Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Rusiya Federasiyasının nümayəndə heyətini qəbul edib

Mayın 19-da təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə ikigünlük işçi səfərdə olan Rusiya Federasiyasının Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlərlə İş və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin, eləcə də Təhsil və Elm Nazirliyinin rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib. Görüşdə iki ölkə arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri, Azərbaycan tələbələrinin Rusiya Federasiyasında təhsili və Azərbaycan Respublikasında rus dilinin tədrisi məsələləri müzakirə olunub.    Səfər çərçivəsində qonaqlar həmçinin, 160 saylı klassik gimnaziyanı,  Bakı Dövlət Universitetini və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialını ziyarət edib və  Azərbaycanda rus dilinin tədrisi, rus dilində təhsil üçün yaradılmış imkanlar, bu sahəyə Azərbaycan Hökumətinin dəstəyi və qayğısı ilə şəxsən tanış olublar.

TOPs proqramı çərçivəsində növbəti idman festivalı

Təhsil Nazirliyi, British Council Azerbaijan və Bakcell şirkətinin birgə layihəsi olan "TOPs - təhsilalanların fiziki sağlamlığı, psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin yüksəldilməsi" layihəsi çərçivəsində Bakı şəhərindəki T.Həsənov adına 23 saylı tam orta məktəbdə növbəti idman festivalı keçirilib. Festivalda məktəbin ibtidai və yuxarı sinif şagirdləri müxtəlif idman növlərində və şən startlarda güclərini sınayıblar. Həmçinin, tədbirdə şagirdlər bədii-musiqili proqramla çıxış ediblər. Təhsil Nazirliyi, British Council, Bakcell şirkəti və “İnkişaf Naminə İdman” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən layihənin əsas məqsədi ümumi təhsil məktəblərinin fiziki tərbiyə və ibtidai sinif müəllimlərini fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdir. Ümumilikdə, Bakı və Sumqayıt şəhərlərinin 36 ümümi təhsil məktəbini əhatə edən layihədən 200-dən artıq fiziki tərbiyə müəllimi yararlanır. Layihənin icrası zamanı xüsusi təlimlərdən keçmiş fiziki tərbiyə müəllimlərinin fənnin tədris keyfiyyətinin yüksəldilməsi məqsədi ilə “Açıq dərs”lərinin izlənilməsinə başlanılıb. Eləcə də Fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyasının tətbiqi nəticəsində 35000-dən artıq şagird daha keyfiyyətli fiziki tərbiyə dərsindən və dərsdən kənar fəaliyyətlərdən faydalanır.

İntellektual oyun üzrə regional məktəb çempionatı

“Multikulturalizm ili”nə həsr olunmuş intellektual oyun üzrə 2016-cı ilin regional məktəb çempionatı keçirilib. Ümumilikdə 58 komandanın qatıldığı yarış respublika üzrə 12 zonanı - Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Şəmkir, Mingəçevir, Şirvan, İmişli, Lənkəran, Quba, Zaqatala, Göyçay şəhərlərini əhatə edib. Regional məktəb çempionatının Bakı zona birinciliyi Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə keçirilib. Çempionatın əsas məqsədi gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına təkan vermək, eləcə də yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gənclərin aşkara çıxarılması, daha çox məktəblinin intellektual fəaliyyətə cəlb olunması, onların asudə vaxtının səmərəli təşkilini təmin etməkdən ibarətdir. Yarışı giriş sözü ilə açan təhsil nazirnin müavini Firudin Qurbanov Azərbaycanda uğurla həyata keçirilən multikulturalizm siyasətindən danışıb və iştirakçılara uğurlar arzulayıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva regional məktəb çempionatının əhəmiyyəti barədə fikirlərini bildirib. Sonra çempionata start verilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın qalibi Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin komandası olub. Regionlar üzrə çempionatın qalibləri adına Sumqayıt şəhəri 11 nömrəli və Gəncə şəhəri 27 nömrəli tam orta məktəblərin, eləcə də Samux, Lənkəran, Zaqatala, Abşeron, İmişli, Bərdə, Zərdab, Kürdəmir rayonlarının komandaları layiq görülüb.

Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi

Mayın 17-də  Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra Respublika Fənn Olimpiadalarına həsr olunmuş videoçarx nümayiş olunub. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, bir sıra dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, münsiflər heyətinin sədrləri və üzvləri, olimpiada qalibləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə təhsil naziri Mikayıl Cabbarov bildirib ki, istedadlı şagirdləri aşkara çıxarmaq, onların potensialını inkişaf etdirmək və həmin şagirdlərlə məqsədyönlü işin aparılması məqsədilə hər tədris ilində fənn olimpiadaları keçirilir. Obyektiv, sağlam və ədalətli rəqabət mühitində keçirilən belə yarışlar şagirdlərin müvafiq fənlərə olan marağının daha da artmasına səbəb olur. Nazir Respublika Fənn Olimpiadalarının birinci mərhələsində bu il iştirak edən şagirdlərin sayının artaraq, 27 500 nəfərə yüksəldiyini nəzərə çatdırıb. Qaliblər arasında paytaxtla müqayisədə bölgə məktəblilərinin üstünlük təşkil etməsini müsbət hal kimi dəyərləndirən təhsil naziri ümumilikdə, 260 şagirdin qalib adına layiq görüldüyünü söyləyib. M.Cabbarov bildirib ki, müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə məktəblilərimizin yüksək səviyyədə çıxış etməsi bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin səmərəliliyinin göstəricisidir. Belə ki, cari tədris ilində Koreya, Albaniya, Rusiya və Çində keçirilən 5 müxtəlif beynəlxalq fənn olimpiadasında Azərbaycan məktəbliləri 5 gümüş və 11 bürünc medal qazanıblar. Təsadüfi deyil ki, bir çox Respublika və Beynəlxalq Olimpiada qaliblərimiz dünyanın nüfuzlu universitetlərində təhsil alırlar. Moskvada keçirilən Beynəlxalq Mendeleyev Olimpiadasının qalibləri Lomonosov adına Moskva Dövlət Universitetinə, Balkan Riyaziyyat Olimpiadasında medal alan şagirdlər isə Türkiyənin Bilkənt və Orta Doğu Texniki universitetlərinə dəvət ediliblər. Bütün bu uğurların qazanılmasında ümumi təhsil müssisələrində çalışan peşəkar müəllimlərin əməyini xüsusi olaraq qeyd edən nazir istedadlı şagirdlərin hazırlanmasında onlara daha böyük müvəffəqiyyətlər arzulayıb. Təhsil naziri şagirdləri, onların fənn müəllimlərini və valideynlərini təbrik edib, daha parlaq nəticələrin əldə olunması üçün mövcud imkanlardan səmərəli istifadə edilməsinin zəruriliyini vurğulayıb. Tədbirdə məlumat verilib ki, 3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının I mərhələsində 27 500, ikinci mərhələsində 4 174, final mərhələsində isə 694 şagird iştirak edib. Texniki fənlər üzrə ( riyaziyyat, fizika, kimya, biologiya və informatika) 128, humanitar fənlər üzrə isə (Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) 132 nəfər qalib adına layiq görülüb. Sonra çıxış edənlər Beynəlxalq olimpiadalarda azərbaycanlı məktəblilərin uğurlu çıxışını təmin etmək üçün görülmüş işlər, Respublika olimpiada mərkəzlərinin fəaliyyətinin və aşağı sinif şagirdləri arasında təşkil olunan fənn müsabiqələrinin əhəmiyyəti haqqında fikirlərini bildiriblər. Tədbirdə qalib məktəblilər qeyd edib ki, belə yarışlar onları müxtəlif fənləri daha dərindən mənimsəməyə stimullaşdırır və məktəblilər arasında sağlam rəqabət mühiti yaradır. Qaliblərə Təhsil Nazirliyinin diplomları və qiymətli hədiyyələr təqdim olunub. Tədbirin informasiya dəstəyi APA İnformasiya Agentliyi və 1news.az saytına məxsusdur.  

“Microsoft Imagine Cup 2016” müsabiqəsinin Milli Finalının qalibləri müəyyənləşib

Mayın 17-də Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Yüksək Texnologiyalar Parkının dəstəyi, «Microsoft Azərbaycan» və “Nar Mobile” tərəfindən təşkil olunmuş “Microsoft Imagine Cup 2016” irimiqyaslı beynəlxalq texnologiya müsabiqəsinin Milli Final mərhələsi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, «Microsoft Azərbaycan»ın baş direktoru Sərxan Həşimov, “Nar Mobile” şirkətinin baş icraçı direktoru Kent Maknili, Yüksək Texnologiyalar Parkının Direktoru Seymur Ağayev, ali məktəb rektorları və tələbələr iştirak ediblər. Qeyd olunub ki, “Microsoft Imagine Cup” – innovasiya sahəsində gənclərin gələcək inkişafı, karyera yüksəlişi və yeni perspektivlərə təkan verən bir müsabiqədir. Müsabiqənin məqsədi Azərbaycan tələbələrinin istedadını üzə çıxarmaq və onların əmək bazarının tələblərinə hazırlıqlı mütəxəssis kimi yetişmələri üçün şərait yaratmaqdır. Müsabiqə çərçivəsində ali və ilk peşə-ixtisas təhsil müəssisələrinin tələbə və şagirdlərindən ibarət komandalar 3 kateqoriya (“İnnovasiya”, “Sosial layihələr” və “Oyunlar”) üzrə iştirak ediblər. “Sosial layihələr” nominasiyasında SABAH qruplarının tələbələrindən ibarət “TechSOS” komandası qalib gəlib. Komandanın tərkibinə daxil olan Aytac Ağabəyli, Günay Abdullayeva, Nailə İsmayılova və Sənan Quluzadə 3 hissədən ibarət olan (smartfonlar üçün tətbiq, bulud tətbiqi və avadanlıq) yıxılmanın müəyyən edilməsi sistemini hazırlayıblar. Kiçik həcmli peycerə bənzər avadanlıq yaşlı insanın kəmərinə bərkidilir. Həmin ahıl insana nəzarət edən şəxsin Smartfonuna yıxılma baş verdiyi halda bulud tətbiqi vasitəsilə hadisə və hadisənin baş verdiyi yer haqda dərhal məlumat daxil olur. Bu, məlumatlandırma və ilkin yardım proseslərini sürətləndirməyə yardım edir.  “İnnovasiya” nominasiyasında “JavaSet” komandası qalib gəlib. Komandanın üzvləri Nicat Cavadov və Yesset Jusupov sifəti müəyyənetmə funksiyası vasitəsilə emosiyaların identifikasiyası layihəsini təqdim ediblər. Bu məhsul müəllimlərə dərslərin daha effektiv və keyfiyyətli təşkilində yardım edəcək. Belə ki, auditoriyanın görüntüsünü çəkən bu məhsul məktəblilərin və ya tələbələrin sifətini, eləcə də emosiyalarını müəyyən edir. Məhsulun şagird və tələbələrin gərginlik və ya narazılığını müəyyən etməsi onların dərsi başa düşməməsindən xəbər verir. Belə olduğu halda, müəllim fənni təkrarən izah edə bilər. “Oyunlar” nominasiyasında “ADA” Universitetinin “The Corp” komandası qalib gəlib. Tələbələr Ülviyyə Məmmədzadə, Toğrul Rəhimli, Ramazan Süleymanlı və Əli Babayev hazırladıqları görüntüsü olmayan səsli macəra oyununu təqdim ediblər. İnsan və tətbiq arasında aparılan dialoq vasitəsilə oyunun müxtəlif mərhələlərini keçmək mümkündür. Bu məhsul məkan təfəkkürü və məntiqin formalaşmasına yardım edir.  “Sosial layihələr”, “İnnovasiya” və “Oyunlar” nominasiyaları üzrə ən yaxşı olan 3 komanda müsabiqənin beynəlxalq yarımfinalında iştirak etmək imkanı qazanıb. Bu mərhələdə onlayn səsvermə təşkil olunacaq. Uğur qazanan komandalar Azərbaycanı 2016-cı ilin iyulunda müsabiqənin beynəlxalq finalında təmsil edəcək və əsas mükafat – 50 000 ABŞ dolları uğrunda mübarizə aparcaqlar. Sonra tədbir iştirakçıları qaliblərin qrup təqdimatlarını izləyiblər. Tədbirin sonunda “Microsoft Imagine Cup 2016” müsabiqəsinin Milli Finalının qalibləri mükafatlandırılıb.

“Dostluq kuboku -2016” futbol turniri keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Dostluq kuboku -2016” mini futbol turniri turniri keçirilib. Yarışlar Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin  əməkdaşları arasında keçirilib. Dövlət qurumlarının Həmkarlar İttifaqı komitələrinin təşkilatçılığı ilə keçirilən yarış işçilərin sağlam həyat tərzinə cəlb edilməsi, onların asudə vaxtının və istirahətinin səmərəliliyinin artırılması məqsədilə təşkil olunub. Azərbaycan Tennis Akademiyasının stadionunda baş tutan və gərgin mübarizə şəraitində keçən yarışlarda Təhsil Nazirliyinin komandası III yeri tutub. Qalib komandalar yarışın təşkilatçıları tərəfindən mükafatlandırılıb.

Azərbaycanlı məktəblilər ABŞ-da tarixi uğur qazanıb

ABŞ-ın Arizona ştatının Finiks şəhərində InteI ISEF – Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisi keçirilib. Bu il Finiks şəhərində təşkil edilən sərgiyə  77 ölkədən 1760 iştirakçı qatılıb. Sərgidə Azərbaycanı “Sabahın alimləri” V Respublika Müsabiqəsinin qalibləri – Bakı Avropa Liseyinin XI sinif şagirdləri Arzu Məmmədova, Nərmin Aydarova, akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Mədət Sərdarlı, XI sinif şagirdi Nigar Sərdarlı, həmin liseyin 10-cu sinif şagirdləri Ayşən Əliyeva və Əli Əliyev təmsil ediblər. Azərbaycanlı məktəblilər bu sərgidə tarixi uğura imza atıblar. Belə ki, münsiflərin seçimi ilə  fizika, materialşünaslıq kateqoriyası üzrə Nərmin Aydarova və Arzu Məmmədova IV yeri tutublar. Digər təmsilçilərimiz Nigar və Mədət Sərdarlılar isə Qətərin Elm və İşlətmələr Fondunun xüsusi mükafatına layiq görülüblər. Qeyd edək ki, bu, məktəblilərimizin 2012-ci ildən sonra sözügedən sərgidə qazandıqları ilk əsas mükafatıdır. Qaliblərə pul mükafatı və diplomlar verilib.     1997-ci ildən keçirilən sərgiyə qatılmaq üçün hər il müxtəlif ölkələrdən 7 milyona yaxın məktəbli müraciət edir. Ölkəmizi bu sərgidə təmsil etmək üçün məktəblilər “Sabahın  alimləri” müsabiqəsindən seçilir. Bu il müsabiqədə ölkəmizin 11 şəhər və rayonunun ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri 129 elmi layihə ilə iştirak edib. Onlardan 87-si kollektiv, 42-si isə fərdi layihə olub. Müsabiqə 8 kateqoriya üzrə keçirilib.

“Yaşıl dağ” aksiyası keçirilib

Mayın 14-də IDEA İctimai Birliyinin təşəbbüsü, Təhsil Nazirliyi   və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə kağız tullantılarının toplanmasına həsr olunan “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində növbəti “Yaşıl dağ” sosial aksiyası keçirilib. Tədbirdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, təhsil nazirinin müavini Firudin Qurbanov, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdulbari Gözəl və IDEA İctimai Birliyinin baş koordinatoru Fərid Cəfərov iştirak edib. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, “Yaşıl dağ” sosial aksiyası indiyədək Sumqayıt, Sabirabad və Bərdə şəhərlərində reallaşdırılıb. Təhsil nazirinin müavini Firudin Qurbanov Bakı şəhərindəki ali və ümumi təhsil müəssisələrinin aksiyada fəal iştirak etdiyini, ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunmasında bu layihənin vacibliyini diqqətə çatdırıb. Tədbirdə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, IDEA İctimai Birliyinin baş koordinatoru Fərid Cəfərov və digərləri aksiyanın əhəmiyyətindən danışıblar. Bildirilib ki, aksiyanın keçirilməsində əsas məqsəd ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Qeyd olunub ki, təşkilat tərəfindən son 5 ildə 5 milyondan çox ağac əkilib. Tədbir bədii hissə ilə davam etdirilib. Aksiyada fəal iştirak edən vətəndaşlara 600-ə yaxın şam ağacı paylanılıb.

Məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatı başa çatıb

Mayın 12-də Təhsil Nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatına yekun vurulub. Çempionatın keçirilməsində əsas məqsəd məktəblilər arasında mini futbol idman növünün təbliği və mini futbolun inkişaf etdirilməsi, perspektivli məktəbli futbolçuların aşkara çıxarılması, məktəblilərin sağlam həyat tərzinə cəlb olunması və məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə edilməsindən ibarətdir. Üç mərhələ üzrə keçirilən yarışların I mərhələsi rayondaxili qarşılaşmaları əhatə edib. Hər bir rayon üzrə məktəb komandaları “Olimpiya sistemi” ilə keçirilən rayondaxili mərhələdə iştirak edib və I, II yerləri tutan komandalar II mərhələyə vəsiqə qazanıb. II mərhələdə 12 rayon üzrə 24 komanda püşkatma yolu ilə 4 yarımqrupda mübarizə aparıb. Hər yarımqrupdan I və II yeri tutan komandalar III mərhələyə vəsiqə qazanıb. ABU arenada keçirilən final oyunlarında III yer uğrunda 35 və 277 nömrəli ümumi təhsil məktəblərinin komandaları güclərini sınayıblar. I və II yer uğrunda isə 6 və 80 nömrəli ümumi təhsil məktəblərinin komandaları mübarizə aparıblar. Gərgin mübarizə şəraitində keçən oyunlarda I yeri 6 nömrəli, II yeri 80 nömrəli, III yeri isə 35 nömrəli ümumi təhsil məktəbinin komandaları tutub. Qaliblər Təhsil Nazirliyinin kubok, medal, diplom və qiymətli hədiyyələri ilə təltif edilib.

“Muzey həftəsi”nə start verilib

Mayın 13-də “Multikulturalizm ili” çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti Yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlığı ilə “Muzey həftəsi”nə start verilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Respublikasının Nazirlər Kabineti Yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi Anar Quliyev,  Prezident Yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, ümumi təhsil müəssisələri və muzey rəhbərləri, şagirdlər iştirak ediblər.  Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, proqramın məqsədi  məktəbliləri ölkənin böyük muzeylərinin kolleksiya fondunun elmi-mədəni, tarixi, ekoloji, davamlı inkişaf konsepsiyası və etnoqrafik aspektləri ilə tanış etməkdir. Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi ilə “Muzeylər və Multikulturalizm” proqramı çərçivəsində təşkil olunan məktəblilər üçün “Muzey həftəsi” mayın 12-dən 18-dək Bakı şəhərində və regionlarda 25 muzeyi əhatə edəcək. Ötən il layihə çərçivəsində 7 min məktəblinin Bakı şəhərində fəaliyyət göstərən 15 muzeyə ekskursiyası təşkil olunub. Tədbirdə, həmçinin 2015-ci ildə keçirilmiş “Muzey həftəsi”ndə fəallıq göstərmiş ümumi təhsil müəssisələri və məktəblilərə diplomlar təqdim edilib.  

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı