Lerikdə yeni məktəb istifadəyə verilib
Dekabrın 8-də Lerik rayonu Anbu kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. Tədbirdə Təhsil Nazirliyinin və Lerik Rayon İcra Hakimiyyətinin rəsmiləri, məktəblilər və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Açılış mərasimində qeyd olunub ki, 180 şagird yerlik bu təhsil ocağının tikintisinə 2014-cü ilin sentyabrından başlanılıb. Təhsil Nazirliyi tərəfindən vahid standart əsasında inşa olunan məktəb 12 sinif otağı, 2 laboratoriya, kompüter otağı, akt və idman zallarından ibarətdir. Məktəb ərazisində yanğın və içməli su anbarları, qazanxana inşa olunub. Məktəbin həyəti abadlaşdırılıb və yaşıllıq zolağı salınıb. Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov çıxışında ölkəmizin bütün bölgələrində yeni məktəblərin inşa edildiyini, köhnə məktəb binalarının isə əsaslı təmir olunduğunu vurğulayıb. Şöbə müdiri bildirib ki, bütün yeni məktəblər müasir təhsil sisteminin tələblərinə uyğun inşa olunur.
08/12/2015 17:19
Məktəb icmaları layihəsinin təqdimatı keçirilib
Dekabrın 7-də Bakı şəhərindəki 60 nömrəli tam orta məktəbdə məktəb icmalarının yaradılması üzrə pilot layihənin təqdimatı keçirilib. Təqdimatda bildirilib ki, şagird, valideyn və müəllimlərin birliyindən ibarət olan məktəb icmaları məktəb həyatını birlikdə daha yaxşı etmək üçün yaradılıb. “Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi altında fəaliyyət göstərən məktəb icmasına şagirdlər, valideynlər və sinif rəhbərləri daxildir. Məktəb icmasına icma sədri və əsas fəaliyyət sahələri üzrə komitələr rəhbərlik edir. Pilot layihə çərçivəsində 54 məktəbin hər birinin 3 sinfində sinif və məktəb icmalarının yaradılmasına dəstək göstərilib. Bu məqsədlə hər bir məktəbdə layihənin psixoloqu valideynlər, müəllimlər və uşaqların ilk birgə iclaslarının keçirilməsinə kömək edib. Hazırlıq dövründə pilot layihənin icra olunduğu məktəblərdə valideynlərin də fikirləri öyrənilib və nəzərə alınıb. Təqdimatda qeyd olunub ki, məktəb icmalarının sosial şəbəkəsi yaradılıb və icma üzvləri www.community.az saytı vasitəsilə virtual ünsiyyət yarada, təcrübələrini bölüşə bilirlər. Artıq icmalar yaranan məktəblərdə ilkin müsbət nəticələr qeydə alınır. Belə ki, icmaların fəaliyyəti nəticəsində məktəblərdə dərsə davamiyyətdə müsbət istiqamətdə dəyişikliklər var. Valideynlər məktəb həyatında daha fəal şəkildə iştirak etməyə çalışırlar. Qeyd olunub ki, indi uğurlu məktəb formulu valideyn, şagird və müəllimlərin birgə məktəb həyatında iştirakına çox bağlıdır. Tərəflərdən birinin prosesdən kənarda qalması lazım olan nəticəni almağa imkan vermir. Daha sonra təqdimatda 60 saylı orta məktəbdə yaradılmış məktəb icmasının gördüyü işlər barədə məlumat verilib. Qeyd edək ki, Təhsil Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində 2015-ci ilin sentyabrından ölkənin 54 ümumi təhsil müəssisəsində məktəb icmaları yaradılıb. Layihənin həyata keçirilməsinə qədər olan mərhələdə “Allianz Consult” şirkəti tərəfindən zəruri təşkilati tədbirlər görülub, valideyn və müəllimlər üçün tədris-seminarlar təşkil olunub.
07/12/2015 17:58
“Ən yaxşı müəllim” müsabiqəsi davam edir
2015-ci ildə keçirilən müsabiqədə iştirak üçün 600 müəllim Təşkilat Komitəsinə müraciət edib. Müsabiqənin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək üçün təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsində Nazirliyin müvafiq struktur bölmə rəhbərləri təmsil olunur. Müsabiqənin ilk mərhələsində verilmiş sənədlərin ekspertizası həyata keçirilib və nəticədə 143 müəllim növbəti mərhələyə buraxılıb. “Ən yaxşı müəllim” müsabiqəsinin ikinci mərhələsinə vəsiqə qazanmış müəllimlər Bakının 50 məktəbində sınaq-nümunə dərsləri keçib. Dərslərdə iştirak edən müsabiqə komissiyası hər bir müəllimin tədris bacarığını 10 ballıq sistemlə qiymətləndirib. Üçüncü mərhələdə həmin müəllimlər Təşkilat Komitəsi qarşısında təqdimatla çıxış edirlər. Bu təqdimat da 10 ballıq sistemlə qiymətləndirilir. Yekunda bütün mərhələlər üzrə ballar toplanacaq və ən çox bal toplamış 95 müəllim müsabiqənin qalibi elan olunacaq. Analoji proses Naxçıvan Muxtar Respublikasında da həyata keçirilir. Burada seçilmiş 5 ən yaxşı müəllim müsabiqə qaliblərinin sırasına əlavə ediləcək və beləliklə, 2015-ci ildə respublika üzrə növbəti 100 müəllim “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi elan olunacaq. "Ən yaxşı müəllim" müsabiqəsinin III mərhələsində uğurla iştirak edən müəllimlərin təəssüratları
07/12/2015 17:49
“Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmaq hər bir müəllimin arzusudur
Artıq bir neçə ildir ki, respublikanın ümumtəhsil məktəbləri və eyni zamanda müəllimlər ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrində iştirak etmək imkanı əldə ediblər. Bir ənənəyə çevrilən və mütəmadi olaraq hər il keçirilən həmin müsabiqələrdə müvəffəqiyyət qazanan 50 ümumtəhsil məktəbinin hər birinin 10000 (on min), “Ən yaxşı müəllim” müsabiqəsində qalib gələn 100 müəllimin hər birinin isə 5000 (beş min) manat birdəfəlik pul mükafatı ilə mükafatlandırılması müəllim əməyinə, Azərbaycan məktəbinin inkişafına olan dövlət qayğısının bariz nümunəsidir. Bu il də keçirilən müsabiqələr təhsil ictimaiyyətinin diqqət mərkəzindədir. Azərbaycanın bütün bölgələrindən olan müəllimlərinin iştirak etdiyi “Ən yaxşı müəllim” müsabiqəsinin gedişini biz də izləyərək, iştirakçı müəllimlərin təəssüratlarını öyrəndik. Aynurə ORUCOVA, Gəncə şəhəri 22 nömrəli tam orta məktəbin biologiya müəllimi “Ən yaxşı müəllim” müsabiqəsi, belə deyək də, yaxşıların yaxşısı olan müəllimlərin seçilməsində, onların ictimaiyyətə daha yaxından tanıdılmasında əhəmiyyətli rol oynayır. İnsan əməyinin qiymətləndirildiyini görəndə öz işinə məsuliyyəti daha da artır. Müsabiqənin təşkili, qiymətləndirilməsi, obyektivliyi şəxsən məndə qalibiyyətə inamı daha da artırır. Onu da yaxşı bilirik ki, respublikamızda təhsilin inkişafı biz müəllimlərin fəaliyyətindən, üzərimizə düşən vəzifələri necə yerinə yetirməyimizdən asılıdır. Belə bir müsabiqənin keçirilməsini müəllim əməyinə verilən ən yüksək qiymət hesab edirəm. Sona NURİYEVA, Zaqatala şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi “Ən yaxşı müəllim” müsabiqəsi biz müəllimlərin ürəyincədir. Açığını deyim ki, bütün müəllimlər kimi mən də həmin müsabiqədə iştirak etmək arzusunda olmuşam. Ancaq daha yaxşı nailiyyətlərlə bu yarışmaya qoşulmaq istəyim yalnız bu il fikrimi reallaşdırmaq arzusunu daha da gücləndirdi və müsabiqədə iştirak etmək qərarına gəldim. 25 ildir Azərbaycan dili və ədəbiyyat fənnini tədris edirəm. Bu illərdə bir sıra nailiyyətlərim olub. 2008-ci ildə Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşam. Müsabiqənin qalibi olaramsa bu mənim müəllimlik fəaliyyətimin ən unudulmaz bir hadisəsi olacaq. Tamella HƏMİDOVA, Oğuz şəhər 2 nömrəli tam orta məktəbin kimya müəllimi 35 il pedaqoji iş stajına malik müəllim kimi deyə bilərəm ki, işini dövrün tələblərinə uyğun qurmağı bacaran müəllim hər zaman cəmiyyət tərəfindən qəbul olunur, onun fəaliyyəti dövlət tərəfindən qiymətləndirilir. Mənim həyatım da belə xoş, əlamətdar hadisələrlə zəngindir. Dəfələrlə əməyimə müxtəlif səviyyələrdə qiymət verilmiş, fəaliyyətim yüksək dəyərləndirilmişdir. Ən böyük mükafatım isə 2013-cü ildə dövlət başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülməyimdir. “Ən yaxşı müəllim” müsabiqəsinə qatılmaqla əldə etdiyim uğurlarla kifayətlənmədiyimi, əksinə, mənə olan etimadı hər zaman doğrultmağa hazır olduğumu göstərməkdir. Gülnar HÜSEYNOVA, Gəncə şəhəri 21 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Mən işlədiyim müddət ərzində bir çox təlimlərdə iştirak etmişəm. 2012-ci ildən fənn kurikulumlarının tətbiqi üzrə təlimçi işləyirəm. 2015-ci ildən respublikanın müxtəlif bölgələrində mentor kimi təlim keçirəm. Təhsildə tətbiq edilən yenilikləri hər zaman izləyir və dərslərimdə müasir təlim metodlarından istifadə edirəm. Daim axtarışda olan yaradıcı bir müəllim kimi dərslərimdə elektron tədris vəsaitlərindən istifadə edərək resurslar hazırlamışam. Özüm bloq səhifə yaratmışam. Umid edirəm ki, müsabiənin bu gün keçirilən 3-cü mərhələsində Təşkilat Komitəsinin qarşısında etdiyim təqdimatda özümün potensial imkanlarımı, bilik və bacarığımı göstərə bildim. Belə bir nüfuzlu müsabiqənin qalibi olmaq ən böyük arzumdur. Adilə AŞUROVA, Qax şəhər N.Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin informatika müəllimi Hər bir müəllimin qüruru uğurlu nəticələri ilə təhsil aldığı məktəbə başucalığı gətirən şagirdləridir desəm, məncə yanılmaram. Mən dərs dediyim şagirdlərimlə və vaxtilə şagirdlərim olmuş oğul və qızlarımla fəxr edirəm. Məktəb mənim ikinci evimdir. Müəllim kimi hər zaman öz üzərimdə çalışmışam. Bu müsabiqə biz bölgə təhsil işçilərinə də özlərini bir peşəkar, bacarıqlı müəllim olaraq göstərmək imkanı yaradır. Müsabiqənin artıq 3-cü mərhələsində iştirak edən bir şəxs kimi onu da deyim ki, qiymətləndirmənin tam obyektiv keçdiyini görürəm. İnanıram ki, ölkənin ən layiqli müəllimləri müsabiqənin qalibi olacaq. Söylü XƏLİLOVA, Qazax rayon Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin fransız dili müəllimi 33 ildir ki, fənnimi sevə-sevə tədris edirəm. Bu müsabiqədə artıq ikinci dəfədir ki, iştirak edirəm. Birinci dəfə 2010-cu ildə müsabiqəyə qatıldım və qalib oldum. Həmin sevinc hisslərini yenidən yaşamaq istəyirəm. Məhz bu məqsədlə yenidən müsabiqədə iştirak etmək qərarına gəldim. Onu da deyim ki, yola salmağa hazırlaşdığımız 2015-ci il mənim üçün uğurlu bir il kimi yadda qalacaq. Məhz bu il dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşam. Ümid edirəm ki, “Ən yaxşı müəllim” müsabiqəsində növbəti dəfə öz müəllimlik fəaliyyətimi, peşəkarlığımı yüksək səviyyədə nümayiş etdirəcəyəm. Heyrət VƏLİYEV, Gədəbəy rayonu Habil Allahyarov adına Soyuqbulaq kənd tam orta məktəbinin coğrafiya müəllimi Pedaqoji fəaliyyətim zamanı öz üzərimdə daim işləyərək biliyimi təkmilləşdirməyə, təhsil sahəsində tətbiq edilən yenilikləri öyrənib tədris prosesində tətbiq etməyə çalışıram. Bu günün müəllimi müasir düşüncəyə, yaradıcı təfəkkürə malik olmalı, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməyi bacarmalıdır. Mən də öz fəaliyyətimdə məhz bu məsələləri xüsusi diqqətdə saxlayıram. İlk dəfədir ki, “Ən yaxşı müəllim” müsabiqəsində iştirak edirəm. Belə bir nüfuzlu müsabiqədə iştirak etməyimi müəllimlik fəaliyyətimdə ən uğurlu hadisə kimi qiymətləndirirəm. Buraya qatılmağımın özü belə mənim üçün qürurvericidir. 600 müəllimin içərisindən seçilərək 3-cü mərhələyə gəlməyim məndə özümə qarşı bir güvən oyadıb. Rübail ƏFƏNDİYEVA, Qax rayonu 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Bu müsabiqə, mən deyərdim ki, cəmiyyətdə müəllimin statusunun və nüfuzunun yüksəlməsində, dövlətin təhsil siyasətinin həyata keçirilməsində müəllimin rolunun getdikcə artmasında əhəmiyyətli rol oynayır. Bəzən bölgə müəllimlərinin peşəkarlığına, bacarıqlarına bir qədər tərəddüdlə yanaşan insanlar da olur. Əslində bu müsabiqə həmin insanların nə qədər yanlış düşünmələrinə əyani bir sübutdur. Bütün ölkəni əhatə edən “Ən yaxşı müəllim” müsabiqəsi bölgələrdəki müəllimlərlə paytaxt müəllimləri arasında təcrübə mübadiləsinə, qabaqcıl tədris üsullarının yayılmasına imkan yaratmaqla yanaşı, peşəkarlıq, bilik və bacarıq baxımından da bizim şəhər məktəblərinin müəllimlərindən heç də geri qalmadığımızı göstərməyə şərait yaradır. Könül ƏLİYEVA, Zaqatala şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin tarix müəllimi Mən sənətimi çox sevirəm. Bu sevgi məni daim öyrənməyə və öyrətməyə yaxşı mənada sövq edir. “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmaq ən böyük arzumdur. Bu müsabiqə biz müəllimlərə öz yaradıcılıq potensialımızı üzə çıxarmağa , pedaqoji ustalığımızı nümayiş etdirməyimizə əlverişli imkan yaradır. Paytaxt məktəblərinin müəllimləri ilə yanaşı, bölgələrdə çalışan müəllimlərin də nəyə qadir olduqlarını göstərmələri üçün əla bir şansdır. Artıq müsabiqənin 3-cü mərhələsini keçmişəm. Son nəticə yaxın günlərdə bilinəcək. Özümə və həmkarlarıma bu müsabiqənin qalibi olmağı arzu edirəm. "Azərbaycan müəllimi"
07/12/2015 16:06
Masallı və Cəlilabad müəllimlərinin diaqnostik qiymətləndirilməsi başa çatıb
4-6 dekabr 2015-ci il tarixlərində Masallı və Cəlilabad rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib. Masallı Olimpiya İdman Kompleksində keçirilmiş diaqnostik qiymətləndirmədə 19 ümumi təhsil fənni üzrə 5000-dən çox müəllim, imtahana dəvət olunmuş müəllimlərin 99,17 faizi iştirak edib. İmtahanlar bitdikdən dərhal sonra diaqnostik qiymətləndirilmənin nəticələri açıqlanıb. Müəllimlər Təhsil Nazirliyinin müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə əlaqədar yaradılmış rəsmi saytından (www.dq.edu.az) şəxsi səhifələrinə daxil olaraq, nəticələri ilə tanış ola bilərlər. Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilib. Müvafiq qaydalara görə, hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar. Diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak ediblər. Qeyd edək ki, diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, onların dərs yükü normasını və əməkhaqqını artırmaqla maddi rifahının yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin nəticəsi əsasında inkişafyönümlü təlimlərə cəlb edilməsidir.
07/12/2015 12:37
SABAH qrupu tələbələrinin 2-ci Forumu başa çatıb
Dekabrın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən 2-ci SABAH Forumu öz işini başa çatdırıb. Forumda ölkənin ali təhsil müəssisələrinin SABAH qruplarında təhsil alan tələbələri iştirak edib. Forumun ikinci günü tələbələr üçün “Karyera inkişafı”, “Vaxtına sahib çıx”, “İnformasiya texnologiyaları gündəlik həyatda” və “Sən də bir brendsən” mövzularında "ustad dərsləri" təşkil olunub. "Ustad dərsləri”ndə karyera inkişafı, informasiya texnologiyaları və vaxtın idarə olunması ilə bağlı tələbələrlə interaktiv dialoq yaradılıb. Sonra panel müzakirələrə başlanılıb. Müzakirələrdə təhsil naziri Mikayıl Cabbarov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, millət vəkili, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, R.İ.S.K Elmi İstehsalat Şirkətinin Müşahidə Şurasının həmsədri, biznesin inkişafı üzrə direktor Anar Əligülov iştirak edib. Müasir əmək bazarı şəraitində təhsil və karyera inkişafı mövzusunda keçirilən panel müzakirələrdə uğurlu karyeranın qurulması, SABAH qruplarında təhsil alan tələbələrin müasir dünyanın çağırışlarına cavab verən, rəqabətəqabil kadr kimi formalaşması istiqamətində fikir mübadiləsi aparılıb. Tələbələrlə fəal dialoq mühiti yaradılıb, onları maraqlandıran suallar cavablandırılıb. Forum daha sonra intellektual oyunlarla davam etdirilib. Forumun bağlanış mərasimində fərqlənən tələbələrə müxtəlif nominasiyalar üzrə sertifikatlar təqdim olunub, eləcə də ikigünlük foruma dair videosüjet nümayiş etdirilib. Qeyd edək ki, SABAH qrupları 45 ixtisas üzrə elmi-pedaqoji potensialı, tədris laboratoriyası və maddi-texniki bazası yüksək olan 11 ali məktəbdə fəaliyyət göstərir. 1629 tələbənin təhsil aldığı bu qruplarda 500-dək müəllim dərs deyir. SABAH qruplarında tədris fərqli proqram əsasında keçirilir və tələbələrə xüsusi təqaüd verilir, eyni zamanda aztəminatlı ailələrdən olan tələbələr yataqxana ilə təmin olunurlar.
05/12/2015 22:46
SABAH qrupu tələbələrinin 2-ci Forumu
Dekabrın 4-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə 2-ci SABAH Forumu öz işinə başlayıb. Foruma ali təhsil müəssisələrinin SABAH qruplarında təhsil alan tələbələr qatılıb. Forumun əsas məqsədi SABAH qruplarında təhsil alan tələbələrlə birgə müzakirələrin aparılması, onların intellektual və yaradıcılıq potensialının inkişafına dəstək, tələbələr arasında fəal dialoq mühitinin yaradılmasıdır. Forum Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov iştirakçıları salamlayıb və forumun işinə uğurlar arzulayıb. Nazir qeyd edib ki, ölkəmizin regional və qlobal rəqabətdə üstünlük qazanması ücün ali təhsildə keyfiyyətin artırılması vacibdir. Ölkə rəhbərliyinin təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı bu sahədə islahatlar üçün mühüm zəmin yaradır. Təhsil naziri ali təhsil sahəsində islahatların yeni mərhələsinin başlandığını qeyd edərək bildirib ki, müasir çağırışlara cavab verən, rəqabətəqabil kadr hazırlığı baxımından SABAH qruplarından gözləntilərimiz çox böyükdür. Nazir ali təhsil məkanında mövcud potensialı səfərbər etməyə imkan verən innovasiya mühitinin yaradılmasının önəminə diqqət çəkib. Çıxışının sonunda Mikayıl Cabbarov SABAH qruplarında təhsil alan tələbələrin yaxın gələcəkdə ölkəmizin inkişafına layiqli töhfələr verəcəyinə ümidvar olduğunu bildirib. Tədbirdə SABAH qruplarında təhsil alan 3-cü kurs tələbələri çıxış edib, 1-ci SABAH Forumu ilə bağlı videoxronika nümayiş olunub. Forumun ikinci günündə müasir əmək bazarı şəraitində təhsil və karyera inkişafı mövzusunda müzakirələr aparılacaq, “ustad dərsləri”, eləcə də tələbələr arasında intellektual oyunlar keçiriləcək. Qeyd edək ki, SABAH qrupları 45 ixtisas üzrə elmi-pedaqoji potensialı, tədris laboratoriyası və maddi-texniki bazası yüksək olan 11 ali məktəbdə fəaliyyət göstərir. 1629 tələbənin təhsil aldığı bu qruplarda 500-dək müəllim dərs deyir. SABAH qruplarında tədris fərqli proqram əsasında keçirilir və tələbələrə xüsusi təqaüd verilir, eyni zamanda aztəminatlı ailələrdən olan tələbələr yataqxana ilə təmin olunur.
04/12/2015 21:52
“Xaricdə təhsil ümidlərimi tamamilə doğruldur” -“Uğur formulu”
Təhsil Nazirliyi və Lent.az İnformasiya Agentliyinin birgə həyata keçirdiyi “Uğur formulu” layihəsi davam edir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin qonağı Böyük Britaniyanın Heriot-Vat Universitetinin tələbəsi Rəşad Mütəllimovdur. O, Böyük Britaniyanın Heriot-Vat Universitetində neft mühəndisliyi ixtisası üzrə magistratura səviyyəsində təhsilini davam etdirir. Lent.az R.Müttəlimovla söhbəti təqdim edir: - Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Xaricdə təhsilin saymaqla bitməyəcək qədər faydaları var. Mən sadəcə onlardan bir neçə önəmlisini vurğulayacağam. Mənim üçün ilk və ən əsaslarından biri təhsil müddəti ərzində əldə etdiyim akademik biliklərdir. Yəni ixtisas və digər fənlər üzrə keyfiyyətli nəzəri, eyni zamanda tətbiqi bilik və bacarıqların əldə olunmasını nəzərdə tuturam. Təhsil aldığım universitet sənayedə baş verən yeniliklərin təhsil prosesinə dərhal tətbiqinə açıqdır. Bununla bərabər xaricdə təhsilin sosial və mədəni faydaları da var ki, mənə fərqli cəmiyyət və mədəniyyətlərə tez və asan şəkildə adaptasiya olunmağa imkan yaradır. Əldə etdiyim akademik faydalara və dünyagörüşümlə bağlı dəyişikliyə əsasən, onu deyə bilərəm ki, xaricdə təhsil ümidlərimi tamamilə doğruldur. - İxtisasınızla bağlı ilk mərhələdə hansı kitabları seçmisiniz? - İxtisasımla bağlı gərəkli olan bütün kitabları oxumağa çalışıram. Amma ilk növbədə, daha vacib olanlarını seçirəm. Bunlardan, “Ümumi geologiya və geomorfologiyanın əsasları” (Orxan Seyidzadə, 2010), “Earth: An Introduction to Physical Geology” (Edward J. Tarbuck, Frederick K. Lutgens, Dennis G. Tasa, 2010), “Earth Structure: An Introduction to Structural Geology and Tectonics” (Ben A. van der Pluijm and Stephen Marshak, 2003), “Petroleum Geology of the South Caspian Basin” (Leonid A. Buryakovsky, George V. Chilingar and Fred Aminzadeh, 2001) və digər kitabların adlarını çəkə bilərəm. - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? - Azərbaycan Texniki Universitetində bir müddət oxuduğum üçün ölkəmizdəki ali təhsildən müəyyən qədər məlumatlıyam. Bu məlumatlara əsaslanaraq deyə bilərəm ki, əvvəl oxuduğum ali məktəbdə dəyişdirilməsini arzuladığım kifayət qədər məsələlər var. Onlardan ən əsası, universitet daxilində təhsilin idarə edilməsi sistemidir. Bu, bilavasitə təhsilin keyfiyyətinin yüksəlməsinə və tələbələrin biliklər əldə etmək üçün həvəslənməsinə gətirib çıxarır. Bura, eyni zamanda təhsildə səmərəliliyi təmin edən informasiya sistemlərinin təhsilə tam tətbiqi məsələsi də daxildir. Müvafiq istiqamətli ali məktəblərimizdə dəyişməsini arzuladığım digər məsələ isə müasir sənaye yönümlü praktik və tətbiqi dərslərin artırılmasıdır. Bunlara nail ola bilsək, ali məktəblərimizdə tədrisin səviyyəsi ciddi şəkildə yüksələr. - Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız? - Təhsil Nazirliyinin təmin etdiyi materiallardan, Azərbaycan Ənənəvi Əl Sənətləri kitabı, YUNESKO-nun siyahısında olan Azərbaycan Mədəniyyətinin Şedevr Mirasları kitabı, Azərbaycanın Etnik Turizmi kitabı, Azərbaycanın Böyük İpək Yolunda olan əhəmiyyəti və tarixini əks etdirən kitab və Bakı şəhərinin böyük piyada xəritəsinə əlavə olaraq Azərbaycanımızın tanıdılması məqsədilə dövlət rəmzlərimizdən bir neçə bayraq və parça üzərində həkk olunmuş gerbimizi, musiqi alətlərimizi, milli geyimlərimizi, tarixi abidələrimizi, yeni binalarımızı və digər materialları özümlə gətirmişəm. - Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? - Qeyd etdiyim kimi, mən müəyyən müddət Azərbaycanda fərqli ixtisas üzrə təhsil almışam. Amma oxuduğum ixtisası sevmədiyim üçün uğursuzluqlarla qarşılaşırdım. Bunu anladıqdan sonra konüllü olaraq universitetdən çıxaraq arzularımın dalınca getməyi qərara aldım. Bu da mənim həyatımı kökündən dəyişdi. Ona görə də Azərbaycan gənclərinə ilk olaraq demək istərdim ki, sevdikləri ixtisasın dalınca getsinlər. Yalnız bu halda onlar öz sahələrində tanınar, ixtisasları üzrə peşəkarlığa yiyələnər və daha böyük uğurlar qazanarlar. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Onu deyə bilərəm ki, oxuduğum universitet tələbələrin ixtisaslı kadr kimi yetişməsində və müstəqil şəxsiyyət kimi formalaşmasında müəllim-tələbə münasibətlərinin rolunun önəmli olduğunu dəyərləndirərək, bu mövzuya çox həssas yanaşır. Universitetimizin müəllimləri öz təvazökarlıqları, tədris ili müddətində hər bir tələbənin fikirlərinə hörmətlə yanaşmaları və bu münasibətləri hər zaman eyni səviyyədə saxlama bacarıqları ilə tələbələrin bir şəxsiyyət kimi inkişafına hərtərəfli kömək edirlər. Onu da vurğulayım ki, ali məktəbimizdə çalışan müəllimlər vəzifəsindən, elmi dərəcəsindən asılı olmayaraq, tələbələrlə dostluq münasibətlərinə üstünlük verir, davranışlarında tam səmimiyyətlə ideal müəllim səviyyəsini qoruyurlar. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Əlbəttə ki, razıyam. Universitetimizdə elə səmimi, mədəniyyətli mühit var ki, hətta uzaq şərqdən gələn tələbələr belə, bu mühitə çox rahatlıqla uyğunlaşırlar. Belə mühiti Böyük Britaniyanın bütün təhsil ocaqlarına şamil edə bilərik. Gördüklərimə əsasən, deyə bilərəm ki, tələbələrarası və müəllim-tələbə münasibətlərinin müvafiq normalar çərçivəsində saxlanılması üçün Böyük Britaniya universitetlərində əllərindən gələn hər şeyi edirlər. Bu da xüsusən əcnəbi tələbələr üçün çox təqdirəlayiq haldır. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? - Xaricdən Azərbaycan təhsili potensialı olan, amma dəyişikliklərə ehtiyac duyulan bir təhsil sistemi kimi görünür. Yəni, həm təhsil sistemində, həm də təhsil ocaqlarının akademik heyətlərində gəncləşmənin və yüksək ixtisaslı kadrların ali təhsilə cəlb edilməsinin zəruri olduğu qənaətindəyəm. Eyni zamanda, ali təhsil ocaqlarının özəl və dövlət şirkətlərilə əməkdaşlığında əskikliklərin olduğunu vurğulamaq istərdim. - Çətinlikləriniz varmı? - İnanmıram ki, mühit dəyişdiyi halda, çətinlik yaşamayan insan olsun. Sadəcə, insanlar ancaq çətinliklərin öhdəsindən gələ bilmək bacarığı və müddəti ilə fərqlənirlər. Əlbəttə ki, hər bir insan kimi mən də ilk dövrlərdə müəyyən çətinliklərlə qarşılaşdım. Bunlardan, Azərbaycanla Böyük Britaniyanın 4 saatlıq vaxt fərqinin mövcudluğunu, ingilislərin, xüsusilə skotlandların özlərinə məxsus, çətin başa düşülən ləhcədə danışmasını, daha şimalda yerləşdiyinə görə, havanın burada Azərbaycana nisbətən soyuq olmasını qeyd edə bilərəm. Bir az təəccüblü görünsə də, avtomobillərin sükanının sağda olması və yol qaydalarının buna görə tənzimlənməsi də çətin alışdığım məsələlərdəndir. Tarixi ənənəyə uyğun olaraq, burada soyuq və isti su xətlərinin ayrı olması da əcnəbilər üçün maraqlı və ziddiyətli görünür. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Çalışıram asudə vaxtlarımı əsasən qeyri-akademik məşğuliyyətlərə həsr edim. Buna yeni qazandığım dostlarımla vaxt keçirmək kimi sosial fəallıq və bəzi idman növləri ilə məşğul olmaq–futbol oynamaq, fitneslə məşğul olmaq da daxildir. Yeni qazandığım dostlarla çox zaman şəhəri gəzməyə çıxırıq ki, bu da mənə şəhərin maraqlı yerlərini tanımağa və bura alışmağa imkan verir. Bundan başqa, dostlarımla kinoteatrda film izləyir və müxtəlif mövzular ətrafında maraqlı müzakirələr aparırıq. Lent.az
04/12/2015 16:59
“Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri davam edir
2015-ci ildə keçirilən müsabiqədə iştirak üçün 110 ümumtəhsil məktəbi, 600 müəllim Təşkilat Komitəsinə müraciət edib. Müsabiqələrin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək üçün təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsində Nazirliyin müvafiq struktur bölmə rəhbərləri təmsil olunur. Müsabiqələrin ilk mərhələsində verilmiş sənədlərin ekspertizası həyata keçirilib, nəticədə müvafiq bal toplamış 76 məktəb və 143 müəllim müsabiqənin növbəti mərhələsinə buraxılıb. “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin növbəti mərhələsinə buraxılmış məktəb direktorları Təhsil Nazirliyində yaradılmış Təşkilat Komitəsi qarşısında təqdimatla çıxış edərək 10 ballıq sistemlə qiymətləndiriliblər. “Ən yaxşı müəllim” müsabiqəsinin ikinci mərhələsinə vəsiqə qazanmış müəllimlər Bakının 50 məktəbində sınaq-nümunə dərsləri keçib. Dərslərdə iştirak edən müsabiqə komissiyası hər bir müəllimin tədris bacarığını 10 ballıq sistemlə qiymətləndirib. Üçüncü mərhələdə həmin müəllimlər Təşkilat Komitəsi qarşısında təqdimatla çıxış edirlər. Bu təqdimat da 10 ballıq sistemlə qiymətləndirilir. Yekunda bütün mərhələlər üzrə ballar toplanacaq və ən çox bal toplamış 47 məktəb 95 müəllim müsabiqənin qalibi elan olunacaq. Analoji proses Naxçıvan Muxtar Respublikasında da həyata keçirilir. Burada seçilmiş 3 ən yaxşı məktəb və 5 ən yaxşı müəllim müsabiqə qaliblərinin sırasına əlavə ediləcək və beləliklə, 2015-ci ildə respublika üzrə 50 məktəb, 100 müəllim qalib elan olunacaq. "Ən yaxşı müəllim" müsabiqəsi iştirakçılarının təəssüratları
03/12/2015 12:18
Masallı və Cəlilabad müəllimlərinin diaqnostik qiymətləndirilməsi
4-6 dekabr 2015-ci il tarixlərində Masallı və Cəlilabad rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək. Diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, onların dərs yükü normasını və əməkhaqqını artırmaqla maddi rifahının yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin nəticəsi əsasında inkişafyönümlü təlimlərə cəlb edilməsidir. Masallı Olimpiya İdman Kompleksində keçiriləcək diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər. Artıq imtahanlara hazırlıq işləri yekunlaşdırılıb. Masallı və Cəlilabad rayonlarının ümumi təhsil müəssisələrinin imtahanlarda iştirak edəcək müəllimlərinin imtahana dəvət olunduqları vaxt və məkan haqqında məlumatlar onlara çatdırılmaq üçün yerli təhsili idarəetmə orqanına təqdim edilib. Müəllimlər, həmçinin Təhsil Nazirliyinin müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə əlaqədar yaradılmış rəsmi saytından (www.dq.edu.az) şəxsi səhifələrinə daxil olaraq imtahana dəvət olunduqları vaxt və məkan barədə məlumat ala bilərlər. Diaqnostik qiymətləndirmədə Masallı rayonu üzrə ümumi təhsil müəssisələrində çalışan 2500-ə, Cəlilabad rayonu üzrə 2600-ə yaxın müəllimin iştirakı nəzərdə tutulur. Qeyd edək ki, müəllimlər imtahanlar başa çatdıqdan sonra diaqnostik qiymətləndirmənin nəticələri ilə tanış ola biləcəklər.
03/12/2015 10:34
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı