Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Ən yaxşı müəllim" müsabiqəsinin III mərhələsində iştirak edən müəllimlərin təəssüratları

2015-ci ildə “Ən yaxşı müəllim” müsabiqəsində iştirak üçün Təşkilat Komitəsinə 600 müəllim müraciət edib. Müsabiqənin ilk mərhələsində verilmiş sənədlərin ekspertizası həyata keçirilib və 143 müəllim növbəti mərhələyə buraxılıb. İkinci mərhələyə vəsiqə qazanmış müəllimlər Bakı şəhərindəki  50 məktəbdə sınaq-nümunə dərsləri keçib. Müsabiqə komissiyası hər bir müəllimin tədris bacarığını 10 ballıq sistemlə qiymətləndirib. Üçüncü mərhələdə isə müəllimlər Təşkilat Komitəsi qarşısında təqdimatla çıxış ediblər. Bu mərhələdə də qiymətləndirmə 10 ballıq sistemlə aparılıb. “Ən yaxşı müəllim” müsabiqəsinin üçüncü mərhələsini başa vuran müəllimlər öz təəssüratlarını bölüşüblər.     Ellada Mirzəyeva Sabirabad rayon 5 nömrəli Nizami Gəncəvi adına tam orta məktəbin ingilis dili müəllimi              15 ildir ki, ingilis dili fənnini tədris edirəm. “Ən yaxşı müəllim” müsabiqəsinə ikinci dəfədir ki, qatılıram. Bu müsabiqə müəllimin öz bacarıqlarını nümayiş etdirməsi üçün böyük bir  şansdır. İnanıram ki, müsabiqədə iştirakımız, mütəxəssislər tərəfindən aldığımız rəy gələcək fəaliyyətimizə də öz müsbət təsirini göstərəcək. Həmkarlarımızın müsabiqədə yer tutması bizdə inam, uğur qazanmaq arzusunu formalaşdırır. Bu müsabiqə biz müəllimləri daha keyfiyyətli  işləməyə sövq edir. “Ən yaxşı müəllim” müsabiqəsinin keçirilməsi müəllimlərin əməyinə verilən qiymətin bariz nümunəsidir. Bu müsabiqədə iştirak edən bütün həmkarlarıma uğurlar arzu edirəm. Bikə Allahverdiyeva Saatlı rayon Gomuşçu kənd  tam  orta məktəbin Azərbaycan dili və  ədəbiyyatı müəllimi               13 ildir ki, müəllim işləyirəm. Dövlətimizin müəllimlərə, təhsil işilərinə olan qayğısı biz müəllimlərin məsuliyyətini daha da artırır. “Ən yaxşı müəllim” müsabiqəsi bizə bilik və bacarıqlarımızı nümayiş etdirməyə imkan yaradır. Bu müsabiqədə iştirakımı pedaqoji fəaliyyətimin uğuru hesab edirəm. Mən öz bacarıqlarımı sınamaqla yanaşı, iştirakçı müəllimlərlə təcrübə mübadiləsi etmək imkanı qazandım. Ötən il bu müsabiqəyə qatılsam da, yer tuta bilmədim. Ancaq özümə olan inamım məni bu müsabiqəyə yenidən qoşulmağa vadar etdi. Ümid edirəm ki, istədiyim nəticəyə çatacağam. Dilşad Kərimova Ucar şəhər 2 nömrəli  tam orta məktəbin kimya müəllimi             “Ən yaxşı müəllim” müsabiqəsində ilk dəfədir ki, iştirak edirəm. Doğrusu, əvvəllər də qatılmaq istəyirdim. Ancaq başa düşdüm ki, şagirdlərin yalnız təlim-tərbiyəsi ilə məşğul olmaq  bu müsabiqədə  iştirak etmək üçün yetərli deyil. Buna görə də bilik və bacarıqları daha da təkmilləşdirməyin, təhsil sahəsindəki yeniliklərin tədris prosesində tətbiqinin vacibliyini dərk etdim. Ucar rayonundan “Ən yaxşı müəllim” müsabiqəsində qalib gələn müəllimlər çoxdur. Bu isə bölgələrdə rəqabətəqabil, peşəkar müəllimlərin yetişməsi deməkdir. Bu müsabiqənin təşkilinə görə  hər  kəsə təşəkkür edirəm. Şirin Məmmədova  Bakı şəhəri 318 nömrəli  tam orta məktəbin kimya-biologiya müəllimi               “Ən yaxşı müəllim” müsabiqəsinə kimya fənni üzrə qatılmışam. İlk dəfədir ki, bu müsabiqədə iştirak edirəm. Bundan əvvəlki illərdə bir çox nailiyyətlər qazanmışam.  “Elektron təhsil” müsabiqəsinin qalibiyəm. 7-ci siniflər üçün kimya vəsaitinin müəllifiyəm. Yaratdığım “Azəri ekoloqlar” komandası Bakı üzrə birinci, respublika üzrə qalib yerlərdən birini tutub. Müsabiqə müddətində özümü sanki “döyüş zonasında” hiss edirdim. Yuxusuz gecələrim, həyəcanlı anlarım çox oldu. Ancaq hədəfim bəlli idi. “Uduzmaq olmaz” deyirdim. Bu müsabiqə özümə qarşı daha çox tələbkar olmağı öyrətdi. Həm də bu, yaradıcı müəllim üçün öz üzərində işləmək imkanı verir, dövlət və şagird qarşısında məsuliyyətini artırır. Şəxsən mən qısa zaman ərzində 3 dərs resursu hazırladım, elektron lövhələrlə işləmək imkanı qazandım. Müsabiqədə iştirak edən bütün həmkarlarıma uğurlar arzu edirəm . Gülnarə Abdullayeva Bakı şəhəri 5 nömrəli tam orta məktəbin ingilis dili müəllimi               26 ildir ki, eyni məktəbdə ingilis dili fənnini  tədris edirəm. Belə bir kəlamı xatırlatmaq istəyirəm: “Hər bir elmin nüvəsində mənəviyyat, ağıl, idrak, ünsiyyət dayanır”. Ən böyük ünsiyyət vasitəsi dildir. Bu gün xarici dil, xüsusilə də ingilis dili müasirliyin tələbidir. Özümü çox xoşbəxt sayıram ki, bu peşənin sahibiyəm.             İkinci dəfədir ki, “Ən yaxşı müəllim” müsabiqəsinə qatılıram. İlk dəfə bu müsabiqəyə 2009-cu ildə qatıldım və qalib gəldim. Bir müəllim kimi əməyim dəfələrlə qiymətləndirilib, uğurlarım çox olub. Ən böyük uğurum 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülməyimdir. Mənə elə gəlir ki, müəllim üçün bundan yüksək ad ola bilməz. Mən dövlətimə, dövlət başçısına təhsilə göstərdiyi qayğıya, müəllim adına verilən yüksək qiymətə görə minnətdarlığımı bildirirəm.  Mərdan İsmayılov   Bakı şəhəri 313 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi                “Ən yaxşı müəllim” müsabiqəsinə ikinci dəfədir ki, qatılıram. 2009-cu ildə də bu müsabiqənin qalibi olmuşam. Bu il biliyimi yoxlamaq üçün yenidən müsabiqəyə qatıldım. Nəticələrin yaxşı olacağını düşünürəm, cünkü ballarım yüksəkdir. Mən bir riyaziyyatçı kimi şagirdlərdə riyazi düşünmək qabiliyyətini inkişaf etdirməyi qarşıma məqsəd qoymuşam. Şagirdlərə riyaziyyatı öyrətməklə yanaşı, onların sərbəst düşünmələrinə çalışıram. Bu gün müəllimlərin qarşısında duran ən vacib məsələ düşünməyi bacaran insanlar yetişdirməkdir.  “Ən yaxşı müəllim” müsabiqəsi həm müəllim əməyinə verilən yüksək qiymət, həm də müəllimlərdə böyük ruh yüksəkliyi yaratmaq baxımdan böyük əhəmiyyətə malikdir. Xəyalə Quliyeva Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi 10 illik pedaqoji fəaliyyətim dövründə  bir çox respublika əhəmiyyətli müsabiqələrdə iştirak etmişəm və həmin müsabiqələrdə qalib gəlmişəm. Bu müsabiqəni neçə ildir ki, izləyirdim. Nəhayət, özümü tam hazır hiss etdikdən sonra müsabiqəyə qatılmaq qərarına gəldim. Artıq üç mərhələni arxada qoymuşam. Keçilən yola baxanda bir müəllim kimi  sevinməyə bilmirəm. “Ən yaxşı müəllim” adı uğrunda müsabiqəyə qatılmaq qürurverici hissdir. Müsabiqə tam şəffaf,  obyektiv və təşkilati baxımdan çox yüksək səviyyədə təşkil edilib. Nəticələrdən asılı olmayaraq, biz unutmamalıyıq ki, şərəfli bir peşənin icraçılarıyıq. Hər bir həmkarıma gələcək fəaliyyətində uğurlar arzulayıram. Qalib olacaq hər bir kəsi öncədən təbrik edirəm.

Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərinin nəzərinə!

Təhsil naziri Mikayıl Cabbarov 18 dekabr 2015-ci il tarixində saat 11:00-da Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək. Qəbulda Sabirabad, Saatlı, İmişli rayonlarında və Şirvan şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 11, 14, 15, 16 və 17 dekabr 2015-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Təhsil naziri Koreya Respublikasının ölkəmizdəki səfirini qəbul edib

Dekabrın 10-da təhsil naziri Mikayıl Cabbarov Koreya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Kim Çanq Gyunu qəbul edib. Görüşdə təhsil sahəsində əməkdaşlıq, o cümlədən ali və ilk peşə-ixtisas təhsili sahələrində əməkdaşlıq layihələrinin icrası məsələləri müzakirə olunub. Mikayıl Cabbarov ölkəmiz üçün Koreya Respublikasının təcrübəsinin öyrənilməsinin önəmini qeyd edib və təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Orta ixtisas təhsilinə dair müşavirə

Dekabrın 8-də orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib. Bakı Texniki Kollecində keçirilən müşavirədə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin rəhbərləri iştirak ediblər. Müşavirədə həyata keçirilən təhsil islahatlarından irəli gələn tələblər, gənc nəslin formalaşdırılmasında təhsil müəssisələrinin rolu, müasir dövrdə orta ixtisas təhsili müəssisələrinin qarşısında duran əsas vəzifələr müzakirə edilib. Öncə “Günəşli” yatağında baş vermiş qəza nəticəsində həlak olan neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təhsil nazirinin müavini Firudin Qurbanov müşavirə iştirakçılarını  salamlayıb və kolleclərin fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin vacib olduğunu nəzərə çatdırıb. F.Qurbanov tədris müəssisələrinin rəhbərlərinə imtahan sessiyasına nəzarətin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlarını verib. Nazir müavini qeyd edib ki, təhsil müəssisələrində cəmiyyətdə gedən mövcud proseslər hər zaman nəzərə alınmalı, tələbələrin dərsdən yayınma hallarına qarşı müvafiq tədbirlər görülməli, təlim-tərbiyə prosesinin müasir tələblər səviyyəsində təşkili təmin olunmalıdır. F.Qurbanov kolleclərin fəaliyyətindəki nöqsanları və keyfiyyət göstəricilərinin aşağı olmasını da xüsusi qeyd edib. Daha sonra müşavirədə orta ixtisas təhsili müəssisələrinin rəhbərləri çıxış ediblər.

Akademik orta məktəbdə dərs deyib

Dekabrın 10-da  Bakı şəhərindəki Texniki Humanitar Liseydə Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutunun direktoru, akademik Akif Əzizov ilk nümunəvi dərs tədris edib. Qeyd edək ki, nümunəvi dərslər təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi mərasimində “Elmdən Təhsilə” adlı məqsədli proqramla bağlı irəli sürdüyü təşəbbüsə uyğun olaraq təşkil edilir. Azərbaycan  Respublikası Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında əldə olunmuş razılaşmaya əsasən, bu dərsləri AMEA-da çalışan tanınmış alimlər tədris edəcək. Nümunəvi dərslərin tədrisi üçün paytaxtın 26 ümumi təhsil müəssisəsi seçilib. Həmin müəssisələrdən 17-də fənn laboratoriyaları fəaliyyət göstərir ki, bu da dərsləri əyani tədris etmək imkanı yaradacaq. Digər 4 müəssisə 2015-ci ildə əsaslı təmir olunan təhsil ocağıdır. Tarix və humanitar yönümlü nümunəvi dərslərin tədrisi üçün 5 ümumi təhsil müəssisəsi seçilib. Akademik  A.Əzizov Texniki Humanitar Liseyin kimya laboratoriyasında 9-cu sinif şagirdlərinə kimya fənni üzrə nümunəvi dərs tədris edib, şagirdləri maraqlandıran sualları cavablandırıb.                         Məktəblilərin elmə marağının artırılmasının önəminə diqqət çəkən akademik A.Əzizov bildirib ki, elm və təhsilin inteqrasiyası yüksək elmi biliyə malik kadrların yetişməsinə imkan yaradır. Akademik ölkəmizdə  təhsilin keyfiyyətini elmin gücü ilə yüksəltmək üçün xüsusi addımlar atıldığını deyib və  bu baxımdan “Elmdən Təhsilə” adlı məqsədli proqramın əhəmiyyətini vurğulayıb. A.Əzizov ölkə iqtisadiyyatında kimya sənayesinin rolu, bu sahənin dünya miqyasında perspektivli bir istiqamət olduğunu vurğulayıb. Azərbaycanın dünyada neft ölkəsi kimi tanındığını deyən A.Əzizov son illər ölkəmizdə neft-kimya sənayesinin sürətlə inkişaf etdyini, yeni və müasir istehsal sahələrinin yaradılması prosesinin geniş vüsət aldığını bildirib. Dekabrın 10-da İsveçin paytaxtı Stokholm şəhərində “Nobel həftəsi” çərçivəsində dəyərli elmi tədqiqatlara, ixtiralara, mədəniyyət və cəmiyyətin inkişafındakı xidmətlərinə görə verilən “Nobel” mükafatının sahiblərinə təqdim ediləcəyini deyən akademik bu mükafata layiq görülən kimyaçı alimlər haqqında da şagirdlərə məlumat verib. Nümunəvi dərsdə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, təhsil ekspertləri və KİV nümayəndələri iştirak edib.  

Azərbaycan məktəblilərinin tarixi uğuru

Son on bir ildə Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda ən yüksək nailiyyət əldə ediblər. Belə ki, 2-10 dekabr 2015-ci il tarixlərində Cənubi Koreyanın Dequ şəhərində keçirilən yeniyetmələrin XII Beynəlxalq Elm Olimpiadasında (İJSO) məktəblilərimiz 2 gümüş, 3 bürünc medal qazanıb. 43 ölkənin iştirak etdiyi bu olimpiadada ölkəmiz  uğurlu nəticə əldə edənlər sırasında olub. Ölkəmizi təmsil edən Şirvan şəhəri 18 nömrəli Təbiət və humanitar fənlər təmayüllü məktəb liseyin X sinif şagirdi Hüseyn Babayev və Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin X sinif şagirdi Cəfər İsbarov gümüş, Bakı şəhərindəki akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin X sinif şagirdləri Turan Bədəlli və  Emin Qayıbov, Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin X sinif şagirdi Turan Məmmədli bürünc medal qazanıb. Fizika, kimya və biologiya fənləri üzrə keçirilən XII Beynəlxalq Elm Olimpiadasında şagirdlər həm nəzəri, həm də praktiki biliklərini nümayiş etdiriblər. Bu olimpiadada ölkəmizi təmsil edən məktəblilər 2004-cü ildə 1 bürünc, 2005-ci ildə 2 bürünc, 2007-ci ildə 3 bürünc, 2008-ci ildə 3 bürünc, 2009-cu ildə 1 gümuş, 2 bürünc, 2010-cu ildə 2 bürünc, 2011-ci ildə 1 gümüş, 2 bürünc, 2012-ci ildə 4 bürünc, 2013-cü ildə 1 bürünc, 2014-cü ildə 1 bürünc medal  qazanıblar. Qeyd edək ki, bu il Beynəlxalq Riyaziyyat Olimpiadasının nəticələrinə görə, Azərbaycan top 50 ölkənin sırasına düşüb. Həmçinin, uzun illlik fasilədən sonra Beynəlxalq Biologiya Olimpiadasında və Asiya Fizika Olimpiadasında qazanılan bürünc medallar bu istiqamətdə düzgün işin qurulmasını göstərir. Bakıda keçirilmiş Beynəlxalq Kimya Olimpiadasında isə  şagirdlərimiz 2 bürünc medal əldə ediblər.

Badminton üzrə Nərimanov rayon birinciliyi

Dekabrın 8-də“ABU Arena”da “Olimpiya hərəkatı” proqramı çərçivəsində badminton idman növü üzrə Nərimanov rayon birinciliyi keçirilib. “Olimpiya hərəkatı” proqramı Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi tərəfindən birgə həyata keçirilir. Proqramın əsas məqsədi “Bakı 2015” Birinci Avropa Oyunlarının sosial və idman irsini davam etdirməkdən ibarətdir. Həmçinin, proqram məktəbliləri yüngül atletika, veloidman, basketbol (3x3) və badminton idman növləri üzrə keçiriləcək məktəb və şəhər yarışlarına cəlb etməyi, şagirdlərə sağlam və aktiv həyat tərzinin, olimpiya dəyərlərinin təşviqini nəzərdə tutur. Milli Olimpiya Komitəsinin Marketinq şöbəsinin rəhbəri Mehman Kərimov “Olimpiya hərəkatı” proqramı haqqında ətraflı məlumat verib. O, rayon birinciliyinə vəsiqə qazanmış məktəb komandalarını təbrik edib və onlara uğurlar arzulayıb. Bundan sonra yarışa start verilib. 22 məktəbi təmsil edən 100 nəfərdən artıq qız və oğlan şəxsi, eləcə də qarışıq-qoşa formatda güclərini sınayıblar. Yarışlar komandalar arasında olimpiya sistemi üzrə keçirilib. Yarışın ümumi nəticələrinə görə, I yeri 212, II yeri 258, III yeri isə 45 saylı ümumi təhsil məktəblərinin komandaları tutaraq, final mərhələsinə vəsiqə qazanıblar. Qaliblərə təşkilatçılar tərəfindən diplom və kuboklar təqdim olunub.

Ümumi təhsil müəssisələrində nümunəvi dərslər 

Dekabrın 10-dan Bakı şəhərinin ümumi təhsil müəssisələrində nümunəvi dərslərə start veriləcək. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında əldə olunmuş razılaşmaya əsasən, bu dərsləri AMEA-da çalışan tanınmış alimlər tədris edəcək. İlk nümunəvi dərs Bakı şəhərindəki Texniki Humanitar Liseydə AMEA-nın Polimer Materialları İnstitutunun direktoru, kimya elmləri doktoru, akademik Akif Əzizov tərəfindən təqdim olunacaq. . Qeyd edək ki, bu məqsədlə paytaxtda 26 ümumi təhsil müəssisəsi seçilib. Həmin müəssisələrdən 17-də fənn laboratoriyaları fəaliyyət göstərir ki, bu da dərsləri əyani tədris etmək imkanı yaradacaq. Digər 4 müəssisə 2015-ci ildə əsaslı təmir olunan təhsil ocağıdır. Tarix və humanitar yönümlü nümunəvi dərslərin tədrisi üçün 5 ümumi təhsil müəssisəsi seçilib. Nümunəvi dərslər təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi mərasimində “Elmdən Təhsilə” adlı məqsədli proqramla bağlı irəli sürdüyü təşəbbüsə uyğun olaraq təşkil edilir. Elmi və elmi-populyar mövzular üzrə tədris ediləcək dərslər elmlə təhsil arasında əlaqənin genişləndirilməsi, məktəblilərin elmə marağının artırılması və tanınmış alimlərin ardıcıllarının yetişdirilməsi məqsədlərinə xidmət edir. Şagirdlərin elmi araşdırma məsələləri üzərində işləməyə həvəsləndirilməsi və dünyagörüşünün düzgün istiqamətdə formalaşdırılması da bu layihənin məqsədlərindəndir.

Müəllimlərin diaqnostik qiymətləndirilməsi davam edir

Dekabrın 9-da Şirvan şəhərində Hacıqabul, Sabirabad, İmişli, Saatlı rayonlarının və Şirvan şəhərinin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb. Şirvan Olimpiya İdman Kompleksində keçirilən imtahanlarda 6500-dən çox müəllim iştirak edəcək. Diaqnostik qiymətləndirmə proqram təminatı əsasında kompüterlər vasitəsilə həyata keçirilir. Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilir. Müvafiq qaydalara görə, hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar. Şirvan şəhərində 9-13 dekabr tarixlərində keçirilən diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər. Qeyd edək ki, müəllimlər imtahanlar başa çatdıqdan sonra diaqnostik qiymətləndirmənin nəticələri ilə tanış ola biləcəklər.  

Lerikdə yeni məktəb istifadəyə verilib

Dekabrın 8-də Lerik rayonu Anbu kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. Tədbirdə Təhsil Nazirliyinin və Lerik Rayon İcra Hakimiyyətinin rəsmiləri, məktəblilər və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Açılış mərasimində qeyd olunub ki, 180 şagird yerlik bu təhsil ocağının tikintisinə 2014-cü ilin sentyabrından başlanılıb. Təhsil Nazirliyi tərəfindən vahid standart əsasında inşa olunan məktəb 12 sinif otağı, 2 laboratoriya, kompüter otağı, akt və idman zallarından ibarətdir. Məktəb ərazisində yanğın və içməli su anbarları, qazanxana inşa olunub. Məktəbin həyəti abadlaşdırılıb və yaşıllıq zolağı salınıb. Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov çıxışında ölkəmizin bütün bölgələrində yeni məktəblərin inşa edildiyini, köhnə məktəb binalarının isə əsaslı təmir olunduğunu vurğulayıb. Şöbə müdiri bildirib ki, bütün yeni məktəblər müasir təhsil sisteminin tələblərinə uyğun inşa olunur.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı