Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin nəticələri
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 23-24 sentyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər. Qeyd edək ki, 23-24 sentyabr tarixlərində təşkil olunan müsahibə mərhələsində iştirak edən 2370 təhsilverən uğur qazanıb, 2 təhsilverən isə müsahibə mərhələsinin minimum tələbini ödəmədiyi üçün sertifikatlaşdırmadan keçməmiş hesab edilib.
25/09/2024 15:07
“Rəqəmsal bacarıqlar” layihəsi 500 min şagirdi əhatə edir
Elm və Təhsil Nazirliyi ilə “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsinin 2024-2025-ci tədris ilində əhatə dairəsi daha da genişləndirilib. Yeni tədris ilindən işğaldan azad olunmuş ərazilərdə də tətbiqinə başlanılan layihə çərçivəsində ölkə üzrə məktəb sayı 762-yə çatdırılıb, onlardan 230-u layihəyə yeni cəlb olunub. Layihə ölkənin 57 şəhər və rayonunda 6000 müəllim, 500 000 şagirdi əhatə edir. Bundan başqa, bu il 30-dan çox məktəbdə informatika fənninin dərindən tədris olunduğu, ixtisaslaşdırılmış “Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul imtahanı keçirilib. 826 şagird yeni tədris ilində bu siniflərə qəbul olunub. Ümumilikdə, bu il “Rəqəmsal bacarıqlar” təmayüllü 10-11-ci siniflərdə 1370 şagird təhsilinə davam edəcək. Qeyd edək ki, layihənin məqsədi şagirdlərə alqoritmik və məntiqi təfəkkür, layihə hazırlama bacarıqları, həmçinin proqramlaşdırmanın əsaslarını öyrətməkdir.
25/09/2024 10:47
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin nəticələri
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 12-20 sentyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər. Qeyd edək ki, 12-20 sentyabr tarixlərində təşkil olunan müsahibə mərhələsində iştirak edən 8255 müəllim uğur qazanıb, 24 təhsilverən isə müsahibə mərhələsinin minimum tələbini ödəmədiyi üçün sertifikatlaşdırmadan keçməmiş hesab edilib.
24/09/2024 18:00
Emin Əmrullayev və Erol Özvar Türkiyə–Azərbaycan Universitetində tələbələrlə görüşüblər
Elm və təhsil naziri Emin Əmrullayev, Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar sentyabrın 24-də Türkiyə–Azərbaycan Universitetində (TAU) tələbələrlə görüşüblər. Görüşdə TAU-nun Azərbaycan və Türkiyədən olan tərəfdaş universitetlərinin rektorları da iştirak ediblər. Rəsmilər əvvəlcə Türkiyə–Azərbaycan Universitetinin inzibati binası ilə tanış olublar. Qonaqlara ali təhsil ocağındakı mövcud şərait, tədris otaqları, laboratoriyalar, oxu zalları haqqında məlumat verilib. Qeyd olunub ki, universitetdə tələbələrin keyfiyyətli təhsil almaları, həmçinin asudə vaxtlarını səmərəli keçirmələri üçün lazımi şərait yaradılıb. Elm və təhsil naziri Emin Əmrullayev, Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar auditoriyalarda dərs prosesini izləyib, həmçinin tələbələrlə görüşüb və onlarla söhbət aparıblar. Qeyd edək ki, 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayan TAU-da kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə 90-a yaxın tələbə təhsil alacaq.
24/09/2024 17:00
Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb
Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər portal.edu.az üzərindən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər. Təkrar sertifikatlaşdırmanın müsahibələrində 3393 müəllim uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub. Müsahibələrdə 99 faiz davamiyyət qeydə alınıb. Təkrar sertifikatlaşdırmadan keçmiş 24 təhsilverənin vəzifə maaşına 35 faiz, 3369 təhsilverənin isə 10 faiz artım tətbiq olunacaq. Qeyd edək ki, müsahibə mərhələsinin apellyasiya müraciətləri 25 sentyabr saat 12:00-dan qəbul olunacaq. Müəllimlər şəxsi kabinetlərinə daxil olaraq 24 saat ərzində apellyasiya müraciəti edə bilərlər.3
24/09/2024 14:33
Baş nazir Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 23-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvarla görüşüb. Görüşdə elm və təhsil naziri Emin Əmrullayev, həmçinin Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Türkiyənin aparıcı ali təhsil müəssisələrinin rektorları da iştirak ediblər. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, təhsil sahəsində əlaqələrin dinamikası xüsusi vurğulanaraq, iki ölkənin ali təhsil müəssisələri və elmi-tədqiqat mərkəzləri arasında uzunmüddətli səmərəli əməkdaşlığın nəticələri təqdir edilib. Həmçinin Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılmasının əhəmiyyəti qeyd edilib, layihədə iştirak edən universitetlərin iki ölkənin aparıcı ali təhsil müəssisələri olduğu xüsusi vurğulanıb. Bildirilib ki, qəbul nəticələrinə əsasən, 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayan TAU-da kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə ümumilikdə 90-a yaxın tələbə təhsil alacaq. Görüş çərçivəsində Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı cari məsələlər, həmçinin iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.
24/09/2024 12:00
Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək
Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 24-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək. Festivalın keçirilməsində əsas məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılmasıdır. Həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll və layihələrin hazırlanmasının təşviq edilməsi də festivalın başlıca vəzifələrindəndir. Bu il artıq 4-cü dəfə keçirilən STEAM Azərbaycan Festivalında (SAF 2024) 8 yarış və 1 sərgi-yarış (Yaşıl təşəbbüslər) kateqoriyası üzrə yarışlar təşkil olunacaq. Kateqoriyalara “H2 Grand Prix PRO”, “FlyTech”, “CubeSaT”, “VEX IQ Competition”, “VEX Robotics Competition”, “VidX”, “Engineers of Future”, “Green initiatives” və “Green Coding” daxildir. Festivalda yerli komandalarla yanaşı, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya, ABŞ və digər xarici ölkə komandaları da yarışacaqlar. Qeyd edək ki, STEAM - 5 əsas sahənin birgə tədrisidir. Belə ki, STEAM əsaslı tədris modeli elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art), riyaziyyatı (Math) inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub. Daha ətraflı məlumat üçün: https://saf.steam.edu.az
24/09/2024 10:00
“Yaşıl dünya naminə həmrəylik ilində COP29-un Azərbaycan üçün əhəmiyyəti” mövzusunda elmi-praktik seminar keçirilib
Sentyabrın 23-də Təhsil İnstitutu (ARTİ) və Bakı Slavyan Universitetinin (BSU) birgə əməkdaşlığı çərçivəsində “Yaşıl dünya naminə həmrəylik ilində COP29-un Azərbaycan üçün əhəmiyyəti” mövzusunda elmi-praktik seminar keçirilib. Tədbiri giriş sözü ilə açan BSU-nun tədris işləri üzrə prorektoru Ənvər Abbasov bu il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar keçirilən əhəmiyyətli tədbirlər, o cümlədən, COP29 haqqında məruzə ilə çıxış edib. Çıxışda iqlim dəyişikliyi zamanı ekoloji təhlükəsizliyin təmin edilməsi və bu strategiyanın koordinasiyasında milli, beynəlxalq, regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, ölkənin iqtisadi davamlılığının təminatına yönəldiyi vurğulanıb. Daha sonra ARTİ-nin şöbə müdiri Aynur Paşayeva çıxışında Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasətindən danışıb. Çıxış edən məruzəçi dosent Afaq Hacıyeva iqlim dəyişikliyinin Azərbaycana təsirləri, hazırda respublikamızın mövcud qlobal problemlərlə bağlı üzərinə götürdüyü öhdəliklər və COP29-un respublikamız üçün əhəmiyyəti barədə geniş məlumat verib, iqlim dəyişikliyinin yaranma səbəbləri və hazırda mövcud olan qlobal ekoloji problemlərin bu proseslə əlaqəsindən bəhs edib. Daha sonra “Yaşıl dünya dərnəyi”nin rəhbəri, gənc iqlim elçisi Könül Bayramova iqlim dəyişikliyi ilə mübarizənin vacibliyi və ekoloji problemin həlli yolları haqqında tələbələrə ətraflı məlumat verib. Seminar tələbələrlə müzakirə formatında davam etdirilib.
23/09/2024 16:19
Tələbələrin köçürülməsi prosesi yekunlaşıb
2024-2025-ci tədris ili üçün təhsilalanların köçürülməsi elektron formada təhsil müəssisələri tərəfindən həyata keçirilib. Sənəd qəbulu portal.edu.az vasitəsilə 25 iyul - 1 avqust tarixində aparılıb. Elektron müraciətlər təhsil müəssisələri tərəfindən emal olunub və qaydalar çərçivəsində yekun qərar qəbul olunub. Ümumilikdə 2575 tələbə təhsil müəssisəsinin, ixtisasın və təhsilalma formasının dəyişdirilməsi üçün müraciət edib və 1054 müraciət müsbət nəticə ilə yekunlaşıb.
23/09/2024 15:00
10-cu Bakı Beynəlxalq Kitab Sərgisi
2-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi təşkil olunacaq. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə 200-ə yaxın yerli və xarici təşkilatın, 90-dan çox tanınmış ədəbiyyat xadiminin iştirakı və 220-dən çox müxtəlif formatda tədbirin təşkili planlaşdırılır. Eyni zamanda sərgidə azərbaycanlı yazıçı və şairlər, o cümlədən gənc yazarlar və tanınmış xarici yazıçılar iştirak edəcəklər. Tədbir çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərslər, aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları təşkil ediləcək. Ziyarətçilərin “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin ediləcək. Bakı Beynəlxalq Kitab Sərgisində iştirak həm təhsilalanlar, həm də təhsilverənlər üçün faydalı öyrənmə, ünsiyyət və şəbəkələşmə imkanıdır.
23/09/2024 14:34
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
Ulu öndərin məzarı ziyarət edilib Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.
ƏtraflıBu gün Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğum günüdür. Ulu öndər bütün fəaliyyəti boyunca təhsili dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri hesab etmiş, gənclərin savadlı, vətənpərvər və milli dəyərlərə bağlı şəkildə yetişməsinə xüsusi önəm vermişdir. Heydər Əliyevin söylədiyi kimi:“Təhsil sahəsi xalqımızın bu günü, millətimizin və dövlətimizin gələcəyi üçün ən vacib sahədir”. Bu dəyərli fikir bu gün də ölkəmizdə təhsil siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. #HeydərƏliyev #ÜmummilliLider #UluÖndər #103İl #10May
ƏtraflıBu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər çərçivəsində Şükürbəyli kəndində inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını ediblər. Məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün zəruri fənn kabinetləri, həmçinin fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, ibtidai hərbi hazırlıq sinifləri var. Bundan başqa, məktəbdə kitabxana, akt və idman zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına verilib. Ərazidə, eyni zamanda, futbol və basketbol meydançaları da yaradılıb. Qeyd edək ki, müasir təhsil ocaqlarının qurulması işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsidir. Ən yüksək standartlara cavab verən təhsil müəssisələri yeni texnologiyalarla, zəruri maddi-texniki baza ilə təchiz olunur. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23032-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı