Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri

İyunun 14-də Bakıda yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, millət vəkilləri, rayon təhsil ictimaiyyətinin nümayəndələri, valideynlər və şagirdlər iştirak ediblər. “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra çıxış üçün söz təhsil naziri Mikayıl Cabbarova verilib. Təhsil naziri məzunları XI sinfi uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara yeni-yeni nailiyyətlər arzulayıb. 185 illik tarixə malik olan Şuşa şəhər 1 nömrəli tam orta məktəbinin Azərbaycanın bir çox elm, maarif xadimlərini, hərbi sərkərdələrini yetişdirdiyini bildirən nazir bu məktəbin 150 illik yubileyinin 1982-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hazırda düşmən işğalı altındakı Şuşa şəhərində qeyd edildiyini nəzərə çatdırıb. 1992-ci ildən–Şuşanın işğalından sonra Bakı şəhərində fəaliyyət göstərən məktəb üçün  ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə müasir maddi-texniki bazası olan 1200 şagird yerlik bina inşa olunub. Nazir onu da qeyd edib ki, Azərbaycanın insan kapitalı müasir dövlətçilik fəlsəfəmizin əsas hədəfidir:  “Üstün təhsil mühitinin yaradılması, tədrisin keyfiyyətinin sözün həqiqi mənasında yüksəldilməsi zəruri tələblərdən biridir. Bu isə məktəb rəhbərləri, müəllimlər və valideynlərdən səmərəli əməkdaşlıq tələb edir”. Gənclərin ixtisas seçiminə diqqətlə yanaşmasının vacibliyinə toxunan təhsil naziri deyib ki, zamanın inkişaf sürətini nəzərə almaqla, çevik qərarvermə, hədəfləri doğru seçmək vərdişlərinə sahib olmaq çox əhəmiyyətlidir. Əsas çağırış budur ki, mükəmməl təhsil indi əvvəlki dövrlərdən daha çox lazımdır. Təhsil naziri gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi və onlarda vətəndaşlıq anlayışının formalaşdırılmasının vacib  məsələlərdən biri olduğunu qeyd edib, məzunları bir daha təbrik edib. Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və millət vəkili Bəxtiyar Sadıqov məzunlara xoş arzularını bildiriblər. Sonra məzunlar adından Şuşanın incisi hesab edilən Cıdır Düzünün əks olunduğu rəsm əsəri təhsil naziri Mikayıl Cabbarova təqdim olunub. Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirilib. Tədbirdən sonra qonaqlar məktəblə tanış olublar.

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə test imtahanları

Respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları 16-17 iyun 2016-cı il tarixlərində keçiriləcək. Müsabiqədə iştirak üçün müraciət edən şəxslərdən 2107 nəfəri test imtahanı mərhələsinə dəvət olunub. Müsabiqədə iştirak üçün müraciət edənlər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili müəllimləri üstünlük təşkil edir. İmtahanların keçirilmə yeri və tarixi barədə əlavə məlumat imtahan iştirakçılarının şəxsi səhifələrinə göndərilib.

“Vətən” Futbol Məktəbinin komandası çempion olub

Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən XII “Sabahın Ulduzları” paytaxt çempionatı qaliblərinin təltifetmə mərasimi olub. Təltifetmə mərasimində "İnter" Peşəkar İdman Klubunun prezidenti Rəşad Qasımov, Bakı Futbol Federasiyasının vitse-prezidenti Mahir Süleymanov, “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin tədris hissə müdiri Arif Həsənov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar. Sonra çempionatın qalibi olan “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin 2006-cı il təvəllüdlü futbolçulardan ibarət komandası kubok və medallarla təltif olunub.

Bu il XI sinif üzrə 88 591 şagird məzun olub

2015-2016-cı tədris ilində respublikanın ümumi təhsil məktəblərinin IX siniflərini 110 222, XI siniflərini 88 591 nəfər şagird bitirib. Paytaxtın ümumi təhsil müəssisələrində bu il IX sinif üzrə 26 614, XI sinif üzrə isə 20 052 şagird məzun olub. 2016-2017-ci tədris ilində respublika üzrə I sinfə 164 033 şagirdin qəbul olunacağı proqnozlaşdırılır. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumi təhsil məktəbinin Nümunəvi Nizamna­məsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumi təhsil məktəblərində dərs məşğələləri iyunun 14-də başa çatıb. “Son zəng” tədbiri haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmrinə (http://edu.gov.az/az/page/451/12615) əsasən, 2016-cı ildə respublikanın ümumi təhsil məktəblərində “Son zəng" tədbirləri keçirilir. Hər il olduğu kimi, bu il də “Son zəng" tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla, bilavasitə ümumi təhsil məktəblərində təşkil edilir. “Son zəng” tədbirlərində valideyn komitələrinin, valideyn-müəllim assosiasiyalarının və  ictimaiyyət nümayəndələri də iştirak edir. Məzunları təbrik edir, gələcək həyatlarında və təhsillərində uğurlar arzulayırıq!

160 nömrəli Klassik Gimnaziyada “Son zəng” tədbiri keçirilib

İyunun 13-də Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyada “Son zəng” tədbiri keçirilib. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. “Son zəng” tədbiri dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının üç rəngli bayrağı və gimnaziyanın bayrağı  mərasim keçirilən əraziyə gətirilib. Gimnaziyanin direktoru Faina Ələkbərova şagirdlərin yerli və beynəlxalq olimpiadalarda əldə etdikləri uğurlarından danışıb. F. Ələkbərova bildirib ki,  160 saylı Klassik Gimnaziyada 2300-dən artıq  şagird təhsil alır. Onlardan 130 nəfər bu il məzun adını qazanır. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov “Son zəng” münasibəti ilə məzunları təbrik edib, onlara gələcək həyatlarında uğur və nailiyyətlər arzulayıb. Məzunların həyatında yeni mərhələnin açıldığını deyən Ceyhun Bayramov onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə atılan bütün addımlarda təmsil olunacaqlarına əminliyini vurğulayıb. Mərasim gimnaziya şagirdlərinin hazırladıqları “Son zəng” ədəbi-bədii kompozisiya ilə davam etdirilib. Sabail rayonu 160 nömrəli tam orta məktəb 1943-cü ildən fəaliyyət göstərir.Məktəbin binası 1908-ci ildə inşa edilib. 2006-ci ildən məktəb 160 nömrəli Klassik Gimnaziya – yüksək səviyyəli dövlət ümümtəhsil müəssisəsi kimi fəaliyyətini davam etdirir. Hazırda 69 sinifdə 30-a yaxın millətin nümayəndəsi olmaqla 2300-dən artıq şagird Azərbaycan və rus dillərində iki tam növbədə təhsil alır. 2008 və 2013-cü illərdə gimnaziya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “İlin ən yaxşı ümümtəhsil məktəb” adına layiq görülüb. Qeyd edək ki, Təhsil Nazirliyinin razılığı ilə paytaxtın bəzi ümumi təhsil məktəblərində "Son zəng" tədbiri iyunun 13-də keçirilir. Buna səbəb Bakı şəhərində keçiriləcək "Formula-1” Avropa Qran-prisi ilə əlaqədar  iyunun 14-dən etibarən Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinin tamamilə məhdudlaşdırılmasıdır.  

2015-2016-cı tədris ilinin təhsil xronikası

Təhsil Nazirliyi 2015-2016-cı tədris ilində təhsil sistemində müasir idarəetmə modelinin tətbiqi, keyfiyyətin yüksəldilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, şəffaflığın təmin edilməsi və digər müvafiq istiqamətlər üzrə həyata keçirilmiş islahatlar və tədbirlərin qısa xülasəsini ictimaiyyətə təqdim edir.   • Prezident İlham Əliyevin “2015-2016-cı tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” sərəncama uyğun olaraq, qəbul imtahanlarında yüksək nəticələr göstərmiş tələbələrə Prezident təqaüdü təyin edilib. • Prezident İlham Əliyevin sərəncamı ilə 5 oktyabr–Beynəlxalq Müəllimlər Günü ərəfəsində bir qrup təhsil işçisinə “Əməkdar müəllim” fəxri adı verilib. • Ölkə Prezidentinin sərəncamı ilə 5 oktyabr–Beynəlxalq Müəllimlər Günü ərəfəsində bir qrup təhsil işçisi “Tərəqqi” medalı ilə təltif edilib. • Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulub. • Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində müvəffəqiyyət qazanmış 50 ümumtəhsil məktəbinin hər biri 10 000 (on min), “Ən yaxşı müəllim” müsabiqəsində qalib gəlmiş 100  müəllimin hər biri isə 5 000 (beş min) manat birdəfəlik pul mükafatı ilə mükafatlandırılıb. • Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb. • Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlər 2016-cı il fevralın 1-dən 10 faiz artırılıb. • Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, ölkəmizdə təhsil, səhiyyə və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə bir qrup qadın fəxri adlara layiq görülüb. • Prezident İlham Əliyevin imzaladığı fərmana uyğun olaraq, Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiq olunub. • Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 2016-cı il aprelin 1-dən orta hesabla 10 faiz artırılıb. • “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmana uyğun olaraq, ilk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə yeni qurum yaradılıb. • Prezident İlham Əliyev Bilik günündə Bakının Sabunçu rayonundakı 148 nömrəli tam orta məktəbdə yenidənqurma və əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub. • Prezident İlham Əliyev Kürdəmir rayon Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəbinin açılışında iştirak edib. • Prezident İlham Əliyev Şəki rayon Qoxmuq kənd tam orta məktəbinin istifadəyə verilməsi mərasimində iştirak edib. • İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının təntənəli açılış mərasimi olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib. •  Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki 4 nömrəli respublika xüsusi internat məktəbinin yenidənqurmadan sonra açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib. • Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Şüvəlan qəsəbəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib. • 2015-2016-cı tədris ilində “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində daha 52 “Sağlam təhsil” sinfi yaradılıb. Hazırda Bakıda 33, Sumqayıtda 1 ümumtəhsil məktəbi olmaqla, ümumilikdə 34 təhsil ocağında 67 “Sağlam təhsil” sinfi fəaliyyət göstərir. Həmin siniflərdən 15-i ötən tədris ilində yaradılıb. • 2015-2016-cı tədris ilinə ümumtəhsil məktəblərinin  IV, VI və VIII sinifləri üçün 141 adda 4095370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. O cümlədən, kurikulum ilk dəfə tətbiq olunan VIII siniflər üçün 70 adda dərslik və müəllim üçün metodik vəsait çap edilib və məktəblərə paylanıb. • Təhsil naziri Mikayıl Cabbarov YUNESKO-nun Baş Konfransının 38-ci sessiyası çərçivəsində təhsil nazirlərinin yüksək səviyyəli görüşündə iştirak edib. Mikayıl Cabbarovun çıxışında səsləndirdiyi “Təhsilsiz uşaq itirilmiş uşaq, itirilmiş uşaq isə itirilmiş gələcəkdir” fikri müasir təhsilin qarşısında duran əsas çağırış kimi YUNESKO-nun “Tvitter” səhifəsində yerləşdirilib. • Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) bu təhsil müəssisəsi ilə Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) arasında imzalanmış memorandum çərçivəsində yaradılmış Maliyyə laboratoriyası istifadəyə verilib. • Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin (RETTM) təşəbbüsü ilə Quba rayonunda məktəblilərin ilk yay ekoloji məktəbi - təhsil düşərgəsi təşkil olunub. ADİU-nun təhsil-idman istirahət kompleksində ilk dəfə təşkil olunmuş yay ekoloji məktəbində təbiəti mühafizə təşkilatlarının və gənc təbiətçilər klublarının ən fəal üzvü olan 8-14 yaşlı 30 məktəbli iştirak edib. •  Pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində “Gələcəyin müəllimi” təqaüdü verilib. Bununla da “Gələcəyin müəllimi” təqaüdü alan tələbələrin sayı 600 nəfərə çatıb. Bu il müəllimlik ixtisasını seçən abituriyentlərin orta balı 16 bal artaraq 364, onların arasında 500 və daha yuxarı bal toplayan abituriyentlərin sayı əvvəlki ildən 37 faiz çox olub. • İtaliyanın Milan şəhərində Azərbaycan-İtaliya Universitetlərarası Forum keçirilib. Forumun məqsədi Azərbaycan və İtaliya ali təhsil müəssisələri arasında mövcud əlaqələri genişləndirmək, yeni əlaqələr qurmaq, aktual mövzuları müzakirə etmək, təcrübə mübadiləsi və birgə proqramlar həyata keçirmək imkanlarını dəyərləndirməkdən ibarətdir. • Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 9-cu Azərbaycan Beynəlxalq “Təhsil” və “Karyera” sərgiləri keçirilib. • Bakı şəhərinin ümumi təhsil müəssisələrində çalışan, əvvəllər sınaq imtahanlarında iştirak etməyən və iştirak edib aşağı bal toplayan, eləcə də Təhsil Nazirliyinin mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq, ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib. • Fransanın Müluz şəhərindəki Yuxarı Elzas Universitetində Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrasının açılışı olub. • Tələbələr arasında "Heydər Əliyev və Azərbaycan tarixi" adlı II ümumrespublika bilik yarışı keçirilib. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, ulu öndərin irsinin yaşadılması və gənc nəsil arasında təbliği məqsədinə xidmət edir. • Təhsil Nazirliyi və Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin birgə təşkilatçılığı ilə “Bayraq yürüşü” keçirilib. Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil Nazirliyinin əməkdaşları, universitet rektorları, millət vəkilləri, tanınmış ziyalılar, müəllimlər, KİV rəhbərləri, QHT nümayəndələri, ölkəmizin ümumi təhsil, məktəbdənkənar, ilk peşə, orta ixtisas və ali təhsil müəssisələrinin şagird və tələbələri iştirak ediblər. • Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2015-ci il tarixli sərəncamı ilə “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamında dəyişikliklər edilib. Sərəncama müvafiq olaraq, ali və orta ixtisas təhsil müəssisələrində əyani formada təhsil alan tələbələrə ödənişsiz və ya ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, təqaüdlər ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə ödənilir. Bu sənəd Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına müvafiq olaraq, tələbələrə dövlət qayğısını artırmağa, onlarda təhsilə marağı stimullaşdırmağa, təhsilin keyfiyyətini yüksəltmək üçün təhsilalanlar arasında rəqabət mühitini yaratmağa və gənclərin sosial müdafiəsini daha da gücləndirməyə xidmət edir. • Azərbaycan-Rusiya Universitetlərarası Forumu keçirilib. Forumda Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyası yaradılıb və hər iki ölkənin universitetləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə dair memorandum imzalanıb. • Müəllimlərin Diaqnostik Qiymətləndirməsində Gəncə, Sumqayıt, Şirvan şəhərlərinin və Xaçmaz, Masallı, Cəlilabad, Hacıqabul, Sabirabad, İmişli, Saatlı, Abşeron, Qubadlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 26 000-ə qədər müəllim iştirak edib. İmtahanlar proqram təminatı əsasında kompüterlər vasitəsilə keçirilib. Diaqnostik qiymətləndirmə Azərbaycan Respublikası Prezidentinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncamına və təhsil nazirinin müvafiq əmrinə əsasən aparılıb. • Azərbaycanın 12 şəhər və rayonu üzrə diaqnostik qiymətləndirmədən keçən 25 431 müəllimin (qiymətləndirmədə iştirak edən müəllimlərin 99 faizi) əməkhaqqısı artırılıb. Müəllimlərin dərs yükünə, pedaqoji fəaliyyət üzrə stajına, ali və ya orta ixtisas təhsilli olmasına, sinif rəhbəri və fəxri adının olub-olmamasına və digər bir neçə meyara uyğun olaraq, əməkhaqları 30-40 faiz artırılıb. • Təhsil Nazirliyinin təşkilatçılığı ilə 2-ci SABAH Forumu keçirilib. Forumun əsas məqsədi SABAH qruplarında təhsil alan tələbələrlə birgə müzakirələrin aparılması, onların intellektual və yaradıcılıq potensialının inkişafına dəstək, tələbələr arasında fəal dialoq mühitinin yaradılmasıdır. • Təhsil Nazirliyi tərəfindən Məktəb İcmaları Layihəsinə start verilib. Şagird, valideyn və müəllimlərin birliyindən ibarət olan Məktəb İcmaları məktəb həyatını birlikdə daha yaxşı etmək üçün yaradılıb. • Lerik rayonu Anbu kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. • Azərbaycan Tələbə Könüllülərinin I Forumu keçirilib.Həmçinin, forumda “BİR” Tələbə-Könüllü Proqramının təqdimatı olub. İştirakçılara proqramın məqsədi, istiqamətləri və imkanları barədə ətraflı məlumat verilib. • “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində son qəbul ili olan 2015-2016-cı tədris ili üzrə, bununla da ümumilikdə, Dövlət Proqramı üzrə tələbələrin seçimi başa çatıb. Dövlət Proqramının müvəffəqiyyətlə başa çatmış sonuncu qəbul ilində 373 nəfər tələbənin adı təqaüdçülər siyahısına daxil edilib. 2015-2016-cı tədris ili üzrə müsabiqədə də üstünlük bakalavriatdan sonrakı təhsil səviyyələrinə verilib və 176 nəfər magistratura, 25 nəfər doktorantura, 70 nəfər rezidentura, 102 nəfəri isə baza ali tibb və bakalavriat təhsil səviyyələrində təhsil almaq hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil alması üçün Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumları və ali təhsil müəssisələri mütəxəssislərinin iştirakı ilə seçimlər aparılıb və ümumilikdə 3558 nəfər təhsil almaq hüququ qazanıb. Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada, Niderland Krallığı tələbələrin təhsil almaq üçün ən çox seçdikləri ilk 5 ölkə olub. Magistratura təhsil səviyyəsində daha çox tələbə təhsil almaq hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində azərbaycanlı tələbələr Harvard Universiteti, Kembric Universiteti, Oksford Universiteti, London İmperial Kolleci, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Orta Doğu Texniki Universiteti, Toronto Universiteti, Nanyanq Texnologiya Universiteti, Kyoto Universiteti və digər belə yüksək nüfuzlu ali təhsil müəssisələrində təhsil alır. İndiyədək Dövlət Proqramı çərçivəsində müvafiq məzun qeydiyyatından 1294 nəfər keçib. Təhsillərini yüksək akademik göstəricilərlə tamamlamış məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir. Dövlət Proqramı çərçivəsində təhsil almış tələbələrin dövlət qulluğuna qəbul imtahanlarının birbaşa müsahibə mərhələsinə buraxılması isə əldə olunan bilik və səriştənin dövlət idarəetməsi üçün istifadə olunmasına geniş şərait yaradır. Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində sonuncu təhsilalanın (tibb təhsilinin rezidentura səviyyəsi üzrə) 2021-ci ildə məzun olması gözlənilir. • Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilənin imzalanıb. Əməkdaşlıq müqaviləsinə əsasən, Azərbaycanın 40 ali təhsil müəssisəsi Təhsil Nazirliyinin sifarişi əsasında dünyada məşhur elmi istinad indeksi olan “Thomson Reuters Web of Science” platformasına çıxış əldə etmək imkanı qazanıb. “Thomson Reuters” öz arxivi ilə yanaşı, yeni çap olunan jurnalları da Azərbaycan alimlərinin ixtiyarına verir. Təsadüfi deyil ki, təhsil müəssisələrində çalışan alimlərin istinad indeksli jurnallarda dərc olunan məqalələrinin sayı artmaqdadır. Təhsil müəssisələrində çalışan alimlərin impakt-faktorlu jurnallarda 2011-ci ildə 242 məqaləsi, 2014-cü ildə 300 məqaləsi, 2015-ci ildə isə 604 məqaləsi dərc edilib. • Zaqatala rayonunun Yengiyan kənd tam orta məktəbi istifadəyə verilib. • Astara rayonunun Artupa kənd tam orta məktəbi istifadəyə verilib. • Şəki rayonunun Qaratorpaq kənd tam orta məktəbi istifadəyə verilib. • Şamaxı rayonunun Şərədil kənd tam orta məktəbi istifadəyə verilib. • Təhsil naziri Mikayıl Cabbarovun “Elmdən Təhsilə” adlı məqsədli proqramla bağlı irəli sürdüyü təşəbbüsə uyğun olaraq, AMEA-da çalışan tanınmış alimlər ümumi təhsil müəssisələrində dərslər tədris ediblər. • Bakı şəhəri Qaradağ rayonu Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib. • Təhsil Nazirliyi tanınmış alimlərin iştirakı ilə “Novruz mühazirələri”ni reallaşdırıb. Mühazirələrdə elm və təhsilin müxtəlif sahələri ilə bağlı fərqli yanaşmalar ortaya qoyulub, iştirakçıları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb. • Təhsil Nazirliyinin “Facebook” səhifəsində 14-29 yanvar 2016-cı il tarixlərində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı suallar cavablandırılıb. • Təhsil Nazirliyi tərəfindən 15-19 fevral 2016-cı il tarixlərində nazirliyin “Facebook” səhifəsində tələbə təqaüdlərinə edilən dəyişikliklərlə bağlı suallara cavab verilib. “Facebook” səhifəsinə daxil olmuş 300-ə yaxın sual şərhlər vasitəsilə operativ cavablandırılıb, tələbələri, ali təhsil müəssisələrinin müvafiq əməkdaşlarını, valideynləri maraqlandıran məsələlərə aydınlıq gətirilib. • Təhsil Nazirliyi yeni dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə start verib. Çapa verilməzdən öncə, dərslik layihələri www.e-resurs.edu.az saytının əsas səhifəsinə yerləşdirilir. Rəy, təklif və iradları xüsusi ayrılmış sahəyə yazmaqla, yaxud derslik@edu.gov.az elektron poçtuna göndərməklə bildirmək olar. • Təhsil Nazirliyinə və tabe qurumlara müraciət edən vətəndaşların vəzifəli şəxslər tərəfindən qəbulunun asanlaşdırılması, qəbula yazılma prosesinin təkmilləşdirilməsi, müraciətlərə baxılmasının sürətləndirilməsi və keyfiyyətinin yüksəldilməsi, eyni zamanda məlumatların ümumiləşdirilməsi üçün Vahid Qəbul Portalı yaradılıb. Qəbul Portalının yaradılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi haqqında” fərmanından və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin artırılması məqsədlərinə xidmət edir. Bu portal vasitəsilə Təhsil Nazirliyinin daxilində və tabeliyində olan qurumlarda vətəndaşların qəbullara yazılması, yönləndirilməsi, prosesin müşahidəsi, SMS göndəriş sistemi vasitəsilə qəbulun keçirilmə vaxtı barədə məlumatlandırılması və vətəndaş məmnunluğunun öyrənilməsi təşkil edilir. Portala daxil olan müraciətlərin statistikası aparılaraq təhlil edilir və toplanan statistik məlumatlar əsasında müvafiq hesabatlar hazırlanır. • Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Startap məktəbi fəaliyyətə başlayıb. Bu, yaradıcı gənclərin öz ideyalarını layihələndirib kommersiya yönümlü biznes strukturuna çevirə bilməsi məqsədlərinə xidmət edir. • Təhsil Nazirliyi  ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrlar üçün təlimlər təşkil edib. Gəncə şəhəri, Göygöl, Samux, Goranboy  və Daşkəsən rayonları üzrə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri əhatə edən təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını yetişdirmək və təkmilləşdirməkdir. • Təhsil Nazirliyi və “Caspian European Club”un (Caspian Business Club) birgə təşkilatçılığı ilə biznes-forum keçirilib. Biznes-forumda təhsil sahəsində islahatlar və inkişaf perspektivləri, Təhsil Nazirliyi ilə biznes nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin biznes və dövlət qurumları arasında aktiv dialoqun təşkili üzrə məsələlər müzakirə olunub. • Təhsil Nazirliyi məktəb direktorlarının işə qəbulu prosesinə başlayıb. Ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə yeni qaydalara əsasən, ümumi təhsil müəssisələrinin vakant olan direktor vəzifələrinin tutulması üçün Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə keçirilib. • Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2016"da təhsil müəssisələrinin əməkdaşları və idmançıları Namiq Əsədov, Tural Sadıqlı, Elman Abışov, Raidə Aslanova, Rəqsanə Rəcəbli, Lalə Pirumova yüksək nəticə göstəriblər. • Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib. • Təhsil naziri Mikayıl Cabbarovun rəhbərlik  etdiyi Azərbaycan nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Elmi və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMSTECH) Baş Assambleyasının Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində keçirilən 15-ci görüşündə iştirak edib. Tədbirdə Azərbaycanın COMSTECH Baş Assambleyasının cari görüşünün sədr müavinlərindən biri seçilib. • Təhsil Nazirliyi və Asan Radio “ASAN məktəb” layihəsinə start verib. Layihənin məqsədi vətəndaşlara təhsildə baş verən yeniliklər barədə məlumat vermək və təhsilin bütün sahələri ilə bağlı dinləyicilərin suallarının Təhsil Nazirliyinin məsul əməkdaşları tərəfindən cavablandırılmasını təmin etməkdən ibarətdir. • 2015-2016-cı tədris ilində 58 məktəbdə 176 sinif komplektində təxminən 3700 nəfərə yaxın şagird X sinifdə təmayüllər üzrə tədrisə cəlb olunub. 2016-2017-ci tədris ilindən ölkənin 5 şəhər və  36 rayonu üzrə 124 məktəbdə təhsil təmayüllər üzrə təşkil olunacaq. • ABŞ-ın Arizona ştatının Finiks şəhərində InteI ISEF – Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində azərbaycanlı məktəblilər –Nərmin Aydarova və Arzu Məmmədova fizika, materialşünaslıq kateqoriyası üzrə IV yerə, Nigar və Mədət Sərdarlılar isə Qətərin Elm və İşlətmələr Fondunun xüsusi mükafatına layiq görülüblər. • Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Vətən tarixi” seminarlarına start verilib. “Vətən tarixi” seminarlarının məqsədi müasir Azərbaycanın tarixi gerçəkliklərinin və ölkənin taleyində mühüm rol oynayan proseslərin interaktiv müzakirəsini, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması istiqamətində həyata keçirilən tədbirlərin davamlı xarakter daşımasını təmin etməkdən və bununla əlaqədar pedaqoji kollektivlərin fəaliyyətini gücləndirməkdən ibarətdir. • Təhsil Nazirliyi tərəfindən 8 interaktiv və 20-dən artıq informativ elektron xidmət göstərilir. • Təhsil naziri Mikayıl Cabbarov 2015-2016-cı tədris ili ərzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 300-ə yaxın vətəndaşı qəbul edib. Müraciətlərin əksər hissəsi yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb. • Təhsil Nazirliyinə vətəndaşlar tərəfindən 11 352 müraciət, müxtəlif qurumlardan 6 072 məktub və 11 096 elektron müraciət (15.09.2015-06.06.2016) daxil olub. • Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti-146)  99 981 zəng daxil olub (15.09.2015-06.06.2016). • Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzində 20 282 vətəndaşa xidmət göstərilib (15.09.2015-06.06.2016). • Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 4 365 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Həmçinin, vəzifəli şəxslərin qəbuluna yazılmaq üçün elektron poçt vasitəsilə 762 müraciət daxil olub və onlara müvafiq cavablar verilib. • 2015-2016-cı tədris ilində Təhsil Nazirliyi tərəfindən 12 ümumi təhsil məktəbi tikilib istifadəyə verilib,  2 internat, 3 orta ixtisas təhsili müəssisəsi əsaslı təmir edilib. • Hazırda 18 müəssisədə tikinti və əsaslı təmir işləri davam etməkdədir. Təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının təkmilləşdirilməsi tədbirləri çərçivəsində 60 məktəbdə müasir laboratoriya otaqları yaradılıb. • Təhsil Nazirliyi KİV-lə daha səmərəli münasibətlərin qurulması məqsədilə KİV-in suallarının elektron poçt vasitəsilə qəbulu və operativ cavablandırılması ənənəsini 2015-2016-cı tədris ilində də davam etdirib. • KİV nümayəndələrinin iştirakı ilə müntəzəm olaraq «Dəyirmi masa»lar, seminar, mətbuat konfransı və brifinqlər keçirilib, jurnalistlərin təhsil müəssisələrinə mediaturları təşkil olunub. • “Media və təhsil dialoqu” mövzusunda təşkil edilmiş təlim konfranslarında ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin və  media qurumlarının rəhbərləri, tanınmış təhsil ekspertləri,  jurnalistlər iştirak ediblər. • “Təhsil” televiziyasında “Təməl”, “Həftənin sualı”, “Dərsdənkənar”, “Təhsil gündəliyi”, "Xususi reportaj" layihələri çərçivəsində çəkilən verilişlərin Təhsil Nazirliyinin internet resurslarında və xəbər portallarında yayılması təmin olunub. • “Məktəb direktorunun bir iş günü” layihəsi çərçivəsində öncül ümumi təhsil müəssisələri rəhbərlərinin tanıdılması davam etdirilir. • “Uğur formulu” layihəsi çərçivəsində Xaricdə Təhsil Dövlət Proqramı üzrə təhsil alan tələbələrin və məzunların geniş ictimaiyyətə tanıdılması istiqamətindəki işlər davam etdirilir.   Qeyd olunanlar 2015-2016-cı tədris ilində təhsil sahəsində həyata keçirilmiş çoxsaylı tədbir və layihələrin bir qismidir. Ölkə Prezidenti cənab İlham Əliyevin bu vacib sahəyə diqqəti nəticəsində daha uğurlu inkişafa zəmin yaradılıb. Əminik ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan tədbirlər növbəti ildə daha müvəffəqiyyətlə həyata keçiriləcəkdir.

Məktəblilər arasında breyn-rinq yarışları keçirilib

Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsinin birgə əməkdaşlığı ilə “Ekoerudit” məktəblilərin Respublika ekoloji breyn-rinq bilik yarışları keçirilib. Final yarışında breyn-rinqin zona mərhələsinin qalibləri - Bakı, Gəncə, Sumqayıt, Şirvan şəhər, Xaçmaz, Neftçala və İsmayıllı rayonlarının orta məktəblərinin komandaları öz biliklərini sınayıblar. 2009-cu ildən etibarən ənənəvi olaraq keçirilən breyn-rinq yarışlarının zona mərhələsi bu ilin may ayında Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Lənkəran, Quba və İsmayıllıda ümumi təhsil müəssisələrinin şagirdləri, ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin dərnək üzvləri arasında keçirilib. 600-dən artıq məktəbli ekologiya elminin müxtəlif sahələrini əhatə edən “Ekologiyanın əsasları”, “Bioloji müxtəlifliyin qorunması”, “Ekoloji təhlükəsizlik”, “Xəzərin ekologiyası”, “Meşələrin davamlı istifadəsi və qorunması”, “Alternativ enerji mənbələri”, “Qlobal ekoloji problemlər” və digər mövzular üzrə ekoloji biliklərini nümayiş etdiriblər. Breyn-rinqin keçirilməsində əsas məqsəd məktəblilərin ekoloji biliklərinin artırılması, onlarda ekoloji dünyagörüşün, ətraf mühitə məsuliyyətli münasibətin və ekoloji mədəniyyətin formalaşdırılmasıdır. Bilik yarışının əsas vəzifəsi məktəblilərdə ekologiya elminə maraq və həvəs oyatmaq, ekoloji problemlərin həllində fəal həyat mövqeyi, təbiətə qayğıkeş və humanist münasibəti formalaşdırmaq, təbii ehtiyatların davamlı istifadəsinə dair bilik və bacarıqları inkişaf etdirməkdən ibarətdir. Bilik yarışının Respublika mərhələsinin qaliblərinə təşkilatçılar tərəfindən  diplomlar və qiymətli hədiyyələr təqdim olunub. Məktəblilərin iştirakı ilə “Eko-Park”ın ərazisində bioloji müxtəlifliklə tanışlıq, yaşıl fidanların dibçəklərə əkilməsi, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya təşkil edilib.

“Dostluq körpüsü” adlı festival keçirilir

Azərbaycan, Moldova Türkiyə və Gürcüstan xalqları arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədilə “Dostluq körpüsü” adlı Uşaqların və Gənclərin Beynəlxalq Folklor-Rəqs Festivalı keçirilir. Quba Uşaq Yaradıcılıq Mərkəzində 10-15 iyun tarixlərində keçirilən festivala ümumilikdə 426 iştirakçı  qatılıb. Bunlardan 219-u qonaq, 207-si isə yerli iştirakçılardır. Festivalın ilk günü qonaqlar Bakı və Quba şəhərlərində rəqs festivalında iştirak ediblər. Qeyd edək ki, Quba Rayon Uşaq Yaradıcılıq Mərkəzi  2011-ci ildən ənənəvi olaraq Rusiya, Bolqarıstan, Gürcüstan və Türkiyə Respublikalarının dəvəti ilə bir çox Beynəlxalq festival və müsabiqələrdə uğurla iştirak edərək mükafatlara layiq görülüblər.  Bu müsabiqələr çərçivəsində mərkəzin dərnək üzvləri Azərbaycanın adət və ənənələri ilə bağlı təqdimatlar ediblər. Festivala olan marağı nəzərə alaraq Gürcüstan, Türkiyə və Moldova Respublikaları Azərbaycana dəvət olunublar.  Festivalın əsas məqsədi  ölkələrin  mədəniyyətlərini nümayiş etdirmək və rəqs kollektivlərinin dostluq bağlantılarının daha da möhkəmlənməsinə vasitəçi olmaqdır.

“Uşaqlar gələcəyimizin sığortasıdır” layihəsi başa çatıb

Təhsil Nazirliyinin və “Community.az”ın dəstəyi, AXA MBASK sığorta şirkətinin təşəbbüsü ilə “Məktəb icmaları” layihəsi çərçivəsində keçirilən “Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə yekun vurulub. Aprel ayından etibarən başlanmış layihə üçün “Məktəb icmaları”nın rəsmi saytında (www.community.az) müxtəlif mövzular üzrə təlimlər çərçivəsində müəllim, valideyn və şagirdlər arasında sorğu keçirilib. Sorğunun nəticələrinə əsasən, “Atam, anam və mən: bir-birimizi necə başa düşə bilərik?” və “Uşaqlarda davranış problemləri”  adlı aktual mövzular seçilib. Həmin mövzulara uyğun olaraq, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində təlimlər keçirilib. Təlimlərdə 2000-dən çox valideyn, şagird və müəllim iştirak edib. Layihənin və təlimlərin əsas məqsədi valideynlərlə uşaqlar arasında effektiv ünsiyyət bacarıqlarının artırılması, aqressivlik, həyəcanlılıq, yalan danışma və digər davranış problemlərinin aradan qaldırılması, uşaqların fərdi xüsusiyyətlərindən asılı olaraq düzgün tərbiyə üsullarının və konstruktiv qarşılıqlı təsiretmə yollarının açıqlanmasıdır. Təlimlər “Community.az” məktəb icma layihəsinin təşviq təşkilatının peşəkar psixoloqları tərəfindən keçirilib. Qeyd edək ki, “Məktəb icmaları”nın əsas məqsədi şagirdlər, valideynlər və müəllimlər arasında ünsiyyət mühitini təmin etməklə, hər bir uşağın hərtərəfli inkişafı üçün şərait yaratmaq, tədrisin səmərəliyini artırmaqdan ibarətdir. Sığorta üzrə dünya lideri AXA Qrupunun bir hissəsi olan AXA MBASK belə layihələrin uşaq və gənclərin hərtərəfli dünyagörüşə malik vətəndaş kimi yetişdirilməsinə xidmət edəcəyinə ümid bəsləyir.

Təhsil Nazirliyi və “Microsoft” Korporasiyası İT sahəsi üzrə təhsil alan tələbələri iş mühitinə hazırlayır

İyunun 9-da Təhsil Nazirliyində “İT üzrə Təcrübə Proqramı” layihəsi çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrinin SABAH qruplarında informasiya texnologiyaları sahəsində təhsil alan tələbələrə təcrübə toplamaq imkanını yaradacaq 50-yə yaxın şirkətin və Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə görüş keçirilib. Layihənin əsas məqsədi tələbələri İT sahəsinin iş tələblərinə uyğun hazırlamaq, o cümlədən onların təcrübə proqramları ilə təmin olunması üçün yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq yaratmaqdır. Layihənin icrası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, SABAH layihəsinin İcra Komitəsi və “Microsoft” Azərbaycan şirkətinin birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək. SABAH qruplarında İT sahəsində təhsil alan, II və III kurs tələbələri “Microsoft” korporasiyası tərəfindən hazırlanmış təlim məzmunu ilə təmin ediləcək, sertifikat almaq üçün beynəlxalq səviyyədə tanınmış Microsoft Technology Associate (MTA) imtahanına cəlb olunacaqlar. Eyni zamanda tələbələrə imtahan öncəsi “Microsoft” texnologiyaları üzrə sertifikatlaşdırılmış yerli mütəxəssislər tərəfindən müvafiq məsləhət xidmətləri göstəriləcək. İmtahan zamanı yüksək nəticə əldə edən tələbələrə ali təhsil müəssisələrində və təlimlər zamanı öyrəndikləri bacarıqları iş mühitində tətbiq etmələri üçün tərəfdaş şirkətlərdə təcrübə toplama imkanları yaradılacaq. Sözügedən layihəyə SABAH qrupunun tələbələrinin cəlb olunması məqsədilə 25-27 may tarixlərdə Azərbaycan Texniki Universitetində təqdimat mərasimi keçirilib. Təqdimatda SABAH qruplarının 100-dən çox tələbəsi iştirak edib. Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən yaradılmış, hazırda 11 ali təhsil müəssisəsini və 1600-dən çox tələbəni əhatə edən SABAH layihəsinin əsas məqsədi, ali təhsil sahəsində davamlı, uzunmüddətli, hərtərəfli və əhatəli keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün zəruri mühitin yaradılmasıdır.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı