Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Belçika Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib

Noyabrın 10-da təhsil naziri Mikayıl Cabbarov Belçika Krallığının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bert Skufsu qəbul edib. Görüş zamanı iki ölkə arasında təhsil əlaqələrinin mövcud vəziyyəti və bu əlaqələrin möhkəmləndirilməsi üçün gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Ali Təhsil Sammiti öz işinə başlayıb

Noyabrın 10-da Hindistanın Yeni Dehli şəhərində 12-ci Ali Təhsil Sammiti (XII FICCI Higher Education Summit 2016) öz işinə başlayıb. Sammitdə dünyanın 100-dən çox ölkəsindən nümayəndə heyəti iştirak edir. Sammitə Amerika, Avropa, Asiya, Yaxın Şərq, Afrika və digər regionlardan nümayəndələr, universitet rəhbərləri, təhsil bağlı qurumlar qatılıb. Eləcə də tədbirdə dövlət rəsmilərinin, diplomatların, biznes qurumlarının nümayəndələrinin, tələbələrin, tanınmış təhsil ekspertlərinin iştirakı nəzərdə tutulub. Tədbirdə Azərbaycandan Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Bakı Dövlət Universitetinin prorektoru İradə Əliyeva və 5 nömrəli Bakı Peşə Liseyinin əməkdaşı Bahar Əsgərova iştirak edir. Sammitdə qloballaşan dünyada ali təhsilin inkişaf istiqamətləri, elm, ali təhsil və sənaye əlaqələrinin yeni səviyyədə qurulması yolları müzakirə edilir. Sammit noyabrın 12-də başa çatacaq.

Elmin İnkişafı Fondu və “Thomson Reuters” şirkəti “Web of Science” mükafatları-2016”nı təqdim edib

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və dünyanın tanınmış akademik nəşriyyatlarından olan “Thomson Reuters” şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycan elmi ictimaiyyəti üçün nəzərdə tutulan “Web of Science” mükafatları-2016”nın təqdimetmə mərasimi keçirilib. Fondun icraçı direktoru Elçin Babayev tədbirin mahiyyəti haqqında məlumat verib. Bildirilib ki, mükafatçıların siyahısı təbiət elmləri, sosial və humanitar elmlər sahəsində elmin aparıcı platforması olan “Web of Science” bazasının əsasında tərtib edilib. Analiz “Thomson Reuters” və Elmin İnkişafı Fondu ilə əməkdaşlıq edən elmi tədqiqatlar və əqli mülkiyyət bölməsindən olan ekspertlər tərəfindən aparılıb. Ölkəmizdə elmin dinamik inkişafından və dünya elminə inteqrasiyası istiqamətində görülən işlərdən danışan E.Babayev vurğulayıb ki, artıq Azərbaycanı elmi ixtiraların istifadəçisinə yox, bu ixtiraların müəllifinə çevirmək lazımdır. Biz bununla qısa vaxtda regionun elm mərkəzinə çevrilə bilərik. Bu, ölkə Prezidenti tərəfindən qarşımıza qoyulan vacib vəzifələrdən biridir. EİF-in icraçı direktoru mükafata layiq görülənləri təbrik edib, onlara Azərbaycan elminin inkişafı sahəsində fəaliyyətlərində uğurlar arzulayıb, bu istiqamətdə daha böyük nailiyyətlərin əldə olunacağına əminliyini bildirib. “Thomson Reuters” şirkətinin elmi tədqiqatlar və əqli mülkiyyət departamentinin direktoru Oleq Utkin Bakıda elmi ictimaiyyətin nümayəndələri ilə keçirilən görüşün təmsil etdiyi qurum üçün böyük əhəmiyyət daşıdığını söyləyib. O, tədbirin təşkilinə dəstək göstərən hər kəsə “Thomson Reuters” şirkəti adından minnətdarlığını bildirib. O.Utkin deyib: “Bu, Azərbaycanın elmi təşkilatları, elm xadimləri ilə keçirdiyimiz ilk tədbirdir. Belə görüşlərin davamlı olacağına ümid edirik. Azərbaycanın elm adamlarının “Thomson Reuters”in resurslarına yol tapması bizim üçün çox vacibdir. Bu resursların sizə müxtəlif istiqamətlərdə xidmət edəcəyinə ümidvarıq”. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev AMEA ilə “Thomson Reuters” şirkətinin əməkdaşlığından, alimlərimizin məqalələrinin impakt faktorlu beynəlxalq jurnallarda dərc olunmasından və bu yazılara istinadların ildən-ilə çoxalmasından danışıb. Jurnal redaktorları üçün keçiriləcək seminarın əhəmiyyətini qeyd edən akademik ölkədə nəşr olunan beynəlxalq elmi jurnalların sayının artacağına əminliyini bildirib. Təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycanda elmin, təhsilin inkişafından, bu istiqamətdə aparılan islahatlardan, həyata keçirilən tədbirlərdən söz açıb. Alimlərimizin uğurlarından danışan nazir müavini son illər elm adamlarımızın reytinqinin yüksəldiyini, onların elmi məqalələrinə 1500-dən çox istinadın olduğunu diqqətə çatdırıb. Dünya elminə inteqrasiya üçün xarici dil bilməyin əhəmiyyətini qeyd edən C.Bayramov deyib ki, Azərbaycan dilində tədris olunan ixtisaslar üzrə xarici dillərin tədrisi, eyni zamanda, xarici dillərdə bir sıra ixtisaslaşmalarda tədrisin təşkili məsələsi daim diqqət mərkəzindədir. Bu istiqamətdə aparılan işlərin prioritet istiqaməti olaraq qarşıya qoyduğumuz mühüm hədəf kimi bütün ali təhsil müəssisələrinin laboratoriya bazalarının yenilənməsini, müxtəlif ixtisas və ixtisaslaşmalar üzrə tədqiqatların aparılması üçün müasir laboratoriyalarla təchiz edilməsi səviyyəsinin yaxsılaşdırılmasını vacib məsələ hesab edirik. Bu sahədə ali məktəblərin, AMEA-nın institutlarının və bir sıra sənaye müəssisələrinin birgə fəaliyyəti nəticəsində qısa vaxtda yüksək nəticələr əldə edilə bilər. Yaxın vaxtlarda biz həmkar təşkilatlara bu istiqamətdə bir sıra təkliflər təqdim edəcəyik və əminəm ki, bu, ümumi işimizə çox müsbət təsir göstərəcək. Sonra beynəlxalq meyarlar əsas götürülməklə ən məhsuldar qurum, nüfuzlu elmi jurnal və alimlər mükafatlandırılıblar. “Thomson Reuters” şirkəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Elmin inkişafına görə” ən yüksək mükafatına “Ən yaxşı tədqiqat universiteti” nominasiyasında Bakı Dövlət Universiteti və “Ən yaxşı tədqiqat institutu” nominasiyasında AMEA-nın Fizika İnstitutu, “Ən yaxşı elmi jurnal” nominasiyasında isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, AMEA-nın və BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun “Tətbiq və hesablama riyaziyyatı” jurnalı layiq görülüb. Digər nominasiyalar üzrə mükafatlar da sahiblərinə təqdim olunub. Mükafatlandırma mərasimindən sonra Azərbaycanda nəşr olunan elmi jurnalların redaktorları üçün “Thomson Reuters” və Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə elm və əqli mülkiyyət üzrə aparıcı mütəxəssislər tərəfindən “Azərbaycanın elmi jurnalları: beynəlxalq səviyyəyə doğru irəliləyiş” mövzusunda seminar-təlim keçirilib. Tədbirdə uğurlu, müasir beynəlxalq səviyyəli elmi jurnalın formalaşdırılması, inkişaf etmiş ölkələrdə elmi nəşrin beynəlxalq səviyyədə tanıdılması, elmi əsərlərin keyfiyyətinin artırılması, elmi jurnalların və əsərlərin beynəlxalq referativ bazalarda istinadların maksimuma çatdırılması ilə bağlı diskussiyalar aparılıb. Bundan əlavə, seminar-təlimdə inkişaf etməkdə olan ölkələrdə elmi jurnalların inkişaf tendensiyaları müzakirə olunub, həmçinin beynəlxalq verilənlər bazalarında işin optimallaşması barədə məlumat verilib. Belə seminar-təlimlərin mütəmadi keçirilməsi nəzərdə tutulub.   AZƏRTAC 

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 noyabr 2016-cı il tarixli 431 nömrəli qərarı ilə Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik, Respublika Gənc Turistlər və Diyarşünaslıq mərkəzləri və T.İsmayılov adına Bakı Şəhər Uşaq-Gənclər Yaradıcılıq Sarayının bazasında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb. Yeni müəssisənin yaradılması yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrinin vahid idarəetmə mexanizminin qurulması, mövcud ştat vahidləri və dərs yükü çərçivəsində onların maddi-texniki baza ilə təminatının təkmilləşdirilməsi məqsədi daşıyır. Mərkəzdə uşaq və gənclərin asudə vaxtlarının müxtəlif profilli istiqamətlər üzrə səmərəli təşkili və onların hərtərəfli inkişafı üçün müasir dövrün tələblərinə cavab verən məkanların yaradılması nəzərdə tutulub. Geniş profilli müəssisə yaratmaqla, elm, texnologiya, ekologiya və yaradıcılığın bütün sahələrini əks etdirən, müasir gəncliyin tələbatına uyğun dərnək və qrupların, klub və s. birliklərin təşkili, müxtəlif müsabiqə, sərgi, bayram tədbirlərinin, həmçinin elmi-laborator təcrübələrin keçirilməsi planlaşdırılır. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin İçərişəhər ərazisindəki keçmiş Azərbaycan Ensiklopediyasının binasında yerləşdirilməsi nəzərdə tutulub. Lakin qeyd olunan binada təmir işləri yekunlaşanədək həmin mərkəzlər öz fəaliyyətini hazırkı binalarında davam etdirəcəklər. Yeni mərkəzin qədim tariximizin yaddaşı olan məkanda fəaliyyəti qoruğa daha çox uşaq və gənclərin cəlb edilməsi, eyni zamanda İçərişəhərin “Canlı tarix” konsepsiyasının reallaşdırılması istiqamətində növbəti addım olacaq, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların estetik dünyagörüşünün milli köklər üzərində formalaşmasına da müsbət təsir göstərəcəkdir. Yeni yaradılan müəssisənin maddi-texniki bazasının möhkəmləndirilməsi, təchizatının gücləndirilməsi, təlimin müasirləşdirilməsi, cəlbediciliyin yüksəldilməsi gənclərimizin intellektual potensialına müsbət təsir göstərəcək.

Adı “Qızıl kitab”a yazılan tələbə: Burada təhsil alan ilk və yeganə azərbaycanlıyam – Uğur formulu

Təhsil Nazirliyi1news.az İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Nərmin Nəcəflidir. Nərmin  Nəcəfli 1996-cı ildə  Bakı şəhərində anadan olub. 2003-2014-cü illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə əməkdar müəllim Ədilə Rəhimovanın sinfində təhsil alan Nərmin ali təhsilini xaricdə almağı qarşısına məqsəd qoyur. Beləcə o öz arzusunu Almaniyanın Hannover Musiqi, Dram və Media Universitetində (Hochschule für Musik, Theater und Medien Hannover) fortepiano ixtisasına yiyələnməklə gerçəkləşdirir. Nərmin onlarla yerli və beynəlxalq müsabiqə, festivallarının laureatı, Qran Pri mükafatçısıdır. Hazırda 3-cü kursda təhsil alan, bu universitetdə ilk  və yeganə azərbaycanlı tələbə olan Nərmin öz “uğur hekayəsini” bölüşür: - Xaricdə  təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? -Təhsil aldığım universitet dünyada klassik musiqi üzrə ən yaxşı təhsil verən ali məktəblərdən biridir. Burada klassik musiqi sahəsində professional musiqiçi olmaq üçün hər bir şərait var. Bu baxımdan bu təhsil ocağı mənim ümidlərimi doğruldur. - Niyə məhz bu ixtisası seçdiniz? - Mən 4 yaşımdan musiqi ilə məşğul oluram. Mənim həmyaşıdlarımdan ən böyük fərqim odur ki, ümumtəhsil məktəbindən əvvəl musiqi məktəbinə getmişəm, hərflərdən qabaq notları öyrənmişəm. “A” hərfindən qabaq “do” notonu yazmışam. Əgər başqa uşaqlar orta  məktəbin  yuxarı siniflərində  ixtisas seçirlərsə, mən artıq ibtidai sinifdən bu seçimi etmişdim. Təvazökarlıqdan uzaq da olsa, deyim ki, mən adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılan və Azərbaycan  Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülən ən gənc ifaçıyam. 2007-ci il iyunun 14-də,  10 yaşımda bu təqaüdə layiq görülmüşəm. Yəni artıq  10 yaşımda mənim istedadım  dövlət səviyyəsində qeyd edilmişdi. 2016-cı il  yanvarın 29-da isə Gənclər üçün Prezident mükafatına layiq görülmüşəm. 19 yaşımda belə böyük mükafata  layiq görülmək mənim üçün həm böyük şərəfdir, həm də məsuliyyətdir. Mən həmişə bu məsuliyyəti öz üzərimdə hiss edirəm və çalışıram ki, dövlətimiz tərəfindən göstərilən bu böyük etimadı doğruldum. Azərbaycanı xaricdə ilk dəfə 8 yaşımda təmsil etmişəm. İndiyə qədər ABŞ, Almaniya, Belçika, İngiltərə, İtaliya, Fransa, Polşa, Estoniya, Litva, Rusiya və Gürcüstanda keçirilən beynəlxalq müsabiqə və festivallarda Azərbaycanı uğurla təmsil etmişəm. Təkcə Fransada 5 dəfə olmuşam. Bu, mənim xoşbəxtliyimdir. Yəqin ki, bu uğurlar hər adama qismət olmur. Düzdür, bütün bu nailiyyətlər çox çətinliklər hesabına qazanılıb. Həmyaşıdlarım həyətdə oynayanda, mən saatlarla piano arxasında otururdum. Ancaq məsələ burasındadır ki, məni buna heç kim məcbur etmirdi. Bu mənim öz seçimimdir. - Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız? - Mən həmişə xarici səfərlərə gedəndə təkcə piano ifa etməklə kifayətlənmir, özümlə Azərbaycan bayrağını və xəritəsini də aparıram. Bəzi tədbirlərə gedəndə isə hətta paxlava və şəkərbura da aparır, tanış olduğum uşaq və müəllimləri milli şirniyyatımıza qonaq edir, onlara Azərbaycan haqqında məlumat verirəm. Bütün bunlar isə  az da olsa, Azərbaycanın təbliğinə xidmət edir. Almaniyaya da  özümlə Azərbaycan bayrağını, xəritəsini və milli suvenirlər gətirmişəm. Mənim Azərbaycanı dünyada təbliğ etmək üçün daha çox imkanım var. Çünki seçdiyim sənət buna imkan verir. Əlbəttə, hər bir sənətin öz üstünlüyü var və Azərbaycana hər sahədə yaxşı mütəxəssislər lazımdır. Lakin  mədəniyyət sahəsində çalışanlar ölkəni daha çox tanıtmaq gücündədirlər. Böyük dramaturqumuz Hüseyn Cavidin sözlərilə desək, “Turana qılıncdan daha kəskin, ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”!  Buna sübut Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən tədbirlərdir.Mehriban xanım Əliyeva məhz zəngin mədəniyyətimiz vasitəsilə Azərbaycanı dünyada təbliğ etmək kimi şərəfli bir işlə məşğuldur. Mən hər dəfə xarici ölkə səhnəsində  çıxış edəndə Azərbaycanı təmsil etməkdən qürur duyuram. Ən çox qürur duyduğum vaxtlar Parisdə YUNESKO-nun baş qərargahında,  Vaşinqtonda, Moskvada, Strasburqda,  Brüsseldə keçirilən tədbirlərdəki çıxışlarımdır. Bu konsertlərin sonunda səhnədəki ekranda Azərbaycan bayrağı görünəndə sevincdən gözlərim yaşarır, azərbaycanlı olmağımla fəxr edirəm. Estoniya və Polşadakı müsabiqələrdə bayrağımızı zalda görəndə isə keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyildi. Çünki hər iki ölkədə bayrağımızın dalğalanması məhz mənim müsabiqədəki uğurlu çıxışımla bağlı idi. Bayrağımızın fonunda beynəlxalq müsabiqənin qalibi kimi şəkil çəkdirmək çox  qürurverici bir hissdir. Mən Almaniyada çıxış etdiyim bütün konsertlərdə Azərbaycan musiqisini ifa etməyə çalışıram. Berlində və Hannoverdə Q.Qarayevin, F.Əmirovun, A.Bəbirovun əsərlərini ifa etmişəm. Solo konsertlərimdə repertuarı özüm seçəndə mütləq Azərbaycan musiqisini ifa edirəm. Müsabiqə və festivallarda Azərbaycan  musiqisini ifa etmək imkanım olmayanda çalışıram dünya bəstəkarlarının əsərlərini elə məharətlə ifa edim ki, Azərbaycanı uğurla təmsil etmiş olum. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Müəllim-tələbə münasibətləri qarşılıqlı hörmət və səmimiyyət üzərində qurulub. Tələbələr daha sərbəstdirlər. Auditoriyada, dəhlizdə  müəllimlərlə tələbələrin münasibəti  çox səmimidir. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Qeyd etdiyim kimi mən ixtisasım üzrə ən güclü ali təhsil müəssisələrinin birində təhsil alıram. Ona görə də burada dünyanın demək olar ki, hər yerindən tələbələr var. Bütün tələbələrə çox yaxşı münasibət var.  Kimin əcnəbi, kimin yerli tələbə olduğu hiss olunmur. Əcnəbi tələbələr o qədər çoxdur ki, hərdən Yaponiyada, Koreyada, Çində, İngiltərədə, Rusiyada  və ya Almaniyada  olduğunu hiss edirsən. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? - Mənim 11 il oxuduğum Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin məzunlarının səsi dünyanın bir çox nüfuzlu ali təhsil ocaqlarından gəlir. Çünki orada yüksək peşəkarlar çalışır. Müəllimim Ədilə Rəhimova  və başqaları dünya səviyyəsində Azərbaycanı təmsil edə biləcək musiqiçilər yetişdirirlər. Buradakı müəllimim professor Bernd Goetzke isə bu sahədə dünyanın tanınmış mütəxəssislərindəndir. Bu akademiyaya  daxil olmaq çox çətindir. 2014-cü ildə mən imtahan verərkən fortepiano ixtisası üzrə 200-dən çox abituriyentdən cəmi 9 nəfər seçdilər. Çox sevinirəm ki, 9 nəfərdən biri mən oldum.  Qəbul olan 9 nəfərin hamısı professor Goetzkenin sinfində oxumaq istəyirdi. O, həm fortepiano departamentinin direktoru, həm də imtahan komissiyasının sədri idi. Ona görə də seçimi o etdi. Lakin yalniz iki nəfəri seçdi: məni və Çindən olan bir nəfər oğlanı. Onun kimi bir mütəxəssisin məni seçməyi təkcə mənim yox, oxuduğum Bülbül adına Orta İxtisas Musiqi Məktəbində dərs deyən müəllimlərin, bütünlükdə isə Azərbaycan təhsilinin uğurudur. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Asudə vaxtım demək olar ki, olmur. Vaxt tapan kimi çalışıram şəhərin görməli yerləri və tarixi abidələri ilə tanış olum. Məsələn, yanvar ayında  Berlində  Azərbaycanın Almaniyadakı səfirliyində 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım mərasimində  səfirliyimizin dəvəti ilə konsert proqramı ilə çıxış etdim. Sonra Berlinin görməli yerləri ilə tanış oldum. Bu, təkcə Almaniyaya aid deyil. Getdiyim bütün xarici ölkələrdə  konsertdən və ya müsabiqədən sonra vaxtım olursa, mütləq ekskursiya edirəm. - Təhsilinizi başa vurduqdan sonra  harada çalışmaq istəyərdiniz? Gələcək planlarınız necədir ? -Təhsilimi bitirdikdən sonra Azərbaycanda çalışıb, öz xalqıma xidmət etmək istəyirəm. Mənim ən böyük arzum Azərbaycanı dünya miqyasında şərəflə təmsil etməkdir. - Azərbaycandakı dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? -  Onlara  can sağlığı və işlərində uğurlar arzu edirəm.  Hər bir  sənətdə yalnız gərgin  zəhmət sayəsində uğur qazanmaq olar. Ona görə də qarşılarına qoyduqları məqsədə çatmaq üçün  dayanmadan çalışsınlar.   1news.az

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” respublika müsabiqəsi

16-18 noyabr tarixlərində Bakı Biznes Mərkəzində “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin respublika müsabiqəsinin sonuncu mərhələsi keçiriləcəkdir. Müsabiqənin 8 zona mərhələsində 8 nominasiya üzrə 1500 iştirakçıdan 200 məktəbli yekun mərhələdə iştirak etmək hüququ qazanıb. İştirakçıların il ərzində apardıqları müşahidələr haqqında məlumatlar, becərilən kənd təsərrüfatı bitkiləri və fotoşəkillər Bakı Ekspo Mərkəzində keçiriləcək “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində nümayiş olunacaq. Qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqdır. Müsabiqənin keçirilməsində əsas məqsəd aqrobiomüxtəlifliyin qorunması, ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı məhsullarının əldə edilməsində məktəblilərin fəal iştirakını təmin etmək, ekoloji təmiz bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanılması, kənd təsərrüfatı məhsullarının öyrənilməsi və mühafizəsinə dair şagirdlərin maarifləndirilməsindən ibarətdir. Müsabiqə Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə keçirilir.

“Heydər Əliyev və Azərbaycan tarixi” adlı III ümumrespublika bilik yarışı keçirilib

Noyabrın 8-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” adlı III ümumrespublika bilik yarışı keçirilib. Yarışda ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr səviyyələri üzrə təhsil alan tələbələr iştirak ediblər. Yarışın açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə Azərbaycan xalqının Ümummilli Liderinin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndərin irsinin yaşadılması və yeni nəsil arasında təbliği, eyni zamanda, gənclərin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır. “Heydər Əliyev və Azərbaycan tarixi” adlı III ümumrespublika bilik yarışında 42 ali məktəbin komandası iştirak edir. Bu yarısın keçirilməsində əməyi olan hər kəsə təşəkkür edən Anar Ələkbərov Heydər Əliyevin Azərbaycan tarixində silinməz izlər qoyduğunu qeyd edib. O bildirib ki, istər sovet, istərsə də müstəqillik illərində hakimiyyətdə olduğu dövrdə Azərbaycanın inkişafı Heydər Əliyev üçün əsas məsələlərdən biri olub. Bu gün müasir Azərbaycan dünyada nümunəvi ölkə kimi tanınır. Prezident İlham Əliyev ölkəmizi ən yüksək arenalarda tanıtdırır. Anar Ələkbərov bildirib ki, Heydər Əliyev Mərkəzi indiyədək çoxsaylı tədbirlər keçirməklə Heydər Əliyev irsinin öyrənilməsinə öz töhfəsini verib. Qeyd edilib ki, yarışa hazırlıq məqsədilə tələbələr Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətinə dair məlumatlar əldə edib, burada toplanmış arxiv materialları əsasında araşdırma aparıblar. Heydər Əliyev Mərkəzinin direktoru bilik yarışının Dövlət Bayrağı Günü ərəfəsinə təsadüf etdiyini söyləyib, Azərbaycan xalqını və komandaların üzvlərini bayram münasibətilə təbrik edib. O xatırladıb ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olması barədə qərar qəbul etdi. 1991-ci ildə isə müstəqil Azərbaycan Respublikasının dövlət bayrağı elan edildi. Anar Ələkbərov bildirib ki, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı Sərəncama əsasən, hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlətimizin başçısının 2007-ci il 17 noyabr tarixli Sərəncamına uyğun olaraq, Bakıda Dövlət Bayrağı Meydanı inşa olunub və 2010-cu il sentyabrın 1-də onun təntənəli açılış mərasimi keçirilib. Bu gün həmin meydan həm Azərbaycanın gözəl guşələrindən biri, həm də hər bir azərbaycanlının qürur yeridir. Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda təhsil sisteminin inkişafında Heydər Əliyev Fondunun mühüm rolunu qeyd edib. Bildirilib ki, məhz Fondun fəaliyyətinin nəticəsi olaraq iki il əvvəl pilot kimi bir neçə məktəbdə icrasına başlanılan məktəbəqədər təhsil layihəsi artıq bütün dövlət ümumtəhsil müəssisələrində həyata keçirilir. Artıq üçüncü ildir ki, Heydər Əliyev Mərkəzi ilə birgə “Heydər Əliyev və Azərbaycan tarixi” adlı ümumrespublika bilik yarışını həyata keçirdiklərini deyən nazir Azərbaycan tarixində ulu öndər Heydər Əliyevin xüsusi rolunun olduğunu qeyd edib. Nazir bildirib ki, belə yarışlar tələbələrin zəruri keyfiyyətlərini üzə çıxarır və gənclərin öz karyeralarında uğur qazanmalarına kömək edir. Ötən illərdəki yarışların çox ədalətli və gərgin keçdiyini deyən M.Cabbarov əmin olduğunu bildirib ki, bu il də belə yarışmanın şahidi olacağıq. Ən güclü və ən layiqli gənclər qalib gələcəklər. Çıxışlardan sonra “Heydər Əliyev və Azərbaycan tarixi” III ümumrespublika bilik yarışı başlayıb. Yarış üç turda keçirilib və hər turda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə, Azərbaycan tarixinə dair 12 sual səsləndirilib. “Heydər Əliyev və Azərbaycan tarixi” III ümumrespublika bilik yarışında 42 ali məktəbin komandaları iştirak edib. Hər komandada 6 əsas və 2 ehtiyat iştirakçı olub. Münsiflər heyətində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun nümayəndələri təmsil olunub. Qalib komandalar üç tur üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Birinci yerə Azərbaycan Dövlət İqtisad Universiteti, ikinci yerə Dövlət Sərhəd Xidməti Akademiyası, üçüncü yerə isə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası layiq görülüb. Qalib komandalar mükafatlandırılıb.  

Masallıda məktəbli qızlar üçün tədbir keçirilib

Noyabrın 6-da Masallı rayonundakı “ASAN həyat” kompleksində məktəbli qızlar üçün silsilə tədbirlər keçirilib. Tədbir Təhsil Nazirliyi, “ASAN xidmət”, “Azər Türk Bank” ASC-nin və “Femmes Digitales” Klubunun dəstəyi ilə təşkil olunub. Tədbirdə “Azər Türk Bank”, “B.EST Solutions”, “MONT”, “Microsoft”, “Cybernet”, “Ultra Technologies” təşkilatlarının nümayəndələri çıxış edərək, İKT-nin cəmiyyətin həyatındakı rolundan, təhsil və karyera sahəsində açdığı imkanlardan danışıblar. Həmçinin, Təhsil Nazirliyinin əməkdaşı tərəfindən “Liderlik” təlimi keçirilib. Daha sonra 9 nömrəli Bakı Peşə Liseyinin bazasında yaradılan “IT STEP” Akademiyasının təqdimatında tədbirin praktiki hissəsinə start verilib. Praktiki məşğələlərdə iştirakçılar əyani vasitələrdən istifadə edərək, müxtəlif robotların və avtomatlaşdırılmış sınaq mexanizmlərinin hazırlanması ilə tanış olub, bu sahədə ilkin biliklərə yiyələnmək imkanı əldə ediblər. Proqram çərçivəsində Masallı rayonunun ümumi təhsil müəssisələrində təhsil alan qızlar arasında “Breyn-rinq” intellektual oyunu təşkil edilib. Oyunun qaliblərinə sertifikat, kubok və hədiyyələr təqdim edilib. Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd İKT sahəsində məktəbli qızların iştirak səviyyəsinin yüksəldilməsi, onların gələcək karyera seçimi üçün bu sahənin təbliği və potensial kadrların yetişdirilməsidir.  

Təhsil naziri Türkiyənin milli təhsil nazirinin peşə təhsili üzrə müavini Ercan Demircini qəbul edib

Noyabrın 7-də təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan Türkiyənin milli təhsil nazirinin peşə təhsili üzrə müavini Ercan Demircinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə əmək bazarının tələblərinə uyğun, rəqabət qabiliyyətli kadrların hazırlanmasında peşə təhsilinin əhəmiyyəti vurğulanıb. Mikayıl Cabbarov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq ölkəmizdə peşə təhsilinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər barədə qonaqlara məlumat verib. Eyni zamanda görüşdə peşə təhsili sahəsində qarşılıqlı şəkildə təcrübənin öyrənilməsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq yürüşü”

Noyabrın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə  “Bayraq yürüşü” keçirilib. Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır. 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə təhsil naziri Mikayıl Cabbarov, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, tanınmış ziyalılar, KİV rəhbərləri, QHT nümayəndələri, müəllim, tələbə və şagirdlər iştirak ediblər. Yürüş hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra tələbə və şagirdlər bayrağımıza həsr olunmuş şeir səsləndirib, rəqslər ifa ediblər. Sonra minlərlə yürüşçü “Azneft” meydanı yaxınlığından Dövlət Bayrağı Meydanınadək yürüş ediblər. Yürüşün sonunda Dövlət Bayrağı Meydanında xatirə fotosu çəkilib.  

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı