Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
İyunun 1-də Qarabağ Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illiyinə həsr olunmuş "Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr" mövzusunda elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan Qarabağ Universitetinin rektoru Şahin Bayramov qonaqları salamlayaraq bildirib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsində elmi potensialın artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və Qarabağın zəngin mədəni-mənəvi irsinin öyrənilməsi əsas prioritetlərdən biridir.
Konfransın açılış mərasimində iştirak edən elm və təhsil naziri Emin Əmrullayev çıxışında əvvəlcə AMEA-nın 80 illik yubileyi münasibətilə Akademiyanın kollektivini, alimləri və elm ictimaiyyətini təbrik edib. Nazir Qarabağ Universitetinin qarşısında dayanan vəzifələrə də toxunaraq bildirib ki, bu ali təhsil müəssisəsi təkcə regionun deyil, bütövlükdə Azərbaycanın elmi-tədris həyatında mühüm yer tutacaq. Nazir əlavə edib ki, Qarabağ Universiteti elmi mühitin təşəkkül tapması, innovativ təhsil modellərinin tətbiqi və milli-mədəni irsin sistemli şəkildə araşdırılması baxımından strateji əhəmiyyət daşıyır.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli çıxışında Qarabağda – Azərbaycanın qədim və strateji əhəmiyyətli bölgəsində belə yüksək səviyyəli elmi tədbirin keçirilməsinin tarixi hadisə olduğunu vurğulayıb. İsa Həbibbəyli qeyd edib ki, bu konfrans təkcə AMEA-nın 80 illik yubileyinə deyil, həm də azad edilmiş torpaqlarda elmi həyatın bərpasına töhfə verən mühüm bir mərhələdir.
Sonra AMEA tərəfindən Qarabağ Universitetinin kitabxanasına 1000 ədəd kitab hədiyyə edilib.
Tədbirin ikinci hissəsində Qarabağın tarixi, mədəniyyəti və toponimik irsi ilə bağlı dörd əsas elmi məruzə təqdim olunub.
Qeyd edək ki, konfrans çərçivəsində Qarabağ Universitetində AMEA-nın rəhbər heyəti və əməkdaşları tərəfindən müxtəlif ixtisaslar üzrə mühazirələr deyilib.
01.06.2025 - 18:31
Digər xəbərlər
-
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir
03.06.2025 - 10:09 -
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək
02.06.2025 - 17:21 -
Vətəndaş müraciətlərinin statistikası
02.06.2025 - 16:35 -
Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib
02.06.2025 - 15:28 -
Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
01.06.2025 - 18:31