Təhsil naziri Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkunu qəbul edib
Oktyabrın 3-də təhsil naziri Mikayıl Cabbarov Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkunu diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə qəbul edib. Görüşdə Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri əsasında təhsil sahəsinin inkişafı haqqında danışılıb. Nazir səfirin təhsil əlaqələrinin daha da genişləndirilməsində oynadığı rolu yüksək qiymətləndirib və səfirə öz təşəkkürünü bildirib. Öz növbəsində Alper Coşkun Azərbaycandan xoş təəssüratlarla ayrıldığını qeyd edib, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ona göstərdiyi dəstəyə görə nazir Mikayıl Cabbarova minnətdarlığını bildirib. Sonda nazir səfir Alper Coşquna gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.
04/10/2016 10:16
“Maarifçi” Tələbə Kredit Fondu növbəti elan sessiyasına start verib
“Maarifçi” Tələbə Kredit Fondu təhsil krediti almaq istəyən tələbələr üçün növbəti elan sessiyasına start verib. Bu elan 2016-2017-ci tədris ili üzrə təhsil alan və aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub. Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər. Təhsil kreditlərinin növləri və şərtləri, seçim meyarları və müraciət forması ilə bağlı ətraflı məlumat fondun rəsmi saytında ( www.maarifci.az) qeyd olunub. Bundan əlavə, portalda elektron (onlayn) müraciət pəncərəsi yaradılıb ki, bu da kreditlər üçün müraciət prosesində şəffaflıq və operativliyin təmin olunması məqsədlərinə xidmət edir. Müraciət prosesi, uyğunluq meyarları və tələb olunan sənədlərin siyahısı haqqında məlumatları da portalın müvafiq səhifələrindən rahatlıqla tapmaq mümkündür. Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Qeyd edək ki, birinci elan sessiyasında fondun seçim meyarları çərçivəsində 55 elektron müraciətə baxılıb, meyarlara cavab verən 22 tələbə ilə kredit müqaviləsi imzalanıb. Müraciətlər oktyabrın 31-dək qəbul ediləcək.
04/10/2016 09:49
Təhsil naziri Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşları qəbul edəcək
Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinlərinin nəzərinə! Təhsil naziri Mikayıl Cabbarov 10 oktyabr 2016-cı il tarixində saat 11:00-da Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Olimpiya Kompleksində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinlərini qəbul edəcək. Qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 3, 4, 5, 6, 7 oktyabr 2016-cı il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
03/10/2016 11:45
Sentyabr ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 19 854 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin sentyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə 19 854 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 13 429 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,7 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə çox, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 dəfə çox) qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 6 425 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 876 sənəd (1 079 ərizə, 674 məktub, 123 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu, ümumi təhsil müəssisələrinə uşaqların qəbulu və yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul, tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunma ilə bağlı məsələləri əhatə edib. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin cümə axşamı (3 624 zəng) və cümə (3 414 zəng) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin cümə axşamı (1 592 müraciət) və cümə (1 568 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.
03/10/2016 11:06
Məktəbəhazırlıq qruplarında tədrisə başlanıldı
Oktyabrın 3-də ümumi təhsil məktəblərində 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsilinə başlanılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli qərarına əsasən, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunublar. Dövlət hesabına aparılan məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərir. Məktəbəhazırlıq qruplarında məşğələlər yalnız ibtidai sinif müəllimi ixtisaslı və müəyyən iş təcrübəsinə malik müəllim tərəfindən aparılacaq. Məktəbəhazırlıq qruplarının 2016-2017-ci dərs ilinə aid tədris planına əsasən, məşğələlər həftədə 4 gün(12 saat) keçiriləcək. Bu qruplara bir gün ərzində 3 məşğələ tədris olunacaq. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilib. Məktəbəhazırlıq qruplarında "Ətraf aləmlə tanışlıq", "Savad təliminə hazırlıq və nitq inkişafı", "Bədii təfəkkürün inkişafı", "Məntiqi və riyazi təfəkkürün inkişafı", "Təsviri fəaliyyət", "Musiqi" və "Fiziki mədəniyyət" dərs məşğələləri tədris ediləcək. Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünəcək və məşğələlər mayın 31-də başa çatacaq.
03/10/2016 10:44
“Məktəblinin dostu” pilot layihəsi üzrə imtahanlar keçirilib
Oktyabrın 2-də “Məktəblinin dostu” pilot layihəsi üzrə imtahanların test mərhələsi keçirilib. Bir saat yarım davam edən imtahanda namizədlərə ümumi və psixoloji olmaqla 50 sual təqdim edilib. Namizədlərin əsasən, Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti, məntiqi düşünmə qabiliyyəti sahələri üzrə bilikləri yoxlanılıb. Seçilmiş namizədlər müsahibə mərhələsinə buraxılacaq. Müsahibə mərhələsində ictimai fəaliyyətdə aktiv iştirak edən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə yiyələnən namizədlərə üstünlük veriləcək. Müsahibədən uğurla keçən namizədlər təlimlərə cəlb olunacaqlar. Təlimin sonunda qiymətləndirmə nəticələrinə əsasən seçilmiş namizədlər “Məktəblinin dostu” təyin ediləcəklər. “Məktəblinin dostu”nun əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılması olacaq. Bununla yanaşı, “Məktəblinin dostu” seçilən şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak etməlidirlər. “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Layihə ilk mərhələdə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçiriləcək. Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
03/10/2016 10:02
“Məktəb icmaları” layihəsi çərçivəsində yeni seminar keçiriləcək
Oktyabrın 3-də Təhsil Nazirliyinin təşəbbüsü ilə Community.az portalı “Məktəb İcmaları” layihəsi çərçivəsində “XXI əsrdə uşaqların düzgün tərbiyə edilməsi və sosial şəbəkələrdəki təhlükələrlə mübarizənin yolları” mövzusunda seminar keçirəcək. Seminarın təşkil edilməsində əsas məqsəd valideynlərə uşaq psixologiyası haqqında daha dolğun məlumat vermək, onların ünsiyyət qurmaq bacarığını inkişaf etdirmək, övladlarını sosial şəbəkələrdə yaranan müxtəlif təhlükələrdən qorumaqda yardımçı olmaqdır. Seminarın məruzəçisi Almaniyanın Psixoloqlar Assosiasiyasının üzvü, Berlin şəhəri “Ailə və təhsil” mərkəzinin müşaviri Qalina Heinzelmanndır. Tədbirdə iştirak etmək istəyənlər nigar.aliyeva@community.az elektron ünvanından və yaxud +(99412)3100322; +(99451)6993996 nömrələri ilə əlaqə saxlamaqla qeydiyyatdan keçə bilərlər. Layihə “Access Bank” ASC, “Sağlam Ailə” MMC, “Baker Tilly Azərbaycan” MMC tərəfindən dəstəklənir.
30/09/2016 11:54
“Yollarda ölümsüz bir gün!” mövzusunda maarifləndirici aksiya keçirilib
46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində Azərbaycan Milli Avtomobil Klubu (AMAK) ilə birgə “Yollarda ölümsüz bir gün!” devizi altında maarifləndirici seminar keçirilib. Seminarda ilkin mərhələ üçün seçilən Bakı şəhərinin 5 pilot məktəbinin müəllimləri, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları və AMAK-ın nümayəndələri iştirak edib. Həmin seminarların davamı olaraq maarifləndirici aksiyalar təşkil edilib. Aksiyada DİN Baş DYP İdarəsinin, AMAK-ın əməkdaşları, KİV nümayəndələri, 500-ə yaxın məktəbli iştirak edib. Aksiyanın məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması olub. Aksiyada polis forması geyinən uşaqlar "Təhlükəsizilik kəmərindən istifadə et!", "Dayanma-durma qaydalarına əməl et!", "Piyada, keçiddən istifadə et!" çağırışı ilə hərəkət iştirakçılarını yollarda intizamlı olmağa dəvət ediblər. Uşaqlar yolu təyin olunmayan yerdən keçən piyadaları da saxlayaraq, onlara yol polisi əməkdaşları ilə birgə tövsiyələr veriblər.
29/09/2016 11:06
Məktəb direktoru olmaq istəyənlər üçün növbəti müsabiqə
Təhsil Nazirliyi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə elan edir. Təlimlər yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində (məktəb, lisey və gimnaziyada) işləyən (və ya işləmiş) direktorları, direktor müavinlərini və müəllimləri əhatə edəcək. Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını təkmilləşdirmək və yetişdirməkdir. İştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə məruzələr də təşkil ediləcək. Müsabiqədə ali pedaqoji təhsili olan və 5 (beş) il pedaqoji iş təcrübəsinə malik şəxslər iştirak iştirak edə bilər. Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını (ƏLAVƏ) dolduraraq, oktyabrın 2-dək telim@edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər. Məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə
28/09/2016 17:01
Futbol üzrə respublika birinciliyinin zona mərhələsi başa çatıb
“Təhsil” Respublika İdman Mərkəzinin (RİM) futbol üzrə respublika birinciliyinin zona yarışları keçirilib. Yarış 2003-2004-cü il təvəllüdlü məktəblilər arasında təşkil olunub. Yarışın keçirilməsində əsas məqsəd Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəblərinin futbol bölmələrinin perspektivli futbolçularının aşkar olunması və mərkəzin qeyd olunan təvəllüd üzrə yığma komandasının müəyyən edilməsindən ibarətdir. Zona yarışları Bakı, Sumqayıt, Lənkəran və Gəncə şəhərlərində, Qax və Bərdə rayonlarında təşkil edilib. Maraqlı mübarizə şəraitində keçən yarışda Bakı zonası üzrə “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin (RİOEUGFM) və “Təhsil” RİM-nin İOEUGFM-nin komandaları, Sumqayıt zonası üzrə “Təhsil” RİM-nin Sumqayıt filialının, Sumqayıt 1 nömrəli UGİM-nin komandaları, Lənkəran zonası üzrə Lənkəran UGİM-nin, Astara UGİM-nin komandaları, Gəncə zonası üzrə “Təhsil” RİM-nin Gəncə filialının, Tovuz UGİM-nin komandaları, Qax zonası üzrə Qax UGİM-nin, Ağsu UGİM-nin komandaları, Bərdə zonası üzrə isə Bərdə UGİM-nin və Ağdam UGİM-nin komandaları final mərhələsinə vəsiqə qazanıblar. Final mərhələsi 4-10 oktyabr 2016-cı il tarixlərində Lənkəran şəhərində keçiriləcəkdir.
28/09/2016 15:15
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı