Azərbaycan-Fransız Universitetinin yaradılması üzrə işçi qrupunun ilk görüşü olub
Oktyabrın 26-27-də Bakıda Azərbaycan-Fransız Universitetinin yaradılması üzrə işçi qrupunun ilk görüşü olub. Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan tərəfindən Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Dövlət Neft Fondunun əməkdaşları və layihə üçün tərəfdaş universitet qismində seçilmiş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rəhbərliyinin daxil olduğu nümayəndə heyəti, Fransa tərəfindən isə Strasburq Universitetinin prezidenti Alen Beretzin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər. Qonaqları salamlayan təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası və Fransa Respublikası prezidentlərinin təşəbbüsü ilə ötən ilin mayında Fransa Prezidentinin ölkəmizə səfəri zamanı Azərbaycanın Təhsil Nazirliyi və Fransanın Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyi arasında universitetlərarası əməkdaşlıq sahəsində niyyət protokolunun imzalandığını bildirib. Nazir qeyd edib ki, bu, iki ölkə arasında humanitar sahədəki əlaqələrin inkişafı baxımından yeni səhifələr açır. Görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Strasburq Universitetinin təsisçiliyi əsasında Azərbaycan-Fransız Universitetinin yaradılması, hər iki ölkənin ali məktəbləri arasında əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İşçi qrupu Azərbaycan-Fransız Universiteti layihəsinin reallaşdırılması istiqamətində növbəti mərhələdə atılacaq addımları da müzakirə edib. AZƏRTAC
27/10/2015 17:24
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Strasburq Universitetinin prezidenti ilə görüşüb
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 26-da Fransanın Strasburq Universitetinin prezidenti Alen Beretz ilə görüşüb. Görüşdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva son illər ölkələrimiz arasında siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, humanitar sahədə də əlaqələrin inkişaf etdiyindən məmnunluğunu bildirib, bu sahədə bir çox işlərin həyata keçirildiyini vurğulayıb. Ölkələrimiz arasında təhsil, mədəniyyət və elm sahələrində reallaşdırılan layihələrdən danışan Mehriban Əliyeva bildirib ki, bütün bu addımlar Azərbaycan-Fransa dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Birinci xanım Mehriban Əliyeva Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə ölkəmizdə Fransa ali məktəbinin yaradılacağını, artıq bu layihə üzrə konkret addımların atıldığını diqqətə çatdırıb. Strasburq Universitetinin prezidenti Alen Beretz Azərbaycana bu səfərinin layihənin həyata keçirilməsinə töhfə olacağına əminliyini ifadə edib. Görüşə görə təşəkkürünü bildirən Alen Beretz Azərbaycanda Fransa ali məktəbinin yaradılması layihəsinin əhəmiyyətindən danışıb. AZƏRTAC
27/10/2015 10:19
Şahmat üzrə zona yarışları başa çatıb
Təhsil Nazirliyinin tabeliyində olan Uşaq-Gənclər Şahmat məktəblərinin və Uşaq-Gənclər İdman məktəblərinin şahmat bölmələrinin şagirdləri arasında “Təhsil” Respublika İdman Mərkəzinin Respublika çempionatının zona yarışları keçirilib. 6 yaş qrupu üzrə oğlan və qızlar arasında keçirilən yarışlara ümumilikdə 800-dək məktəbli qatılıb. Zona üzrə hər yaş qrupundan I, II və III yerləri tutan oğlan və qızlar çempionatın final mərhələsinə vəsiqə qazanıb. Qaliblər diplom və medallarla mükafatlandırılıb. Qeyd edək ki, çempionatın final mərhələsinin hər yaş qrupu üzrə qalibləri 2016-cı ildə keçiriləcək məktəblilərin Dünya Çempionatına, II yerin sahibləri isə Avropa çempionatına vəsiqə qazanacaqlar.
26/10/2015 10:53
Təhsil naziri Mikayıl Cabbarov Nazarbayev Universitetinin prezidenti Şiqeo Katsu ilə görüşüb
Oktyabrın 22-də Qazaxıstanın paytaxtı Astana şəhərində işgüzar səfərdə olan təhsil naziri Mikayıl Cabbarov Nazarbayev Universitetinin prezidenti Şiqeo Katsu ilə görüşüb. Görüşdə universitetin prezidenti bu ali təhsil müəssisəsinin innovativ xarakterli fəaliyyəti və gələcək planları barədə ətraflı məlumat verib. Təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzə Dövlət Strategiyası” üzrə aparılan təhsil islahatları barədə məlumat verib. Bu proses çərçivəsində iki ölkə arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, Nazarbayev Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
23/10/2015 06:16
Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinlərinin nəzərinə!
Təhsil naziri Mikayıl Cabbarov 28 oktyabr 2015-ci il tarixində saat 11:00-da Quba şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinlərini qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar 23, 26 və 27 oktyabr 2015-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
23/10/2015 04:47
Məktəblilər kağız tullantıları toplayıblar
Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi məktəb “Ekoklub”larının üzvləri ilə birlikdə Beynəlxalq Kağızdan İmtina Gününə həsr olunmuş aksiyalar keçiriblər. Bakı şəhərinin müxtəlif ümumi təhsil müəssisələrində təhsil alan gənc ekoloqlara təbii ehtiyatlara qənaətcil münasibət, kağız tullantılarının toplanması, kağızın effektiv və ya təkrar istifadəsi ilə əlaqədar mini-layihələrin hazırlanması və həyata keçirilməsi təklif olunub. Məktəblilər bu mövzuda plakatlar hazırlayıb və həmyaşıdları arasında məlumatlandırma apararaq kağız tullantıları toplayıblar. İlk təşəbbüsü Bakı Avropa Liseyinin 4p2 sinif şagirdləri Cəmilə Kərimzadə, Kövsər İbrahimova, Məryəm İmaməliyeva və Ayan Əliyeva göstəriblər. Onlar sinif yoldaşları ilə birlikdə 35 kq kağız tullantısı toplayaraq ASAN Xidmətin qəbul məntəqəsinə təhvil veriblər. Xatırladaq ki, 22 oktyabr bütün dünyada Beynəlxalq Kağızdan İmtina Günü kimi qeyd olunur. Bu günün təşəbbüskarı informasiyaların idarə olunması sahəsində 150 ölkədən 70000-dən çox mütəxəssisi birləşdirən Beynəlxalq Azad Peşəkarlar Assosiasiyasıdır. Bu gündə bütün dünyada insanlar işdə, istehsalatda və işgüzar sahədə kağızdan istifadəni azaltmağa kömək edən texnologiyalar barədə öz təcrübələrini bölüşürlər. Kampaniyanın əsas məqsədi elektron sənəd dövriyyəsi vasitəsilə kağızın effektiv və ekoloji cəhətdən səmərəli istiadə imkanlarına diqqət cəlb etməkdən ibarətdir.
22/10/2015 12:37
Astanada MDB-yə üzv ölkələrin ziyalılarının və elm xadimlərinin X Forumu keçirilir
Qazaxıstanın Astana şəhərində MDB-yə üzv ölkələrin yaradıcı ziyalılarının və elm xadimlərinin “Birliyin humanitar məkanı: ümumi dəyərlər və mədəniyyətlərarası dialoq” mövzusunda X Forumu keçirilir. MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təşkil edilən Forumda Birliyə üzv dövlətlərdən 200-ə yaxın nümayəndə heyəti dəvət olunub. Forumda Azərbaycanı təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub. Forumun spikerləri - MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Fondun idarə heyətinin həmsədri Mixail Şvıdkoy, Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muhammediulı plenar iclasda iştirak ediblər. MDB-yə üzv ölkələrin elm, təhsil üzrə nümayəndələrinin, mədəniyyət nazirlərinin, alimlərin iştirak etdikləri Forumun növbəti günü sessiyalar üzrə mədəniyyətlərarası dialoq, MDB-də 2016-cı ilin “Təhsil ili” elan edilməsi, mədəniyyətlərarası dialoqda muzeylərin rolu, ümumi tarixi yaddaşın və nəsil varisliyinin qorunub saxlanılması kimi mövzular müzakirə olunacaq. Forumun sonunda elmi və yaradıcı ziyalıların birgə əməkdaşlıq işində ən mühüm məsələlərin yekun qətnaməsi qəbul ediləcək. Tədbirdə “Debütlərin Birliyi 2015” beynəlxalq gənclər müsabiqəsinin laureatları mükafatlandırılıb. Bu il mükafatlar turizm sahəsinin mütəxəssislərinə verilib. Mükafata layiq görülənlər arasında Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi Şəmsiyyə Tahirbəyova da olub. İlahə Əhmədova AZƏRTAC-ın xüsusi müxbiri Astana
22/10/2015 11:33
Məktəbli rəssamlarımızın əsərləri Çexiyada sərgilənib
Çexiyanın Lidiçe şəhərində 43-cü Beynəlxalq Təsviri Sənət Uşaq Bədii Yaradıcılıq Sərgisi keçirilib. Sərgi “Beynəlxalq İşıq və İşıq əsaslı Texnologiyalar İli”nə həsr olunub. Ətraf aləmdə təbii və süni işıq, optik hadisələr, ixtiralar, işığın enerji mənbəyi kimi istifadəsi, təsviri sənətdə, folklorda və ümumilikdə insan həyatındakı rolu mövzularının əks olunduğu sərgidə 71 ölkə məktəbliləri iştirak edib. Rəsm əsərləri Çex Respublikasından 16, digər dövlətlərdən isə 8 nəfər peşəkar müəllim və rəssamdan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Tofiq İsmayılov adına Bakı Uşaq-Gənclər Yaradıcılıq Sarayının Təsviri Sənət Qalereyasının 5–16 yaş arasında olan 51 nəfərdən ibarət dərnək üzvü də bu beynəlxalq sərgiyə öz rəsmlərini göndəriblər. Onlardan 3 nəfərin işi sərgiyə təqdim edilmiş 21380 əsər arasından müsabiqənin qalibi elan olunub. Həmin rəsm əsərləri Çexiyanın Lidiçe Qalereyasında oktyabrın sonunadək nümayiş etdiriləcək. Sərginin azərbaycanlı qalibləri Çexiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə dəvət olunub, səfir Vitezslav Pivonka tərəfindən Fəxri Diplom və hədiyyələrlə təltif ediliblər. Qeyd edək ki, BMT-nin Baş Assambleyasının elan etdiyi 2015-“Beynəlxalq İşıq və İşıq əsaslı Texnologiyalar İli” çərçivəsində tədbirlər YUNESKO tərəfindən təşkil olunur.
22/10/2015 11:02
Məktəblilərin Olimpiadalara hazırlıq mərkəzinə mediatur
Oktyabrın 21-də Təhsil Nazirliyinin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseydə yaradılan məktəblilərin Olimpiadalara hazırlıq mərkəzinə mediatur keçirilib. Mətbuat təmsilçilərinə məlumat verilib ki, bu liseylə yanaşı, nazirliyin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin nəzdində də belə mərkəz fəaliyyət göstərir. Azərbaycan məktəblilərinin beynəlxalq fənn olimpiadalarında daha uğurlu çıxışlarını təmin etmək məqsədilə yaradılan hər iki mərkəz şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün zəruri maddi-texniki baza ilə təchiz edilib. Şagirdlər, həmçinin dövlət hesabına gündəlik yemək və ehtiyac yarandıqda yataqxana ilə təmin olunur. Fənn olimpiadaları və bilik yarışlarının istedadlı şagirdlərin aşkar olunmasında əhəmiyyəti nəzərə alınaraq, bu sahədə mühüm addımlar atılıb. Ötən tədris ilində 22 mindən çox şagird respublika fənn olimpiadalarına qatılıb ki, bu da əvvəlki illərlə müqayisədə 4,5 dəfə çoxdur. Bu il, həmçinin Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycan 104 ölkə arasında 48-ci yeri tutub, məktəblilərimiz dünya fənn olimpiadalarında 1 gümüş, 8 bürünc medal qazanıblar. Qeyd olunub ki, Olimpiadalara hazırlıq mərkəzlərinə seçim turunda hər fənn üzrə 20-25 nəfər VI-VIII, 15-20 nəfər IX-XI sinif şagirdi seçilib. Olimpiadalara hazırlıq mərkəzlərində seçilmiş şagirdlərlə fizika, riyaziyyat, kimya, biologiya, informatika fənləri üzrə xüsusi proqram əsasında hazırlıq məşğələlərinə başlanılıb. Tədris ili ərzində həmin şagirdlər üçün bir neçə sınaq imtahanı keçiriləcək və nəticələrə əsasən, ölkəmizi beynəlxalq olimpiadalarda təmsil edəcək şagirdlər müəyyənləşəcəkdir. Eyni zamanda şagirdlər həm qış, həm yay tətili dövründə qış və yay olimpiada məktəblərinə cəlb ediləcəklər. Media nümayəndələri fizika və riyaziyyat üzrə hazırlıq məşğələlərində iştirak edib, liseyin yataqxanasında şagirdlər üçün yaradılmış şəraitlə tanış olublar.
21/10/2015 12:43
Təhsil naziri Mikayıl Cabbarov ““Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında” əmr imzalayıb.
Əmrə əsasən, “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradılıb. Həmçinin, müsabiqələrdə iştirakla bağlı Təşkilat Komitəsinə daxil olan sənədlərin müəyyən edilmiş qaydada ekspertizasını aparan işçi qrupunun tərkibi təsdiq olunub. Qeyd edək ki, ölkə Prezidenti cənab İlham Əliyevin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” 4 sentyabr 2007-ci il tarixli sərəncamının icrası ilə əlaqədar hər il keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri yaradıcı müəllimlərin və səmərəli idarəetmə fəaliyyəti ilə fərqlənən ümumtəhsil məktəblərinin aşkara çıxarılmasında mühüm rol oynayır. Müsabiqələr təhsil sahəsində sağlam rəqabəti gücləndirməklə yanaşı, tədrisin keyfiyyətinin yüksəldilməsinə də əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. ““Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında” Azərbaycan Respublikası təhsil nazirinin əmri
21/10/2015 07:40
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
? 2026–2027-ci tədris ili üzrə yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu elan edilir
ƏtraflıHeydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar. Leyla Əliyeva və Arzu Əliyeva məktəbin şagirdləri ilə görüşərək onların yaradıcılıq nümunələri ilə tanış olub, uşaqlara hədiyyələr təqdim ediblər. Ətraflı: https://tinyurl.com/4mkd3xfk #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #ÜmumiTəhsil
ƏtraflıElm və təhsil nazirinin müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri zamanı bu ölkənin təhsil naziri Andrey İvanets ilə görüşüb. Görüşdə elm və təhsil, o cümlədən ümumi, peşə və ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı Qarabağ Universiteti ilə Belarus Respublikasının aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Firudin Qurbanov Belarus Respublikasında təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb, onları maraqlandıran sualları cavablandırıb və təkliflərini dinləyib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23126-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı