Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir Milli Qəhrəman Natiq Qasımov adına Mingəçevir şəhəri 4 nömrəli tam orta məktəbdə olub

Dekabrın 6-da elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımov adına Mingəçevir şəhəri 4 nömrəli tam orta məktəbdə olub.   Əvvəlcə Natiq Qasımovun məktəbin foyesindəki xatirə lövhəsinə baxış keçirilib, qəhrəmanımızın əziz xatirəsi ehtiramla yad edilib.   Sonra təhsil ocağının ümumi fəaliyyəti və əldə etdiyi uğurlar barədə məlumat verilib. Bildirilib ki, Natiq Qasımovun təhsil aldığı bu məktəbdə hazırda 1345 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 80 müəllim məşğul olur.   Emin Əmrullayev təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olub və tədris prosesini izləyib, həmçinin məktəbin pedaqoji heyəti ilə görüşüb.    Daha sonra “Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun adının verilməsi barədə” qərara uyğun olaraq, yaxın zamanda müvafiq işlərin görülməsi məsələləri müzakirə edilib.   Qeyd edək ki, noyabrın 29-da Nazirlər Kabinetinin müvafiq qərarı ilə Mingəçevir şəhəri 4 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun adı verilib.

Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edib

Dekabrın 6-da elm və təhsil naziri Emin Əmrullayev Balakən şəhərində vətəndaş qəbulu keçirib.     Qəbulda Balakən, Zaqatala, Qax, Qəbələ, Şəki və Oğuz  sakinləri iştirak ediblər.    Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.     Qəbul zamanı vətəndaşlar işlə təmin olunma, təhsil müəssisələrinin təmir-tikintisi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.      Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan konsert keçirilib

Dekabrın 5-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan konsert keçirilib.    Konsert Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə baş tutub.    Tədbirin keçirilməsində məqsəd Naxçıvanın zəngin tarixi, mədəni irsi və tarixi abidələri, etimologiyası barədə uşaq və gəncləri maarifləndirmək, Azərbaycanın zəngin tarixi keçmişində, ictimai-siyasi və elmi-mədəni həyatında Naxçıvanın oynadığı rolu, görkəmli siyasi və dövlət xadimlərinin xidmətlərini vurğulamaqdan ibarət olub.    Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, 200 nəfərdən çox məktəbli, valideynlər, pedaqoji heyət və digər qonaqlar iştirak ediblər.    Tədbirdə uşaq və gənclərin ifasında Naxçıvan Muxtar Respublikasına həsr olunan ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, mahnılar səsləndirilib.

Emin Əmrullayev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda iştirak edib

Dekabrın 5-də “Ekologiya və uşaqlar” mövzusuna həsr olunmuş Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun açılış mərasimi keçirilib. Forum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində təşkil olunub.    Forum Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətini səsləndirdikdən sonra “Biz Azərbaycan uşaqlarıyıq!” adlı videoçarx nümayiş etdirilib.   Sonra isə uşaqlar adından ölkə başçısı üçün hazırlanan, “Yaşıl dünya naminə həmrəylik ili”, eləcə də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurlu yekununu təcəssüm etdirən hədiyyə təqdim edilib.   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək forum iştirakçılarını salamlayıb. Komitə sədri suverenliyi və ərazi bütövlüyü təmin edilmiş Azərbaycanda ölkə ərazisinin bütün bölgələrini təmsil edən uşaqların iştirakı ilə keçirilən ilk forumun işinə uğurlar arzulayıb.   Bahar Muradova forumu günümüz və gələcəyimizin ən vacib mövzuları barədə müzakirə aparmaq, uşaqların öz fikirləri və təşəbbüslərini bölüşmək, daha yaxşı bir cəmiyyət, daha yaşıl bir ölkə və daha təhlükəsiz bir dünya naminə səyləri birləşdirmək üçün gözəl bir imkan kimi qiymətləndirib.   Forumda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan xalqının qarşısında duran əsas məqsədlərdən birinin kimliyini qorumaq, mədəniyyətinə sahib çıxmaq və milli dəyərlərimizi yaşatmaq olduğunu qeyd edib.    Qız uşaqlarının təhsilinin əhəmiyyətindən danışan nazir deyib ki, təhsil daha savadlı, bacarıqlı və güclü millət kimi formalaşmanın əsas amillərindən biridir. Nazir əlavə edib ki, bu istiqamətdə səyləri birləşdirmək və hər uşağa müvafiq qaydada təhsil almaq imkanı yaradılmasına çalışmaq lazımdır.   Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev öz növbəsində qeyd edib ki, uşaqları iqlim dəyişikliyinin təsirlərindən qorumaq üçün investisiya vacibdir və bu hədəflərə nail olmaq məqsədilə son illər siyasi, iqtisadi və qanunvericilik islahatları aparılır.   Tədbirdə iştirak edən Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah uşaq və gənclərin təmiz, təhlükəsiz və davamlı ətraf mühit hüququ olduğuna diqqət çəkib, onların planetimizlə bağlı bu gün verdiyimiz bütün qərarları miras alacaqlarını deyib. Azərbaycanın COP29-u uğurla başa vurduğunu qeyd edən UNİCEF rəsmisi builki COP-un həm də uşaqların və gənclərin iştirakı, onların iqlim dəyişikliyi ilə bağlı müzakirələrə verdiyi töhfələrlə yadda qaldığını bildirib.    Forum uşaqların rəsmi nümayəndələrlə dialoqu ilə davam edib. Müzakirələrdə iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli, səhiyyə nazirinin müavini İlqar Qasımov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin rəisi Samir Rəsulov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, IV “Yüksəliş” müsabiqəsinin qalibləri Günel Musayeva və Seymur Hüseynov uşaqların suallarını cavablandırıblar.   Forumun ikinci hissəsində uşaqlar müxtəlif mövzular üzrə qruplaşaraq müzakirələr aparacaq, müvafiq təkliflərlə çıxış edəcəklər. Günün sonunda müzakirələrin nəticələri haqqında məlumat veriləcək, həmçinin forum iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti səsləndiriləcək.   Qeyd edək ki, tədbirdə Azərbaycanın bütün şəhər və rayonlarından olan 300 uşaq, eləcə də Türkiyə Respublikasını təmsil edən uşaqlar iştirak edib.

“Azərbaycan məktəbi” jurnalının 100 illik yubiley tədbiri keçiriləcək

Dekabrın 10-da Elm və Təhsil Nazirliyinin akademik mətbu orqanı olan elmi-nəzəri, pedaqoji “Azərbaycan məktəbi” jurnalının 100 illik yubileyi münasibətilə tədbir keçiriləcək.    Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə nazirliyin rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, təhsil işçiləri və digər qonaqların iştirakı nəzərdə tutulur.    Tədbirin təşkilində məqsəd artıq 100-cü ildir ki nəşr edilən jurnalın təhsil sisteminin yeniləşməsində, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində, mütərəqqi tədris metod və formalarının təbliğində, qabaqcıl təcrübənin öyrənilib yayılmasında, görkəmli alimlərin fikir və ideyalarının cəmiyyətə təqdim olunmasında, elmi, pedaqoji təfəkkürün formalaşmasında əhəmiyyətli və tarixi roluna diqqət çəkməkdir.    Qeyd edək ki, Azərbaycan və dünya təhsilinin qabaqcıl tendensiyalarını izləyən jurnal genişmiqyaslı islahatların nəticələrinin elmi mahiyyətini, beynəlxalq təcrübənin tətbiqi imkanlarını işıqlandıran zəngin tədqiqat faktlarını əhatə edir. Bəkir Çobanzadə, Məmməd Səid Ordubadi, Abdulla Şaiq, Mirzə İbrahimov, Mehdi Mehdizadə, Əbdül Əlizadə və Azərbaycanın elmi-ictimai fikrinin digər tanınmış simaları vaxtilə jurnalla sıx əməkdaşlıq əlaqələri qurub, özlərinin elmi fikirlərini, pedaqoji təcrübələrini məhz bu jurnal vasitəsilə oxuculara çatdırıblar.    Hazırda bir sıra indikatorlara əsasən müxtəlif indekslərə sahib olan jurnal daha çox istinad mənbəyinə çevrilmək yolunda irəliləyir və tədqiqatçıların müasir yanaşmalarının yayılmasında xüsusi rol oynayır.

“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfrans keçirilib

Dekabrın 4-də “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfrans keçirilib.    Konfrans Elm və Təhsil Nazirliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutunun tərəfdaşlığı ilə baş tutub.    Konfransda elm və təhsil naziri Emin Əmrullayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, millət vəkilləri, nazirliyin struktur bölmə rəhbərləri, ali təhsil müəssisələrinin rektorları,  regional təhsil idarələrinin əməkdaşları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, eləcə də Böyük Britaniya və Finlandiyadan olan məruzəçilər və yerli mütəxəssislər iştirak ediblər.    Açılış nitqi ilə çıxış edən  TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov qonaqları salamlayaraq 1-5 yaşlı uşaqların layiqli vətəndaş kimi formalaşmasında keyfiyyətli məktəbəqədər təhsilin önəmindən danışıb. Tural Əhmədov 2023-2024-cü illərdə 150 məktəbəqədər təhsil müəssisəsində keyfiyyət monitorinqlərinin keçirildiyini bildirib və daxili keyfiyyətin təmin olunması məqsədilə müəssisə rəhbərləri ilə təşkil edilmiş mentorluq proqramı barədə ətraflı məlumat verib.   Daha sonra elm və təhsil naziri Emin Əmrullayev çıxışında dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda təsbit olunmuş məktəbəqədər təhsilin nəticəyönümlü və ölçüləbilən hədəfləri barədə danışıb. Bu sahədə əhatəliliyin təmin olunması məqsədilə son illər həyata keçirilən işlərdən söz açan Emin Əmrullayev məktəbəhazırlıq qruplarının da əhəmiyyətini vurğulayıb və 1 illik proqramda iştirakın məktəbə daha hazırlıqlı başlamağa müsbət təsir etdiyini qeyd edib. Həmçinin, nazir erkən təhsil pilləsinin insan həyatına əsaslı təsiri və məktəbəqədər təhsilin inkişaf dairəsinin genişləndirilməsi istiqamətində yeni modellər və gələcək planlara dair məlumat verib.    Elm və təhsil naziri çıxışının sonunda məktəbəqədər təhsil müəssisələrində keyfiyyət təminatını artırmaq üçün sertifikatlaşdırma prosesinin tətbiq ediləcəyini istisna etməyib.    Digər çıxışlardan sonra konfrans “Məktəbəqədər təhsildə yaşıl nümunələr və oyunəsaslı öyrənmə” və “Məktəbəqədər təhsildə davamlı keyfiyyət və onun idarə olunması” panelləri ilə davam etdirilib.    Panellərdə "Kindred" Erkən İnkişaf Fondunun direktoru, "Ofsted" -Təhsil, uşaqlara xidmət və bacarıqlar üzrə standartlar ofisinin İdarə Heyətinin üzvü, Böyük Britaniyanın Təhsil departamentinin məsləhətçisi Felesiti Gilespi, "Təbiətdə öyrənirəm”in rəhbəri, təbiət pedaqogikası üzrə təlimçi Qaye Amus, Vaşinqton Universitetinin asistent professoru Aytəkin Hüseynli, Cənubi Florida Universitetinin təhsilin idarə olunması üzrə doktorantı Lalə Orucova, Bakı şəhəri 23 nömrəli körpələr evi – uşaq bağçasının tərbiyəçi – müəllimi Nərmin Məhərrəmova təqdimatla çıxış ediblər. Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilən konfransın keçirilməsində məqsəd beynəlxalq təcrübənin müqayisəli şəkildə öyrənilməsi və yerli xüsusiyyətlərin nəzərə alınaraq tətbiqi ilə məktəbəqədər təhsildə keyfiyyətin yüksəldilməsinə nail olmaq və yerli qabaqcıl təcrübənin geniş auditoriyaya çatdırılmasına xidmət etməkdir.

Elm və təhsil naziri Yəmənin ölkəmizdəki səfiri ilə görüşüb

Dekabrın 4-də elm və təhsil naziri Emin Əmrullayev Yəmən Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Saleh Əhməd Turiq ilə görüşüb.   Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə edilib.

Elm və təhsil naziri Somalinin Azərbaycan Respublikasındakı səfiri ilə görüşüb

Dekabrın 4-də elm və təhsil naziri Emin Əmrullayev Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fathudin Ali Mohamed ilə görüşüb. Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə edilib.  

TIMSS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələri açıqlanıb

Dekabrın 4-də TIMSS 2023 (Riyaziyyat və Təbiət Elmləri üzrə beynəlxalq qiymətləndirmə tədqiqatı) beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələri açıqlanıb.   Nəticələrə əsasən,  Azərbaycan 4-cü sinif riyaziyyat fənni üzrə 494 balla 58 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Təbiət elmləri üzrə nəticə isə 422 bal olub. Bu nəticələr ötən tədqiqat dövrü ilə müqayisədə daha aşağıdır. Azərbaycanın 4-cü sinif üzrə riyaziyyat nəticələri Fransa, Belçika (Fransız), Yeni Zelandiya, Qazaxıstan, Qətər və Özbəkistan kimi ölkələrdən daha yaxşı olub.   4-cü sinif üzrə tədqiqatın ilk beşliyində Sinqapur, Çin (Taypey), Koreya Respublikası, Honkonq və Yaponiya yer alıb.   8-ci sinif üzrə tədqiqatda ilk dəfə iştirak edən şagirdlərimiz riyaziyyat fənni üzrə 479 balla 44 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Azərbaycanın riyaziyyat fənni üzrə nəticəsi iştirakçı ölkələrin ortalamasından yüksək olub. Bu nəticə Portuqaliya, Gürcüstan, Qazaxıstan, Qətər və Özbəkistan kimi ölkələrdən daha yuxarıdır. 8-ci sinif üçün təbiət elmləri üzrə nəticəmiz isə 411 bal təşkil edib. Təbiət elmləri üzrə nəticəmiz isə ortalamadan aşağı olub.   Təhsil İnstitutu tərəfindən nəticələrin ilkin təhlili onu göstərir ki, həm 4-cü, həm də 8-ci sinifdə şagirdlər bilik əsaslı suallara daha yaxşı cavab verdiyi halda onların çoxu tətbiqetmə və əsaslandırma bacarıqları tələb edən suallarda çətinlik çəkiblər. Şagirdlər həm riyaziyyat, həm də təbiət elmləri üzrə qapalı tipli test tapşırıqlarına daha yaxşı cavab verdikləri halda açıq tipli suallarda aşağı nəticə göstəriblər.   Təhsil İnstitutu tərəfindən TIMSS 2023 nəticələrinin ətraflı təhlili aparılaraq tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində təkliflər və iş planı hazırlanacaq.   Qeyd edək ki, TIMSS beynəlxalq qiymətləndirmə tədqiqatı 1995-ci ildən bəri 4-cü və 8-ci sinif şagirdləri arasında riyaziyyat və təbiət elmləri üzrə bilmə, tətbiqetmə və əsaslandırma bacarıqları istiqamətində ölçməni həyata keçirir. Hər dörd ildən bir keçirilən tədqiqatın sonuncu dövründə 70-dən çox ölkə iştirak edib. Azərbaycan TIMSS tədqiqatına 2011-ci, 2019-cu və 2023-cü illərdə qoşulub. Ölkəmiz 2023 tədqiqatında ilk dəfə olaraq həm də 8-ci sinif səviyyəsində qatılıb. Əvvəlki dövrlərdən fərqli olaraq 2023-cü ildə tədqiqat ölkəmizdə ilk dəfə kompüter əsaslı (eTIMSS) keçirilib.

Elm və təhsil nazirinin müavini Mavritaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

Dekabrın 3-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Mavritaniya İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sid Əhməd əl-Bekaye Hamadi ilə görüşüb.   Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə edilib.

11/09/2026

"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat

Ətraflı
11/09/2026

Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli

Ətraflı
11/09/2026

? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA

Ətraflı