşan bu qəbildən olan layihələr Azərbaycana başucalığı gətirir. Biz gələcəkdə də digər tədbirlərlə yanaşı, bu cür layihələri davam etdirəcəyik". Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze bölgədə belə bir xeyirxah layihənin gerçəkləşməsindən məmnunluq duyduğunu söyləmiş, Azərbaycanın birinci xanımına təşəkkürünü bildirmişdir. Səfərdə azərbaycanlı qonaqları Gürcüstan Prezidentinin müşaviri Mübariz Qarayev, Gürcüstan Parlamentinin deputatı Azər Süleymanov, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze müşayiət etmişlər. AzərTAc
08/07/2015 16:52
24-27 sentyabr tarixlərində Gürcüstanın Batumi şəhərində “Müəllimlərin ətraf mühit üzrə regional seminarı” keçirilib.
Seminar Norveç Təbiəti Mühafizə Cəmiyyətinin “Enerji və Resurslardan İstifadə üzrə Məktəbli Layihəsi” (SPARE) çərçivəsində baş tutub. Regional seminarda SPARE proqramının Azərbaycan üzrə milli əlaqələndiricisi Nailə İsmayılova, proqramın tətbiqi layihələr üzrə koordinatoru Mirabbas Məmmədov, Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov, “Araz” Ekologiya liseyinin direktoru Südabəxanım Mikayılova, 284 saylı məktəbin coğrafiya müəllimi Sevinc Abbasova, 204 saylı məktəbin biologiya müəllimi Almaz Həsrət, “Zəkalar” liseyinin fizika müəllimi Gülçin Baxşıyeva iştirak ediblər. Seminarın ilk günündə SPARE proqramının Azərbaycan üzrə milli əlaqələndiricisi Nailə İsmayılova ölkəmizdə müvafiq sahədə həyata keçirilən tədbirlərə dair “Pedaqoji innovasiyalar və tətbiqi məsələlərin vəhdəti” mövzusunda təqdimat edib. Seminarın “Pedaqoji innovasiyalar: ən yaxşı nümunələr və təcrübə mübadiləsi” mövzusuna həsr olunmuş sessiyasında azərbaycanlı müəllimlər tərəfindən müxtəlif pedaqoji yanaşmalara əsasən hazırlanmış dərs nümunələri təqdim olunub. Onu da qeyd edək ki, Azərbaycanın 2003-cü ildən qoşulduğu və hazırda ölkəmizin 200-dən artıq məktəbini əhatə edən proqramın əsas məqsədi məktəb ictimaiyyətinə enerjiyə qənaət, resurslardan səmərəli istifadə edilməsinin zəruriliyi kimi əhəmiyyətli məsələləri aşılamaqdır. Proqramda fəal iştirak edən məktəblərdə davamlı energetika, bərpa olunan enerji mənbələri mövzuları tədris edilir, fakültativ məşğələlərdə, dərnəklərdə enerjinin səmərəliyinin artırılması istiqamətində əməli tədbirlər həyata keçirilir.
08/07/2015 16:52
“Hilfsverk Avstriya Beynəlxalq” təşkilatının dəstəyi ilə Gürcüstanın Tbilisi şəhərinə təlim-təcrübə səfəri təşkil edilib.
“Hilfsverk Avstriya Beynəlxalq” təşkilatının dəstəyi ilə “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsi çərçivəsində 21-24 sentyabr tarixlərində Gürcüstanın Tbilisi şəhərinə təlim-təcrübə səfəri təşkil edilib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Gürcüstanın əmək, səhiyyə və sosial işlər nazirinin müavini David Lomidze, Sosial xidmətlər şöbəsinin müdiri cənab Moris Tsamalaşvali, Sosial proqramlar şöbəsinin müdir müavini xanım Eka Saneblidze, Uşaqlar, əlilliyi olan şəxslərə və ahıllara qayğı üzrə idarənin direktoru xanım Tamar Makharaşvili, eyni zamanda Gürcüstanda de-institusionalizasiya sahəsində islahatların həyata keçirilməsi istiqamətində Gürcüstan hökumətinin əsas tərəfdaşı olan “Every Child” təşkilatının ölkə üzrə direktoru Andro Dadiani ilə görüşlər keçirilib. Görüşlər zamanı Gürcüstanın Sosial Xidmətlər Departamenti ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi arasında birgə əməkdaşlığın prioritet istiqamətləri müəyyənləşdirilib. Müzakirələrdə Azərbaycanın de-institusionalizasiya sahəsində təcrübəsi yüksək qiymətləndirilib, bu təcrübənin öyrənilməsi, dövlət uşaq müəssisələrində qiymətləndirilmənin keçirilməsi üçün sorğuların tərtib edilməsi və dövlət uşaq müəssisələrinin transformasiya olunması məqsədilə Gürcüstanın Sosial Xidmətlər Departamenti əməkdaşlarının Azərbaycana səfərinin təşkil olunması haqda razılığa gəlinib.
08/07/2015 16:52
Sentyabrın 6-da "Trend" İnformasiya Agentliyində 4-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.
Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin, "İteca Caspian" şirkətinin və "Təhsil və karyera" sərgisinin nümayəndələri iştirak ediblər. Mətbuat konfransında çıxış üçün ilk söz təhsil naziri Misir Mərdanova verilib. Nazir bildirib ki, 7-9 oktyabr tarixlərində Bakı şəhərində 4-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisi keçiriləcək. Ənənəvi olaraq Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən sərginin təhsil xidmətləri, peşəyönümlü istiqamətləndirmə və gənclərin məşğulluğuna etibarlı zəmanət baxımından regionun əsas illik forumuna çevrildiyini qeyd edən təhsil naziri builki sərgidə 60-dan çox ödənişli və ödənişsiz fakültələrin, kursların, habelə ən müxtəlif ixtisaslar üzrə proqramları özündə birləşdirən 94 təhsil müəssisəsinin təqdim olunacağını diqqətə çatdırıb. Sərgidə xarici ölkələrin müxtəlif təhsil qurumları, universitetləri və kolleclərinin fəal iştirak edəcəklərini vurğulayan Misir Mərdanov bu il ilk dəfə olaraq Ankara, İstanbul və İzmirin 15 təhsil müəssisəsini özündə birləşdirən Türk Milli Universitetlər Qrupunun da sərgiyə qoşulacağını bildirib. Nazir onu da deyib ki, Azərbaycanın təhsil sektoru sərgidə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti, Diplomatik Akademiya kimi daimi iştirakçılar tərəfindən təqdim olunacaq, adı çəkilən təhsil müəssisələrinin əməkdaşları sərgiyə gələn ziyarətçiləri bakalavr və magistratura təhsili sahəsində yeni imkanlarla tanış edəcəklər. Sonda təhsil naziri Misir Mərdanov KİV nümayəndələrinin suallarını cavablandırıb.
08/07/2015 16:52
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 2010-cu ilin sentyabrında 2083 müraciət daxil olub.
Müraciətlərdən 1887-si telefonla, 196-sı isə elektron poçt vasitəsilə qəbul edilib. Qeyd edək ki, müraciətlər əsasən yeni dərs ilinin başlanması ilə əlaqədar sorğu xarakterlidir. Sorğuların əksəriyyəti məktəbəqədər, ümumtəhsil, texniki peşə, orta ixtisas və ali məktəblərə qəbul, tələbələrin köçürülməsi, bərpası, təhsil haqqının ödənilməsi, bakalavr və magistr pillələrində ixtisaslaşma, təhsil sənədlərinin tanınması, ümumtəhsil məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu, dərs bölgüsü, şagirdlərin pulsuz dərsliklərlə təminatı, məktəbli forması və digər məsələlərlə bağlı olub. Yeni dərs ili ərəfəsində 2 özəl ali təhsil müəssisəsi tələbələrinin köçürülməsi ilə əlaqədar daha çox (600-dən artıq) müraciət qəbul olunub. Belə ki, Moskva Dövlət Açıq Universitetinin Bakı filialının ləğvi və Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziya) qüvvədə olma müddətinin uzadılmaması barədə Təhsil Nazirliyinin əmrlərinin icrası ilə əlaqədar daxil olan bütün sorğular müvafiq sənədlərə uyğun cavablandırılıb. Digər sorğularda isə gənc müəllimlərin təyinatla işə qəbulu, Beynəlxalq olimpiada qaliblərinə verilən güzəştlər, xaricdə təhsil, Dövlət Proqramı üzrə xaricdə təhsil alan tələbələrin təhsil haqqının ödənilməsi qaydaları ilə bağlı məsələlərə toxunulub. Daxil olan müraciətlərin hamısı qeydə alınıb, araşdırılıb, “Qaynar xətt” xidmətinin əməkdaşları və Nazirliyin müvafiq struktur bölmələri tərəfindən cavablandırılıb.
08/07/2015 16:52
Təhsil Nazirliyində Bakı və Sumqayıt şəhərlərində yerləşən və birbaşa Nazirlikdən maliyyələşən təhsil müəssisələrinin baş mühasiblərinin iştirakı ilə seminar-müşavirə keçirilib.
Seminar-müşavirədə birbaşa Təhsil Nazirliyindən maliyyələşən xərclərin 2009-cu il üzrə icrası, 2010-cu ilin 9 ayı üzrə icra vəziyyəti və 2011-ci ilin proqnoz göstəriciləri, Beynəlxalq və Milli Mühasibat Uçotu Standartlarının tətbiqi, ali təhsil müəssisələrində yeni maliyyələşdirmə mexanizminin tətbiqi vəziyyəti, əmək haqlarının artımı ilə bağlı qarşıda duran vəzifələr, ştat və tarifləşmə cədvəllərinin yenidən hazırlanması, rüblük və illik mühasibat hesabatlarının təqdim edilməsi, "İlk peşə-ixtisas təhsili müəssisələrinin büdcə təminatı normativlərinin hesablanması metodikası və tətbiq olunma Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 2010-cu il tarixli, 150 nömrəli Qərarının icrası ilə bağlı qarşıda duran vəzifələr və bir sıra digər mövzular ətrafında müzakirələr aparılıb. Seminar-müşavirəni giriş sözü ilə açan İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev tədbirin gündəliyi barədə məlumat verdikdən sonra 2009-cu ilin dövlət büdcəsi üzrə təhsil xərclərinin icrası, 2010-cu ilə dövlət büdcəsində nəzərdə tutulan təhsil xərcləri və 2011-ci ilə dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri, həmçinin bir sıra göstəricilər barədə müqayisəli rəqəmləri tədbir iştirakçılarının nəzərinə çatdırıb. Ş.Əliyev bildirib ki, dövlət qayğısının yüksək təzahürü kimi təhsilə dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi ildən-ilə əhəmiyyətli dərəcədə artır. Sonra Şahrza Əliyev seminar-müşavirədə müzakirə edilən mövzuların hər biri barədə məlumat verərək baş mühasiblərin qarşısında duran vəzifələrdən danışıb. Seminar-müşavirədə İqtisadiyyat şöbəsinin Plan-maliyyə sektorunun müdiri Vüqar Əsgərov birbaşa Təhsil Nazirliyindən maliyyələşdirilən xərclərin “2009-cu il üzrə icrası, 2010-cu ilin 9 ayı üzrə icra vəziyyəti və 2011-ci ilə proqnoz göstəriciləri, mövcud problemlər və qarşıda duran vəzifələr”, Mühasibat uçotu və hesabat sektorunun müdiri Fərhad Əliyev “Beynəlxalq və Milli Mühasibat Uçotu Standartlarının tətbiqi, problemlər və qarşıda duran vəzifələr”, şöbənin baş məsləhətçisi Zahid Nagıyev “Təhsil işçilərinin əmək haqlarının artımı ilə bağlı qarşıda duran vəzifələr, ştat və tarifləşmə cədvəllərinin yenidən hazırlanması ilə bağlı məsələlər”, Mühasibat uçotu və hesabat sektorunun baş məsləhətçisi Akif Hacıyev “Rüblük və illik mühasibat hesabatlarının təqdim edilməsi ilə bağlı bir sıra məsələlər, təlimatlar, izahatlar və tövsiyyələr”, Plan-maliyyə sektorunun aparıcı məsləhətçisi Ramil Orucov “Ali təhsil müəssisələrində yeni maliyyələşdirmə mexanizminin tətbiqi işlərinin gedişatının vəziyyəti və bu sahədə görüləcək işlər” və həmin sektorun baş məsləhətçisi Kəmalə Vəliyeva isə "İlk peşə-ixtisas təhsili müəssisələrinin büdcə təminatı normativlərinin hesablanması metodikası və tətbiq olunma Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 2010-cu il tarixli, 150 nömrəli Qərarının icrası vəziyyəti və bununla bağlı qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib, baş mühasibləri maraqlandıran sualları cavablandırıblar. Seminar-müşavirənin sonunda İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev müzakirə olunan mövzular üzrə bir sıra məqamlara aydınlıq gətirib, Təhsil Nazirliyi rəhbərliyinin İqtisadiyyat şöbəsinin qarşısında qoyduğu yeni tələblərdən söz açıb, bununla bağlı tabe təşkilatların baş mühasiblərinin üzərinə düşən vəzifələri nəzərə çatdırıb və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
08/07/2015 16:52
Oktyabrın 7-də "Bakı Ekspo" Sərgi və Toplantı Mərkəzində "İteca Caspian" MMC və onun tərəfdaşı "İTE. Group PLC" şirkətinin təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən 4-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisinin açılış mərasimi olub.
Group PLC" şirkətinin təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən 4-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisinin açılış mərasimi olub. Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov artıq dördüncü ildir ki, keçirilən sərginin Azərbaycan təhsilinin inkişafı və beynəlxalq təhsil məkanına inteqrasiyası, xarici ölkələrin ali təhsil müəssisələri tərəfindən təklif olunan təhsil xidmətləri ilə tanışlıq, peşəyönümlü istiqamətləndirmə və gənclərin məşğulluğuna etibarlı zəmanət baxımından çox mühüm əhəmiyyət kəsb etdiyini söyləyərək təşkilatçılara minnətdarlığını bildirib. Sərginin coğrafiyasının və əhatə dairəsinin ildən-ilə genişləndiyini müsbət hal kimi dəyərləndirən nazir builki sərgidə əvvəlki illərdəkindən daha çox-dünyanın 15 ölkəsindən 90-dan artıq təşkilat və şirkətin iştirak etdiyini bildirib. Builki sərgidə ilk dəfə olaraq qardaş Türkiyədən Ankara, İstanbul və İzmirin 15 təhsil müəssisəsini özündə birləşdirən Türk Milli Universitetlər Qrupunun iştirak etdiyini vurğulayan Misir Mərdanov Koreya, Böyük Britaniya universitetlərinin də sərgidə çoxluq təşkil etdiklərini diqqətə çatdırıb. Sərgidə artıq bir neçə ildir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Türkiyənin yaxından köməyi ilə yaradılmış və təhsil müəssisələri üçün müxtəlif avadanlıqlar, partalar, yazı taxtaları istehsal edən şirkətin öz məhsullarını nümayiş etdirdiyini bildirən təhsil naziri, eyni zamanda ölkəmizin bu mötəbər beynəlxalq tədbirdə çox az-cəmi 2 ali təhsil müəssisəsi ilə təmsil olunmasını təəssüf doğuran hal saydığını, zaman keçdikcə bu vəziyyətin dəyişəcəyinə əmin olduğunu söyləyib. Sərginin əsas təşkilatçısı olan "İteca Caspian" MMC şirkətinin direktoru Fərid Məmmədov sərgi haqqında məlumat verib, "Təhsil və karyera" sərgisinin təşkilinə göstərdiyi fəal dəstəyə görə təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirib və təşəkkür sertifikatı təqdim edib. F.Məmmədov deyib ki, xarici ölkələrin təhsil strukturları, universitetləri və kollecləri sərgidə fəal şəkildə iştirak edir və ilbəil sərgiyə marağın artması müşahidə olunur. Sərginin ekspozisiyasında məktəbəqədər və orta təhsil, ali təhsil müəssisələrinin proqramları, distansion maarifləndirmə sistemləri, xaricdə təhsil və tələbələrin mübadiləsi üzrə proqramlar, elmi dərəcələrin əldə edilməsi üzrə təhsil, karyeranın planlaşdırılması və inkişaf etdirilməsi üzrə konsultasiyalar, fakültativ təhsil və turizm üzrə proqramlar, dil kursları və yay məktəbləri, yeni informasiya texnologiyaları, multimedia sistemləri, video və televiziya avadanlıqları, kompüterlər təqdim olunur. Sərginin ekspozisiyasının genişləndirilməsi üçün yeni mərhələlərin mənimsənilməsi ənənəsi qorunub saxlanılır. Belə ki, "məktəblər üçün avadanlıqlar" və "peşə-texniki məktəbləri üçün avadanlıqlar" kimi yeni bölmələr çərçivəsində sinif otaqları üçün avadanlıqlar, o cümlədən məktəbli geyimləri, kürsülər, fizika və kimya kabinetləri üçün avadanlıqlar, eləcə də Almaniyadan gətirilmiş istehsal tədrisi üzrə dəzgahlar nümayiş etdirilir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi iki ildir ki, ardıcıl olaraq sərginin karyera bölməsində gənclərlə bağlı qeyri-hökumət təşkilatlarının və birliklərinin iştirakını təşkil edir. Bu baxımdan sərgidə əlavə peşəkar bacarıqların əldə olunması imkanlarını və konsaltinq, təlimlər, əmək bazarının müasir tələblərinə uyğunlaşma üzrə seminarlar təqdim edən şirkətlərin rolu xüsusilə artmaqdadır. Sərgi zamanı təlimlər, təkmilləşdirmə kursları təşkil ediləcək və Türkiyə ali təhsil müəssisələrinin birində pulsuz təhsil almaq üçün xüsusi lotereya oynanılacaq. Sərginin ikinci günü, İsveçrədən gəlmiş şirkət tərəfindən otel idarəetməsi üzrə seminar keçiriləcək. Sonra sərgiyə baxış keçirilib, sərgidə təmsil olunan təhsil müəssisələrinin nümayəndələri iştirakçılara geniş məlumat veriblər.
08/07/2015 16:52
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Hörmətli vətəndaşlar! Hər birinizi “Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər” barədə anket sorğusunda aktiv iştiraka dəvət edirik. ? Fikirləriniz bizim üçün çox önəmlidir. Sorğuya keçid: https://anket.edu.az/user/318 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #Sorğu
ƏtraflıMilli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
Ətraflı