Prezident İlham Əliyev Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki 74 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, 38 sinif, 2 informatika, 3 laboratoriya, idman və akt zalları, hərbi otaq, yeməkxanadan ibarət məktəbin mövcud korpusu 1960-cı ildən fəaliyyət göstərir. Məktəbdə əsaslı təmir işləri Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən aparılıb. Təhsil müəssisəsinin yerləşdiyi ərazinin sahəsi 11 min kvadratmetrə yaxındır. 912 şagird yerlik məktəbdə tədrisin müasir səviyyədə qurulması üçün hər cür şərait yaradılıb. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təhsilə göstərdikləri qayğını əks etdirən fotolardan ibarət stend yaradılıb. Bina müasir səviyyədə əsaslı təmir olunub. Burada videomüşahidə, səsgücləndirici, yanğın xəbərdarlığı və internet sistemləri quraşdırılıb. Tədris müəssisəsi zəruri mebel-inventar və digər avadanlıqla tam təchiz olunub. Yeni tədris ilində şagirdlərin ixtiyarına veriləcək futbol meydançasında da lazımi idman qurğuları qoyulub. Məktəbin həyətyanı ərazisində geniş abadlıq işləri aparılıb, işıqlandırma sistemi quraşdırılıb. Məktəbdə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı. www.president.az
05/09/2017 09:29
“Məktəblinin dostu” layihəsi çərçivəsində “Yay məktəbi” başa çatıb
“Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi” başa çatıb. “Yay məktəbi”nə şagirdlər arasında keçirilən badminton üzrə yarışların final mərhələsi ilə yekun vurulub. Tədbirdə çıxış edən “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev, millət vəkili Adil Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev “Yay məktəbi”nin şagirdlərin bacarıqlarının üzə çıxarılmasında, onlara sağlam həyat tərzinin aşılanmasında əhəmiyyətli rol oynadığını bildiriblər. Daha sonra yarışlara start verilib. Yarışlara Bakı şəhəri üzrə “Yay məktəbi”nin əhatə etdiyi 12 ümumi təhsil müəsssisəsinin VII-VIII sinif şagirdlərindən ibarət badminton komandaları qatılıb. Seçmə yarışların nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 57, 95, 284 və 286 nömrəli tam orta məktəblərin komandaları finala yüksəliblər. Final qarşılaşmasında 286 və 95 nömrəli tam orta məktəbinin şagirdləri yarışıb. Gərgin mübarizə şəkilində keçən oyunda 286 nömrəli tam orta məktəbinin şagirdləri qələbə qazanıb. Qalib komandaya kubok, II və III yeri tutan komandalara isə medal və diplom təqdim olunub. Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdindəki ümumi təhsil müəssisələrində reallaşdırılmış “Yay məktəbi”ndə iyulda V-VI, avqustda VII-VIII sinif şagirdləri iştirak ediblər. Bu müddətdə 1000-dən çox məktəbli üçün təlim, seminar, informativ sessiya, idman yarışları və əyləncəli saatlar təşkil edilib. “Yay məktəbi”nin təşkil olunmasının əsas məqsədi yay istirahəti dövründə uşaqlara keyfiyyətli təhsil imkanları yaratmaq, əyləncəli proqramlar təşkil etməklə intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılmasıdır. Xatırladaq ki, “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.
31/08/2017 19:11
“Elektron Təhsil” Respublika müsabiqəsinə start verilir
Sentyabrın 6-da “Elektron Təhsil” Respublika müsabiqəsinə start veriləcək. Müsabiqənin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarına əsaslanan yenilikçi tədris üsullarını təşviq etməkdir. Müsabiqə müəllim, şagird və tələbələr tərəfindən yaradılmış elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmağa, tədris prosesində İKT-dən və elektron resurslardan fəal istifadə imkanlarını genişləndirməyə şərait yaradır. Müsabiqə 3 istiqamət olmaqla, 6 nominasiya üzrə keçiriləcək. Müsabiqə ilə bağlı daha ətraflı məlumatı musabiqe.edu.az saytından almaq mümkündür. “Elektron Təhsil” Respublika müsabiqəsində münsif və ya ekspert qismində iştirak etmək istəyən şəxslər bununla bağlı http://musabiqe.edu.az/news/14501/ linkinə daxil ola bilərlər. Müsabiqə “AzEduNet”, “Ultra”, “Edumedia Azərbaycan”, “Nar” mobil operatoru və "Təhsildə İnnovativ Texnologiyar" əlavə təhsil mərkəzi tərəfindən dəstəklənir. Müsabiqə qaliblərinə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunacaq.
31/08/2017 09:51
"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminə start verilib
Avqustun 30-dan “Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçiminə start verilib. Əlavə ixtisas seçimində iştirak üçün "ASAN xidmət” mərkəzlərinə və ilk peşə-ixtisas təhsili müəssisələrinə müraciət etmək mümkündür. Sentyabrın 7-dək davam edəcək bu prosesə birinci mərhələdə iştirak edənlərlə yanaşı, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən digər şəxslər də qatıla bilər. İlk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilir. Qeyd edək ki, 1-22 avqust tarixlərində keçirilən birinci mərhələdə 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. Bakı və Gəncə şəhərlərində yerləşən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə həm dövlət, həm də ödənişli əsaslarla qəbul yalnız "ASAN xidmət” mərkəzlərində aparılır. Sumqayıt, Abşeron, Bərdə, Masallı, Sabirabad, Qəbələ şəhər və rayonları üzrə dövlət hesabına qəbul "ASAN xidmət” mərkəzlərində, ödənişli əsaslarla şagird qəbulu isə müvafiq rayon və şəhərlərdəki ilk peşə-ixtisas təhsili müəssisələri tərəfindən həyata keçirilir. Ötən tədris ilindən başlayaraq Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.
30/08/2017 14:24
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında protokol imzalanıb
Avqustun 30-da Azərbaycan Respublikası Təhsil Nazirliyi və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Müəllimlərin potensialının artırılması və Təhsil Nazirliyi üçün təhsil informasiya sisteminin yaradılması” texniki yardım (qrant) layihəsi üzrə müzakirə protokolu imzalanıb. Müzakirə protokolunu təhsil naziri Mikayıl Cabbarov və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ölkə üzrə direktoru Çoi Yonjae imzalayıb. Layihənin əsas məqsədi təhsil informasiya sisteminin, müəllimlərin təlimi üçün onlayn elektron tədris portalının yaradılması, Koreya texnologiyalarının əsaslarını və inkişaf təcrübəsini bölüşməklə müəllimlərin təkmilləşdirilməsinə töhfə verilməsidir. Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda təhsilin modernləşdirilməsi, təhsildə informasiya texnologiyalarının tətbiqi istiqamətində atılan addımlardan danışıb. Nazir qeyd edib ki, müəllimin yeni rolu, üstün peşəkarlıq vərdişləri həm də tədrisdə tətbiq edəcəyi İKT bacarıqlarından asılıdır. İKT bacarıqları biliklərin çatdırılmasında əyaniliyi təmin edir, dialoq mühiti yaradır. Son illərdə Təhsil Nazirliyinin müəllimlərin İKT bacarıqlarının artırılması, İKT infrastrukturunun yaradılması, elektron resursların bazasının genişləndirilməsi sahəsində gördüyü işlər bu prosesə təkan verib. Azərbaycanla Koreya arasında təhsil, xüsusən də informasiya-kommunikasiya texnologiyaları sahəsində əlaqələrin, həyata keçirilən layihələrin böyük əhəmiyyət kəsb etdiyini bildirən nazir İKT sahəsində dünyanın aparıcı dövlətlərindən olan Koreya ilə əməkdaşlığı yüksək qiymətləndirib. Layihə çərçivəsində əsas planın, Elektron Tədris Sisteminin, Tədrisin Məzmununun Saxlanılması Sisteminin, müəllimlərin onlayn təhsili üçün portalın, onlayn təhsil məzmununun hazırlanması, eyni zamanda server, video, audio, studiya avadanlıqları və materiallarının alınması nəzərdə tutulub. Həmçinin Elektron Tədris Sisteminin idarə olunması ilə əlaqədar Təhsil Nazirliyinin əməkdaşları və müəllimlər üçün Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən təlimlərin keçirilməsi də planlaşdırılıb. Layihə 3 il müddətində icra olunacaq.
30/08/2017 12:57
100 modul tipli məktəb istifadəyə veriləcək
Ölkəmizdə modul tipli məktəblərin inşası davam edir. Bu günədək 30 modul tipli məktəbin inşası başa çatıb, 40 məktəbdə isə bu sahədə iş davam etdirilir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur. Modul tipli məktəblər Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala, Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz, Göygöl, Tərtər ,Göyçay və digər rayonlarda inşa olunub. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Həmçinin, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesinin dayandırılmaması məqsədilə səyyar modul tipli məktəblərin quraşdırılması da nəzərdə tutulur.
30/08/2017 10:28
Tvininq layihəsi ilə bağlı yekun konfrans keçirilib
Avqustun 29-da Təhsil Nazirliyi və Avropa İttifaqının “Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Təhsil Nazirliyinə dəstək göstərilməsi” üzrə Tvininq layihəsinin yekun konfransı keçirilib. Konfransın keçirilməsində məqsəd Avropa İttifaqının vəsaiti hesabına icra olunan Tvinninq layihəsinin nəticələrini, eləcə də Təhsil Nazirliyinin ali təhsilin və tədqiqatın keyfiyyətinin yüksəldilməsinə dair yeni planlarını ictimaiyyətin nəzərinə çatdırmaq olub. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, Təhsil Nazirliyi, Finlandiyanın Təhsilin Qiymətləndirilməsi Mərkəzi, Estoniyanın Ali və Peşə Təhsilində Keyfiyyətin Təminatı Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən Tvinninq layihəsi fəaliyyətə 2015-ci ilin sentyabr ayında başlayıb. İkillik layihə çərçivəsində Azərbaycanda Avropa Ali Təhsil Məkanının (AATM) prinsiplərinə və standartlarına cavab verən keyfiyyətin təminatı, milli kvalifikasiyalar çərçivəsinin hazırlanması və tətbiq edilməsi üzrə iş aparılıb. Bundan əlavə, Azərbaycan ali təhsilində koordinasiya və şəbəkələşmənin yaxşılaşdırılması, ali təhsil və akkreditasiya üzrə hüquqi sənədlərə müvafiq düzəlişlərin edilməsi istiqamətində tövsiyələr verilib. Layihənin əsas nailiyyətlərindən biri ali təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində yeni akkreditasiya və keyfiyyətin qiymətləndirilməsi standartlarının hazırlanmasıdır. Layihə çərçivəsində Azərbaycanın üç pilot universiteti -Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində keyfiyyət qiymətləndirmələri həyata keçirilib, hazırlanmış standartlar sınaqdan keçirilib. Çıxış edənlər layihə ilə bağlı görülən işlərdən danışıblar. Konfransda Azərbaycanda ali təhsilin daha da yaxşılaşdırılması üçün verilən tövsiyələr və əldə olunan nəticələrin tətbiqi məsələləri müzakirə edilib. Tədbirdə Tvinninq layihəsinin ekspertləri, pilot universitetlərin və qiymətləndirmə qruplarının nümayəndələri təqdimatlarla çıxış ediblər.
29/08/2017 16:17
Müəllimlərə sertifikatlar verilib
Paytaxtdakı ümumi təhsil müəssisələrinin müəllimləri üçün növbəti “Yay məktəbi” təşkil olunub. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən reallaşdırılan proqram 5 gün davam edib. Cari ildə 3-cü dəfə təşkil olunan “Yay məktəbi”nin əsas məqsədi müəllimlərin peşə səriştəsini qeyri-formal təhsil formasında artırmaqdan ibarətdir. Proqram çərçivəsində müəllimlər müasir təhsilin fəlsəfəsi, hiperaktiv şagirdlərlə işin təşkili metodikası, didaktik oyunlardan istifadə, qeyri-ənənəvi rəsmçəkmə texnikaları, sinfin idarəedilməsi, yazılı nitqin inkişafı, qiymətləndirmə vasitələrinin hazırlanması, sinif komandasının formalaşdırılması və digər mövzularda nəzəri, praktik biliklər qazanıblar. “Yay məktəbi”nin sonunda bütün iştirakçılara müvafiq sertifikatlar verilib. Qeyd edək ki, ümumilikdə, “Yay məktəbi”ndə ibtidai sinif, Azərbaycan dili, fizika, riyaziyyat müəllimləri iştirak edib.
29/08/2017 15:11
Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri bəlli oldu
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun mərhələsi (müsahibə) başa çatıb. Namizədlərin nəticələri şəxsi səhifələrinə göndərilib. Müsahibədə iştirak edənlərdən 4454 nəfəri müəllim adını qazanıb. Müsahibədən uğurla keçib müəllim adını qazanan namizədlər sentyabrın 5-dək təyin olunduqları müəssisələrdə və ya yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər. Müvafiq keçid balını toplayan, lakin müsahibə mərhələsində iştirak etməyən namizədlər 7-8 sentyabr tarixlərində keçiriləcək növbəti yerləşdirmədə iştirak edə bilərlər. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 29-30 avqust tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) zəng edə, office@edu.gov.az və Vətəndaşların Qəbulu Mərkəzi vasitəsi ilə qeydiyyatdan keçə bilərlər. Apellyasiyanın keçiriləcəyi vaxt və yer barədə məlumat namizədin şəxsi səhifəsinə göndəriləcək.
29/08/2017 10:25
Şagirdlərin və valideynlərin nəzərinə!
2017-2018-ci tədris ilində dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadəsinə veriləcək dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb. Tədris ili başlamazdan əvvəl dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur. Şagirdlərdən və onların valideynlərindən müvafiq dövlət ümumtəhsil məktəbinə sentyabrın 8-nə qədər müraciət edərək dərslikləri əldə etmələri xahiş olunur. Hansısa səbəbdən dərsliklərlə təminatda çətinliklər yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir.
29/08/2017 09:57
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı