Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinə dair müşavirə

İyunun 20-də Təhsil Nazirliyinin tabeliyində yaradıcılıq sahəsi üzrə fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində mövcud vəziyyətin qiymətləndirilməsi və bu sahədə səmərəliliyin artırılmasına həsr olunmuş müşavirə keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri iştirak edib. Müşavirənin keçirilməsində məqsəd məktəbdənkənar təhsil sahəsinin mövcud vəziyyətinin öyrənilməsi, fəaliyyətinin genişləndirilməsinə mane olan səbəblərin aradan qaldırılması, daha çox uşaq və gəncin bu sahəyə cəlb olunmasına şərait yaradılmasını təmin etməkdir. Tədbirdə çıxış edən Firudin Qurbanov məktəbdənkənar təhsil müəssisələrinin qarşısına qoyulan vəzifələrdən danışıb. Nazir müavini bildirib ki, gənc nəslin təlim-tərbiyəsinə göstərilən qayğı təkcə orta təhsil ilə məhdudlaşmayıb, məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti üçün də nümunəvi şəraitin yaradılmasına diqqət artırılıb. Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova cari ilin ilk 6 ayı ərzində görülən işlər barədə məlumat verib, müəssisələrin fəaliyyəti ilə bağlı çıxış edib. A.Həsənova qeyd edib ki, Təhsil Nazirliyinin tabeliyində respublika üzrə 206 yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrin sırasına 82 Uşaq Yaradıcılıq Mərkəzi, 59 Texniki Yaradıcılıq Mərkəzi, 48 Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, 10 Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi, 4 Məktəbdənkənar tərbiyə işi Mərkəzi, 3 Estetik Tərbiyə Mərkəzi daxildir. Bakı şəhəri üzrə 35 yaradıcılıq profilli mərkəz fəaliyyət göstərir ki, bunlardan 7 mərkəz Təhsil Nazirliyinin birbaşa tabeliyindədir. 171 Mərkəz isə rayon təhsil şöbələrinin (idarələrinin) tabeliyindədir. Müəssisə rəhbərləri çıxış edərək maddi-texniki bazanın yaxşılaşdırılması, normativ-hüquqi aktların yenidən işlənib hazırlanması, kadr potensialının artırılması və digər məsələrlə bağlı təkliflər səsləndiriblər. Məruzələrdən sonra müzakirələr ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Təhsil Şəbəkəsi genişlənir

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın Fəaliyyət Planına uyğun olaraq, 2016-cı ilin yanvar-iyun ayları ərzində ölkə üzrə 54 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub. İndiyədək ATŞ-ə qoşulmuş 2351 təhsil müəssisəsi yüksək sürətli internetlə təmin olunub, onların şəbəkə daxilində bir-biri və Təhsil Nazirliyinin digər qurumları ilə kommunikasiyası yaradılıb. ATŞ ölkədə tədris prosesini daha effektiv qurmağa imkan yaratmaqla yanaşı, məsafədən asılı olmayaraq, təhsildə müsbət təcrübənin yayılmasını da təmin edir. Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də ATŞ vasitəsilə müvafiq elektron resurslardan istifadə edə bilirlər. ATŞ-də istifadə edilən “Websens” proqramının internet filtrasiya sistemi vasitəsilə məktəblilər üçün zərərli hesab edilən veb-saytlara giriş məhdudlaşdırılıb. Onu da qeyd edək ki, 2016-cı ilin yanvar-iyun ayları ərzində tədris ocaqlarının İKT avadanlıqları ilə təmin olunması məqsədilə ölkə üzrə təhsil müəssisələrinə 500 ədəd noutbuk və 755 ədəd proyektor verilib.

UNEC regionun iqtisadyönümlü universitetləri arasında 4-cü yerə yüksəlib

Dünya üzrə nüfuzlu QS reytinq agentliyinin inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə sıralaması açıqlanıb. Reytinq 9 indikator üzrə regionun 30 ölkəsinin 500-dən çox universiteti arasında aparılıb. Reytinqin nəticələrinə əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilk dəfə olaraq inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya Universitetlərinin reytinqində sırf iqtisadyönümlü 4-cü universiteti olmaqla, regionun ən yaxşı 200 universiteti arasında qərarlaşıb. İndikatorlar  akademik reputasiya, məqalə üzrə sitat sayı, işəgötürənlərin reputasiyası, müəllim-tələbə nisbəti, elmi dərəcəsi olan müəllimlərin sayı, əcnəbi müəllimlərin sayının yerli müəllimlərin sayına olan nisbəti, əcnəbi tələbə sayının yerli tələbələrə olan nisbəti, veb təsir, məqalə sayının müəllim sayına olan nisbəti indikatorları üzrə qiymətləndirilib. Akademik reputasiya indikatoru üzrə göstəricilər ali təhsil müəssisələrinə öz akademik fəaliyyətlərinin mövcud vəziyyətini təhlil etmək imkanı verir. Bu zaman dünya üzrə rəy verənlərin cavabları əsas götürülür. Qiymətləndirmə zamanı bu il 77000-dən çox rəy toplanıb. Reytinqdə 30 faiz olmaqla  ən böyük çəkiyə malik akademik reputasiya indikatoru üzrə UNEC-in əldə etdiyi qiymətləndirmə 39,4 baldır. UNEC-in veb təsir indikatoru üzrə reytinqdə internet resursların effektivliyi 52,6 balla qiymətləndirilib. Bu indikator üzrə universitetlərin yeni texnologiyalardan səmərəli istifadəsi qiymətləndirilir. Universitetin dünya və yerli işgüzar dairələrdə artan nüfuzunun göstəricisi olaraq müxtəlif  biznes qurumlarının rəhbər və nümayəndələrinin  verdiyi səsvermə əsasında  yekun balı 22,2 olub. Digər indikator olan müəllim və tələbə sayı nisbəti indikatoru üzrə UNEC 22,1 bal toplayıb. Müəllim sayına düşən məqalələrin orta  sayının göstəricisi  1,1 olub ki, bu da Azərbaycan ali təhsil müəsissələri arasında ikinci ən yaxşı göstəricidir. Elmi dərəcəsi olan müəllimlərin sayı indikatoru üzrə də UNEC irəliləyiş əldə edib. Universitetə son iki ildə qəbul olunan elmi dərəcəsi olan  müəllimlərin sayı reytinqdə UNEC-in  irəliləməsində müsbət rol oynayıb. Belə ki, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri olan müəllimlərin sayının ümumi müəllimlərin sayına olan nisbəti  55,9 faiz təşkil edib ki, bu da UNEC-ə 10,4 bal qazandırıb. Əcnəbi müəllimlərin sayının yerli müəllimlərin sayına olan nisbəti indikatoru üzrə alınan bal 10,8,  əcnəbi tələbə sayının  yerli tələbələrin sayına olan nisbəti indikatoru üzrə isə toplanan bal 4,9 olub. Beləliklə, akademik və tədris fəaliyyəti, kadr potensialının artırılması və işəgötürənlər arasında beynəlxalq və milli səviyyədə artan nüfuzun nəticəsi olaraq, UNEC bütün indikatorlar üzrə yüksək qiymətləndirilərək, dünya səviyyəli QS reytinq agentliyinin inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə sıralamasında ilk dəfə ən yaxşı 200 universitet sırasına yüksəlib. Qeyd edək ki, bu il QS reytinq agentliyinin inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə sıralanmasında Azərbaycandan 6 ali təhsil müəssisəsi (Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti və “ADA” Universiteti) iştirak edib. Həmin ali məktəblərin adı ən yaxşı 200 universitet sırasına daxil edilib. “Quacquarelli Symonds LTD” (QS) dünya üzrə ali təhsil müəssisələrinin reytinqini 2004-cü ildən etibarən aparır. Reytinqdə inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu, Braziliya, Rusiya, Hindistan,  Çin və Cənubi Afrika ölkələri, Asiya, Latın Amerikası və Ərəbistan üzrə  ali təhsil müəssisələrinin sıralaması əksini tapır.  

Təhsil naziri Lənkəran şəhərində vətəndaşları qəbul edib

İyunun 20-də təhsil naziri Mikayıl Cabbarov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərini qəbul edib. Qəbuldan əvvəl təhsil naziri Mikayıl Cabbarov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı, əmək müqaviləsinin uzadılması, təhsil krediti, ikinci ali təhsil və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbula gələn vətəndaşların müraciətləri dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.

Ailə tipli kiçik qrup evi istifadəyə verilib

İyunun 20-də Lənkəran şəhərində oğlanlar üçün 2 nömrəli Ailə tipli kiçik qrup evinin açılış mərasimi keçirilib. Mərasimdə təhsil naziri Mikayıl Cabbarov və Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak ediblər. Əvvəlcə qonaqlar Ailə tipli kiçik qrup evinin şəraiti və imkanları ilə tanış olublar. Mərasim iştirakçılarına məlumat verilib ki,  ümumi sahəsi 1040 kvadratmetr olan kiçik qrup evində qonaq otağı, inzibati otaqlar və 12 yataq otağı var. Videomüşahidə, yanğın əleyhinə siqnalizasiya və istilik sistemləri quraşdırılıb, internet və telefon xətləri çəkilib. 2 nömrəli Ailə tipli kiçik qrup evinə yerləşdirilmək üçün dövlət uşaq müəssisələrindəki valideyn himayəsindən məhrum, tam kimsəsiz 12 nəfər oğlan uşağı seçilib. Qrup evində kimsəsiz uşaqlar 18 yaşadək qayğı ilə əhatə olunacaq. 18 yaşdan sonra təhsillərini davam etdirəcəkləri təqdirdə onların kiçik qrup evində yaşamasına icazə veriləcək. Kiçik qrup evində yaşayan məktəbyaşlı uşaqlar evə yaxın ərazidə yerləşən ümumi təhsil müəssisələrində təhsil alacaqlar. Dövlət uşaq müəssisəsindən fərqli olaraq, kiçik qrup evində uşaqların ayrıca yataq otaqları, fərdi əşyaları və yazı masaları var. Burada yaşayan uşaqların tərbiyəsi ilə növbəlilik qaydasında sosial işçilər (tərbiyəçi) məşğul olur. Beynəlxalq təcrübədə uğurlu model hesab edilən Ailə tipli kiçik qrup evində uşaqlara ev şəraitində yaşamaq imkanı yaradılır. Azərbaycanda Türkiyə modeli tətbiq olunduğundan oğlanlar və qızlar üçün ayrı-ayrılıqda kiçik qrup evləri yaradılır. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqların ev şəraitində yaşamaq hüququnu təmin etmək məqsədilə 2013-cü ildə Bakı şəhərində 10 nəfər qız uşağı üçün 1 nömrəli Ailə tipli kiçik qrup evi yaradılıb.

“Ədəbiyyat biliciləri” müsabiqəsinin qalibləri mükafatlandırılıb

İyunun 18-də “Ədəbiyyat biliciləri” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Təhsil Nazirliyinin əməkdaşları, müsabiqənin Təşkilat Komitəsinin və münsiflər heyətinin üzvləri, müsabiqə qalibləri iştirak ediblər. Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki,  ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən “Ədəbiyyat biliciləri” müsabiqəsi Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən təşkil olunub. Nazir müavini müsabiqənin şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirmək baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.  Çıxış edənlər ilk dəfə keçirilən bu müsabiqənin davamlı olacağına, şagirdlərin ədəbiyyata marağının daha da artacağına ümidvar olduqlarını vurğulayıblar.   Qeyd edək ki, təhsil nazirinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrinə əsasən təşkil olunmuş “Ədəbiyyat biliciləri” müsabiqəsi 3 mərhələdən ibarətdir. Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 25 minə yaxın şagird iştirak edib. Onların arasından fərqlənən 4 037 nəfər şagird rayon (şəhər) mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi mart ayında yekunlaşıb və 93 şagird ölkə mərhələsinə çıxıb. Qaydalara görə, bu mərhələdə iştirakçılar 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı yazılı cavablandırıblar. Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən qiymətləndirilib. Müsabiqənin nəticələrinə görə, 5 nəfər birinci, 10 nəfər ikinci, 15 nəfər üçüncü yerə layiq görülüb. Qaliblər diplom, tərifnamə və qiymətli hədiyyələrlə təltif olunublar. 

“Sərhəd” hərbi-idman oyununun qalibləri mükafatlandırılıb

Dövlət Sərhəd Xidmətinin Akademiyasında “Sərhəd” hərbi-idman oyunu qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Dövlət Sərhəd Xidməti, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə hər il keçirilən “Sərhəd” hərbi-idman oyununun əsas məqsədi gənc nəsli Vətənə, dövlət sərhədinə hömət ruhunda tərbiyə etmək, yaradıcı, düşünən, sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaq, həmçinin məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə, onların ordu sıralarında xidmətə hazırlanmasına köməklik göstərməkdən ibarətdir. Tədbirdə iştirak edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Dövlət Sərhəd Xidməti rəisinin müavini Azad Ələkbərоv və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov qalib komandaları təbrik edərək, “Sərhəd” hərbi-idman оyunlarının gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rоl оynadığını vurğulayıblar. Qeyd edək ki, oyunların nəticələrinə əsasən, I yeri Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbin “Ləkin” komandası, II yeri Zaqatala rayonu Danaçı kənd 1 saylı tam orta məktəbin “Alazan” komandası, III yeri isə Ordubad şəhəri 3 saylı tam orta məktəbin “Gəmiqaya” komandası tutub. Qaliblərə diplom, medal, kubok və qiymətli hədiyyələr təqdim olunub.

SABAH qruplarına qəbul imtahanı

SABAH qruplarına 2016-2017-ci tədris ili üçün tələbə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib. 1750 tələbənin iştirak etdiyi imtahan Azərbaycan Dövlət İqtisad Universiteti və 132-134 nömrəli Təhsil Kompleksində  təşkil olunub. Tələbələr imtahanda ingilis dili və məntiqdən hər biri 50 sual olmaqla, ümumilikdə 100 sualı cavablandırıblar. Nəticələr SABAH qruplarının rəsmi internet səhifəsində (www.sabah.edu.az) yerləşdiriləcəkdir. İmtahanın nəticələrinə əsasən, hər bir ixtisas üzrə yüksək bal toplayan tələbələr müsahibəyə buraxılacaq. Müsabiqədən uğurla keçən tələbələr təhsillərini II kursdan ixtisaslarına uyğun olaraq, SABAH qruplarının yaradıldığı baza ali təhsil müəssisələrində davam etdirəcəklər. Qeyd edək ki, SABAH qruplarına daxil olmaq üçün ərizə qəbulu may ayının 7-dən 25-dək aparılıb. Bu müddət ərzində 45 ixtisas üzrə 2229 tələbə elektron qaydada qeydiyyatdan keçib. Müraciət etmiş namizədlərdən 2067 nəfərin ərizəsi müsbət qiymətləndirilərək, imtahan mərhələsinə buraxılıb. Xatırladaq ki, 2014-2015-ci tədris ilindən etibarən yaradılmış, hazırda 11 ali təhsil müəssisəsini və 1600-dən çox tələbəni əhatə edən, tələbələrə daha üstün təhsil və inkişaf imkanları verən SABAH layihəsi ali təhsil sistemində ən aparıcı layihələrdəndir.

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə test imtahanları başlayıb

İyunun 16-da respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları başlayıb. Müsabiqədə iştirak üçün müraciət edən şəxslərdən 2107 nəfəri test imtahanı mərhələsinə dəvət olunub. Namizədlərə ixtisaslarına uyğun olaraq, ümumi təhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika və təlim strategiyaları üzrə 10, məntiq üzrə 10 sual olmaqla, ümumilikdə 60 sual təqdim edilir. İmtahan bitdikdən sonra ekranda namizədin topladığı bal əks olunur. Qeyd edək ki, vakant yerlərin seçimi test imtahanı nəticəsində zəruri keçid balını toplamış namizədlər tərəfindən aparılacaqdır. İki gün davam edən test imtahanı iyunun 17-də başa catacaq.

Azərbaycan nümayəndə heyəti Koreyada səfərdədir

İyunun 14-də Koreyanın paytaxtı Seul şəhərində Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclası keçirilib. İclasda ölkəmiz Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə müəyyən edilmiş, Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Təhsil nazirinin müavini Firudin Qurbanov sessiyanın iclasında çıxış edərək, ölkələrimiz və xalqlarımız arasındakı ümumi oxşarlığın əlaqələrimizin inkişafında mühüm rol oynadığını bildirib. F.Qurbanov qeyd edib ki, digər istiqamətlərlə yanaşı, təhsil sahəsində də əlaqələrimiz inkişaf yolundadır: “Azərbaycan və Koreya dilləri ölkələrimizin nüfuzlu universitetlərində qarşılıqlı şəkildə tədris olunur, iki dövlətin təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir. “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Koreya Respublikası Təhsil və İnsan Resurslarının İnkişafı Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” ölkələrimizin qarşılıqlı təhsil əlaqələrinin hüquqi bazasını təşkil edir”. İclasdan sonra nazir müavini Koreyada fəaliyyət göstərən “Posco Daewoo Corporation”un meneceri Lee Jong Moo ilə görüşüb. Görüş zamanı L.J.Moo bildirib ki, Bakıda peşə təlim-tədris mərkəzinin yaradılması ilə maraqlanırlar. F.Qurbanovun növbəti görüşü Peşə Təhsili və Təlimi üzrə Koreya Tədqiqat İnstitutunun (KRIVET) nümayəndələri ilə olub. Koreya Respublikası Təhsil və İnsan Resurslarının İnkişafı Nazirliyinin departament müdiri Kim Çohonqun da iştirak etdiyi görüşdə KRIVET-lə bağlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. F.Qurbanov səfər çərçivəsində həmçinin, Koreyada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı