Turizmə dair təlimlər keçirilir
“Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə” layihəsi çərçivəsində otelçilik, fəal istirahət, xidmət və turizmə dair təlimlərə başlanılıb. Layihə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, “British Council” və Bakıda fəaliyyət göstərən beşulduzlu mehmanxanalarla birgə dövlət-özəl əməkdaşlığı əsasında həyata keçirilir. Təlimdə Birləşmiş Krallığın “People 1st” təşkilatının təlimçisi Jeyn Norman müəllimlər üçün 4 günlük otelçilik, fəal istirahət, səyahət və turizmə dair təlimlər keçəcək. Təlim iştirakçıları tərəfindən 2017-2018-ci tədris ilində layihə çərçivəsində tərtib olunmuş kurikuluma uyğun proqramlar tədris ediləcək. Layihənin əsas məqsədi müvafiq sahə üzrə müəllimlərin potensialının artırılması, milli standartlara və kvalifikasiyalara uyğun müvafiq kurikulumun hazırlanması və şagirdlər üçün iş üzrə təcrübə proqramının həyata keçirilməsinə imkan yaratmaqdır. “Turizm-xidmət sektoru üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə” layihəsi 2015-2016-cı tədris ilindən etibarən Bakı şəhərində həyata keçirilib və “aşpaz”, “oteldə konsiyerj”, “təsərrüfat işləri üzrə nəzarətçi” ixtisaslarının tədrisini və kurikulumlarının hazırlanmasını, tədris prosesinin təcrübə prinsipi üzrə qurulmasını özündə əks etdirir. Hər üç ixtisas üzrə tədris materialları “People 1st” təşkilatı tərəfindən hazırlanıb. Layihə çərçivəsində məzunların 50 faizi işlə təmin olunub. Layihə genişləndirilərək Gəncə və Qəbələdəki ilk peşə-ixtisas təhsili müəssisələrində də həyata keçiriləcək.
06/09/2017 13:04
“Elektron Təhsil” Respublika müsabiqəsinə start verilib
Sentyabrın 6-da “Elektron Təhsil” Respublika müsabiqəsinə start verilib. Müsabiqənin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarına əsaslanan yeni tədris üsullarını təşviq etməkdir. Müsabiqə müəllim, şagird və tələbələr tərəfindən yaradılmış elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmağa, tədris prosesində İKT-dən və elektron resurslardan fəal istifadə imkanlarını genişləndirməyə şərait yaradır. Müsabiqə 3 istiqamət olmaqla, 6 nominasiya üzrə keçirilir. Müsabiqə ilə bağlı daha ətraflı məlumatı www.musabiqe.edu.az saytından almaq mümkündür. “Elektron Təhsil” Respublika müsabiqəsində münsif və ya ekspert qismində iştirak etmək istəyən şəxslər bununla bağlı http://musabiqe.edu.az/news/14501/ linkinə daxil ola bilərlər. Müsabiqə “AzEduNet”, “Ultra”, “Edumedia Azərbaycan”, “Nar” mobil operatoru və "Təhsildə İnnovativ Texnologiyar" əlavə təhsil mərkəzi tərəfindən dəstəklənir. Müsabiqə qaliblərinə noutbuk, planşet, printer və digər mükafatlar təqdim olunacaq.
06/09/2017 10:15
Avqust ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 26 728 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin avqust ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 26 728 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 20 256 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 6 472 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 283 sənəd (804 ərizə, 459 məktub, 20 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, tələbələrin yerli ali və orta ixtisas təhsili müəssisələrinə köçürülməsi, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul, uşaqların ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbulu, şagirdlərin bir məktəbdən digərinə köçürülməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı məsələləri əhatə edib. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə axşamı (4 537 müraciət) və çərşənbə (4 397 zəng) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə axşamı (1439 müraciət), bazar ertəsi (1380 müraciət) və cümə axşamı (1325 müraciət) günləri, əsasən, saat 09:00-dan 13:00-dək müraciət edilib.
06/09/2017 09:55
TAIEX proqramı çərçivəsində təlim-seminar keçirilib
Sentyabrın 5-də Təhsil İnstitutunun təşkilatçılığı ilə Avropa Komissiyasinin TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) layihəsi çərçivəsində “Universitetlərin strateji inkişafı” adlı təlim-seminar keçirilib. TAIEX proqramı çərçivəsində keçirilən təlim-seminarın mövzusu universitetlərin strateji inkişaf planlarının hazırlanması və həyata keçirilməsindən ibarətdir. Məqsəd ali təhsil müəssisələrində rəhbər vəzifədə çalışan və onlarla əməkdaşlıq edən təşkilatların nümayəndələrinə universitetlərin inkişafına dəstək ola biləcək bilik və bacarıqları aşılamaq, bəzi suallara birgə cavab axtarmaq və tez-tez rast gəlinən problemlərə ortaq həll tapmaqdır. Seminarın təlimçiləri Almaniya, Belçika və Portuqaliyadan dəvət olunmuş mütəxəssislərdir. Bununla yanaşı, seminarda Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri və Təhsil İnstitutunun direktor vəzifəsini icra edən Emin Əmrullayev, Təhsil Nazirliyinin, Təhsil İnstitutunun və yerli təhsili idarəetmə qurumlarının əməkdaşları, ali təhsil müəssisələri ilə işləyən təşkilat nümayəndələri, təhsil ekspertləri, eləcə də 8 şəhər və 4 regional olmaqla, 12 ali təhsil müəssisəsinin nümayəndələri iştirak edib. Qeyd edək ki, TAIEX proqramının məqsədi təlimlər, seminarlar, ekspert missiyaları və araşdırma səfərlərini təşkil etmək kimi dəstəkləyici tədbirlər vasitəsilə Avropa Birliyi ölkələrində mövcud olan bilik və təcrübəni digər ölkələrdəki dövlət qurumları ilə paylaşmaqdır. Təlim-seminar sentyabrın 6–da öz işini davam etdirəcək.
05/09/2017 17:42
Təhsil naziri Kanadanın Ontario vilayətinin tədqiqat, innovasiya və elm naziri ilə görüşüb
Sentyabrın 5-də təhsil naziri Mikayıl Cabbarov Kanadanın Ontario vilayətinin tədqiqat, innovasiya və elm naziri Reza Moridinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan və Kanada arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən Azərbaycan və Ontario vilayəti ali təhsil müəssisələri arasında tədqiqat və elm sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.
05/09/2017 17:17
Olimpiada məşğələləri keçirilir
Fizika-riyaziyyat və informatika təmayüllü respublika liseyində riyaziyyat, fizika, informatika, kimya və biologiya fənləri üzrə olimpiada məşğələlərinə başlanılıb. Məşğələlər sentyabrın 11-dək davam edəcək. Məşğələlərə 30-a yaxın bölgədən 100-dək şagird cəlb olunub. Məşğələlər gənc alim və mütəxəssislər tərəfindən aparılır. Məşğələlərdə həmçinin, beynəlxalq və respublika fənn olimpiadaları haqqında ətraflı məlumat verilir, suallar cavablandırılır. Olimpiada məşğələlərinin keçirilməsi şagirdlər arasında beynəlxalq olimpiadalara hazırlıq işinin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, elmi potensialının nümayiş etdirilməsi üçün əlverişli şəraitin yaradılması, müxtəlif müsabiqələr nəticəsində müəyyənləşdirilmiş istedadlı şagirdlərlə yeni tədris ilinə səmərəli hazırlığın həyata keçirilməsi, habelə müvafiq sahələr üzrə alim və mütəxəssislərin istedadlı gənclərlə işə cəlb olunması məqsədini daşıyır.
05/09/2017 16:44
Məktəbəhazırlıq qruplarına 14948 uşaq qeydiyyatdan keçib
Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 14948 ərizənin onlayn qeydiyyatı (05.09.2017-ci il tarixinə saat 12:00-a olan məlumata əsasən) aparılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 2017-2018-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 1-dən başlanmış elektron qeydiyyat prosesi sentyabrın 18-dək davam edəcək. Avqustun 15-dən həyata keçirilən məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 20-dək aparılacaq. Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir. Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir. Məktəbəhazırlıq qrupuna qəbul üçün uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnamə; Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi; Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi; Xarici ölkədə verilmiş doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda)), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U), 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və valideynin (digər qanuni nümayəndənin) “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə” məktəbə təqdim olunmalıdır. Valideynin (digər qanuni nümayəndənin) elektron sorğu yerləşdirdiyi məktəbə müvafiq sənədləri təqdim edərək övladının məktəbəhazırlıq qrupuna qəbul olunması barədə qəbz almasından sonra proses tam olaraq başa çatmış hesab edilir. Məktəbəhazırlıq qruplarına qəbulla bağlı sual yarandıqda elektron ərizənin qeydiyyatı ilə əlaqədar hər bir rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə, bütün digər hallarla bağlı Apelyasiya Komissiyalarına müraciət etmək olar. Növbəti tədris ilində BŞTİ-nin tabeliyindəki 266 ümumi təhsil müəssisəsində məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq. Qeyd edək ki, 2017-2018-ci tədris ilində 5 yaşlıların 65 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması nəzərdə tutulur.
05/09/2017 14:47
Prezident İlham Əliyev Bakının Nizami rayonundakı 201 saylı tam orta məktəbində yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
Bakının Nizami rayonundakı 201 saylı tam orta məktəbin müəllim və şagird kollektivi yeni dərs ilində tədris prosesini əsaslı surətdə bərpa edilən və yenidən qurulan binada davam etdirəcəklər. Prezident İlham Əliyev bu təhsil ocağında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısına məlumat verildi ki, 201 saylı tam orta məktəbin binası iki korpusdan ibarətdir. Korpuslardan biri 1964-cü ildən, ikincisi isə 2007-ci ildən fəaliyyət göstərir. Burada da müasir tələblərə uyğun keyfiyyətli yenidənqurma işləri həyata keçirilib. Əsaslı təmir-bərpa işləri görülən məktəbin 68 sinif otağında 1400 şagirdin təhsil alması üçün hər bir şərait yaradılıb. Məktəbin 5 informatika, 3 laboratoriya otaqları, şahmat sinfi, idman və akt zalları, hərbi otağı, 2 kitabxanası və yeməkxanası da müasir səviyyədə yenidən qurulub. Zəngin təbii sərvətlərə malik olan Azərbaycanda bu sərvətlərdən səmərəli istifadə olunmaqla insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən birini təşkil edir. Ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq son illərdə müasir məktəb binaları tikilir, mövcud təhsil müəssisələri üçün yeni korpuslar inşa olunur. Bu proses təkcə paytaxtı deyil, bölgələri də əhatə edib. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu proqrama güclü dəstək verib. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocaqlarından biri də 201 saylı tam orta məktəbdir. Bu təhsil ocağının həyətində də geniş abadlıq və quruculuq işləri görülüb. Həyətdə futbol, voleybol və basketbol meydançaları yaradılıb. www.president.az
05/09/2017 14:23
Prezident İlham Əliyev Bakının Nizami rayonundakı 10 saylı tam orta məktəbin binasının əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
Bakının Nizami rayonundakı 10 saylı tam orta məktəbin binasının əsaslı təmir və yenidənqurmadan sonra sentyabrın 5-də açılışı olub. Prezident İlham Əliyev məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısına məlumat verildi ki, məktəbin 1176 şagird yerlik mövcud korpusu 1979-cu ildən fəaliyyət göstərir. Məktəbin binasında bu günədək əsaslı təmir işləri aparılmamışdı. Burada da əsaslı yenidənqurma işləri “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən həyata keçirilib. Məktəbdə 49 sinif, 2 informatika, 3 laboratoriya otağı, idman və akt zalları, hərbi otaq və yeməkxana fəaliyyət göstərir. Yenidən qurulan məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılıb, otaqlar dərs vəsaitləri, internet, mebel-inventar və digər zəruri avadanlıqla təchiz edilib. Təhsil müəssisəsinin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı qəbul edilən xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq bütün sosial sahələrdə olduğu kimi, təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi məqsədyönlü şəkildə uğurla həyata keçirilir. Paytaxtda və ətraf qəsəbələrdə, eləcə də respublikanın hər yerində orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir, yeni yaşıllıq zolaqları salınır. Beləliklə, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir. www.president.az
05/09/2017 13:11
Prezident İlham Əliyev Bakının Nizami rayonundakı şəhid Xalid Quliyev adına 62 saylı məktəb-liseydə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, 41 sinif, 2 informatika, 3 laboratoriya otaqlarından, hərbi təlim sinfindən, idman və akt zallarından, yeməkxanadan ibarət məktəbin mövcud korpusu 1964-cü ildən fəaliyyət göstərir. Məktəbdə əsaslı təmir işləri Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən aparılıb. Bina müasir səviyyədə əsaslı təmir olunub. Təhsil müəssisəsinin yerləşdiyi ərazinin sahəsi 11 min kvadratmetrdir. 984 şagird yerlik məktəbdə tədrisin müasir səviyyədə qurulması üçün hər cür şərait yaradılıb. Tədris müəssisəsi lazımi avadanlıqla tam təchiz olunub. Dövlətimizin başçısı məktəb-liseydə yaradılan “Sağlam təhsil” sinifləri ilə də tanış oldu. “Sağlam təhsil-sağlam millət” layihəsinin məqsədi məktəblərdə şagirdlərin sağlamlığının qorunması və təhsil nailiyyətlərinin yüksəldilməsindən ibarətdir. Ümumtəhsil müəssisələrində bu pilot layihənin tətbiqinə 2014-2015-ci tədris ilindən başlanılıb, ötən tədris ilində paytaxtdakı 27 tam orta məktəbdə 36 sinifdə icra edilib. Layihə 2017-2018-ci tədris ilində isə 40 sinfi əhatə edəcək. Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı, bu sahəni dövlət siyasətinin mühüm prioritetləri sırasına daxil etməsi təsadüfi deyil. Ulu öndər Heydər Əliyevin də dediyi kimi, təhsil millətin gələcəyidir. Son illər bu istiqamətdə görülən tədbirlər tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşası prosesini daha da sürətləndirib. Yeni tədris ilində şagirdlərin ixtiyarına veriləcək futbol, voleybol və basketbol meydançalarında da əsaslı yenidənqurma işləri görülüb. Məktəbin həyətyanı ərazisində geniş abadlıq işləri aparılıb, işıqlandırma sistemi quraşdırılıb. www.president.az
05/09/2017 12:56
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı