“Təhsil” RİM-in Gəncə filialının futbol komandası Azərbaycan çempionatının qalibi olub
“Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının 13 yaşlılardan ibarət komandası 2015-2016-cı il mövsümü üzrə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən 13 yaşadək (U-13) futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının qalibi olub. Mayın 24-də Bayıl stadionunda keçirilən final oyununda “Təhsil” RİM-in Gəncə filialı ilə “İnter” klubunun komandaları qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda Gəncə filialının komandası 1-0 hesabı ilə qələbə qazanaraq 2015-2016-cı il mövsümü üzrə 13 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının qalibi adına layiq görülüb. Komandanın hücumçusu Ümid Səmədov mövsüm ərzində 67 qol vurduğuna görə turnirin bombardiri seçilib.
25/05/2016 12:40
Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı
Mayın 24-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransının açılış mərasimi keçirilib. Mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov, akademiklər, ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər. Hər il ənənəvi olaraq təşkil edilən konfrans bu dəfə Azərbaycanda “Multikulturalizm ili”nə həsr olunub. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, builki konfrans “Multikulturalizm ili” çərçivəsində və ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbirlər sırasında özünəməxsus yer tutur. Konfrans gənclərə imkan verir ki, Azərbaycanın davamlı inkişafinı və çiçəklənməsini təmin edən elmi baxışlarını, yaratdıqları yeni nəzəriyyə və texnologiyalar haqqında fikirlərini bölüşsünlər, elmi biliklərini daha da zənginləşdirsinlər. Müasir cəmiyyətdə siyasi, iqtisadi və informasiya sahələrində rəqabətin gücləndiyini nəzərə çatdıran nazir müavini təbii resursların kəskin azaldığı və ekoloji balansın pozulduğu bir dövrdə elm və təhsilin rolunun sürətlə artdığını söyləyib. Özünun inkişaf strategiyasını insan kapitalının və intellektual resursların üzərində quran ölkəmiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, neft kapitalının insan kapitalına çevrilməsi prinsipinə sadiqdir. C.Bayramov qeyd edib ki, təhsil sahəsində aparılan islahatlar yeni düşüncəli və geniş dünyagörüşlü gənclərin hazırlanması məqsədlərinə yönəlib. Təhsilalanların tədqiqat aparması, yeni informasiya texnologiyalarından istifadə etməsi və xarici dilləri öyrənməsi üçün geniş imkanlar yaradılıb. Elm və təhsilin səmərəli əlaqələrinin genişləndirilməsinin əhəmiyyətinə toxunan nazir müavini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qarşıya qoyduğu strateji istiqamət və hədəflərin Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına uyğun inkişaf meyillərini müəyyənləşdirdiyini bildirib. Ali təhsil müəssisələrində çalışan elmi-pedaqoji kadrların orta yaş göstəricilərinin yüksək olması gənc elmi kadrların hazırlanmasını qarşıda duran əsas vəzifələrdən biri kimi aktuallaşdırır. C.Bayramov Təhsil Nazirliyi tərəfindən elm və təhsilin gələcək inkişafı üçün nəzərdə tutulmuş vacib tədbirləri diqqətə çatdırıb, gənclərin potensialının tam realizə edilməsinə imkan verən təhsil mühitinin yaradılmasının zəruriliyini vurğulayıb. Bu baxımdan gənclərimizin yüksək intellektə malik hissəsi xüsusi qayğı ilə əhatə olunur və onların özlərini təsdiq etməsi üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılır. İntellektual potensialın qorunması məqsədi ilə yüksək ixtisaslı kadrların fasiləsiz hazırlanması prosesi həm respublikamızın, həm də xarici ölkələrin ən nüfuzlu universitetlərində həyata keçirilir. Nazir müavini bildirib ki, “Thomson Reuters” Agentliyinin bazasına daxil olan jurnalların elmi ictimaiyyət arasındakı nüfuzunu nəzərə alaraq, eləcə də Azərbaycan alimləri və doktorantları üçün bu bazadan istifadə etmək imkanını yaratmaq və alimlərimizin elmi fəaliyyətinə dair elmimetrik göstəriciləri əldə etmək məqsədilə Təhsil Nazirliyi “Thomson Reuters” Agentliyi ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb. Müqaviləyə əsasən, ölkəmizin 40 ali təhsil müəssisəsinə abunə vasitəsilə bu Agentliyin məhsul və xidmətlərinə, eləcə də “Web of Science” platformasının bazasına çıxış imkanı yaradılıb. Azərbaycanın elmi nailiyyətlərinin beynəlxalq miqyasda tanınması, ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin və nəşr aktivliyinin daha da yüksəldilməsi məqsədilə Təhsil Nazirliyi “Thomson Reuters”in bazasına daxil olan jurnallarda çap edilmiş elmi əsərlərə görə hər ilin sonunda müəlliflərin mükafatlandırması üçün müsabiqə keçirməyi nəzərdə tutur. Müstəqil Azərbaycanımızın xoşbəxt gələcəyi məhz gənclərin intellektual səviyyəsindən, milli və ümumbəşəri dəyərlərə dərindən yiyələnməsindən asılıdır. Bu mühüm məsələlərin həlli yolunda sizin hər birinizə müvəffəqiyyətlər, konfransın işinə isə uğurlar diləyirəm. Sonra çıxış edənlər gənclərin elmi tədqiqatlara cəlb olunmasının vacibliyini söyləyib, son illərdə bu istiqamətdə atılan addımların təqdirəlayiq olduğunu bildiriblər. İki gün davam edəcək kоnfransa 20 ali təhsil müəssisəsindən və AMEA-dan 650 tezis təqdim olunub. Doktorantların və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi və müzakirəsi üçün tanınmış alimlərin rəhbərliyi ilə 17 bölmə, o cümlədən multikulturalizm bölməsi yaradılıb. Konfransın materialları Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən nəşr olunaraq iştirakçıların istifadəsinə veriləcək. Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransının materialları Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər siyahısına daxildir. Plenar iclasdan sonra konfrans öz işini bölmələrdə davam etdirib.
24/05/2016 14:56
«Məktəblilər üçün muzey həftəsi» başa çatıb
Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, eləcə də Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi tərəfindən 18 may–Beynəlxalq Muzeylər Günü münasibətilə «Məktəblilər üçün muzey həftəsi» keçirilib. 12-18 may 2016-cı il tarixlərində Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti Yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə əməkdaşlığı ilə reallaşdırılan tədbir “Multikulturalizm ili”nə həsr edilib. «Məktəblilər üçün muzey həftəsi»nin mayın 13-də Azərbaycan Xalça Muzeyində açılış mərasimi olub. «Məktəblilər üçün muzey həftəsi»nin məqsədi məktəbliləri muzeylərin kolleksiya fondu, ayrı-ayrı dövrlərə aid eksponatlarla tanış etmək, interaktiv ekskursiya zamanı onlara müxtəlif milli, dini, mədəni irsə mənsub millətlərə və milli-mənəvi dəyərlərə hörmətlə yanaşmağı aşılamaqdan ibarətdir. Ötən il «Məktəblilər üçün muzey həftəsi»ndə 7000 məktəbli 15 muzeyə ekskursiyaya cəlb olunmuşdusa, məktəblilərin muzeylərə olan marağı və yüksək fəallığı nəzərə alınaraq, bu il Bakı şəhəri və regionlar üzrə 25 muzeyə 50 000-ə yaxın şagirdin ekskursiyası təşkil edilib. Qeyd edək ki, hər il mayın 18-i Beynəlxalq Muzey Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (İKOM) 2016-cı ilin bu gününü "Muzeylər və mədəni landşaftlar" mövzusuna həsr edib.
24/05/2016 12:09
Təhsil naziri Mikayıl Cabbarov Dohaya səfər edib
Qətər Dövlətinin Əmirinin cari ilin mart ayında ölkəmizə səfəri çərçivəsində əldə olunmuş razılığa əsasən və səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında təhsil və elmi tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na uyğun olaraq, təhsil naziri Mikayıl Cabbarov mayın 23-də Dohaya səfər edib. Səfəri çərçivəsində təhsil naziri Mikayıl Cabbarov Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi ilə görüş keçirib. Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib. Mikayıl Cabbarov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində təhsil islahatları barədə qətərli həmkarına ətraflı məlumat verib. Daha sonra təhsil naziri Qətər Universiteti və Həməd bin Xəlifə Universitetini ziyarət edərək hər iki ali təhsil müəssisəsinin prezidentləri ilə görüşüb. Görüşlər zamanı təhsil sahəsində əməkdaşlığın və birgə fəaliyyətin genişləndirilməsinin, birgə elmi tədqiqatların həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Səfər çərçivəsində təhsil nazirinin Qətər Fondu və “Təhsil Şəhəri”nə ziyarəti baş tutub. Nazirə Qətər Dövlətinin təhsil sahəsindəki nailiyyətləri, həyata keçirilən bir sıra layihələr haqqında məlumat təqdim olunub. Sonda Mikayıl Cabbarov “Fəxri Qonaqlar Kitabı”na ürək sözlərini qeyd edib.
24/05/2016 10:47
Təhsil naziri Xırdalan şəhərində vətəndaşları qəbul edəcək
Abşeron, Qubadlı, Zəngilan rayon və Sumqayıt şəhər sakinlərinin nəzərinə! Təhsil naziri Mikayıl Cabbarov 26 may 2016-cı il tarixində saat 10:00-da Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Abşeron, Qubadlı, Zəngilan rayon və Sumqayıt şəhər sakinlərini qəbul edəcək. Qəbulda Abşeron rayonunda və Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 23, 24, 25 may 2016-cı il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
23/05/2016 11:53
Müsabiqə qalibləri mükafatlandırılıb
Mayın 20-də ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilən Respublika ifa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin keçirilməsində əsas məqsəd ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin asudə vaxtını səmərəli təşkil etmək, xüsusi istedada malik olan gəncləri üzə çıxarmaq, gənc nəslin milli-mənəvi estetik tərbiyəsini yüksəltməkdən ibarətdir. Fevralın 1-dən start verilən müsabiqə 3 mərhələdə keçirilib. I mərhələnin iştirakçıları ilk peşə və orta ixtisas təhsili müəssisələrində yaradılmış münsiflər heyəti tərəfindən müəyyənləşdirilib. II mərhələ - zona mərhələsi respublikanın şəhər və rayonlarında keçirilib. 49 ilk peşə və 33 orta ixtisas təhsili müəssisəsinin qatıldığı bu mərhələ Gəncə, Lənkəran, Qəbələ, Ağcabədi, Şamaxı, Sumqayıt, Şirvan və Bakı şəhərində təşkil edilib. 670 nəfərin iştirak etdiyi zona mərhələsində birinci, Bakı şəhərində isə birinci və ikinci yeri tutan 61 şagird və tələbə respublika mərhələsində iştirak edib. Müsabiqənin respublika mərhələsinə aprelin 28-də yekun vurulub. Respublika mərhələsində 23 nəfər birinci, 12 nəfər ikinci, 18 nəfər üçüncü yeri qazanıb. Müsabiqə mahnı, təsnif və xalq mahnıları, şeir və rəqs olmaqla, 4 nominasiya üzrə keçirilib. Qaliblərin seçilməsində şəffaflığı təmin etmək üçün hər nominasiya üzrə tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti yaradılıb. Qaliblər Təhsil Nazirliyinin diplomu və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.
21/05/2016 18:17
Təhsil naziri Kolumbiya Respublikasının müvəqqəti işlər vəkilini qəbul edib
Mayın 20-də təhsil naziri Mikayıl Cabbarov Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Marta Qalinda Penyanı qəbul edib. Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
20/05/2016 17:21
Yeni layihə təqdim olunub
Mayın 19-da “British Council”, Təhsil Nazirliyi və BP Azərbaycan şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində “İngilis dili müəllimlərinin və icma üzvlərinin ingilis dili bilik və bacarıqlarının artırılması layihəsi”nin təqdimat mərasimi keçirilib. Tədbirdə Təhsil Nazirliyi Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev, Azərbaycanda rəsmi səfərdə olan “British Council” təşkilatının regional direktoru Əndi Uilyams, ingilis dili üzrə regional direktoru Cil Koates və BP şirkətinin nümayəndələri iştirak ediblər. Qeyd olunub ki, “British Council” tərəfindən Təhsil Nazirliyinin dəstəyi ilə bu günə qədər ölkə üzrə 13 rayonu əhatə edən ingilis dili müəllimləri üçün ixtisaslaşdırma təlim proqramı həyata keçirilib. Növbəti layihə Azərbaycanın neft-qaz boru kəməri keçən qərb regionunda- Ağstafa, Goranboy, Samux, Tovuz və Şəmkirdə baş tutacaq. Bir il müddətində davam edəcək layihə adıçəkilən bölgədə 10 ümumi təhsil müəssisəsindən seçilən 75 ingilis dili müəlliminin, 10-16 yaş qrupunda 500-dən çox məktəblinin,150 nəfər icma üzvünün ingilis dili üzrə bilik və bacarıqlarının artırılmasına xidmət edəcək.
20/05/2016 12:05
Respublika şahmat turnirinin zona yarışları
Ümumi təhsil məktəblərinin komandaları arasında Respublika şahmat turnirinin zona yarışlarına start verilib. Turnirin əsas məqsədi ölkəmizdə keçiriləcək Ümumdünya Şahmat Olimpiadasını məktəblilər arasında təbliğ etmək, məktəb kollektivləri arasında sıx əlaqə yaratmaq və məktəblilərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. 6 zona (Bakı, Ucar, Quba, Lənkəran, Gəncə, Oğuz) üzrə keçirilən bu mərhələdə rayon mərhələsində birinci I yeri tutan məktəb komandaları mübarizə aparır. Ümumilikdə, zona yarışlarına 76 komanda üzrə 304 iştirakçı qatılıb. Hər komandanın tərkibi VIII sinif şagirdi olan 1 oğlan, 1 qız idmançı, eləcə də 1 valideyn və 1 müəllimdən ibarətdir. Zona mərhələsi üzrə I və II yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanacaqlar. Final mərhələsi mayın 31-də Bakı şəhərində keçiriləcək.
20/05/2016 10:02
İngilis dili mərkəzi istifadəyə verilib
Mayın 19-da “British Council Azərbaycan” və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərindəki 23 nömrəli tam orta məktəbdə İngilis Dili Mərkəzi istifadəyə verilib. Mərkəzin açılışında təhsil nazirinin müavini Ceyhun Bayramov, “British Council” təşkilatının regional direktoru Əndi Uilyams, ingilis dili üzrə regional direktoru Cil Koates, “British Council Azərbaycan” ofisinin direktoru Elizabet Vayt, Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Stefen MakKormik və KİV nümayəndələri iştirak ediblər. Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, bu mərkəzdə məktəblilər ingilis dilini ən müasir metodologiya, resurs və texnologiyalara əsaslanaraq öyrənəcək. Həmçinin, mərkəzdə müəllimlərin davamlı peşəkar təlimi və inkişafı üçün də imkanlar olacaq. Mərkəzdə yalnız 23 nömrəli məktəbin ingilis dili müəllimləri üçün deyil, digər məktəblərin müəllimləri üçün də şərait yaradılacaq. Nazir müavini əlavə edib ki, “British Council Azərbaycan” və Təhsil Nazirliyinin birgə əməkdaşlıq istiqamətlərindən biri də ingilis dilini tədris edən müəllimlərin ixtisasartırma təlimlərinə cəlb olunmasıdır. Çıxış edənlər bildiriblər ki, İngilis Dili Mərkəzinin təsis edilməsinin əsas məqsədi Azərbaycanda ingilis dilini öyrənmək istəyənlərə zəngin resurslar təqdim etməklə, onların ünsiyyət qabiliyyətinin inkişafına nail olmaqdır. Bu mərkəz yaxınlıqda yerləşən məktəblərdə təhsil alan şagirdlər üçün az ödəniş qarşılığında müstəqil öyrənmə, dərsdənkənar fəaliyyət və ünsiyyət bacarıqlarını inkişaf etdirmək imkanı yaradacaq. Mərkəz zəngin kitab resursları, jurnal, DVD və “British Council”un ingilis dilinin öyrənilməsi üçün elektron resurs və proqramları yüklənmiş kompüter və planşetlərlə təmin olunub. Qeyd olunub ki, daha iki İngilis Dili Mərkəzi sentyabr ayından etibarən Bakıda yerləşən seçilmiş ümumi təhsil müəssisəsi və Təhsil işçilərinin Peşəkar İnkişaf İnstitutunda fəaliyyət göstərəcək. Müvafiq ingilis dili mərkəzlərinin yerləşdiyi hər bir məktəb yaxınlıqda yerləşən dörd ümumi təhsil müəssisəsinin mini şəbəkə mərkəzi funksiyasını daşıyacaq. Mərkəzlərdə həmçinin, məktəblilər onlayn və ya üzbəüz formada danışıq klubu şəklində ingilis dilini öyrənənlərlə ünsiyyət qura biləcəklər. Daha sonra qonaqlar İngilis Dili Mərkəzi ilə yaxından tanış olub və dərs prosesini izləyiblər.
19/05/2016 16:59
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı