Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan məktəblisi Dünya Çempionatında qalib gəlib

Bakı şəhəri 12 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi dünya birincisi olub. Türkiyənin İstanbul şəhərində 2002-2009-cu il təvəllüdlü idmançılar arasında karate üzrə Uşaqların I Dünya Çempionatında 2003-cü il təvəllüdlü Hüseyn Məmmədli öz çəki dərəcəsində 15 idmançı arasında bütün rəqiblərini məğlub edərək dünya birincisi adına layiq görülüb. Yarışda Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya, İran, Suriya, Misir, Ukrayna, İraq və  Əlcəzairdən olan idmançılar iştirak ediblər.

Növbəti “Yaşıl dağ” aksiyası

Mayın 14-də IDEA İctimai Birliyinin təşəbbüsü, Təhsil Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə kağız tullantıların toplanmasına həsr olunmuş “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində növbəti “Yaşıl dağ” aksiyası keçiriləcək. Aksiyanın keçirilməsində əsas məqsəd ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdan ibarətdir. Ənənəvi olaraq, hər il keçirilən “Yaşıl dağ” sosial aksiyası Sumqayıt, Sabirabad və Bərdə şəhərlərində reallaşdırılıb və ictimaiyyətin geniş marağına səbəb olub. Regionlarda başlayan “Yaşıl dağ” aksiyası bu dəfə Bakı şəhərində dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və özəl sektorun nümayəndələrini, eləcə də vətəndaşları ətraf mühitin mühafizəsi naminə bir yerə toplayacaq. Aksiya 5 saylı Bakı "ASAN xidmət" Mərkəzində (Nizami rayonu, Heydər Əliyev prospekti 115) baş tutacaq. Təbiətin qorunmasına və ekoloji balansın bərpasına öz töhfəsini vermək istəyən şəxslər kağız tullantısı gətirərək aksiyaya qoşula bilərlər!

Mikayıl Cabbarov “Bakı Marafonu 2016”da yüksək nəticə göstərmiş təhsil işçiləri ilə görüşüb

Mayın 7-də təhsil naziri Mikayıl Cabbarov “Bakı Marafonu 2016”da yüksək nəticə göstərmiş təhsil müəssisələrinin əməkdaşları ilə görüşüb. Görüş iştirakçılarını salamlayan təhsil naziri bildirib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən  “Bakı marafonu 2016” Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, geniş ictimaiyyət və xüsusilə gənclər arasında  sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah addımlar atmaq naminə bir araya gətirmək məqsədi ilə təşkil olunub. Nazir qeyd edib ki, "Bakı Marafonu 2016" Azərbaycanın sülhsevər və tolerant missiyasına uyğun olaraq, müxtəlif millətlərin nümayəndələrinin vahid məqsəd ətrafında birləşdirməsi ilə ən yüksək ehtirama layiqdir. Mikayıl Cabbarov bu tədbirin gözəl bir ənənəyə çevriləcəyinə və gələcəkdə Bakı marafonuna marağın daha da artacağına ümidvar olduğunu nəzərə çatdırıb. Qeyd olunub ki, "Bakı Marafonu 2016"da təhsil müəssisələrinin əməkdaşları və idmançıları Namiq Əsədov, Tural Sadıqlı, Elman Abışov, Raidə Aslanova, Rəqsanə Rəcəbli, Lalə Pirumova yüksək nəticə göstərib. Görüşün sonunda təhsil naziri marafon iştirakçılarına təşəkkürnamə və hədiyyələr təqdim edib.  

Ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələri arasında bədii yaradıcılıq festivalına yekun vurulub. Bu münasibətlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında konsert proqramı keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, ali təhsil müəssisələrinin rəhbərləri və tələbələr iştirak edib. Hər il ənənəvi olaraq təşkil edilən ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının keçirilməsində məqsəd tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda incəsənət sahəsindəki istedadlarını üzə çıxarmaq və inkişaf etdirməkdən ibarətdir. Konsertdə incəsənətin müvafiq janrları üzrə özfəaliyyət kollektivləri, dərnək və yaradıcılıq studiyalarında fəaliyyət göstərən ifaçılar, müğənnilər, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər çıxış ediblər. İki mərhələdə keçirilən festivalda 24 ali məktəbdən 1000-dən çox tələbə iştirak edib. Qaliblər xalq artistləri, əməkdar mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən seçilib. Münsiflər heyətinə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə rəhbərlik edib. Münsiflər heyətinin tərkibində Təranə Muradova, Baba Vəziroğlu, Nailə Mirməmmədli, Hafiz Quliyev və Samir Cəfərov təmsil olunub.  Müxtəlif nominasiyalar üzrə keçirilən festivalın qalibləri təşkilatçılar tərəfindən qiymətli hədiyyə və diplomla təltif ediləcəkdir.  

Təhsil naziri BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisini qəbul edib

Mayın 6-da təhsil naziri Mikayıl Cabbarov BMT-nin Azərbaycanda yeni təyin olunmuş Rezident əlaqələndiricisi Qulam İsakzaini qəbul edib. Görüş zamanı BMT və onun ixtisaslaşmış qurumları ilə Təhsil Nazirliyi arasında əlaqələrin hazırkı vəziyyəti müzakirə edilib. Müzakirələr zamanı BMT və Təhsil Nazirliyi arasında “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq, xüsusilə peşə təhsili sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov BMT-nin sessiyasında iştirak edib

3-4 may 2016-cı il tarixlərində Cenevrə şəhərində keçirilən BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin 89-cu sessiyasında ölkəmiz Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə müəyyən edilmiş, xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Sessiya çərçivəsində irqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Beynəlxalq Konvensiyasının həyata keçirilməsinə dair Azərbaycan Respublikasının yeddinci, səkkizinci və doqquzuncu dövri məruzəsinə baxılıb. Xarici işlər nazirinin müavini X.Xələfov açılış nitqi ilə dövri hesabatımızı təqdim edib. O, çıxışı zamanı irqi ayrı-seçkiliyin ləğv edilməsinin milli qanunvericilikdə təsbit edilməsi, Azərbaycanda insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının, insan alveri ilə mübarizə üzrə Fəaliyyət Planının qəbul edilməsi və həyata keçirilməsi ilə bağlı məlumatları diqqətə çatdırıb. X.Xələfov həmçinin, ölkəmizdə dini tolerantlıq və millətlərarası münasibətlərin daha da inkişafı məqsədilə Azərbaycanın həm milli, həm də beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Nazir müavini Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, ölkəmizdə multikulturalizm ənənələrinin qorunub saxlanılması və geniş təbliği məqsədilə 2016-cı ilin “Multikulturalizm ili” elan olunmasını qeyd edib. Sessiya çərçivəsində interaktiv dialoq zamanı komitə üzvləri öz növbələrində nümayəndə heyətimizin yüksək səviyyədə təmsil olunmasını, Azərbaycanın BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi ilə əməkdaşlığını, konvensiyanın həyata keçirilməsi sahəsində əldə olunmuş nailiyyətləri, bu sahədə qanunvericilik tədbirlərini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş məlumatları, ölkədə milli birliyin mövcudluğunu, qadın hüquqları sahəsində görülmüş işləri, əfv fərmanlarını, eləcə də irimiqyaslı beynəlxalq idman və mədəni tədbirlərə ev sahibliyi edərək irqçiliyə qarşı mübarizə, multikulturalizmin inkişafı və mədəni müxtəlifliyə töhfə verməsini təqdir ediblər. Azərbaycan Respublikası Hökumətinin yeddinci, səkkizinci və doqquzuncu dövri məruzələrinə baxılması ilə əlaqədar iclas zamanı Azərbaycan nümayəndə heyətinə Komitə üzvləri tərəfindən təhsil sahəsi ilə bağlı təqdim edilən sualları nazir müavini Firudin Qurbanov cavablandırıb. Bundan əlavə, F.Qurbanov qaçqın və məcburi köçkünlərin təhsil vəziyyəti, təhsil sistemində qadınların təmsil olunması və digər müvafiq məsələlərlə bağlı sullara ətraflı cavab verib. Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında təhsil sahəsində irqi ayrı-seçkiliyin qarşısının alınması üzrə görülən işlər, dövlət tərəfindən bu sahəyə göstərilən diqqət, bununla bağlı mövcud qanunvericiliyin, Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikasının Təhsil haqqında Qanunun müvafiq maddələrində hər bir vətəndaşın təhsil almaq, ana dilindən istifadə etmək hüquqların təsbit olunması, ümumi təhsil sahəsində milli (etnik) azlıqların məktəblərinin fəaliyyət göstərməsi, onların tədris vasitələrinin hazırlanması ilə bağlı ətraflı məlumat verib. Nazir müavini həmçinin, Azərbaycanın talerantlıq və multikulturalizm məkanı olduğunu, “Multikulturalizim ili” çərçivəsində təsdiq olunmuş tədbirlər planına əsasən, ölkə məktəbliləri arasında multikulturalizm mövzusunda rəsm müsabiqəsinin keçirilməsi, orta ümumi təhsil və orta ixtisas təhsili müəssisələrində mədəniyyətlərarası kommunikasiya bacarıqları və bilgilərinə həsr olunmuş seminarların və “Azərbaycan multikulturalizmi” mövzusunda kütləvi mühazirələrin təşkili, məktəblilər arasında intellektual oyun üzrə regional çempionatın keçirilməsi haqqında fikirlərini bildirib.

Qanvermə aksiyası keçirilib

8 may–Beynəlxalq Talassemiya Günü ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən Bakı şəhərindəki 202 nömrəli tam orta məktəbdə qanvermə aksiyası keçirilib. Artıq 3-cü ildir ki, təşkil edilən xeyriyyə aksiyasında Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, müəllimlər fəal iştirak ediblər. Aksiyada B.Eyvazov adına Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürüblər. Qan nümunələri xüsusi laboratoriyada yoxlamadan keçiriləcək və irsi qan xəstələrinin müalicəsində istifadə etmək üçün Mərkəzi Qan Bankında toplanacaq. Qanvermə aksiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlərə dəstək vermək məqsədilə təşkil olunub.  

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Mayın 5-də “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdən öncə rəhbər təhsil işçiləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar. Ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən təqdimat müsabiqəsi Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub. Tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, təhsil naziri Mikayıl Cabbarov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, millət vəkilləri, təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər. Öncə Bülbül adına orta ixtisas musiqi məktəbinin uşaq xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan son döyüşlərdə canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təhsil naziri Mikayıl Cabbarov “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərini təbrik edib, müsabiqənin ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək baxımından mühüm rol oynadığını bildirib. Nazir qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində təhsilin hərtərəfli inkişafı üçün müxtəlif proqram və layihələr uğurla həyata keçirilməkdədir. Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi ərəfəsində olduğunu nəzərə çatdıran M.Cabbarov bu dövrdə ölkə təhsilinin keçdiyi müasirləşmə və islahatlar prosesindən bəhs edib, son illərdə təhsil islahatlarının məzmunca daha praktik və səmərəli xarakter aldığını söyləyib. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təsbit olunan strateji istiqamət və hədəflər Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına uyğun inkişaf meyillərini müəyyənləşdirir. Azərbaycanda təhsilin infrastrukturunun əsaslı şəkildə yenilənməsinə diqqət çəkən nazir tədris ocaqlarının maddi-texniki bazasının müasir tələblər səviyyəsinə qaldırıldığını bildirib. Həmçinin, müəllim peşəsinin nüfuzunu artırmaq üçün təsirli tədbirlər görülür, müəllimlərin bilik və bacarıqlarını təkmilləşdirməyə, zəruri inkişafyönümlü metodikaları çatdırmağa imkan verən mexanizmlər tətbiq olunur. Ümumi təhsil müəssisələri rəhbərlərinin peşəkar meyarlar əsasında müəyyənləşdirilməsi istiqamətində atılan addımların əhəmiyyətinə toxunan M.Cabbarov, həmçinin yeni dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi, xaricdə təhsil üzrə qarşıda duran hədəflər və digər aktual məsələlərə dair fikirlərini bildirib. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov müsabiqənin əhəmiyyəti haqqında fikirlərini söyləyib. Ümummilli lider Heydər Əliyevin zəngin irsinin gənc nəsil tərəfindən öyrənilməsinin vacibliyini vurğulayan Baş nazirin müavini belə tədbirlərin şagirdlərin dövlətçilik təfəkkürünün və baxışlarının formalaşmasına müsbət təsir göstərdiyini nəzərə çatdırıb. Sonra çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev müsabiqə qaliblərini təbrik ediblər. Qeyd edək ki, “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 5 nəfər I, 11 nəfər II, 16 nəfər III dərəcəli diplomla, 18 nəfər isə tərifnamə ilə təltif olunub. Müsabiqə qaliblərinə müxtəlif qiymətli hədiyyələr təqdim edilib.  

Təhsil naziri YUNESKO-nun Təhsil üzrə Beynəlxalq Bürosunun rəhbəri ilə görüşüb

Mayın 4-də təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəvəti ilə 4-5 may 2016-ci il tarixlərində ölkəmizə səfər edən YUNESKO-nun Təhsil üzrə Beynəlxalq Bürosunun (İBE)  rəhbəri xanım M.Marope ilə görüşüb. Təhsil üzrə Beynəlxalq Büro fəaliyyətə 1925-ci ildə Cenevrədə qeyri-hökumət təşkilatı kimi başlayıb və 1999-cu ildən YUNESKO-nun kurikulumların inkişaf etdirilməsi, təhsilin məzmunu, metodları və tədris strategiyalarına məsul institutudur. Görüşdə Azərbaycan və YUNESKO İBE arasında təhsil sahəsində əlaqələrin gələcək perspektivləri müzakirə edilib.    Səfər çərçivəsində həmçinin, ADA Universitetində Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri üçün “Təhsil sisteminin idarə olunması: 2030-cu ilə doğru” mövzusunda M.Maropenin çıxışı nəzərdə tutulur.

U-17 Avropa Çempionatı Azərbaycan-2016 çərçivəsində görüşlər

“UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016” turnirinin yerli Təşkilat Komitəsinin əməkdaşları Təhsil Nazirliyinin dəstəyilə Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərinin şagirdlərilə görüşlər keçirib. Görüşlərin keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslin futbola marağını artırmaq, müvafiq təbliğat işləri aparmaq və U-17 çempionatı barəsində şagirdləri məlumatlandırmaqdan ibarətdir. Ümumilikdə, paytaxtın 46 ümumi təhsil müəssisəsində 3700 nəfərədən artıq şagirdlə görüş keçirilib. Görüşlərdə ölkə çempionatında və yığma komandada çıxış edən futbolçular, eləcə də U-17 çempionatında çıxış edəcək gənclər və Bakıda keçiriləcək U-17 Avropa Çempionatının səfiri, əməkdar artist Röya da iştirak edib. Görüşlər çərçivəsində çempionat barədə məktəblilərə məlumat verilib və onların sualları cavablandırılıb. Həmçinin, U-17 Avropa Çempionatı vasitəsilə uşaqların futbola, sağlam həyat tərzinə həvəsləndirilməsi, bu turnirə və komandamıza dəstək verməyin vacibliyi vurğulanıb.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı