Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 1-də Təhsil Nazirliyində ölkəmizin ümumtəhsil məktəblərində buraxılış imtahanlarına hazırlıqla bağlı iclas keçirilib.

Təhsil naziri Misir Mərdanov çıxış edərək bildirib ki, iyunun 3-dən etibarən ölkəmizin ümumtəhsil məktəblərinin IX və XI siniflərində buraxılış imtahanları başlayır. Nazir qeyd edib ki, əvvəlki illərdə olduğu kimi XI sinif şagirdləri 8, IX sinif şagirdləri isə 2 fənn üzrə imtahan verəcəklər. Təhsil naziri cari dərs ilində ümumtəhsil məktəblərinin və peşə liseylərinin 90134 nəfər şagirdinin orta təhsil, 127796 şagirdin isə əsas təhsil səviyyəsi üzrə yoxlama imtahanları verdiyini nəzərə çatdırıb. Yoxlama imtahanlarının cari ilin fevral, mart və aprel aylarında 4 bölgə üzrə 294 imtahan mərkəzində keçirildiyini bildirən nazir əlavə edib ki, aprelin 25-də ölkəmizdəki peşə liseylərinin 4437 nəfər şagirdi buraxılış imtahanları verib. Misir Mərdanov yoxlama imtahanında iştirak edən IX sinif şagirdlərinin 64,71, XI sinif şagirdlərinin isə 41,25 faizinin müvəffəq qiymətlər aldığını bildirib, əvvəlki illərlə müqayisədə imtahan prosesinin aparılma mexanizminin təkmilləşdiyini, şagird və valideynlərin buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılmasına münasibətlərinin müsbət mənada dəyişdiyini, imtahan nəticələrinin müvəffəqiyyət və keyfiyyət faizi baxımından yüksəldiyini vurğulayıb. Nazir ölkə üzrə bu artımın 10 faizdən bir qədər çox olduğunu qeyd edib. Misir Mərdanov ölkəmizin 4 bölgəsində əsas və orta təhsil kursu üzrə buraxılış imtahanlarının keçirilmə tarixlərini nəzərə çatdırıb, XI sinif şagirdlərinin 3, IX sinif şagirdlərinin isə 1 saat 30 dəqiqə ərzində imtahan verəcəklərini bildirib. Daha sonra nazir Respublika fənn olimpiadalarında I yer tutmuş, həmçinin müxtəlif beynəlxalq səviyyəli olimpiadalarda, bilik və idman yarışlarında müvəffəqiyyət əldə etmiş buraxılış siniflərinin şagirdlərinin imtahanlardan azad olunduqlarını açıqlayıb. İclasda iştirak edən imtahan rəhbərlərinə bu mühüm işə məsuliyyətlə yanaşmağın vacib olduğunu xatırladan təhsil naziri imtahanların uğurla keçirilməsi üçün bütün zəruri tədbirlərin görüldüyünü söyləyib. Nazir imtahan rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib, onları üzərlərinə düşən vəzifələri daha yaxşı həyata keçirmək üçün fəal olmağa səsləyib.

İyunun 1-də Təhsil Nazirliyində Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbir keçirilib.

Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq öncə bu günün tarixi barədə məlumat verərək qeyd edib ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı səslənən təkliflərə əsasən 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Sonra nazir ölkəmizdə uşaqların rifahının yüksəldilməsi məsələlərinin dövlət başçısının daim diqqət mərkəzində olduğunu xüsusi qeyd edib. Nazir bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin uşaqların müdafiəsi sahəsində qoyduğu ənənələr bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Təhsil naziri daha sonra “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”na uyğun olaraq görülən işləri, proqramdan irəli gələn vəzifələrin bir sıra dövlət və beynəlxalq qurumlar ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirildiyini xüsusi qeyd edib. Misir Mərdanov cari ilin fevralında yaradılmış “Uşaq Qaynar Xətt Xidməti”nin fəaliyyətə başlamasını Azərbaycanda uşaqların müdafiəsinin daha etibarlı təminatına doğru atılan addım kimi dəyərləndirib və bu işə dəstək göstərənlərə təşəkkürünü bildirib. Tədbirdə YUNİSEF-in Azərbaycandakı nümayəndəsinin müavini Rəşid Mustafa təmsil etdiyi qurumla Təhsil Nazirliyi arasında yaradılan sıx əməkdaşlıqdan danışıb və birgə həyata keçirilən layihələr nəticəsində əldə olunan irəliləyişləri nəzərə çatdırıb. R.Mustafa de-institutlaşma sahəsində görülən işləri təqdirəlayiq hal kimi qiymətləndirib, Təhsil Nazirliyi nəzdində De-institutlaşma və uşaqların müdafiəsi idarəsinin yaradılmasını bu sahəyə olan diqqətin bariz nümunəsi olduğunu qeyd edib.   “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nin rəhbəri Cəmilə Tağıyeva tədbirdə xidmətin gördüyü işlərə dair təqdimat-məruzə ilə çıxış edib. C.Tağıyeva xidmətin yaradılmasının əsas məqsədi, fəaliyyəti, onun vəzifələri və bu işə dəstək göstərən təşkilatlar barədə məlumat verib. Xidmətin rəhbəri cari ilin fevralından ötən müddətdə 265 müraciət qəbul etdiklərini və bu müraciətlərin psixoloji, sosial, təhsil, hüquq və səhiyyə sahələrinə aid olduğunu bildirib. Sonda “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nin səmərəliliyinin artırılması ilə bağlı rəy və təkliflər verilib.

İyunun 2-də təhsil naziri Misir Mərdanovun iştirakı ilə Şirvan şəhərində müşavirə keçirilib.

Müşavirədə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov, Təhsil Nazirliyinin müvafiq şöbələrinin rəhbərləri, Şirvan şəhər, Sabirabad, Neftçala, Salyan, Saatlı, Hacıqabul, Zərdab, İmişli rayonları təhsil şöbələrinin müdirləri iştirak ediblər. Müşavirədə adları qeyd olunan rayonların ümumtəhsil məktəblərində keçiriləcək buraxılış imtahanlarına hazırlıqla bağlı məsələlər müzakirə olunub. Təhsil naziri Misir Mərdanov müşavirənin dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Kür çayı ətrafındakı rayonlarda təhsilin vəziyyətinin araşdırılıb təhlil olunması məqsədilə keçirildiyini bildirib. Sonra yaranmış vəziyyətlə bağlı ayrı-ayrı rayon təhsil şöbə müdirlərinin məlumatları, habelə buraxılış imtahanlarının keçirilməsi barədə təklifləri dinlənilib. Müşavirədə belə bir yekdil rəyə gəlinib ki, təbii fəlakət nəticəsində əhali tərəfindən tərk edilmiş yaşayış məntəqələrindəki ümumtəhsil məktəblərinin şagirdləri psixoloji sarsıntıya məruz qaldıqlarına, imtahanlara hazırlaşmaq imkanından məhrum olduqlarına görə buraxılış imtahanlarından azad edilsinlər və onlara müvafiq təhsil sənədi illik qiymətlər əsasında verilsin. Həmin bölgələrin digər məktəblərində isə imtahanların Təhsil Nazirliyinin xətti ilə mərkəzləşdirilmiş qaydada aparılacağı diqqətə çatdırılıb.

İyunun 3-də Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzində “Müasir texnologiyaların təhsildə tətbiqi” mövzusunda regional konfrans keçirilib.

Konfrans “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsi tərəfindən təşkil olunub. Konfransda Ağstafa, Tovuz, Qazax rayonlarının məktəb direktorları, təhsil şöbələrinin işçiləri, müəllimlər, habelə, Dövlət Proqramı çərçivəsində Təhsil Nazirliyinin bu sahə üzrə tərəfdaş təşkilatları, Bakı şəhərindəki orta məktəblərdən İKT-nin tətbiqi üzrə aparıcı müəllimlər iştirak ediblər. Konfransda çıxış edən Ağstafa Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Lalə Eyyubova informasiya texnologiyaları vasitəsilə tədrisin daha yüksək səviyyədə qurulmasının vacibliyini vurğulayıb və Ağstafa rayonunda təhsilin informasiyalaşdırılmasına xüsusi diqqət yetirildiyini qeyd edib. Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov öz çıxışında Dövlət Proqramı çərçivəsində görülmüş işlər haqqında ətraflı məlumat verib. Təhsil sisteminin informasiyalaşdırılmasının xüsusi diqqət mərkəzində saxlanıldığını nəzərə çatdıran S.Məmmədov Azərbaycanın digər regionlarında da belə konfransların keçiriləcəyini bildirib. Konfransda “Mədəd” təşkilatının icraçı direktoru Elbrus Zərbəliyev “Tədrisdə yeni imkanlar, dünya təcrübəsindən istifadə” mövzusunda təqdimatla çıxış edərək diqqətə çatdırıb ki,  bugünədək “Mədəd” təşkilatı 2 mindən çox orta məktəbdə çalışan 40 mindən artıq pedaqoji işçi və inzibati idarəetmə heyətinə treninqlər keçib. AZEDUNET təşkilatının direktoru Səməd Abbasov Azərbaycan təhsil şəbəkəsi haqqında geniş məlumat verərək vurğulayıb ki, vahid təhsil şəbəkəsinin mövcudluğu təhsil ocaqları arasında yüksək sürətli məlumat mübadiləsini təmin etməyə imkan verir. Hazırda 500 təhsil müəssisəsinin Azərbaycan təhsil şəbəkəsinə qoşulduğunu qeyd edən təşkilat direktoru cari ildə daha 500 təhsil müəssisəsinin bu şəbəkəyə qoşulacağının nəzərdə tutulduğunu açıqlayıb. Konfrans çərçivəsində “Elektron təhsil resursların yaradılması”, “İnternet tədris vasitəsi kimi”, “Elektron məktəb”, “İntel-Gələcək üçün təhsil” layihələri və “İnnovativ müəllim” müsabiqəsi mövzularında dəyirmi masalar keçirilib.

Bu gün Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonlarının ümumtəhsil məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirilib.

XI siniflər üzrə 54 imtahan mərkəzində 16681 şagird imtahan verib. İmtahan ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən aparılıb. İyunun 4-də isə həmin rayonların ümumtəhsil məktəblərinin IX siniflərində təhsil alan 25586 şagird 57 imtahan mərkəzində ana dili və riyaziyyat fənlərindən imtahan verəcək. Qeyd olunan bölgələr üzrə ötən tədris illərində attestat ala bilməyən 1874 nəfər XI sinif məzunu da bu gün  18 imtahan mərkəzində imtahan verib. Məlumat üçün bildiririk ki, XI siniflər üzrə buraxılış imtahanlarının aparılmasına 3 saat, IX siniflər üzrə isə 1 saat 30 dəqiqə vaxt ayrılır.

İyunun 5-də Təhsil Nazirliyində 2010-2011-ci tədris ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlim kurslarının təşkili vəziyyəti ilə bağlı iclas keçirilib.

İclas iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov bildirib ki, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) çərçivəsində 2009-2014-cü illər ərzində təhsilin bir sıra mühüm sahələrini əhatə edən 6 komponent üzrə islahatların davam etdirilməsi nəzərdə tutulub. Bu komponentlər arasında müəyyən bağlılıq, sistemli əlaqələr olduğunu nəzərə çatdıran nazir yeni kurikulumu, təlim strategiyalarını və yeni qiymətləndirmə üsullarını uğurla həyata keçirmək üçün müəllimlərin pedaqoji bacarıqlarını, fənn üzrə biliklərini artırmağın, yeniləşdirməyin zəruriliyi məsələlərinə toxunub. Tədrisin və təlimin keyfiyyətinin yeni kurikulumu tədris edəcək, yeni qiymətləndirmə üsullarını tətbiq edəcək müəllimlərin hazırlığından asılı olduğunu vurğulayan Misir Mərdanov müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün müasir modellər tətbiq etməyin səmərəli olacağına inamını ifadə edib. Müəllimlərin yeni kurikulumun tətbiqi üzrə təlim kurslarından keçirilməsi sahəsində son iki il ərzində qazanılan təcrübədən söz açan təhsil naziri I siniflər üçün yeni kurikulumun geniş miqyaslı tətbiqinə 2008-ci ilin sentyabrından başlanıldığı haqda məlumat verib. Nazir 2008-ci ildə Azərbaycanın bütün rayonları əhatə olunmaqla 9000 və 2009-cu ildə daha 9000 nəfər I sinif müəlliminin təlimdən keçdiyini qeyd edib. Misir Mərdanov Təhsil Nazirliyi ilə əldə edilən razılaşma əsasında YUNİSEF-in kurikulumun tətbiqinə kömək etmək üçün fəal təlim mövzusunda keçirdiyi kurslar barədə məlumat verib. Nazir TSİİL çərçivəsində ikinci komponent üzrə icra planında müəyyənləşdirilmiş vəzifələrdən birinin də müəllimlərin ixtisasartırması üzrə xidmətlərin təşkili sahəsində rəqabət mühitinin yaradılması olduğuna diqqət çəkib. Bu istiqamətdə görülmüş işlərə toxunan Misir Mərdanov Təhsil Nazirliyi tərəfindən 2010-2011-ci tədris ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlim kursları keçəcək müəssisələrin tender yolu ilə müəyyənləşdirildiyini bildirib. Tender komissiyalarının qərarı əsasında Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, “İnkişaf” Elmi Mərkəzi, Azad Müəllimlər Birliyi, Şəxsiyyətin İnkişafı və Yeni Pedaqoji Texnologiyalar üzrə İctimai Birliyinin qalib gəldiyini qeyd edən təhsil naziri ümumilikdə, 12 lot üzrə 127 təlim mərkəzində 109 təlimçi tərəfindən 8277 müəllimin kurslardan keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. Nazir bildirib ki, təlim kurslarının 6 günlük, 36 saatlıq tədris planı və proqramı təsdiq edilib,  2010-2011-ci tədris ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimlərinin yüksək səviyyədə hazırlanması üçün müəyyənləşdirilmiş öhdəliklərin Təhsil Nazirliyinin bu işə cavadeh olan əlaqələndiriciləri, rayon təhsil şöbələri, məktəb direktorları ilə sıx əməkdaşlıq şəraitində yerinə yetirilməsi qərara alınıb. Təhsil naziri təlim kurslarının səmərəli keçirilməsi üçün bir sıra təkliflərini nəzərə çatdırıb və kurslarda iştirak edən müəllimlərə veriləcək sertifikatların dərəcələr üzrə bölünməsinin ümumi işin xeyrinə olacağı barədə fikirlərini bildirib. Daha sonra çıxış edən Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü, Şəxsiyyətin İnkişafı və Yeni Pedaqoji Texnologiyalar üzrə İctimai Birliyin sədri Elxan Əmirbəyov və başqaları layihənin əhəmiyyətindən söz açıb, müəllimlərin təlimlərə cəlb olunması və uğurlu nəticələrin alınması baxımından Təhsil Nazirliyinin göstərdiyi hərtərəfli köməkliklərdən məmnun olduqlarını bildiriblər. Sonda Təhsil Nazirliyi ilə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, “İnkişaf” Elmi Mərkəzi, Azad Müəllimlər Birliyi, Şəxsiyyətin İnkişafı və Yeni Pedaqoji Texnologiyalar üzrə İctimai Birliyi arasında 2010-2011-ci tədris ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlim kurslarının təşkili üzrə müqavilələr imzalanıb.

İyunun 7-də Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarının ümumtəhsil məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirilib.

Qərb bölgəsi üzrə keçirilən bu imtahanlarda 21975 şagird 75  imtahan mərkəzində imtahan verib. İyunun 8-də isə həmin rayonların ümumtəhsil məktəblərinin IX siniflərində təhsil alan 30160 şagird 75 imtahan mərkəzində imtahan verəcək. Məlumat üçün bildiririk ki, bu gün qeyd olunan şəhər və rayonlar üzrə ötən tədris illərində attestat ala bilməyən 2405 nəfər XI sinif məzunu da 19 imtahan mərkəzində imtahan verib.

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 2010-cu ilin may ayında 958 müraciət daxil olub.

Müraciətlərin 845-i telefonla, 113-ü elektron poçt vasitəsilə qəbul edilib. Bütün müraciətlər qeydə alınıb, aidiyyəti qurumlara göndərilib və müvafiq qaydada araşdırılıb. Qeyd edək ki, may ayında ano­nim­ və sorğu xarakterli müraciətlər çoxluq təşkil edib. “Qaynar xətt” xidmətinə daxil olmuş sorğular ümumtəhsil məktəblərinin IX və XI si­nif­lərində mərkəzləşdirilmiş qaydada keçirilən imtahanların təşkili, bununla əlaqədar sorğu, rəy və təkliflər, müəllimlərin işə qə­bulu, Respublika fənn olimpiadalarının, beynəlxalq olimpiadaların təşkili, ke­çirilməsi və nəticələri, xaricdə təhsil, xarici ölkələrin təhsil müəs­si­sə­lə­rindən verilmiş təhsil sə­nəd­lərinin tanınması, xaricdə təhsil alan tələbələrin ölkəmizin təhsil müəssisələrinə kö­çürülməsi qaydaları ilə əlaqədardır. Hə­min müraciətlər ümumi sor­ğu­ların 80 faizindən çoxunu təşkil edir. Digər sor­ğular isə ümumtəhsil məktəbi şa­gird­lərinin məktəbli geyimi ilə təmin olunması, müəllimlərin əmək haq­qı­nın he­sab­lan­ması qay­da­ları, təhsil sənədlərinin alınması və s. məsələlərlə bağlı olub. Məktəbəqədər, ümumtəhsil, texniki peşə, orta ixtisas və ali təhsil  müəs­si­sə­­lə­­rin­dəki problemlərdən bəhs edən müraciətlər əsasında araşdırmalar apa­rıl­ıb, onların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata  ke­çi­­ril­ib. Ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri ilə bağlı  mü­ra­­ciətlərin böyük əksəriyyəti Bakı şəhərindəndir. Bu sahə üzrə Bakıdan 83, Lənkərandan 6, Sumqayıtdan 5, Abşerondan 4, Gəncə, Min­­gə­çevir şəhərləri və Xaçmaz rayonunun hər birindən 3, Şirvandan isə 1 müraciət daxil olub. Eyni zamanda  Ağ­daş, Şamaxı, Cəlilabad, Kəlbəcər, Qazax­ ra­yonları üzrə müraciətlər qeydə alı­nıb. Müraciətlərdə ümumtəhsil müəs­sisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsində ça­tış­mazlıqlar, məktəb direktorlarının idarəetmədə yol verdikləri nöqsanlar və digər mə­sələlər öz əksini tapıb.  Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər ciddi şəkildə araş­dı­rıl­araq müvafiq tədbirlər həyata keçirilib. Belə ki, Gəncə 1 saylı Peşə Liseyindən daxil olan müraciət əsasında aparılmış araşdırma nəticəsində işdə yol verdiyi ciddi nöqsanlara görə liseyin direktoru R.Orucovla bağlanmış əmək müqaviləsinə xitam verilib. Xaçmaz rayon Muxtadır qəsəbə məktəbinin direktoru N.Mədətxanov isə tutduğu vəzifəsindən azad edilib. Bakı şəhərinin 18, 45, 113, 143, 179, 267 saylı məktəbləri ilə bağlı müraciətlər də araşdırılıb və müvafiq olaraq pedaqoji prosesdə, əmək intizamının yerinə yetirilməsində yol verdikləri nöqsanlara və s. görə 18 saylı məktəbin müəllimi M.Abdullayevaya, 45 saylı məktəbin laborantı P.Abdullayevaya şiddətli töhmət, 143 saylı məktəbin 6-cı siniflərinin rəhbərlərinə töhmət verilib. 113 saylı məktəbin rəhbərliyinə və 179 saylı məktəbin 5d sinif rəhbərinə xəbərdarlıq edilib. “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında 146 saylı məktəbin direktoruna işdə yol verdiyi nöqsanlara görə töhmət verilib, təlim-tərbiyə işləri üzrə direktor müavini isə ciddi nöqsanlara görə işdən azad edilib.

İyunun 8-də Təhsil Nazirliyində “Qlobal minillik prizi” beynəlxalq inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Təhsil naziri Misir Mərdanov mərasimi giriş sözü ilə açaraq öncə tədbirin təşkilatçıları barədə məlumat verib. Nazir bildirib ki, mərasim Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Minilliyin Layihəsinin Azərbaycan bölməsi olan Azərbaycan Futuroloqlar Cəmiyyəti tərəfindən təşkil olunub.  Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğını xüsusi vurğulayıb, son illərdə Azərbaycan məktəbliləri, tələbələri və müəllimlərinin  bir çox beynəlxalq, dünya səviyyəli olimpiada, müsabiqə və digər bilik yarışlarında ölkəmizi layiqincə təmsil etdiklərindən, yüksək nailiyyətlər qazandıqlarından söz açıb. Nazir əlavə edib ki,  dünya və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəbliləri 11 qızıl, 28 gümüş, 60 bürünc olmaqla ümumilikdə 99 medal qazanıblar. Əhalisinin sayının az olmasına baxmayaraq qazandığı medalların sayına görə Azərbaycanın dünya ölkələri sırasında ilk onluqda olduğunu diqqətə çatdıran təhsil naziri hazırda bir sıra ölkələrin aparıcı universitetlərində müxtəlif mənbələr hesabına 10 mindən çox azərbaycanlı gəncin təhsil aldığını bildirib. Sonra Misir Mərdanov Minilliyin 15 Qlobal Çağırışları üzrə “Qlobal minillik prizi” beynəlxalq müsabiqəsinin milli mərhələsi olan “Gələcək nəsillərlə üz-üzə” inşa müsabiqəsinin məqsədi barədə məlumat verib, bu müsabiqədə ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri və universitet tələbələrinin iştirak etdiyini açıqlayıb. “Qlobal minillik prizi” beynəlxalq müsabiqəsində ötən illərdə qazanılmış uğurlarla yanaşı 2009-cu ildə əldə olunan nailiyyətlərdən söz açan təhsil naziri müsabiqə qaliblərinin adlarını iştirakçıların nəzərinə çatdırıb.  Qeyd olunub ki, “Qlobal minillik prizi” beynəlxalq müsabiqəsinin 10 nəfər qalibindən 4-ü Azərbaycandan, 5-i Meksikadan, 1-i isə Cənubi Afrikadandır. Ölkəmizi təmsil edən Ayan Əliyeva (“Qadınların statusu” çağırışı üzrə), Aydan Xələfova (“Sülh və münaqişə” çağırışı üzrə), Şərqiyyə Məmmədova (“Dayanıqlı inkişaf” çağırışı üzrə), Lalə Həsənova (“İnformasiya və kommunikasiya” çağırışı üzrə) beynəlxalq münsiflər heyəti tərəfindən “Qlobal Minillik Prizi” müsabiqəsində I yerə layiq görülüblər.  Çıxışının sonunda nazir  ölkəmizin Meksikadakı fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarova göstərdiyi dəstəyə görə təşəkkür edib, eləcə də  qalibləri Azərbaycanı layiqincə təmsil etdikləri üçün  təbrik edib və onlara yeni-yeni uğurlar arzulayıb.  Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynova çıxış edərək ölkəmizdən olan nümayəndələrin son üç ildə bu müsabiqədə qaliblər sırasında olduğunu qeyd edib, eyni zamanda cari ilin mayında Mexiko şəhərinin məşhur Dieqo Rivera muzeyində keçirilən “Qlobal minillik prizi” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimindən söz açıb və qazanılan uğurun ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Sonra azərbaycanlı qaliblərin mükafatlandırılma mərasimi ilə bağlı süjet nümayiş olunub. Mərasimdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkə Prezidentinin təhsil sahəsinə göstərdiyi xüsusi diqqəti qeyd edərək Azərbaycan təhsilinin inkişafından söz açıblar. Çıxış edənlər Azərbaycan gənclərinin bilik yarışlarında mühüm yerlər tutmasını müsbət qiymətləndirib, gənclərimizin bilikli, yüksək intellektli yetişməsində belə müsabiqələrin xüsusi rolu olduğunu vurğulayıb və gələcəkdə də müvafiq istiqamətdə   işlərin davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər. Tədbirdə “Qlobal minillik prizi” müsabiqəsinin qalibləri çıxış edərək onlara göstərilən yüksək diqqət və qayğıya görə təşəkkür edib, Azərbaycanı hər zaman lazımi səviyyədə təmsil etməyə hazır olduqlarını bildiriblər.  Sonda müsabiqə qaliblərinə sertifikat və hədiyyələr təqdim olunub.

İyunun 9-da Cənc Tamaşaçılar Teatrında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) yaradılmasının 90 illik yubileyi təntənəli şəkildə qeyd olunub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının yaranma tarixi və onun fəaliyyəti barədə məlumat verib. S.Mehbalıyev qeyd edib ki, bu təşkilat 1999-cu ildən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı adlanıb və yarandığı vaxtdan bu günə kimi öz üzvlərinin əmək, sosial-iqtisadi hüquqları və qanuni mənafelərini müdafiə edir. Təşkilatın öz sıralarında 5810 tədris müəssisəsində çalışan, oxuyan 384480 nəfər təhsil işçisi və  tələbəni birləşdirdiyini vurğulayan S.Mehbalıyev həmkarlar ittifaqı üzvlərinin 251299 nəfərinin qadınlar, 133181 nəfərinin kişilər, 76514 nəfərinin isə gənclər olduğunu diqqətə çatdırıb. Daha sonra S.Mehbalıyev bu təşkilatın beynəlxalq əlaqələrinin genişləndiyindən, 2000-ci ildən ştab-qərargahı Brüssel şəhərində yerləşən və öz sıralarında 149 ölkədən 30 milyon təhsil işçisini birləşdirən “Beynəlxalq Təhsil Birliyi”nin üzvü olduğundan söz açıb. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı bu gün özünün 90 illik yubileyini dünyaya inteqrasiya şəraitində, ölkədə aparılan uğurlu təhsil strategiyasına hər zaman yardım və dəstək, Təhsil Nazirliyi ilə işgüzar tərəfdaşlıq və səmərəli əməkdaşlıq mühitində fəaliyyət göstərməklə qeyd edir. Nazir bu təşkilatın kollektivinin ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın davamlı inkişaf strategiyasının həyata keçirilməsinə, təhsil sahəsində beynəlxalq standartlara uyğun islahatların gerçəkləşməsinə, milli təhsil quruculuğunun uğurla başa çatdırılmasına öz layiqli töhfələrini bundan sonra da verəcəyinə inandığını qeyd edib. Misir Mərdanov çıxışında həmkarlar təşkilatı ilə birgə gələcəkdə həyata keçirilməsi vacib olan məsələlərə aid təkliflərini nəzərə çatdırıb və 90 illik yubiley münasibətilə bu təşkilatın bütün kollektivini təbrik edib. Sonra yubileylə əlaqədar ölkə başçısı tərəfindən imzalanmış sərəncama əsasən həmkarlar təşkilatının əməkdaşlarından 11 nəfərinə “Tərəqqi” medalı, digər 11 nəfərinə isə “Əməkdar mədəniyyət işçisi” fəxri adının döş nişanı və vəsiqələri təqdim olunub. Eyni zamanda Təhsil Nazirliyi tərəfindən həmkarlar təşkilatının 24 fəal üzvü “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı və 22 həmkarlar ittifaqı fəalı isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi tərəfindən “Həmkarlar ittifaqında xidmətə görə” medalı ilə təltif edilib.  

15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan

Ətraflı
13/06/2026

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng

Ətraflı
13/06/2026

Şağan və Mərdəkanda "Son zəng" tədbiri

Ətraflı