Noyabrın 13-də Təhsil Nazirliyində Türkiyə Respublikası Yüksək Öyrətim Kurulu (YÖK) başkanı -Ali təhsil naziri cənab Yusuf Ziya Özcanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Öncə qonaqlar Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Türk şəhidlərinin abidəsini ziyarət ediblər. Sonra Təhsil Nazirliyində görüş keçirilib. Təhsil naziri Misir Mərdanov görüşü giriş sözü ilə açaraq qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Nazir qeyd edib ki, bu, YÖK başqanının ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycana ilk rəsmi səfəridir. Azərbaycanla Türkiyə arasındakı mövcud təhsil əlaqələrinin son illər daha da inkişafından danışan nazir bu irəliləyişin təhsilin müxtəlif pillələri üzrə aparıldığından söz açıb. Ölkəmizin ali təhsil müəssisələri arasında Qafqaz Universitetinin xüsusi yeri olduğunu qonağın diqqətinə çatdıran Misir Mərdanov bu ali təhsil müəssisəsinin, eyni zamanda Azərbaycandakı türk liseylərinin fəaliyyətindən razılığını ifadə edib. Nazir həmçinin tələbə mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Sonra Misir Mərdanov qarşılıqlı əlaqələrin səmərəliliyini artırmaq məqsədilə bir sıra problemlərin aradan qaldırılmasını önə çəkərək müəyyən təkliflərlə çıxış edib. Cənab Yusuf Ziya Özcan bu görüşün təhsil sahəsindəki əlaqələrin inkişafında əhəmiyyətli rol oynayacağını qeyd edib. Birgə əməkdaşlığın, müvafiq imkanların genişləndirilməsinin vacibliyini diqqətə çatdıran qonaq bu istiqamətdə lazımi dəstək göstərməyə hazır olduğunu bildirib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər-universitetlərarası əlaqələrin yaradılması, birgə elmi konfransların keçirilməsi və s. üzrə fikir mübadiləsi aparılıb. Sonda təhsil naziri Misir Mərdanov və Türkiyənin ali təhsil naziri cənab Yusuf Ziya Özcan media nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.
08/07/2015 16:52
Yanvarın 21-də Bakıda işgüzar səfərdə olan Türkiyə Respublikasının milli təhsil naziri xanım Nimət Çubukçunun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət edib.
Yanvarın 21-də Bakıda işgüzar səfərdə olan Türkiyə Respublikasının milli təhsil naziri xanım Nimət Çubukçunun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət edib. Sonra Təhsil Nazirliyində görüş keçirilib. Görüşü giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov öncə qonaqları səmimi salamlayıb və xanım Nimət Çubukçunun nazir olaraq ilk səfərini Azərbaycana etməsini xüsusi qeyd edib. Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən bəhs edən Misir Mərdanov iki ölkənin təhsil sahəsində qarşılıqlı dostluğa, qardaşlığa əsaslanan çoxtərəfli və inkişaf etmiş əlaqələrinin mövcudluğunu önə çəkib. Nazir bugünkü görüşün tanışlıq xarakteri daşıdığını, yaradılan əlaqələrin daha da möhkəmləndirilməsi və təhsil sahəsindəki qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət etdiyini diqqətə çatdırıb. Misir Mərdanov Türkiyənin ölkəmizdəki təhsil müəssisələrinin nümunəvi fəaliyyətindən də bəhs edib. Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edən xanım Nimət Çubukçu qardaş Azərbaycanda olmaqdan sevinc hissi duyduğunu qeyd edib. Qonaq Türkiyə-Azərbaycan əlaqələri, təhsil sahəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi, birgə tələbə mübadiləsinin aparılması, Türkiyənin Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələri haqqında məlumat verib. Xanım Nimət Çubukçu bu görüşün birgə işbirliyinin genişləndirilməsinə öz töhfəsini verəcəyinə ümid bəslədiyini açıqlayıb və bildirib ki, iki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlığın müasir tələblər səviyyəsində qurulması istiqamətində səylərini əsirgəməyəcək. Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov və Türkiyə Respublikasının milli təhsil naziri xanım Nimət Çubukçu media nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.
08/07/2015 16:52
Bu yaxınlarda Yunanıstanın paytaxtı Afina şəhərində "Qlobal şəffaflıq: Davamlı gələcək naminə korrupsiyaya qarşı mübarizə" 13-cü beynəlxalq konfransı keçirilmişdir.
Yunanıstanın dövlət, hökumət başçıları, dini rəhbərlərinin də qatıldığı və 135 ölkədən 1500 nəfərin iştirak etdiyi beynəlxalq tədbirdə korrupsiyanın insanların həyatı ilə birbaşa əlaqəsindən, onun törətdiyi fəsadlardan, iqlim dəyişikliyi, enerji və su ehtiyatlarından qeyri-səmərəli istifadə və s. məsələlərdən ətraflı söhbət açılmışdır. Konfransda uşaq əməyindən istifadə, insan orqanlarının satılması, insana qarşı zorakılıq, narkotika ticarəti, ailə hüquqlarının pozulması, uşaqların mühafizəsi və s. məsələlərə də toxunulmuşdur. Beynəlxalq Antikorrupsiya Konfransında Azərbaycanı Şəffaflıq Azərbaycan Təşkilatının rəhbəri Rəna Səfərəliyeva, Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin böyük məsləhətçisi Ənvər İmanov, QHT rəhbərlərindən İnqilab Əhmədov və Vüqar Bayramov təmsil etmişlər. Konfransın sonunda Afina Bəyannaməsi qəbul edilmişdir. Bəyannamədə ətraf mühitin, su ehtiyatlarının qorunması və onlardan səmərəli istifadə edilməsi, iqlim dəyişikliyinin törətdiyi fəsadların aradan qaldırılması və s. məsələlər, korrupsiya ilə mübarizə məqsədilə planet əhalisinin maarifləndirilməsi önə çəkilmişdir.
08/07/2015 16:52
Noyabrın 7-də təhsil naziri Misir Mərdanov Malayziya universitetlərinin bir qrup nümayəndəsi ilə görüşüb.
Görüşdə bildirilib ki, 8-9 noyabr tarixlərində Malayziya Təhsil Nazirliyi Bakı Təhsil Mərkəzi ilə birgə Malayziya Təhsil Yarmarkası keçirəcək. Yarmarkanın məqsədi bütün maraq göstərən şəxsləri bir yerdə və eyni vaxtda toplayaraq Malayziya universitetlərində təhsil almaq imkanları barədə lazımi məlumatla təmin etməkdir. Eyni zamanda məlum olub ki, yarmarkada Malayziyanın 12 universiteti iştirak edəcək. Universitetin nümayəndələri öz təhsil proqramları və fəaliyyətləri haqqında məlumat verəcək, həmçinin yarmarka iştirakçılarını material və bukletlərlə təchiz edəcəklər. Misir Mərdanov qonaqları salamlayaraq təhsil sərgisinin hazırlanmasını müsbət dəyərləndirib. Nazir bu əhəmiyyətli işin iki ölkə arasında təhsil əlaqələrinin inkişafına təkan verəcəyini bildirib. Görüşdə qonaqlar öz ölkələri barədə məlumat verərək Malayziyada dünyanın bir cox ölkəsindən 70 mindən çox tələbənin təhsil aldığını vurğulayıblar. Qonaqlar Azərbaycanla təhsil sahəsində əməkdaşlığa, Malayziya universitetlərində azərbaycanlı tələbələrin də təhsil almalarına maraq göstərdiklərini bildiriblər. Sonda Azərbaycanla Malayziya arasında gələcəkdə təhsil sahəsində daha sıx əlaqələrin qurulması qərara alınıb.
08/07/2015 16:52
Noyabrın 7-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib.
Kollegiya iclası 2007-2008-ci dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının yekunlarına və cari dərs ilində qarşıda duran vəzifələrə həsr olunmuşdu. Kollegiya iclasında çıxış edən təhsil naziri Misir Mərdanov öncə 2006-ci ildən başlayaraq mərkəzləşdirilmiş qaydada aparılan imtahanlar, onun təhsilin keyfiyyətinin artmasında müsbət rolu barədə danışıb. Nazir bildirib ki, bu imtahanlar qiymətləndirmədə obyektivliyin təmin olunmasına real zəmin yaradır. Sonra nazir ötən tədris ilində keçirilən mərkəzləşdirilmiş buraxılış imtahanlarının nəticələri, imtahanlar zamanı yol verilən saxtakarlıq və nöqsanlar haqqında danışıb, işə məsuliyyətsiz yanaşan bəzi məktəb direktorlarının, müvafiq təlimata əməl etməyən nəzarətçilərin adlarını açıqlayıb. Nazir həmçinin bu istiqamətdə fəallıqları ilə seçilən nəzarətçilərə təşəkkür elan edilməsinin məqsədəuyğunluğunu bildirib. Misir Mərdanov cari tədris ilində mərkəzləşdirilmiş imtahanların Naxçıvan MR istisna olmaqla ölkəmizin bütün bölgələrini əhatə edəcəyini, sınaq-yoxlama imtahanlarının 2008-2009-cu dərs ili üzrə 1 dəfə keçiriləcəyini, ümumilikdə aparılacaq yenilikləri iştirakçıların diqqətinə çatdırıb. Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir əvəzi Təranə Hacıyeva qeyd olunan sahə üzrə aparılan təhlillər, mövcud problemlər və qarşıda duran vəzifələrə dair ətraflı məruzə edib. Sonda müzakirə olunan mövzu üzrə təkliflər səsləndirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Kollegiya iclasında Nazirlər Kabineti şöbə müdirinin müavini Qurban Əmirov iştirak edib.
08/07/2015 16:52
Noyabrın 5-də Təhsil Nazirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində görülən işlər və mövcud problemlərə dair müşavirə keçirilib.
Müşavirədə təhsil naziri Misir Mərdanov, təhsil nazirinin müavini Elmar Qasımov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Təhsil Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri və Dövlət Neft Fondunun bir neçə əməkdaşı iştirak edib. Tədbirdə Misir Mərdanov çıxış edərək müvafiq proqram üzrə dünyanın bir sıra nüfuzlu təhsil qurumları ilə yaradılan əlaqələr, bu təşkilatlarla imzalanan müqavilələr, 2 il ərzində qazanılan uğurlar barədə məlumat verib. Əldə olunan nailiyyətlərlə yanaşı bir sıra problemlərin mövcudluğundan da söz açan nazir onu da qeyd edib ki, xarici ölkələrin ali məktəblərində oxumaq üçün tələbələrin seçimi müvafiq sənədlər əsasında aparılmalıdır. Misir Mərdanov azərbaycanlı gənclərin xarici ölkələrdə təhsili üzrə xərcləri ilə bağlı məsələyə də toxunub və bu istiqamətdə normativ aktların təsdiq olunmasının əhəmiyyətini bildirib. Sonra Şahmar Mövsümov Dövlət Proqramının icrası istiqamətində qarşıya çıxan çətinliklərin müzakirə edilməsi baxımından birgə görüşlərin mütəmadi keçirilməsinin zəruriliyini diqqətə çatdırıb.Ş. Mövsümov həmçinin Dövlət Neft Fondunun bir sıra mühüm layihələr həyata keçirdiyini, o cümlədən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na da xüsusi önəm verdiklərini açıqlayıb, habelə bu proqram çərçivəsində xaricdə təhsil alan tələbələrin təhsil xərclərinin ödənilməsi məsələsindən söz açıb. Müşavirədə iştirakçılar müzakirə olunan məsələyə münasibət bildirib, eləcə də qeyd olunan Dövlət Proqramı çərçivəsində Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı xərclərə dair sənəd təsdiq olunduqdan sonra tələbələrin təhsil və yaşayış xərclərinin daha operativ həll olunacağına ümid etdiklərini diqqətə çatdırıblar.
08/07/2015 16:52
Oktyabrın 27-də təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatlarının “PH international” təşkilatının ölkə üzrə direktoru cənab Keri Kosbi və təşkilatın icraçı direktoru xanım Ənn Martin ilə görüşüb.
Oktyabrın 27-də təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatlarının “PH international” təşkilatının ölkə üzrə direktoru cənab Keri Kosbi və təşkilatın icraçı direktoru xanım Ənn Martin ilə görüşüb. Qonaqları salamlayan Misir Mərdanov qeyd olunan təşkilatın Azərbaycan təhsil sistemində informasiya kommunikasiya texnologiyalarının tətbiqi sahəsində həyata keçirdiyi proqram və layihələrdən danışıb. Ölkəmizin inkişaf etdiyini, təhsilə qoyulan sərmayənin gündən-günə artdığını vurğulayan nazir bildirib ki, yeni texnologiyalardan istifadə edərək müəllimlərin İKT bacarığını artırmaq, məktəblərin internetə çıxışını təmin etmək bu gün təhsil sistemində əsas istiqamətlərdəndir. Səmimi qəbul üçün minnətdarlığını bildirən xanım Ənn Martin ölkəmizə ikinci dəfə gəldiyini, Azərbaycan barədə lazımi biliyə malik olduğunu qeyd edib. Ənn Martin Azərbaycanda yeni bir proqram üzərində işləməyi qərara aldıqlarını diqqətə çatdıraraq bildirib ki, yeni proqram internetdə müasir texnologiyaları şagirdlərə öyrədəcək. Eyni zamanda, cənab Keri Kosbi də proqramın şagirdlərə amerikalı mütəxəssisin öyrədəcəyini qeyd edərək, hələlik bu layihəni bir neçə məktəblərdə tətbiq etmək fikrində olduqlarını və YUNİSEF-lə birgə işləyəcəklərini vurğulayıb. Onu da qeyd edək ki, proqram Amerika Dövlət Departamenti tərəfindən maliyyələşdirilir. Proqram çərçivəsində layihədə iştirak edəcək azərbaycanlı uşaqların ABŞ-a dəvət olunması, eləcə də Amerikalı şagirdlərin ölkəmizə gəlməsi nəzərdə tutulur. Görüşdə müvafiq proqramın tətbiqi üzrə işin daha da inkişaf etdirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
24 oktyabr BMT günü münasibətilə ayın 23-də “BMT uşaqların gözü ilə” inşa müsabiqəsinin qalibləri üçün bələdçi tur təşkil edilib.
24 oktyabr BMT günü münasibətilə ayın 23-də “BMT uşaqların gözü ilə” inşa müsabiqəsinin qalibləri üçün bələdçi tur təşkil edilib. Tədbiri BMT-nin İctimai İnformasiya Departamentliyi və Təhsil Nazirliyi “Azərbaycan Respublikası dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın həyata keçirilməsi və idarəolunması üzrə işçi qrupu birlikdə keçirib. Xətai rayonundakı 3 saylı uşaq evi, Yeni Günəşli qəsəbəsindəki 2 saylı uşaq evi və SOS Uşaq Kəndinin sakinləri üçün təşkil edilmiş sessiyadakı “BMT uşaqların gözü ilə” inşa müsabiqəsində 14 uşaq qalib gəlib. Bələdçi tur zamanı uşaqlar BMT-nin müxtəlif agentlik və proqramları ilə tanış olub. Beynəlxalq Əmək Təşkilatı, BMT-nin Əhali Fondu, Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, İnsan Hüquqları üzrə Ali Komissarın ofisi, BMT-nin İnkişaf Proqramının əməkdaşları uşaqlara BMT-nin qlobal və ölkəmizdəki fəaliyyəti barədə məlumat veriblər. BMT İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi xanım Envera Selimoviç və Dövlət Proqramı üzrə işçi qrupun rəhbəri Məlahət Hacıyeva qalibləri təbrik edərək bildiriblər ki, təhsil onların gələcək həyatlarında mühüm amildir. Müsabiqənin qaliblərinə BMT-nin müxtəlif fond və agentlikləri tərəfindən hazırlanmış hədiyyələr verilib, eyni zamanda uşaqlara təhsil naziri Misir Mərdanovun və xanım Envera Selimoviçin imzaladığı sertifikatlar təqdim olunub. Uşaqlar BMT-nin Azərbaycandakı Rrezident Əlaqələndiricisi cənab Bruno Pueza ilə də görüşublər. Cənab Pueza Birləşmiş Millətlər Təşkilatının məqsədi barədə ətraflı məlumat verərək bildirib ki, BMT məhz gələcək nəslin rifahı üçün çalışır. Sonra uşaqlara BMT İctimai İnformasiya Departamentinin fəaliyyəti barədə film nümayiş etdirilib. Uşaqlar da özləri və yaşadıqları uşaq evləri barədə məlumat verib, rəqs, şer və mahnılardan ibarət proqram təqdim ediblər.
08/07/2015 16:52
Oktyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində ali məktəb tələbələrinin XIII respublika fənn olimpiadasının açılış mərasimi keçirilib.
Oktyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində ali məktəb tələbələrinin XIII respublika fənn olimpiadasının açılış mərasimi keçirilib. Tanınmış alimlərin, ayrı-ayrı fənlər üzrə münsiflər heyətinin üzvlərinin, olimpiadanın yekun turunun iştirakçılarının, Təhsil Nazirliyinin Elm şöbəsinin və KİV nümayəndələrinin iştirak etdiyi mərasimi Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov açıb. Misir Mərdanov müstəqillik qazandıqdan sonra ənənəvi olaraq hər il keçirilən bu tədbirin tələbələrin müxtəlif fənlərə marağını artırmağa, həmin fənlər üzrə hazırlıq səviyyəsini nümayiş etdirməyə, eyni zamanda istedadlı gənclərin aşkar edilməsi üçün şərait yaratmağa kömək olduğunu bildirib. Ölkəmizdə istedadlı gənclərin inkişafına dövlət tərəfindən daim böyük diqqət və qayğı göstərildiyini qeyd edən Misir Mərdanov tədbir iştirakçılarına ölkə Prezidentinin təsdiq etdiyi “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)” və “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” haqqında ətraflı məlumat verib. Nazir ali məktəb tələbələrinin respublika fənn olimpiadasının həmin proqramlar çərçivəsində həyata keçirilən ən önəmli tədbirlərdən biri olduğunu vurğulayıb. Məlumat üçün qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq, ali məktəb tələbələrinin bu bilik yarışı 10 fənn üzrə (riyaziyyat, fizika, kimya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis dili, fransız dilli və alman dili) keçirilir. Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkil etdiyi olimpiadanın yekun turunda iştirak etmək hüququnu 28 ali məktəbdən 448 tələbə qazanıb. Bu tələbələr arasında Bakı ilə yanaşı, Sumqayıt, Naxçıvan, Lənkəran, Gəncə və Mingəçevir şəhərlərinin ali məktəblərində təhsil alan tələbələr də var. Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov və təhsil nazirinin müavini İradə Hüseynova tələbələri olimpiadanın I turunu uğurla başa vurmaları münasibəti ilə təbrik edərək onlara yekun turda yüksək səviyyəli bilik və bacarıq nümayiş etdirməyi arzulayıblar. Olimpiada iştirakçıları da onlara göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildirib və öz müəllimlərinin etimadını doğruldacaqlarına söz veriblər.
08/07/2015 16:52
Oktyabrın 21-də Respublika Elmi Pedaqoji Kitabxanasının 25 illiyi münasibətilə tədbir keçirilib.
Oktyabrın 21-də Respublika Elmi Pedaqoji Kitabxanasının 25 illiyi münasibətilə tədbir keçirilib. İlk əvvəl iştirakçılar kitabxana ilə tanış olub. Sonra tədbiri açan Respublika Elmi Pedaqoji Kitabxanasının direktoru Tamilla İsmixanova görülən işlər barədə məlumat verib, problemləri diqqətə çatdırıb. Təhsil naziri Misir Mərdanov tədbirdə çıxış edərək bildirib ki, təhsil sahəsində kitabxanaların rolu əvəzsizdir. Nazir qeyd edib ki, ölkəmizin təhsil müəssisələrində kitab və dövri ədəbiyyat fondlarına malik olan kitabxanalar fəaliyyət göstərir ki, onların bir qismi yeni yaradılıb və müasir informasiya - kommunikasiya texnologiyaları ilə təchiz olunub. Misir Mərdanov kitabxana işinin təşkili, maddi texniki bazanın möhkəmlənməsi sahəsində müəyyən çətinliklərə də toxunaraq vurğulayıb ki, bu sahədəki çatışmamazlıqlar dövlətimizin diqqət mərkəzindədir. Sonda Misir Mərdanov kitabxananın bir qrup əməkdaşına Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri Fərmanını təqdim edib.
08/07/2015 16:52
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı