Daha bir universitet “Maarifçi” Tələbə Kredit Fondu ilə müqavilə imzalayıb
“Maarifçi” Tələbə Kredit Fondu ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aztəminatlı ailələrdən olan tələbələri Fondun təqdim etdiyi təhsil kreditlərindən yararlanacaq. Qeyd edək ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Maarifçi” Tələbə Kredit Fondu dövlət ali təhsil müəssisələri–Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən təsis olunub. Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.
18/11/2016 15:23
SABAH II Tələbə Debat Forumuna yekun vuruldu
Noyabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “SABAH II Tələbə Debat Forumu”nun final oyunu keçirilib. İkinci ildir ki, keçirilən debatlar SABAH tələbələrinin tədrisdənkənar fəaliyyətlərinin genişlənməsi məqsədilə təşkil olunub. Forumda iştirak edən 15 komanda 3 qrup oyunu keçirib. Final mərhələsinə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Creativ buddies” və “Enigma” komandaları vəsiqə qazanıblar. Bu komandalar “İnkişaf etməkdə olan ölkələr üçün proteksionizm siyasətinin tətbiqi sahibkarlığın inkişafında özünü doğruldur” mövzusunda biliklərini sınayıblar. Oyunun nəticələrinə əsasən “Creativ buddies” komandası qalib gəlib. Forumun ən yaxşı natiqləri adına Leyla Hacıyeva (ADİU), Fuad Əliyev (BDU),Fatimə Fəttah-Pur (ADİU), Fərhad Ağayev (ADİU), Səidə Tahirova (BDU), Xəyalə Kazımova (BDU), Sevinc Şeydayeva (BDU), Hüseyn Hüseynov (ADU), Zülfiyyə Novruzova (BDU), Gülgün Abdullayeva (BDU) layiq görülüblər. ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Muxtar Məmmədov, SABAH qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin icraçı direktoru Ələkbər Mustafayev çıxış edərək debatların insanın şəxsi inkişafında, natiqlik mədəniyyətinin formalaşmasında, qarşı tərəfin fikrinə hörmətlə yanaşmasında mühüm rol oynadığını bildiriblər. Sonda qaliblərə medal, kubok və sertifikatlar təqdim edilib. Qeyd edək ki, SABAH II Tələbə Debat Forumu Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin təşəbbüsü və Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin Milli Debat Proqramı çərçivəsində həyata keçirilib.
17/11/2016 15:28
Kanada və İsveçdə təhsil alan həmyerlimiz: Bu, mənim karyeramın uğur nöqtəsi olacaq - Uğur formulu
Təhsil Nazirliyi və 1news.az İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Sərxan İbayevdir. Sərxan İbayev 1994-cü ildə İmişlidə anadan olub. Orta məktəb illərindən olimpiada komandasının üzvü seçilib. Uşaqlıqdan dəqiq fənlərə marağı olduğundan dərslərdən əlavə kompüter elmləri üzrə xüsusi tədris alıb, komandanın üzvü olaraq bir sıra fənn və beynəlxalq olimpiadalarda iştirak edib. Orta təhsilini 2 qızıl, 1 gümüş və 3 bürünc olmaqla 6 medalla başa vurub. Ali təhsil almaq üçün Kanadanın Toronto Universitetini seçən Sərxan burada kompüter elmləri üzrə biliklərə yiyələnib. Hazırda Sərxan İsveçin Çalmers Texnologiya Universitetində kompüter sistemləri və şəbəkələri üzrə magistratura təhsili alır. -Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Texnologiya və mühəndislik sahələri üzrə dünyada qabaqcıl sayılan universitetlərdə təhsil almağım seçdiyim ixtisasa uyğun yüksək səviyyədə yetişməyimə imkan yaradır. Eyni zamanda bu universitetlər ümumi dərslərdən əlavə olaraq, öz elmi araşdırma sahələrinə uyğun spesifik dərslər təklif edir. Gələcəyin texnologiyaları üzrə indidən məlumatlanmaq və bu sahələrdə birbaşa araşdırma edən professorlardan tədris almaq əvəzolunmaz təcrübədir.Kanada və İsveçdəki universitetlər dərslərdən əlavə praktikaya çox üstünlük verir. Nəzəriyyədən başqa konseptlərin tətbiqini görmək artıq universitet illərindən etibarən oxuduğum sahə üzrə təcrübə qazanmağıma birbaşa kömək olur. - Niyə məhz bu ixtisası seçdiniz? -İlk dəfə 7-ci sinifdə informatika müəllimim tərəfindən proqramlaşdırma ilə tanış olmuşam. Riyaziyyata çox marağım olduğuna görə gələcəkdə hər hansı bir riyazi sahə üzrə təhsil almaq istədiyimi bilirdim.Proqramlaşdırmanın riyazi məntiqin tamamilə başqa bir tərəfindən tətbiq olunması mənim bu sahəyə marağımın artmasına səbəb oldu. Bakalavr təhsilim isə artıq mənə bu ixtisas üzrə istiqamət seçimində qərar verməkdə kömək oldu. -Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? - Kanada təhsilində rəqabət böyük üstünlük daşıyırdı. Həftəlik kurs yükü çox ağır olduğuna görə vaxtımın böyük bir qismi sadəcə universitet materiallarını bitirməyə sərf olunurdu. İsveçdəki təhsil isə nisbətən daha çox azaddır.Universitet tələbələrə imkan yaradır ki, öz ixtisas sahələrindən əlavə olaraq fərdi inkişaf üçün vaxta və şəraitə sahib olsunlar. - Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız ? -Toronto Universitetində təhsil aldığım müddətdə universitetdaxili Azərbaycanlı Tələbələr Assosiasiyasının üzvü olmuşam və idarə heyətində fəaliyyət göstərmişəm. Həmin illərdə Kanadadakı səfirliyimiz və orada yaşayan azərbaycanlılar ilə birlikdə həm tariximizin, həm də mədəniyyətimizin tanıdılması, xüsusilə Dağlıq Qarabağ münaqişə ilə bağlı həqiqətlərin Kanada ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlərin, konfrans və yürüşlərin təşkilində iştirak etmişəm. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? -Düşünürəm ki, müəllim-tələbə münasibəti keyfiyyətli təhsil almaq üçün əsas amillərdən biridir. Hər iki universitetdə professorlar dərs keçməkdən əlavə vaxtlarının böyük bir qismini istər fərdi olaraq, istərsə dərslər, istərsə də karyera seçimləri barədə tələbələrə kömək etməklə keçirirlər. Universitet təşviq edir ki, tələbələr dərslərdən əlavə olaraq müəllimlərlə istənilən problem barədə həmişə əlaqə saxlamaqdan çəkinməsinlər. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? -Kanada çoxirqli ölkə olduğundan tələbələrin hansı ölkədən gəldiyini belə demək çox çətin idi. Kanadada həm ölkə olaraq, həm də universitet olaraq heç bir zaman tələbələr arasında fərq olmayıb. Universitetin yaratdığı bütün imkanlar və təqdim etdiyi xidmətlər irqindən asılı olmayaraq hər kəsə açıq idi. İsveçdə isə xarici tələbələr nisbətən azlıq təşkil edir. Təhsil müddətində ara-sıra dil problemlərini nəzərə almasaq, heç bir çətinliklə üzləşməmişəm. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? -Azərbaycanda ali təhsil almadığıma görə bu suala cavab vermək bir qədər çətindir. Düşünürəm ki, xüsusilə mənim oxuduğum sahədə praktikaya daha çox üstünlük verilməsi tələbələr üçün artıq universitet illərindən nəzəriyyənin təcrübəyə çevrilməsində kömək olacaqdır. - Çətinlikləriniz varmı? -Kanadaya ilk getdiyimdə çox gənc olduğumdan tək yaşamağa öyrənməkdə bir qədər çətinlik çəkirdim. İsveçdə isə bütün xidmətlər birbaşa internet üzərindən əldə edildiyi üçün çox az çətinlik çəkdim. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? -Oxuduğum ixtisas çox sürətli inkişaf edir və yeniliklərlə doludur. Ona görə asudə vaxtlarımda texnologiya jurnalları oxuyuram, öz sahəmdə yeniliklər barədə məlumat qazanmağa çalışıram. -Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istəyərdiniz? Gələcək planlarınız necədir? -Təhsilimi doktorantura səviyyəsində davam etdirmək ən əsas planlarımdan biridir. Kanadadakı təhsilim mənə kompüter elmlərinin bir çox sahəsi barəsində məlumatlanmaq və təcrübə qazanmaq imkanı yaratdı. Magistr təhsilim isə yüksək texnologiyalarda və simulasiya sistemlərində istifadə olunan xüsusi bir sahə üzrədir. Doktorantura təhsili mənə bu sahədə qabaqcıl universitetlərin birində elmi araşdırmaçılarla işləmək və təcrübə qazanmaq üçün fürsət yaradacaqdır. Gələcəkdə əsas məqsədim isə yüksək texnologiyalar üzrə elmi araşdırma laboratoriyalarında işləmək və eyni zamanda akademik fəaliyyət göstərməkdir. Xaricdə yetərli təcrübəni qazandıqdan sonra isə Azərbaycanda bu sahədə tədris verən universitetlərdə akademik fəaliyyətimi davam etdirmək əsas məqsədlərimdən biridir. Yüksək texnologiyalarda istifadə olunan infrastrukturların Azərbaycanda həm tətbiqində, həm də tədrisində fəaliyyət göstərə bilmək mənim üçün karyeramın böyük bir uğur nöqtəsi olacaqdır. -Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? - Məsləhət verməkdən həmişə çəkinən bir insan olmuşam. Ancaq məncə, gənclər artıq orta məktəb illərindən gələcəkdəki karyera istiqamətini düzgün müəyyənləşdirməlidirlər. Arzuladıqları ixtisasdan tam əmin olduqdan sonra həm bu ixtisas üzrə təhsil, həm də təcrübədə çalışqanlıq və əzmkarlıq əldə edə bilərlər. 1news.az
17/11/2016 14:19
Təhsil naziri akademik Azad Mirzəcanzadənin xatirəsinə həsr olunmuş konfrans iştirakçılarına təbrik məktubu ünvanlayıb
Rusiyanın Ufa şəhərində akademik Azad Mirzəcanzadənin xatirəsinə həsr olunmuş konfrans keçirilməkdədir. Konfrans iştirakçılarına təhsil naziri Mikayıl Cabbarovun adından ünvanlanan təbrik məktubunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı səsləndirib. Noyabrın 18-də konfransın işinə yekun vurulacaqdır. Azad Mirzəcanzadə 1989-1990-cı illərdə Ufa Neft İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb. İndiki Ufa Dövlət Neft Texniki Universitetinin rektoru, professor R.Baxtizin görkəmli azərbaycanlı alimin tələbəsi və həmkarı olub. Təbrik məktubu
17/11/2016 09:39
Məktəbəhazırlıq qruplarında çalışan 800-dən artıq müəllim imtahan verib
Noyabrın 16-da məktəbəhazırlıq təlimlərində iştirak etmiş və hazırda məktəbəhazırlıq qruplarında məşğələ aparan müəllimlər üçün sertifikatlaşdırma imtahanı keçirilib. Bakı şəhəri üzrə 3 mərkəzdə təşkil olunan imtahan 1 saat davam edib. İmtahan Xəzər, Suraxanı, Sabunçu, Pirallahı rayonları üzrə 252, Nərimanov, Xətai, Nizami rayonları üzrə 62, Binəqədi, Qaradağ, Yasamal, Nəsimi və Səbail rayonları üzrə isə 18 nömrəli tam orta məktəbdə təşkil olunub. Qeyd edək ki, imtahan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilib. İmtahanda 800 nəfərdən artıq müəllim iştirak edib. İmtahanın nəticələrinə görə, hər bir müəllimə müvafiq sertifikat veriləcək.
16/11/2016 14:48
“Məktəbdənkənar təhsil müəssisələrində idarəetmə və işin təşkili” mövzusunda seminar-təlim
Azərbaycan Milli Elmlər Akademiyasında “Məktəbdənkənar təhsil müəssisələrində idarəetmə və işin təşkili” mövzusunda seminar-təlim keçirilib. Təlimdə Təhsil Nazirliyinin tabeliyində olan məktəbdənkənar təhsil müəssisələrinin direktorları, metodistləri, ümumtəhsil məktəblərinin tərbiyə işləri üzrə məsul şəxsləri və uşaq birliklərinin rəhbərləri iştirak edib. Seminara Belarus Respublikası Təhsil Nazirliyi Uşaq və Gənclərin Milli Bədii Yaradıcılıq Mərkəzinin rəhbər şəxsləri Nadejda Vasilçenko və Larisa İsaçkina qatılıb. Tədbirdə metodiki vəsaitlərdən ibarət sərgi də təşkil olunub. Seminarda bildirilib ki, Uşaq Yaradıcılıq Mərkəzi ilə Belarusun Uşaq və Gənclərin Milli Bədii Yaradıcılıq Mərkəzi arasında artıq bir neçə ildir ki, işgüzar və dostluq münasibətləri yaranıb. Təhsil Nazirliyinin sektor müdiri Ayla Həsənova məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti barədə məlumat verib. Nadejda Vasilçenko “Milli Bədii Yaradıcılıq Mərkəzi-uşaq və gənclərin məktəbdənkənar fəaliyyətinin innovativ inkişaf mərkəzidir”, Larisa İsaçkina isə “Məktəbdənkənar müəssisələrdə uşaq və gənclərin metodiki vəsaitlə təmini” mövzularında çıxış edib, öz iş təcrübələrini bölüşüblər. Təlimdən sonra Təhsil Nazirliyində hər iki mərkəz arasında dostluq və əməkdaşlıq barədə saziş imzalanıb. Seminar çərçivəsində belaruslu qonaqlar Təhsil Nazirliyinin və Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən Belarus Mərkəzinin qonağı olacaq, Heydər Əliyev Mərkəzinə, şəhərimizin tarixi abidələrinə və görməli yerlərinə ekskursiya edəcəklər. Seminar noyabrın 16-dək davam edəcək.
15/11/2016 17:35
Diaqnostik qiymətləndirmənin keçirilməsinə başlanılır
Noyabrın 15-də Təhsil Nazirliyində ölkənin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında bildirilib ki, ilk diaqnostik qiymətləndirmə 21-23 noyabr 2016-cı il tarixlərində Quba Olimpiya İdman Kompleksində təşkil olunacaq. 3 gün ərzində keçiriləcək imtahanlarda Qusar, Quba, Şabran, Siyəzən və Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaq. Qobustan, İsmayıllı, Şamaxı rayonlarında çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi 27-28 noyabr tarixlərində Şamaxıda, Şəmkir, Gədəbəy, Samux, Daşkəsən və Göygöl rayonları üzrə 2-4 dekabr tarixlərində Göygöldə, Ağsu, Kürdəmir, Ucar, Ağcabədi və Zərdab rayonları üzrə 8-10 dekabr tarixlərində Kürdəmirdə, Biləsuvar, Salyan və Neftçala rayonları üzrə 14-15 dekabr tarixlərində Salyanda, Lənkəran şəhəri, Astara, Yardımlı və Lerik rayonları üzrə 19-24 dekabr tarixlərində Lənkəranda keçiriləcək. Şuşa rayonunun ümumi təhsil müəssisələrinin müəllimləri dekabr ayının 25-dən sonra Bakı şəhərində imtahan verəcəklər. Şuşanın digər rayonlarda olan ümumi təhsil müəssisələrinin müəllimləri isə diaqnostik qiymətləndirmənin keçirildiyi yaxın rayonlarda imtahanlara cəlb ediləcəklər. 2015-ci ildə diaqnostik qiymətləndirmənin keçirildiyi rayon və şəhərlərdə çalışan, müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər üçün də qiymətləndirmədə iştirak etmək məqsədilə şərait yaradılacaq. Xaçmaz rayonu üzrə diaqnostik qiymətləndirmədə iştirak edə bilməyən müəllimlər Qubada, Gəncə şəhəri üzrə müəllimlər Göygöldə, İmişli rayonu üzrə müəllimlər Kürdəmirdə, Sabirabad, Saatlı, Hacıqabul rayonları və Şirvan şəhəri üzrə müəllimlər Salyanda, Masallı və Cəlilabad rayonları üzrə müəllimlər Lənkəranda, Abşeron, Qubadlı rayonları və Sumqayıt şəhəri üzrə müəllimlər Bakı şəhərində keçiriləcək imtahanlara cəlb ediləcəklər. Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla bu barədə ətraflı məlumat ala bilərlər. Hər bir namizədin şəxsi səhifəsində diaqnostik qiymətləndirmənin keçirilmə tarixi və vaxtı ilə bağlı məlumat yerləşdiriləcək. Eyni zamanda həmin saytda diaqnostik qiymətləndirmənin elektron qaydada kompüter vasitəsi ilə keçirilməsi və hər bir müəllimin imtahana qədər kompüterdən istifadə verdişlərinin inkişaf etdirilməsi məqsədi ilə “Simulyativ test” bölməsi yaradılıb. Diaqnostik qiymətləndirmədə qeyd olunan rayonların dövlət ümumi təhsil müəssisələrində müddətsiz və müddətli müqavilə ilə çalışan müəllimlərlə yanaşı, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər. Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər. Diaqnostik qiymətləndirmənin keçiriləcəyi rayon və tarixlər
15/11/2016 13:41
Beynəlxalq seminar öz işinə başlayıb
Noyabrın 14-də “Universitetlərdə, elmi-tədqiqat və təcrübi-konstruktor müəssisələrində əqli mülkiyyət siyasəti və elmi-tədqiqat fəaliyyəti” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb. Müəllif Hüquqları Agentliyi (MHA), Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) əməkdaşlığı çərçivəsində təşkil olunan seminarın əsas məqsədi yeni iqtisadi siyasətə uyğun olaraq elm və təhsil ocaqlarının innovativ inkişafdakı yerinin möhkəmləndirməsidir. Seminarda açılış nitqi söyləyən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, elmi-texniki tərəqqi əqli mülkiyyət hüquqlarının qorunmasına yeni yanaşma tələb edir. Bunu nəzərə alaraq, dövlət müstəqilliyi bərpa olunduqdan sonra ölkəmizdə əqli mülkiyyət və müəlliflik hüquqlarının qorunması istiqamətində ardıcıl tədbirlər görülüb. Nazir qeyd edib ki, son illər respublikamızda əqli mülkiyyətin, o cümlədən qeyri-maddi mədəni irsin qorunması sahəsində zəruri qanunverici və institusional tədbirlərin həyata keçirilməsi davam edir. Ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müəlliflik və əqli mülkiyyət hüquqlarının qorunması məsələsinə xüsusi yer ayrılıb. 2016-cı ildə qəbul olunmuş “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, məqsədləri və prioritetləri, elmi etika və əqli mülkiyyət hüququnun qorunmasına dair maddələr daxil edilib. Mikayıl Cabbarov Təhsil Nazirliyinə tabe olan ali təhsil müəssisələrində çalışan alimlər tərəfindən hər il 150-200 monoqrafiya, 600-dən artıq dərslik və dərs vəsaiti, 10 000-dən çox elmi məqalə və məruzə tezisi nəşr olunduğunu diqqətə çatdırıb. MHA-nın sədri Kamran İmanov qeyd edib ki, konfrans Təhsil Nazirliyinin təşəbbüsü və ÜƏMT-nin dəstəyi ilə keçirilir. Kamran İmanov əqli mülkiyyət siyasətinin mahiyyətindən, ÜƏMT ilə əməkdaşlıqda həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, ali məktəblərin və təcrübi-konstruktor müəssisələrinin elmi-tədqiqat fəaliyyətinin dəstəklənməsində bu cür beynəlxalq görüşlərin müsbət rolunu qeyd edib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, ÜƏMT-in keçid iqtisadiyyatı və inkişaf etmiş ölkələr departamentinin müdiri Mixal Şvantner seminarın elm və təhsil müəssisələri arasında əlaqələrin daha da möhkəmlənməsinə kömək edəcəyinə, tərəflər üçün faydalı olacağına əminliklərini bildiriblər. Tədbirdə mövzuya dair məruzələr dinlənilib, müzakirələr aparılıb. İki gün davam edəcək beynəlxalq seminarda dövlət orqanlarının, təhsil müəssisələrinin nümayəndələri və xarici mütəxəssislər məruzə ilə çıxış edəcəklər.
14/11/2016 16:13
Azərbaycanlı tələbələr beynəlxalq müsabiqədə iştirak ediblər
İspaniyanın Tenerife şəhərində “Stars at Tenerife” III Beynəlxalq musiqi müsabiqəsi keçirilib. Müsabiqədə 10 ölkənin təmsilçisi iştirak edib. Azərbaycanı bu müsabiqədə fortepiano ifaçıları, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının III kurs tələbələri Cavid Əzizov və Vüsal Aydəmirov ilə təmsil ediblər. Müsabiqənin münsiflər heyəti 9 nəfərdən ibarət dünya şöhrətli musiqiçidən ibarət olub. 19-22 yaş qrupu üzrə keçirilən müsabiqədə 8 iştirakçı arasında solo nominasiyası üzrə Cavid Əzizov II yerə, 23 və daha artıq yaş qrupu üzrə keçirilən müsabiqədə isə 9 iştirakçı arasında solo nominasiyası üzrə Vüsal Aydəmirov II yerə layiq görülüb. Müsabiqənin festival konsertində Azərbaycanın hər iki təmsilçisi Listin “Ballada” və “Raprodiya”sı, eləcə də Azərbaycan bəstəkarları F.Bədəlbəylinin “Dəniz”, T.Quliyevin “Qaytağı” musiqisini səsləndiriblər. Qeyd edək ki, BMA tələbələri münsiflər heyətinin üzvləri tərəfindən növbəti mötəbər müsabiqələrə dəvət alıblar. Belə ki, təmsilçilərimizin dekabr ayında Türkiyənin Bursa şəhərində keçiriləcək “Nilufər” adlı müsabiqədə, 2017-ci ilin yanvar ayında Gürcüstanın Tiflis şəhərində baş tutacaq II Beynəlxalq “Motsart” müsabiqəsində və aprel ayında Almaniyada təşkil ediləcək beynəlxalq müsabiqədə iştirak etmələri planlaşdırılır.
14/11/2016 12:26
Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 240 şagird yerlik Beyləqan şəhər 8 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib.
Dövlət başçısının təhsil sahəsinə göstərdiyi diqqət bu istiqamətdə tamamilə yeni və keyfiyyətli mərhələnin başlanması ilə nəticələnib. Azərbaycan dövlətinin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, son illər müasir məktəb binaları tikilib, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunub, mövcud məktəblər isə günün tələbləri səviyyəsində əsaslı təmir edilib. Təqdirəlayiq haldır ki, bu proses təkcə paytaxtla məhdudlaşmayıb, bütün bölgələri əhatə edib. Yeni məktəblərin inşası və onların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən mühüm işlər şübhəsiz ki, müəllimlərin iş, şagirdlərin isə təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından vacib addımlardandır. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən biridir. Azərbaycan Prezidenti məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, tikintisinə ötən il başlanılan məktəb binasında inşaat işləri yüksək səviyyədə yerinə yetirilib. Ümumi sahəsi 2900 kvadratmetrədək olan məktəbin foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdikləri diqqət və qayğını, həmçinin bu rayona səfərlərini əks etdirən fotolardan ibarət guşələr qurulub. Müasir sinif otaqlarının olduğu məktəbdə təlim-tədris prosesinin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Məktəbdə əyani vəsaitlə təchiz olunan fənn laboratoriyaları qurulub. Xarici dil otaqlarının, kimya, fizika və biologiya üzrə fənn laboratoriyalarının olduğu məktəbdə informatika kabineti də kompüter avadanlığı ilə təchiz edilib. Məktəbin kitabxanası dərsliklər və dərs vəsaitləri ilə təmin olunaraq şagirdlərin istifadəsinə verilib. İdman zalında da müasir qurğular quraşdırılıb. Akt zalında isə məktəbin həyatı ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür imkan var. Məktəbin ətrafında geniş yaşıllıq zolağı salınıb, abadlıq işləri görülüb. www.president.az
12/11/2016 20:54
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı