Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib
Oktyabrın 8-də Gürcüstanın təhsil və elm naziri Tamar Sanikidzenin dəvəti ilə bu ölkəyə səfər edən təhsil naziri Mikayıl Cabbarov öncə Tbilisidə yerləşən Heydər Əliyev Parkını ziyarət edərək ulu öndərin abidəsi önünə güllər qoyub. Sonra Gürcüstanın təhsil və elm naziri Tamar Sanikidze ilə görüş keçirilib. Görüşdə nazirlər Azərbaycanla Gürcüstan arasında əlaqələrin yüksək səviyyədə inkişafını və hər iki ölkə rəhbərliyinin qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd ediblər. Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əlaqələrin mövcud vəziyyəti və gələcək inkişafı perspektivləri, təhsilin müxtəlif sahələri üzrə qarşılıqlı təcrübə mübadiləsi, ali təhsil sahəsində əməkdaşlıq, Gürcüstanda yaşayan azərbaycanlı icmasının təhsil problemləri və onların həlli istiqamətində səylərin artırılması, xüsusilə də müəllim hazırlığı və məktəblərin Azərbaycan dili və ədəbiyyatı dərslikləri ilə təmin olunması kimi məsələlər müzakirə olunub. Daha sonra Mikayıl Cabbarov azərbaycanlı icmasının təhsil aldığı M.F.Axundzadə adına Tbilisi şəhəri 73 saylı və 64 saylı orta məktəblərdə olub, hər iki təhsil müəssisəsinin müəllim və şagird heyəti ilə görüşüb, onların vəziyyəti ilə maraqlanıb. Səfər çərçivəsində Mikayıl Cabbarov Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində Gürcüstandakı azərbaycanlı icmasının nümayəndələri ilə görüşüb, onların problemləri ilə maraqlanıb və suallarını cavablandırıb. Görüşdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Azər Hüseyn, Gürcüstan Baş nazirinin müşaviri Savalan Mirzəyev, Gürcüstan Parlamentinin deputatları və digər icma nümayəndələri iştirak ediblər. Səfər zamanı Mikayıl Cabbarov həmçinin, Tbilisi şəhərində yerləşən Mirzə Fətəli Axundzadənin ev muzeyini ziyarət edib.
09/10/2015 05:56
İdmançılarımız Beynəlxalq Məktəbli Festivalından 12 medalla qayıdıblar
Təhsil Nazirliyinin yığma komandaları MDB ölkələri arasında keçirilən III Beynəlxalq Məktəbli İdman Festivalında uğur qazanıblar. Rusiyanın Ulyanovsk şəhərində təşkil edilən festivalda 12 ölkənin məktəbli komandaları 7 idman növü üzrə mübarizə aparıblar. Yarışlarda ölkəmizi Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən idman məktəblərinin şagirdlərindən ibarət basketbol, şahmat, stolüstü tennis və badminton idman növləri üzrə komandalar təmsil ediblər. Komanda hesabında basketbol və şahmat idman növləri üzrə təmsilçilərimiz 2-ci yerə, stolüstü tennis idman növü üzrə 3-cü yerə, badminton idman növü üzrə isə qoşa yarışlarda iki idmançımız 3-cü yerə çıxıblar. Ümumilikdə, təmsilçilərimiz yarışlarda 12 medal qazanıblar.
08/10/2015 11:44
Azərbaycan Dövlət İqtisad Universitetini seçən əcnəbi tələbələrin sayı artıb
2015-2016-cı tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinə (ADİU) 51 əcnəbi tələbə qəbul olunub. Onlardan 21-i əcnəbi tələbələr üçün hazırlıq kurslarını, 19-u bakalavr, 3-ü magistratura, 7-si MBA, 1-i isə doktorantura təhsilini seçiblər. Əcnəbi tələbələr əsasən, dünya iqtisadiyyatı və maliyyə ixtisaslarına üstünlük veriblər. Tələbələr arasında 21 nəfərlik heyətlə Nigeriya vətəndaşları üstünlük təşkil edir. Ümumilikdə, ADİU-da təhsil alan əcnəbi tələbələr əsasən Rusiya, Türkiyə, Özbəkistan, Gürcüstan, İran, Küveyt və Pakistan vətəndaşlarıdır. Əcnəbi tələbələrin ADİU-ya qəbul prosesi bu ildən etibarən yalnız elektron formada aparılıb. Bu məqsədlə yaradılan http://admission.unec.edu.az/ səhifəsi vasitəsilə 85 elektron müraciət qəbul olunub. Müraciətlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 may 2015-ci il tarixli, 125 saylı qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın tələblərinə əsasən yoxlanılıb. Bundan sonra tələblərə cavab verən müraciətçilərlə skype vasitəsilə onlayn müsahibələr təşkil olunub. Sonda ADİU-da təhsil almaları uyğun hesab edilən 51 nəfər seçilib. Ümumilikdə, hazırda ADİU-da 225 əcnəbi tələbə təhsil alır.
08/10/2015 11:14
Təhsil Nazirliyində təltifetmə mərasimi keçirilib
Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin, eyni zamanda Nazirlik sistemində fəaliyyət göstərən idman məktəblərinin, yaradıcılıq mərkəzlərinin rəhbərləri və əməkdaşlarının təltifetmə mərasimi keçirilib. Mərasimdə bildirilib ki, mayın 27-dən başlayaraq 1 ay müddətində “Bakı-2015” I Avropa Oyunlarına dəstək məqsədilə paytaxtın Fəvvarələr meydanında qurulan “İfam” xalq səhnəsində Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evində fəaliyyət göstərən bədii qiraət, nitq mədəniyyəti, mahnı, vokal və rəqs dərnəklərinin üzvləri çıxış ediblər. Ümumilikdə “İfam” səhnəsində çıxış edən 956 iştirakçıdan 400-ə yaxını Bədii Yaradıcılıq Evinin dərnək üzvləri olub. Şagird və tələbələrin bu işə cəlb olunması, koordinasiyası, ictimaiyyətin konserti izləməsi üçün şəraitin yaradılması və digər işlərin həyata keçirilməsində Bədii Yaradıcılıq Evinin kollektivi və nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi mühüm rol oynayıb. Bunları nəzərə alaraq Bədii Yaradıcılıq Evinin direktoru və bir neçə əməkdaşı “Fəxri Fərman”a layiq görülüb. I Avropa Oyunları zamanı Nazirliyin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəblərinin kollektivləri isə kütləvi idman yarışlarının keçirilməsində, eyni zamanda yarışlar zamanı təşkilati işlərin görülməsində göstərdikləri xidmətə görə “Fəxri Fərman”la təltif olunublar. Bundan əlavə aprel may ayları ərzində 14 idman növü üzrə respublika ərazisində yarışlar təşkil olunub. Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov təltif olunanlara təbriklərini çatdırıb və mükafatları onlara təqdim edib.
08/10/2015 10:57
Təhsil Nazirliyi ilə “British Council” arasında memorandum imzalanıb
Oktyabrın 8-də Təhsil Nazirliyi ilə “British Council” arasında “İş dünyası üçün bacarıqlar” və “Mehmanxana inzibatçısı” layihələrinin dəstəklənməsi barədə Əməkdaşlıq Memorandumunun imzalanması mərasimi keçirilib. Sənədi təhsil nazirinin müavini Firudin Qurbanov və “British Council”un Azərbaycan nümayəndəliyinin rəhbəri Elizabet Uayt imzalayıb. Mərasimdə bildirilib ki, “İş dünyası üçün bacarıqlar” layihəsində ilk peşə-ixtisas təhsili müəssisələrində IKT və telekommunikasiya üzrə təhsil alan şagirdlərin bilik və bacarıqlarının artırılması, eyni zamanda həmin təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə fəaliyyət göstərən müəllimlər üçün təlimlərin keçirilməsi nəzərdə tutulub. Layihənin reallaşdırılmasında məqsəd şagirdlərə iqtisadiyyat və biznes üzrə baza biliklərinin verilməsidir. Bununla yanaşı, layihə şagirdlərə telekommunikasiya və İKT sahəsində təcrübə proqramı vasitəsilə praktiki biliklər qazanmaq imkanı yaradacaq. “Mehmanxana inzibatçısı” layihəsinin məqsədi isə 5 nömrəli Bakı Peşə Liseyində mehmanxana inzibatçılığı üzrə ixtisas fənn müəllimlərinin potensialının artırılmasıdır. Bu layihə çərçivəsində milli standartlara uyğun müvafiq kurikulumun hazırlanması, şagird və mühəndis-pedaqoji heyət üçün iş üzrə təcrübə proqramlarının həyata keçirilməsi nəzərdə tutulub.
08/10/2015 10:22
Oktyabrın 5-də Təhsil Nazirliyində 5 oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş mətbuat konfransı keçirilib.
Konfransda 2015-2016-cı tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlanıb. Qeyd olunub ki, müsabiqədə iştirak etmək üçün 3462 vakant yerə ərizə verən 24437 nəfərdən 18574-ü imtahanda iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, 2441 nəfər Azərbaycan bölməsi, 177 nəfər rus bölməsi üzrə, ümumilikdə 2618 nəfər işə qəbul olunub. İşə qəbul olunanlardan 1887 nəfəri həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu kənd məktəblərini seçənlərdir. Əlavə olaraq, müsabiqənin nəticələrinə əsasən, 434 nəfərin müddətli müqavilə ilə işə qəbuluna razılıq verilib. Tədbirdə Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, peşəkar bilik və kompetensiyalara malik müəllim və təhsil menecerlərinin hazırlanması, eləcə də müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində həyata keçirilən islahatyönümlü tədbirlərdən söz açılıb. Bildirilib ki, bu il də ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində “Gələcəyin müəllimi” təqaüdü verilib. Bununla da “Gələcəyin müəllimi” təqaüdü alan tələbələrin sayı 600 nəfərə çatıb. Bu il qəbul imtahanında 8656 nəfər müəllimlik peşəsini seçib. Onlardan 1269 nəfəri 500 və 500-dən artıq bal toplayıb. Bu isə ötən illə müqayisədə 5 faiz çoxdur. Eyni zamanda, 2015-2016-cı tədris ilində müəllimlik ixtisasını seçənlərin orta keçid balı artaraq 364 olub. Mətbuat konfransında bu ilin sonunadək ölkəmizin daha 12 şəhər və rayonunda - Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı və Sabirabadda dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçiriləcəyi və qiymətləndirmədə 35000-dən çox müəlimin iştirak edəcəyi barədə məlumat verilib. Konfransın sonunda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
05/10/2015 12:02
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 15 aprel tarixli 108 nömrəli Qərarının icra olunması haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 200 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 2015-ci il 15 aprel tarixli 108 nömrəli qərarını rəhbər tutaraq ƏMR EDİRƏM: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 15 aprel tarixli 108 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilsin. 2. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, şəhər (rayon) təhsil idarə və şöbələrinin, Nazirliyin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri tabeliklərində olan, eləcə də rəhbərlik etdikləri ümumi təhsil müəssisələrində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə 2015-ci ilin fevral ayından hesablanmaqla uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 20 (iyirmi) manat həcmində müavinətin ödənilməsini təmin etsinlər. 3. İqtisadiyyat şöbəsi (Rauf Orucov) Nazirliyin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan mərkəzləşdirilmiş xərclərdən maliyyələşən ümumi təhsil müəssisələrində evdə təhsilə cəlb olunanların nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 20 (iyirmi) manat həcmində müavinətlərin ödənilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin etsin. 4. İnformasiya şöbəsinin müdiri (Elnur Əliyev) əmrin çoxaldılaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, şəhər (rayon) idarə və şöbələrinə, eləcə də Nazirliyin tabeliyində olan ümumi təhsil müəssisələrinə çatdırılmasını təmin etsin. 5. Əmrin icrasına nəzarət nazir müavininə (Ceyhun Bayramov) həvalə edilsin. Mikayıl CABBAROV, Azərbaycan Respublikasının təhsil naziri 13 may 2015-ci il №557
05/10/2015 10:46
Oktyabrın 3-də İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin 3 illik fəaliyyətinin yekunlarına həsr olunmuş sərginin açılış mərasimi keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev, Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin direktoru Xalid Azzam və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov iştirak edib. “İçərişəhər”in və Şahzadə Məktəbinin birgə layihəsi olan “İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2012-ci ilin oktyabr ayından etibarən tədris və sənətkarlıq mərkəzi kimi fəaliyyət göstərir. Mərasim iştirakçıları əvvəlcə sərgi ilə tanış olublar. Sərgidə batika, keramika, zərgərlik və taxta üzərində oyma sənəti nümunələri nümayiş edilir. Hazır məhsullar və yaradıcılıq prosesini təsvir edən posterlərlə tanışlıqdan sonra qonaqlara Mərkəzin yaradılması və fəaliyyətini əks etdirən film nümayiş olunub. Tədbirin rəsmi açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, “İçərişəhər” İdarəsinin rəisi Samir Nuriyev, Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin direktoru Xalid Azzam və Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov çıxış edərək Mərkəzin ötən müddət ərzində uğurlu fəaliyyətindən, milli tətbiqi-dekorativ incəsənət sahələrinin inkişafına verdiyi töhfədən danışıblar. Natiqlər layihənin gerçəkləşdirilməsində Heydər Əliyev Fondunun və onun Prezidenti, Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyevanın əvəzsiz rolunu vurğulayaraq, daimi olaraq göstərilən dəstəyə görə ona xüsusi minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, Təhsil Nazirliyinin və Rəssamlıq Akademiyasının birgə layihəsi çərçivəsində Mərkəzdə bu təhsil müəssisəsinin tələbələri təcrübə keçəcəklər. Daha sonra İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin ilk məzunlarına diplomlar təqdim edilib. Sonda tədbir iştirakçıları Mərkəzin emalatxanası ilə tanış olmuşlar. Azərbaycanın zəngin ənənəvi incəsənət irsinin öyrənilməsinə və canlandırılmasına xidmət edən bu Mərkəz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətində rəhbər tutduğu “CANLI TARİX” konsepsiyası çərçivəsində yaradılıb. Layihənin əsas məqsədi həm də Azərbaycanın zəngin milli-mədəni irsinə uyğun ənənəvi naxışların müasir üsullarla işlənərək yeni dizaynlı məhsulların istehsalına və bu məhsulların beynəlxalq səviyyədə təbliğinə nail olmaqdan ibarətdir. İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin tələbələrinin hazırladıqları əl işləri ölkəmizdə və xaricdə keçirilən sərgilərdə xalqımızın zəngin incəsənət irsini uğurla təbliğ edir. Eyni zamanda, Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində şagirdlər üçün Mərkəzin nəzdində Gənc Rəssamlar Klubu yaradılıb. Burada Mərkəzin tələbələri öz bilik və bacarıqlarını uşaqlarla bölüşürlər.
03/10/2015 10:28
Oktyabrın 2-də təhsil naziri Mikayıl Cabbarov Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərini qəbul edib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, keçirilən qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda 33 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.
02/10/2015 12:22
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində 2015-ci ilin sentyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 11479 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,4 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə çox) zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 7598 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 662 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1704 sənəd (981 ərizə, 655 məktub, 68 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdə daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu və yerdəyişməsi, ümumi təhsil müəssisələrinə uşaqların qəbulu və yerdəyişməsi, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası ilə bağlı məsələlər əksini tapıb. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə (2851 zəng) və çərşənbə axşamı (2738 zəng) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 13:30-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (1865 müraciət), çərşənbə (1804 müraciət) və çərşənbə axşamı (1781 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.
02/10/2015 04:55
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
ƏtraflıŞağan və Mərdəkanda "Son zəng" tədbiri
Ətraflı