2009-cu ildə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəblərinin yetirmələri 300-dən artıq olimpiya oyunları, dünya, Avropa çempionatı və digər mötəbər turnirlərdə iştirak edərək yüksək nəticələr qazanıblar.
Onlar beynəlxalq yarışlarda ümumilikdə 168 medal (57 qızıl, 51 gümüş, 60 bürünc) əldə ediblər. Ötən il digər idmançılarımız kimi şahmatçılarımız üçün də uğurlu olub. Ötən ilin iyun ayında Bakı şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin komandası Bolqarıstanda keçirilən məktəblilərin Avropa komanda çempionatında yüksək nəticə əldə edərək müstəqillik dövründə ilk dəfə birinci yerə çıxıb. Həmin məktəbin yetirməsi Məmmədzadə Günay Türkiyənin Antalya şəhərində uşaq, yeniyetmə və gənclər arasında 6 yaş qrupu üzrə keçirilən dünya birinciliyində 8-10 yaşlılar arasında dünya çempionu adına layiq görülüb. Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Qədimli Abdulla iyun ayında Gürcüstanın Batumi şəhərində keçirilən 8 yaşadək şahmatçılar arasında Avropa birincisi olub, Ucar rayon Şahmat Məktəbinin yetirməsi Xatın Bağırova Fransanın Nitsa şəhərində qadınlar arasında keçirilən beynəlxalq turnirdə I yerə çıxıb. "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt filialının yetirməsi Cəlilov Cəlil Macarıstanda keçirilən cüdo üzrə yeniyetmələrin dünya birinciliyində II, Sloveniyada keçirilən yeniyetmələrin Avropa birinciliyində II və Finlandiyada keçirilən yeniyetmələrin Olimpiya həftəsində I yeri tutaraq qızıl medal qazanıb. Həmin məktəbin digər yetirməsi Fəqan Eminoğlu isə Ermənistanda gənclər arasında keçirilən cüdo üzrə Avropa birinciliyində II yeri tutub. Bakı şəhər 19 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Baxşəliyev Ələkbər Türkiyənin Anapa şəhərində keçirilən boks idman növü üzrə keçirilən məktəblilərin Avropa birinciliyində I yeri tutub. Bakı şəhər 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Müşkiyev İlqar cüdo üzrə 55 kiloqram çəki dərəcəsində Türkiyədə kişilər arasında keçirilən beynəlxalq turnirdə III, Polşada keçirilən “A” kateqoriyalı beynəlxalq turnirdə I, Ermənistanda gənclər arasında keçirilən Avropa çempionatında II və Fransada keçirilən dünya çempionatında II yeri tutmağa nail olub.
08/07/2015 16:52
Yanvarın 7-də Təhsil Nazirliyində ali təhsil müəssisələrinin rəhbərləri ilə müşavirə keçirilib.
Müşavirədə "2009-2010-cu tədris ilinin qış imtahan sessiyasının keçirilməsi barədə", "Ali təhsil müəssisələrinin reytinqini müəyyənləşdirən metodikanın təqdimatı", "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramının icrası", "Ali təhsil müəssisələrində təhsil sənədlərinin (diplomların) alınması, saxlanılması, doldurulması, verilməsi və uçotu haqqında" məsələlər müzakirə olunub. Müşavirəni açan təhsil naziri Misir Mərdanov müzakirəyə çıxarılan məsələlərin vacibliyini qeyd edib. Nazir bildirib ki, son illər həyata keçirilən tədbirlər, xüsusən də Təhsil Nazirliyində Mərkəzi Operativ Qərargahın, "Qaynar xətt" xidmətinin, ali məktəblərdə müvafiq qərargahların yaradılması, qeyri-hökumət təşkilatlarının Təhsil Nazirliyi ilə birgə imtahan sessiyasının gedişinə nəzarət etməsi, neqativ halların aradan qaldırılması üçün görülmüş operativ işlər nəticəsində semestr və dövlət imtahanlarında obyektivliyin və şəffaflığın təmin edilməsi istiqamətində mühüm uğurlar qazanılıb. Nazir həmin vasitələrdən istifadə olunmaqla builki qış imtahan sessiyasının da yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu vurğulayıb. Köçürmələrlə bağlı yaranmış narahatlığı ali məktəb rəhbərlərinin diqqətinə çatdıran Misir Mərdanov son vaxtlar köçürmələr edilərkən kredit sisteminin tələblərinin az da olsa, pozulduğunu, köçürülən tələbələr fənləri dinləmədən onlara göndərişlər verildiyini, fərq imtahanlarında qiymətlər yazıldığını və kreditlər hesablandığını, bütün bunların isə həmin tələbələrdə haqlı narazılığa səbəb olduğunu bildirib, ali təhsil müəssisələrinin rəhbərlərinə bu məsələləri diqqət mərkəzində saxlamağı tövsiyyə edib. Təhsil sənədlərinin alınması, saxlanılması, doldurulması, verilməsi və üçotuna toxunan nazir bunların çox ciddi məsələlər olduğunu bildirərək müvafiq qaydalara dəqiq əməl edilməsinin vacibliyini ali təhsil müəssisələrinin rəhbərlərinin diqqətinə çatdırıb. Təhsil naziri onu da qeyd edib ki, ölkəmizin ali məktəblərinə daxil olanların hamısına, layiq oldu, olmadı, ali təhsil almaları barədə diplomlar verilir. Halbuki xarici ölkələrin universitetlərində oxuyanların, təxminən, 70 faizinin diplom ala bildiyini söyləyən Misir Mərdanov mütəxəssis hazırlığının keyfiyyətinə, ali məktəblərin nüfuzuna mənfi təsir göstərən bu məsələ barədə də fikirləşməyin vaxtının çatdığını vurğulayıb. Ali məktəblərin reytinqinin müəyyənləşdirilməsi barədə fikirlərini müşavirə iştirakçıları ilə bölüşən nazir bildirib ki, Təhsil Nazirliyində artıq ilyarımdır ki, bununla bağlı iş aparılır. Müvafiq metodika hazırlanıb rəy və təkliflərin bildirilməsi üçün ali məktəblərə göndərildiyini nəzərə çatdıran nazir qeyd edib ki, təqdim olunan sənəd hazırlanarkən dünyanın bir sıra ölkələrinin bu sahədəki təcrübələri nəzərə alınıb. Təqdim olunan metodikaya əsasən ali məktəbin reytinqinin üç meyarın - ali məktəbin potensialı; ali məktəbin fəallığı və təhsilin keyfiyyəti; beynəlxalq aləmdə tanınması - cəminə əsasən müəyyən olunduğunu bildirən Misir Mərdanov hər bir meyarı müəyyənləşdirmək üçün istifadə olunan indikatorlar haqqında da geniş məlumat verib. Təqdim olunan metodika ətrafında müşavirədə geniş fikir mübadiləsi aparılıb. Çıxış edən ali məktəb rektorları öz rəy və mülahizələrini söyləyib, təkliflərini bildiriblər. Daha sonra müşavirə iştirakçılarına "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın icrası çərçivəsində görülmüş işlər barədə məlumat verilib. Qeyd olunub ki, proqramın icrası ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət planı hazırlanıb, Elmi-Koordinasiya Şurası və islahat istiqamətləri üzrə işçi qrupları yaradılıb. Nazir Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq ayrı-ayrı ali təhsil müəssisələrinin İnkişaf proqramlarının hazırlanmalı olduğunu bildirib və həmin sənədlərdə əksini tapması zəruri olan məsələləri diqqətə çatdırıb.
08/07/2015 16:52
Yanvarın 11-də “British Councıl”un Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə akademik Zərifə Əliyeva adına orta ümumtəhsil məktəbində Azərbaycanda ingilis dili müəllimləri üçün ilk dəfə olaraq İngilis Dilinin Onlayn Tədrisi (ETTO) ixtisasartırma layihəsinin açılış mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Misir Mərdanov “British Councıl” təşkilatının ölkəmizdəki nümayəndəliyinin 2003-cü ildən Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb və yeni layihənin aparılan işlərin daha da inkişafına təkan verəcəyinə, məktəblərdə ingilis dilini tədris edən müəllimlər üçün uğurlu olacağına ümid bəslədiyini bildirib. Nazir onu da əlavə edib ki, son illər Bakının 7 məktəbində ingilis dilinin intensiv tədrisinə başlanılıb və bu sahədə böyük nailiyyətlər əldə edilib. Mərasimdə qeyd olunub ki, ETTO layihəsi 50 saatlıq innovativ kurs, online tapşırıqlar, digər iştirakçılarla müxtəlif mövzularda müzakirələr aparmaq və müstəqil öyrənmədən ibarətdir. Müstəqil öyrənməyə isə tapşırıqlar, dərsin planlaşdırılması və özünüqiymətləndirmə daxildir. Bildirilib ki, bütün fəaliyyətlər, tapşırıqlar, audio- video materiallar 5-12 yaşlı uşaqlara dərs demək üçün nəzərdə tutulub. Yanvarın 15-dən təşkil olunacaq kursda Gəncə, Zaqatala, İsmayıllı, Sumqayıt və Bakı məktəblərinin ibtidai siniflərində ingilis dilindən dərs deyən 48 müəllim iştirak edəcək və kurs ərzində müəllimlərə onlayn təlimçi dəstək olacaq. Kursun sonunda müəllimlərə sertifikat təqdim ediləcək. Tədbirdə təhsil naziri Misir Mərdanov “British Councıl”un Azərbaycan nümayəndəliyinin müvafiq layihə üzrə rəhbəri Gülşən Hüseynovaya təşəkkürünü bildirərək uğurlar arzulayıb. Sonra tədbirdə iştirak edən “British Councıl”un Qara Dəniz ölkələri üzrə direktoru xanım Rozmari Arnot çıxış edib və Təhsil Nazirliyi ilə aparılan səmərəli işin səviyyəsindən razı qaldığını bildirib. Qonaq, həmçinin gələcəkdə Azərbaycanın bütün tədris müəssisələrində ingilis dilinin yüksək səviyyədə öyrədilməsi və tədrisi sahəsində daha böyük layihələr həyata keçiriləcəyini vurğulayıb.
08/07/2015 16:52
Yanvarın 14-də “Park İnn” otelində ali təhsildə maliyyələşdirmə mexanizmləri üzrə seminar keçirilib.
Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü açaraq öncə qonaqları və dövlət qurumlarının nümayəndələrini salamlayıb. Nazir qeyd edib ki, sürətli dəyişikliklərin baş verdiyi müasir dövrdə cəmiyyətin sosial-iqtisadi tərəqqisində, rəqabətə davamlı insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan iqtisadiyyatın qurulmasında ali təhsilin müstəsna rolu vardır. Müvafiq tədbirin Dünya Bankının birbaşa dəstəyi ilə artıq ikinci dəfə gerçəkləşdirildiyini diqqətə çatdıran Misir Mərdanov bildirib ki, belə seminarların keçirilməsində, dünyanın müxtəlif ölkələrində ali təhsillə bağlı simpozium və konfranslarda iştirak etməkdə əsas məqsəd beynəlxalq aləmdə bu sahə ilə bağlı tendensiyalarla yaxından tanış olmaq və əldə olunan təcrübəni ölkədə ali təhsilin inkişafına yönəltməkdən ibarətdir. Sonra Misir Mərdanov 2005-ci ilin mayında ölkəmizin Boloniya prosesinə qoşulmasını, ölkə Prezidenti cənab İlham Əliyevin neftdən və qazdan gələn gəlirlərin ölkədə insan potensialının inkişafına yönəldilməsi üçün atılan addımlar, azərbaycanlı gənclərin dünyanın nüfuzlu universitetlərində təhsil almağa göndərilməsi, ölkənin ali təhsil sistemində islahatlar üzrə dövlət proqramlarının təsdiq olunmasının əhəmiyyəti barədə məlumat verib. Təhsil sahəsində həyata keçirilən islahatların, o cümlədən maliyyələşmə ilə bağlı islahatların təhsilin keyfiyyətinin yüksəlməsinə və ali təhsil imkanlarının genişləndirilməsinə müsbət təsir göstərəcəyinə inamını ifadə edən nazir ölkəmizdə bütün bunlar üçün əsaslı zəmin yaranmasından söz açıb. Nazir bildirib ki, son illərdə dövlətin diqqət və qayğısı nəticəsində ali məktəblərin maddi-texniki bazası möhkəmləndirilib, onların müasir avadanlıq və texnologiyalarla təminatı sahəsində əhəmiyyətli işlər həyata keçirilib. Sonra təhsil naziri “Ali təhsildə yeni maliyyələşdirmə mexanizmi” mövzusunda məruzə-təqdimatla çıxış edib. Təqdimatda respublikamızın ali təhsil sistemi, ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələri, ali təhsilə dövlət büdcəsindən ayrılan vəsait və s. haqqında ətraflı məlumat verilib, mövcud problemlər və maliyyələşdirmə ilə bağlı təkliflər diqqətə çatdırılıb. Daha sonra seminarın proqramına müvafiq olaraq Dünya Bankının baş təhsil mütəxəssisi Riçard Hopper "Ali təhsilin maliyyələşdirilməsi və bu sahədə olan innovasiyalar", Dünya Bankının ali təhsil proqramının koordinatoru Cəmil Səlmi "Müəssisələrin birbaşa və dolayı maliyyələşdirilməsi", ali təhsilin maliyyələşdirilməsi üzrə məsləhətçi Con Filden "Düstur əsasında maliyyələşdirmə", Litva Respublikasının təhsil və elm naziri Gintaras Steponaviçius "Litvanın vauçer sistemi" və onun müşaviri Gitautas Damiyonaytis "Litvada düstur əsasında maliyyələşdirmə" mövzusunda məruzə-təqdimatlarla çıxış ediblər. Fasilədən sonra dinlənilən təqdimatlara əsasən ayrı-ayrı məsələlər – əsas büdcənin düsturla maliyyələşdirilməsi, strateji prioritetlər üzrə vəsaitləri təmin edən rəqabətli maliyyələşmə, tədris üzrə əsas maliyyələşməni təmin edən vauçer sistemi, tədqiqatların müxtəlif mənbədən maliyyələşdirilməsi və mərkəzdən idarə olunan dövlət vəsaitləri üçün strateji seçimlərlə bağlı müzakirələr aparılıb.
08/07/2015 16:52
Yanvarın 15-də təhsil naziri Misir Mərdanov Litva Respublikasının təhsil və elm naziri Gintaras Steponaviçyusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq onların Azərbaycana gəlişindən məmnunluğunu ifadə edib. Nazir ötən gün Dünya Bankının dəstəyi ilə “Ali təhsildə yeni maliyyələşmə mexanizmləri” mövzusunda keçirilmiş seminardan söz açıb, burada qeyd olunan məsələlərin ali təhsilin maliyyələşdirilməsində mühüm əhəmiyyəti olacağını vurğulayıb. Nazir, həmçinin Litva və Azərbaycan arasında təhsil sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələsindən danışıb. Nazir Litvanın ali təhsil müəssisələrinin vauçer sistemi ilə fəaliyyət göstərdiyini nəzərə alaraq, bu ölkənin mövcud təcrübəsindən istifadə olunmasının zəruriliyini bildirib və Azərbaycanda da müvafiq sistemin tətbiq edilməsi məsələsindən söz açıb. Misir Mərdanov çıxışında maliyyələşmə üzrə aparılan islahatların təhsilin keyfiyyətinin artırılmasına və ali təhsil imkanlarının genişləndirilməsinə müsbət təsir edəcəyinə inamını ifadə edib. Sonra nazir gələcəkdə Litva ilə Azərbaycan universitetləri arasında daha sıx əlaqələrin qurulması, təcrübə mübadiləsinin aparılması və müvafiq sənədlərin imzalanması məsələsinə də toxunub. Litva Respublikasının təhsil və elm naziri Gintaras Steponaviçyus Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlığını bildirib. Qonaq Litva və Azərbaycan təhsil əlaqələrinin tarixindən və onun səmərəliliyindən, öz ölkəsinin təhsil sistemində aparılan islahatlardan söz açıb. Azərbaycanın təhsil nazirini Litva Respublikasına dəvət edən Gintaras Steponaviçyus hər iki ölkənin ali və orta məktəbləri arasında əməkdaşlığın yaxşılaşdırılması ilə bağlı təkliflərini irəli sürüb. Görüş zamanı tərəflər ali məktəblərdə vauçer sisteminin tətbiqi, düstur əsasında maliyyələşmə və digər mövzular ətrafında müzakirələr aparıblar. Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kestutis Kudzmanas da görüşdə iştirak edib.
08/07/2015 16:52
19-30 aprel 2010-cu il tarixində Bakı şəhərində Qara Qarayev adına gənc pianoçuların I beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və “Fortepiano Qara Qarayev yaradıcılığında” I beynəlxalq elmi - ifaçılıq konfransı keçiriləcək.
Müsabiqə və konfrans Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının (BMA) 90 illik və Orta ixtisas musiqi məktəb-studiyasının 30 illiyinə həsr olunur. Qeyd edək ki, BMA-nın çoxillik təcrübəsini beynəlxalq səviyyədə nümayiş etdirəcək konfrans və müsabiqə təcrübənin ifaçılıq nəzəriyyəsi ilə yaxınlaşdırılması, musiqi məzmununun mahiyyətinin anlaşılmasını təmin edən yeni eksperimental-yaradıcı metodlardan istifadə olunması, professional vərdiş və biliklərin kamilləşdirilməsi istiqamətində müəyyən addımların atılmasına xidmət edir. Müsabiqə iki mərhələdən ibarət olacaq və 10-25 yaşadək musiqiçilər iştirak edəcək. Konfransda isə yaşından asılı olmayaraq bütün pianoçuların iştirakı nəzərdə tutulur. Müsabiqədən fərqli olaraq, konfrans elmi və ifaçılıq hissələrindən ibarət bir bütöv mərhələdə keçiriləcək. Elmi-ifaçılıq konfrans-müsabiqəsinin keçirilməsində əsas məqsəd Qara Qarayevin yaradıcılığının dərindən öyrənilməsi vasitəsilə təbliği, nəzəriyyə və ifaçılıq təcrübəsinin qarşılıqlı vəhdəti, müxtəlif ölkələrin musiqi mədəniyyətinin yaxınlaşdırılmasıdır. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunan müsabiqə və konfrans Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Bəstəkarlar İttifaqının dəstəyi ilə keçiriləcək.
08/07/2015 16:52
“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş plana əsasən yetim və valideyn himayəsindən məhrum uşaqların ailədə yaşamaq hüququnu təmin etmək məqsədilə onlar üçün ailəni əvəz edən alternativ xidmətlərin (övladlıq, qəyyumluq və himayədarlıq, ailə tipli kiçik qrup evlər) yaradılması nəzərdə tutulub.
Bu məqsədlə Təhsil Nazirliyi ilə Avstriyanın Hilfswerk təşkilatının birgə hazırladığı layihə Avropa Komissiyası tərəfindən qəbul edilib və layihənin reallaşdırılması üçün 640 770 avro məbləğində vəsait ayrılıb. Layihə çərçivəsində Azərbaycanda alternativ qayğı növü olan himayədar ailə sisteminin yaradılması mexanizmləri qurulacaq, himayədar ailələrin və uşaqların seçim meyarları, onların qiymətləndirilməsi, maliyyələşdirilməsi mexanizmləri hazırlanacaq. Bununla yanaşı, layihənin icra müddəti ərzində himayədar ailə olmaq üçün müraciət edən namizədlər arasından seçiləcək 50 ailə üçün treninqlərin təşkil edilməsi nəzərdə tutulub. Layihəyə uyğun olaraq övladlığa və ya himayədar ailələrə verilməsi mümkün olmayan 10 uşaq üçün ailə tipli kiçik qrup evi yaradılacaq. Eyni zamanda uşaqların müvafiq müəssisələrə düşməsinin qarşısının alınması, onların müdafiəsini həyata keçirmək üçün 25 nəfər sosial işçinin hazırlanması planlaşdırılır. Layihəyə cəlb ediləcək psixoloqlar və sosial işçilər ailə və uşaqların adaptasiyası üçün müvafiq işlər aparacaq. Bu məqsədlə, Hilfswerk təşkilatının Şərqi Avropa və Qafqaz üzrə əlaqələndiricisi Əzizbəyov və Suraxanı rayonlarındakı internat məktəblərdə olub, müəssisələrin müəllim heyəti və rəhbərliyi ilə görüşlər keçirib. 3 il ərzində həyata keçiriləcək layihənin sonunda himayədar ailələr assosiasiyasının yaradılması nəzərdə tutulub.
08/07/2015 16:52
Sentyabrın 23-dən 25-dək Rusiyanın Azərbaycandakı səfirliyi Rusiya ilə əməkdaşlıq təşəbbüsləri və Federal agentliyin maliyyə dəstəyi ilə ölkəmizdə ”Rus dili (2006-2010-cu illər) proqramı” çərçivəsində bir sıra tədbirlər, o cümlədən rus dili müəllimləri üçün regional seminarlar keçirəcək.
Proqram çərçivəsində sentyabrın 24-dən 25-dək Lənkəran rayonunda Masallı, Astara, Lerik, Yrdımlı, Cəlilabad və Biləsuvar rayonları üzrə ümumtəhsil və ali məktəblərdə rus dili fənnini tədris edən təlimçi müəllimlər üçün metodik seminar və dəyirma masa keçirilməsi nəzərdə tutulub. Tədbirdə Rusiyanın Azərbaycan Respublikasındakı səfirliyin nümayəndələri, Rusiyadan ölkəmizə gəlmiş pedaqoji elmlər doktoru İ. B. Avdeyeva, filologiya elmləri doktoru, professor B. İ. Annuşkina, “ Rus dili. Kurslar” nəşriyyatı redaksiyasının direktoru, filologiya elmləri namizədi N.O.Kozina, Sankt-Peterburq konservatoriyasının professoru Q. Q. Malişev və digər rəsmi qonaqlar iştirak edəcəklər. Seminar sentyabrın 24-də saat 15-də Lənkəran Dövlət Universitetində başlayacaq və ertəsi gün öz işini davam etdirəcək. Sentyabrın 25-də saat 18-də ölkəmizdə Rusya kitab sərgisi çərçivəsində keçirilən tədbirlərin yekunu olaraq Lənkəran Dövlət Universitetində mətbuat konfransı keçiriləcəkdir.
08/07/2015 16:52
Sentyabrın 11-də Bakı şəhərinin Biləcəri qəsəbəsində yeni inşa olunmuş 327 və Lökbatan qəsəbəsindəki 333 nömrəli körpələr evi-uşaq bağçalarının açılışı olub.
Açılış mərasimində təhsil naziri Misir Mərdanov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Təhsil Nazirliyinin müvafiq şöbə və struktur rəhbərləri, Qaradağ və Binəqədi rayonlarının icra hakimiyyətlərinin başçıları, YUNİSEF-in Bakı ofisinin rəhbəri və digər rəsmi şəxslər iştirak edib. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov sakinləri yeni uşaq bağçalarının fəaliyyətə başlanması münasibətilə təbrik edib. Prezident İlham Əliyevin 10 sentyabr 2009-cu il tarixli «Məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə əlaqədar əlavə tədbirlər barədə» Sərəncamının əhəmiyyətindən söz açan nazir dövlətin məktəbəqədər təhsil müəssisələrinə daim diqqət və qayğı göstərdiyini nəzərə çatdırıb. Nazir vurğulayıb ki, ilin sonunadək 6 dövlət məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir olunacaq və 3 özəl bağça körpələrin ixtiyarına veriləcəkdir. Heydər Əliyev Fondunun vəsaiti hesabına yaxın vaxtlarda regionlarda daha bir neçə məktəbəqədər təhsil müəssisəsinin tikilərək uşaqlara hədiyyə ediləcəyini söyləyən Misir Mərdanov göstərilən yüksək diqqət sayəsində yaxın illərdə məktəbəqədər təhsil müəssisələrinin problemlərinin aradan qaldırılacağına əminliyini ifadə edib. Sonda nazir və digər qonaqlar uşaq bağçalarında balacalar üçün yaradılmış şəraitlə tanış olublar. Onu da qeyd edək ki, məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən müasir avadanlıq və əyani vəsaitlərlə təmin edilib.
08/07/2015 16:52
Sentyabrın 4-də Azərbaycan Müəllimlər İnstitutunda «Təhsilin əsasları» fənnini tədris edəcək müəllimlər qrupunun təqdimat mərasimi olub.
Mərasimdə Təhsil Nazirliyinin nümayəndələri, ali məktəb rektorları, müəllimlər və KİV nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, yeni dərs ilindən üç pilot ali məktəbdə (Azərbaycan Dövlət Pedoqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu və Gəncə Dövlət Universiteti) «Təhsiin əsasları» fənni tədris olunacaq. Nazir fənnin birinci semestrinin materiallarını tədris edəcək müəllimlər üçün Azərbaycan Müəllimlər İnstitutunun bazasında təşkil olunan 10 günlük xüsusi kursda təlim materiallarının yeni forma və üsullarla tədris edildiyini nəzərə çatdırıb. Sonda kursu bitirən müəllimlərə təhsil naziri Misir Mərdanov tərəfindən sertifikatlar təqdim edilib.
08/07/2015 16:52
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı