Avqustun 20-dən 22-dək Masallı rayonunda Valideyn–Müəllim Milli Assosiasiyasının növbəti seminarı keçirilib. Seminarda orta məktəblərdə yaradılmış Valideyn-Müəllim Assosiasiyalarının (VMA) konsepsiyasının və strategiyasının layihələrinin hazırlanması və strukturunun təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Seminarda Bakı şəhərinin 20, 28, 181, 276 nömrəli, Quba rayonu 1 nömrəli, Lənkəran rayonu 4, 8 nömrəli və Haftoni kənd məktəblərinin direktorları, Gəncə şəhər 4 nömrəli, Bakı şəhəri 46 və 16 nömrəli məktəblərin və “Avropa” liseyinin müəllimləri, “Resurs” gənclər təşkilatının sədri, bir sıra məktəblərin Valideyn–Müəllim Assosiasiyalarının prezidentləri, Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru və Təhsil Nazirliyinin əməkdaşı iştirak ediblər. Seminarın gedişində işçi qrupu yaradılıb və VMA-nın yeni strukturu, strategiya və konsepsiyasının layihələri hazırlanaraq müzakirəyə çıxarılıb. Seminarin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
08/07/2015 16:52
Avqustun 12-də Təhsil Nazirliyində “Təhsilin əsasları” dərs vəsaitinin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.
Təhsil Nazirliyi ilə Dünya Bankının həyata keçirdiyi birgə layihəyə uyğun olaraq “Təhsilin əsasları” fənninin ali məktəblərdə tədrisinin nəzərdə tutulduğunu bildirən təhsil naziri Misir Mərdanov ilk mərhələdə bu fənnin pilot layihəsi kimi 3 ali məktəbdə - Azərbaycan Müəllimlər İnstitutunda, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Gəncə Dövlət Pedaqoji Universitetində keçiriləcəyini diqqətə çatdırıb. Nazir qeyd edib ki, yerli və xarici məsləhətçilərdən ibarət işçi qrupunun səmərəli fəaliyyəti sayəsində ərsəyə gələn dərs vəsaiti müzakirələrdən sonra daha da təkmilləşdiriləcək, nəşr olunub müəllim və tələbələrə çatdırılacaqdır. “Təhsilin əsasları” fənnini tədris edəcək müəllimlər üçün 10 günlük treninqlərin keçiriləcəyini söyləyən Misir Mərdanov bu zaman müəllimlərin yeni fənnin məzmununun əsas istiqamətlərini mənimsəməsi, müasir təlim texnologiyalarından istifadə vərdişlərinə yiyələnməsi məsələlərinə xüsusi diqqət yetiriləcəyini vurğulayıb. Təhsil naziri deyib ki, müvafiq ali məktəb rəhbərləri də bu işdə yaxından iştirak etməli, “Təhsilin əsasları” fənninin tədrisinin səmərəli təşkilinə şərait yaratmalıdırlar. Daha sonra “Təhsilin əsasları” fənninin pedaqoji kadrların hazırlanması prosesindəki rolundan bəhs edən təqdimat məruzəsi dinlənilib. Dərs vəsaitinin həm praktik, həm də nəzəri baxımdan yüksək səviyyəli və peşəkar müəllimlərin hazırlanmasına layiqli töhfələr verəcəyinə inam ifadə olunub, ayrı-ayrı mütəxəssislərin təklif və tövsiyələri ətrafında müzakirələr aparılıb. Qərara alınıb ki, yaxın müddətdə dərs vəsaiti bir daha müzakirə olunsun və irəli sürülən bütün təkliflər mütəxəssislər tərəfindən bir daha dəyərləndirilsin.
08/07/2015 16:52
İyunun 26-dan 30-dək Azərbaycan İngilis Dili Müəllimləri Birliyinin (AzETA ) Təhsil Nazirliyi ilə birgə reallaşdırdığı “İngilis dili-dünya məhsulu” layihəsi çərçivəsində “Müəllim biliyinin test edilməsi” mövzusunda ümumtəhsil məktəblərinin ingilis dili müəllimləri üçün bir günlük seminar keçirib.
Seminarın məqsədi ingilis dili müəllimlərinin bilik səviyyəsinin artırılması, beynəlxalq dil olan ingilis dilinin məktəblərdə intensiv tədrisi səviyyəsinin artırılması üçün bu dilin müasir təlim metodları ilə tədrisinin öyrədilməsindən ibarət olub. Seminarlar ingilis dili üzrə mütəxəssislər tərəfindən Quba, Xaçmaz, Tovuz, Göyçay, Şəki, Zaqatala, Beyləqan, Lənkəran, İsmayıllı rayonlarında və Gəncə şəhərində keçirilib.
08/07/2015 16:52
Aprelin 30-da Azərbaycan Müəllimlər İnstitutunda «Müasir şəraitdə yaşlıların təhsili: problemlər və perspektivlər» mövzusunda respublika elmi konfransı keçirilib.
Plenar iclası Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyə Naxçıvanlı açaraq müasir şəraitdə təhsilin mühüm məsələlərindən birinə həsr olunmuş elmi konfransın «Yaşlıların təhsili XXI əsrin açarıdır» şüarı altında keçirildiyini bildirib. Mövzu ilə bağlı müəyyən fikirlərini söyləyən rektor çıxış üçün sözü təhsil naziri Misir Mərdanova verib. Təhsil naziri yaşlıların təhsili ilə bağlı respublika elmi konfransının keçirilməsini yüksək qiymətləndirərək bu məsələnin son dərəcə aktual olduğunu və hamı üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Nazir qeyd edib ki, yaşlıların təhsili ömür boyu təhsil sisteminin tərkib hissəsi olmaqla vətəndaşların cəmiyyətdə və iqtisadiyyatda baş verən dəyişikliklərə uyğunlaşmasını təmin etmək məqsədilə çevik tədris proqramları əsasında həyata keçirilən təhsil prosesidir. Avropa ölkələrində yaşlıların təhsilinin insanların davamlı məşğulluğunu və fəal vətəndaş mövqeyini təmin edən təhsil sistemi və yaxud da təhsil sisteminin tərkib hissəsi kimi başa düşüldüyünü vurğulayan Misir Mərdanov bildirib ki, son 10 il ərzində yaşlıların təhsili beynəlxalq təşkilatların da diqqət mərkəzindədir. Nazir qeyd edib ki, 2002-ci ildən başlayaraq Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu Azərbaycanda yaşlıların təhsili üzrə 30-a yaxın tədbir həyata keçirib. Təhsil naziri daha sonra yaşlıların təhsili və ənənəvi təhsil arasındakı fərqlərdən, yaşlıların təhsili kontingentinə aid olunan sosial-demoqrafik qruplardan söz açaraq deyib ki, müxtəlif ölkələrin bu sahədə təcrübəsinin təhlili cəmiyyət inkişaf etdikcə təhsilə tələbatın artmaqda olduğunu göstərir. Hər bir insanın cəmiyyətin iqtisadi, sosial, mədəni və siyasi həyatında fəal iştirak etməsi üçün öz peşə, bilik və bacarığını, şəxsi keyfiyyətlərini kəmiyyət və keyfiyyət baxımından daim yeniləşdirməsinin vacibliyini önə çəkən nazir yaşlıların təhsili ilə bağlı bir sıra digər mühüm məsələlərdən, bu istiqamətdə aparılan təhlillərin nəticələrindən, həmçinin əldə olunan nailiyyətlərdən bəhs edib. Nazir çıxışında ixtisasartırma və yenidənhazırlanma təhsilinə də xüsusi toxunub, bununla bağlı Təhsil Nazirliyində görülən işlərdən ətraflı söz açıb. Çıxışının sonunda ölkəmizdə yaşlıların təhsili sisteminin təkmilləşməsi üzrə bir sıra təkliflərini diqqətə çatdıran təhsil naziri Misir Mərdanov konfransın işinə uğurlar arzulayıb. Sonra Azərbaycan Müəllimlər İnstitutunun təhsilin idarəedilməsi kafedrasının müdiri Ramiz Məmmədzadə «Azərbaycanda yaşlıların təhsilinin müasir problemləri», ADPU-nun kompüter mərkəzinin direktoru İlham Əhmədov «Distant pedaqoji təhsilin konseptual və təşkilati problemləri» mövzularında məruzələr ediblər. Təhsil nazirinin müavini İsgəndər İsgəndərov yaşlıların təhsili, distant təhsillə bağlı öz fikir və mülahizələrini söyləyib və iştirakçılara konfransın işində fəal olmağı tövsiyə edib. Plenar iclasdan sonra respublika elmi konfransı öz işini bölmələrdə davam etdirib.
08/07/2015 16:52
Aprelin 15-də təhsil naziri Misir Mərdanov “British Council” təşkilatının ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye ilə görüşüb.
Nazir qonağı səmimi salamlayıb və bu təşkilatın ölkəmizdə apardığı layihələrdən razılığını ifadə edib. Xanım Nikol lə Os de Lalüvye ölkəmizdə ingilis dilinin tədrisi layihəsi üzrə həyata keçirilən tədbirlər və ingilis dili müəllimlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər haqqında danışıb. Qonaq “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində aparılan işlərə dəstək göstərməyə hazır olduqlarını bildirib və müvafiq təkliflərlə çıxış edib. Xanım Lalüvye vurğulayıb ki, “British Council” pilot olaraq azərbaycanlı gənclərin həmin proqram çərçivəsində Böyük Britaniyanın ali məktəblərinin magistratura pilləsində təhsil almasını həyata keçirmək niyyətindədir. Bununla bağlı müvafiq təcrübəyə yiyələndiklərini önə çəkən qonaq ilkin olaraq 20 tələbənin seçilməsinin məqsədəmüvafiqliyini qeyd edib. Qonağın fikirlərini yüksək dəyərləndirən Misir Mərdanov seçim prosesinin “British Council” tərəfindən keçirilməsinin daha məqsədə uyğun olduğunu vurğulayıb və verilən təkliflərin yaxın zamanda nazirliyə təqdim edilməsinin vacibliyini bildirib. Görüşdə Azərbaycan hökuməti ilə razılaşdırıldıqdan sonra müvafiq təkliflər əsasında memorandum imzalanması, birgə seçim prosedurlarının hazırlanması və Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan bir sıra digər məsələlər üzrə faydalı müzakirələr aparılıb.
08/07/2015 16:52
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 3 iyun tarixli, 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim qaydaları”na uyğun olaraq Cənubi Koreyanın KAİST Universitetində (Koreya Yüksək Elm və Texnologiyalar Universiteti) informasiya kommunikasiya texnologiyaları və kompüter elmləri üzrə bakalavr pilləsində təhsil təhsil almaq məqsədilə Təhsil Nazirliyi müsabiqə elan edir.
Bakalavr pilləsində təhsil almaq üçün müsabiqədə Azərbaycanın ali məktəblərinin bakalavr pilləsində I və II kursunda təhsil alan, bakalavr pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 550 bal, digər sahələr üzrə ən azı 600 bal toplayan 18 yaşı tamam olmuş tələbələr iştirak edə bilər. Müsabiqədə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər: 1. ərizə-əsaslandırma (2 dildə-Azərbaycan və xarici dildə) ; 2. doldurulmuş xüsusi anket forması (Təhsil Nazirliyində əldə edilir); 3. tövsiyə məktubu (iddiaçının təhsil aldığı ali məktəbin professor-müəllim heyəti tərəfindən verilir, 2 ədəd, formanı http://admission.kaist.ac.kr/sub05/sub05_1.do saytından əldə edə bilərsiniz); 4. http://admission.kaist.ac.kr/sub05/sub05_1.do saytında yerləşdirilmiş müraciət forması və digər faylları (xüsusi anket forması, şəxsi bəyannamə, maliyyə mənbələri haqqında bəyannamə) doldurularaq, elektron versiyaları admission3@kaist.edu elektron poçt ünvanına və çap versiyası Təhsil Nazirliyinə təqdim olunmalıdır. 5.ali məktəbə qəbul vaxtı TQDK tərəfindən topladığı bal haqqında arayış; 6. ali məktəb tərəfindən verilən tələbənin təhsil alması barədə arayışın və qiymət kitabçasından çıxarışın sürətləri (notarial qaydada təsdiq olunmuş ingilis dilində tərcüməsi); 7.TOEFL və ya digər beynəlxalq səviyyəli sertifikatı olmalıdır. 8.tərcümeyi-hal (CV) (2 dildə-Azərbaycan və xarici dildə); 9.3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil. 10.Şəxsiyyət vəsiqəsinin surəti. Sənədlər hər gün saat 10.00-dan 18.00-dək Təhsil Nazirliyində qəbul edilir. Sənədlərin təqdim edilməsi üçün son müddət 10 may 2009-cu il. Əlaqə telefonları: 496-33-11; 496-34-00 (daxili 260; 288).
08/07/2015 16:52
Yanvarın II ongünlüyündə London şəhərində “İnnovativ məktəb” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans Böyük Britaniyanın Təhsil Nazirliyi tərəfindən təşkil olunub.
“Microsoft Azərbaycan” şirkətinin dəvəti ilə Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov, Bakı Avropa liseyinin direktoru Zülfiyyə Veysova, akademik Zərifə Əliyeva adına orta məktəbin direktoru Məhəbbət Vəliyeva və “Təhsildə əməkdaşlıq” proqramı üzrə “Microsoft Azərbaycan” şirkətinin meneceri Emin Axundov bu konfransda iştirak etmişlər. Azərbaycan nümayəndə heyətinin qeyd edilən konfransda iştirakının məqsədi “Microsoft” şirkətinin bütün dünyada dəstəklədiyi innovativ məktəblər konsepsiyası ilə tanış olmaqdan ibarət idi. Nümayəndə heyəti innovativ məktəblər mövzusuna həsr olunan müzakirə, treninq və seminarlarda iştirak etmiş, bu istiqamətdə aparılan işlərlə yaxından tanış olmuşlar. Onu da qeyd edək ki, nümayəndə heyətinin bu tədbirdə iştirakı Təhsil Nazirliyi ilə “Microsoft” korporasiyası arasında mövcud olan strateji əməkdaşlıq çərçivəsində həyata keçirilib.
08/07/2015 16:52
Bu il II siniflər üçün dərslik komplektlərinin hazırlanması, dərsliklərin qiymətləndirilməsi təcrübəsinin təkmilləşdirilməsi, əlavə oxu materialları və audiovizual tədris resurslarının artırılması, ümumilikdə 87 adda 4 milyon nüsxədən artıq dərslik və müəllimlər üçün vəsaitlərin çap olunub məktəblərə çatdırılması nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, 2003-2008-ci illərdə milli-mənəvi dəyərlər əsasında müasir tələblərə uyğun olmaqla 30 milyon nüsxə dərslik çap edilib.
08/07/2015 16:52
2009-cu ildə 100-dən çox yeni məktəbin inşası planlaşdırılıb. Burada əsas məqsəd çoxnövbəliliyin ləğvi və beşgünlük tədris həftəsinə keçilməklə bütün şagirdlər üçün əlverişli təlim şəraitinin yaradılmasıdır.
2009-cu ildə 100-dən çox yeni məktəbin inşası planlaşdırılıb. Burada əsas məqsəd çoxnövbəliliyin ləğvi və beşgünlük tədris həftəsinə keçilməklə bütün şagirdlər üçün əlverişli təlim şəraitinin yaradılmasıdır. Məktəblərin infrastrukturunun yeniləşdirilməsi istiqamətində Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə 226 yeni məktəb tikilib, 39 məktəb, 10 uşaq bağçası əsaslı təmir olunub. Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” na əsasən 2009-2012-ci illərdə 450 məktəb üçün yeni binanın inşası, 600 məktəb üçün əlavə korpusların tikintisi, 1200 məktəbin əsaslı təmiri nəzərdə tutulub. Onu da qeyd edək ki, son illərdə 350 min şagird yerlik 1300-dək yeni məktəb binası istifadəyə verilib. 2008-ci ildə 161 yeni məktəb istifadəyə verilib, 129 məktəb əsaslı təmir edilmiş və müasir avadanlıqlarla təchiz olunub. Ötən il Təhsil Nazirliyi tərəfindən 300-dək məktəb əsaslı təmir edilib. 2009-cu ildə isə 100-dən çox məktəbin əsaslı təmiri nəzərdə tutulub. Ümumilikdə, son illərdə 700 mindən çox şagird, yəni bütün şagirdlərin təxminən 50 faizi müasir tələblərə cavab verən məktəblərdə təhsil almaq imkanı əldə edib.
08/07/2015 16:52
Təhsil naziri Misir Mərdanov “20 Yanvar faciəsinin on doqquzuncu ildönümünün qeyd edilməsi barədə” əmr imzalayıb. Əmrə əsasən 20 Yanvar faciəsinin on doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilib.
Tədbirlər planına müvafiq olaraq ali, orta ixtisas, texniki-peşə, ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində yanvarın 14-dən 20-dək Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçirilməsi nəzərdə tutulur.
08/07/2015 16:52
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı