Təhsil Nazirliyi və “Uşaqların xilası” (Save the Children) təşkilatı ilə birgə yaradılan işçi qrupu tərəfindən “Uşaqların tolerantlıq təhsili proqramı” çərçivəsində vəsaitlərin ilkin variantı hazırlanıb.
Təhsil Nazirliyi və “Uşaqların xilası” (Save the Children) təşkilatı ilə birgə yaradılan işçi qrupu tərəfindən “Uşaqların tolerantlıq təhsili proqramı” çərçivəsində vəsaitlərin ilkin variantı hazırlanıb. İbtidai sinif müəllimləri üçün vəsaitlər “Sülh mədəniyyətinə dair tədris vəsaiti”, şagirdlər üçün isə “Qısa hekayələr toplusu” adlanır. Layihə çərçivəsində hazırlanmış həmin tədris vəsaitlərinin cari ilin mart-aprel aylarında Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərinin, Abşeron, Quba, Qazax, Şəki, Lənkəran, Goranboy və Kürdəmir rayonlarının seçilmiş pilot məktəblərinin müəyyənləşdirilmiş I-IV siniflərində sınaqdan keçirilməsi nəzərdə tutulub. Onu da qeyd edək ki, həmin vəsaitlər Təhsil Nazirliyi tərəfindən yerlərə göndərilmiş rəsmi məktublar əsasında sınaqdan keçiriləcək.
08/07/2015 16:52
Martın 15-də Təhsil Naziriyində fevralın 24-də mərkəzləşdirilmiş qaydada keçirilmiş ikinci yoxlama imtahanının nəticələrinə dair kollegiya iclası olub.
Martın 15-də Təhsil Naziriyində fevralın 24-də mərkəzləşdirilmiş qaydada keçirilmiş ikinci yoxlama imtahanının nəticələrinə dair kollegiya iclası olub. Təhsil naziri Misir Mərdanov iclası açaraq bildirib ki, ikinci yoxlama imtahanı ötən sınaqdan fərqli olaraq daha mütəşəkkil keçib. Yeni qaydada keçirilən imtahanın başlıca məqsədinin orta ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin artırılması, məktəb və müəllimin nüfuzunun yüksəldilməsi olduğunu qeyd edən nazir görülən işin artıq ictimaiyyət tərəfindən də müsbət qarşılandığını söyləyib. Nazir ikinci yoxlama imtahanının nəticələrinin yüksək olduğunu vurğulayaraq, bu dəfə tətbiq olunan bir neçə yenilikləri, xüsusilə də nəticələrin qısa müddətdə yoxlanılaraq, Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini də müsbət addım kimi dəyərləndirib. Misir Mərdanov bu proses zamanı problemlərin, çatışmamazlıqların da olduğunu istisna etməyib. Nazir, həmçinin bəzi məktəb direktorlarının keçirilən imtahana məsuliyyətsiz yanaşmalarını, nəzarətçi müəllimlərin bir çoxunun öz işlərinin öhdəsindən gələ bilmədiklərini qeyd edib və bununla bağlı məktəb direktorlarına ciddi iradlarını bildirib. Məktəblərdə təkcə şagirdlərin deyil, müəllimlərin də biliyinin qiymətləndirilməsinin labüdlüyünü diqqətə çatdıran nazir direktorlara rəhbərlik etdikləri təhsil müəssisələrində bu istiqamətdə iş aparmalarını tövsiyə edib. Sonra Təhsil Nazirliyi Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdir müavini Təranə Hacıyevanın yoxlama imtahanının nəticələrinə dair hesabatı dinlənilib. Aydın olub ki, imtahanlar rayon və şəhərlərdə yaradılmış 89 mərkəzdə keçirilməklə 51 727 şagirdi və 895 məktəbi əhatə edib. 94 imtahan rəhbəri, 89 bina rəhbəri təyin edilib. 1772 otaqda 4000-dən çox nəzarətçi müəllim imtahan prosesində iştirak edib. Yoxlama imtahanlarında 42 məktəb 90-100, 218 məktəb 70-90, 351 məktəb 50-70, 174 məktəb 30-50, 110 məktəb 0-30 faiz arasında nəticə göstərib. 7 məktəbin müvəffəqiyyət faizi 0 olub. İclasda reytinq cədvəlində ilk və son 50 yeri tutan məktəblər haqqında məlumat verilib, statistik təhlillər iştirakçıların diqqətinə çatdırılıb. Hər bir fənn üzrə məktəblərin göstəricilərinin ayrı-ayrılıqda təhlilini aparan T.Hacıyeva siyahıda yüksək yerləri tutan təhsil ocaqlarının adlarını qeyd edib. Misir Mərdanov aprelin 27-də keçiriləcək növbəti sınaq imtahanına ciddi hazırlıq işlərinin aparılmasının zəruri olduğunu diqqətə çatdıraraq nazirliyin müvafiq şöbəsinə müəyyən göstərişlər verib. Nazir digər məsələlərə də geniş toxunaraq öz fikir və mülahizələrini bildirib. Kollegiyada ayrı-ayrı təhsil işçiləri də ikinci yoxlama imtahanı ilə bağlı təkliflərlə çıxış edib.
08/07/2015 16:52
Martın 13-də Təhsil Nazirliyində “British Council” təşkilatı ilə nazirliyin birgə həyata keçirdiyi layihələrə həsr olunmuş mərasim keçirilib.
Martın 13-də Təhsil Nazirliyində “British Council” təşkilatı ilə nazirliyin birgə həyata keçirdiyi layihələrə həsr olunmuş mərasim keçirilib. Mərasimdə təhsil naziri Misir Mərdanov birgə reallaşdırılan layihələrin əhəmiyyətli rolundan danışaraq bu işdə əməyi olan “British Council”un Azərbaycan üzrə direktoru cənab Əndi Uilyamsın xüsusi xidmətlərini qeyd edib. Eyni zamanda nazir cari ilin mayından etibarən xanım Nikol de Laluvyerin həmin səlahiyyətləri icra edəcəyini açıqlayıb. Sonra Misir Mərdanov “Azərbaycan Respublikası Təhsil Nazirliyi və “British Council” tərəfindən həyata keçirilən birgə layihələr” mövzusunda məruzə-təqdimat edib. Nazir öz təqdimatında təşkilatın ölkəmizdə 1993-cü ildən fəaliyyətə başlaması, Böyük Britaniya ilə Azərbaycan arasında qarşılıqlı və faydalı əlaqələrin qurulması istiqamətində atılan addımlar, təhsil sahəsində həyata keçirilən 15 layihənin hər biri haqqında ətraflı məlumat verib. Tədbirdə təhsil naziri Misir Mərdanov “British Council” təşkilatının gördüyü işləri təqdirəlayiq hal kimi dəyərləndirib və cənab Əndi Uilyamsın Böyük Britaniya-Azərbaycan təhsil əlaqələrinin inkişafındakı xidmətlərinə, müəllim hazırlığı üzrə birgə layihələrin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyətinə görə nazirliyin Fəxri Fərmanı ilə təltif edildiyini mərasim iştirakçılarının diqqətinə çatdırıb. Cənab Əndi Uilyams onun əməyinə verilən bu diqqət üçün təşəkkürünü bildirib və birgə əməkdaşlığın verdiyi töhfələrdən danışıb, habelə hər iki ölkə arasında əlaqələrin yaradılmasına çalışdıqlarını diqqətə çatdırıb. Yeni təyin olunan direktor xanım Nikol de Laluvyer isə aparılan işin davam etdiriləcəyini, əməkdaşlığın inkişafının vacibliyini qeyd edib.
08/07/2015 16:52
Martın 12-də təhsil naziri Misir Mərdanov İslam İnkişaf Bankının departament direktorunun müavini cənab Məhəmməd Rza Yusifxan, bankın baş mütəxəssisi Rauf Məmmədov, Azərbaycan üzrə nümayəndəsi Zaur Cəfərli ilə görüşüb.
Martın 12-də təhsil naziri Misir Mərdanov İslam İnkişaf Bankının departament direktorunun müavini cənab Məhəmməd Rza Yusifxan, bankın baş mütəxəssisi Rauf Məmmədov, Azərbaycan üzrə nümayəndəsi Zaur Cəfərli ilə görüşüb. Misir Mərdanov qonağa ölkəmizdə peşə təhsilinin inkişafı istiqamətində görülən işlər, təsdiq olunmuş Dövlət Proqramı, eyni zamanda yerli və beynəlxalq qurumlarla birgə bu sahədə həyata keçirilən tədbirlər haqqında məlumat verib. Sonra nazir ölkəmizin texniki-peşə təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və inkişafı məqsədilə İslam İnkişaf Bankı ilə əməkdaşlığın yaradılması, həyata keçiriləcək yeni layihəyə əsasən bankdan texniki yardım və qrant ayrılması məsələsindən söz açıb. Eyni zamanda müvafiq layihə üzrə Bakı şəhərində 1, Saatlı rayonunda isə 2 peşə təhsili müəssisəsində iş aparılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb və müvafiq tələbatın öyrənilməsinin əsas şərt olduğunu vurğulayıb. Layihənin əsas məqsədinin texniki-peşə təhsili müəssisələrinin müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması olduğunu bildirən Misir Mərdanov bununla bağlı rəy və təkliflərini qeyd edib. Nazir layihənin “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”na uyğun olaraq həyata keçiriləcəyini açıqlayıb. Cənab Məhəmməd Rza Yusifxan təmsil olunduğu qurumun öz fəaliyyətində təhsilin inkişafına xüsusi yer ayırdığını, nəzərdə tutulan layihəyə lazımi dəstək göstərməyə hazır olduqlarını bildirib. Qonaq, həmçinin layihənin maliyyələşdirilməsi və bir sıra mühüm istiqamətlərlə bağlı fikirlərini qeyd edib. Görüşdə milli və beynəlxalq məsləhətçilərin layihə sənədini hazırlaması, nümunəvi peşə təhsili müəssisəsinin yaradılması, peşə məktəblərinin modelinin təkmilləşdirilməsi ilə bağlı müzakirə aparılıb.
08/07/2015 16:52
Martın 12-də Nəsimi rayonundakı 12 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin açılış mərasimi keçirilib.
Mərasimi təhsil naziri Misir Mərdanov açaraq son illərdə idman sahəsində həyata keçirilən tədbirlərdən, bu sahədə əldə edilən uğurlardan danışıb. Nazir ölkə Prezidenti cənab İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğını xüsusi qeyd edib, həmçinin Azərbaycan idmançılarının qazandığı qələbələri, bu qələbələrdə məktəbli gənclərin də rolu olduğunu vurğulayıb. Sonra açılış rəmzi olan qırmızı lent kəsilib. Misir Mərdanov İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin gələcək fəaliyyətinə uğurlar arzulayaraq iştirakçılarla birgə idman məktəbinin otaqları, üzgüçülük hovuzu ilə tanış olub. Məktəbin direktoru Elçin Mehdizadə qonaqlara məlumat verərək bildirib ki, hazırda bu müəssisədə həndbol və taekvondo bölməsi fəaliyyət göstərir, eyni zamanda 500 şagirdi olan məktəbdə 15 məşqçi müəllim çalışır. E. Mehdizadə yaradılan şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə məktəbin şagird və pedaqoji kollektivi adından dərin minnətdarlığını bildirib. Tədbirdə təhsil nazirinin müavini Elmar Qasımov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, millət vəkili Ülvi Quliyev və digər şəxslər iştirak ediblər.
08/07/2015 16:52
Martın 11-də Təhsil Nazirliyində ali məktəb rektorlarının iştirakı ilə müşavirə keçirilib.
Müşavirədə təhsil naziri Misir Mərdanov ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” imzaladığı Sərəncama əsasən görülən işlər barədə məlumat verib. Nazir həmin Sərəncamın icrası ilə əlaqədar “2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın hazırlıq vəziyyətindən söz açıb. Nazir, həmçinin layihə sənədində Proqramın məqsəd və əsas istiqamətlərinin, ali təhsilin məzmununun və təlim texnologiyalarının təkmilləşdirilməsi, idarə olunma sisteminin müasir tələblər baxımından modernləşdirilməsi, kadr hazırlığı, maddi-texniki bazanın müasir tələblərə uyğun qurulması, eləcə də burada öz əksini tapan digər mühüm məsələləri xüsusi qeyd edib. Sonra Misir Mərdanov ali məktəblərimizin xarici ölkələrin universitetləri ilə yaratdığı əməkdaşlıq və nəzərdə tutulan əlaqələri iştirakçıların diqqətinə çatdırıb. Nazir bildirib ki, əldə olunan təcrübə üzrə müsbət cəhətlər aşkarlanmalı, bu sahə ilə bağlı vahid mexanizm yaradılmalı, ümumilikdə görülən işlər ali təhsilin inkişafına yönəldilməlidir. Tədbirdə ali təhsil müəssisələrinə tələbə qəbulunun planlaşdırılması, məzunların yerləşdirilməsi, onlara təyinatların verilməsi və s. məsələlər müzakirə olunub, müvafiq istiqamətlər üzrə fikir mübadiləsi aparılıb. Sonda Misir Mərdanov ali məktəb rektorlarına “2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” layihə sənədi üzrə rəy və təkliflər verilməsi, habelə ali təhsilin müzakirə edilən bir sıra istiqamətləri barədə tapşırıqlar verib.
08/07/2015 16:52
Təhsil naziri Misir Mərdanov “2008-ci il fənn olimpiadalarının Respublika turunun keçirilməsi haqqında” əmr imzalayıb.
Təhsil naziri Misir Mərdanov “2008-ci il fənn olimpiadalarının Respublika turunun keçirilməsi haqqında” əmr imzalayıb. Əmrə əsasən fənn olimpiadalarının Respublika turu martın 16-dan 18-dək Bakı şəhərində keçiriləcək. Olimpiadaların Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi fənləri üzrə S.Pişəvəri adına Humanitar fənlər gimnaziyasında, riyaziyyat, fizika və informatika fənləri üzrə Fizika- riyaziyyat və informatika təmayüllü liseydə, kimya və biologiya fənləri üzrə isə Kimya-biologiya təmayüllü liseydə keçirilməsi qərara alınıb. Yekun turun qeyd olunan fənlər üzrə olimpiada iştirakçılarının yerləşdiyi müəssisələrdə, yalnız informatika fənnindən isə Bakı Dövlət Universitetində keçirilməsi müəyyənləşdirilib. Onu da qeyd edək ki, olimpiadaların bağlanışı martın 18-də hər fənn üzrə iştirakçıların yerləşdiyi müəssisələrdə təşkil ediləcək.
08/07/2015 16:52
Bu günlərdə Latviya Respublikasının paytaxtı Riqa şəhərində “İnkluziv təhsil, siyasi dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib.
Bu günlərdə Latviya Respublikasının paytaxtı Riqa şəhərində “İnkluziv təhsil, siyasi dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Təhsil Nazirliyi Kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin böyük məsləhətçisi Əhliyət Adıgözəlov da iştirak edib. Latviya Respublikasının birinci xanımı Lilita Zatlerenin iştirak etdiyi konfransda müvafiq ölkənin təhsil və elm naziri xanım Tatyana Koke, UNESCO-nun maarif üzrə direktoru xanım Asedo Klementina, qeyd olunan təşkilatın Avropa regional təhsili üzrə məsləhətçisi cənab Aleksandr Sannikov, Avropa Komissiyasının Latviya nümayəndəliyinin başçısı xanım İveta Şults və digər şəxslərin məruzələri dinlənilib. Sonra məruzələr ətrafında çıxışlar olub, Ə.Adıgözəlov Azərbaycanda inkluziv təhsil sahəsində həyata keçirilən pilot layihələr barəsində məlumat verib, bu sahədə müəllim hazırlığı, valideynlərlə iş, proqram materiallarının təkmilləşdirilməsi haqqında təkliflərini konfrans iştirakçılarına çatdırıb. Üç gün davam edən tədbirdə cari ilin noyabrında Cenevrədə keçiriləcək 48-ci Beynəlxalq Konfransda inkluziv təhsilin qorunub saxlanması, inkişafı, siyasi və praktiki tədqiqatların davam etdirilməsi, yerli şərait nəzərə alınmaqla müvafiq təhsilin həyata keçirilməsi yolları, prioritetlərin müəyyənləşdirilməsi və digər məsələlərin müzakirəsi vacib hesab edilib. Konfransda 35 ölkədən 185 nəfər iştirak edib.
08/07/2015 16:52
Martın 7-də Yeni Azərbaycan Partiyasının qərargahında təhsil naziri Misir Mərdanovun mətbuat konfransı keçirilib.
Martın 7-də Yeni Azərbaycan Partiyasının qərargahında təhsil naziri Misir Mərdanovun mətbuat konfransı keçirilib. YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev tədbiri açaraq sözü Misir Mərdanova verib. Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü, təhsil naziri Misir Mərdanov konfransa toplaşmış media nümayəndələrini salamladıqdan sonra cari ildə qarşıda duran vəzifələrdən söz açıb. Təhsil sisteminin ayrı-ayrı pillələrində maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görüləcək işlər haqqında məlumat verən Misir Mərdanov bildirib ki, cari ildə bu məqsədlə 196 milyon manat vəsait ayrılıb, il ərzində isə 523 obyektdə iş aparılacaq. Onlardan 243 ümumtəhsil məktəbində istilik sistemlərinin təmiri və bərpa işləri həyata keçiriləcək. Nazir onu da əlavə edib ki, ötən il təkcə Bakı şəhərində 270 məktəbin istilik sistemi bərpa edilib. Tədbirdə o da məlum olub ki, cari ildə ölkəmizdə 115 yeni məktəbin, 32 əlavə korpusun, 4 rayonda təhsil şöbəsi üçün yeni binanın tikilməsi, 94 ümumtəhsil məktəbinin, 21 körpələr evi-uşaq bağçasının, 4 peşə məktəbinin əsaslı təmir olunması nəzərdə tutulub. Eyni zamanda yeni tikilən və əsaslı təmir olunan bütün təhsil müəssisələri müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunacaq. Təhsil müəssisələrinin İKT ilə təminatı vəziyyəti barədə danışan nazir bildirib ki, bu sahə üzrə yeni hazırlanan Proqram təsdiq mərhələsindədir. Nazir qeyd edib ki, bu mərhələdə İKT avadanlıqları ilə təmin olunmuş müəssisələrdə onlardan səmərəli istifadəyə diqqət yetiriləcək. 2008-2009-cu tədris ilində ölkəmizin ümumtəhsil məktəblərinin I siniflərində yeni kurrikulumun tətbiq olunacağını diqqətə çatdıran nazir əlavə edib ki, bu məqsədlə yeni dərslik və vəsaitlər çap olunacaq. Misir Mərdanov mühüm yeniliklərdən biri olan orta ümumtəhsil məktəblərinin buraxılış siniflərində mərkəzləşdirilmiş qaydada keçirilən imtahanlarla bağlı məlumat verib. Nazir, həmçinin məktəbəqədər, peşə təhsili sahəsində Dövlət Proqramları, “İlin ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllimi” müsabiqəsi üzrə görülən işlər və nəzərdə tutulan tədbirlər haqqında danışıb. Sonda nazir media nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.
08/07/2015 16:52
Aprelin 27-də Təhsil Nazirliyinin birbaşa nəzarəti ilə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Əli Bayramlı şəhərləri, Ucar, İsmayıllı, İmişli, Abşeron rayonlarının ümumtəhsil, məcburi köçkün məktəbləri və peşə liseylərinin buraxılış siniflərində orta təhsil kursu üzrə növbəti yoxlama test imtahanı keçiriləcək.
Aprelin 27-də Təhsil Nazirliyinin birbaşa nəzarəti ilə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Əli Bayramlı şəhərləri, Ucar, İsmayıllı, İmişli, Abşeron rayonlarının ümumtəhsil, məcburi köçkün məktəbləri və peşə liseylərinin buraxılış siniflərində orta təhsil kursu üzrə növbəti yoxlama test imtahanı keçiriləcək. İmtahanda şagirdlər 8 əsas fəndən 125 suala 7 variant üzrə cavab verəcəklər. Məlumat üçün bildiririk ki, keçiriləcək yoxlama imtahanının nəticəsi attestata yazılacaq yekun qiymətin 10 %-ni təşkil edəcək. Onu da qeyd edək ki, fevralın 24-də orta ümumtəhsil məktəblərində keçirilən ikinci yoxlama imtahanında 52 minə yaxın şagird iştirak edib, müvəffəq göstəricisi isə 61% olub.
08/07/2015 16:52
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı