Aprelin 8-də Təhsil Nazirliyində Kiyev şəhərində “Təhsil islahatları: qlobal məsələlərin regional həlli” mövzusunda keçirilən treninqin nəticələri ilə bağlı təqdimat olub.
Aprelin 8-də Təhsil Nazirliyində Kiyev şəhərində “Təhsil islahatları: qlobal məsələlərin regional həlli” mövzusunda keçirilən treninqin nəticələri ilə bağlı təqdimat olub. Təhsil naziri Misir Mərdanov tədbiri açaraq xarici ölkələrdə keçirilən müxtəlif tədbir və treninqlərdə iştirak edən nazirlik əməkdaşlarının səfər haqqında məlumat verməsinin zəruriliyini bildirərək bugünkü təqdimatı ilk təşəbbüs kimi dəyərləndirib, habelə müvafiq ənənənin davam etməsinin vacibliyini vurğulayıb. Sonra Misir Mərdanov səfərlə bağlı təqdimat etmək üçün sözü nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirova verib. F.Qədirov öncə məlumat verib ki, Dünya Bankı, YUNİCEF, Ukrayna Təhsil və Elm Nazirliyinin birgə təşkil etdiyi treninqdə Avropa və Mərkəzi Asiya ölkələri ilə yanaşı, Azərbaycan nümayəndə heyəti də iştirak edib. Treninqin mahiyyətini açıqlayan F.Qədirov bildirib ki, burada əsas məqsəd keçmiş postsovet və Şərqi Avropa ölkələrində Dünya Bankının dəstəyi ilə həyata keçirilən islahatların nəticələrinə dair müzakirələrin aparılması, təhsil siyasətinin formalaşdırılması mexanizmlərinin araşdırılması, iştirakçı ölkələrin təhsil sahəsindəki təcrübələrinin öyrənilməsi və bu istiqamətdə inkişaf perspektivlərinin müəyyənləşdirilməsi olub. Tədbirdə şöbə müdiri dünyada təhsil problemləri və inkişaf tendensiyaları, təhsil siyasətinin formalaşdırılması sistemi, idarəetmə və maliyyələşdirmə, müəllimlərin peşəkarlıq səviyyəsi, təhsil tədqiqatları və digər məsələlər haqqında iştirakçılara ətraflı məlumat verib, habelə iştirakçı ölkələrin nümayəndə heyətlərinin təqdim etdikləri milli layihələr barədə danışıb. Eyni zamanda F.Qədirov həmin treninqdə etdiyi “Müəllimlərin ixtisasartırma sisteminin islahatı” mövzusunda təqdimatdan söz açıb, Azərbaycanda bu sahənin əsaslı şəkildə təkmilləşdirilməsini nəzərdə tutan yeni tendensiyaları xüsusi qeyd edib. Sonda nazir təqdimatın xüsusi əhəmiyyətini vurğulayaraq, təqdim edilən yeni təhsil tendensiyalarının nazirliyin fəaliyyətində nəzərə alınması barədə tapşırıq verib.
08/07/2015 16:52
Aprelin 8-də təhsil naziri Misir Mərdanov Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın prezidenti cənab Simus Hiqarti ilə görüşüb.
Aprelin 8-də təhsil naziri Misir Mərdanov Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın prezidenti cənab Simus Hiqarti ilə görüşüb. Öncə nazir qonağı Azərbaycanda, xüsusilə Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib və onu səmimi salamlayıb. Misir Mərdanov şagird nailiyyətlərinin qiymətləndirilməsi istiqamətində müasir tələblərə cavab verən yeni mexanizmin hazırlanması üzrə atılan müsbət addımlardan danışıb və ölkəmizin PİSA-Beynəlxalq Qiymətləndirmə Təşkilatının üzvü olduğunu xatırladıb. Eyni zamanda Misir Mərdanov Dünya Bankının dəstəyi ilə beynəlxalq qiymətləndirmə üzrə iş həyata keçirildiyi barədə qonağa məlumat verib.Nazir, həmçinin ümumtəhsil məktəblərinin buraxılış siniflərində mərkəzləşdirilmiş test imtahanlarının keçirilməsi, gələn ildən bu imtahanların ölkəmizin bütün orta məktəblərini əhatə etməsinin nəzərdə tutulduğunu açıqlayıb. Nazir qonağın təmsil olunduğu təşkilatla əməkdaşlıq etməyə hazır olduğunu və ikitərəfli əlaqələrin yaradılacağına əminliyini vurğulayıb. Cənab Simus Hiqarti Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın həyata keçirdiyi tədbirlər, qiymətləndirmə sahəsində gördüyü işlər barədə məlumat verərək bildirib ki, burada əsas olaraq riyaziyyat və təbiət elmləri, oxu bacarıqlarının qiymətləndirilməsinə xüsusi diqqət yetirilir. Qonaq beynəlxalq, milli və məktəbdaxili qiymətləndirmə istiqamətləri üzrə müvafiq məsələlər barədə də danışıb, assosiasiyaya üzv olan ölkələrin nümayəndələri üçün treninq və təlimlər keçirildiyini bildirib. Görüşdə Azərbaycanı təmsil edən nümayəndənin bu qurumda təmsil olunması, assosiasiyaya üzv olan ölkələrlə əlaqələr yaradılması və digər məsələlər müzakirə olunub.
08/07/2015 16:52
Aprelin 10-da Təhsil Nazirliyi, Azərbaycan Dillər Universiteti, Avropa Təhsil Hüququ və Siyasəti Assosiasiyasının birgə təşkilatçılığı ilə qeyd edilən təhsil müəssisəsində “Təhsildə keyfiyyətin təminatı: tələblər və zərurətlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Aprelin 10-da Təhsil Nazirliyi, Azərbaycan Dillər Universiteti, Avropa Təhsil Hüququ və Siyasəti Assosiasiyasının birgə təşkilatçılığı ilə qeyd edilən təhsil müəssisəsində “Təhsildə keyfiyyətin təminatı: tələblər və zərurətlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Ölkəmizdə Boloniya prosesinin ikinci mərhələsinin tətbiqinə və qazanılmış təcrübəyə həsr olunmuş beynəlxalq konfransda təhsil naziri Misir Mərdanov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Belçikanın Universitetlər üzrə dövlət komissarı, Avropa Təhsil Hüququ və Siyasəti Assosiasiyasının prezidenti, YUNESKO-nun təhsil qanunu üzrə nümayəndəsi Jan De Qroof, Türkiyə Respublikasının ölkəmizdəki təhsil müşaviri Səlahəttin Dikmən, ABŞ-ın Fulbrayt təqaüdçüsü Alison Mandaville və başqalarının məruzə ilə çıxış etməsi nəzərdə tutulub. Konfransın işində Təhsil Nazirliyinin şöbə müdirləri, dövlət və özəl ali məktəblərin rektorları, eləcə də ABŞ, Türkiyə və Belçikanı təmsil edən nümayəndələr iştirak edəcək.
08/07/2015 16:52
Aprelin 7-də Təhsil Nazirliyində müşavirə keçirilib.
Müşavirəni Misir Mərdanov açaraq qarşıda duran bir sıra məsələləri iştirakçıların diqqətinə çatdırıb. Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında” Sərəncamına müvafiq olaraq Təhsil Nazirliyinin üzərinə düşən vəzifələri xüsusi qeyd edib. Eyni zamanda bununla əlaqədar olaraq nazirliyin müvafiq struktur bölmə rəhbərlərindən ibarət Təşkilat Komitəsinin yaradıldığını bildirib və komitənin üzvlərinə həmin Sərəncama əsasən görüləcək işlər barədə tapşırıqlar verib. Sonra nazir cari ilin aprel və mayında keçirilməsi nəzərdə tutulan tədbirlərdən danışaraq iştirakçılara bununla əlaqədar öz tövsiyələrini bildirib. Müşavirədə Misir Mərdanov müvafiq şəxslərə verdiyi tapşırıqların icra vəziyyəti ilə maraqlanıb, eləcə də orta məktəblərdə xarici dilin tədrisi, ali məktəblərin strukturunda dəyişikliklər aparılmasının labüdlüyü və həlli vacib olan bir sıra mühüm məsələlərə toxunub.
08/07/2015 16:52
Aprelin 2-də Təhsil Nazirliyində II Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadası (İNEPO-EUROASİA) iştirakçıları ilə görüş keçirilib.
Aprelin 2-də Təhsil Nazirliyində II Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadası (İNEPO-EUROASİA) iştirakçıları ilə görüş keçirilib. Görüşdə təhsil naziri Misir Mərdanov olimpiada iştirakçılarını Azərbaycanda görməkdən məmnun olduğunu deyərək onları səmimi salamlayıb. Ekologiya və təbiəti mühafizə problemlərinin araşdırılmasına, onların həlli yollarına həsr edilən bu olimpiada da 30-dan çox dünya ölkəsi nümayəndələrinin iştirak etdiyini qeyd edən nazir ötən il belə bir tədbirin təşkil olunduğunu və onun əhəmiyyətini diqqətə çatdırıb. Eyni zamanda II Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasının uğurla keçiriləcəyinə əmin olduğunu açıqlayıb. Nazir, həmçinin olimpiadanın "Çağ" Öyrətim İşlətmələri Şirkətinin təşkilatçılığı ilə həyata keçirildiyini vurğulayaraq bu şirkətin görüşdə iştirak edən rəhbərliyinə təşəkkür edib. Tədbirdə Misir Mərdanov olimpiada iştirakçılarına Azərbaycanın tarixi, milli mədəniyyəti, təhsil sistemi, son illər qazanılan uğurlar barədə ətraflı məlumat verib. Sonda iştirakçılar xatirə şəkli çəkdiriblər. Görüşdə Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Adəm Ünal, “Çağ” Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən iştirak edib.
08/07/2015 16:52
Martın 24-dən 28-dək Kiyev şəhərində “Təhsil islahatları: qlobal məsələlərin regional həlli” mövzusunda treninq keçirilib.
Martın 24-dən 28-dək Kiyev şəhərində “Təhsil islahatları: qlobal məsələlərin regional həlli” mövzusunda treninq keçirilib. Dünya Bankı, YUNİSEF, Ukrayna Təhsil və Elm Nazirliyinin birgə təşkil etdiyi treninqdə Avropa və Mərkəzi Asiya (AMA) ölkələrinin nümayəndələri ilə yanaşı, Azərbaycan Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri F.Qədirov və həmin şöbənin aparıcı məsləhətçisi Z.Kəlbəliyev, Texniki-peşə təhsili şöbəsinin müdiri N.Məmmədov, İqtisadiyyat şöbəsinin Mühasibat uçotu və hesabat sektorunun aparıcı məsləhətçisi V.Əsgərov, Layihənin Əlaqələndirmə Qrupunun rəhbəri E.Rüstəmov, Dünya Bankının təhsil üzrə nümayəndəsi T.Mustafayev və YUNİSEF-in proqram rəhbəri G.Hüseynova iştirak edib. Treninqin keçirilməsində əsas məqsəd keçmiş postsovet və Şərqi Avropa ölkələrində Dünya Bankının dəstəyi ilə həyata keçirilən islahatların nəticələrinə dair müzakirələrin aparılması, təhsil siyasətinin formalaşdırılması mexanizmlərinin araşdırılması, iştirakçı ölkələrin təhsil sahəsindəki təcrübələrinin öyrənilməsi və bu istiqamətdə inkişaf perspektivlərinin müəyyənləşdirilməsi olub. İlk sessiyada iştirakçı ölkələrin nümayəndə heyətinin hər bir üzvünün təqdimatları dinlənilmiş və həmin təqdimatlar gizli səsvermə yolu ilə qiymətləndirilmişdir. Səsvermənin nəticəsi olaraq Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri F.Qədirov 12 ölkədən olan 100 nəfər iştirakçı arasında I yerə layiq görülüb. Proqrama uyğun olaraq ayrı-ayrı sessiyalarda ümumi orta təhsil məsələlərinə aid olan resurs planlaşdırılmasından nəticə planlaşdırılmasına keçid, məktəbdaxili qiymətləndirmə, əks-mərkəzləşdirmə prosesinin həyata keçirilməsi və təhsil sisteminin funksiyaları, region ölkələrdə təhsilin maliyyələşdirilməsi və şagirdbaşına maliyyələşdirməyə keçid, müəllim hazırlığı, ixtisasartırma və s. mövzular üzrə təqdimatlar keçirilib, beynəlxalq səviyyəli ekspertlərin məruzələri dinlənilib. Treninqin sonunda iştirakçı ölkələrin təhsil sistemində aparılacaq islahatlarla bağlı təhsil siyasəti və strategiyalarının işlənməsinə dair əvvəlcədən verilmiş tapşırıq əsasında hazırlanmış milli layihələrin təqdimatı olub. Azərbaycan nümayəndə heyəti “Müəllimlərin ixtisasartırma sistemində islahat” mövzusu üzrə milli layihəni təqdim edib. Nümayəndə heyətinin rəhbəri F.Qədirov təqdimatda Azərbaycan haqqında ümumi məlumatları, təhsil sistemi, həyata keçirilən islahatlar, məktəb tikintisi, milli kurrikulum, qiymətləndirmə sistemi və digər sahələr üzrə əldə edilmiş nailiyyətlər barədə məlumat verdikdən sonra müəllimlərin ixtisasartırma ilə bağlı yeni strategiyanı da iştirakçıların diqqətinə çatdırıb. Dərslik siyasəti, məktəblərin kompüterləşdirilməsi və elektron resurslarla təmin edilməsi, ucqar kənd məktəblərinin pedaqoji kadrlarla təmin edilməsi üzrə ölkəmizin əldə etdiyi nəticələr Dünya Bankının mütəxəssisləri, həmçinin digər beynəlxalq təşkilatların nümayəndələrinin çıxışlarında xüsusi qeyd edilib.
08/07/2015 16:52
Aprelin 1-də təhsil naziri Misir Mərdanov Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Qafqaz və Mərkəzi Asiya bölməsinin müdiri cənab Benedikt Briş və təşkilatın ölkəmizdəki rəhbəri cənab Andrey Götze ilə görüşüb.
Aprelin 1-də təhsil naziri Misir Mərdanov Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Qafqaz və Mərkəzi Asiya bölməsinin müdiri cənab Benedikt Briş və təşkilatın ölkəmizdəki rəhbəri cənab Andrey Götze ilə görüşüb. Nazir qonaqları səmimi salamlayaraq DAAD təşkilatı ilə yaradılmış əlaqələr, mövcud əməkdaşlıq, ümumilikdə, bu təşkilatın həyata keçirdiyi müsbət işlərdən danışıb. Nazir, həmçinin ölkəmizin bir sıra ali məktəbləri ilə alman universitetləri arasında birbaşa əlaqələrin yaradılması sahəsində görülən işləri xüsusi qeyd edib. Səmimi qəbul üçün nazirə təşəkkür edən cənab Benedikt Briş təmsil olunduğu təşkilatla Azərbaycan Təhsil Nazirliyinin qurduğu əməkdaşlıqdan razı qaldığını diqqətə çatdırıb. Eyni zamanda DAAD-la Azərbaycan Dövlət Neft Şirkətinin ali məktəb tələbələri arasında birgə keçirdiyi müsabiqə əsasında 9 nəfərin seçildiyini, həmin şəxslərin Almaniyaya təhsil almağa göndəriləcəklərini qeyd edib. Görüşdə o da məlum olub ki, müvafiq razılıq əldə edildikdən sonra DAAD-la Təhsil Nazirliyi arasında memorandum imzalanması nəzərdə tutulub. Nazir ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində görülən işlərdən danışıb, həmçinin tibb, iqtisadiyyat, İKT, bank işi, kənd təsərrüfatı sahələri üzrə Almaniyada kadr hazırlığını təklif edib. Qonaq da öz növbəsində bu təkliflə razılaşdığını və namizədlərin seçilməsi məsələsini irəli sürüb. Təhsil naziri Misir Mərdanov dövlətimizin başçısının “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamına əsasən görülən işlər barədə qonağa məlumat verib, müvafiq Proqramın hazırlanmasında alman mütəxəssislərinin rəy və təcrübələrindən yararlanmağın faydalı olduğunu diqqətə çatdırıb. Görüşdə tərəflər qarşılıqlı səfərlərin təşkili, universitetlərarası əlaqələr, birgə aparılan işlərə dair konfrans keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
08/07/2015 16:52
Martın 18-də Təhsil Nazirliyində “İlin ən yaxşı müəllimi və “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin keçirilməsi üzrə yaradılmış Təşkilat Komitəsinin növbəti iclası olub.
Martın 18-də Təhsil Nazirliyində “İlin ən yaxşı müəllimi və “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin keçirilməsi üzrə yaradılmış Təşkilat Komitəsinin növbəti iclası olub. İclasda təhsil naziri Misir Mərdanov ölkə Prezidenti cənab İlham Əliyevin “Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi qaydaları”nın təsdiq edilməsi haqqında” fevralın 25-də verdiyi Fərmandan irəli gələn vəzifələrdən söz açıb. Hər iki müsabiqə üzrə sənədlərin qəbulunun artıq martın 15-də başa çatdığını qeyd edən nazir bildirib ki, Təşkilat Komitəsinə “İlin ən yaxşı müəllimi” müsabiqəsi üzrə 400-ə yaxın, “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsi üzrə isə 124 sənəd daxil olub. Sonra nazir ayrı-ayrı zonalar üzrə müəllim və məktəblərin sayı, qəbul edilən sənədlər, eləcə də nəzərdə tutulan kvotalar barədə iştirakçılara ətraflı məlumat verib. Eyni zamanda Misir Mərdanov “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak üçün müraciətlər arasında riyaziyyat, Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, ingilis dili, tarix, kimya fənlərini tədris edən müəllimlərin üstünlük təşkil etdiyini diqqətə çatdırıb. Nazir bildirib ki, hər iki müsabiqə üzrə təqdim olunan sənədlər ölkə Prezidentinin Fərmanı ilə təsdiq edilən qaydalara uyğun meyarlarla qiymətləndirilməlidir. Tədbirdə Misir Mərdanov “İlin ən yaxşı müəllimi” müsabiqəsi iştirakçılarının növbəti mərhələyə buraxılmazdan öncə onların elmi-nəzəri və intellektual səviyyələrinin müəyyənləşdirilməsi üçün müvafiq suallar əsasında yaradıcı iş yazmaları təklifini Təşkilat Komitəsinin müzakirəsinə təqdim edib. İclasda yaradıcı yazı işinin aprelin əvvəllərində Bakının bir orta məktəbində keçirilməsi, qiymətləndirmənin müvafiq şəxslər tərəfindən aparılaraq nəticələrin operativ elan olunması, iştirakçı məktəblərin IX və XI sinif şagirdlərinin bilik səviyyəsinin xüsusi testlər vasitəsilə yoxlanılması, müsabiqələrin gedişi vəziyyətinin müntəzəm işıqlandırılması, zəruri məlumatların ictimaiyyətə çatdırılması və digər məsələlər ətrafında fikir mübadiləsi edilib. Sonda Təşkilat Komitəsinin növbəti iclasınadək nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün konkret təkliflər verilməsi qərara alınıb.
08/07/2015 16:52
Martın 17-də T.İsmayılov adına “İntellekt” məktəb-liseyində fəaliyyət göstərən “Kiçik Akademiya” üzvlərinin elmi işlərinin təqdimat mərasimi keçirilib.
Martın 17-də T.İsmayılov adına “İntellekt” məktəb-liseyində fəaliyyət göstərən “Kiçik Akademiya” üzvlərinin elmi işlərinin təqdimat mərasimi keçirilib. Tədbirdə təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov, eləcə də ayrı-ayrı ictimai qurumların, təhsil ictimaiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri və qabaqcıl ümumtəhsil məktəblərinin rəhbərləri iştirak ediblər. Qonaqları səmimi salamlayan “İntellekt” məktəb-liseyinin direktoru Ceyran Kuliyeva giriş sözündə 2007-2008-ci tədris ilinin əvvəllərində yaradılmış “Kiçik Akademiya”nın fəaliyyəti və qarşıya qoyulmuş vəzifələr haqqında məlumat verib. Sonra söz “Kiçik Akademiya”nın üzvlərinə verilib. Şagirdlər müasir təlim texnologiyalarının imkanlarından istifadə etməklə hazırlanmış “Tarix və şəxsiyyət”, “Qızıl kəsişmə”, “Bəşəriyyət qadınla süslənəcək” və başqa mövzularda 7 elmi iş təqdim edib. Tədbirdə iştirakçılar liseyin istedadlı şagirdlərinin slayd və kino- kadrlarla müşayiət olunan məruzə-təqdimatlarını maraqla dinləyiblər. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov belə istedadlı gənclərlə tanışlıqdan məmnun olduğunu bildirib və təqdimat mərasiminin İKT-nin tətbiqi ilə təşkil edilməsində xüsusi əməyi olan X sinif şagirdi Şəhriyar Məhərrəmova noutbuk hədiyyə edib. Mərasimin sonunda çıxış edən təhsil naziri Misir Mərdanov iştirakçıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək hamıya xoşbəxtlik arzulayıb. T.İsmayılov adına “İntellekt” məktəb- liseyinin ən nümunəvi təhsil ocaqlarından biri olduğunu qeyd edən nazir qazanılan böyük uğurlara görə liseyin rəhbərliyinə, pedaqoji və şagird kontingentinə minnətdarlığını bildirib. Sonda Misir Mərdanov tədbirin hazırlanmasında yaxından iştirak etmiş liseyin müəllimi Təranə Səmədovaya Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə təltif olunduğu “Qabaqcıl təhsil işçisi” döş nişanını təqdim edib.
08/07/2015 16:52
2008-ci ilin martından etibarən “British Council” təşkilatı Təhsil Nazirliyi ilə birgə “Təbiət fənləri üzrə müəllimlər üçün təlimlər” adlı yeni layihəni həyata keçirməyə başlayıb.
2008-ci ilin martından etibarən “British Council” təşkilatı Təhsil Nazirliyi ilə birgə “Təbiət fənləri üzrə müəllimlər üçün təlimlər” adlı yeni layihəni həyata keçirməyə başlayıb. Layihənin əsas məqsədi təbiət fənlərini tədris edən müəllimlərin interaktiv tədris metodlarından istifadə üzrə bacarıqlarının, peşəkar qabiliyyətlərinin inkişaf etdirilməsi və müvafiq təlim vasitələrinin hazırlanmasından ibarətdir. Layihənin 3 mərhələdə aparılması, eyni zamanda I mərhələ üzrə təlimlərin keçirilməsi məqsədilə müəyyənləşdirilmiş şərtlər əsasında təlimçilərin seçilməsi nəzərdə tutulub . Layihə Azərbaycan Müəllimlər İnstitutu və onun 11 filalı, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji, Gəncə, Sumqayıt, Lənkəran Dövlət Universitetləri, eləcə də Bakı, Gəncə, Sumqayıt şəhər, Lənkəran və Salyan rayonlarının müəyyənləşdirilmiş 3 ümumtəhsil məktəbində təbiət fənlərini tədris edən müəllim, metodist, universitet və məktəb rəhbərlərini əhatə edib. x
08/07/2015 16:52
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı