Bakı Qida Sənayesi Kollecinin ərazisinə müdaxilə faktı aşkar edilib
Bakı şəhəri Nizami rayonunda yerləşən Bakı Qida Sənayesi Kollecinin ərazisinə müdaxilə faktı aşkar edilib. Kollecin ərazisindəki futbol meydançasının üzərində “İnteks MMC” şirkəti tərəfindən yeni yaşayış kompleksinin inşaat işlərinə başlanılıb. Bununla əlaqədar təhsil müəssisəsinin binasının zirzəmisində və bəzi sinif otaqlarında çatlar yaranıb. Tikinti işlərinə cəlb olunan texnikanın kollecin tədris binasına çox yaxın olması, özül üçün qazıntı işlərinin aparılması binanın möhkəmliyinə zərər yetirib. Aparılan tikinti işləri tədris prosesinin gedişinə ciddi maneə törətməklə yanaşı kollecin pedaqoji və tələbə kontingentinin həyat və sağlamlığı üçün təhlükə törədir. Bakı Qida Sənayesi Kollecinin direktoru Anar Mayılov səhlənkarlıq göstərərək kollecin ərazisinə müdaxilənin qarşısının alınması üçün lazımı tədbirlər görməmişdir. Yol verdiyi nöqsanlara görə A.Mayılov təhsil nazirinin müvafiq əmri ilə 23 sentyabr 2016-cı il tarixində tutduğu vəzifədən azad edilmişdir. Qeyd olunan ərazidə tikinti işlərinin dərhal dayandırılması barədə aidiyyəti dövlət qurumlarının qarşısında məsələ qaldırılmışdır. Təhsil müəssisələrinin ərazilərinin zəbt olunmasına cəhd edənlər birmənalı şəkildə qəbul etməlidir ki, bu cür hərəkətlərlə təhsilalanların Konistitusiya hüquqlarının pozulmasına səbəb olurlar. Təhsil müəssisələrinin ərazilərinin zəbt olunması hallarına qarşı Azərbaycan Respublikası qanunvericiliyi çərçivəsində ciddi mübarizə tədbirləri davam etdiriləcəkdir.
28/09/2016 11:38
İsveçdə “Nizami” layihəsi ilə bağlı seminar keçirilir
İsveçin Upsala Universitetində “Azərbaycanda doktorantura təhsilinin vahid Avropa Ali Təhsil Məkanının standartlarına uyğunlaşdırılması və strukturlaşdırılması” (“Nizami") layihəsinin ikinci seminarı keçirilir. Seminarın əsas məqsədi bir il ərzində görülən işlərin müzakirəsi və gələcək fəaliyyət planının müəyyənləşdirilməsidir.Seminarda layihənin tərəfdaşları olan Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası, Azərbaycanın 9 və Avropanın 4 ali təhsil müəssisəsindən nümayəndələr iştirak edib. Tədbirdə Təhsil Nazirliyini Elm, ali və orta ixtisas təhsili şöbəsinin əməkdaşları Sülhəddin Gözəlov və Vüsalə Qurbanova təmsil edir. Seminarın birinci günü Təhsil Nazirliyinin əməkdaşları Azərbaycanda doktorantura təhsilinin yaradılması, təşkili qaydaları və mövcud vəziyyəti ilə bağlı təqdimatla çıxış ediblər. Tədbirdə həmçinin Avropada doktorantura təhsilinin təşkili qaydaları müzakirə olunub və Azərbaycanın doktorantura təhsili ilə müqayisə edilib. Doktorantura təhsilinin beynəlmiləlləşməsi və Avropa standartlarına uyğunlaşdırılması ilə bağlı Avropa və Azərbaycan tərəfdaşlarının təqdimatları dinlənilib. Seminar sentyabrın 29-dək davam edəcək. Qeyd edək ki, 2015-ci ilin dekabrından etibarən Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı – Nizami” layihəsi fəaliyyətə başlayıb. Layihənin baş əlaqələndiricisi Fransanın Monpelye Universitetidir.
27/09/2016 17:56
Bakıda X Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçiriləcək
7-9 oktyabr 2016-cı il tarixində Bakı Ekspo Mərkəzində Azərbaycanın təhsil sahəsi üzrə yeganə sərgi - Təhsil Nazirliyinin rəsmi dəstəyi və iştirakı ilə təşkil olunan 10-cu Yubiley Beynəlxalq Təhsil Sərgisi öz işinə başlayacaq. Bu il Təhsil Sərgisində Azərbaycan, Almaniya, Latviya, Litva, Polşa, Macarıstan və digər ölkələrin ali təhsil müəssisəsi, kollec və digər təhsil qurumlarının nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış edəcəklər. Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavriat, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və MBA proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunacaq. Ziyarətçilər sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, qəbula daha yaxşı hazırlıq, sənəd qəbulu müddəti, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı qazanacaqlar. Sərgidə ali təhsil müəssisələrinin reytinq və ixtisaslaşmalarını, habelə digər məsələləri öyrənmək mümkün olacaq. Təhsil Sərgisinə giriş 9-11-ci sinif şagirdləri, eləcə də onların valideynləri, habelə abituriyentlər, tələbələr, məktəb direktorları, ali məktəb rektorları, təsərrüfat işləri üzrə prorektorlar və təhsil sahəsinin digər peşəkarları üçün açıq olacaq. Sərgidə iştirak etmək istəyənlər elektron qaydada (http://eduexpo.az/2016/?p=visitors_fast_register) qeydiyyatdan keçə bilərlər. Sərginin keçiriləcəyi günlərdə ziyarətçiləri metronun “Koroğlu” stansiyasından sərgi mərkəzinə və geriyə (ödənişsiz) daşıyacaq xüsusi avtobuslar təşkil olunacaq. Sərgi haqqında http://eduexpo.az/2016/ saytından daha ətraflı məlumat əldə edə bilərsiniz.
27/09/2016 16:41
“Məktəblinin dostu” pilot layihəsi üzrə imtahanlara başlanılır
Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəblinin dostu” pilot layihəsi üzrə imtahanların test mərhələsinə başlanılır. İmtahan iki qrup olmaqla oktyabrın 2-də Azərbaycan Memarlıq və İnşaat Universitetində keçiriləcək. Layihədə iştirak etmək üçün 810 nəfər qeydiyyatdan keçib. Bir saat yarım davam edəcək imtahanda namizədlərə ümumi və psixoloji olmaqla 50 sual təqdim ediləcək. Namizədlərin əsasən, Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti, məntiqi düşünmə qabiliyyəti sahələri üzrə bilikləri yoxlanılacaq. Seçilən namizədlər müsahibə mərhələsinə buraxılacaq. Seçimlərdə ictimai fəaliyyətdə aktiv iştirak edən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə yiyələnən namizədlərə üstünlük veriləcək. Müsahibədən uğurla keçən namizədlər təlimə cəlb olunacaqlar. Təlimin sonunda qiymətləndirmə nəticələrinə əsasən seçilmiş namizədlər “Məktəblinin dostu” təyin ediləcəklər. “Məktəblinin dostu”nun əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılması olacaq. Bununla yanaşı, “Məktəblinin dostu” seçilən şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak etməlidirlər. Layihə ilk mərhələdə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçiriləcək. Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
27/09/2016 15:06
Prezident İlham Əliyev Sumqayıtda Şahmat Məktəbinin açılışında iştirak edib.
Dövlət başçısı əvvəlcə Şahmat Məktəbinin binasının rəmzi açılışını bildirən lenti kəsdi. Azərbaycan Prezidentinə məlumat verildi ki, tikintisinə ötən ilin dekabrında başlanılan ikimərtəbəli binanın sahəsi min kvadratmetrdir. Məktəb yeni və müasir avadanlıqla təmin olunub. Burada 25 qrupda ümumilikdə 550-600 şagird idmanın qədim növü olan şahmatın sirlərini öyrənir. Şagirdlərlə 25 müəllim məşğul olur. Prezident İlham Əliyev Şahmat Məktəbində yaradılan şəraitlə tanış oldu. www.president.az
27/09/2016 12:48
Yeni dərs ili foto yaddaşda
27/09/2016 11:13
Mikayıl Cabbarov “Rio-2016”da uğur qazanmış idmançılarla görüşüb
Sentyabrın 24-də təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən idman məktəblərinin yetirmələri olan “Rio-2016” Yay Olimpiya və Paralimpiya Oyunlarında uğur qazanmış idmançılarla görüşüb. Görüş iştirakçılarını təbrik edən Mikayıl Cabbarov bildirib ki, XXXI Yay Olimpiya Oyunları Azərbaycan olimpiya yığması üçün uğurlu olub. “Rio-2016”da Azərbaycan komandası 1 qızıl, 7 gümüş və 10 bürünc olmaqla, ümumilikdə 18 medal qazanıb. Həmçinin, XV Yay Paralimpiya Oyunlarında Azərbaycan yığması 1 qızıl, 8 gümüş və 2 bürünc medal qazanıb. Nazir qeyd edib ki, ölkəmizin idman şərəfini layiqincə təmsil edərək bu oyunlarda ən yüksək nailiyyət qazanmış idmançıların 3 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələridir. Mikayıl Cabbarov son 13 il ərzində ölkəmizdə 3 mindən artıq məktəb tikildiyini və bu məktəblərdə yaradılan idman infrastrukturundan səmərəli istifadənin əsas məqsədlərdən biri olduğunu vurğulayıb. Görüşdə iştirak edən “Rio-2016 “Yay Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçıları, “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının yetirməsi Toğrul Əsgərov, Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Abşeron Rayon Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Hacı Əliyev, “Rio-2016” Paralimpiya Oyunlarının qızıl mükafatçısı, Gəncə şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Ramil Qasımov dəvət üçün təşəkkür ediblər və gələcək idman uğurlarına imza atmaq üçün bundan sonra var qüvvə ilə çalışacaqlarını bildiriblər. Görüşün sonunda təhsil naziri idmançılara təşəkkürnamə və hədiyyələr təqdim edib.
24/09/2016 14:04
Təhsil naziri Zərdab şəhərində vətəndaşları qəbul edib
Sentyabrın 23-də təhsil naziri Mikayıl Cabbarov Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərini qəbul edib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, keçirilən qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda 42 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.
23/09/2016 17:08
Elektron dərslik portalına yeni dərsliklər əlavə olunub
Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az elektron dərslik portalında yerləşdirilən elektron kitabların sayı 143-dən 156-ya çatdırılıb. Portala əlavə olunan elektron kitablar Azərbaycan və rus bölmələri üzrə 5-ci sinif “Həyat bilgisi” və 9-cu sinif “Biologiya”, “Coğrafiya”, “İnformatika”, “Təsviri incəsənət”, “Fizika”, “Ümumi tarix” dərslikləridir. Növbəti aylarda digər siniflər üzrə dərslik və müəllim üçün metodiki vəsaitlərin hazırlanıb portal yerləşdirilməsi davam etdiriləcəkdir. Qeyd edək ki, elektron dərsliklər portalında indiyə qədər 93 342 nəfər qeydiyyatdan keçib. Bu müddət ərzində elektron dərslik və müəllim metodiki vəsaitləri 1 052 000 dəfədən çox istifadə olunub. Portala gündəlik 2500-4000 arası istifadəçi daxil olur. 2016-cı ilin ilk 9 ayında elektron dərslik portalından 285 808 nəfər faydalanıb. Bu rəqəm ötən illə müqayisədə 3 dəfə çoxdur. Belə ki, 2015-ci ilin 9 ayında portaldan cəmi 91 968 nəfər yararlanıb. 2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq və onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. İstifadəçilər portalda olan müəllim üçün metodiki vəsaitləri seçmək üçün əlavə olunmuş filtrdən istifadə edə bilərlər.
23/09/2016 15:03
İçərişəhərdə “Qız qalası” festivalı keçilib
İçərişəhərdə uşaqlar üçün “Qız qalası” festivalı keçirilib. Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, Uşaq Yaradıcılıq Mərkəzlərinin rəhbərləri, şagirdlər iştirak ediblər. İki gün davam edən festivalda yaradıcılıq mərkəzlərindən və internat məktəblərindən 30-a yaxın şagirdin milli və müasir üslubda işlənmiş rəsm əsərləri nümayiş olunub. Mərasimin sonunda iştirakçılar diplom və hədiyyələrlə təltif olunub. Qeyd edək ki, festival Heydər Əliyev Fondunun təşkilatçılığı ilə VII “Qız qalası” Beynəlxalq incəsənət festivalı çərçivəsində keçirilib. “Qız qalası” Beynəlxalq incəsənət festivalı 2010-cu ildən keçirilir. Layihənin məqsədi 2000-ci ildə YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və Bakının rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılmasıdır. Festivalda iştirak edən müxtəlif ölkələrin rəssamları Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaradıblar.
23/09/2016 09:51
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı