Azərbaycanlı məktəblilər beynəlxalq müsabiqədən qızıl medalla qayıdıblar
Ruminiyanın Buxarest şəhərində keçirilən 14-cü "International Computer Project Olympiada-2016" (InfoMatrix) beynəlxalq layihə müsabiqəsində ölkəmizi təmsil edən məktəblilər 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar. Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi İlkin Musayev elmi rəhbəri Aygün Əzizova ilə birlikdə müsabiqəyə qatılaraq, "Proqramlaşdırma" kateqoriyasında qızıl medal qazanıb. İlkin Musayevin layihəsi beynəlxalq ekspertlər tərəfindən maksimal–100 balla qiymətləndirilib və ən uğurlu layihə kimi qeydə alınıb. Bu layihə 3D modelinin üzərində qurulub. Ekspertlər qrupu layihəni ixtirayönümlü iş kimi dəyərləndirib. Nərimanov və Gənclik “İstək” liseylərinin şagirdlərindən ibarət 6 komanda isə müsabiqədə 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıb. Belə ki, müsabiqəyə qatılan Ömər Qurbanlı, Rəsul Salamov qızıl, Malik Haqverdiyev, Aqil Əliyev, Aqşin Yusifzadə, Ərturan İbrahimli, Rəhman Bağırov gümüş, Aygül Qurbanova, Aysun Qələndərli, Zülfüqar Verdiyev və Şamil Ağazadə bürünc medal əldə ediblər. Qeyd edək ki, hər il ənənəvi olaraq 12-18 yaşlı məktəbli və gənclər arasında keçirilən InfoMatrix müsabiqəsinə bu il rekord sayda iştirakçı qatılıb. Belə ki, müsabiqədə 41 ölkədən 500 iştirakçı 285 layihə ilə birincilik uğurunda mübarizə aparıb.
01/06/2016 11:32
Məktəblilər arasında idman yarışına yekun vurulub
“Formula 1 Avropa Gran Pri” yarışlarının məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri sona çatıb. Bakı Ağ Şəhər bulvarı ərazisində Təhsil Nazirliyinin dəstəyi, müvafiq federasiyaların tərəfdaşlığı və “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 23-26 may 2016-cı il tarixlərində “Formula 1 Avropa Gran Pri” yarışlarının məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirlərinin proqramına daxil olan atletika, veloidman və basketbol idman növləri üzrə final mərhələsinin oyunları keçirilib. Paytaxt məktəbliləri arasında keçirilən yarışda atletika idman növü üzrə I yeri 92 nömrəli, II yeri Ankara məktəb-liseyi, III yeri isə 323 nömrəli, basketbol 3x3 idman növü üzrə I yeri 169 nömrəli, II yeri 17 nömrəli, III yeri 18 nömrəli, velosiped idman növü üzrə isə I yeri 251 nömrəli, II yeri 29 nömrəli ümumi təhsil məktəblərinin, III yeri isə 132-134 nömrəli Təhsil Kompleksinin komandası tutub. Qaliblər Təhsil Nazirliyinin kubok, diplom və qiymətli hədiyyələri ilə təltif olunub. Qeyd edək ki, basketbol 3x3, veloidman, atletika idman növləri üzrə keçirilən kütləvi idman tədbirlərinə Bakı şəhəri üzrə 310 ümumi təhsil məktəbindən 4030 məktəbli qatılıb. Tədbirlərin keçirilməsində əsas məqsəd 2016-cı ildə Bakı şəhərində keçiriləcək “Formula 1 Avropa Gran Pri” yarışlarının məktəblilər arasında geniş təbliğ edilməsi ilə yanaşı, məktəblilərin ayrı-ayrı idman növlərinə olan marağının artırılması, onların asudə vaxtlarının səmərəli təşkili və fiziki sağlamlıqlarının qorunmasının təmin edilməsindən ibarətdir.
31/05/2016 10:42
“Multukulturalizm uşaqların gözü ilə” adlı tədbir
Təhsil Nazirliyinin Respublika Texniki Yaradıcılıq Mərkəzi, Xətai Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatı, Mədəniyyət və Turizm Nazirliyinin Şuşa rayon şöbəsinin təşkilatçılığı ilə “Multukulturalizm uşaqların gözü ilə” adlı tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd insanlar arasında sevgi, dostluq və həmrəyliyin möhkəmlənməsinə təkan vermək, müxtəlif xalqların adət-ənənələrinə hörmət hissinin artırılması və onlar arasında mədəni körpünün yaradılmasıdır. Tədbirdə Milli Məclisin deputatları, Təhsil Nazirliyinin əməkdaşları, Yeni Azərbaycanın Partiyasının təmsilçiləri, Xətai və Şuşa rayon icra hakimiyyətlərinin başçıları, səfirliklərin, Mədəniyyət və Turizm Nazirliyinin Şuşa rayon şöbəsinin nümayəndələri iştirak ediblər. Tədbirdə qeyd olunub ki, multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Əsrlərdir ki, xalqımız tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək, bu prosesə mühüm töhfələr verib. Ona görə də Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi heç də təsadüfi deyil və bunun dərin tarixi kökləri var. Respublika Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri 20 ölkənin mədəniyyətini, incəsənətini, tarixini əks etdirən əl işlərini və müxtəlif xalqların milli geyimlərini nümayiş etdiriblər. Tədbir dərnək üzvlərinin hazırladığı konsert proqramı ilə başa çatıb.
31/05/2016 09:57
"Tələbəlik illərini boşa xərcləməyin" – "Uğur formulu"
Azərbaycan tələbələrinin dövlət səviyyəsində xarici ölkələrin nüfuzlu universitetlərində oxumağa göndərilməsinin əsası ilk dəfə 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulub. İlk dəfə 1919-1920-ci tədris ilində dünyanın müxtəlif ali məktəblərində dövlət hesabına təhsil almaq üçün 102 nəfər azərbaycanlı gəncin xaricə göndərilməsi haqqında qərar qəbul olunub. Bunun üçün ümumilikdə 7 milyon manat vəsait ayrılıb, Avropa ali məktəblərinə göndərilən hər tələbəyə 400 frank təqaüd təyin edilib və 1000 frank yol xərci verilib. Hələ sovetlər dövründə gənclərlə işə xüsusi diqqət yetirən Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil alması məsələsinə də böyük əhəmiyyət verirdi. 1969-1970-ci dərs ilində respublikadan kənara cəmi 47 nəfər təhsil almağa göndərilmişdisə, 1975-ci ildə bu rəqəm 14 dəfə artaraq 700 nəfərə çatdı. Ümumilikdə, ötən əsrin 70-80-ci illərində 15 mindən çox azərbaycanlı gənc respublikamızdan kənarda - keçmiş SSRİ-nin 50-dən artıq şəhərinin 170 ali məktəbində 250-yə yaxın ixtisasa yiyələnib. 1970-ci ilədək respublikadan kənarda təhsil almağa göndərilənlərin yalnız 40 faizini azərbaycanlılar təşkil etdiyi halda, bu göstərici 1976-cı ildə 85 faizə, 1977-ci ildə 92 faizə, 1980-ci illərin əvvəllərində isə 97,6 faizə yüksəldi. Təhsil Nazirliyi və Lent.az- informasiya agentliyinin birgə layihəsi olan və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin qonağı Böyük Britaniyanın London Siti Universitetində təhsil alan soydaşımız Ənvər Məhəmməddir. O, Böyük Britaniyanın London Siti Universitetində iqtisadiyyat ixtisası üzrə bakalavr səviyyəsində təhsilini davam etdirir. - Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Xaricdə təhsil mənə ixtisasım üzrə ən son yeniliklər haqqında dərindən məlumatlanmağa, ixtisasımın incəliklərini bu sahə üzrə ən öndə gedən professorlardan öyrənməyə və Vətənim üçün xeyirli bir mütəxəssis kimi yetişməyə imkan yaradır. Hazırda çalışdığım qaydada davam etsəm, inanıram ki, ümidlərim doğrulacaq. - Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız? - Lazımlı məlumatların çoxu internetdə olduğuna görə əlavə materiallar gətirməyə ehtiyac duymadım. Burada ən çox Xocalı soyqırımı, 20 Yanvar qətliamı haqqında məlumatların yayılmasına çalışırıq. Bu faktlar əsasında çap etdiyimiz kitabdan da istifadə edirik. - Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? - Tələbəlik illərini boşa xərcləməsinlər, mümkün qədər daha çox biliklər əldə etsinlər. Təkcə tədris proqramı ilə kifayətlənməsinlər. Əlavə mənbələr hesabına ixtisasları haqqında öyrənsinlər və yay tətilləri zamanı uyğun bir iş tapsınlar. Asudə vaxtlarında idmanla məşğul olmağı da unutmasınlar. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Münasibət müəllimlərin və tələbələrin özündən asılıdır. Müəllimlərin çoxu dərsə maraq göstərən tələbələrlə daha yaxın olurlar. Bir çox müəllimlər tələbələrin suallarına cavab verməyə kifayət qədər zaman ayırırlar. Çox nadir hallarda hansısa bir müəllimlə daha səmimi əlaqə yaratmaq çətin ola bilər. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Universitetdə tələbələrin çoxu əcnəbi olduğu üçün əcnəbi tələbələrə fərqli münasibət yoxdur. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? - Azərbaycanın təhsil sistemi çox gənc təhsil sistemidir. İnkişaf etdiriləcək çox sahə var. Məlumat bazaları yenilənməli və tədris səviyyəsi daha da yüksəldilməlidir. Tələbələrə daha çox sərbəstlik verilməli və onların fərdi məsuliyyət yükü artırılmalıdır. - Çətinlikləriniz varmı? - Sistemə öyrəşmək ilk illərdə çətin olurdu. Azərbaycanla müqayisədə burada tədrisə münasibət tamam fərqlidir. Akademik ingiliscəni yüksək səviyyədə öyrənmək çox vaxt aldı. Universitetdə fərqlənmə almaq üçün tələb olunan ingilis dili səviyyəsi ilə müqayisədə IELTS imtahanı çox asandır. Artıq 5 ildir burda yaşadığım üçün çətinliklərin çoxunu dəf etmişəm. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Asudə vaxtımda məşğul olmağa seçimlər sonsuzdur. Universitetin zəngin kitabxanası var. Seçdiyim sahəyə aid ədəbiyyat oxuyuram. Həmçinin, proqramlaşdırmanı və fransız dilini öyrənirəm. İdmana da vaxt ayırıram. Qılıncoynatma ilə məşğulam.
28/05/2016 08:14
Masallı, Cəlilabad və Yardımlı rayonlarının təhsil işçiləri ilə görüş
Mayın 25-də Masallı Rayon Mədəniyyət Mərkəzində təhsil nazirinin müavini Firudin Qurbanov və Təhsil Nazirliyinin məsul əməkdaşları Masallı, Cəlilabad, Yardımlı rayonlarının təhsil işçiləri ilə görüşüb. Tədbirin keçirilməsində məqsəd respublikanın şəhər və rayonlarında çalışan təhsil işçiləri ilə sıx əlaqə yaratmaq, onların təklif, rəy və təşəbbüslərindən həyata keçirilən islahatlar prosesində istifadə etmək, təhsil müəssisələrində tərbiyə işinin mövcud vəziyyəti və gücləndirilməsinin əsas istəqamətləri barədə tövsiyələr verməkdən ibarətdir. Öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. Sonra Mədəniyyət Mərkəzinin foyesində rayon məktəblilərinin əl işləri və idman sahəsində qazandığı uğurları əks etdirən sərgiyə baxış keçirilib. Görüşdə Masallı, Yardımlı və Cəlilabad rayon təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin direktorları, direktor müavinləri, psixoloqlar iştirak ediblər. Təhsil nazirinin müavini Firudin Qurbanov tədbir iştirakçılarını salamlayıb, onları qarşıdan gələn Respublika Günü münasibətilə təbrik edib. Nazir müavini son 25 il ərzində ölkə həyatının bütün sahələrində qazanılan uğurlardan, regionlarda, o cümlədən Masallı rayonunda həyata keçirilən irimiqyaslı layihələrdən danışıb. Təhsil sahəsində aparılan islahatlardan bəhs edən F.Qurbanov son illərdə bir sıra vacib hüquqi-normativ sənədlərin qəbul olunduğunu diqqətə çatdırıb. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində yeni proqramların və dərsliklərin hazırlanması işləri davam etdirilir, 12 illik ümumi təhsilə keçidlə bağlı müzakirələr aparılır. Son 10 ildə ölkəmizdə 3 mindən çox yeni məktəbin tikildiyini və əsaslı təmir edildiyini söyləyən nazir müavini Təhsil Strategiyasına əsasən, 2020-ci ilə qədər ümumi təhsil məktəblərində təhsil alan bütün şagirdlərin planşetlərlə təmin olunacağını bildirib. F.Qurbanov çıxışında təhsil sistemində tədrislə yanaşı, əsas diqqətin təlim-tərbiyə məsələlərinə, müəllim-sağird münasibətlərinə yönəldiyini və bu işlərin yerinə yetirilməsində müəllimlərin üzərinə böyük vəzifələr düşdüyünü deyib. Müasir dövrdə ölkənin təhsil sisteminin ali məqsədi XXI əsrin tələblərinə cavab verən, milli ruhlu, vətənpərvər, bilikli, bacarıqlı, kamil vətəndaşlar yetişdirməkdir. Tərbiyənin strateji istiqamətlərindən bəhs edən nazir müavini bu baxımdan məktəbdənkənar təhsilin üzərinə düşən vəzifələr haqqında fikirlərini bildirib. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bölgədə belə bir tədbirin keçirilməsinin təqdirəlayiq hal olduğunu söyləyib. R.Hüseynov uşaqların, gənclərin tərbiyəsinə, vətənpərvərlik hisslərinin aşılanmasına xüsusi diqqət yetirdiyinə görə Təhsil Nazirliyinə öz təşəkkürünü bildirib və rayon təhsil işçilərinə yaradılmış bu imkandan yararlanmağı tövsiyə edib. Görüşdə çıxış edən Masallı Rayon Təhsil Şöbəsinin müdiri Astan İbişov, Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Elminaz Nadirova, Yardımlı Rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə, Masallı şəhərindəki “Dəfinə” məktəb-liseyin direktoru Taleh Əkbərov və başqaları ümumi təhsil məktəblərində tədris, təlim və tərbiyə sahəsində görülmüş işlərdən söhbət açıb, mövcud problemlərin həlli ilə bağlı təkliflərini bildiriblər. Sonda təhsil işçilərinin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.
26/05/2016 17:04
Təhsil naziri Xırdalan şəhərində vətəndaşları qəbul edib
Mayın 26-da təhsil naziri Mikayıl Cabbarov Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Abşeron, Qubadlı, Zəngilan rayon və Sumqayıt şəhər sakinlərini qəbul edib. Qəbulda Abşeron rayonunda və Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, keçirilən qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbula gələn vətəndaşların müraciətləri dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.
26/05/2016 15:49
Təhsil müəssisələrində çalışan alimlərin istinad indeksli jurnallarda dərc olunan məqalələrinin sayı artıb
Təhsil müəssisələrində çalışan alimlərin impakt-faktorlu jurnallarda 2011-ci ildə 242 məqaləsi, 2014-cü ildə 300 məqaləsi, 2015-ci ildə isə 604 məqaləsi dərc edilib. Son illər ölkəmizdə digər beynəlxalq elmi bazalarla yanaşı, dünyada intellektual informasiya üzrə ən iri aparıcı provayder olan "Thomson Reuters" Agentliyinin xidmətlərindən geniş istifadə edilməsi üçün məqsədyönlü işlər aparılır. Təhsil Nazirliyinin təşəbbüsü ilə “Thomson Reuters” şirkəti ilə ötən ilin dekabr ayında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Əməkdaşlıq müqaviləsinə əsasən, Azərbaycanın 40 ali təhsil müəssisəsi Təhsil Nazirliyinin sifarişi əsasında dünyada məşhur elmi istinad indeksi olan “Thomson Reuters Web of Science” platformasına çıxış əldə etmək imkanı qazanıb. “Thomson Reuters” öz arxivi ilə yanaşı, yeni çap olunan jurnalları da Azərbaycan alimlərinin ixtiyarına verir. Təhsil Nazirliyi “Thomson Reuters” bazasında olan jurnallarda çap olunmuş elmi əsərlərin keyfiyyət göstəricisinə görə müsabiqəsini keçirəcək. Müsabiqənin məqsədi ölkəmizin ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin və nəşr aktivliyinin daha da genişləndirilməsidir. Müəlliflərin elmi fəaliyyətinin keyfiyyət göstəricisi Təhsil Nazirliyi tərəfindən hazırlanıb təsdiq edilmiş xüsusi metodika ilə müəyyənləşdiriləcək. Müsabiqə riyaziyyat və texniki elmlər, fizika, kimya, biologiya, humanitar elmlər, iqtisadiyyat və idarəetmə, tibb elmləri istiqamətləri üzrə keçiriləcək. İldə 1 dəfə olmaqla, təqvim ilinin sonunda təşkil ediləcək müsabiqə barədə Təhsil Nazirliyinin saytında ətraflı məlumat veriləcək.
26/05/2016 14:49
Community.az portalı onlayn müsabiqələrin qaliblərini təltif edib
Məktəb icmaları üçün “Kitab Kvest-i” və “Mənim vətənim-Azərbaycan” müsabiqələrinə yekun vurulub. Bu məqsədlə mayın 25-də Bakı şəhərindəki 18 nömrəli tam orta məktəbdə hər iki müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, təhsil ekspertləri, KİV nümayəndələri iştirak ediblər. Community.az portalı tərəfindən təşkil edilən “Kitab Kvest-i” müsabiqəsinin məqsədi şagirdlərin, müəllimlərin və valideynlərin ədəbiyyata olan marağını artırmaqdır. “Mənim vətənim–Azərbaycan” müsabiqəsi isə iştirakçılara özlərini əsl foto həvəskarı kimi göstərməyə imkan yaradıb. Tədbirdə bildirilib ki, müsabiqələrə community.az portalında qeydiyyatdan keçən 500-dən çox şagird, onların valideynləri və müəllimləri qoşulub. “Kitab Kvesti” müsabiqəsinin qalibləri Bakı şəhəri 169 nömrəli tam orta məktəbin müəllimi Albina Əbubəkirova, Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin müəllimi Eleonora Kairova və Bakı şəhəri 158 nömrəli tam orta məktəbin məktəb icmasının üzvü Nailə Buxlova olub. “Mənim vətənim-Azərbaycan” müsabiqəsinin qalibi adına isə Bakı şəhəri 46 saylı tam orta məktəbin müəllimi Güllü Əhmədova layiq görülüb. Qaliblərə Fəxri Fərman və müxtəlif qiymətli hədiyyələr təqdim olunub. Müsabiqəyə “Access Bank” ASC, “Sağlam Ailə” MMC, “Standard Insurance” ASC və “Allianz Consult” şirkətləri tərəfindən dəstək verilib. Qeyd edək ki, müsabiqələrin keçirilməsində əsas məqsəd məktəb icmalarının fəaliyyətini stimullaşdırmaq, icma üzvlərini həvəsləndirmək, müəllim, şagird və valideynlərə icma yaratmağı təşviq etməkdən ibarətdir.
25/05/2016 17:53
“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” proqramı üzrə zona mərhələləri keçirilir
Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin Respublika müsabiqəsinin zona mərhələsi keçirilir. Mayın 19-dan başlayaraq Naxçıvan şəhərində, Göyçay və Lənkəran rayonlarında müsabiqənin zona mərhələləri keçirilib. Növbəti günlərdə isə zona mərhələləri Gəncə şəhəri və Şamaxı, Şəki, Tovuz rayonlarında davam etdiriləcək. Tədbirlərə iyunun 3-də Bakıda yekun vurulacaq. Müsabiqə iştirakçıları il ərzində aparılan müşahidələr, aqrotexniki tədbirlər və becərilən kənd təsərrüfatı bitkiləri haqqında məlumatları, fotoşəkilləri təşkilat komitəsinə təqdim ediblər. 1270 iştirakçının qatıldığı zona mərhələsində məktəblilər gündəlik görülən işlər, təcrübələrin gedişatı, əldə etdikləri nəticələr barədə təqdimatlarla çıxış ediblər. Şagirdlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin xüsusi komissiyası tərəfindən 100 ballıq sistem və məhsulun “qiymətləndirmə sertifikatı” əldə edəcək, həmçinin oktyabr ayında keçiriləcək “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” məktəblilərin 1-ci Respublika sərgisində iştirak etmək imkanı qazanacaqlar. Müsabiqənin keçirilməsində əsas məqsəd aqrobiomüxtəlifliyin qorunması, ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı məhsullarının əldə edilməsində məktəblilərin fəal iştirakını təmin etmək, ekoloji təmiz bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanması, kənd təsərrüfatı məhsullarının öyrənilməsi və mühafizəsinə dair şagirdlərin maarifləndirilməsindən ibarətdir. Qeyd edək ki, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” proqramı mayın 19-dan 21-dək Bakı Ekspo Mərkəzdə keçirilən 22-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2016" - 10-cu Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2016” sərgisində də nümayiş olunub.
25/05/2016 17:08
Təmayül məktəblərin şəbəkəsi genişləndirilib
2016-2017-ci tədris ilindən Azərbaycanın 5 şəhər və 36 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq. Bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Əmrə əsasən, yeni tədris ilindən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri, Abşeron, Lənkəran, Quba, Bərdə, Tovuz, İsmayıllı, Şəki, Ağcabədi, Yevlax, Xaçmaz, Samux, Neftçala, Zaqatala, Cəlilabad, Şamaxı, Siyəzən, Şabran, Qusar, Qəbələ, Balakən, Salyan, Masallı, Biləsuvar, Sabirabad, Saatlı, Kürdəmir, Göyçay, Zərdab, Beyləqan, Ağdaş, Goranboy, Göygöl, Tərtər, Şəmkir, Qazax, Ağstafa rayonları üzrə tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi nəzərdə tutulmuş yeni pilot ümumi təhsil müəssisələrinin siyahısı təsdiq edilib. Təmayül sinifləri, mövcud qaydalara uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdiriləcək. Müəyyən olunmuş pilot məktəbləri müvafiq təmayüllər üzrə tədris planı və fənn proqramları ilə təmin ediləcək. Təmayülləşmə ilə əlaqədar yerlərdə geniş maarifləndirmə işlərinin aparılması, təmayül siniflərinin komplektləşdirilməsi üzrə təşkilati tədbirlərin görülməsi, təmayül fənlərini tədris edən müəllimlər üçün təlimlərin təşkil olunması nəzərdə tutulur. Qeyd edək ki, tam orta təhsilin təmayülləşməsi üzrə pilot layihə Bakı şəhərindəki 5 məktəbdə 2011-ci ildən tətbiq olunmağa başlanıb. Bu məktəblər üçün fənlərin sayı azaldılmaqla xüsusi tədris planları təsdiq edilib, təmayül fənlərinin genişləndirilmiş proqramları hazırlanıb. Həyata keçirilən pilot layihənin nəticələri müsbət qiymətləndirildiyi üçün bu müəssisələrin şəbəkəsinin genişləndirilməsi məqsədəuyğun sayılıb və 2015-2016-cı dərs ilindən daha 50 məktəbdə (Bakı – 33, Sumqayıt – 5, Mingəçevir – 4, Gəncə – 3, Şirvan – 1, bilavasitə Təhsil Nazirliyi tabeliyində – 4) 4 təmayül (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) istiqamətində tədrisə başlanıb. Beləliklə, 2015-2016-cı tədris ilində 58 məktəbdə 176 sinif komplektində təxminən 3700 nəfərə yaxın şagird X sinifdə təmayüllər üzrə tədrisə cəlb olunub. İndiyədək əldə olunan nəticələrin təhlili göstərir ki, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi şagirdlərin meyil və arzularına uyğun təşkil edildiyi üçün onlarda təlimə marağı xeyli artırıb, məktəblilərin təhsil nailiyyətlərinə müsbət təsir edib. Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin şəbəkəsinin genişləndirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
25/05/2016 15:33
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı