Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Oktyabrın 26-da təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinqlə görüşüb.

Təhsil naziri Misir Mərdanov öncə qonağı səmimi salamlayaraq bu görüşdən məmnunluğunu ifadə edib. Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında təhsil sahəsində mövcud olan əlaqələrdən söz açan nazir ikitərəfli əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edib. Nazir Amerika hökumətinin, eləcə də ABŞ-ın ölkəmizdəki səfirliyinin təhsil sahəsinə olan diqqətini, ölkəmizdə ali və orta təhsil sahəsi üzrə müxtəlif proqramların həyata keçirildiyini və həmin proqramlara müvafiq dəstək verildiyini nəzərə çatdırıb. Təhsil sahəsində ikitərəfli əməkdaşlığın inkişafına təkan verən bu proqramların əhəmiyyətini vurğulayan Misir Mərdanov onu da əlavə edib ki, bu il “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 6 Azərbaycan vətəndaşı ABŞ universitetlərində təhsil almaq üçün göndərilib. Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirən ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq iki ölkənin təhsil sahəsində əlaqələrinin inkişaf etdirilməsindən danışıb və azərbaycanlı gənclərin ABŞ universitetlərində müvafiq proqramlar üzrə təhsili məsələsinə toxunub. Qonaq Fulbrayt proqramı çərçivəsində görülən işlərdən, mövcud vəziyyətdən, eyni zamanda, təhsil sahəsində ikitərəfli əməkdaşlığın inkişafı baxımından atılan digər addımlardan söz açıb. Misir Mərdanov öz növbəsində qeyd olunan məsələlərə münasibətini açıqlayıb və Fulbrayt proqramı çərçivəsində namizədlər seçilərkən Azərbaycan üçün lazım olan ixtisaslara üstünlük verilməsini önə çəkib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

2010-cu il 19-26 oktyabr tarixlərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış siniflərində təhsil alan şagirdlər, onların valideynləri və imtahan aparılacaq fənlərdən dərs deyən müəllimlərlə təlimatı iş aparılıb.

Şagirdlər, valideynlər və onların fənn müəllimləri arasında maarifləndirmə işinin mütəmadi aparılması ilə əlaqədar müvafiq rayon Təhsil şöbələrinin müəyyən etdiyi metodistlər təlimatlandırılıb və onlara zəruri tapşırıqlar verilib.  Ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması işinin təkmilləşdirilməsi və daha səmərəli təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri Ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması işinin təkmilləşdirilməsi və daha səmərəli təşkili məqsədilə   ƏMR EDİRƏM:   2010/11-ci dərs ilində Respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində, o cümlədən, ötən dərs illərində buraxılış imtahan­ların­dan qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət edən şəxslər də əhatə olunmaqla, ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahan­la­rının mər­kəz­ləşdirilmiş qaydada keçirilməsi işinin təşkili məqsədilə yerlərdə təlimati iş aparmaq üçün adları aşağıda qeyd olunanlar göstərilən şəhər və rayonlara 19.10.2010-cu il tarixdən ezam olunsunlar: 1. Nəbi Mahmudov Təhsil Nazirliyi Monitorinq və qiy­mət­ləndirmə şöbəsinin baş  məsləhətçisi 19-23 oktyabr - Ağsu, Şamaxı, Qobustan 2. Nadir Məmmədov Təhsil Nazirliyi Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi 19-23 oktyabr -   Gəncə, Şəmkir     3. Ceyhun Məmmədov Təhsil Nazirliyi Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi 19-23 oktyabr Qazax, Ağstafa, Tovuz 4. Azər İsmayılov Təhsil Nazirliyi Ümumi şöbəsinin kompüter üzrə mütəxəssisi 19-23 oktyabr -  Göyçay, Oğuz, Qəbələ, İsmayıllı 5. Azər Nəbiyev Təhsil Nazirliyi Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinin böyük məsləhətçisi 19-23 oktyabr - Hacıqabul, Şirvan, Sabirabad, Saatlı 6. Xəyyam Fərəcov Təhsil Nazirliyi Strateji təhili, planlaşdırma və kadrların idarəolunması şöbəsinin baş məsləhətçisi 19-23 oktyabr - Balakən, Zaqatala, Qax, Şəki 7. Araz Şamilov Bakı şəhəri üzrə 313 nömrəli məktəbin müəllimi 19-23 oktyabr - Astara, Lənkəran 8. Alı Məmmədov Bakı şəhəri üzrə Təhsil İdarəsi Metodik Mərkəzinin Sabunçu-Xəzər bölməsinin müdiri 19-26 oktyabr Ağdam, Füzuli, Xocavənd, İmişli, Cəbrayıl, Laçın, Ağcabədi, Beyləqan 9. Novruz Dəmirov Təhsil Nazirliyi S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasının direktoru 19-26 oktyabr - Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmaz 10. Mirhəsən Cavadov Təhsil Nazirliyi Kimya-biologiya təmayüllü liseyin direktoru 19-23 oktyabr - Ucar, Zərdab, Kür­dəmir 11. Rəşad Səmədov Təhsil Nazirliyi Məktəbdaxili qiymətləndirmə üzrə milli məsləhətçi 19-23 oktyabr - Lerik, Yardımlı, Masallı, Salyan 12. Yaşar Zeynalov Təhsil Nazirliyi PISA-nın məlumat üzrə meneceri 19-26 oktyabr - Göygöl, Samux, Naftalan,Daşkəsən 13. Piralı Əliyev ARTPİ-nin şöbə müdiri 19-23 oktyabr - Mingəçevir,Ağdaş, Gədəbəy   Ezamiyyə xərcləri əsas iş yerləri hesabına ödənilsin.   ƏSAS: “Ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imta­hanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar”ın 24-cü bəndi   Misir MƏRDANOV, Azərbaycan Respublikasının təhsil naziri 18 oktyabr 2010-cu il

Ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının aparılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Son illər res­pub­lika­nın (Naxçıvan MR istisna olmaqla) bütün ümumtəhsil məktəblərində və peşə liseylərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparıl­ma­sı təhsilin keyfiyyə­tinə müsbət təsir etmiş və ictimaiyyət tərəfindən rəğbətlə qarşı­lan­mışdır. Buraxılış imtahanlarının yeni qaydada aparılmasının son nəticədə təhsilin key­fiy­yə­ti­nin yüksəlməsinə təsir edən amillərdən biri olduğunu nəzərə alaraq   ƏMR EDİRƏM:   1. 2010/11-ci dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçı­van MR istisna olmaqla) və peşə liseylərində, ötən dərs illə­rində bu­ra­xı­lış imtahanların­dan qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini bitirmə­yən və eksternat qayda­sında imtahan vermək üçün müra­ciət edən şəxslər də əhatə olun­maqla, ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılsın. 2. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı ana dili və riyaziyyat, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları ana dili və ədəbiyyat, riya­ziyyat, Azərbay­can tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fən­lə­rin­­dən keçirilsin. 3. Ümumtəhsil məktəb­lə­rində və peşə liseylərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama imtahanları 2011-ci ilin 13 fevral – 17 aprel tarix­lərində keçirilsin. 3.1. 3.1. ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama imtahanları aşağı­da­kı şəhər və rayonlarda göstərilən tarix­lərdə keçirilsin: - Bakı şəhərində 13 fevral 2011-ci il tarixində; - Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında 20 fevral 2011-ci il tarixində; - Astara, Biləsuvar, Cəlil­abad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında 13 mart 2011-ci il tarixində; - Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkə­sən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında 27 mart 2011-ci il tarixində; - Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında 03 aprel 2011-ci il tarixində; - Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında 10 aprel 2011-ci il tarixində; - Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonlarında 17 aprel 2011-ci il tarixində; - peşə liseylərində 27 fevral 2011-ci il tarixində; Məcburi köçkün rayonlarının işğal altında olan ərazilərinə aid ümum­təhsil məktəblərində yoxlama imtahanı onların məs­kun­laşdıqları şəhər və ra­yon­ların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəy­yən­ləşdirilmiş tarixdə keçirilsin. 3.2. 3.2. yoxla­ma­ imtahanının nəticələri keçirildiyi tarixdə jurnala ya­zılsın və şa­gird­lərin fənlər üzrə ikin­ci yarımillik qiymətləri yoxlama imtahan nəticələri nəzə­rə alın­maq­la çıxarılsın. 4. ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları aşağı­dakı şəhər və rayonlarda göstərilən tarixlərdə keçirilsin: - Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında 02 iyun 2011-ci il tarixində; - Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında 04 iyun 2011-ci il tarixində; - Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında 07 iyun 2011-ci il tarixində; - Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkə­sən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında 10 iyun 2011-ci il tarixində; - Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonlarında 13 iyun 2011-ci il tarixində; - Astara, Biləsuvar, Cəlil­abad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında 16 iyun 2011-ci il tarixində; - Bakı şəhərində 17 iyun 2011-ci il tarixində; - peşə liseylərində 24 aprel 2011-ci il tarixində; Məcburi köçkün rayonlarının işğal altında olan ərazilərinə aid ümum­təh­­sil məktəblərində buraxılış imtahanı onların məskunlaşdıqları şəhər və ra­yon­ların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçirilsin. 5. Tam orta təhsil səviyyəsi üzrə təkrar imtahanlar müvafiq şəhər və rayonlarda gös­təri­lən ta­rix­lər­də keçirilsin. 6. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə eksternat imtahanları 2011-ci ilin 23 iyun tari­xin­də Bakı şəhərində keçirilsin. 7. Təlim gürcü dilində olan məktəblərin IX (X) və XI (XII) siniflərində buraxılış im­ta­hanlarının aparılması Təhsil Nazir­liyi tərəfindən hazırlanmış imtahan mate­ri­al­ları gür­cü dilinə tərcümə edil­mək­lə, müvafiq rayon təhsil şöbələrinə tapşırılsın. 8. Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazıla­caq yekun qiymət şagirdin fənn üzrə yox­lama imtaha­nı­nın nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablansın. Şəhadət­naməyə yazılacaq ye­kun qiymət şagirdin fənn üzrə yox­la­ma imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymət­ləri əsasında hesablansın. 9. Buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar peşə liseyləri və ümumtəhsil mək­təb­lərinin şagirdləri, müəllim və valideynləri arasında 2010-cu ilin oktyabr-noyabr ay­larında təlimati işlər aparılsın. 10. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) və Təhsilin idarəolunma­sının mə­lumat sistemləri şöbəsi (İ.Sadıqov) ümumi orta və tam orta təhsil səviyyələri üzrə imtahan verən şa­girdlər haqqında müvafiq baza məlumatlarının toplanmasını həyata keçirsin. 11. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) və Strateji təhlil, planlaş­dır­ma və kadr­ların idarəolunması şöbəsi (F.Qədirov) imtahan nəticələrinin təh­lili əsasında zə­ru­ri təşkilati mexanizmlərin qurulması, onların koordinasiya olun­ma­sı ilə bağlı təklif­lər hazırlasın. 12. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (N.Rzaquliyeva), Gəncə Şəhər Təhsil İdarəsi (M.Əliyev), bütün şəhər (rayon) təhsil şöbələri, bilavasitə Təhsil Nazirliyinin nəz­dindəki ümumi təhsil müəssisələrinin və peşə liseylərinin direktorları: 12.1. ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının ke­çirilməsi ilə əlaq­ədar olaraq mək­təb rəhbərlərinin, müəllimlərin, şa­gird­lərin və vali­deyn­lərin mütə­ma­di olaraq maarifləndirilməsi işini təşkil etsinlər; 12.2. imtahan mərkəzlərini müəyyənləşdirərkən Təhsil Nazirliyinin Monito­rinq və qiymət­lən­dir­mə şöbəsi ilə razılaşdırsınlar; 12.3. buraxılış sinif şagirdlərinin yoxlama və buraxılış imtahanlarında iştirakını təmin et­sin­lər; 12.4. ümumi orta təhsil səviyyəsi üzrə şagirdlərin eksternat və payız imtahan­la­rında maksi­mum iştirakını təmin et­sinlər; 12.5. tam orta təhsil səviyyəsi üzrə şagirdlərin təkrar və eksternat imtahan­la­rında maksi­mum iştirakını təmin et­sinlər. 13. Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov), Texniki-peşə təhsili şöbəsi (N.Məmmədov) nə­zərdə tutulmuş tədbirlərin həyata ke­çi­ril­məsi ilə bağlı şəhər (rayon) təhsil şöbələrinə və peşə liseylərinə lazımi köməklik göstərsinlər. 14. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) imtahan materiallarının çap olunması ilə bağlı smeta sənədlərinin hazırlanmasını təmin etsin. 15. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəze­tin­də və “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını, yoxlama və buraxılış imtahan­la­rı­nın nəti­cə­lə­rinin ictimaiyyətə çatdırılmasını həyata keçirsin. 16. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. Əsas: “Ümumtəhsil mək­təb­lərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar”   Misir MƏRDANOV, Azərbaycan Respublikasının təhsil naziri 18 oktyabr 2010-cu il.

Bakıdakı Rusiya məlumat-mədəniyyət mərkəzində beynəlxalq uşaq rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Bakıdakı Rusiya məlumat-mədəniyyət mərkəzində Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Böyük Vətən Müharibəsində qələbənun 65 illik yubileyinə həsr olunmuş “Heç kim unudulmur, heç nə yaddan çıxmır” layihəsi və “Xilas olunmuş dünya da xatırlayır...” mövzusunda keçirilmiş beynəlxalq uşaq rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Qeyd edək ki, Böyük Vətən Müharibəsində qələbənun 65 illik yubileyinə həsr olunmuş “Heç kim unudulmur, heç nə yaddan çıxmır” layihəsi çərçivəsində cari ilin fevral-iyun aylarında keçirilən ən yaxşı şeir, mahnı və rəsm müsabiqələrində Bakı şəhərindəki 40-dan çox ümumtəhsil məktəb, lisey və gimnaziyanın və respublikanın müxtəlif regionlarından “Rus dilinin intensiv tədrisi” layihəsi üzrə seçilmiş pilot məktəblərin şagirdləri də iştirak ediblər. “Xilas olunmuş dünya da xatırlayır...” mövzusunda keçirilən beynəlxalq uşaq rəsm müsabiqəsində Azərbaycandan 50 şagird iştirak edib. Rusiya Federasiyası Mədəniyyət Nazirliyi tərəfindən nəşr etdirilmiş müsabiqə qaliblərinin rəsmlərindən ibarət albomda qalib gəlmiş 27 nəfər azərbaycanlı şagirdin rəsm əsəri də əksini tapıb. Mərasimdə Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi, Bakıdakı Rusiya məlumat-mədəniyyət mərkəzinin direktoru və Təhsil Nazirliyinin əməkdaşları çıxış edib, müsabiqə laureatlarına, qalib məktəblərin rus dili müəllimlərinə qiymətli hədiyyələr və mükafatlar təqdim olunub. Tədbir şagirdlərin hazırladığı konsert proqramı ilə davam etdirilib.

Oktyabrın 30-da “Ankara məktəbi” məktəb-liseyində seminar keçirilib.

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində reallaşdırılan “Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi” alt-komponentin icra planına və Təhsil Nazirliyinin 2010-2012-ci illəri əhatə edən strateji planına əsasən keçirilən “Rayon (şəhər) təhsil şöbələri (idarələri) üçün strateji planlaşdırma prosesi və strateji planların hazırlanması” adlı təlimati seminarın məqsədi yerlərdə strateji planlaşdırma mexanizminin və yeni hesabatvermə sisteminin tətbiqi vasitəsilə idarəetmə sisteminin təkmilləşdirilməsidir. Seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Gəncə Şəhər Təhsil İdarəsi, ölkənin digər rayon (şəhər) təhsil şöbələri (idarələri) və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən strateji planlaşdırma prosesi üzrə müəyyənləşdirilən 66 məsul şəxs iştirak edib.   Seminarda Nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri F.Qədirov, həmin şöbənin aparıcı məsləhətçiləri V.Əbdülrəhimov və N.Əliyev, İqtisadiyyat şöbəsi plan-maliyyə sektorunun müdiri V.Əsgərov, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupunun rəhbəri E.Rüstəmov, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin koordinatoru R.İsayeva çıxış edib, fikir və təkliflərini bildiriblər. Seminar iştirakçılarına strateji planlaşdırmanın məqsədi, bu prosesin həyata keçirilməsi üçün yerlərdə müvafiq işçi qrupunun yaradılması və həmin prosesə maraqlı tərəflərin cəlb edilməsi, strateji planın elementləri, fəaliyyət və büdcə planlarının hazırlanması barədə təqdimatlar vasitəsilə ətraflı məlumat verilib, bu istiqamətdə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.   Həmçinin, müvafiq sənədlər toplusu (Təhsil Nazirliyinin 2010-2012-ci illər üçün Strateji Planı, “Rayon (şəhər) təhsil şöbələri (idarələri) üçün strateji planlaşdırma prosesi və strateji planların hazırlanması” adlı təqdimat və rayon (şəhər) təhsil şöbələri (idarələr) üçün strateji planın çərçivəsi) təqdim edilib. Seminarın sonunda rayon (şəhər) təhsil şöbələrin (idarələrin) 2011-2012-ci illər üçün strateji planlarının ilkin layihəsinin 30 noyabr 2010-cu il tarixinə qədər Nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinə təqdim edilməsi iştirakçıların nəzərinə çatdırılıb.

Noyabrın 10-da Təhsil Nazirliyində “İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf” mövzusunda ikigünlük beynəlxalq elmi konfransın plenar iclası keçirilib.

Əsas təşkilatçıları Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu olan konfransın plenar iclasında Azərbaycan, Belarus, Ukrayna, Rusiya, Fransa və Latviyanın müvafiq ali məktəblərinin rektorları, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin nümayəndələri iştirak ediblər. Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb və Şəhidlər xiyabanı ziyarət olunub. Sonra konfrans iştirakçıları Bakıdakı 132-134 nömrəli təhsil kompleksinin işi ilə tanış olublar. Plenar iclası giriş sözü ilə açan təhsil naziri, Təşkilat Komitəsinin sədri Misir Mərdanov iştirakçıları salamlayıb, konfransın əhəmiyyəti haqqında fikirlərini bildirib. Konfransın işinə uğurlar arzulayan nazir ölkəmizdə təhsil sahəsinin inkişafı üçün atılan ardıcıl addımlar və son illər ərzində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib. Göstərilən dövlət qayğısından bəhs edən Misir Mərdanov Azərbaycan təhsilinin bütün pillələrində ciddi keyfiyyət dəyişikliyinə nail olunduğunu, dünya təhsil sisteminə inteqrasiya istiqamətində əhəmiyyətli işlər görüldüyünü nəzərə çatdırıb. Konfrans iştirakçılarına ünvanlanmış təbriklər səsləndikdən sonra Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Minsk vilayət Təhsilin İnkişafı İnstitutunun rektoru Svetlana Sitnikova, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Belarus Diplomdansonrakı Təhsil Akademiyasının rektoru Oleq Tavqen, İvanovsk vilayət Təhsilin İnkişafı İnstitutunun rektoru Marina Dmitriyeva, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru Asəf Zamanov və başqaları məruzələrlə çıxış ediblər. Plenar iclasın sonunda konfrans iştirakçılarına müvafiq sertifikatlar təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 9-da Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunmuş məktəb kompleksinin açılışında iştirak etmişlər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışı bildirən lenti kəsdilər və bina ilə yaxından tanış oldular. Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına diqqət və qayğısını əks etdirən fotostendlər, dövlət atributlarına aid xüsusi guşə yaradılmışdır. Təhsil naziri Misir Mərdanov məlumat verdi ki, tikintisinə 2009-cu ilin yanvarında başlanılmış məktəb binası yüksək keyfiyyətlə və müasir tələblər səviyyəsində inşa olunmuşdur. Dördmərtəbəli, min şagird yeri olan binada yeni avadanlıq və dərs ləvazimatı ilə təmin edilmiş 26 sinif otağı, 3 laboratoriya, fənn kabinetləri, habelə zəngin kitab fonduna malik kitabxana, 2 kompyuter otağı, akt zalı, şagirdlər üçün istirahət zalları, 100 nəfərlik yeməkxana, müəllim otaqları, inzibati və digər otaqlar vardır. Ölkəmizin orta məktəbləri arasında ilk dəfə burada şagirdlər üçün diskussiya zalları yaradılmışdır. Təhsil ocağında məktəblilərin fiziki hazırlığının təşkilinə də diqqət yetirilmişdir. Müasir idman qurğuları ilə təmin edilmiş idman zalında həndbol, mini futbol, basketbol və digər idman növləri ilə məşğul olmaq üçün bütün şərait yaradılmışdır. Burada 250 tamaşaçı yeri olan üzgüçülük hovuzu da vardır. Məktəbdə ibtidai hərbi hazırlıq kabineti də fəaliyyət göstərəcəkdir. Bina havalandırma, videomüşahidə və yanğın həyəcanı sistemi ilə təchiz edilmişdir. Prezident İlham Əliyev və xanımı sinif otaqlarında, fənn kabinetlərində, kitabxanada, yeməkxanada və idman zalında yaradılmış şəraitlə tanış oldular.  Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirdi.   AzərTAc.

Noyabrın 19-da təhsil naziri Misir Mərdanov Livanın gənclər və idman naziri Əli Hüseyn Abdullah və Azərbaycanın Livandakı fəxri konsulu Nazih Gassub ilə görüşüb.

Qonaqları səmimi salamlayan təhsil naziri Misir Mərdanov belə bir görüşdən məmnunluq duyduğunu ifadə edib. Nazir Azərbaycanla Livanın qarşılıqlı münasibətləri zəminində digər istiqamətlərlə yanaşı, təhsil sahəsində də əlaqələrin inkişafına inamını ifadə edib. Livanın gənclər və idman naziri Əli Hüseyn Abdullah səmimi qəbula görə təşəkkürünü bildirib və ölkəsinin təhsil sahəsində də Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu nəzərə çatdırıb. Livanın təhsil sistemi, ali məktəbləri barədə məlumat verən qonaq qarşılıqlı tələbə mübadiləsinin məsələsinə toxunub, bu istiqamətdə əməkdaşlığa ehtiyac duyduqlarını nəzərə çatdırıb. Azərbaycanın ali məktəblərində Livan vətəndaşlarının keçmiş sovetlər dövründə də təhsil aldıqlarını xatırladan təhsil naziri Misir Mərdanov bu baxımdan respublikamızda bu gün daha geniş imkanların olduğunu vurğulayıb. Odur ki, öncə hər iki ölkənin hökumətləri arasında müvafiq razılığın əldə olunması məsələsinə diqqət çəkən nazir, eyni zamanda ali məktəblərin qarşılıqlı əlaqələri və tanışlıq xarakterli səfərlərin təşkili haqda fikirlərini bildirib. Ölkəmizin təhsil sistemi haqqında söz açan Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daimi qayğısı sayəsində son illər ərzində 2000-dən çox orta məktəbin inşa olunduğunu və əsaslı təmir edildiyini vurğulayıb. Təhsil naziri qeyd edib ki, sosial-iqtisadi yüksəlişinə görə Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın dinamik inkişaf göstəriciləri BMT-nin və digər beynəlxalq qurumların müvafiq hesabatlarında da əksini tapıb. Nazir BMT-nin 2010-cu il üzrə İnsan İnkişafı Hesabatında Azərbaycanın 34 pillə irəliləyərək 169 ölkə arasında 67-ci pilləyə yüksəlməsini, əhalinin savadlılıq səviyyəsinin 99,5 faiz təşkil etməsini həyata keçirilən islahatların aydın təzahürü kimi dəyərləndirib. Misir Mərdanov bütün bu uğurların işğalçı Ermənistan tərəfindən 20 faizdən çox torpaqlarımızın zəbt edildiyi və həmin ərazilərdəki 800 təhsil müəssisəsinin ermənilər tərəfindən tamamilə dağıdıldığı bir şəraitdə qazanıldığını da nəzərə çatdırıb. Daha sonra qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Noyabrın 22-də “Gülüstan” sarayında Heydər Əliyev Fondunun dəstəyi, Təhsil Nazirliyi, YUNESKO, “Mikrosoft” və “İntel” korporasiyalarının təşkilatçılığı ilə “Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilib.

Macarıstan, Norveç, Böyük Britaniya və digər ölkələrdən olan nümayəndələrin iştirak etdiyi konfrans çərçivəsində günün birinci yarısında Azərbaycan Dillər Universitetində “Ali təhsildə e-tədris”, 132-134 saylı təhsil kompleksində “Milli İKT və Təhsil Strategiyasının inkişafı”, Elitar Gimnaziyada isə “Müəllim və şagirdlər üçün birin-birə təhsil” mövzusunda seminarlar təşkil olunub. Seminar iştirakçıları həmçinin video-konfranslarda iştirak ediblər. Konfransın açılışında çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, Prezident İlham Əliyevin daimi diqqət və qayğısı sayəsində Azərbaycanda təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə geniş tədbirlər həyata keçirilir. Məruzə-təqdimatında “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” çərçivəsində 3693 məktəbdə iş aparıldığını vurğulayan nazir bu müddətdə məktəblərə 30 mindən çox kompüter verildiyini, 1722 təhsil ocağında kompüter siniflərinin yaradıldığını nəzərə çatdırıb. Misir Mərdanov 2005-2007-ci illərdə Bakı, Sumqayıt və Gəncə şəhərlərində 7500-dən çox müəllimin təhsildə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi üzrə treninqlərə cəlb olunduğunu qeyd edib. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlərdən söz açan nazir təhsil sistemində İKT infrastrukturunun inkişafı, təhsildə elektron idarəetmə məsələsinin həlli, müəllimlərin İKT bacarıqlarının artırılması, normativ hüquqi bazanın daha da təkmilləşdirilməsi istiqamətində görülmüş işlərdən bəhs edib. Misir Mərdanov nazirliyin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin, eləcə də bütün məktəblərin internetlə təmin olunmasını və kontent filtrasiyasının həyata keçirilməsini təmin edəcək Məlumat və Resurs Mərkəzinin yaradılmasının əhəmiyyəti barədə fikirlərini bildirib. Azərbaycanda internet istifadəçilərinin 10 faizinin təhsil sisteminin payına düşdüyünü qeyd edən nazir Dövlət Proqramı çərçivəsində 30 tədris müəssisəsində “elektron məktəb” pilot layihəsinin həyata keçirildiyi, 2010-cu ilə qədər 55 min  680 müəllimin İKT vərdişlərinə yiyələndiyi, Proqramın sonunadək bu rəqəmin 114 min nəfərə çatdırılmasının planlaşdırıldığı barədə məlumat verib. Misir Mərdanov bildirib ki, indiyə qədər təxminən 9 min müəllim Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, eləcə də “Microsoft” və HP korporasiyaları ilə birgə həyata keçirilən və ölkə əhalisinin güzəştli şərtlərlə kompüterlərlə təmin olunması məqsədini daşıyan “Xalq kompüteri” layihəsindən yararlanıb. Təhsil naziri onu da qeyd edib ki, hazırda informatika fənni ibtidai siniflərdə də tədris olunduğu üçün hər bir şagirdin kompüterlə təmin olunması məsələsi daha da aktuallaşıb. “İnformasiya-kommunikasiya texnologiyalarının sosial-iqtisadi və insan resursunun inkişafında xüsusi rolu” mövzusunda məruzə-təqdimatla çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə İKT-nin təhsildə tətbiqini informasiya texnologiyalarının inkişafının ən mühüm istiqamətlərindən biri olduğunu söyləyib. Təhsildə informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsini gələcəyə yönəlmiş mühüm addım kimi dəyərləndirən Elmir Vəlizadə ölkəmizin ali təhsil müəssisələrində ixtisasların təxminən 8 faizinin bilavasitə İKT ilə bağlı olduğunu vurğulayıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təhsildə İKT-nin tətbiqi sahəsində bilavasitə fəaliyyətindən söz açan nazir müavini onu da diqqətə çatdırıb ki, hazırda 145 azərbaycanlı tələbə nazirliyin hesabına dünyanın aparıcı universitetlərində təhsil alır. YUNESKO-nun İKT üzrə məsləhətçisi Marius Lukosiunas “Müəllimlərin savadlılığı üzrə YUNESKO proqramı” barədə ətraflı məlumat verib. O, təşkilat tərəfindən bütün dünyada İKT üzrə yaradılan 700-dən çox mərkəzdə 1 milyondan çox adamın təlim keçdiyini bildirib. Daha sonra Macarıstanın sabiq təhsil naziri Balint Magyar, “Microsoft” korporasiyasının rəsmisi Coys Fernandes və Edinburq Universitetinin professoru Çarlz Anderson təqdimatlarla çıxış edib, İKT-nin tətbiqinin bütün sahələrin inkişafı, insan kapitalının formalaşdırılması, məhdudiyyətsiz təhsil almaq baxımından müsbət rolu barədə fikirlərini söyləyiblər.  

Noyabrın 25-də Təhsil Nazirliyində “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası” mövzusunda müşavirə keçirilib.

Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov qeyd olunan sənədin əhəmiyyətli cəhətlərini vurğulayaraq bildirib ki, ilk dəfə olaraq əlavə təhsilin bütün istiqamətləri üzrə tənzimləyici qaydalar bu sənəddə öz əksini tapıb. Nazir həmin sənəddə əlavə təhsilin hər bir istiqaməti üzrə məzmunun çərçivəsi, təhsilə cəlb olunanlar, monitorinq və qiymətləndirmə, verilən təhsil sənədi, maliyyə mənbəyi, eləcə də digər məsələ və qaydalar haqqında məlumat verib, əlavə təhsilin ümumi müddəaları ilə müşavirə iştirakçılarını tanış edib. Eyni zamanda əlavə təhsilin fəaliyyət istiqamətlərindən söz açan Misir Mərdanov iхtisasartırma, yenidənhazırlanma, stajkeçmə, kadrların təkmilləşdirilməsi, təkrar ali və təkrar оrta iхtisas təhsili üzrə mövcud vəziyyət barədə ətraflı danışıb, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsilinin Azərbaycan təhsili üçün yeni olduğunu vurğulayıb. Qeyd olunub ki, dərəcələrin yüksəldilməsi təhsili orta ixtisas təhsili müəssisələrini bitirmiş və subbakalavr dərəcəsi almış kadrların uyğun ixtisaslar üzrə bakalavr səviyyəsinə hazırlığını nəzərdə tutan, yaşlıların təhsili isə vətəndaşların fasiləsiz olaraq cəmiyyətdə və iqtisadiyyatda baş verən dəyişikliklərə uyğunlaşmasını təmin edən təhsil növüdür. Təhsil naziri Misir Mərdanov yeni qaydaların tətbiqi ilə əlaqədar hazırlanmış və hazırlanacaq sənədlər, qarşıda duran vəzifələrdən də bəhs edib. Sonda sənəddə göstərilən hər bir məsələ üzrə iştirakçıların rəy və təklifləri dinlənilib, müvafiq istiqamətdə hər kəsin istəyinə uyğun təhsil ala bilməsi üçün imkanların genişləndirildiyi bildirilib.

16/06/2026

Hörmətli vətəndaşlar! Hər birinizi “Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər” barədə anket sorğusunda aktiv iştiraka dəvət edirik. ? Fikirləriniz bizim üçün çox önəmlidir. Sorğuya keçid: https://anket.edu.az/user/318 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #Sorğu

Ətraflı
15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan

Ətraflı
13/06/2026

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng

Ətraflı