İnternat məktəbdə birgə tədbir
Təhsil Nazirliyinin 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində “Sağlam gənclik, sağlam gələcək” adlı tədbir keçirilib. Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsi ilə birlikdə təşkil olunmuş tədbir narkomaniyaya, erkən nigaha və pis vərdişlərə qarşı mübarizə məsələlərinə həsr edilib. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin, Sabunçu rayon Polis İdarəsinin, Bilgəh qəsəbə nümayəndəliyinin əməkdaşları, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər. 11 nömrəli İnteqrasiya təlimli internat məktəbin direktoru Gülnarə Abdullayeva tədbiri giriş sözü ilə açaraq mövzunun aktuallığını vurğulayıb. Məktəbin müəllimləri Azər Abdurahmanzadə, Aygün Məmmədova yuxarı sinif şagirdləri arasında tez-tez müvafiq mövzu ətrafında söhbət və müzakirələrin aparıldığını qeyd ediblər. Tədbirdə iştirak edən polis əməkdaşları dövlətimizin bu istiqamətdəki siyasətinin gənclərin formalaşmasına müsbət təsir göstərdiyini bildiriblər. Məktəbin XI sinif şagirdləri Mirzəbala Əliyev, Hüseynəli İmanzadə və Lalə Həbibova mövzu ətrafında çıxış edib, fikir və mülahizələrini söyləyiblər. Tədbirin sonunda qərara alınıb ki, yuxarı sinif şagirdləri müzakirə olunan mövzu ilə bağlı inşa yazı işləsinlər.
17/02/2016 12:55
“Rənglərlə arzularıma doğru” adlı fərdi rəsm sərgisi
Təhsil Nazirliyinin Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Rəsm dərnəyinin 11 yaşlı üzvü Mədinə Hüseynzadənin “Rənglərlə arzularıma doğru” adlı fərdi rəsm sərgisi keçirilib. “Abşeron” Rəsm Qalereyasında keçirilən sərgidə Təhsil Nazirliyinin əməkdaşları, mərkəzin rəhbərliyi və dərnək üzvləri iştirak ediblər. Sərgidə təbiətdən bəhs edən rəsmlər, milli və müasir üslubda işlənmiş əsərlər, dekorativ kompozisiyalardan ibarət 50 rəsm işi nümayiş olunub. Əsərlər rəngkarlıq və qrafika janrlarında işlənilib. Tədbirdə çıxış edən qonaqlar gənc rəssamın əl işlərini yüksək qiymətləndirib, ona yaradıcılıq uğurları arzulayıblar. Qeyd olunub ki, dərnək üzvlərinin əsərlərinin nümayiş olunması üçün açılan sərgilər azyaşlıların istedadının üzə çıxarılmasında mühüm əhəmiyyət daşıyır. Mərkəzin adından gənc rəssama Fəxri Fərman və hədiyyə təqdim edilib. Tədbirin bədii hissəsində mərkəzin dərnək üzvləri çıxış ediblər. 2010-cu ildən rəsm dərnəyinin üzvü olan Mədinə Hüseynzadə bir neçə yerli və beynəlxalq rəsm müsabiqəsində iştirak edib, nailiyyətlər qazanıb. 2015-ci ildə Türkiyənin Bodrum şəhərində keçirilən “23 Nisan” Beynəlxalq Uşaq Festivalı günlərində Mədinə Hüseynzadənin fərdi sərgisində 40-a yaxın rəsm əsərləri nümayiş olunub. 11 yaşlı məktəbli Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Bədii gimnastika dərnəyində də məşğul olub. Qeyd edək ki, Təhsil Nazirliyinin tabeçiliyində olan Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi 1974-cü ildən fəaliyyət göstərir. Mərkəz məktəbdənkənar tərbiyə müəssisəsi kimi uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli və faydalı təşkili üçün şərait yaradır. Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 28 adda dərnək fəaliyyət göstərir. Bu dərnəklərdə 1800 uşaq, yeniyetmə və gənc məşğul olur.
17/02/2016 10:51
Qaliblər mükafatlandırıldı
YUNESKO-nun 70 illik yubileyi və 21 sentyabr-Beynəlxalq Sülh Gününə həsr olunmuş “Sülh naminə birləşək!” mövzusunda respublika rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Estetik Tərbiyə üzrə Respublika Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında keçirilən tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, internat məktəblərin, yaradıcılıq mərkəzlərinin nümayəndələri iştirak ediblər. Müsabiqə Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnsan hüquqları və sülh problemləri üzrə YUNESKO Mərkəzi ilə birgə keçirilib. Müsabiqənin keçirilməsində məqsəd BMT və YUNESKO tərəfindən hər il qeyd olunan 21 sentyabr-Beynəlxalq Sülh Gününə uşaq və gənclərin diqqətini cəlb etmək, onlara sülh mədəniyyəti, xalqlar arasında qarşılıqlı anlaşma, dostluq münasibətlərinin əhəmiyyətini aşılamaq, habelə bədii-estetik səviyyələrini yüksəltmək, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq və onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir. Müsabiqə üç yaş qrupu üzrə: 6-9, 10-14 və 15-18 yaşlı uşaq və gənclər arasında keçirilib, hər yaş qrupu üzrə 9 qalib iş seçilib. Rayon (şəhər) və respublika mərhələləri olmaqla 2 mərhələdə təşkil edilən müsabiqəyə ümumi təhsil və internat məktəblərinin şagirdləri, məktəbdənkanar təhsil müəssisələrinin dərnək üzvləri qatılıblar. Müsabiqənin respublika mərhələsinə təqdim olunan 674 rəsm işindən 27-si münsiflər heyəti tərəfindən qalib seçilib, 91 müəllif xüsusi fərqlənmə sertifikatı ilə təltif olunub. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Müsabiqədə seçilmiş ən yaxşı işlərin fotolarından ibarət kataloq hazırlanacaq.
17/02/2016 09:24
Müsabiqənin II mərhələsinə yekun vurulub
Fevralın 16-da "Təbiət fənləri üzrə Labdisk rəqəmsal laboratoriya avadanlığının tədrisdə tətbiqi" müsabiqəsinin II mərhələsi başa çatıb. İlk dəfə keçirilən müsabiqənin əsas məqsədi təbiət fənləri (kimya, biologiya və fizika) üzrə dərslərin qurulmasında yeni, rəqəmsal laboratoriya avadanlıqlarının və XXI əsrin innovativ texnologiyalarının tətbiqini genişləndirməkdən ibarətdir. Təhsil Nazirliyi və “Edumedia” MMC-nin birgə keçirdiyi müsabiqəyə "Ən yaxşı müəllim işi" və "Ən yaxşı təlimçi işi" nominasiyaları üzrə 86 layihə qəbul edilib. Ekspertlərin qiymətləndirmə nəticələrinə görə, 21 nominant seçilib və növbəti mərhələyə buraxılıb. Növbəti mərhələdə işlər münsiflər heyəti qarşısında təqdim olunacaq və qiymətləndiriləcək. Müsabiqə qaliblərinə "iPad air", "Globimate" planşet, "Samsung Galaxy Tab-3” və digər xüsusi mükafatlar təqdim olunacaq.
16/02/2016 17:25
Müəllimlər təltif edilib
Bakı şəhəri 6 saylı tam orta məktəbdə “TOPs proqramı - təhsilalanların fiziki sağlamlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində ümumi təhsil məktəblərinin fiziki tərbiyə müəllimləri üçün təşkil edilmiş təlim kurslarını müvəffəqiyyətlə bitirmiş müəllimlərin təltif olunması mərasimi keçirilib. Təhsil Nazirliyi, “British Council” və Bakcell şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən layihənin əsas məqsədi ümumi təhsil məktəblərinin fiziki tərbiyə və ibtidai sinif müəllimlərini tədris etdikləri fənn üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdən ibarətdir. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, QHT nümayəndələri və ümumi təhsil müəssisələrinin müəllimləri iştirak edib. TOPs proqramının əsas icraçı operatoru olan “İnkişaf naminə idman” İctimai Birliyinin layihə rəhbəri Vəli Musayev təqdimatla çıxış edərək, 2015-2016-cı tədris ilində həyata keçirilən layihələrdən danışıb. Daha sonra çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin bədən tərbiyəsi və idman vasitəsilə yüksəldilməsi müasir təhsil üçün prioritet istiqamətlərdəndir və son illər bununla bağlı silsilə layihələr həyata keçirilir. Çıxışlardan sonra 2014-2015-ci tədris ilində layihənin icrasında səmərəli fəaliyyətlərinə görə 220 saylı məktəbin direktoru Nərminə Ağayeva, 138 saylı məktəbin direktoru Mirfaiq Mirheydərli və 269 saylı məktəbin direktoru Alla Vəzirovaya fəxri diplomlar təqdim edilib. Bakı və Sumqayıt şəhərləri üzrə 33 məktəbdə çalışan 170 nəfər fiziki tərbiyə müəllimi TOPs proqramı əsasında təşkil edilmiş təlim kursunu müvəffəqiyyətlə bitirdiyinə görə sertifikatla təltif olunub. Həmçinin, layihənin uğurlu icrası və təbliğində xüsusi əməyi olan “İnkişaf naminə idman” İctimai Birliyinin və “Təhsil” TV-nin əməkdaşlarına fəxri diplomlar verilib. Xatırladaq ki, bu layihə 2015-2016-cı tədris ilindən Bakı və Sumqayıt şəhərindəki 33 məktəb, internat evi və liseyi əhatə edir. Layihə çərçivəsində təşkil olunan təlim kurslarından 200 nəfərdən artıq fiziki tərbiyə və ibtidai sinif müəllimi fiziki tərbiyənin tədrisinə dair yeni bilik və bacarıqlar əldə edib. Fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyanın tətbiqi nəticəsində 35 000 nəfərdən artıq şagird daha keyfiyyətli və maraqlı fiziki tərbiyə dərslərindən, həmçinin dərsdən kənar fəaliyyətdən faydalanır.
16/02/2016 12:32
Azərbaycanlı məktəbli Belçikada I yerə layiq görülüb
Təhsil Nazirliyi Bülbül adına orta ixtisas musiqi məktəbinin IX sinif şagirdi, Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Leyla Zeynalova Belçikada keçirilən “13th rencontres Internationales des Jeunes Pianistes” beynəlxalq müsabiqəsində I yerə layiq görülüb. 2-7 fevral tarixlərində keçirilən bu müsabiqə EPTA – Avropa Fortopiano Müəllimləri Assosiasiyası tərəfindən təşkil edilib. EPTA 1978-ci ildə Londonda yaradılıb və hazırda Avropanın 42 dövləti bu assosiasiyanın üzvüdür. Müsabiqədə 21 ölkədən 54 gənc pianoçu öz istedadını nümayiş etdirib. Leyla Zeynalova müsabiqənin II yaş qrupunda İ.S.Bax, V.A.Motsart, F.Şopen, S.Prokofyev və Slonimskinin əsərlərini peşəkarlıqla ifa edərək, münsiflər heyəti tərəfindən yüksək qiymətə layiq görülüb. Qeyd edək ki, 2014-cü ilin oktyabrında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Leyla Zeynalovanın adı gənc istedadların “Qızıl kitabı”na yazılaraq xüsusi təqaüdə layiq görülüb. Gənc pianoçumuz 2015-ci ildə “Young musician - Tallinn 2015” adlı beynəlxalq müsabiqədə iştirak edərək Grand-Prix mükafatına layıq görülüb.
16/02/2016 11:18
Respublika çempionatının təqdimat mərasimi
Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzi və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının birbaşa təşkilatçılığı ilə keçiriləcək ali təhsil müəssisələri tələbələri arasında Respublika çempionatının təqdimat mərasimi keçirilib. Azərbaycan Dövlət İqtisad Universitetinin akt zalında keçirilən təqdimat mərasimində ali təhsil müəssisələrinin idman komandalarının nümayəndələri, müvafiq idman növləri üzrə baş hakimlər və işçi qrupun üzvləri iştirak ediblər. Çempionatın əsasnaməsi videoçarx şəklində mərasim iştirakçılarına təqdim olunub. 2016-cı ilin mart-may aylarında tələbələr arasında keçiriləcək Respublika çempionatının proqramına 10 idman növü daxildir. “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov çempionata hazırlıq mərhələləri, komandaların sifariş vərəqələrinin doldurulma qaydaları, oyunların keçirilməsi şərtləri haqqında geniş məlumat verib. N.Lahıcov bildirib ki, ali məktəb tələbləri arasında keçiriləcək idman tədbirlərinin daha yaxşı təşkil edilməsi üçün Təhsil Nazirliyi lazımi köməklik göstərir. Sonra təkliflər dinlənilib, müvafiq idman növləri üzrə baş hakimlər oyunların keçirilmə qaydaları haqqında məlumat veriblər.
15/02/2016 12:59
Beynəlxalq olimpiadalara hazırlaşacaq şagirdlərin seçim turu keçirilib
Azərbaycan məktəblilərinin beynəlxalq fənn olimpiadalarında daha uğurlu çıxışlarını təmin etmək məqsədilə Fizika-riyaziyyat və informatika təmayüllü liseyin, eləcə də Kimya-biologiya təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə yeni şagirdlərin seçimi aparılıb. 2015-ci ilin oktyabr ayından bu ilin yanvar ayınadək ölkənin bütün şəhər və rayonlarında keçirilmiş fənn müsabiqələrinin nəticələrinə əsasən, müvafiq fənlər üzrə 70-120 şagird bu seçim mərhələsi üçün Bakıya dəvət olunub. Seçim mərhələsində iştirak edən şagirdlərin 60 faizi bölgələrdən olub. Ümummilikdə riyaziyyat , fizika, kimya və biologiya fənləri üzrə 400-ə yaxın VII və VIII sinif şagirdi seçim turunda öz bilik və bacarığını nümayiş etdirib. Hər fənn üzrə seçilmiş 15-20 şagird xüsusi proqram əsasında olimpiadalara hazırlıq məşğələlərinə cəlb olunacaq. Qeyd edək ki, müvafiq seçim turu Təhsil Nazirliyi tərəfindən artıq ikinci dəfədir keçirilir. 2014-2015-ci tədris ilində seçilmiş şagirdlər artıq 1 ildir ki, mərkəzlərdə hazırlıqlarını davam etdirirlər.
15/02/2016 12:24
“Ətraf mühiti birgə qoruyaq” proqramı çərçivəsində ilk təlim təşkil edilib
Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və IDEA İctimai Birliyi məktəblilər üçün “Ətraf mühiti birgə qoruyaq” adlı ekoloji tədris proqramına başlayıb. Proqramın məqsədi gənc nəslə təbiətə qayğı və məhəbbət hissinin aşılanması, ekoloji maarifləndirilmənin daha da gücləndirilməsi və ətraf mühit problemlərinin həllinə gənclərin aktiv şəkildə cəlb edilməsindən ibarətdir. Proqram çərçivəsində ilk təlim Bakı şəhəri 6 saylı tam orta məktəbin eko-klubunda təşkil edilib. Nəzəri və praktiki hissələrdən ibarət olan təlim “Alternativ enerji – gələcəyin enerjisi” mövzusuna həsr olunub. 30 nəfərdən çox şagirdin qatıldığı interaktiv təlim zamanı ətraf mühitlə bağlı müzakirələr aparılıb, məktəbliləri maraqlandıran mövzular üzrə mütəxəssislərin fikirləri dinlənilib. IDEA İctimai Birliyi və Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi respublikamızın digər orta təhsil müəssisələrinin şagirdləri üçün də oxşar təlimlər təşkil etmək niyyətindədir. Proqrama uyğun olaraq hər ay şagirdlər üçün ekologiyanın əsasları, bitkilərin və heyvanların ekologiyası, insan ekologiyası, urboekologiya və ya gələcəyin şəhərləri, iqlim dəyişmələri, alternativ enerji, tullantıların idarə olunması, biomüxtəliflik və onun qorunması, meşə ekologiyası, ekoloji yaşıl turizm və digər ekoloji mövzuları əhatə edən təlimlər təşkil ediləcək. Qeyd edək ki, ekoloji tədris proqramı Bakı şəhəri üzrə pilot orta məktəblərdə fəaliyyət göstərən "Ekoklub" üzvlərini əhatə edir. Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi 2015-ci ilin sentyabrından etibarən orta məktəblərdə ekoklubların yaradılması prosesinə başlayıb. Hazırda Bakı şəhərində 25 ümumi təhsil müəssisəsində ekoklublar fəaliyyət göstərir.
15/02/2016 10:57
Təhsil Nazirliyi tələbə təqaüdlərinə edilən dəyişikliklərlə bağlı sualları cavablandırır
15-19 fevral 2016-cı il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Facebook” səhifəsində ““Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2015-ci il tarixli 1516 nömrəli sərəncamından irəli gələn vəzifələrlə bağlı suallara cavab veriləcək. Suallar şərhlər vasitəsilə cavablandırılacaq. İstifadəçilərdən xahiş olunur ki, təkrarlanan suallarla müraciət etməsinlər. Hörmətli “Facebook” istifadəçiləri! - Şərh yazarkən müvafiq qanunvericiliyin tələblərinə əməl edilməlidir. Əks halda, belə şərhlər səhifədən silinəcək. - Müraciətlər qeyd edilən məsələ ilə bağlı olmalıdır. - Böyük hərflərlə yazılan şərhlər sistem tərəfindən avtomatik olaraq gizlədilir. Belə şərhlər cavablandırılmayacaq.
15/02/2016 10:26
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı