Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Müsabiqə qalibləri mükafatlandırılıb

Yanvarın 8-də məktəb icmalarının yaradılması üzrə pilot layihə çərçivəsində “Sinif icmalarının plan müsabiqəsi” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin keçirilməsində əsas məqsəd Dünya Bankının maliyyə, “Allianz Consult” şirkətinin təşkilati dəstəyi ilə pilot layihə çərçivəsində yaradılan icmaların fəaliyyətini stimullaşdırmaqdan, icma üzvlərini həvəsləndirməkdən, müəllim, şagird və valideynlərə icma yaratmağı təşviq etməkdən ibarətdir.. Müsabiqənin keçirilməsində əsas məqsəd pilot layihə çərçivəsində yaradılan icmaların fəaliyyətini stimullaşdırmaqdan, icma üzvlərini həvəsləndirməkdən, müəllim, şagird və valideynlərə icma yaratmağı təşviq etməkdən ibarətdir. Bakı şəhərindəki 204 saylı tam orta məktəbdə keçirilən tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, müsabiqənin təşkilində iştirak edən qurumların nümayəndələri, təhsil ekspertləri, müsabiqə qalibləri və KİV təmsilçiləri iştirak ediblər. Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva layihənin əhəmiyyətindən danışaraq məktəb icmalarının valideyn və məktəb arasında etibarlılığın möhkəmlənməsinə zəmin yaratdığını bildirib. M.Vəliyeva qeyd edib ki, məktəb, şagird və valideyn arasında düzgün qurulan əlaqə uşağın gələcək taleyində böyük rol oynayır. Sonra çıxış edənlər məktəb icmaları layihəsinin məktəb-valideyn münasibətlərin möhkəmləndirilməsi baxımından əhəmiyyətindən danışaraq, bu əməkdaşlığın uşaqların tədris nailiyyətlərinin yüksəldilməsinə olduqca müsbət təsir göstərdiyini vurğulayıblar. Qeyd edək ki, www.community.az saytı vasitəsilə keçirilən müsabiqədə 37 sinif icması iştirak edib. Qaliblər 5 nominasiya üzrə müəyyənləşdirilib. “Sinif icmasının ən yaxşı planı” nominasiyasında Gəncə şəhəri M.Mehdizadə adına 4 saylı tam orta məktəbin III-j sinfi, “Xərcsiz sevinc” nominasiyasında Bakı şəhəri Ə.Mahmudov adına 220 saylı məktəb-liseyin II-c sinfi, “Ən orijinal fikir” nominasiyasında Bakı şəhəri Ə.Əliyeva adına 204 saylı tam orta məktəbin VI-d sinfi, “Sərhədsiz xeyirxahlıq” nominasiyasında isə Gəncə şəhəri M.Mehdizadə adına 4 saylı tam orta məktəbin IX-b sinfi qalib olub. “Ən fəallar” nominasiyası üzrə isə 2 icma - İsmayıllı şəhəri İ.Həsənov adına 1 saylı tam orta məktəbin VIII-a sinfi və Bakı şəhəri 169 saylı tam orta məktəbin VI-b sinfi fərqlənib. Hər bir nominasiya üzrə qaliblərə Fəxri fərman və  müxtəlif dəyərli hədiyyələr təqdim olunub. Müsabiqənin keçirilməsinə “Access Bank” ASC, “Sağlam Ailə” MMC, “Standard Insurance” ASC, “Baker Tilly Azərbaycan” MMC, “AZZA” şirniyyat evi, "Khazar Ventures" MMC, "Azerfon" MMC şirkətləri tərəfindən dəstək verilib.

UNEC-də payız semestrinin imtahan sessiyası ilə bağlı görüşlərə start verilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında ilk görüş keçirilib. Təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən təşkil edilmiş görüşdə təhsil ekspertləri və QHT nümayəndələri payız semestrinin imtahan sessiyasının gedişini izləyiblər. Təhsil ekspertləri Şahlar Əsgərov, Əjdər Ağayev, Etibar Əliyev, Məlahət Mürşüdlü, Nadir İsrafilov, Böyükağa Mikayıllı, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz imtahan prosesini yaxından izləyib və tələbələrlə söhbət ediblər. Daha sonra qonaqlar UNEC-in rektoru Ədalət Muradovla görüşüb. Görüşdə UNEC-in innovativ metodlarla idarə edilməsinin dövrün tələblərinə cavab verən mütəxəssis hazırlığı üçün mühüm şərtlərdən biri olduğu qeyd edilib. Qonaqlar universitetin tələbə biliyinin qiymətləndiriləsi baxımından yeni mərhələyə qədəm qoyduğunu müşahidə etdiklərini və bu təcrübənin digər ali məktəblərdə də tətbiqinin məqsədəuyğun olduğunu söyləyiblər. UNEC-in elektron universitetə çevrilməsini yüksək dəyərləndirən görüş iştirakçıları bunun dövlətin elektron hökumət siyasətinin həyata keçirilməsinə dəstək olduğunu vurğulayıblar. Həmçinin, bir saat ərzində 500 tələbənin imtahan verməsinin və elektron apellyasiyanın tətbiqinin tələbələrin vaxta qənaət etməsi üçün mühüm amil olduğu qeyd edilib. UNEC-də imtahan sessiyası fevralın 1-dək davam edəcək. Sessiya boyunca tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi, şəffaflığın qorunması məqsədilə ictimaiyyət nümayəndələrinin müşahidəçi qismində iştirakı üçün şərait yaradılıb.

Təhsil naziri rusiyalı qonaqlarla görüşüb

Yanvarın 7-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan Rusiya Federasiyasının Təhsil və Elm Sahəsində Nəzarət üzrə Federal Xidmətinin sədri Sergey Kravtsovu və Dağıstan Respublikasının təhsil və elm naziri Şaxabas Şaxovu qəbul edib. Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanla Rusiya arasında təhsil sahəsində əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirərək Rusiya Federasiyasının təhsil və elm naziri Dmitri Livanovun 19-21 noyabr 2015-ci il tarixlərində ölkəmizə rəsmi səfərinin hər iki tərəf üçün məhsuldar və faydalı keçdiyini nəzərə çatdırıb.     Görüş zamanı Azərbaycanda və Rusiyada təhsil sahəsində aparılan islahatlar, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, təhsil müəssisələrinə nəzarət və təhsilin müxtəlif səviyyələrində təhsilalanların biliyinin qiymətləndirilməsi istiqamətində qarşılıqlı təcrübə mübadiləsi və digər maraq doğuran məsələlərə dair müzakirələr aparılıb.

Media nümayəndələri imtahan prosesini izləyib

Yanvarın 7-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) imtahan sessiyasının gedişini izləmək üçün mediatur keçirilib. Mediaturda 20-dən çox KİV nümayəndəsi iştirak edib. Qeyd edək ki, mediatur təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən həyata keçirilib. Mediatur zamanı mətbuat təmsilçilərinə məlumat verilib ki, universitetdə 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi məqsədilə müvafiq işlər görülüb. İmtahanlarda şəffaflığın qorunması üçün valideynlərin iştirakına əlverişli şərait yaradılıb. Bununla əlaqədar universitetdə xüsusi elanlar da yazılıb. Hər bir tələbənin valideyni şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanlarda iştirak edə bilər. İmtahan Mərkəzindən başlayan tanışlıq zamanı media nümayəndələrinə bildirilib ki, universitetdə imtahanlara hazırlıq işlərinə ötən ilin dekabr ayının əvvəllərindən start verilib. Qeyd olunub ki, qiyabi bölmə üzrə imtahanlar dekabrın 22-dən, əyani bölmə üzrə isə dekabrın 29-dan başlayıb. İmtahan Mərkəzində 7 fakültənin və SABAH qruplarının imtahan verəcəyi auditoriyaların, eləcə də imtahana nəzarət edəcək müəllimlərin siyahısı müəyyənləşdirilib. Mərkəzdə hər bir fakültənin adı, qrupun, tələbənin imtahan verəcəyi fənn və otaq nömrəsi qeyd olunan qovluqlar hazırlanıb. Hər bir qovluğa imtahan verən qrup tələbələrinin sayına görə bilet və möhürlənmiş boş cavab vərəqləri yerləşdirilib. Media təmsilçiləri universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyib, İnformasiya Kommunikasiya Texnologiyaları və İnnovasiya Texnologiyaları Transfer mərkəzlərində imtahan cavablarının yoxlanılması prosesi ilə tanış olublar. Mediatur çərçivəsində ADNSU-nun rektoru Mustafa Babanlı KİV nümayəndələri ilə görüşüb. M.Babanlı rəhbərlik etdiyi təhsil müəssisəsində imtahanlara hazırlıq işinin təşkili, tələbələrin biliyinin qiymətləndirilməsi üzrə yaradılan şərait və şəffaflığın təmin edilməsi istiqamətində atılan addımlar barədə geniş məlumat verib.  

“Zərdabi” layihəsi çərçivəsində növbəti diaqnostik qiymətləndirmə keçiriləcək

Təhsil Nazirliyi tərəfindən 2015-2016-cı tədris ilindən start verilmiş “Zərdabi- İbtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı layihəsi” məktəb, valideyn və ictimaiyyətlə iş aparmaqla, üç istiqamətdə həyata keçirilir. Layihənin icrasında məqsəd ibtidai sinif şagirdlərinin oxu vərdişlərinin formalaşdırılması, oxuyub-anlama, yazılı mətnlər üzərində işləmə bacarıqlarının inkişaf etdirilməsi, şagirdlərin beynəlxalq qiymətləndirmə metodologiyalarına əsaslanan resurslarla təmin edilməsidir. Həmçinin, oxu bacarıqlarının formalaşdırılması və inkişafı yönündə valideynlərin biliyinin artırılması, şagirdlərin oxu prosesini təşkil edən tərəflərindən biri kimi onların bu prosesə fəal cəlb edilməsi, bu yöndə məktəb rəhbərlərinin fəaliyyət istiqamətlərinin genişləndirilməsi, həmçinin ictimaiyyətin diqqətini oxu bacarığının, mütaliə mədəniyyətinin formalaşdırılmasının vacibliyinə yönəltmək də əsas məqsədlər sırasındadır. “Zərdabi” layihəsi ibtidai təhsil pilləsi üzrə ölkə təhsil tarixində funksional savadlılığın artırılmasına, şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsinə yönəldilmiş ilk layihədir. Layihə çərçivəsində 4-cü sinifdə dərs deyən ibtidai sinif müəllimləri ilə “Oxu strategiyaları” adlı seminarlar təşkil edilib. Bakı şəhəri daxil olmaqla, respublikanın digər şəhər və rayonlarının 204 ümumi təhsil məktəbinin 800-ə yaxın sinfində təhsil alan 18 615 nəfər 4-cü sinif şagirdi layihənin hədəf qrupuna daxildir. 2015-ci il ərzində ayda iki dəfə, dekabrda isə 4 dəfə seminar-dərslər təşkil edilib. Seminar-dərslər “Oxuyub anlama bacarıqları üzrə qiymətləndirmə vəsaiti”ndəki mövzular əsasında şagirdlərdə yazılı mətnlər üzərində sərbəst işləmə, söz ehtiyatının zəngiləşdirilməsi, oxu texnikasının artırılması yönündə layihə əlaqələndiriciləri tərəfindən interaktiv üsullarla tədris olunur. Seminar-dərslərin tədris ilinin sonuna qədər həyata keçirilməsi nəzərdə tutulur. Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf dinamikasını izləmək məqsədilə layihə müddətində yazılı qiymətləndirmələr aparılır. 4-cü sinif şagirdlərinin oxuyub-anlama bacarıqlarının ilkin vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə ötən ilin noyabr ayında diaqnostik qiymətləndirmə aparılıb. 2016-cı ilin yanvarında növbəti qiymətləndirmənin keçirilməsi planlaşdırılır.

Təhsil naziri Hacıqabulda vətəndaşları qəbul edəcək

Hacıqabul, Biləsuvar, Salyan, Kürdəmir və Neftçala rayon sakinlərinin nəzərinə! Təhsil naziri Mikayıl Cabbarov 11 yanvar 2016-cı il tarixində saat 10:00-da Hacıqabul şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Biləsuvar, Salyan, Kürdəmir, Neftçala və Hacıqabul rayon sakinlərini qəbul edəcək. Qəbulda Biləsuvar, Salyan, Kürdəmir, Neftçala və Hacıqabul rayonlarında  müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 6, 7 və 8 yanvar 2016-cı il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

“Biliklərimiz həyatımızın ən böyük investisiyasıdır” – “Uğur formulu”

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan və Təhsil Nazirliyi ilə Lent.az İnformasiya Agentliyinin birgə layihəsi olan “Uğur formulu”nun qonağı Böyük Britaniyanın Kembric Universitetinin doktorantı Olesya Razuvayevskayadır Xaricdə təhsil üzrə Dövlət Proqramının təqaüdçüsü O.Razuvayevskaya Böyük Britaniyanın Kembric Universitetində yüksək texnologiyalar ixtisası üzrə doktorantura səviyyəsində təhsilini davam etdirir. - Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Xaricdə təhsilin çox faydaları var. Bu, dünyanın ən nüfuzlu elm xadimlərindən alınan biliklərlə yanaşı, tənqidi düşünməyi, problemləri dərindən təhlil etməyi və bütün qərarlara nəzəri yanaşmanı öyrədir. İstedadlı insanlarla görüşmək, başqa mədəniyyətlə tanış olmaq, daha  məsuliyyətli və aktiv olmağı öyrənmək də əvəzedilməz bir imkandır. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində iki dəfə təqaüdçü adını qazanmışam və hər dəfə də xaricdə təhsil gözlədiyimdən daha çox mənfəət gətirib. Magistraturada oxuduğum Edinburq Universitetinin İnformatika fakültəsi Böyük Britaniyanın ən böyük informasiya texnologiyaları mərkəzlərindən biri olaraq, çox geniş kompüter elmləri modulları seçimi, dinamik və ruhlandırıcı mühit, dünyanın ən məşhur professorları tərəfindən akademik dəstək təklif etdi. Artıq təhsilimi bitirəndə gələcək karyeram və  kompüter elmləri sahəsində ixtisaslaşma ilə bağlı məndə dəqiq fikirlər yaranmışdı. Hazırda mən Kembric Universitetində doktorantura səviyyəsi üzrə təhsilimin birinci ilindəyəm. Dünyada ən üstün kompüter kursunu təklif edən və Alan Turinq, Çarls Babeç kimi informasiya texnologiyaları üzrə dahi alimləri yetişdirmiş təhsil ocağında kompüter elmlərini öyrənmək özü çox böyük bir motivasiyadır. Burada tələbələrin marağını cəlb etmək üsulları–müasir avadanlıqlar, həftəlik seminarlar, təbliğat vasitələri, dünyanın ən görkəmli şəxsiyyətləri tərəfindən aparılan mühazirələr həqiqətən də təqdirəlayiqdir. - İxtisasınızla bağlı ilk mərhələdə hansı kitabları seçmisiniz? - Doktorantura səviyyəsində oxuduğuma görə gündəlik oxuduğum materiallar daha çox ən son elmi nəşrlərdən və jurnallardan ibarətdir. Amma kitablar da tədqiqat işində əhəmiyyətli rol oynayır. Tədqiq etdiyim sahə, təbii dilin tanınması çox sayda qaydaların kəsişməsində yerləşir: kompüter elmləri, süni intellekt, maşınların öyrənilməsi, statistika, ehtimal nəzəriyyəsi, kompüter dilçiliyi və s. Bununla əlaqədar, oxunması lazım olan kitablar silsiləsi çox genişdir. Onlardan ikisi isə mənim daimi masaüstü kitablarımdır: “Speech and language processing” (Dan Jurafsky and James H. Martin) və “Machine Learning: An Algorithmic Perspective” (Stephen Marsald). Təbii dilin tanınması və ya maşınların öyrənilməsi ilə maraqlanan bütün tələbələrə bu kitabları məsləhət görərdim. - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? - Birləşmiş Krallığın təhsil sisteminə əsaslanaraq ölkəmizdə tətbiqini istədiyim yeniliklərin sayı çoxdur. İlk öncə, Azərbaycan dili üçün plagiatların aşkar edilməsi sistemi yaradıb, tətbiq etmək istərdim. Düzünü desəm, bu arzum doktorantura təhsilimin ixtisaslaşması kimi təbii dilin tanınması sahəsini seçməyimdə əsas faktorlardan biri idi. Ev tapşırığından başlayaraq, dissertasiya və elmi nəşrlərə kimi, plagiatın olmaması xaricdə ən zəruri qəbul şərtlərindən biridir. Təəssüf ki, hazırda təhsil sistemimizdə Turnitin kimi plagiatın tanınması üçün sistemlər tətbiq olunmur və ölkəmizdə hələlik universitetlərarası dissertasiya işlərinin ümumi elektron arxivi yaradılmayıb. Odur ki, tədqiqat işlərinin təkrarlanması ehtimalı yüksəkdir və bu isə elmimizi inkişafdan geri saxlayan bir amildir. Əlavə olaraq, universitetlərimizdəki tədris planlarını daha çevik etmək istərdim. Misal üçün, informasiya texnologiyaları çox geniş sahədir və bakalavr səviyyəsində oxuduğum zaman tədris planımız çox sabit strukturlu olduğuna görə, daha maraqlı və karyeramız üçün daha lazımlı fənlərə əsas diqqəti ayırmaq mümkün deyildi. Ali təhsil müəssisələrimizdə texniki  ixtisaslar üzrə oxuyan tələbələr arasında gender disbalansını da yaddan çıxarmamalıyıq. Bunun səbəbləri müxtəlif ola bilər: özünə inamsızlıq, cəmiyyətimizdəki stereotiplər, məlumatın əskikliyi və s. Kembricdə mən kompüter elmləri ilə maraqlanan xanımlar üçün çox effektiv dəstəkləyici misallarla rastlaşmışam:  Women@CL (kompüter elmləri fakültəsində xanım tələbə və professorlardan ibarət olan cəmiyyət), məktəblilərlə görüşlər və İT sahəsində çalışan məşhur xanımların dəstəklənməsi. Sayı az olan qruplar üçün belə xüsusi yanaşma çox vacibdir, çünki bu, özünü tək hiss etməməyə kömək edir. Belə bir hərakatı bizim ali təhsil müəssisələrimizdə və məktəblərimizdə görməyi çox istərdim. - Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız? - Fakültəmizdə və oxuduğum universitetdə Azərbaycandan gələn yeganə tələbə olduğumdan Azərbaycan haqqında mümkün olduğu qədər çox məlumat yaymaq üçün özümdə böyük məsuliyyət hiss edirəm. Bir çox hallarda insanların ölkəmiz barədə çox az təsəvvürü olduğundan, onlar verdiyim məlumatlara böyük maraq göstərirlər. Birləşmiş Krallığa gedərkən mən ölkəmiz barədə bir çox məlumatlar aparmışam: UNESCO-nun ümumdünya irslərimiz – əl sənətkarlığı  şedevrlərimiz, xalçalarımız, tarixi abidələrimiz, təbii mənzərələrimiz, mətbəximiz və bayramlarımız ilə bağlı kitabçaları və dahi şairlərimizin ingilis dilinə tərcümə olunmuş elektron kitabları. Əlavə olaraq, xalq, muğam, caz və klassik musiqimizin disklərini gətirmişəm və onlara qulaq asmaq istəyənlər kifayət qədər çox olub.  Bəzən tanışlarım üçün milli yeməklərimizdən bişirməyə çalışıram. Edinburqda oxuduğum zaman Edinburq-Azərbaycan cəmiyyətinin üzvü idim. Biz tələbələr və müəllimlər üçün bir neçə tədbir təşkil edib, ölkəmiz haqqında təqdimatlar etmişdik və müxtəlif hədiyyələr paylamışdıq.  - Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? - Gənclərimizə öz təhsillərinə daha ciddi yanaşmağı, üzərlərində bacardıqları qədər ciddi çalışmağı, sual verməkdən çəkinməməyi və öyrəndiklərini təhlil etməyi məsləhət görmək istərdim. Bilikləriniz həyatınızın ən böyük investisiyasıdır. Gələcəkdə təhsilinizi xaricdə davam etdirmək istəsəniz, fərqli təhsil təcrübəsi qazanmaq üçün xaricdə təhsil almaq kimi əvəzedilməz şansdan istifadə edin. Xaricdəki universitetlərin tələbləri çox yüksək, tədris planı isə çox intensiv ola bilər. Amma çətin işinizin nəticələrindən həyatınız boyu faydalanacaqsınız. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Oxuduğum universitetlərdə müəllim-tələbə münasibətləri qarşılıqlı hörmət əsasında qurulub və çox demokratik xarakter daşıyır. Professorlar çox məşğul şəxslərdir və bəzən onlarla mühazirələrdən kənar görüş təyin etmək çətin olur.  Amma bu, sizi həvəsdən salmamalıdır. Tədris proqramlarına uyğun olaraq, müəllimlərin çoxu tələbələrlə görüşmək üçün iş saatları ayırır. Bütün tələbələrə, hətta xırda suallar üçün həmin fürsətdən istifadə etməyi məsləhət görərdim. Həmin görüşlərdən siz imtahanlar və ev tapşırıqları üçün faydalı məlumatları əldə edə bilərsiniz. Əlavə olaraq, müzakirələrin nəticəsində siz gələcək dissertasiya işinizin mövzusunu və rəhbərini təyin edə bilərsiz. Doktorantura səviyyəsində isə professor-tələbə münasibətləri daha yaxın olur və görüşlər daha tez-tez baş verir. Çox hallarda siz bir layihə üzərində işləyirsiz və tanınmış alimlərin kiçik əməkdaşı sayılırsız. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Çox razıyam. Burada oxuyan tələbələr çox savadlı, nəzakətli, hər kəsə hörmətlə yanaşan və tolerant insanlardır. Onlar həmişə biliklərini bölüşməyə və məsləhət verməyə hazırdırlar. Kitabxanada və ya evdə işləməkdən fərqli olaraq, xüsusi bilik mübadilə mühiti laboratoriyada işləməyi daha faydalı edir. Əvvəlki xarici qrup yoldaşlarımla da indiyədək dostluq münasibətlərini saxlayıram. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? - Xaricdə təhsil ilə müqayisə etdikdə, bizim təhsilimiz daha az ixtisaslaşmış və daha sabit strukturludur. Bunun nəticəsi olaraq, bizim universitetlərdə tələbəyə nəzarət daha çox hiss olunur. Burada isə tələbənin əsas uğur faktoru öz üzərində sərbəst işləmək bacarığıdır. Əlavə olaraq, xaricdə qeyri-hökumət təşkilatlarının və orqanlarının təhsilə, avadanlıqlara və universitetlərə ayırdığı investisiya, göstərdiyi dəstək çox böyükdür. Azərbaycanda isə bu hərakat hələlik başlanğıc nöqtəsindədir. İnformasiya texnologiyalarından danışsaq, hazırda universitetlərimizdə tədris olunmayan və tədris olunduqda ölkəmizə böyük fayda verə biləcək çoxlu istiqamətlər mövcuddur. Son illər ərzində ali təhsil müəssisələrimizin bəzilərində informatika sahəsi üzrə yeni ixtisaslar təklif olunub. Bu da gələcək inkişaf üçün müsbət potensialı göstərir. - Çətinlikləriniz varmı? - Əlbəttə ki, dəyişikliklər çətinliksiz olmur. Universitetin yüksək standartları və tələbləri, xarici dilə və ölkəyə adaptasiya,  burada bakalavr səviyyəsində keçilən bəzi fənlərdən təcrübəmin olmaması – bütün bunlar ilk addımları atarkən böyük çətinliklər yaradırdı. Lakin buradakı universitetlərdə bu çətinliklərlə bağlı köməklik göstərmək, məsləhət vermək və onları aradan qaldırmaq üçün çoxlu mütəxəssislər çalışır: beynəlxalq tələbələr ofisi, müxtəlif cəmiyyətlər, individual təhsil məsləhətçisi, tədqiqat işinin rəhbəri və fakültədəki müəllimlər. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Asudə vaxtımda universitetimizin və fakültəmizin tədbirlərində iştirak etmək və həmin tədbirlərin təşkilində köməklik göstərməyə çalışıram. Xüsusilə, Women@CL tərəfindən keçirilən tədbirlər, məktəblilərlə görüşlər və maraqlı qonaqlarımızın təqdimatları məni çox ruhlandırır. Universitetimizdə fənlərarası layihələrdə iştirak etmək üçün bütün şərait yaradılıb. Xüsusi marağım sahibkarlar təşkilatının üzvü olmaq və İKT sahəsində startapların inkişafı barədə öyrənməkdir. Əlavə olaraq, alman dili kursuna gedirəm. Təəssüf ki, asudə vaxtım çox nadir hallarda olur. Çünki doktorantura səviyyəsində oxuyan tələbələrin tətili olmur. Odur ki, tədqiqat üzərində iş aramsız davam etdirilməlidir.   Lent.az

Məktəb rəhbərlərinin hazırlanması təlimlərinə start verilir

Təhsil naziri Mikayıl Cabbarov “Ümumi təhsil müəssisələri rəhbərlərinin hazırlanması və seçimi üzrə müsabiqənin keçirilməsi barədə” əmr imzalayıb. Əmrə əsasən, Sumqayıt və Gəncə şəhərləri, Abşeron, Xızı, Göygöl, Samux, Goranboy və Daşkəsən rayonlarında ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinin tutulmasının müsabiqə yolu ilə həyata keçirilməsi qərara alınıb. Yeni müsabiqə mexanizminin tətbiqi sayəsində 2016-cı ilin yanvar ayından Sumqayıt və Gəncə şəhərlərində qeyd edilən şəhər və rayonlar üzrə məktəb rəhbərlərinin hazırlanması təlimləri təşkil olunacaq.  

Təhsil nazirinin bayram təbriki

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ölkənin təhsil ictimaiyyətini səmimi qəlbdən təbrik edirəm! Yeni ildə hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan təhsilinin inkişafı naminə məsul və şərəfli işinizdə daha böyük uğurlar diləyirəm. Bayramlarınız mübarək olsun!   Mikayıl Cabbarov, Azərbaycan Respublikasının təhsil naziri

"Yenilikləri əks etdirən kitablardan istifadə etmək lazımdır" - "Uğur formulu”

Təhsil Nazirliyi və Lent.az informasiya agentliyinin birgə layihəsi olan "Gəncliyin “Uğur formulu”nun qonağı Böyük Britaniyanın London Universitet Kollecinin tələbəsi Mədinə Quliyevadır. Xaricdə təhsil üzrə Dövlət Proqramının təqaüdçüsü M.Quliyeva Böyük Britaniyanın London Universitet Kollecində yüksək texnologiyalar ixtisası üzrə magistratura səviyyəsində təhsilini davam etdirir.   - Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?  - Dünyanın ən tanınmış 50-dən çox universiteti Böyük Britaniyada yerləşir. Düşünürəm ki, bu universitetlərin dünyada tanınmasına səbəb öz sahəsində ən öndə gedən alimlərə sahib olması, yeniliklərə geniş yer verməsi, innovasiya və elmi araşdırmaların tədrisə tətbiqi ilə əlaqədardır. Bir tələbə kimi bunların hamısına şahid olmaq böyük bir xoşbəxtlikdir. Həmin alimlərlə işləmək, fikirlərimi bölüşmək və müzakirə aparmaq mənim üçün bir nailiyyət sayılır. Nanotexnologiya və Bərpa Tibbi üzrə aparılan tədqiqatların mərkəzindəyəm. Peşəkar alimlərlə tədqiqat aparıram. Qısaca şərh etsəm, arzularımı reallaşdırmaq üçün təcrübə qazanıram. Xaricdə təhsil dünyanı fərqli tərəflərdən öyrənməyə və elmi biliklərlə yanaşı zəngin dünyagörüşünə sahib olmağa imkan verir. Müxtəlif ölkələrdən olan tələbələrin fikirlərini öz fikirlərinlə müqayisə etmək insanın düşüncəsində müsbət dəyişikliklərə səbəb olur. Tələbə öncə sahib olduğu düşüncə tərzini tamamilə dəyişir və seçdiyi sahəyə daha açıq gözlə baxır, yaradıcı yanaşır. Bu dəyişikliklər yalnız akademik səviyyədə yox, həm də insani münasibətlərdə də özünü açıq şəkildə göstərir.  - İxtisasınızla bağlı ilk mərhələdə hansı kitabları seçmisiniz?  - Dərslərimizi alimlərin tədqiqatları üzərində qururuq. Ancaq  güclü baza yaratmaq üçün nanotexnologiyaya, bərpa tibbinə, ifrat toxuma mühəndisliyinə, nano-biotexnologiyaya və səhiyyədə istifadə olunan biomateriallara aid kitablardan da istifadə edirəm. Əslində kitab seçimi çoxdur və ən uyğun olan bölməni kitabdan tapmaq artıq tələbənin məsuliyyətidir.  - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzu edərdiniz?  - Bu çox bəyəndiyim suallardan biridir. Düşünürəm ki, hazırkı təhsil sistemimiz ardıcıl islahatlar vasitəsilə tamamilə yenidən qurulmalıdır. Məsələn, müəllimlə tələbə arasında ünsiyyətdə olan maneə aradan qaldırılmalıdır. İngiltərədə orta məktəb vaxtından təhsil alıram və müəllimlərimlə ünsiyyətdə olanda özümü bir şagird kimi yox, müəllimin bir həmkarı kimi hiss edirdim. Bu, isə mənim gələcəkdə qorxmadan özümə yüksək hədəflər seçməyimə kömək etdi. Bu mühit bizim təhsil sistemimizdə də yaradılarsa, tələbələrdə özünə inamsızlıq aradan qalxmış olar. Həmçinin, sovetlər dövründən qalmış kitablardan deyil, yenilikləri əks etdirən kitablardan istifadə etmək lazımdır. Bu, xüsusilə tibb sahəsində olanlar üçün çox vacibdir. Fikrimcə, qarşısı tamamilə alınmış xəstəliklərin müalicəsini oxumaqdan çox, hazırkı innovasiyalardan istifadə etmək daha vacibdir. Eləcə də ali məktəb dövründən tələbələr istədiyi sahədə praktiki bacarıqlarını artırarlarsa, bu, gələcək fəaliyyətlərində onlara kömək olardı. Elmi təcrübələrin az aparılması, istehsalat təcrübələrinin  davamlı olmaması da çatışmazlıqlardan biridir. Bunlardan istifadə edildikdə isə dərslər daha maraqlı olacaq. - Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız? - Mənə hər hansı material lazım olduqda səfirliyimizə müraciət edirəm. İstənilən mövzuda kitablarım olub. Təqdimat üçün Azərbaycanın mətbəxi, memarlığı, tarixi və  muzeylərindən bəhs edən kitablardan istifadə edirəm. - Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? - Yüksək biliyə malik gənclərimiz çoxdur. Ola bilsin ki, öz potensiallarından tam istifadə edə bilmədikləri mühitlə qarşılaşdıqları üçün təhsil aldıqları ali məktəb onlar üçün maraqsız olsun. Ancaq tələbələrə ruhdan düşməməyi, dərslərdə fəal iştirak etməyi tövsiyə edirəm. Fikrimcə, hər şey tələbənin özündən asılıdır. Harada təhsil almağından asılı olmayaraq, oxumağı sevmək lazımdır. Çünki öyrənmək istəyi güclü olduqda o, öz sahəsinə uyğun kitabları oxuyur, özündə güclü baza yarada bilir. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Əvvəldə qeyd etdiyim kimi, tələbə və müəllim arasındakı ünsiyyətdə heç bir maneə yoxdur. Öz sahələri üzrə dünyanın  tanınmış alimləri olsalar da, müzakirələrdə səninlə bir həmkar kimi davranırlar. Xaricdə təhsil almağın ən böyük üstünlüklərindən biri mülayim və qarşılıqlı səmimiyyətə əsaslanan müəllim-tələbə münasibətinin şahidi olmaqdır.  - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?  - Bəli, mənim üçün bu da çox maraqlı təcrübədir. Fərqli ölkələrdən olan tələbələrin hər birinin öz yeri var. Bu ölkələrin təhsil sistemini öyrənmək, orada baş verən dəyişikliklərin öz ölkəndən və Böyük Britaniyadan hansı cəhətləri ilə fərqləndiyini müqayisə etmək maraqlıdır. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? - Düzünü desəm, ixtisaslaşma bizdə çox zəifdir. Bunun səbəbi alimlərin azlığı, araşdırmalarının nəticələrini gənc nəsilə yaxşı ötürə bilməmələridir. Bütün bunlara baxmayaraq, təhsilimizin uğurları da çoxdur. Bizim tələbələrdə riyaziyyat və fizika fənləri üzrə baza bilikləri daha güclüdür. Tələbələrimizin dünya tarixi və coğrafiyası haqqında məlumatları  çoxdur. Böyük Britaniyada bu dərslər 7-ci sinifdən başlayaraq, seçim əsasında keçirilir. Buna görə də yalnız ixtisaslaşan tələbələrin öz sahələri üzrə bilikləri güclü olur.  - Çətinlikləriniz varmı? - Mənim düşüncəmə görə, həyatda çətinlik yoxdur. Çətinlikləri məsələlərə yanaşma tərzimiz və fikirlərimiz yaradır. Əgər insan çətinlik haqqında düşünürsə, bu, baş verəcək.  Çətinlikdən çıxmaq üçün yol axtarırsa, o, mütləq çıxış yolu tapacaq. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Asudə vaxtımın çox olmasını o qədər də sevmirəm. Həftənin bütün günlərində dərslərimlə məşğul olmağa üstünlük verirəm. Bakalavriat səviyyəsində təhsil aldığım zaman əlavə vaxtım daha çox olurdu, indi isə vaxtım azdır. Boş vaxtlarımda daha çox öz ixtisasımla əlaqəli insanlarla ünsiyyətdə olmağa çalışıram. Maraqlı konfranslara, onlayn sessiyalara qoşulmağı, imkan düşdükcə dünyanın digər nüfuzlu universitetlərindən olan alimlərlə müzakirələr aparmağı sevirəm. Bundan əlavə, bəzən dostlarımla Böyük Britaniyanın qədim qəsəbələrini gəzirik. Vaxt olduqca əlavə dil öyrənməyə də cəhd edirəm. Həmçinin, zehni yorğunluqdan ayrılmaq üçün müxtəlif rəqs və idman növləri ilə məşğul oluram.   Lent.az

15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan

Ətraflı
13/06/2026

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng

Ətraflı
13/06/2026

Şağan və Mərdəkanda "Son zəng" tədbiri

Ətraflı