"ASAN peşə” layihəsi üzrə qəbul olanların qeydiyyat vaxtı uzadılıb
2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olan şəxslərin qeydiyyat vaxtı uzadılıb. 1-22 avqust tarixlərində keçirilən birinci mərhələdə 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər aşağıda qeyd olunan sənədləri avqustun 30-dək qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisəsinə təqdim etməlidirlər: 1. Təhsil haqqında sənədin əsli; 2. Tibbi arayış; 3. Şəxsiyyət vəsiqəsi (surəti); 4. 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil; 5. Hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər); “Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçiminə avqustun 30-dan start veriləcək. Qeyd edək ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilib. Sənəd qəbulunda 10 min 277 nəfər qeydiyyatdan keçib. Ötən tədris ilindən başlayaraq Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir. İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslərin siyahısı
27/08/2017 15:57
Orta attestat balı “5” olanlar peşə təhsilini seçib
Boş qalan yerlərə də rəqabət güclü olacaq 2017-2018-ci tədris ili üzrə “ASAN Peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb. 1-22 avqust tarixlərində keçirilən birinci - ixtisas seçimi mərhələsində iştirak edən 10277 nəfərdən 8651 nəfəri ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, bu il peşə-ixtisas təhsili müəssisələrinə qəbulda böyük fəallıq müşahidə olunub: “Gözlənildiyi kimi, əhali “ASAN Peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbuluna çox böyük maraq göstərib. Qəbul prosesində fəal iştirak edən namizədlər və valideynləri seçim edərkən “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən könüllülərin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələrinin köməyindən həvəslə yararlanıblar. Hazırda peşə-ixtisas təhsili müəssisələrinə qeydiyyat prosesi gedir. İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər bu həftə ərzində şənbə və bazar günləri də daxil olmaqla lazımi sənədləri qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisəsinə təqdim etməlidirlər”. Qeyd edək ki, qeydiyyat 28 avqusta qədər davam edəcək. “ASAN Peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçiminə isə avqustun 28-dən start veriləcək. Boş qalan yerlər barədə məlumatlar da məhz “ASAN xidmət” mərkəzlərinə təqdim olunacaq. Sentyabrın 7-dək davam edəcək həmin mərhələdə də hər kəs iştirak edə bilər: “Növbəti mərhələ birincinin davamı deyil. Həmin mərhələdə ixtisas seçiminə sadəcə ilk mərhələyə qatılıb, ancaq yer tuta bilməyənlər deyil, həm də peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən istənilən şəxs qatıla biləcək”. A.Əlili vətəndaşları bu mərhələdə xüsusilə diqqətli olmağa çağırıb: “Birinci mərhələ ilə bağlı ilk təhlillərimiz göstərir ki, prosesdən kənarda qalanların və boş yerlərin qalması, əslində, vətəndaşların düzgün seçim etməməsi ilə bağlıdır. Ya bir yer yazıblar, ya da daha çox maraq göstərilən ixtisaslar seçiblər. Ona görə də veb dizayner, kompüter ustası və operatoru, aşpaz, bərbər, elektrik və qaz qaynaqçısı, elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru mütəxəssisi kimi ixtisaslar üzrə büdcə plan yerlərini seçənlər üstünlük və bu yerlər üzrə vakansiya azlıq təşkil edir. Vətəndaşların düzgün seçim etməməsinin nəticəsidir ki, kənarda qalan namizədlərin, boş qalan yerlərin sayı kifayət qədər olub. Bunu nəzərə alaraq, avqustun 28-dən start verəcəyimiz növbəti mərhələdə iştirak etmək niyyətində olanlardan diqqətli olmalarını xahiş edirik. Bu dəfə vakansiyaların sayı azdır. Deməli, rəqabət daha güclü olacaq. Odur ki, orta bala ən uyğun 10 ixtisas seçsinlər ki, növbəti dəfə kənarda qalmasınlar”. A.Əlili onu da qeyd edib ki, ötən illə müqayisədə peşə-ixtisas təhsili müəssisələrinə maraq artdığı kimi, iştirakçılar arasında bilik səviyyəsi yuxarı olanlar da çoxalıb: “Ötən il qəbul olunanlardan 25 faizdən çoxunun əsas fənlər üzrə ümumi müvəffəqiyyət göstəricisi “4”-dən yuxarı olub. Bu il isə nəinki “4”, orta attestat balı “5” olan 50-yə yaxın namizəd qeydə alınıb. Onların bal göstəriciləri bunu deməyə əsas verir ki, gənclərin peşə təhsilinə marağı ildən-ilə yüksəlir. Bu il güclü rəqabət mühitini formalaşdıran başlıca amillərdən biri də məhz ixtisas seçiminə yüksək ballıların qatılmasıdır”. Xatırladaq ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu “ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilib. Ötən tədris ilindən başlayaraq Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN Peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir. "Azərbaycan müəllimi" qəzeti
25/08/2017 15:04
Məktəblilər üçün ekskursiya
Paytaxt məktəblilərinin Miniatür Kitab Muzeyinə ekskursiyası təşkil edilib. Ekskursiyada “Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi”nə qatılan şagirdlər iştirak edib. Ekskursiya zamanı məktəblilərə muzey haqqında ətraflı məlumat verilib, şagirdlər eksponatlarla tanış olublar. Qeyd edək ki, avqust ayından VII-VIII sinif şagirdləri üçün “Yay məktəbi”nə start verilib. Avqustun 31-dək davam edəcək “Yay məktəbi”nin II mərhələsi 400-dən artıq şagird üçün təşkil olunub. Hazırda məktəblilər üçün təlim, seminar, informativ sessiya, əyləncəli oyun və idman yarışları keçirilir. “Yay məktəbi”nə iyulun 3-dən 31-dək V-VI sinif şagirdləri qatılıb. Sonda fəal şagirdlərə sertifikatlar təqdim edilib. “Yay məktəbi”nin təşkil olunmasının əsas məqsədi yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaq və əyləncəli proqramlar təşkil etməklə intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılmasıdır. “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.
25/08/2017 12:12
Müəllimliyin bir addımlığında
Komissiya seçir, nəticə məktəbdə bəlli olacaq Avqust ayının 21-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb. 5225 nəfərin buraxıldığı həmin mərhələdə bu günədək artıq 3000-dən çox namizəd müsahibədən keçib. Avqustun 26-da başa çatacaq həmin mərhələdə müəllimlərin psixoloji durumu, praktik, metodik bilikləri yoxlanılır. Müsahibə mərhələsi də test imtahanlarının keçirildiyi məkanda - Azərbaycan Texniki Universitetinin idman zalında təşkil edilib. Universitetə yaxınlaşdıqca qələbəliyin də artdığının şahidi olursan. Qapının qarşısı isə keçilməzdir. Buraya toplaşan namizədlər içəri girməyə can atır. Ancaq qapıda dayanan mühafizə polisi hər şığıyanı içəri buraxmır. İçəridə də sırasını gözləyənlər var. İki sıra düzülən namizədlər qeydiyyat bölməsində müvafiq prosedurdan keçir. Burada onların diplomlarının uyğunluğu yoxlanılır. Müsahibə mərhələsinin başladığı bu müddət ərzində artıq 11 saxta diplom aşkarlanıb. 3 nəfərdən ibarət 20 komissiya Müsahibə iki zalda keçirilir. Bu il 20 komissiya təşkil edilib və hər komissiya gün ərzində 35-40 namizədi qəbul edir. Komissiyaların hər birinin tərkibi 3 nəfərdən - fənn müəllimi, məktəb direktoru və Təhsil Nazirliyinin əməkdaşından ibarətdir. Namizədlər müsahibə mərhələsinə hazırlıqlı gəlməlidir. Müsahibənin şərtlərinə uyğun olaraq hər namizəd icmal hazırlamalı, müsahibəyə məhz həmin icmalla gəlməli, əvvəlcədən onlara təqdim olunan ixtisaslarına uyğun mövzular ətrafında suallara da cavab verməlidirlər. Əks halda, test imtahanının nəticəsindən asılı olmayaraq, çox radikal qərarlarla üzləşə bilərlər. Məsələn, komissiyaların qərarı ilə 54-55 balla müsahibə mərhələsində dayananlar olub. Müsahibə prosesi kompüterlərin yanında quraşdırılan kameralar vasitəsilə qeydə alınır. Hər namizəd barədə komissiya üzvlərinin hər biri öz mövqeyini “uyğundur” və ya “uyğun deyil” xanasını seçərək bildirir. Sarı kameralar iş başında Kamera demişkən, zallardan birinin kamerası diqqətimizi çəkir. Axı bu sarıdır! Xatırlayırsınızsa, müəllimlərin işə qəbulunun test mərhələsində sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan sarı kartlı masalar diqqəti cəlb etmişdi. İmtahanda nəzarətçi funksiyasını həyata keçirən könüllülərin məsuliyyət daşıdığı ərazi bölgüsünü müəyyənləşdirən həmin kartlar yapışdırılan masaları müəllimliyə namizədlər xüsusiləşdirmişdi. Bir çoxları həmin masaların tapşırılmış namizədlər üçün nəzərdə tutulduğunu, həmin masalara cavabı hazır suallar təqdim olunduğunu düşünürdü. Müsahibə mərhələsində isə sarı kameralar diqqət çəkir. Məlum olur ki, təşkilatçılar zallarda kameraları fərqləndiriblər. Birində sarı, digər zalda isə çəhrayı başlıqlı kameralar namizədin müsahibəsini qeydə alır. Bir sözlə, bu dəfə masalar deyil, otaqlar fərqlənir. Maraqlıdır, “Zalın birinə xüsusi insanlar buraxılır”, - deyə düşünən olmayıb ki? Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədov bildirib ki, namizədlərin belə düşünməməsi üçün bütün tədbirlər görülüb: “Ən xırda ayrıntısına qədər hər şeyi nəzərə almışıq. Komissiyaların yeri hər gün dəyişdirilir. Bu gün 10-cu masada oturan komissiya səhərisi gün başqa masaya keçir. Komissiya üzvləri oturana qədər hansı masada olacağını bilmir. Ona görə də kiminləsə razılaşmaları, sövdələşmələri mümkün deyil. Müsahibə boyu çəkiliş aparan kameralar isə namizəd nəticə ilə razılaşmadığı təqdirdə ortaya qoyulacaq əsas sübutdur”. Uyğundur, yoxsa uyğun deyil? Komissiya üzvləri hər namizədlə bağlı qərarını verərkən bir çox məqamı nəzərə alır. Bəzən bir namizədlə bağlı fikirləri üst-üstə düşür, bəzən isə hər biri fərqli düşünür. Belə olanda müzakirə edirlər. Bəzən komissiya üzvlərinin müzakirəsi tamamlanmadan növbəti namizəd gəlir. Məcburən onu bir az gözlədirlər. Masa başında ayaq üstə gözləyən namizəd diqqətimizi çəkdiyindən maraqlanırıq. Nəyə qərar verə bilmirlər? Komissiyanın müəllimliyə layiq hesab etmədiyi həmin şəxs və ya şəxslər kimlərdir? Əsasən passiv, həvəssiz görünənlər, sadə suallara cavab verə bilməyənlər, dünyagörüşü zəif olanlar müəllimliyə uyğun görülmür. Komissiya üzvlərindən biri, Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədovun sözlərinə görə, bəzilərinin nəzəri biliyi ilə praktik bacarığı uyğun gəlmir: “Ola bilər ki, şablon suallara cavabları əzbərləyib gəlir, müsahibədə fikrini ifadə edə bilmir. Ən dəhşətlisi isə odur ki, Azərbaycanın müstəqillik tarixinə qarşı biganə namizədlərə rast gəldik. Məsələn, 20 Yanvar faciəsindən xəbərsizdirlər. 6-7 namizəd hesab edirdi ki, bu hadisələri ermənilər işğal məqsədi ilə törədib”. R.Məmmədovun sözlərinə görə, bir neçə gün ərzində bayrağın rənglərinin mənasını bilməyən, işğal altında olan ərazilərin sayından bixəbər olan kifayət qədər namizəd qeydə alınıb. Komissiyalardan birinin üzvü, Təhsil Nazirliyinin Ümumtəhsil sektorunun müdiri Firudun Həmzəyevin də namizədlərlə bağlı mövqeyi birmənalı deyil: “Ümumi səviyyədən hiss olunur ki, hazırlıqlıdırlar. Proqram materialları, ixtisasla bağlı və metodiki keyfiyyəti müəyyənləşdirən suallara cavablarından öz üzərində işlədikləri görünür. Ancaq əzbərçiliyə yol verdikləri, yaddaş biliyinə əsaslandıqları özünü büruzə verir. Aralarında 10-15 il, hətta məzun olandan müəllim işləməyənlər çoxdur və bu, müsahibə mərhələsində aydın nəzərə çarpırdı. Düşünürəm ki, elələri üçün məktəbdə şagirdlərlə ünsiyyət qurmaq o qədər asan olmayacaq”. F.Həmzəyevin fikrincə, namizədin əvvəllər əldə etdiyi bir neçə illik təcrübə müsahibə zamanı dərhal özünü göstərir. Namizədlər nə qədər hazırlaşsalar da, praktik biliyin azlığı, hətta olmaması müsahibə mərhələsində nəzərə çarpır: “Kürdəmir rayonundan olan bir namizəd bir müddət əvvəl dərs deyib. Uzun fasiləyə baxmayaraq, onun həmin kiçik təcrübəsi fərq yaradır. Tutaq ki, 2005-ci ildə məzun olub ancaq heç vaxt müəllim işləməyən namizədin yanaşmasından tamamilə fərqlənir. Ümid edirik ki, bu mərhələdən keçənlər ortaya çıxacaq çətinliklərin öhdəsindən gələcəklər”. Müəllimliyin şəhəri, kəndi olmaz Namizədlərlə bağlı bu qədər tənqiddən sonra onların komissiya üzvləri barədə nə düşündükləri maraq doğurur. Ancaq namizədlər komissiya üzvlərini haqlı sayır. Məsələn, Teyfur Bəşirov hesab edir ki, hər kəsi müəllim götürmək olmaz: “Müsahibə zamanı məni hərtərəfli sual yağışına tutdular. Hətta çaşdırıcı suallarla sınadılar. Hesab edirəm ki, məhz belə də olmalıdır. Axı, hər önünə gələni müəllim götürmək olmaz. Komissiya üzvlərinin suallarını cavablandırdım. Düşünürəm ki, nəticə pis olmayacaq”. Teyfur Azərbaycan Müəllimlər İnstitutunun Quba filialını 2015-ci ildə bitirib. Hərbi xidmətə gedib. Qayıtdıqdan sonra hazırlaşaraq müəllimlərin işə qəbulu imtahanlarına qatılıb. Test mərhələsində 51 bal toplayaraq Xaçmazın Bostançı kənd məktəbində işləmək istəyini bildirib: “Müəllimlik hər yerdə eynidir. Müəllimliyin şəhəri, kəndi olmaz. Ola bilər şəhər məktəblərində uşaqların intellektual səviyyəsi daha yüksək olur. Məsələn, Quba şəhərindəki təbiət fənləri təmayüllü məktəb-liseydə təcrübə keçdim və orada müşahidə etdim ki, həmin təhsil ocağında uşaqlar daha intellektualdır. Bunu nəzərə almasaq, müəllimlik hər yerdə eynidir. Ötən il yaşadığım kənddə müvəqqəti müqavilə ilə işlədim. İndi qonşu kənd məktəbində olan vakansiyanı tutmaq niyyətindəyəm”. Kəndə müəllim kimi qayıtmaq ən böyük arzumdur Məhəmməd Kərimli isə 45 balla Xanaqar kəndini seçib. O da Azərbaycan Müəllimlər İnstitutunun Quba filialını bitirib. Ancaq dostu və tələbə yoldaşı Teyfurdan fərqli olaraq bu onun ilk təcrübəsi olacaq: “Müəllim olmaq üçün ayrıca hazırlaşdım. İnstitut biliyim hərbi xidmət dövründə köhnəlmişdi. Müəllimliyə hazırlaşarkən gördüm ki, çox az bilirəmmiş. Amma artıq özümü müəllimliyə hazır hesab edirəm. Ailəm də çox həvəslidir. Müsahibədə də əlimdən gələni etdim. Kəndə müəllim kimi qayıtmaq arzusundayam”. Özüm də etiraf etdim ki... Xədicə Əliyeva ikinci ildir ki, imtahan verib. Gəncə Dövlət Universitetinin məzunudur. Müəllimlərin işə qəbulu üzrə test imtahanında 45 bal toplayaraq müsahibə mərhələsinə qatılıb. Daşkəsənin Dəstəfur kəndində işləmək istəyini bildirib: “Çox həyəcanlıyam. İxtisasımla bağlı, kurikuluma aid suallar verdilər. Bacardığım qədər cavablandırdım. Daha çox ixtisasıma aid suallara cavab verdim. Kurikuluma aid suallara isə zəif cavab verdim. Özüm də etiraf etdim ki, metodiki biliyim zəifdir”. Örtülü geyim, müsahibəni pozar, ya pozmaz? Müsahibə mərhələsində daha bir məqam diqqətimizi çəkir. Dini qaydalara uyğun geyinən namizədlərin sayı çox görünür. Budur, masalardan birində namizəd hicablıdır. Müsahibə bitən kimi, komissiyaya yaxınlaşırıq və dini qaydanın tələbilə geyinmiş namizədin məktəb qayda-qanunlarına nə dərəcədə uyğun olduğunu soruşuruq. Komissiya üzvü Zöhrab Kəlbəliyev məsələyə belə yanaşır: “Burda yalnız namizədlərin proqrama nə dərəcədə uyğun olduğunu müəyyənləşdiririk. Məktəb proqramından kənara çıxan suallar verilmir. Müəllim pedaqoji fəaliyyətə nə dərəcədə hazırdır, dərsi necə quracaq, metodları necə müəyyənləşdirməyi düşünür, ayrı-ayrı sahələr üzrə ümumi fikri necədi, özünəinamlıdırmı kimi məsələlərə aydınlıq gətiririk. Əlbəttə, müəllim geyimi ilə nümunə olmalıdır. Ancaq bu məsələ məktəb mühitində həllini tapmalıdır. Təbii ki, yaxşı olardı ki, müsahibəyə də müəllimdən tələb olunan geyimdə gəlsinlər. Ancaq sərbəst geyimə də irad tutmuruq. Çünki müsahibənin proqramına müəllimin geyimi ilə əlaqədar tələblər salınmayıb. Müsahibədən keçməməsinin səbəbi məhz cavabları olacaq, geyimi yox”. Sözügedən namizəd komissiya üzvlərini qane etməsə də, aralarında kifayət qədər fəal, dünyagörüşlü namizədlər də var. Komissiya üzvü Rasim Məmmədov da hesab edir ki, dini geyimə icazə verilib-verilməməsi məktəbdə həll olunur: “Biz geyimdən çox dünyagörüşünə önəm veririk. Dini qaydada geyinən namizədlərlə bağlı qərar verərkən özünün dini etiqadının müəllimliyinə nə qədər təsir edəcəyini müəyyənləşdirməyə çalışırıq. Məsələn, birindən soruşduq ki, “Şagirdiniz insanın necə yarandığını soruşsa, nə cavab verəcəksiniz?”. Cavabı hamımızı təəccübləndirdi: “Deyərəm, leylək gətirib”. Başqa biri isə “Gedin valideyninizdən soruşun, deyərəm”, - cavabını verdi”. Müsahibədən çıxan dini geyim qaydalarına uyğun namizəd fəal görünür. Ətrafındakılara danışır ki, komissiya ondan icmalını soruşub. O isə cavab verib ki, “yazmadım. Lazım bilmədim”. Özündənrazı namizəd Rəsimə Əliquliyevadır. Test imtahanında 53 bal toplayıb: “Ağdam rayon 28 nömrəli məktəbdə işləmək istəyirəm. Rayon işğal olunduğundan məktəb Bakıda yerləşir. Verilən bütün sualları cavablandırdım. İcmal yazmamışdım. Hər halda bu səbəbdən hazırlıqsız olduğumu düşündülər. Sualı suala caladılar. Ancaq həm ixtisasıma, həm də kurikuluma aid bütün sualları cavablandırdım. Elə düşünürəm ki, məndən məmnun qaldılar”. “Ümidim 70-80 faizdir” Daha bir namizəd müsahibədən özündən əmin çıxdı. Komissiyanın da ondan razı qaldığı qənaətindədir. Səyad Muxtarlı əvvəlcə adı ilə bağlı izahat verir: “Səyyad - Səyyad Əlizadədir, kişidir. Mən Səyadam”. Bu qısa tanışlıqdan sonra keçirik komissiya üzvləri ilə necə dil tapmasına: “5 ildir məzunam. Müəllimlərin işə qəbul imtahanında testdən 45 bal toplamışam. Masallının Məmmədxanlı kəndində coğrafiyanı tədris etmək istəyirəm. Müsahibə mərhələsini də uğurla başa vurduğumu düşünürəm. Ümidim 70-80 faiz təşkil edir. İxtisasıma və kurikuluma aid hərəsindən bir suala cavab verə bilmədim. Qalan bütün sualları cavablandırdım və düşünürəm ki, həmin yeri tutacam”. Könüllülükdən müəllimliyə Komissiya üzvləri barədə namizədlər nə qədər anlayışlı danışsalar da, onların arasındakı fərqi üzə çıxarıblar. Bunu könüllü Etibar Mahmudovun sözləri də təsdiq edir. Zalın girişində namizədlərin müsahibə mərhələsinə buraxılmasını təşkil edən E.Mahmudov bəzi fikirləri, müzakirələri də eşidir. Bir neçə dəqiqə ərzində müəllimliyə namizədlərə qulaq yoldaşı olan könüllü onların hər sirrinə də vaqif olur. Komissiya üzvləri haqqında nə düşündüklərini də bilir, özlərini necə apardıqlarını da görür. Beləcə bir çoxunun müəllimliyə layiq olub-olmadığına da qərar verir: “Adətən, hər müsahibədən çıxan namizəddən sonra 1 dəqiqəyə yaxın gözləyib sonra növbəti namizədi buraxıram. Bəzən komissiya üzvləri özü işarə edib növbəti namizədi çağırırlar. Çalışıram elə edim ki, burada sıxlıq yaranmasın. Hətta çox həyəcanlanan iştirakçılara kömək etməyə də çalışıram. Onlara deyirəm ki, həyəcan sizin düşməninizdir. Ona görə də həyəcanlanmayın. Bəzən namizədlərin masaları seçdiyini müşahidə edirəm. Məsələn, bu gün namizədlərdən 20-ci masaya getməyə çalışanlar oldu. İddia edirdilər ki, orada oturan mərhəmətlidir. Başqa birisi isə 10-cu masaya getmək istəmirdi. Orada oturan qadının zalım olduğunu deyirdilər. Belə hallara yol vermirəm. Hansı masa boşaldısa, namizədi göndərirəm. Düzü, elə namizədlər olur ki, buradakı davranışına baxıb müəllimliyi ona yaraşdırmıram. Müəllim nəvəsiyəm. Neçə illər babamın, müəllim olan yaxınlarımın davranışını müşahidə etmişəm. Bu imtahanlarda könüllü kimi iştirak etdiyim günlərdə müəllimliklə bağlı xəyallarım böyüdü. Dəmiryol liseyində təhsil alıram. Ancaq düşünürəm ki, ixtisasım üzrə yaxşı kadr olub onu başqalarına da öyrədim”. Bu seçimin nəticəsi məktəbdə bəlli olacaq Bu həftə müsahibə mərhələsi də yekunlaşır. Müsahibənin nəticələri növbəti həftənin əvvəli hər bir müəllimin şəxsi səhifəsində yerləşdiriləcək. Gələn həftə kim müəllim ola bildi, kim yox, hər kəs biləcək. Bəziləri özünü müəllimliyə layiq görsə də, buna nail ola bilməməsinin günahını başqalarında axtaracaq. Başqa birisi isə sadəcə, daha yüksək nəticə əldə etmək üçün qətiyyətlə çalışacaq. Müsahibə komissiyasının iti nəzərlərindən üzüağ, alnıaçıq çıxanlar isə təyin olunduqları yerlərdə işə başlayacaqlar. Komissiya üzvü Firudun Həmzəyevin fikrincə, “kim necə müəllim olacaq?” sualının cavabı da məhz onda üzə çıxacaq: “Namizədlərin müəllimlik üçün bütün tələblərə cavab verib-vermədikləri məhz məktəblərdə bəlli olacaq. 5-10 dəqiqə söhbətlə bunu indi müəyyən etmək olmaz. Onu sinifdə yoxlamaq lazımdır ki, görək uşaqları ələ ala bilirmi, öyrədə bilirmi, öyrətmək üçün özü müvafiq bazaya malikdirmi? Ən yüksək savad və dünyagörüşə sahib elə namizədlər olur ki, sinifdə uşaqları ələ ala bilmir, heç nə öyrətmir. Bir sözlə, bu seçimlərin nəticəsi necə olacaq, məktəblərdə bəlli olacaq”. “Azərbaycan müəllimi” qəzeti
25/08/2017 11:12
Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb
Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb. İyulun 17-dən transfer.edu.az portalından 1450 nəfər tələbə orta ixtisas təhsil müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçib. Onlardan 309 nəfəri sorğusunu təsdiq edib. Portal vasitəsi ilə ali təhsil müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçənlərin sayı 3650 nəfər olub. Onlardan 1100 nəfəri öz sorğusunu təsdiq edib. Tələbələr tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilirlər. Nəticələr sentyabr ayında elan olunacaq. Ötən ildən etibarən, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.
23/08/2017 14:35
Prezident İlham Əliyev Bakının Xətai rayonundakı 257 nömrəli tam orta məktəbin yeni korpusunda yaradılan şəraitlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yeni korpusda görülən işlər barədə dövlət başçısına məlumat verdi. Bildirildi ki, məktəbin 1176 şagird yerlik mövcud korpusu 1974-cü ildən fəaliyyət göstərir. Məktəbdə 38 sinif, 3 informatika, 3 laboratoriya, idman və akt zalları, yeməkxana var. Bu təhsil ocağının mövcud korpusu Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı Sərəncamla təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq əsaslı təmir edilib. Burada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Məktəbin yeni tikilən korpusu üçmərtəbəlidir. Foyedə ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təhsil sahəsinə göstərdikləri diqqəti əks etdirən fotostend quraşdırılıb. Yeni korpus Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planında təhsil sahəsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrasına uyğun olaraq inşa edilib. Burada 24 sinif otağı, 1 informatika kabineti, fizika, kimya və biologiya laboratoriyaları var. 672 şagird yerlik əlavə korpus təhsil ocağında birnövbəli dərs rejiminə keçməyə imkan yaradır. Yeni korpusun istifadəyə verilməsi ilə 257 nömrəli tam orta məktəb 1848 şagird yerlik olacaq. Müasir səviyyədə inşa edilən binada videomüşahidə və yanğın xəbərdarlığı sistemləri yaradılıb. Yeni korpus internet, mebel-inventar və digər zəruri avadanlıqla da təchiz edilib. Təhsil müəssisəsinin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb. www.president.az
23/08/2017 14:08
ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb
2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb. 1-22 avqust tarixlərində keçirilən birinci mərhələdə 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər aşağıda qeyd olunan sənədləri 23-27 avqust tarixlərində (şənbə və bazar günləri daxil olmaqla) qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisəsinə təqdim etməlidirlər: 1. Təhsil haqqında sənədin əsli; 2. Tibbi arayış; 3. Şəxsiyyət vəsiqəsi (surəti); 4. 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil; 5. Hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər); “Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçiminə avqustun 28-dən start veriləcək. Qeyd edək ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilib. Sənəd qəbulunda 10 min 277 nəfər qeydiyyatdan keçib. Ötən tədris ilindən başlayaraq Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir. İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslərin siyahısı
22/08/2017 20:42
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir
Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada aparılan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. Bu mərhələdə müəllimlərin psixoloji durumu, ümumi dünyagörüşü yoxlanılır. Müsahibə mərhələsi avqustun 26-dək davam edəcək. Müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar namizədlərin şəxsi səhifəsinə göndərilib. Müsahibə mərhələsinə dəvət edilən namizədlərdən şəxsiyyət vəsiqəsini, ali və ya orta ixtisas təhsili haqqında diplomu və diploma əlavəni gətirmək tələb olunur. Müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yeri tutmaq üçün kifayət etmədiyinə görə müsahibə mərhələsinə keçmək hüququ qazanmayan namizədlər sentyabrın əvvəllərində keçiriləcək növbəti yerləşdirmədə iştirak edə biləcəklər. Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.
22/08/2017 15:10
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır
21-26 avqust 2017-ci il tarixlərində ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada aparılan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək. Müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar namizədlərin şəxsi səhifəsinə göndərilib. Müsahibə mərhələsinə dəvət edilən namizədlərdən şəxsiyyət vəsiqəsini, ali və ya orta ixtisas təhsili haqqında diplomu və diploma əlavəni gətirmək tələb olunur. Müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yeri tutmaq üçün kifayət etmədiyinə görə müsahibə mərhələsinə keçmək hüququ qazanmayan namizədlər sentyabrın əvvəllərində keçiriləcək növbəti yerləşdirmədə iştirak edə biləcəklər. Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.
19/08/2017 13:30
Çində təhsil alan tələbə: “Professor və tələbələr arasında çox gözəl dialoq mövcuddur”
Cavidə Elçin qızı Əliyeva 1990-cı il oktyabrın 30-da Bakı şəhərində anadan olub. 1997-ci ildə 175 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olunub. 2008-ci ildə 1 nömrəli tam orta məktəbi bitirib. Həmin ildə Çin dili və ədəbiyyatı ixtisası üzrə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olub. 2011-ci ildə Bakıda ilk dəfə açılan Konfutsi İnstitutunun xətti ilə Çin Xalq Respublikasının Jilin Universitetində təşkil olunmuş yay düşərgəsində iştirak edib. 2012-ci ildə universitetin bakalavr pilləsini bitirib. 2012-2013-cü illərdə BDU nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda işləyib. 2013-2014-cü illərdə Çinin Uxan şəhərindəki Zhongnan İqtisadiyyat və Hüquq Universitetində birillik dil kursu təcrübəsi keçib. 2014-cü ildə Bakıya qayıdaraq ixtisası üzrə tərcüməçi işləyib. Hazırda hökumətlərarası müqavilə çərçivəsində Çinin Hubei əyalətindəki Mərkəzi Pedaqoji Universitetin magistratura pilləsində təhsilini davam etdirir, II kurs tələbəsidir. C.Əliyeva ilə söhbətimizə məktəb illərindən başladıq. “Ruhdan düşməyərək irəli addımlamaq lazımdır” - Orta məktəbdə daha çox hansı fənlərə maraq göstərirdiniz? - Ümumiyyətlə, orta məktəb illərində bütün fənlərə maraq göstərirdim. Amma humanitar fənlər məni daha çox cəlb edirdi. Bundan başqa, xarici dillərə də marağım az deyildi. Birinci sinifdən ingilis dilini öyrənməyə böyük həvəs göstərirdim. Elə bu baxımdan Çin dilini seçdim və onu dərindən öyrənməyə qərar verdim. Məktəb illəri ərzində respublika fənn olimpiadalarında, müxtəlif dövlət tədbirlərində, məktəbdə keçirilən bilik yarışlarında iştirak edib uğurlar qazandım. Bütün uğurlarımda, ilk növbədə, valideynlərimin və digər ailə üzvlərimin dəstəyi məni ruhlandırırdı. Onu da qeyd edim ki, müəllimlərimin də bu işdə rolu az olmayıb. - Uşaqlıqda gələcəklə bağlı hansı planlar qururdunuz? - Uşaqlıqda kitab oxumağı çox sevirdim. Azərbaycan və xarici yazıçıların əsərlərini sevə-sevə mütaliə edirdim. Müxtəlif dillərdə lüğətlərlə maraqlanırdım. Bu baxımdan, məndə dilə olan həvəs get-gedə inkişaf edir və jurnalist, müəllim, tərcüməçi kimi peşələrlə bağlı planlar qururdum. Ola bilər ki, buna görə də tale məni Bakı Dövlət Universitetinə istiqamətləndirdi. - Sizcə, bilik sahəsində zirvəyə çatmaq üçün insandan nələr tələb olunur? - Bilik sahəsində zirvəyə çatmaq üçün, ilk növbədə, insana sağlam düşüncə, məqsədyönlü qərar, motivasiya, pozitiv əhvali-ruhiyyə lazımdır. Özünəinam, səbr və təmkin də zirvəyə çatmağın vacib elementlərindəndir. Ümumiyyətlə, düşünmək lazımdır ki, hansı peşəni seçirsənsə, çətinliklərə baxmayaraq, ruhdan düşməyərək irəli addımlamaq lazımdır. Bu da sənə istədiyin zirvəni fəth etməyə kömək edər. “Xaricdə təhsil almaq həmişə ən böyük arzum olmuşdu” - Xaricdə təhsil üçün uzaq bir ölkəni seçmisiniz. Valideynləriniz xaricdə təhsil almaq qərarınızı necə qarşıladı? - Təhsil almaq üçün uzaq və ya yaxın məsafə önəmli şərt deyil. Əsas məsələ mükəmməl biliyə yiyələnmək və respublikaya dəyərli mütəxəssis kimi qayıtmaqdır. Xaricdə təhsil almaq həmişə ən böyük arzum olmuşdu. 2016-cı il iyulun 25-də şəxsi e-mail ünvanımda ÇXR-də təhsil almaq hüququ qazanmağım barədə məktubu görəndə çox sevindim. Biz gənc tələbələrə bu təmənnasız şəraiti yaratdığı üçün birinci növbədə Prezident cənab İlham Əliyevə minnətdaram. Xaricdə təhsil almaq qərarımı valideynlərim müsbət qarşıladı, çünki mən artıq iki dəfə bu ölkəyə təhsillə əlaqədar olaraq getmişdim. Müsabiqə zamanı seçim prosesi obyektiv, şəffaf bir şəraitdə keçdi. Təhsil Nazirliyinin nümayəndələri hər bir iştirakçının müraciətini və verilən sualları təmkinlə cavablandırırdılar. - Özünüzü Çində necə hiss edirsiniz? Universitet və ixtisasınız barədə danışardınız. - Bacardığım qədər çalışıram ki, yaxşı oxuyum, savadlı kadr kimi yetişim, dövlətimin etimadını doğruldum. Əlbəttə, çətinliklər olur, amma öhdəsindən gəlməyə çalışıram. Əsas çətinlik qürbətdə ailədən, valideynlərdən uzaq, yad insanların əhatəsində yaşamaqdır. 1903-cü ildə təsis olunmuş Mərkəzi Pedaqoji Universitet 15 institut və 66 fakültədən ibarətdir. Ali məktəbdə 73 bakalavr ixtisası, 156 magistr və 120 PhD ixtisası üzrə tədris aparılır. Həmçinin, universitetdə 4 elmi-tədqiqat, fundamental elmlər üzrə 5 araşdırma mərkəzi var. Hər il universitetə 30000-dən artıq bakalavr və magistr tələbələri qəbul olur. Bundan əlavə, universitetdə 2200 xarici tələbə var. Həmçinin CCNU (Mərkəzi Pedaqoji Universitet) Çində ilk universitetlərdən biridir ki, dövlət qrant təqaüdü üzrə təhsil almaq üçün tələbələri qəbul edir. CCNU Çinin pedaqoji universitetlər siyahısında üçüncü yeri tutur. “Kurikulum və tədrisin metodikası” universitetin ən güclü və nüfuzlu ixtisasıdır. Hətta dünyada bəzi məşhur şəxsiyyətlər də bu universitetin məzunu olub. Şanxay şəhərinin keçmiş meri də məhz bu universiteti bitirib. “Tədrisin akademik esse üzərində qurulması tələbələrin analiz etmə bacarıqlarını daha da təkmilləşdirir” - Universitetdə tələbə həyatınız, asudə vaxtlarınız necə keçir? Müəllimləriniz barədə nə deyə bilərsiniz? - Universitetimizdə asudə vaxtın səmərəli keçməsi üçün bir çox imkan mövcuddur. İdman zalları, fərqli klublar və dərnəklər, tələbə təşkilatları, müxtəlif məzmunlu yarışmalar, elmi seminarlar, beynəlxalq festivallar imkan verir ki, tələbələr dərsdən əlavə maraq dairələrini genişləndirsinlər və sosiallaşsınlar. Düzünü desəm, ixtisasım üzrə dərslərin ağırlığı dərsdənkənar fəaliyyətlərə nisbətən az vaxt ayırmağıma səbəb olur. Buna baxmayaraq, boş vaxtlarımda üzgüçülük, tennis, voleybol kimi idman növləri ilə məşğul olmağa çalışıram. Bundan başqa, universitetin kitabxanasında olan maraqlı məqalə və elmi kitabları vərəqləməyi də çox sevirəm. Universitetin professor-müəllim heyəti də dərsdənkənar vaxtlarda tələbələrə yardım edir və məsləhətlərini əsirgəmirlər. - Çində təhsilin hansı üstünlüklərini qeyd edə bilərsiniz? - Təhsil aldığım bir il ərzində Çin ali təhsil sisteminin bir sıra üstünlükləri ilə tanış oldum. İlk növbədə, qeyd etmək istərdim ki, professorlar və tələbələr arasında müəyyən hüdud çərçivəsində çox gözəl dialoq mövcuddur. İstər professorlar, istər universitetin digər heyəti hər bir tələbənin fikir və təklifini nəzərə almağa çalışır ki, bu da sağlam qarşılıqlı münasibətin təməlini qoyur. Bununla yanaşı, öyrəndiklərini real hadisələr üzərində tətbiq etmək imkanının yaradılması və tədrisin əsasən akademik esse üzərində qurulması tələbələrin analiz etmə bacarıqlarını daha da təkmilləşdirir. Bundan başqa, təqdimat işlərinə və kiçik qruplarla layihə işlərinə üstünlük verilməsi bizim həm akademik, həm də sosial cəhətdən inkişafımızı təmin edir. “Xaricdə təhsil innovativ ideyalara sahib olmaq deməkdir” - Xaricdə təhsil sizə nə verdi, həmyaşıdlarınıza nə kimi tövsiyələriniz var? - Xaricdə təhsil almağın üstün cəhətlərindən biri müstəqil və sərbəst şəkildə yaşamağı öyrənməkdir. Bu, insana məsuliyyəti artırmaq və üzləşə biləcəyi çətinlikləri sərbəst şəkildə aradan qaldırmağı öyrədir. Bundan başqa, xarici ölkədə təhsil almaq dünyagörüşünü artırmaq, müxtəlif mədəniyyətlərlə, adətlərlə tanış olmaq, çoxlu dostlar qazanmaq, yeni biliklərə, təcrübəyə və innovativ ideyalara sahib olmaq deməkdir. Həmyaşıdlarıma onu demək istərdim ki, əzmkar, zəhmətkeş, çalışqan olsunlar, milli ruhda boyüsünlər, vətənimizi sevsinlər, adət-ənənələrimizə sadiq qalsınlar. Qarşılarına qoyduqları məqsəd uğrunda mübarizə aparmağı bacarsınlar. Valideynlərinin və müəllimlərinin dəyərini bilsinlər. Zərərli vərdişlərdən və davranışlardan uzaq olsunlar. “Çinlilər ölkəmiz haqqında daha çox məlumat əldə etməyə can atırlar” - Azərbaycan diasporu ilə əlaqələriniz. Azərbaycanla bağlı tədbirlərdə iştirak edirsinizmi? - Əlbəttə ki, burada təhsil alan digər azərbaycanlı tələbələrlə birlikdə ölkəmizi layiqincə təmsil edirik. İstər tariximizi, ölkəmizlə bağlı həqiqətləri, istərsə də milli mətbəximizi, bayramlarımızı həm yerli, həm də digər ölkələrdən olan tələbələrə çatdırmaq üçün səy göstərib, müxtəlif tədbirlərdə iştirak edirik. Bir insidenti də qeyd etmək istərdim. 2017-ci il may ayının 20-də təhsil aldığımız universitetdə təşkil olunan Beynəlxalq Mədəniyyət Festivalında biz ermənilərin işğal altındakı torpaqlarımızı öz əraziləri kimi göstərən xəritənin nümayiş olunacağını öyrəndik. Həmin an bu barədə Azərbaycanın Çindəki səfirliyini məlumatlandırdıq. Bu barədə beynəlxalq təşkilatların, o cümlədən Çinin də daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri barədə məlumat verib, erməni tələbələrin təxribat xarakterli əməllərinə yol vermədik. Beləliklə, festival zamanı Ermənistan pavilyonunda həmin xəritə və bu kimi digər materialların nümayiş olunmasının qarşısı alındı. Festivalın təşkilat komitəsinin qərarına əsasən, Azərbaycan pavilyonu “Ən yaxşı ölkə təqdimatı” nominasiyasında qalib oldu. Azərbaycan nisbətən yeni müstəqillik əldə etmiş bir ölkədir. Buna baxmayaraq, çinlilər ölkəmiz haqqında daha çox məlumat əldə etməyə, mədəniyyətimizlə daha yaxından tanış olmağa can atırlar. Təbii ki, biz tələbələr də adət-ənənələrimizi, tarixi gerçəkliklərimizi, milli musiqimizi, çoxəsrlik tariximizi Çin xalqına çatdırmaq istiqamətində əlimizdən gələni edirik. "Azərbaycan müəllimi" qəzeti
18/08/2017 16:32
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı