Sentyabrın 7-də təhsil naziri Mikayıl Cabbarov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2015-2016-cı tədris ilində təhsil almaq üçün seçilmiş tələbələrin növbəti qrupu ilə görüşüb.
Görüş zamanı tələbələri təbrik edən nazir onlara təhsillərində uğurlar arzulayıb. Mikayıl Cabbarov qeyd edib ki, ildən-ilə Dövlət Proqramı çərçivəsində təhsil üçün müraciət edənlərin sayı artır. Bunun nəticəsidir ki, 2015-2016-cı tədris ili üçün keçirilən müsabiqədə seçim daha yüksək rəqabətlilik şəraitində keçib. Azərbaycan gənclərinin dünyanın ən aparıcı ali məktəblərində təhsil almasının əhəmiyyətinə toxunan nazir onların ölkəmizin dinamik inkişaf prosesinə layiqli töhfələr verəcəyinə əminliyini bildirib. Təhsil naziri bildirib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ötən əsrin 70-80-ci illərindən azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərində oxumağa göndərilməsi ilə yaxşı bir ənənənin əsası qoyulub. Ulu öndərin ölkəmizin müstəqillik illərində də xaricdə ali təhsil alan gənclərə xüsusi diqqət göstərdiyini vurğulayan nazir hazırda bu siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini nəzərə çatdırıb. Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasının Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu söyləyən təhsil naziri qeyd edib ki, gəncliyin müasir tələblər səviyyəsində yetişməsinə ayrılan vəsait ölkənin, xalqın firavan gələcəyinin daha etibarlı təminatına zəmin yaradır. Müstəqilliyimizin bərpasından qısa müddət keçməsinə baxmayaraq hər il minlərlə azərbaycanlı tələbə dünyanın aparıcı universitetlərinə qəbul olur, xarici dillərdə təhsillərini davam etdirir. Bu da onların Azərbaycanda aldıqları möhkəm təhsil təməllərinə əsaslanır. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən namizədliyi təsdiq olunan tələbələrin növbəti qrupu təhsilini Böyük Britaniya, ABŞ, Almaniya və Avstraliyada bakalavriat, magistraturavə fəlsəfə doktoru səviyyələrində davam etdirəcəklər. Bu tələbələr arasında Kolumbiya Universiteti, Oksford Universiteti, London Kollec Universiteti, London İmperial Kolleci, Adelaida Universiteti kimi dünyanın aparıcı ali təhsil müəssisələrinə qəbul olunmuş gənclərimiz yer alır. Onlar əsasən, mühəndislik, yüksək texnologiyalar, kimya, təhsilin təşkili və idarəolunması kimi ixtisaslar üzrə təhsil alacaqlar. Xaricdə təhsil üzrə Dövlət Proqramına 2015-2016-cı tədris ili üçün sənəd qəbulu 15 aprel – 15 iyul 2015-ci il tarixlərini əhatə edib. Ötən il olduğu kimi, müsahibələrdə Təhsil Nazirliyinin əməkdaşları ilə yanaşı, digər dövlət qurumları və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Müsahibə zamanı namizədlərin müvafiq tədris dilini yüksək səviyyədə bilməsi, tədris alacağı ixtisas üzrə biliklərinin yetərli səviyyədə olması, təhsillərini başa vurduqdan sonra qayıdaraq ölkəmizin inkişafına töhfə vermək niyyəti əsas seçim meyarları kimi tətbiq olunub.
07/09/2015 11:58
Sentyabrın 7-də Təhsil Nazirliyində Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərinə yeni təyin olunmuş direktorlarla görüş keçirilib.
Artıq 2 ildir ki, paytaxtın ümumi təhsil müəssisələrində rəhbər vəzifələrdə işləyən və ya gələcəkdə çalışmaq istəyən şəxslər üçün təlimlər təşkil edilir, təlimlərin yekun qiymətləndirilməsi aparılır. 2015-ci ilin mart ayınadək Bakı şəhəri istisna olmaqla, rayon və şəhərlərdə 229 ümumtəhsil məktəbinə, 2015-ci ilin sentyabr ayında isə Bakı şəhəri üzrə 24, digər şəhər və rayonlar üzrə 104 ümumtəhsil məktəbinə yeni direktor təyin olunub. Bununla, son bir ildə ölkə üzrə ümumtəhsil məktəblərinə yeni təyin olunan direktorların sayı 357 nəfərə çatıb. Qeyd edək ki, respublikamızın digər rayon və şəhərlərində ümumtəhsil məktəblərinə direktor seçimi müsahibə komissiyası tərəfindən aparılır. Görüşdə təhsil naziri Mikayıl Cabbarov rəqabətli və şəffaf seçimdən keçərək direktor təyin olunmuş məktəb idarəedənlərini təbrik edərək, onlara böyük ümidlər bəsləndiyini qeyd edib. Nazir bildirib ki, tədris mühitinin şəffaf olması, təşəbbüskarlıq, idarəetmədə yeni vərdişlərə yiyələnmə və məktəbin cəmiyyətin vacib həlqəsi kimi rolunu dərk etmə yeni təyin olunmuş direktorlardan gözlənilən əsas keyfiyyətlərdir. Bunun üçün prosesə təhlil yolu ilə yanaşmaq və hər bir məktəbin qarşısında duran hədəfləri dəqiq müəyyən etmək lazımdır. Təhsil sahəsində aparılan köklü islahatların əsas məqsədi məktəbin yetişdirdiyi məzun, formalaşdırdığı vətəndaşın bilik, bacarıq və peşəkar qabiliyyətini daha da artırmağa nail olmaqdır. Təhsildə baş verən yeniliklərin, aparılan islahatların gözlənilən nəticəni verməsi məktəb direktorlarının fəaliyyətindən bilavasitə asılıdır: “Qeyri-sağlam mühitdə sağlam vətəndaş formalaşa bilməz. Biz hazırlıqlı və layiqli vətəndaş yetişdirməliyik. Təhsilalanın, valideynin, ümumilikdə, cəmiyyətin fikri sizin fəaliyyətinizin nəticəsi olaraq formalaşır. Bunun üçün də ikitərəfli əlaqəyə, sağlam əsaslı valideyn komitələri vasitəsilə cəmiyyətlə yaradılan ünsiyyətə böyük ehtiyac var”. Nazir son 3 ildə ölkə təhsilində akademik göstəricilərinin xeyli yaxşılaşdığını, ali təhsil müəssisələrinə qəbulda orta balın əhəmiyyətli dərəcədə artdığını vurğulayıb: “Bu, bizim tədris göstəricilərinə kifayət qədər diqqət etməyimizdən irəli gəlir. Məktəb şagirdini yalnız ali təhsil almağa deyil, həm də onu həyata hazırlamalı, vətəndaş kimi yetişdirməlidir. Bununla belə, təhsilalan yaşadığı dövrün çağırışlarını anlamalı və ona vətəndaşlıq mövqeyindən yanaşmağı öyrənməlidir. Hazırda bizim ən böyük problemimiz olan işğal olunmuş torpaqlarımızla bağlı məsələlər həm dərs, həm də dərsdənkənar fəaliyyətimizdə daim öz əksini tapmalıdır”. Qeyd edək ki, 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrində rəhbər vəzifələrdə işləyən və ya gələcəkdə bu vəzifələrdə çalışmaq istəyən şəxslər üçün Təhsil Nazirliyi Dövlət İqtisad, Qafqaz və Xəzər universitetləri, həmçinin YUNİSEF-lə əməkdaşlıqda 162 nəfərə təlim keçib.
07/09/2015 10:36
Sentyabrın 4-də təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsinə təyin olunmuş Mustafa Babanlını bu təhsil müəssisəsinin kollektivinə təqdim edib.
Təhsil naziri Mustafa Babanlının ADNSU-nun rektoru təyin olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamını diqqətə çatdırıb və yeni rektora gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir qeyd edib ki, ADNSU-nun Azərbaycan ali təhsil sistemində özünəməxsus yeri var. Təhsil naziri bu tədris ocağının yetirməsi olan mütəxəssislərin nəinki respublikamızın, eləcə də dünyanın bir sıra ölkələrinin iqtisadiyyatına layiqli töhfələr verdiyini və Azərbaycan təhsilinin yetirmələri kimi yüksək uğurları ilə tanındıqlarını bildirib. O, bu ali məktəbin Azərbaycan elm və təhsilinin pioneri, eyni zamanda neft sənayesi sahəsində innovasiyaların əsas mərkəzi olduğunu nəzərə çatdırıb. ADNSU-nun həyatında yeni çağırışlara uyğun fəaliyyət sferasının açıldığını söyləyən təhsil naziri bunun üçün həm institutsional təcrübədən, həm də gənc mütəxəssislərin imkanlarından istifadənin vacibliyini qeyd edib. Şəffaf elmi mühitin yaranması üçün vacib həlqə olan bu yanaşma, həm də sənayenin digər sahələri üçün potensial kadr hazırlığı istiqamətində universitetə yeni imkanlar verir. Bu sahədə Təhsil Nazirliyinin yaxından köməyi ilə ADNSU-nun yeni inkişaf strategiyası hazırlanacaq və ali təhsil sahəsində beynəlxalq təcrübədən istifadə olunacaq. Bütün bu və ya digər işlərdə ali məktəbə yeni təyin olunmuş rəhbərliyin üzərinə ciddi öhdəliklər düşür. ADNSU-nun rektoru Mustafa Babanlı ona göstərilən etimada görə ölkə Prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib. O, ali məktəbin kollektivi ilə bərabər ADNSU-nun yeni hədəflərinin gerçəkləşdirilməsi üçün bütün mövcud imkanları səfərbər edəcəklərini bildirib. Qeyd edək ki, sentyabrın 3-də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb. Ölkə Prezidentinin digər sərəncamı ilə Mustafa Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsinə təyin olunub. Mustafa Baba oğlu Babanlı 1989-cu ildə Ukrayna Milli Texniki Universitetinin mühəndis-fizikası fakültəsinin metallar fizikası ixtisasını fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Milli Elmlər Akademiyasının Xüsusi Konstruktor Bürosunda mühəndis-texnoloq kimi əmək fəaliyyətinə başlayıb. 1990-1992-ci illərdə Ukrayna Milli Elmlər Akademiyası Metallar Fizikası İnstitutunun aspiranturasında təhsil alıb. 1993-cü ildə “Bərk cisimlərin fizikası” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi, 2008-ci ildə Azərbaycan Texniki Universitetində (AzTU) doktorluq dissertasiyası müdafiə edərək, “materialşünaslıq” ixtisası üzrə texnika elmləri doktoru elmi dərəcəsi alıb. AzTU-nun nəzdində Dissertasiya Şurasının və Təhsil Nazirliyi yanında Metodiki Əlaqələndirmə Şurasının üzvüdür. AzTU-nun metallurgiya və metalşünaslıq kafedrasında assistent (1996-2001-ci illər), dosent (2001-2010-cu illər), professor və beynəlxalq əlaqələr üzrə prorektor (2010-2015-ci illər) vəzifələrində çalışıb. 140-dan artıq elmi məqalənin, 6 ixtiranın, 5 dərs vəsaitinin, 1 dərsliyin və 4 monoqrafiyanın müəllifidir. Məqalələri Fransa, Almaniya, Rusiya, İsveçrə, Ukrayna, Hollandiya və başqa ölkələrin nüfuzlu elmi jurnallarında dərc olunub. Bir sıra beynəlxalq elmi layihələrə rəhbərlik edib.
04/09/2015 10:36
Sentyabrın 21-də “Elektron Təhsil” Respublika müsabiqəsinə start veriləcək.
Müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq və tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaqdan ibarətdir. Müsabiqə 2 istiqamət olmaqla, 6 nominasiya üzrə keçiriləcək. Müsabiqə qaliblərinə noutbuk, planşet, printer və digər xüsusi hədiyyələr təqdim olunacaq. “Elektron Təhsil” Respublika müsabiqəsi Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində “Elektron Təhsil” Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
04/09/2015 04:31
2015-2016-cı tədris ilində ümumi təhsil müəsisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, boş qalan və müsabiqə prosesində yeni yaranmış 1468 vakant yerə əlavə yerləşdirmə elan edilir.
Əlavə yerləşdirmədə fənlər üzrə müvafiq keçid balını toplayan, eləcə də müəyyənləşdirilmiş keçid balından 10 faiz aşağı bal toplayan namizədlər iştirak edə bilərlər. Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanan keçid balını toplamış namizədlər müddətsiz müqavilə əsasında, keçid balından aşağı bal toplayanlar 2015-2016-cı dərs ilinin sonunadək müddətli müqavilə ilə işləmək hüququ əldə edəcəklər. Əvvəlki illərdən fərqli olaraq, cari ildə müsabiqədən sonra ümumi təhsil müəssisələrində qalan vakant yerlərin tutulması sahəsində yeni yanaşma tətbiq edilib. Belə ki, ixtisaslı müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun mərkəzləşdirilmiş müsabiqə əsasında həyata keçirilməsi nəzərdə tutulub. Əlavə yerləşdirmə üzrə elektron ərizələrin qəbulu 3 sentyabr 2015-ci il tarixdən başlanacaq və 6 sentyabr 2015-ci il tarixdə saat 15:00-da başa çatacaqdır. Əlavə yerləşdirmədə iştirak etmək üçün namizədlər öz “Şəxsi səhifə”lərinə daxil olmaqla 8-dək vakant yer seçə bilərlər. Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanan namizədlər 7 sentyabr 2015-ci il tarixdə saat 14.00-da Azərbaycan Dövlət İqtisad Universitetinin II korpusuna müsahibəyə dəvət olunacaqlar. Vakant yer tutmaq hüququ qazanan keçid balından aşağı bal toplamış namizədlərin siyahıları müddətli müqavilələrin bağlanması üçün müvafiq yerli təhsil orqanlarına və təhsil müəssisələrinə göndəriləcəkdir.
03/09/2015 11:27
Təhsil Nazirliyinin Bakı şəhərində fəaliyyət göstərən idman məktəblərinin əməkdaşları arasında keçirilən paintball üzrə dostluq turniri başa çatıb.
“Təhsil” Respublika İdman Mərkəzinin təşkil etdiyi “Paintball-2015” turnirinin keçirilməsində məqsəd idman məktəblərinin kollektivləri arasında dostluq əlaqələrinin gücləndirilməsi və sağlam həyat tərzinin təbliğindən ibarətdir. Turnirdə 24 idman məktəbinin komandası iştirak edib. 3 mərhələdə keçirilən yarışda I yeri 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, II yeri 7 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Tennis Məktəbi, III yeri isə Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi tutub. İlk üç yeri tutan komandalara qiymətli hədiyyələr təqdim olunub.
03/09/2015 10:32
2015-2016-cı tədris ilinin başlanğıcında bir sıra təhsil obyektlərinin tikintisi və təmiri başa çatdırılacaq, eyni zamanda yenilərinin təməli qoyulacaq.
Yeni təhsil müəssisələrinin tikintisi əsasən bölgələri əhatə edir. Təmir-tikinti qrafikinə uyğun olaraq, sentyabr və oktyabrda Gədəbəydə Moruxlu, Bərdədə Türkmənkənd, Kürdəmirdə Atakişili, Şəkidə Qaratorpaq, Lerikdə Anbu, Zaqatalada Yengiyan, Şamaxıda Şərədil, Astarada Artupa və Sım, Cəlilabadda İncilli, Qubada Əspərasti və Məckə-Xacə kənd tam orta məktəblərinin tikintisinin başa çatdırılması və təhvil verilməsi nəzərdə tutulub. Bunlarla yanaşı, Şəmkir şəhərində Nizami Gəncəvi adına məktəbin, Lənkəranda oğlanlar üçün ailə tipli kiçik qrup evlərinin tikintisi yekunlaşdırılacaq, Qəbələdə peşə məktəbinin təməli qoyulacaq. Yeni tədris ili ərəfəsində əsaslı təmir olunmuş bir sıra təhsil müəssisələri də müəllim və şagirdlərin istifadəsinə veriləcək. Belə ki, Balakən rayonu Ümumi orta internat məktəbinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tədris binasının, İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin tədris korpusunun, Bakı Texniki Kollecinin, Bakı Rabitə və Nəqliyyat Kollecinin, Kimya-biologiya təmayüllü Respublika liseyinin, Bakı şəhəri Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbin əsaslı təmiri artıq yekunlaşıb. Təhsil Nazirliyi Sabirabad 5 nömrəli tam orta məktəbin texnologiya müəllimi Əhliman Hüseynovun ailəsi üçün tikilmiş evi də sentyabrda təhvil verəcək.
02/09/2015 11:23
Sentyabrın 1-də Təhsil Nazirliyi, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin və Paris Sorbonna Universitetinin Abu Dabi kampusunun birgə əməkdaşlığı ilə Qubada təşkil olunan “Məktəb idarəetməsi” mövzusunda təlim kursunun açılış mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov və Fransanın Azərbaycandakı səfiri Paskal Mönye iştirak ediblər. Səfir Paskal Mönye Azərbaycan və Fransa arasında bütün sahələrdə sıx əməkdaşlıq olduğunu, təhsil sahəsində birgə fəaliyyətin qarşılıqlı faydaya söykəndiyini vurğulayıb. Səfir azərbaycanlı məzunların Fransada təhsil almaları üçün geniş imkanların olduğunu bildirib. Təhsil nazirinin müavini Ceyhun Bayramov təlim kurslarında Təhsil Nazirliyinə tabe olan, eyni zamanda, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən tövsiyə edilmiş məktəb direktorları ilə yanaşı, 2013-2014-cü ilin buraxılış imtahanlarında yüksək nəticə göstərən Sumqayıt və digər şəhər (rayon) məktəbləri rəhbərlərinin iştirak etdiyini diqqətə çatdırıb. Nazir müavini bildirib ki, intensiv təlim proqramının əsas məqsədi seçilmiş məktəb direktorları üçün qabaqcıl təlim sistemi və effektiv məktəb idarəetməsi anlayışını tanıtmaq, məktəb rəhbərlərinin liderlik potensialını inkişaf etdirməkdir. Sentyabrın 9-dək davam edəcək təlim Paris Sorbonna Universitetindən xüsusi dəvət olunmuş professor Florent Pratlong tərəfindən keçiriləcək. Əlavə olaraq, kurs çərçivəsində yerli təlimçilər tərəfindən liderlik, məktəb çərçivəsində şagird sağlamlığının qorunması, vaxtın idarəolunması, təqdimat bacarıqlarının inkişafı və digər mövzularda interaktiv sessiyalar təşkil olunacaq. Kursun sonunda iştirakçılara məktəb idarəedilməsi ilə bağlı uzun müddətli tapşırıq veriləcək və onun nəticələri əsasında onlayn monitorinq aparılacaq.
01/09/2015 10:50
Sentyabrın 1-də Təhsil Nazirliyinin Bakı şəhərində fəaliyyət göstərən idman məktəblərinin əməkdaşları arasında paintball üzrə dostluq turniri başlayıb.
“Təhsil” Respublika İdman Mərkəzinin təşkil etdiyi “Paintball-2015” turnirinin keçirilməsində məqsəd idman məktəblərinin kollektivləri arasında dostluq əlaqələrinin gücləndirilməsi və sağlam həyat tərzinin təbliğidir. Turnirdə 24 idman məktəbinin komandası iştirak edir. Yarışlar 3 mərhələdə keçiriləcək. I, II və III yeri tutan komandalar qiymətli hədiyyələrlə təltif olunacaq.
01/09/2015 09:02
Avqustun 24-28-də ADA Universitetində “Ali təhsil müəssisələrinin müəllim heyəti üçün 1-ci yay akademiyası” adlı təlim proqramı keçirilib.
Təhsil Nazirliyinin “SABAH Qrupları” layihəsinin dəstəyi ilə ADA Universitetinin Təhsilin İdarə edilməsi fakültəsi tərəfindən təşkil edilən beş günlük təlim ölkənin müxtəlif ali təhsil ocaqlarından 200-ə yaxın professor-müəllim heyətini cəlb edib. “Yay Akademiyası” nın əsas məqsədi iştirakçıların bir sıra sahələrdə, o cümlədən, yerlərdə daha uğurlu tədris prosesinin təşkili üçün müxtəlif müasir təlim-tədris üsullarını və qiymətləndirmə meyarlarını səmərəli tətbiq etmə, elmi tədqiqatlar vasitəsi ilə pedaqoji fəaliyyəti təkmilləşdirmə üzrə bilik və bacarıqlarını artırmaqdır. Bağlanış məraimində çıxış edən universitetin rektoru, professor Hafiz Paşayev bildirib ki, Azərbaycan inkişafının mühüm mərhələsində olduğu bir məqamda ölkəyə bütün sahədə peşəkar, bacarıqlı kadrlar lazımdır. Bunu yalnız müasir standartlara cavab verən tədrisin tətbiqi ilə əldə etmək olar. Son illər təhsil sahəsinə artan diqqət nəticəsində ölkədə ardıcıl və davamlı təhsil islahatları həyata keçirilir. ADA Universitetində Təhsilin İdarə edilməsi fakültəsi də məhz təhsil sahəsində bacarıqlı menecerləri məzun etmək zərurətindən yaranmışdır. ABŞ-ın Miçiqan Universiteti ilə birgə təsis edilən ADA-nın Təhsilin İdarə edilməsi fakültəsi Təhsil Nazirliyi tərəfindən də dəstəklə qarşılanmışdır. Rektor Paşayev keçirilən təlimlərin ADA Universitetinin təhsil standartlarını digər yerlərdə də tətbiqinə kömək edəcəyinə ümid bəslədiyini bildirmişdir. Ali məktəblərə qəbul imtahanlarını mərkəzləşdirilmiş qaydada aparılmasını müsbət dəyərləndirən H.Paşayev bununla bərabər, yeni tələbləri nəzərə almağın da çox vacib olduğunu bildirib: "İndi yeni tələblər var ki, onları nəzərə almaq lazımdır. Bu il ali məktəblərdə 6 min yer boş qalıb. Bizim universitetdə yerlər tam dolub. Bəlkə bir-iki yer boş qalıb, o da müxtəlif səbəblərdən. Amma elə universitetlər var ki, cəmi 25-30 faiz yerlər dolub. Halbuki, əgər cavanlar ərizə veribsə oxumaq istəyirlər. Əlbəttə, tələbənin səviyyəsi də vacibdir". H.Paşayev bu sahədə mövcud olan dünya təcrübəsindən nümunə gətirib: "Dünya universitetləri girişdə qapını geniş açıb, sonra çıxışda daraldırlar. Oxuya bilən universiteti bitirir. Müvəffəq olmayan başqa işlə məşğul olmalıdır”. Bir həftəlik təlim zamanı 1-ci Yay Akademiyasının iştirakçıları “Müəllimin fərdi inkişafı”, “Tələbəyönümlü təlim”, “Müəllim islahatçı-təşəbbüskar rolunda“, “Təhsildə etik normalar və “Davranış kodeksi” kimi müasir təhsilin mühüm mövzuları üzrə təlim alıblar.Tədbirin yekununda təlim iştirakçılarına sertifikatlar verilib.
29/08/2015 12:00
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı