Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan-Rusiya Universitetlərarası Forumu

Noyabrın 19-da “ADA” Universitetində Azərbaycan-Rusiya Universitetlərarası Forumu  işə başlayıb. Forumu giriş sözü ilə açan “ADA” Universitetinin rektoru Hafiz Paşayev Azərbaycanla Rusiya arasında təhsil sahəsində tarixən geniş əlaqələrin olduğunu qeyd edib. Rektor forumda Rusiyanın müxtəlif şəhərlərində yerləşən universitet rəhbərlərinin iştirak etdiyini deyib. Forum çərçivəsində Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının yaradılması barədə memorandum imzalanacağını diqqətə çatdıran rektor bu qurumun hər iki ölkənin universitetləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə təkan verəcəyini deyib. Forumda Sumqayıt  Dövlət Universitetinin rektoru Elxan Hüseynov, Ufa Dövlət Neft Texniki Universitetinin rektoru Ramil Baxtizin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Rusiya Dövlət Humanitar Universitetinin rektor əvəzi Yefim Pivovar, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Samara Dövlət Texniki Universitetinin rektoru Dmitri Bıkov və Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov rəhbərlik etdikləri ali təhsil müəssisəsinin fəaliyyəti, qarşılıqlı əməkdaşlığın prioritet istiqamətləri barədə çıxış ediblər. Çıxışlarda forumun təcrübə mübadiləsi baxımından mühüm ənəmiyyəti qeyd olunub,  universitetlərarası əməkdaşlığın qurulmasına və elmi əlaqələrin inkişafına  töhfə verəcəyi bildirilib. Forum öz işini növbəti gün davam etdirəcək. Forum çərçivəsində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun bu mühüm tədbirdə iştirak etmək üçün Bakıya səfər edəcək Rusiya Federasiyasının təhsil və elm naziri Dmitri Livanovla görüşü, eləcə də Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının yaradılması barədə memorandumun imzalanması nəzərdə tutulur.  

Virtual müəssisə UNEC tələbələrinin karyera inkişafında mühüm rol oynayacaq

Noyabrın 18-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dünya Bankının birgə “Sosial Müdafiənin İnkişafı Layihəsi” çərçivəsində fəaliyyətə başlayan Virtual müəssisənin açılışı olub. Açılışda təhsil naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, UNEC-in rektoru, professor Ədalət Muradov, Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Larisa Leşenko, universitetin müəllim və tələbə heyəti, eləcə də digər qonaqlar iştirak ediblər. UNEC-in rektoru, professor Ədalət Muradov universitetdə Virtual müəssisənin yaradılmasında göstərdiyi köməyə görə ƏƏSMN-nə və Dünya Bankına təşəkkür edib. Bildirib ki, Virtual müəssisənin məqsədi interaktiv tədrisi yaxşılaşdırmaq və işgüzar bacarıqlar əldə edərək onları inkişaf etdirməkdir. Eyni zamanda, təcrübə şirkəti/virtual müəssisə anlayışı çərçivəsində UNEC-in tələbə və magistrantlarına gündəlik işgüzar həyatı və əmək bazarının reallıqlarını nümayiş etdirməkdir. Rektor bildirib ki, Virtual müəssisə iştirakçıların praktiki bacarıq və vərdişlərin əldə edilməsində, nəzəri biliklərin təcrübədə möhkəmləndirilməsində, onların əmək fəaliyyətinə hazırlanmasında, müəssisələrin korporativ dəyərləri ilə tanış olmasında mühüm rol oynayacaq. Ə.Muradov yaxın zamanlarda universitetin bütün tədris binalarında Virtual müəssisə yaradılacağını vurğulayıb. Təhsil naziri Mikayıl Cabbarov ölkədə insan kapitalının inkişafı yönündə aparılan siyasətdə peşə və ixtisas təhsilinin mövcud əmək bazarının şərtlərinə uyğun qurulmasının, tələbə və məzunların ixtisas bilikləri ilə bərabər, praktik və formalaşmış iş bacarıqlarına da malik olmalarının vacibliyini vurğulayıb. M.Cabbarov UNEC-in tələbə və magistrantlarının ixtisas bacarıqlarını reallaşdırmaları və təkmilləşdirmələri üçün Virtual müəssisənin əhəmiyyətindən danışıb. Virtual müəssisənin UNEC tələbələrinin karyera taleyində mühüm rol oynayacağını diqqətə çatdırıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin həyata keçirdiyi aktiv məşğulluq tədbirlərinin mühüm bir istiqamətinin gənclərə yönəldiyini bildirib. Gənclərin məşğulluğunun təmin olunması, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunması sahəsində görülən işləri diqqətə çatdıran nazir həmçinin tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirlərinin davam etdirildiyini diqqətə çatdırıb. Virtual müəssisənin bir təcrübə müəssisəsi olmaqla, UNEC-in tələbə və məzunları burada real iş yerində olduğu kimi fəaliyyət göstərəcək, öz ixtisasları ilə bağlı əmək bazarında əmək şəraiti tələbləri çərçivəsində praktik bacarıq və vərdişlərə yiyələnəcəklər. Nəticədə isə onlar gələcəkdə çox asan şəkildə əmək bazarında özlərinə yer tuta biləcəklər. Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Larisa Leşenko ölkəmizdə tətbiq olunan bu yeni təcrübənin uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib. Yeni yaradılan Virtual müəssisənin fəaliyyətinə uğurlar arzulayıb. Sonra Virtual müəssisənin fəaliyyətinə baxış keçirilib. Təcrübə müəssisəsi haqqında ümumi məlumat verilərək bildirilib ki, Virtual müəssisədə gün ərzində 40 tələbənin qəbul edilməsi mümkün olacaq. Bu isə öz növbəsində həftədə 200 tələbənin layihədən faydalanması deməkdir. Təcrübə hər komanda üçün 3 ay müddətinə keçiriləcək. Təcrübə zamanı tələbələrə iqtisadi qanunvericilik, kommersiya hüququ, bank işi, mühasibat uçotunun beynəlxalq standartları və müxtəlif mövzularda təlimlər keçirilməklə, əmək bazarının tələblərinə uyğun olaraq hazırlanacaqlar. İştirakçıları müəssisələrin maliyyə-mühasibatlıq bölmələrində istifadə olunan müasir proqram təminatlarına yiyələnmələrinə və istifadə etmələrinə şərait yaradılacaq. Təcrübə zamanı virtual müəssisənin standartlarına uyğun olaraq onlar müxtəlif maliyyə, mühasibat, vergi, bank əməliyyatlarını həyata keçirəcək və marketinq tədqiqatları aparacaqlar. Əlavə olaraq, müxtəlif ölkələrdəki virtual müəssisələrlə əməkdaşlıq və biznes əlaqələri quracaq və şirkətin xidmətlərini təklif edəcəklər. Bu isə onların beynəlxalq biznes mühitini bilən kreativ menecerlər olaraq yetişməsinə yardım edəcək. Sonda nümunə kimi Avropanın virtual müəssisələrindən biri ilə onlayn rejimdə biznes əməkdaşlığına dair ticarət sövdələşməsi aparılıb.   www.unec.edu.az

Fənn müsabiqələrinin I mərhələsi yekunlaşıb

VII-VIII sinif şagirdləri arasında riyaziyyat, fizika, kimya və biologiya üzrə fənn müsabiqələrinin I mərhələsi başa çatıb. Ölkə üzrə fənn müsabiqələrinin I mərhələsində 8769 şagird iştirak edib. Fənn müsabiqələrinin II mərhələsinin dekabrın 5-də, III mərhələsinin isə gələn il yanvarın 9-da keçirilməsi planlaşdırılır. Növbəti ilin may ayında isə ümumrespublika fənn müsabiqələri təşkil olunacaq. Üç mərhələdən ibarət müsabiqələr beynəlxalq fənn olimpiadalarına hazırlıq çərçivəsində reallaşdırılır. Eyni zamanda müsabiqələrin təşkilində məqsəd respublikanın rayon və şəhərlərində məktəblilərin fənlərə olan marağını artırmaq, istedadlı və çalışqan şagirdlər arasında sağlam rəqabət şəraiti yaradaraq onların potensialını gücləndirməkdən ibarətdir. Qeyd edək ki, ötən tədris ilində pilot layihə olaraq Bakı və Sumqayıt şəhərlərindən seçilmiş 35 məktəb arasında keçirilən fənn müsabiqələri şagirdlər və müəllimlər tərəfindən maraqla qarşılanıb. Fənn müsabiqələrinin nəticələrinə əsasən, fənlər üzrə qruplar yaradılıb və müsabiqələrdə fəal iştirak edən şagirdlərlə respublika daxili və beynəlxalq müsabiqə, eyni zamanda olimpiadalara hazırlıq dərsləri keçirilməyə başlanılıb.

Təhsil naziri yeni tədris auditoriyaları ilə tanış olub

Noyabrın 18-də təhsil naziri Mikayıl Cabbarov Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində SABAH qruplarının yeni tədris auditoriyalarının təqdimatında iştirak edib. Təqdimata ali təhsil müəssisələrinin rektorları, müəllim-professor heyəti və tələbələr qatılıb.  Auditoriyalarda yaradılan şərait tələbələrlə həm fərdi, həm də qrup halında tədris aparmağa imkan verir. Yeni tədris mühitində tələbənin və müəllimin mobilliyi təmin edilir ki, bu da müasir informasiya-kommunikasiya texnologiyalarından, dərs vəsaitlərindən daha səmərəli istifadəyə yönəlib. Auditoriyanın yeni tərtibatının əsas hədəflərindən biri də müəllim-tələbə ünsiyyətini yaradıcı məcraya yönəltmək və hər bir tələbənin tədris prosesində fəal iştirakını təmin etməkdir. Mikayıl Cabbarov SABAH qrupları üçün yaradılan auditoriyada keçirilən “Açıq dərs”i izləyib, tələbələrlə söhbət edib. Onların suallarını cavablandıran nazir yeni tədris mühiti və gələcək karyera imkanları ilə bağlı fikirlərini bölüşüb. Qeyd edək ki, 11 ali məktəbdə 45 ixtisas üzrə yaradılmış SABAH qruplarında 1629 tələbə təhsil alır. Xüsusi müsabiqə əsasında seçilmiş 500 müəllim həmin qruplarda tədris aparır.  

Kargüzarlıq işinin aparılması və vətəndaşların müraciətlərinə baxılması mövzusunda seminar-müşavirə

Noyabrın 17-də Şəki şəhərində “Yerli təhsil idarəetmə orqanlarında və təhsil müəssisələrində kargüzarlıq işinin aparılması və vətəndaşların müraciətlərinə baxılması” mövzusunda növbəti seminar-müşavirə keçirilib. Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən müşavirədə Prezident Administrasiyasının və nazirliyin rəsmiləri, həmçinin Şəki, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və Ağdaş rayon təhsil müəssisələrinin rəhbərləri, kargüzarlıq-dəftərxana işçiləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə dövlət başçısının iştirakı ilə noyabrın 4-də istifadəyə verilmiş Qoxmuq kənd tam orta məktəbi ilə tanış olublar. Prezident Administrasiyası və Təhsil Nazirliyi tərəfindən məktəbin kitabxanasına kitablar hədiyyə edilib. Müşavirədə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Elnur Əliyev kargüzarlıq işinin və vətəndaşların müraciətlərinə baxılması vəziyyətinin mövcud qanunvericiliyin tələblərinə uyğun təşkili barədə danışıb.   Tədbirdə təhsili idarəetmə qurumlarında vətəndaşların qəbulunun daha da təkmilləşdirilməsi, qəbula yazılma prosesinin avtomatlaşdırılması və nəticələrin müşahidə sisteminin yaradılması ilə bağlı görülən işlər barədə məlumat verilib. Eyni zamanda Təhsil Nazirliyinin 146 “Qaynar xətt” Telefon Məlumat Mərkəzinə daxil olan zənglər və Qəbul Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi müdirinin müavini İsrafil Qurbanov vətəndaşların müraciətləri ilə bağlı sənədlərlə işin düzgün qurulmasının, bu sahədə müasir texnologiyalardan istifadənin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, dövlət başçısının bu günlərdə imzaladığı fərmanla tətbiq olunan “Vətəndaşların müraciətləri haqqında” qanun normativ hüquqi bazanın daha da təkmilləşdirilməsinə və müasirləşdirilməsinə xidmət edəcək. Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.

Gəncliyin “Uğur formulu”

Dərsliklərlə bağlı təlim proqramı

Noyabrın 13-də Xəzər Universitetində “Dərsliklərin hazırlanması və qiymətləndirilməsi üzrə təlim kursu”na start verilib. Təhsil Nazirliyinin sifarişi ilə keçirilən təlimin məqsədi ümumi təhsil məktəbləri üçün dərslik yazan müəlliflərin, dərslikləri qiymətləndirən ekspertlərin, potensial müəlliflərin yeni təhsil proqramının (kurikulumun) prinsiplərinə uyğun dərsliklərin hazırlanması və qiymətləndirilməsi sahəsində biliklərini artırmaqdır. Ümumi həcmi 60 saat olan kurs 10 gün davam edəcək. Təlimlər riyaziyyat-informatika, təbiət elmləri, tarix-coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, xarici dil fənlərini əhatə etməklə, beş qrupda təşkil olunub. Kursda Türkiyənin Uludağ və Qazi, İrlandiyanın Dublin, Niderlandın Amsterdam universitetlərindən dəvət olunmuş mütəxəssislər iştirakçıları dərsliklərin hazırlanması və qiymətləndirilməsi sahəsində yeni tendensiyalarla tanış edəcəklər.

Təhsil Nazirliyində tələbə təqaüdlərinə edilən dəyişikliklərlə bağlı görüş

Noyabrın 12-də Təhsil Nazirliyində tələbə təqaüdlərinə edilən dəyişikliklərlə bağlı ali məktəblərin prorektor və dekanları ilə görüş keçirilib. Tədbirdə Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev, Elm və ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimov iştirak ediblər. Görüşdə ““Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin sərəncamından irəli gələn vəzifələr ali məktəb əməkdaşlarına izah olunub. Bildirilib ki, sərəncama əsasən, ali və orta ixtisas təhsil müəssisələrində əyani formada təhsil alan tələbələrə ödənişsiz və ya ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, təqaüdlər ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə ödəniləcək. Ölkə başçısının imzaladığı bu sənədin Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına müvafiq olaraq, tələbələrə dövlət qayğısını artırmağa, onlarda təhsilə marağı stimullaşdırmağa və təhsilin keyfiyyətini yüksəltmək üçün təhsilalanlar arasında rəqabət mühitini yaratmağa xidmət etdiyi vurğulanıb. Yeni qayda tələbə təqaüdünün həqiqi təyinatını özündə əks etdirir və ədalət prinsipinə əsaslanır. Belə ki, sərəncama müvafiq olaraq, birinci yarımildən sonra tələbənin dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq, təqaüd təhsil müəssisəsinə cari ildə həmin ixtisas üzrə dövlət sifarişi ilə qəbul olunmuş tələbələrin ümumi sayı həcmində yüksək akademik göstəriciləri ilə fərqlənənlərə təyin ediləcək. Qeyd olunub ki, sərəncam, həmçinin bir sıra sosial yönümlü üstünlüklərə malikdir. Belə ki, sərəncamın tətbiqi aztəminatlı ailələrdən olan, ödənişli əsaslarla təhsil alan və yüksək akademik göstəricilərlə fərqlənən tələbələrə təqaüd almaq imkanı yaradacaqdır. Bununla yanaşı, qaçqın və məcburi köçkünlər, həmçinin təhsil haqqı dövlət tərəfindən ödənilən digər imtiyazlı ailələrdən olan tələbələr sosial rifah halını yaxşılaşdırmaq imkanı əldə edəcəklər. Sərəncam təhsilə marağı stimullaşdırmağa və təhsilalanlar arasında rəqabət mühitini yaratmağa imkan verəcək. Bu da öz növbəsində, təhsilin keyfiyyətinin yüksəldilməsinə və keyfiyyətli kadr hazırlığı aparmağa zəmin yaradacaq. Görüşün sonunda ali məktəblərin prorektor və dekanlarını maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Təhsil naziri İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri ilə görüşüb

Noyabrın 11-də təhsil naziri Mikayıl Cabbarov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Filip Ştalderi qəbul edib. Təhsil naziri F.Ştalderi İsveçrə Konfederasiyasının Azərbaycandakı  fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ölkələrimiz arasında mövcud olan münasibətlərin inkişafı istiqamətindəki fəaliyyətində uğurlar arzulayıb. Görüş zamanı İsveçrə və Azərbaycan arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının müəyyən etdiyi hədəflərə uyğun olaraq gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

“ADA” Universitetində təhsil üzrə menecment magistr proqramının açılışı olub

Noyabrın 11-də “ADA” Universitetində təhsil üzrə menecment magistr proqramının açılışı olub. Açılış mərasimində “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb. Rektor, səfir H.Paşayev təhsil üzrə menecment magistr proqramı barədə fikirlərini bildirib. Təhsil nazirinin müavini Ceyhun Bayramov müasir dünyada təhsilin mühüm rolunu, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini vurğulayıb. Nazir müavini, eyni zamanda, müvafiq proqramın səmərəli nəticələri olacağına əminliyini bildirib. Sonra menecment magistr proqramı haqqında məlumat verilib. Qeyd olunub ki, “ADA” Universitetinin təhsilin idarəedilməsi fakültəsi Təhsil Nazirliyinin dəstəyi və ABŞ-ın Miçiqan Dövlət Universiteti ilə birgə təhsil üzrə menecment proqramına qəbul elan edib. Magistr proqramı 15 ay müddətində ingilis dilində tədris olunacaq. Dərsləri yerli və xarici professorlar aparacaqlar. Tələbələr təhsil üzrə menecmentdə orta və ya ali təhsil istiqaməti üzrə ixtisaslaşmanı seçə bilərlər. İngilis dili səviyyəsi magistr təhsili üçün məqbul olmayan tələbələrə əlavə dil hazırlığı dərsləri də təklif ediləcək. Təhsil müddətində tələbələr bir sıra praktik seminar və səfərlərdə iştirak edəcək, mübadilə proqramları vasitəsilə xarici təcrübəni öyrənmək imkanı qazanacaqlar. Qəbul aprelin 1-dək davam edəcək. AZƏRTAC 

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı