Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyulun 15-də Təhsil Nazirliyində Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Təhsil Nazirliyi tərəfindən təhsil mövzusunda ictimaiyyətin məlumatlandırılmasında fəal iştirak edən jurnalistlər arasında “Maarifçi mətbuat” devizi altında təşkil edilmiş müsabiqənin qalibləri mükafatlandırılıb və nazirliyin internet saytının (www.edu.gov.az) yeni versiyasının təqdimat mərasimi keçirilib. Mərasimdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini İbrahim Məmmədov, "APA Holdinq"in prezidenti Vüsalə Mahirqızı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, təhsil ekspertləri və KİV təmsilçiləri iştirak ediblər. Tədbirdə öncə Təhsil Nazirliyinin saytı təqdim olunub. Qeyd edilib ki, müasir tələblərə cavab verən sayt məzmun, dizayn, istifadəçi rahatlığı, texniki imkanlar və interaktivlik baxımından əsaslı şəkildə yenilənib. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən saytda dövlətin təhsil siyasətinə uyğun olaraq, təhsil sahəsinin müxtəlif istiqamətləri üzrə görülən işləri əks etdirən dolğun məlumatlar yerləşdirilib. Saytda Təhsil Nazirliyi rəhbərliyinin qəbul günləri, nazirlik sistemində fəaliyyət göstərən "Qaynar xətt" xidmətləri, nazirliyin struktur rəhbərlərinin əlaqə vasitələri, elektron müraciət, interaktiv və informativ xidmət bölmələri və nazirliyin elektron poçt ünvanları qeyd olunub. Qanunvericilik bölməsində təhsil sahəsinə dair normativ-hüquqi sənədlər yer alıb. Təhsilin bütün pillə və səviyyələri üzrə aparılan yeniliklər və islahatlar barədə saytdan ətraflı məlumat almaq mümkündür. İstifadəçilər rahat menyu sistemi və çoxpilləli axtarış mexanizmi vasitəsilə istədikləri məlumatı rahat şəkildə taparaq sosial şəbəkələrdə paylaşa, şrifti böyüdüb-kiçildə, elektron poçt vasitəsilə göndərə və ya çap edə bilərlər. Saytın proqram təminatı və informasiya təhlükəsizliyi də ən yüksək səviyyədə qorunur. Tədbir iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2 iyun 2015-ci il tarixli “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq, Azərbaycan milli mətbuatının 140 illik yubileyi respublikamızda geniş şəkildə qeyd edilməkdədir. Nazir 22 İyul – Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələrini təbrik edib və təhsil mövzusunda ictimaiyyətin məlumatlandırılmasında fəal iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirib. Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi  münasibətilə təhsil mövzusunda cəmiyyətin məlumatlandırılmasında fəal iştirak edən jurnalistlər arasında “Maarifçi mətbuat” devizi altında Təhsil Nazirliyinin təşkil etdiyi müsabiqənin əsas məqsədi təhsil proseslərinin geniş ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq, təhsildən yazan ixtisaslaşmış jurnalistlər qrupunun formalaşmasına dəstək göstərmək və KİV-lə səmərəli əməkdaşlığın inkişafına təkan verməkdən ibarətdir. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Təhsil Nazirliyinin bu təşəbbüsünü alqışladıqlarını və belə tədbirlərin gələcəkdə də keçiriləcəyinə ümidvar olduqlarını bildirib, media nümayəndələrini təbrik ediblər. Sonra müsabiqədə qalib gəlmiş jurnalistlərə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” və qiymətli hədiyyələr təqdim edilib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulanıb.

Gülşən Əhmədli ilə “Uğur formulu”

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin bu dəfəki qonağı Almaniyanın Hannover Tibb Məktəbindən yenicə məzun olmuş Gülşən Əhmədlidir.   G.Əhmədli 2008-2014-cü illərdə təhsilini plastik və rekonstruktiv cərrahiyyə ixtisası üzrə rezidentura səviyyəsində davam etdirib. Təhsilini uğurla başa vuraraq, həkim-mütəxəssis ali peşə-iхtisas dərəcəsinə yiyələnib. - Xaricdə təhsil sizə nə verdi? Ümidləriniz doğruldumu? - Xaricdə təhsil mənə tibb sahəsində aldığım bilikləri dərinləşdirmək, yeni ixtisaslaşma istiqamətində təhsilimi davam etdirmək imkanı verdi. Mən plastik-rekonstruktiv cərrahiyyə ixtisası üzrə təhsil aldığım müddət ərzində yeni biliklər əldə etməklə yanaşı, müxtəlif tədqiqatlarla məşğul olaraq, öz ideyalarımı da reallaşdıra bildim. - İxtisasınızla bağlı ilk mərhələdə hansı kitabları seçmişdiniz? - İxtisasımla bağlı çalışdığım klinikanın direktoru, professor P.M.Voqt ilk mərhələ üçün lazım olan kitabların siyahısını mənə vermişdi. Həmin kitabları əldə etdim və mərhələli şəkildə oxuyub mənimsədim. - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? - Almaniyanın təhsil sistemi Azərbaycan təhsil sistemindən tamamilə fərqlənir. Tələbələrin müəyyən edilmiş ümumi qrafikləri olsa belə, onların sərbəst seçim imkanı daha genişdir. Tələbələr istədikləri fənləri seçir, əlavə dərslərdə iştirak edir, çətin qavradıqları fənlərə dair kursları bir neçə dəfə keçdikdən sonra yekun imtahanı verirlər.    Eyni zamanda, Almaniyada universitetlər çox güclü texniki bazaya malik olduğuna görə, tələbələr öz ixtisaslarına aid bütün kitabları oxuyur, laboratoriyalarda ən yeni tədqiqatları apara bilirlər. Hətta tələbə olarkən maraqlandığın sahə üzrə elmi tədqiqata da başlaya bilərsən.    Elmi rəhbər və professorlarla sıx təmas dərslərin hazırlanması prosesinə müsbət təsir göstərir. Müəllimlərlə təhsilalanlar arasındakı sağlam və səmimi münasibət hərtərəfli bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanmasına zəmin yaradır. - Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmışdınız? - Təhsil aldığım ölkədə Azərbaycanla bağlı dolğun məlumatların yayılmasında maraqlıyam. İlk öncə dostlarımızın Azərbaycana aid kitablar, musiqi diskləri və milli mətbəximizə dair məlumatlarla ölkəmiz haqqında məlumatlandırılmasına çalışırdım. Amma əlbəttə ki, bu, hamısı deyil.    İlk növbədə onu deyim ki, mən təhsil aldığım ixtisas üzrə Azərbaycandan gəlmiş ilk tələbə olduğum üçün üzərimə ölkəmiz haqqında aydın təəssüratın yaradılması baxımından böyük bir məsuliyyət düşürdü. Əminliklə deyə bilərəm ki, həm təhsildə əldə etdiyim uğurlarla, həm də təhsil aldığım universitetlə Azərbaycanda tibb təhsili alan tələbələr arasında yaratdığım əlaqələr sayəsində bu məsuliyyətli işin öhdəsindən layiqincə gələ bildim.    2011-ci ilin aprel ayında professor P.M.Voqtun Azərbaycana səfərinin təşkilində yaxından iştirak etdim. Onun Bakıdakı bir çox klinikalarda, eləcə də Azərbaycan Tibb Universitetinin rəhbərliyi ilə görüşünün təşkilinə nail oldum. Həmin görüşlərdə əldə olunmuş razılaşmalara əsasən, 2011-ci ilin yayında 10 nəfərə yaxın tələbə Almaniyada təcrübə keçdilər. - Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? - Azərbaycan gənclərinə çalışqan olmağı, stereotiplərdən uzaq olub bilik səviyyələri ilə yanaşı, dünyagörüşlərini də genişləndirmələrini məsləhət görərdim. Çalışsınlar heç olmasa, ali təhsilin bir səviyyəsini və ya bir neçə semestrini xarici universitetlərdə alsınlar. Bunun onların həyatlarında necə böyük rol oynadığını aydın şəkildə görəcəklər. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Sözün düzü, mən rezidentura səviyyəsində təhsil aldığıma görə, tələbə-müəllim münasibətləri digər səviyyələrdən xeyli dərəcədə fərqlənirdi. Burada tələbə-müəllim münasibətindən daha çox, obrazlı desək, usta-şagird münasibətləri hökm sürür. Yəni, biz praktiki olaraq ustamızdan yeni biliklər əldə etməyə çalışırdıq. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razı qaldınızmı? - Təhsil aldığım universitetdə əcnəbi və ya yerli tələbə anlayışı ilə qarşılaşmamışam. Sanki hamı həm həkim, həm də tələbə idi. Düzdür, əcnəbi tələbələr dil çətinlikləri yaşadıqlarına görə, bəzi məqamlarda yerli tələbələrdən geri qala bilirdilər. Amma bunun da öhdəsindən bir az çox çalışmaqla gəlmək olurdu. Savadlı, çalışqan tələbə isə istənilən professorun sevimlisi idi. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürdünüz? - Əgər biz Azərbaycanda aldığımız təhsillə xaricə gedib orada özümüzü təsdiq edə biliriksə, deməli, vəziyyət o qədər də acınacaqlı deyil. Sadəcə olaraq, yeniliklərə açıq olmalı, islahatları sürətləndirməliyik. - Çətinlikləriniz olurdumu? - İlk başlanğıcda yeni sistemə, yeni dilə və fərqli şəraitə uyğunlaşmaq çətin olsa da, həm iş yoldaşlarımın, həm də professorların dəstəyi ilə bütün çətinliklərin öhdəsindən gəlməyi bacardım. - Asudə vaxtınızda nə ilə məşğul olurdunuz? - Asudə vaxtım çox az olurdu. İş və dərs rejimim əlavə fəaliyyətə çox vaxt qoymurdu. Boş vaxtım olanda laboratoriyada elmi işimlə bağlı təcrübələr aparırdım. Hər şeydən yorulanda isə idman və gəzinti ilə həyatıma rəng qatmağa çalışırdım. Uzun müddətli tətillər zamanı isə Avropanın digər ölkələrinə səyahət edirdim.

İyulun 12-də “Bakı-2015” Avropa Oyunlarının könüllülərinə və Azərbaycan yığmasının idmançılarına həsr olunmuş “Tarix yazdıq! Tarixə yazıldıq!” şüarı altında parad keçirilib.

Gənclər və İdman Nazirliyinin, birinci Аvropa Oyunları Əməliyyat Komitəsinin təşəbbüsü ilə təşkil edilən tədbir iki hissədən ibarət olub. Tədbirin birinci hissəsində Azərbaycan idmançılarının və Avropa Oyunlarının könüllülərinin iştirakı ilə Bakı İdman Sarayından başlayan “Bakı-2015” paradı Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanında yekunlaşıb. “Bakı-2015” paradı burada xüsusi konsert proqramı ilə davam etdirilib.   AZƏRTAC

Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə 20000-dən çox nəfərin ərizəsi qəbul olunub.

İyulun 13-ə olan məlumata görə, müəllimlərin işə qəbulu üzrə 23000-dən çox müraciət edib. Onlardan 20000 çox ərizəsi qəbul olunub. Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu iyulun 15-i saat 24:00-dək aparılacaq: “Müsabiqənin birinci mərhələsi, yəni test imtahanları 20-26 iyul tarixlərində keçiriləcək. Müvafiq olaraq, testdən keçənlərin müsahibə mərhələsi isə iyulun 28-dən avqustun 2-dək davam edəcək. Müsabiqəyə ölkə üzrə 3461 vakant yer çıxarılıb. Vakant yerlərin 90 faizi Azərbaycan bölməsi, 10 faizi isə rus bölməsinin payına düşür. Vakansiyaların 15 faizi şəhərləri, 85 faizi rayonları əhatə edir. Bakı üzrə vakansiyaların sayı 446, Cəlilabadda 211, Lerikdə 201, Qubada 183-dür. Vakansiyaların təxminən 45 faizi kimya, biologiya, fizika və coğrafiya fənlərini əhatə edir. Vakansiyalar kimya üzrə 446, biologiya üzrə 387, fizika üzrə 350, coğrafiya üzrə isə 328 yerdir. Vakansiyalardan 2363 yerə həvəsləndirmə tədbirləri tətbiq olunur. 1098 vakant yer şəhər, qəsəbələri əhatə etdiyi üçün həvəsləndirmə tətbiq olunmur. Onu da qeyd edək ki, Təhsil Nazirliyi sisteminə daxil olan təhsil müəssisələrinə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, üç mərhələli müsabiqə yolu ilə həyata keçirilir. Ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi almış, hazırda işləməyən, müvəqqəti əmək müqaviləsi ilə işləyən müəllimlər müəssisələrə işə qəbul üzrə müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün www.edu.gov.az saytından “Müəllimlərin işə qəbulu üzrə müsabiqə” səhifəsinə daxil olub elektron ərizə doldurulmalıdır. Elektron ərizələrin qəbulu vaxtı hər il Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir və elan edilir. Hər bir namizəd ixtisası üzrə ən çoxu 8 vakant yer seçə bilər. İmtahanın nəticəsi əsasında namizədlərin vakant yerlərə yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə aparılır. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsində test tapşırıqlarının 80 və daha yüksək faizinə, yəni 48 və daha çoxuna düzgün cavab verən namizədlər keçid balını toplamış hesab olunurlar. Həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlərə namizədlər üçün test tapşırıqlarının 60 faizinə, yəni 36 və daha çoxuna düzgün cavab keçid balı hesab olunur. İşə qəbul üzrə müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmənin nəticələri nəzərə alınmaqla, namizədlərin yekun qiymətləndirilməsi, vakant yerlərin sayına və seçim ardıcıllığına uyğun hər bir ixtisas üzrə ən yüksək bal toplamış namizəddən başlayaraq yerləşdirmə elektron proqram təminatı vasitəsilə dərhal imtahandan sonra həyata keçirilir və nəticələr barədə məlumat hər bir namizədin “Şəxsi səhifə”sinə göndərilir.

Mayın 12-də təhsil naziri Mikayıl Cabbarov Ağsu şəhərindəki Uşaq Yaradıcılıq Mərkəzində vətəndaşları qəbul edir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarında yaşayan vətəndaşların müraciəti dinlənilir. Əksər məsələlər yerindəcə həllini tapır, bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilir. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınır.

Mayın 12-də Azərbaycan Milli İncəsənət Muzeyində “Məktəblilər üçün muzey həftəsi – muzeylər və ekologiya” proqramının açılış mərasimi keçirilib.

  Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri, ümumtəhsil məktəblərinin müəllimləri və şagirdləri iştirak ediblər. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, proqramın məqsədi məktəblilərin muzeylərin kolleksiya fondunun ekoloji, davamlı inkişaf konsepsiyası və etnoqrafik aspektləri ilə tanış edilməsidir. Müasir dövrdə məktəblilərin ekoloji tərbiyəsinə ehtiyac olduğunu bildirən nazir müavini belə tədbirlərin davamlı olacağını deyib. Proqramı qonaqlara təqdim edən Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Firuzə Sultanzadə bildirib ki, “Məktəblilər üçün muzey həftəsi – muzeylər və ekologiya” proqramı mayın 12-dən 18-dək Təhsil Nazirliyi və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birgə həyata keçiriləcək. Proqram Bakı şəhərində fəaliyyət göstərən 15 muzeyi əhatə edəcək. Məktəblilərin muzeylərin kolleksiya fondu ilə tanışlığı zamanı eko-etnoqrafik əlaqələrə xüsusi diqqət yetirilərək muzeylərin kolleksiya fondunda olan əsərlərdə insanla ətraf mühit arasında münasibətlər öyrəniləcək. Yeni proqram üçün Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin metodistləri tərəfindən xüsusi interaktiv marşrutlar təyin edilib və ekoloji mövzular seçilib. Təqdimatdan sonra məktəblilər Azərbaycan Milli İncəsənət Muzeyindəki ekspozisiyalarla tanış olublar. Xatırladaq ki, hər il mayın 18-i Beynəlxalq Muzey Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (İKOM) 2015-ci ilin həmin gününü “Muzeylər və cəmiyyətin davamlı inkişafı” mövzusuna həsr edib. 

Xətai rayon komandası “Şahinlər” yarışının qalibi oldu

9-10 may 2015-ci il tarixlərdə “Şahin” hərbi-idman oyununun respublika final yarışı keçirilib. Final yarışına 9 zona üzrə keçirilən birinciliklərdən 19 komanda vəsiqə qazanmışdı. Yarış iştirakçıları may ayının 9-da saat 13.00-da Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra komandalar Novxanı qəsəbəsində yerləşən “Akva Park” İstirahət Mərkəzində yerləşmişlər və olar üçün konsert proqramı təşkil edilmişdir. Mayın 10-da saat 9.00-da iştirakçı komandalar Cəmşid Naxçıvanski adına Hərbi Liseydə C.Naxçıvanskinin abidəsini ziyarət etdikdən sonra saat 10.00-da final yarışının açılış mərasimi başlanmışdır. Açılışda Hərbi Liseyin rəisi, general-mayor Mirzə Almasov, Gənclər və İdman Nazirinin müavin İntiqam Babayev, Təhsil Nazirinin müavini Firudin Qurbanov, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov, Respublika Veteranlar Şurasının sədr müavini p-k. Cəlil Xəlilov çıxış edərək iştirakçı komandalara tövsiyyələrini vermiş və onlara uğurlar arzulamışdır. Açılışdan sonra komandalar “Sıra hazırlığı” da daxil olmaqla 8 mərhələ üzrə öz güclərini sınamışdır. Hakimlər heyətinin qərarına əsasən I yerə Xətai rayon komandası, II yerə Nizami rayon komandası, III yerə isə İsmayıllı rayon komandası layiq görülmüşdür. Qaliblər və ayrı-ayrı mərhələlərdə fərqlənən komandalar Gənclər və İdman Nazirliyi və digər qurumlar tərəfindən “Fəxri Fərman”la, hədiyyələrlə mükafatlandırılmışdır.   http://www.mys.gov.az

Mayın 12-də təhsil naziri Mikayıl Cabbarov Ağsu şəhərindəki Uşaq Yaradıcılıq Mərkəzində Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda vətəndaşlar, əsasən müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda 47 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

Təhsil Nazirliyinin Nizami rayon Uşaq Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən "Milli rəqs" dərnəyinin konserti keçirilib.

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında keçirilən "Dostluq çələngi" adlı konsertdə Lalə İbrahimovanın rəhbərlik etdiyi dərnək üzvləri milli "Qaval", "Tello", "Bulaq başı", "Meyvələr", eyni zamanda dünya xalqlarının "Yunan", "Holland", "Tacik", "Özbək", "Qırğız", "İtalyan", “Kukaraça”, “Lambada” rəqslərini ifa ediblər. Uşaqların nümayiş etdirdiyi "Xalqlar dostluğu rəqsi" adlı kompozisiya da tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Mərkəzin vokal dərnəyinin ifa etdiyi şən mahnılar, "Çiçəyim" uşaq teatrının çıxışları, balacaların moda nümayişi tədbirə xüsusi rəng qatıb. Konsert "Bayram" rəqsi ilə başa çatıb.

Böyük Britaniyanın London Universitet Kollecində “Bakı 2015” 1-ci Avropa Oyunlarının təqdimat mərasimi keçirilib.

Təqdimat Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində London Universitet Kollecində təhsil alan Nicat Baxşəliyev tərəfindən təşkil olunub. Tədbirdə həmyerlilərimizlə yanaşı, Böyük Britaniya, Fransa və İtaliyadan olan tələbələr də iştirak ediblər. Təqdimatdan əvvəl Kollecdə Avropa Oyunları ilə bağlı posterlər yerləşdirilib. Təqdimat zamanı iştirakçılara Avropanın ən əlamətdar tədbirlərindən biri olan “Bakı 2015” 1-ci Avropa Oyunları haqqında məlumat verilib. Qeyd olunub ki, Bakı şəhərində təşkil olunacaq ilk Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 6200-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq. Oyunlar zamanı 4-ü qeyri-olimpiya, 16-sı olimpiya olmaqla, ümumilikdə 20 idman növü üzrə 253 yarışın keçiriləcəyi haqda məlumat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Təqdimatın gedişində Avropa Oyunlarının keçiriləcəyi idman arenaları haqqında fotoşəkillər və Avropa Oyunlarına dair hazırlanmış videoçarx da iştirakçıların diqqətinə çatdırılıb.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı