Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri davam edir

2015-ci ildə keçirilən müsabiqədə iştirak üçün 110 ümumtəhsil məktəbi,  600 müəllim Təşkilat Komitəsinə müraciət edib. Müsabiqələrin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək üçün təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsində Nazirliyin müvafiq struktur bölmə rəhbərləri təmsil olunur. Müsabiqələrin ilk mərhələsində verilmiş sənədlərin ekspertizası həyata keçirilib,  nəticədə müvafiq bal toplamış 76 məktəb və 143 müəllim müsabiqənin növbəti mərhələsinə buraxılıb. “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin növbəti mərhələsinə buraxılmış məktəb direktorları Təhsil Nazirliyində yaradılmış Təşkilat Komitəsi qarşısında təqdimatla çıxış edərək 10 ballıq sistemlə qiymətləndiriliblər. “Ən yaxşı müəllim” müsabiqəsinin ikinci mərhələsinə vəsiqə qazanmış müəllimlər Bakının 50 məktəbində sınaq-nümunə dərsləri keçib. Dərslərdə iştirak edən müsabiqə komissiyası hər bir müəllimin tədris bacarığını 10 ballıq sistemlə qiymətləndirib. Üçüncü mərhələdə həmin müəllimlər Təşkilat Komitəsi qarşısında təqdimatla çıxış edirlər. Bu təqdimat da 10 ballıq sistemlə qiymətləndirilir. Yekunda bütün mərhələlər üzrə ballar toplanacaq və ən çox bal toplamış 47 məktəb 95 müəllim müsabiqənin qalibi elan olunacaq. Analoji proses Naxçıvan Muxtar Respublikasında da həyata keçirilir. Burada seçilmiş 3 ən yaxşı məktəb və 5 ən yaxşı müəllim müsabiqə qaliblərinin sırasına əlavə ediləcək və beləliklə, 2015-ci ildə respublika üzrə  50 məktəb, 100 müəllim qalib elan olunacaq.   "Ən yaxşı müəllim" müsabiqəsi iştirakçılarının təəssüratları

Masallı və Cəlilabad müəllimlərinin diaqnostik qiymətləndirilməsi

4-6 dekabr 2015-ci il tarixlərində Masallı və Cəlilabad rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək. Diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, onların dərs yükü normasını və əməkhaqqını artırmaqla maddi rifahının yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin nəticəsi əsasında inkişafyönümlü təlimlərə cəlb edilməsidir. Masallı Olimpiya İdman Kompleksində keçiriləcək  diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər. Artıq imtahanlara hazırlıq işləri yekunlaşdırılıb. Masallı və Cəlilabad rayonlarının ümumi təhsil müəssisələrinin imtahanlarda iştirak edəcək müəllimlərinin imtahana dəvət olunduqları vaxt və məkan haqqında məlumatlar onlara çatdırılmaq üçün yerli təhsili idarəetmə orqanına təqdim edilib. Müəllimlər, həmçinin Təhsil Nazirliyinin müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə əlaqədar yaradılmış rəsmi saytından (www.dq.edu.az) şəxsi səhifələrinə daxil olaraq imtahana dəvət olunduqları vaxt və  məkan barədə məlumat ala bilərlər. Diaqnostik qiymətləndirmədə Masallı rayonu üzrə ümumi təhsil müəssisələrində çalışan 2500-ə, Cəlilabad rayonu üzrə  2600-ə yaxın müəllimin iştirakı nəzərdə tutulur. Qeyd edək ki, müəllimlər imtahanlar başa çatdıqdan sonra diaqnostik qiymətləndirmənin nəticələri ilə tanış ola biləcəklər.

Şəkidə məktəb açılışı

Dekabrın 1-də Şəkidə Qaratorpaq kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.    Tədbirdə Təhsil Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin rəsmiləri, məktəblilər və kənd ictimaiyyəti iştirak edib. Açılış mərasimində çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov rayon mərkəzindən 90 kilometr uzaqda yerləşən bu təhsil ocağının  indiyədək köhnə tikilidə yerləşdiyini bildirib. Qeyd edilib ki, Qaratorpaq kənd tam orta məktəbi təhsil göstəricilərinin yüksək olması ilə fərqlənib. Bu il məzun olan 9 nəfərdən 6-sı ali təhsil müəssisələrinə qəbul üçün ərizə verib və  tələbə adını qazanıb. Onlardan ikisinin qəbul balı 600-dən yüksək olub. Yeni məktəbdə hər bir fənn üzrə ixtisaslı müəllimlər tədris aparır. Məktəbdə 97 şagirdin təlim-tərbiyəsi ilə 22 müəllim məşğul olur. Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov çıxışında ölkəmizin bütün bölgələrində yeni məktəblərin inşa edildiyini, köhnə məktəb binalarının isə əsaslı təmir olunduğunu vurğulayıb. Şöbə müdiri bildirib ki, məktəblər vahid standart əsasında müasir təhsil sisteminə uyğun inşa olunur. İlin sonunadək daha bir neçə bölgədə yeni məktəblər istifadəyə veriləcək. Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən vahid standart əsasında inşa olunan 132 şagird yerlik Qaratorpaq kənd tam orta məktəbi 11 sinif otağı, 2 laboratoriya, kompüter otağı, 80 yerlik akt zalı, idman zalı, hərbi hazırlıq otağı, 2 əmək təlimi otağı, kitabxana və tibb məntəqəsinə malikdir. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet avadanlıqları quraşdırılıb. Müasir tələblərə cavab verən qazanxana maye yanacaqla işləyir. Məktəbin ərazisində inşa olunan futbol meydançası, müxtəlif idman qurğuları şagirdlərin fiziki inkişafını möhkəmləndirməyə xidmət edir.

Noyabr ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 13477 müraciət daxil olub

2015-ci ilin noyabr ayında Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 8824 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 15 dəfə, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox) daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 4653 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 597 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1228 sənəd (798 məktub, 405 ərizə, 25 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdən daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu və yerdəyişməsi, ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası ilə bağlı məsələlər əksini tapıb. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (2103 zəng) və çərşənbə axşamı (1868 zəng) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin cümə (1025 müraciət) və bazar ertəsi (1009 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

Təhsil naziri Beyləqanda vətəndaşları qəbul edib

Noyabrın 30-da təhsil naziri Mikayıl Cabbarov Beyləqan şəhərindəki Heydər Əliyev Mərkəzində Beyləqan, Füzuli, Ağdam və Tərtər rayon sakinlərini qəbul edib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, keçirilən qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, tədris müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, təhsil haqqı və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda vətəndaşların müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

Xaçmaz rayonunda müəllimlərin diaqnostik qiymətləndirilməsi

28-29 noyabr 2015-ci il tarixlərində Xaçmaz rayonunun ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən diaqnostik qiymətləndirmədə 19 ümumi təhsil fənni üzrə 2300-dən çox müəllim iştirak edib. İmtahanlar bitdikdən dərhal sonra diaqnostik qiymətləndirilmənin nəticələri açıqlanıb. Müəllimlər Təhsil Nazirliyinin müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə əlaqədar yaradılmış rəsmi saytından (www.dq.edu.az) şəxsi səhifələrinə daxil olaraq, nəticələri ilə tanış ola bilərlər. Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilib. Müvafiq qaydalara görə, hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar.  Qeyd edək ki, diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak ediblər.

"Arzusunda olduğum ölkədə oxumaq istəmişəm” - "Uğur formulu”

Təhsil Nazirliyi və Lent.azİnformasiya Agentliyinin birgə layihəsi olan “Uğur formulu” layihəsinin ilk qonağını təqdim edirik.                 "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin qonağı Böyük Britaniyanın Birmingem Universitetinin tələbəsi Günel Ağabəylidir - Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Xaricdə təhsil mənə öz ixtisasımla bağlı yeniliklərdən xəbərdar olmaq və bu yenilikləri mənimsəyib tətbiq etmək imkanı yaradır. Həmişə arzusunda olduğum ölkədə oxumaq və yüksək səviyyəli təhsil sistemi insanı dərslərində fərqlənməyə, yeniliklərə imza atmağa həvəsləndirir.  - İxtisasınızla bağlı ilk mərhələdə hansı kitabları seçmisiniz?  - İlk mərhələdə seçdiyimiz kitablar dərs cədvəlimizə salınmış modullar ilə əlaqəlidir. Məsələn, ilk mərhələdə kolloid kimya, mühəndisliyin əsasları, ölçmə texnikaları ilə əlaqəli bir çox ədəbiyyatlardan istifadə edirəm.  - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? - İxtisasımla bağlı təhsil aldığım universitetdə bir çox fənlər mütləq şəkildə tədris olunduğu halda, tələbələrə də 6 fənni seçmək imkanı yaradılıb. Zənnimcə, belə bir sistem tələbəyə çox faydalıdır. Bu, bizə seçdiyimiz sahə üzrə lazım olan fənləri daha dərindən öyrənmək imkanı yaradır. Belə bir sistemi məncə, ölkəmizdəki təhsil ocaqlarına da tətbiq etmək olar. Mən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialını bitirmişəm. Həmin təhsil ocağı ilə müqayisədə bu ali məktəbdəki tədris fərqi azdır. Amma bir çox digər ali təhsil ocaqlarımıza tətbiq ediləsi, tələbələrə lazım olan xeyli mütərəqqi qaydalar, yeniliklər var. Onların Azərbaycanın ali təhsil müəssisələrində tətbiqi çox faydalı olardı. - Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız? - Milli yeməklərimizdən, tariximizdən bəhs edən ingilis dilində nəşr olunmuş kitabçalar təhsil aldığım ölkəyə gələrkən özümlə gətirdiyim əsas vəsaitlər oldu. - Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? - Həmyaşıdım olan gənclərə demək istərdim ki, gənclik illərinin verdiyi fürsətdən səmərəli istifadə etsinlər. Daim zirvələrə can atsınlar. Əllərində olan hər imkandan yararlansınlar, illərini faydalı keçirsinlər və ən əsası, məqsədli olsunlar. Çünki insan qarşısına məqsəd qoyaraq, hər gün bu məqsədə çatmaq üçün bir saat belə olsa çalışırsa, demək, nəticə arzuladığı kimi olacaq. Öz təcrübəmə əsaslanaraq, bunu əminliklə söyləyə bilərəm. Bir il əvvəl xaricdə təhsillə bağlı qarşıma qoyduğum arzum bu gün artıq reallığa çevrilib. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Əvvəl təhsil aldığım ali məktəbdəki kimi, bu təhsil ocağında da tələbələrlə müəllimlər arasında bir doğmalıq var. Müəllimlər nəinki tədris etdikləri fənləri tələbələrə dərindən aşılayır, eyni zamanda həyatı və onun çətinliklərinin öhdəsindən necə gəlmək lazım olduğunu da anladırlar. Tələbələrin yaxşı oxuması üçün əlverişli mühit və həvəsləndirmə yaradırlar. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Ölkəmizdə təhsil aldığım illərdən bir çox tədbirlərin iştirakçısı olduğum üçün istər əcnəbi tələbələr, istərsə də daha yaşlı nəsildən olan əcnəbilərlə qarşılıqlı münasibətlərin qurulmasına alışmışam. Odur ki, buradakı mühitə uyğunlaşmaq mənim üçün elə də çətin olmadı. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? - Azərbaycan son 10 ildə təhsil sistemində çox irəliləyişə nail olubdur. Bu uğurlarda xaricdə təhsilini başa vurub Vətənə geri dönən gənclərin də xüsusi rolu var. Xaricdə təhsil müddətində öyrəndiklərimizi Vətənimizdə tətbiq edə bilsək, gələcəkdə Azərbaycan da dünyanın reytinq siyahılarında öncül yer tutan, beynəlxalq səviyyəli təhsil ocaqları ilə tanınacaq. Bu güc isə tək bir nəfərdən asılı deyil. Ümumilikdə hər birimizdən, xüsusən də biz gənclərdən asılıdır. - Çətinlikləriniz varmı? - Çətinliklərim yoxdur desəm, məncə, düzgün olmaz. Çünki tələbəlik həyatı həm çətinliklər, həm də onların həlli yollarından ibarətdir. Əsas olan hər bir çətinlikdən çıxaracağımız dərslərdir. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Xaricdə təhsil alan gənclər məncə yaxşı bilirlər ki, dərslərin, tədris proqramlarının ağırlığından asudə vaxtımız az olur. Amma belə zamanlar olanda, təhsil aldığım ölkənin incəsənəti, tarixi ilə maraqlanmağa, bizim tariximiz, mədəniyyətimiz haqqında olan məlumatları əcnəbi tanışlarımla, dostlarımla bölüşməyə və öz sahəm üzrə araşdırmalar aparmağa daha çox önəm verirəm.   Lent.az

“Elektron təhsil” Respublika müsabiqəsinin nominantları müəyyənləşdirilib

“Elektron təhsil” Respublika müsabiqəsinə təqdim olunan 900 layihədən 207-si nominant olaraq seçilib və növbəti mərhələyə buraxılıb. Həmin layihələr növbəti mərhələdə münsiflər heyəti tərəfindən onlayn qiymətləndiriləcək. Müsabiqənin keçirilməsində məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən  müəllimlərin fəaliyyətini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, tədrisdə İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaqdan ibarətdir. Müəllim və şagird istiqamətləri üzrə 6 nominasiyada təşkil olunan müsabiqəyə ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırması və yenidənhazırlanması ilə məşğul olan qurumların  metodist mütəxəssisləri və məktəblilər qatılıblar. Müsabiqə “Dr.Web”, “AzEduNet”, “Ultra”, "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi, “Edumedia Azərbaycan” və “Nar Mobile” tərəfindən dəstəklənir.     Qeyd edək ki, 2010-cu ildən təşkil edilən müsabiqəyə indiyə qədər ümumilikdə, 5000-dən artıq layihə təqdim olunub.

"İnsan öz hədəflərinə yalnız zəhmətlə çata bilər“ - "Uğur formulu”

Təhsil Nazirliyi və Lent.az İnformasiya Agentliyinin birgə həyata keçirdiyi “Uğur formulu” layihəsi davam edir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Almaniyanın Köln Ali Musiqi Məktəbinin tələbəsi Toğrul Hüseynlidir. Xaricdə təhsil üzrə Dövlət Proqramının təqaüdçüsü T.Hüseynli Almaniyanın Köln Ali Musiqi Məktəbində solo-fortepiano ixtisası üzrə magistratura səviyyəsində təhsilini davam etdirir.Lent.az T.Hüseynli ilə söhbəti təqdim edir.   - Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?  - Mən artıq 4 ildir ki, xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində Almaniyanın Köln Ali Musiqi Məktəbində təhsil alıram. Ötən semestrdə bakalavriat səviyyəsini əla qiymətlərlə bitirərək, magistratura səviyyəsinə qəbul oldum. Almaniyada yaşadığım bu illər ərzində həm bir musiqiçi, həm də bir şəxsiyyət kimi həyatımda ciddi inkişaf hiss etməkdəyəm. Bu illər ərzində dəfələrlə beynəlxalq səviyyəli musiqi yarışlarında qazandığım mükafatlar, Avropanın bir sıra ölkələrində (İspaniya, Almaniya, Hollandiya, Latviya və s.) və həmçinin də ölkəmizdə solo və simfonik orkestrlərlə çıxış etdiyim konsert proqramları buna misal ola bilər. Belə demək mümkünsə, Almaniyaya gəlməmişdən öncəki ümidlərimdən daha artığı doğrulub.  - İxtisasınızla bağlı ilk mərhələdə hansı kitabları seçmisiniz?  - Mənim seçdiyim ixtisas daha çox fərdi şəkildə musiqi məşqləri tələb edir. Məsələn, mən hər gün 5-6 saat olmaqla, fortepianoda məşqlər edirəm. Bundan əlavə, təbii ki, musiqiçi öz ixtisasını tam şəkildə mənimsəmək üçün musiqi nəzəriyyəsini və musiqi tarixini də gözəl bilməlidir. Bütün bu fənləri bakalavriat səviyyəsində təhsil aldığım zaman müxtəlif kitablardan və məqalələrdən istifadə edərək dərindən öyrənmişəm. Ancaq kitaba bağlılıq ixtisasından asılı olmayaraq, hər kəs üçün vacibdir. Bu baxımdan mütaliəni həyatımın əvəzolunmaz bir hissəsi kimi qəbul edirəm. Düşünürəm ki, dünya klassiklərinin mütaliəsi bir şəxsiyyət kimi formalaşmaq üçün mütləqdir.  - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız?  - Mən Almaniyaya gəlməmişdən öncə bir il Bakı Musiqi Akademiyasında təhsil almışam. Deməliyəm ki, böyük bəstəkarımız Üzeyir Hacıbəyli Bakı Musiqi Akademiyasının (o zamankı Konservatoriya) SSRİ məkanında layiqli yerlərdən birini tutması üçün əlindən gələni etmişdi. Məhz buna görə də Bakı Musiqi Akademiyası SSRİ-də musiqi təhsili üzrə ən yüksək səviyyəli tədris ocaqlarından biri idi. Təbii ki, hazırda da bir çox musiqiçilərimiz o irsi qoruyub saxlamağa çalışırlar. Lakin bir sıra dəyərli musiqiçilərimizin Bakı Musiqi Akademiyasında artıq fəalliyyət göstərməməsi təəssüflər olsun ki, təhsilin səviyyəsinə təsir edir. Bu problemin tez bir zamanda həll edilməsi üçün çox istərdim ki, Azərbaycana xarici ölkələrdən peşəkar musiqiçilər dəvət edilsin və gənc musiqiçilərə onlarla çalışmaq imkanı yaradılsın.  - Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız?  - Mən təhsil illəri ərzində dəfələrlə Almaniyadakı Azərbaycan səfirliyi ilə əlaqə yaratmışam. 2013-cü ildə Berlindəki Azərbaycan səfirliyində 20 Yanvar hadisələrinə həsr edilmiş solo konsertim təşkil edilib. Bundan əlavə, Almaniyada mövcud olan Azərbaycan tələbə təşkilatları ilə əməkdaşlığım nəticəsində Azərbaycanın tarixini, mədəni irsini əks etdirən müxtəlif materialları da konsert proqramlarıma gələn qonaqlara paylamışam.  - Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?  - Demək istərdim ki, gənc olmaqlarından istifadə edərək, öz üzərlərində mümkün qədər çox çalışsınlar. Çünki bu dünyada insan öz hədəflərinə yalnız zəhmət və şəxsi bacarıqları ilə çata bilər.  - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?  - Çox yüksək səviyyədədir. Ümumiyyətlə, Almaniyada və Avropanın bir sıra inkişaf etmiş ölkələrində şəxsiyyətə hörmət və qarşılıqlı xoş münasibət insan həyatında vacib rol oynayır. Buna görə də müəllim-tələbə münasibətləri də qarşılıqlı hörmət zəminində qurulur.  - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?  - Bu məsələdə yaşadığım Köln şəhərində yüksək tolerantlıq hökm sürür. Belə ki, burada oxuyan tələbələr əsasən, öz təhsilləri ilə məşğul olurlar. Odur ki, yarana biləcək hər hansı şəxsi problemlərdən uzağıq.  - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?  - Sırf bir musiqiçi kimi deyə bilərəm ki, bizim sahəmizdə yüksək ixtisaslı kadrlara ehtiyac böyükdür. İnanıram ki, Xaricdə Təhsil üzrə Dövlət Proqramı yolu ilə təhsil alan azərbaycanlı gənclər gələcək illərdə ölkəmizin təhsil sahəsini daha da inkişaf etdirərək, çox yüksək bir səviyyəyə qaldıra biləcəklər.  - Çətinlikləriniz varmı?  - İnsan həyatının özü həm çətin, həm də maraqlıdır. Asan olsaydı, mənə görə bu həyatın mənası olmazdı. Çox şükürlər olsun ki, Dövlət Proqramının köməyi nəticəsində maliyyə çətinlikləri ilə üzləşmirik. Bu, gənc tələbə üçün əvəzolunmaz bir üstünlükdür. Sadəcə işimdə böyük uğurlar qazanmaq çox çətin və kəşməkəşli yollardan keçir. Ona görə də daim möhkəm iradə və böyük istəklə qarşıma çıxan bütün çətinlikləri arxada qoymağa çalışıram və ümidvaram ki, uca Tanrının köməyi ilə belə də davam edəcək.  - Asudə vaxtınızda nə ilə məşğul olursunuz?  - Asudə vaxtlarımda mütaliə edirəm, həmçinin klassik filmlər izləyirəm. Təbii ki, vaxtım məhdud olmayanda idmanla da məşğul olmağı unutmuram.   Lent.az

Təhsil naziri Mikayıl Cabbarov İranın təhsil naziri ilə görüşüb

Noyabrın 27-də təhsil naziri Mikayıl Cabbarov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş Konfransının XII sessiyasında iştirak etmək üçün  Azərbaycana səfər edən İran İslam Respublikasının təhsil naziri  Əliəsgər Fani ilə görüşüb.     Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı