Müəllimlər üçün “Yay məktəbi”
Müəllimlər üçün təşkil olunan “Yay məktəbi” davam edir. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən reallaşdırılan proqramın əsas məqsədi müəllimlərin peşə səriştəsini qeyri-formal təhsil formasında artırmaqdan ibarətdir. “Yay məktəbi”ndə müəllimlər müasir təhsilin fəlsəfəsi, hiperaktiv şagirdlərlə işin təşkili metodikası, didaktik oyunlardan istifadə, qeyri-ənənəvi rəsmçəkmə texnikaları, dərsin planlaşdırılması, sinfin idarəedilməsi və digər mövzularda nəzəri, praktik biliklər qazanırlar. “Yay məktəbi”nin sonunda iştirakçılara sertifikatlar veriləcək.
06/07/2017 12:08
Vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılır
Son illərdə dövlət səviyyəsində görülmüş ciddi tədbirlər nəticəsində respublikada insanların hüquq və azadlıqlarının qorunması, bu sahədə qanunvericiliyə ciddi riayət edilməsi, vətəndaşa qayğı və diqqət göstərilməsi xeyli yaxşılaşıb. Prezident İlham Əliyevin dövlət qurumları qarşısında müəyyənləşdirdiyi ciddi tələblərdən biri də vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə ciddiliklə diqqət yetirilməsi ilə bağlıdır. Bu məsələyə daim toxunan dövlət başçısının əsas tələblərindən biri vətəndaşı narahat edən problemlərə həssaslıqla yanaşılmasıdır. Təhsil Nazirliyində də vətəndaş müraciətləri xüsusi əhəmiyyət kəsb edir. Müraciətlər cavabsız qalmır, vətəndaşların problemlərinin aradan qaldırılması üçün mütəmadi işlər görülür. Ötən ildən başlayaraq nazirlikdə və onun tabeçiliyində olan qurumlarda vətəndaşların qəbulu və onlara nəzarət üzrə onlayn sistem yaradılıb. Bu portalın fəaliyyəti vətəndaşların qəbula yazılması, yönləndirilməsi, qəbul prosesinin müşahidəsi, SMS göstəriş sistemi vasitəsi ilə qəbulun keçirilmə vaxtı barədə məlumat verilməsi, qəbulun nəticələrindən nə dərəcədə razı qalmasının öyrənilməsinə imkan yaradır. Təhsil naziri Mikayıl Cabbarov çıxışlarında bunun vətəndaşlarla işə nə dərəcədə önəm verildiyinin göstəricisi olduğunu deyib: “Nazirliyin illik iş planında qarşıya qoyulan məqsəd və vəzifələr müəyyənləşdirilərkən əsas mənbələrdən biri məhz müraciətlərdir. Həyata keçirdiyimiz islahatlarda onları mütləq nəzərə alırıq”. Təhsil Nazirliyinin məqsəd və vəzifələrini müəyyənləşdirərkən əsas mənbə rolu oynayan həmin müraciətlər İnformasiya şöbəsinin Telefon Məlumat Mərkəzi və Vətəndaşların Qəbulu Mərkəzi vasitəsi ilə daxil olur. Sorğu və şikayətlər, rəy və təkliflərin əksini tapdığı müraciətlər müxtəlif şöbələrdə araşdırılır və müvafiq tədbirlər görülür. İnformasiya şöbəsinin müdir müavini Yaşar Zeynalov qəzetimizə açıqlamasında bildirib ki, Təhsil Nazirliyində və tabe qurumlarında vətəndaşların qəbulu və ona nəzarət onlayn sistem üzrə indiyədək 20225 qəbulla bağlı müraciət daxil olub. Onlardan 19685 müraciət cavablandırılıb, 13202-si başa çatıb, 6483-ü isə yekunlaşmayıb. Hazırda 540 müraciət üzrə araşdırılma aparılır. Həmin 19685 müraciətdən 3458-i qismən razı, 6100-ü isə müraciətlərin araşdırılmasından razı olduqlarını bildiriblər. Y.Zeynalov vurğulayıb ki, daxil olan müraciətlər əsasən sorğu xarakterli olur: “Mövsümi müraciətlər üstünlük təşkil edir. Odur ki, hazırda təhsil sahəsində yeniliklər artdığından müraciətlərin sayında da artım müşahidə olunur. Bunu həm Telefon Məlumat Mərkəzinə, həm də Vətəndaşların Qəbulu Mərkəzinə daxil olan müraciətlərin ötən ilin müvafiq dövrü ilə müqayisəsi də təsdiq edir. Məsələn, Telefon Məlumat Mərkəzinə ötən ilin may ayında 8331 müraciət daxil olub. Bu ilin may ayında müraciət edənlərin sayı iki dəfədən də çox artaraq 17 685-ə çatıb. 2017-ci ilin iyun ayında 2016-cı illə müqayisədə fəallıq müşahidə olunub. Belə ki, ötən il elə həmin mərkəzə müraciət edənlərin sayı 12683 olubsa, bu il bu rəqəm 16723-dür. Vətəndaşların Qəbulu Mərkəzində isə vəziyyət fərqlidir. Belə ki, burada ötən illə müqayisədə müraciət edənlərin azaldığı müşahidə olunur”. Y.Zeynalov deyib ki, təhsil sahəsində baş verən yeniliklər müraciətlərin statistikasına təsir edir: “Ümumi təhsil məsələləri ilə bağlı 2017-ci ildə müraciətlərin statistikasına baxsaq görərik ki, ilin ilk iki ayında - yanvar və fevralda müraciətlərdə ciddi azalma var. Mart ayında isə birdən-birə 3 dəfə artım müşahidə olunub. Çünki Bakı şəhərinin ümumtəhsil məktəblərində 1-ci sinfə qəbulda yeni qaydaların tətbiqi böyük ajiotaj yaratdı və gözlənilmədən müraciətlərin artmasına səbəb oldu. Müraciətlərin sayının bu ay da çox olacağı gözlənilir. Ötən ay müəllimlərin yerdəyişməsi həyata keçirildi. Bu ay isə işə qəbulla bağlı müsabiqə başladı. Bununla əlaqədar olaraq müraciətlərin artacağı proqnozlaşdırılır”. Müraciətlərin əhatə etdiyi mövzular təhsil sənədlərinin tanınması (nostrifikasiya), kadr və ümumi təhsil məsələləri ilə bağlı olub. Nostrifikasiya ilə bağlı müraciətlər bu il azalmağa başlayıb. Bu səpkili müraciətlərin sayı ötən ilin yanvar ayında 4293, cari ilin yanvarında isə 3212 olub. Yaşar Zeynalov bu məsələdə son illərdə bəzi dəyişikliklər olduğunu, ötən ilin oktyabrından başlayaraq Akkreditasiya və Nostrifikasiya İdarəsinin nostrifikasiya şöbəsində bu sahədə həyata keçirilən fəaliyyətin öz bəhrəsini verdiyini bildirib: “Müraciətlərdəki azalmanı bununla əlaqələndirmək olar. Nəticədə təhsil sənədlərinin tanınması ilə bağlı 2017-ci ildə sorğuların və şikayətlərin sayı əvvəlki il ilə müqayisədə 2 dəfə azalıb. Kadr məsələləri ilə bağlı bu il ərzində müraciət edənlərin sayının artım dinamikası isə əksər rayonlarda keçirilən diaqnostik qiymətləndirmə ilə əlaqələndirilir”. Göründüyü kimi, əhalinin bütün təbəqələrinin gündəlik qayğılarından biri olan təhsil məsələləri də daim diqqət mərkəzindədir. Nazirlikdə bu sahədə bir çox yeniliklərin tətbiqi artıq öz müsbət nəticəsini verməkdədir. “Azərbaycan” qəzeti
05/07/2017 10:33
“Sərhəd” hərbi-idman oyununun qalibləri mükafatlandırılıb
Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş tədbir keçirilib. Təhsil Nazirliyi, Dövlət Sərhəd Xidməti, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə hər il ənənəvi olaraq təşkil edilən “Sərhəd” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd gənc nəsli Vətənə hörmət ruhunda tərbiyə etmək, yaradıcı, düşünən, sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaqdır. Oyunların nəticələrinə əsasən, I yeri Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin “Şimşək” komandası, II yeri Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbin “Ləkin” komandası, III yeri isə Beyləqan rayonu Araz qəsəbəsi 1 nömrəli tam orta məktəbin “Araz” komandası tutub. Qaliblərə diplom, medal, kubok və qiymətli hədiyyələr təqdim olunub.
05/07/2017 09:46
Təhsil dialoqu çərçivəsində görüş
İyulun 4-də Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə təhsil dialoqu çərçivəsində işçi qrupun ilk iclası öz işinə başlayıb. İki gün davam edəcək iclası təhsil naziri Mikayıl Cabbarov açaraq qonaqları salamlayıb, iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində təhsil əlaqələrinin inkişafını yüksək qiymətləndirib və əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb. Sonra Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov və Türkiyə milli təhsil nazirinin müavini Orhan Erdemin iştirakı ilə hər iki ölkənin təhsil qurumlarının aidiyyəti sahələri üzrə təmsilçilərinin işçi görüşü olub. Görüş çərçivəsində iki ölkə arasında təhsil sahəsində münasibətlərin cari vəziyyəti, hüquqi baza və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
04/07/2017 17:24
İyun ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 22 850 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin iyun ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 22 850 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 18 927 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 923 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 2 157 sənəd (1028 məktub, 574 ərizə, 555 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox müəllimlərin yerdəyişməsi və işə qəbulu, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbulu və müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı məsələləri əhatə edib. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin cümə (4 986 zəng) və cümə axşamı (4 535 zəng) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin cümə (1144 müraciət), bazar ertəsi (837 müraciət) və cümə axşamı (834 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 15:00-dək müraciət edilib.
04/07/2017 10:18
«Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası» mövzusunda təlim kursları keçirilir
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Təhsil İnstitunun Təhsil Texnologiyaları Mərkəzi ilə birlikdə “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda təlim kursları təşkil edib. Təhsi İşçilərinin Peşəkar İnkişafı İnstitutunda keçirilən 6 günlük təlimin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdır. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn bu siyasətin reallaşdırılması məqsədilə məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün keçirilən təlim nəzəri biliklərlə yanaşı, praktik bacarıqların formalaşdırılması istiqamətində aparılır. Təlimi uğurla başa vuran müdavimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikat veriləcək.
03/07/2017 15:33
“Məktəblinin dostu” layihəsi çərçivəsində “Yay məktəbi”nin açılışı olub
İyulun 3-də “Məktəblinin dostu” layihəsi çərçivəsində “Yay məktəbi”nin açılış mərasimi keçirilib. Tədbir Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 276 nömrəli tam orta məktəbdə təşkil olunub. Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, millət vəkilləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri və təhsil ekspertləri iştirak edib. “Yay məktəbi”nin təşkil olunmasının əsas məqsədi yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaq və əyləncəli proqramlar təşkil etməklə yeni nəsil intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılmasıdır. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, “Yay məktəbi”nin təşkil olunması dövlətin məktəblilərə qayğısının nəticəsidir. Nazir müavini öz çıxışında qeyd edib ki, “Yay məktəbi” Bakı şəhərində 18 ümumtəhsil məktəbini əhatə edəcək. 6 həftə baş tutacaq “Yay məktəbi” zamanı 1000-dən çox şagird üçün təlim, seminar və informativ sessiyalar keçiriləcək, müxtəlif idman yarışları, əyləncəli saatlar təşkil olunacaq. Məktəb iki mərhələdə - iyulun 3-dən 28-dək layihəyə daxil olan 18 məktəbin 5 və 6-cı, avqust 1-dən 31-dək isə 7 və 8-ci sinif şagirdləri üçün təşkil ediləcək. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev “Yay məktəbi”nin şagirdlərin gələcək həyatına müsbət təsir edəcəyini və daha çox uğur qazanmalarına səbəb olacağını vurğulayıb. Tədbirdə çıxış edən digər natiqlər də “Yay məktəbi”nin əhəmiyyətli olduğunu önə çəkib, şagirdlərə uğurlar arzulayıblar. Mərasimin rəsmi hissəsindən sonra “Yay məktəbi” açıq elan olunub. Tədbir konsert proqramı ilə davam etdirilib. Qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparılmaqdadır.
03/07/2017 13:34
İdman klubları rəhbərlərinin iştirakı ilə müşavirə
Təhsil Nazirliyində ali təhsil müəssisələrinin idman klubları rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşları, ali təhsil müəssisələrinin idman klublarının nümayəndələri və digər rəsmi şəxslər iştirak edib. Müşavirədə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə bədən tərbiyəsi və idmana göstərilən dövlət qayğısından, bu sahədə nazirlik tərəfindən görülən işlərdən, təhsil alanların sağlamlığının qorunmasında idman və bədən tərbiyəsinin əhəmiyyətindən danışıb. Nazir müavini tələbələrin idmana cəlb olunması işinin yaxşılaşdırılması və digər istiqamətlərdə müvafiq tövsiyə və tapşırıqlarını verib. Tədbirdə çıxış edən bir sıra idman klublarının rəhbərləri kadr məsələlərindən, il ərzində idmançıların qazandığı uğur və nailiyyətlərdən, həmçinin klublarda olan mövcud vəziyyətdən söz açıb, bu istiqamətdə fəaliyyətin yaxşılaşdırılması ilə bağlı müvafiq təkliflər verib. Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.
03/07/2017 12:25
Qəbələdə keçirilən beynəlxalq yarışa və Ümumrespublika birinciliyinə yekun vurulub
İyulun 1-də Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, UNİCEF-in Bakı ofisinin, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilmiş "Gənc xilasedici" V Beynəlxalq yarışına və "Gənc xilasedici və yanğınsöndürən" VI Ümumrespublika birinciliyinə yekun vurulub. Yekun tədbirlərdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov iştirak edib. Əvvəlcə gənc xilasedicilərin nümunəvi təlim çıxışları nümayiş etdirilib. Sonra Qəbələ Konqres Mərkəzində “Dəyirmi masa” keçirilib. Bildirilib ki, keçirilən yarışlar gənclərin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində təcrübə və biliklərə yiyələnməsi baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda bu tədbirlər müxtəlif ölkələrin gənc xilasediciləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulması və möhkəmlənməsinə şərait yaradır. Tədbir iştirakçıları əcnəbi və yerli məktəblilərin əl işlərindən təşkil olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” sərgisinə də tamaşa ediblər. Tədbirdə yarışlar haqqında FHN-in hazırladığı videoçarx nümayiş etdirilib, bədii hissə təqdim olunub. Qeyd edək ki, komandalar yarışlarda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar. Beynəlxalq yarışda I yeri Azərbaycan, II yeri Gürcüstan, III yeri isə Rusiya Federasiyası və Belarus komandaları tutub. Ümumrespublika birinciliyində isə I yerə Bakı şəhəri 220 nömrəli, II yerə Mingəçevir şəhəri 13 nömrəli, III yerə isə Sumqayıt şəhəri 43 nömrəli tam orta məktəblərin komandaları layiq görülüb. Tədbirdə iştirak edən nazirlər qalibləri təbrik edərək onlara uğurlar arzulayıblar. Sonda qalib komandalara mükafatlar, qaliblərə isə Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
01/07/2017 15:37
Müəllim olmaq istəyənlər üçün elektron sınaq imtahanları keçiriləcək
Cari ilin iyulunda Təhsil İnstitunun Təhsil Texnologiyaları Mərkəzi müəllim olmaq istəyənlər üçün yeni suallardan ibarət növbəti elektron sınaq imtahanı keçirəcək. Sınaq imtahanları həm Azərbaycan, həm də rus bölməsi üçün nəzərdə tutulub. İmtahanlar Bakı şəhəri 220 nömrəli tam orta məktəbdə elektron imtahan mərkəzində təşkil olunacaq. Elektron sınaq imtahanının üstünlüyü ondan ibarətdir ki, iştirakçılar imtahan bitən zaman dərhal öz nəticələrini görə bilirlər. Qeyd edək ki, bu imtahanlar cari ilin aprelindən keçirilir və ölkənin bütün bölgələrindən müəllim olmaq istəyənlər sınaq imtahanlarında iştirak edir. Elektron sınaq imtahanında iştirak üçün Təhsil Texnologiyaları Mərkəzinə müraciət edərək qeydiyyatdan keçmək mümkündür.
30/06/2017 16:59
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı