Təhsil Nazirliyində kollegiya iclası
Sentyabrın 2-də Təhsil Nazirliyində ali təhsilə həsr olunmuş kollegiya iclası keçirilib. Tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər. Kollegiya iclasında nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinin 2016-2017-ci tədris ili üzrə ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələrinin təhlili, təhsil müəssisələrində təhsil haqqının ödənilməsi, tələbə köçürülmələri, ali təhsil müəssisələri ictimaiyyətlə əlaqələr müstəvisində mövzuları üzrə məruzələri dinlənilib. Daha sonra Azərbaycan Texnologiya Universitetinin 2015-2016-cı tədris ilindəki fəaliyyətinə və Azərbaycan-Fransız Universiteti layihəsi üzrə görülən işlərin cari vəziyyətinə dair hesabatlar dinlənilib. Kollegiya iclasında gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb. Təhsil naziri Mikayıl Cabbarov kollegiya iclasında çıxış edərək məruzə olunan mövzularla bağlı fikirlərini bildirib. Nazir son üç ildə ali təhsil müəssisələrinə tələbə qəbulunun kəmiyyət və keyfiyyət göstəricilərindən söz açıb, habelə təhsilalanların ölkədaxilində və xaricdə yerləşən bir ali təhsil müəssisəsindən, yaxud bir ixtisasdan digərinə köçürülməsi məqsədilə istifadəyə verilən elektron portalın (https://transfer.edu.az) əhəmiyyətini vurğulayıb. İclasın sonunda bir sıra cari təşkilati məsələlər müzakirə olunmuş, Bakı Slavyan Universitetində aparılan təmir işlərinə zəruri nəzarətin təmin edilməyərək qanunvericiliyin tələblərinin və icra intizamının pozulmasına görə həmin təhsil müəssisəsinin rektoru N.Əliyevaya ciddi xəbərdarlıq elan edilmişdir.
02/09/2016 19:02
Təhsil Nazirliyində yeni seçilmiş məktəb direktorlarının iştirakı ilə müşavirə
Sentyabrın 1-də Təhsil Nazirliyində işə yeni qəbul edilmiş məktəb direktorlarının iştirakı ilə müşavirə keçirilib. Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov qeyd edib ki, məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydalara uyğun olaraq, 4 mərhələdən ibarət müsabiqə keçirilib. Əvvəlcədən müəyyənləşdirilmiş 597 vakant yerə 2260 nəfər müraciət edib. İmtahanda iştirak edən 1591 nəfərdən 516-sı müsahibə mərhələsinə buraxılıb. Onlardan 208 nəfəri ölkənin şəhər və rayonlarındakı vakant məktəb direktoru vəzifəsinə işə qəbul olunub. Təhsil naziri Mikayıl Cabbarov işə yeni qəbul edilmiş məktəb direktorlarını təbrik edib, onların qarşısında duran vəzifələrə toxunub. Nazir bildirib ki, minlərlə gənc ölkənin təhsil müəssisələrində təhsil almaqla yanaşı, xarici ali təhsil müəssisələrində də dövlət hesabına təhsil almaq hüququ əldə edib. Bütün bu nailiyyətlərin və qarşıda duran çağırışların kökü məktəbdən başlayır: “İstənilən şəxsin, fərdin formalaşması, milli dəyərlərin daşıyıcısı olması, öz uğurunu fərd olaraq deyil, uğurlu bir dövlətin, cəmiyyətin uğuru kimi görmək imkanı məktəbdə olan mühitdən, təhsil imkanından asılıdır. Məktəbdə isə bu mühitin yaradıcısı məktəb direktorudur. Müəllimlərin işə yanaşması, məktəb-valideyn münasibətləri məktəb direktorlarının fəaliyyətindən asılıdır. Təhsilin nəticələri yalnız məktəblərdən və burada fəaliyyət göstərən peşəkarlardan asılı deyil. Burada ailənin rolu da müstəsnadır”. Təhsil naziri şəffaf rəqabət əsasında seçilmiş məktəb direktorlarını üzərlərinə düşən məsuliyyəti layiqincə dəyərləndirməyə, rəhbərlik etdikləri təhsil müəssisələrinin inkişafı naminə var gücləri ilə çalışmağa səsləyib və onlara uğurlar arzulayıb.
01/09/2016 17:08
Avqust ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 23 891 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin avqust ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə 23 891 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 18 746 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 17,2 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çox, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çox) qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 5 145 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 587 sənəd (1 013 ərizə, 491 məktub, 83 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul, tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunma ilə bağlı məsələləri əhatə edib. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (4 233 zəng) və çərşənbə axşamı (4 002 zəng) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (1 335 müraciət) və çərşənbə axşamı (1 126 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.
01/09/2016 16:40
Torpaq və meşələrin dayanıqlı idarə olunmasına dair ekoloji tədbir
BMT İnkişaf Proqramının Qlobal Ekoloji Fondu və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Böyük Qafqaz Landşaftında Torpaq və meşələrin dayanıqlı idarə olunması” və “İqlim dəyişikliklərinə ekosistem əsaslı yanaşma” layihələri çərçivəsində “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin və Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin birgə əməkdaşlığı ilə İsmayıllı rayonunda əhalinin və gənclərin ekoloji maarifləndirmə tədbirləri keçirilib. Layihənin əsas məqsədi xüsusi maarifləndirmə proqramının vasitəsilə Böyük Qafqaz landşaftında torpaq və meşələrin dayanıqlı idarə olunması və meşələrin qorunmasına ictimaiyyətin diqqətinin artırılmasından ibarətdir. İsmayıllı Rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində keçirilən üçgünlük təlim proqramları əhalinin, o cümlədən gənc nəslin meşələrin davamlı idarə olunması, meşə ekosisteminin, flora və faunanın mühafizəsi sahəsində ekoloji biliklərinin artırılmasına şərait yaradıb. Həmçinin, tədbir çərçivəsində Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının ekspertlərinin dəstəyi ilə ekoloji yönümlü idman növlərinin və yaşıl turizmin inkişafında meşələrin cəlbediciliyi, meşədə təhlükəsizlik mövzusunda, eləcə də uşaqlar üçün səmti müəyyənetmənin əsasları ilə bağlı təlim keçirilib, labirint yarışı təşkil olunub.
31/08/2016 15:43
“ICMSEM 2016” beynəlxalq konfransının açılış mərasimi keçirilib
Avqustun 31-də “ICMSEM 2016” 10-cu beynəlxalq konfransın açılış mərasimi keçirilib. İkigünlük “İdarəetmə elmi və mühəndislik idarəetməsi” (“ICMSEM 2016”) konfransına dünyanın 10-dan çox ölkəsindən akademik səviyyədə nümayəndələr qatılıb. Tədbir iştirakçılarını salamlayan akademik Asəf Hacıyev konfransın işinə uğurlar arzulayıb. Konfransın açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın prezidenti Akif Əlizadə, Beynəlxalq İdarəetmə Elmi və Mühəndislik İdarəetməsi Cəmiyyətinin prezidenti Jupinq Xu, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxış edərək, cəmiyyətin inkişafında elmin və təhsilin mühüm rolundan danışıb, müvafiq mövzu ilə bağlı fikirlərini bölüşüblər. Konfransın təşkilatçıları Elm və Mühəndislik İdarəetməsi Beynəlxalq Cəmiyyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Çinin Siçuan Universitetidir. Azərbaycan alimlərinin konfransa təqdim olunan məqalələri nüfuzlu “Springer” məlumat bazasına yerləşdirilib və dərc edilib. Qeyd edək ki, “ICMSEM 2016” beynəlxalq konfransı 2007-ci ildən etibarən hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il MDB məkanında ilk dəfə olaraq, konfransa Azərbaycan ev sahibliyi edir. Sentyabrın 1-də konfrans öz işini davam etdirəcək.
31/08/2016 14:45
Tələbələr üçün “Bir” Könüllülük Akademiyası
“Bir” Tələbə-Könüllü Proqramı çərçivəsində 2-7 sentyabr tarixlərində Şəki şəhərində tələbələr üçün “Bir” Könüllülük Akademiyası təşkil olunacaq. Akademiya tələbələr arasında könüllülük fəlsəfəsi və dəyərlərinin təbliği, könüllülük standartlarının tətbiqi və lider könüllülərin yetişdirilməsi məqsədilə keçiriləcək. Tədbirdə Bakı, Sumqayıt, Gəncə, Şəki və Lənkəran şəhərlərində fəaliyyət göstərən 18 ali təhsil müəssisəsindən ilkin müsahibə və xüsusi məntiq testi nəticəsində seçilmiş 60 nəfər tələbə iştirak edəcək. Akademiyanın proqramı təlim-tədris və mədəni-idman proqramı olmaqla, iki hissədən ibarət olacaq.
31/08/2016 14:05
Müəllimlər üçün əlavə yerləşdirmə
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən və bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər üçün əlavə yerləşdirmə aparılacaq. 3-5 sentyabr 2016-cı il tarixlərində müvafiq namizədlər şəxsi səhifələrinə daxil olmaqla, təklif edilən vakant yerləri seçə biləcəklər. Əlavə yerləşdirmədə əvvəlki seçim zamanı tutulmamış 1558 yer və müsabiqə başa çatandan sonra yaranan yeni vakansiyalar elan ediləcəkdir. Əlavə yerləşdirmə başa çatdıqdan sonra vakant yeri tutmaq hüququ əldə edən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Qeyd olunan mərhələdən uğurla keçən namizədlər müəllim adını qazanacaqlar.
31/08/2016 12:38
“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminə başlanılır
2016-2017-ci tədris ili üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə əlavə ixtisas seçimi 1-6 sentyabr 2016-cı il tarixlərində həyata keçiriləcək. Dövlət vəsaiti hesabına ilk peşə-ixtisas təhsili almaq istəyənlər Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər. Əlavə ixtisas seçimində I mərhələdə iştirak etməyən namizədlərin də müraciət etməsinə imkan yaradılacaq. 11-26 avqust 2016-cı il tarixlərində keçirilən ilk mərhələ üzrə 3245 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. Qeyd edək ki, “ASAN peşə” layihəsi Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində pilot olaraq reallaşdırılır. “ASAN peşə” layihəsi vətəndaşların rahatlığının təmin olunması, Təhsil Nazirliyi–“ASAN xidmət” əməkdaşlığının səmərəliliyinin artırılması və ilk peşə-ixtisas təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində subyektiv amillərin aradan qaldırılması məqsədlərinə xidmət edir.
31/08/2016 12:00
Avqustun 31-də “ICMSEM 2016” beynəlxalq konfransı işə başlayacaq
31 avqust-1 sentyabr tarixlərində keçiriləcək “İdarəetmə elmi və mühəndislik idarəetməsi” (“ICMSEM 2016”) 10-cu konfransda dünyanın 10-dan çox ölkəsindən akademik səviyyədə təmsilçilik nəzərdə tutulur. Konfransın açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın prezidenti Akif Əlizadə, eləcə də Azərbaycan və dünyanın bir sıra digər ölkələrinin nüfuzlu alimləri iştirak edəcək. Konfransın təşkilatçıları Elm və Mühəndislik İdarəetməsi Beynəlxalq Cəmiyyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Çinin Siçuan Universitetidir. Azərbaycan alimlərinin konfransa təqdim olunan məqalələri nüfuzlu “Springer” məlumat bazasına yerləşdirilib və dərc edilib. Qeyd edək ki, “ICMSEM 2016” beynəlxalq konfransı 2007-ci ildən etibarən hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il MDB məkanında ilk dəfə olaraq, konfransa Azərbaycan ev sahibliyi edəcək.
30/08/2016 14:54
Təhsil naziri Naftalanda vətəndaşları qəbul edib
Avqustun 29-da təhsil naziri Mikayıl Cabbarov Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində Göygöl, Samux, Daşkəsən, Goranboy rayon, Naftalan və Gəncə şəhər sakinlərini qəbul edib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, keçirilən qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı, əmək müqaviləsinin uzadılması, təhsil krediti, ikinci ali təhsil və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda 98 nəfər vətəndaşın müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.
29/08/2016 17:51
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı