Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Uğurlu peşə seçiminin ASAN yolu

“ASAN peşə” layihəsi bu sahənin dirçəlməsində xüsusi əhəmiyyətə malikdir   Dünyada texniki peşə təhsili ümumi təhsilin tərkib hissəsi olmaqla ölkənin sosial-iqtisadi inkişafına töhfə verən aparıcı sahələrdən biri kimi dəyərləndirilir. Çünki keyfiyyətli texniki peşə təhsili fərdin peşəkar sahədə elmi-texnoloji biliklərini genişləndirir. Bununla əlaqədar dövlət səviyyəsində peşə təhsilinin inkişafına istiqamətlənən tədbirlər əhalinin fəal hissəsinin yerli və beynəlxalq əmək bazarındakı dəyişikliklərə müvafiq reaksiya verməsinə imkan yaradır. Azərbaycan müstəqilliyini elan etdikdən sonra sovet imperiyasının dağılması ilə əlaqədar ortaya çıxan bir çox problemlərlə qarşı-qarşıya qaldı. Bunlardan biri də peşə təhsili verən məktəblərin ləğv edilməsi və ya profilini dəyişməsi idi. Bu səbəbdən də get-gedə ölkədə texniki peşə təhsili sisteminə maraq azaldı. Lakin dövlət tərəfindən görülən müvafiq tədbirlər sayəsində bu sahədə vəziyyət ildən-ilə yaxşılığa doğru dəyişir. Hökumətin bu istiqamətdə siyasətini tətbiq etmək və ilkin texniki peşə təhsili sisteminin idarə edilməsi prosesinin təkmilləşdirilməsi üçün Prezident İlham Əliyev 20 aprel 2016-cı il tarixdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması haqqında fərman imzaladı. Bu yeni təhsil müəssisəsi sayəsində regionlarda eyni ixtisaslar üzrə təhsil verən ilkin texniki peşə təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması nəzərdə tutulub. Bu addım eyni zamanda regional, sosial və iqtisadi inkişaf perspektivlərini nəzərə alaraq mövcud fondlardan, maddi-texniki təminatdan və texniki sahə üzrə təhsil almaq imkanlarından daha səmərəli şəkildə istifadə etməklə ilkin texniki peşə təhsili müəssisələri şəbəkəsinin səmərələşdirilməsinə kömək edəcək. Hazırda ölkədə 114 ilk peşə-ixtisas təhsili müəssisəsi var. Bunlardan 45-i peşə liseyi, 61-i peşə məktəbi (8-i cəzaçəkmə müəssisələrinin tərkibində), 2-si tədris mərkəzidir. Peşə təhsili müəssisələrindən 6-sı işğal olunmuş rayonlarda yerləşdiyindən onların fəaliyyəti dayandırılıb. Ümumiyyətlə, respublikanın ilk peşə-ixtisas təhsili müəssisələrində 126 peşə üzrə təqribən 24000 şagird təhsil alır. İlk peşə ixtisas təhsilinin müddəti 1 ildən 3 ilə qədərdir.   Effektiv peşə təhsili üçün strateji hədəflər müəyyənləşdirilib   Bu gün inkişaf etmiş ölkələrdə məzunların 40-60 faizi ümumi orta təhsildən sonra ilkin texniki peşə təhsili müəssisələrinə daxil olduğu halda, Azərbaycan üçün bu göstərici 11 faizdir. Bütün bunlar nəzərə alınaraq Azərbaycanda peşə təhsili və təlimi sisteminin strateji hədəfləri müəyyənləşdirilib. Belə ki, Prezident İlham Əliyev 6 dekabr 2016-cı il tarixli fərmanı ilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ni təsdiq edib. Sənəd peşə təhsili və təlimi sahəsində dünyada mövcud meyillər nəzərə alınmaqla, ölkədə əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin inkişaf etdirilməsi məqsədilə çeviklik və inteqrasiya prinsipləri əsasında hazırlanıb. Sənəddə peşə təhsili və təlimi sektoru üzrə 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün baxış müəyyən edilib. İşəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası, nəticələrə əsaslanan güclü maliyyələşdirmə sisteminin yaradılması, məqsədli peşə inkişafı proqramlarının, eləcə də, sektorlar üzrə spesifik proqramların yaradılması, peşə təhsili və təlimi üzrə hədəflərin əldə olunmasına təkan verəcək vasitələrin tətbiqi əsas məqsədlərdir.   “ASAN peşə” bu il bütün Azərbaycanı əhatə edib   Peşə təhsili ilə bağlı digər sevindirici məqam odur ki, bu sahəyə nəzarəti artıq Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət” həyata keçirir. Belə ki, “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili almaq istəyənlərin qeydiyyatı 2016-2017-ci tədris ilindən etibarən “ASAN xidmət” mərkəzlərində aparılır. Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış layihə ilk növbədə pilot olaraq Bakı və Gəncə şəhərlərində reallaşdırılıb. Ötən tədris ilində Bakı şəhərindəki 27 ilk peşə-ixtisas təhsil müəssisəsinə 4 411 şagird, Gəncə şəhərindəki 6 ilk peşə-ixtisas təhsili müəssisəsinə isə 680 şagird qəbul olunub. Peşə-ixtisas məktəblərinə şagird qəbulu bu il də “Asan xidmət” mərkəzlərində çox uğurla həyata keçirilib. Bu il sözügedən layihənin miqyası daha da genişlənib. Belə ki, layihə bu tədris ilində bütün Azərbaycanı əhatə edib. Yaxşı hal budur ki, ötənilki qəbulda sənəd verənlərin 25 faizindən çoxunun orta bal göstəricisi 4-dən yuxarı olub. Bu isə o deməkdir ki, həmin gənclər təkcə ilk peşə-ixtisas müəssisəsinə deyil, orta ixtisas və ali təhsil müəssisələrinə də qəbul ola bilərdilər. “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlarda yerləşən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd vermək istəyən şəxslərin isə istənilən “ASAN xidmət”ə və müvafiq təhsil müəssisələrinə müraciət etmək imkanları olub. Artıq 2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb. 1-22 avqust tarixlərində keçirilən birinci mərhələdə 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. “Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçiminə isə avqustun 28-dən start verilib. Proses sentyabrın 11-dək davam edib. Bu mərhələdə 3033 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. İlk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu “ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilib. Sənəd qəbulunda 10 min 277 nəfər qeydiyyatdan keçib. Boş qalan yerlərə əlavə ixtisas seçimi prosesi sentyabrın 11-dək davam edib. Bu prosesə birinci mərhələdə iştirak edənlərlə yanaşı, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən digər şəxslər də qatıla biliblər.   Layihənin məqsədi obyektivlikdir   Xatırladaq ki, ötən tədris ilindən başlayaraq həyata keçirilən “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir. Həmçinin layihə bu istiqamətdə səmərəliliyin artırılması və ilk peşə-ixtisas təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində subyektiv amillərin aradan qaldırılması məqsədlərinə xidmət edir. Beləliklə, bu məsələdə əsas amal Azərbaycanda texniki peşə təhsili sahəsinin imicini tam dəyişərək bu sahə üçün təkmilləşdirilmiş hüquqi və iqtisadi əsasların, eləcə də tədris əsaslarının yaradılmasına nail olmaqdan ibarətdir. Buraya dövlət və özəl sektor arasındakı əməkdaşlığa əsaslanan idarəetmə sistemi, ilkin texniki peşə təhsili müəssisələri və kolleclərinin səmərələşdirilmiş şəbəkəsi və ilkin texniki peşə təhsili sisteminin yeni iqtisadi model əsasında maliyyələşdirilməsi daxildir. Eyni zamanda texniki sahədə daha yaxşı yetişdirilmiş müəllimlərin olması Azərbaycanda əmək bazarının tələblərinə cavab verən və ölkənin iqtisadi ehtiyaclarını ödəməyə qadir olan təhsilli işçi qüvvəsinin meydana gəlməsi ilə nəticələnəcək.   “Azərbaycan” qəzeti

Cocuq Mərcanlı: işğaldan azad olunmuş qəsəbədə ilk dərs günü

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cocuq Mərcanlıda 24 ildən sonra ilk dərs gününü tarixi hadisə adlandırıb   Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində 24 ildən sonra məktəb zəngi çalınıb. Bilik günü münasibətilə Cocuq Mərcanlı kənd tam orta məktəbində keçirilən mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun, Təhsil Nazirliyinin, Cəbrayıl və Xocavənd Rayon İcra hakimiyyətlərinin məsul işçiləri, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin, Gəncliyə Yardım Fondunun və ictimaiyyətin nümayəndələri, qəsəbə sakinləri, müvafiq inşaat təşkilatlarının rəhbərləri, valideynlər və iş adamları iştirak ediblər. Tədbirin rəsmi hissəsindən əvvəl məktəbin bayramsayağı bəzədilmiş həyətində Cəbrayıl Rayon Mədəniyyət İdarəsinin hazırladığı bədii proqram nümayiş olunub. Azərbaycanın dövlət himni ilə başlayan mərasimi məktəbin direktoru Zamin Həziyev açaraq bildirib ki, şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində 60-a yaxın şagirdin təlim-tərbiyəsi ilə 16 müəllim məşğul olacaq. Bilik günü ərəfəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Bilik Fondu, Gəncliyə Yardım Fondu, “Təkamül və İnteqrasiya” İctimai Birliyi, Bakı tikiş evi tərəfindən məktəbə və şagirdlərə dərsliklər, metodiki vasitələr, bədii kitablar, məktəbli geyimləri, idman formaları, dərs ləvazimatları verilib. Mərasimdə çıxış edən Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Ali İhsan Genç, Təhsil Nazirliyinin nümayəndəsi Aydın Əhmədov və başqaları əlamətdar gün münasibətilə Cocuq Mərcanlı sakinlərini, məktəbin kollektivini təbrik edib, şagirdlərə yaxşı oxumağı tövsiyə edərək, gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün savadlı və layiqli vətəndaşlar kimi yetişmələrini arzulayıblar. Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da müəllim və şagirdləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Bildirib ki, Cocuq Mərcanlı kəndi 1993-cü ildə düşmən tərəfindən işğal edilsə də, bir il sonra, yanvarın 6-da ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə uğurlu Horadiz əməliyyatı zamanı azad olunub. Lakin Lələtəpə yüksəkliyi ermənilərin nəzarətində olduğundan burada yaşamaq qeyri-mümkün idi. Yalnız 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunması mövcud təhlükəni də aradan qaldırdı. Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamına əsasən kənddə birinci mərhələdə 50 yaşayış evi, məktəb, Şuşadakı məscidin bənzəri tikilərək sakinlərin istifadəsinə verildi. Qeyd edilib ki, Cocuq Mərcanlı işğal olunanda doğma kəndi tərk etməyə məcbur olan Oqtay Həziyevin ailəsi dədə-baba yurdları azad edilən kimi geri qayıtdı. 23 il ailə üzvləri ilə birgə doğma kəndində yaşayaraq, vətəndaşlıq nümunəsi, torpağa, Vətənə, dövlətə bağlılıq nümunəsi göstərdi. Prezident İlham Əliyev qəsəbənin açılışında iştirak edən zaman O.Həziyevin ailə üzvləri ilə görüşdü və ona 1-ci dərəcəli “Əmək” ordenini təqdim etdi. Prezidentin Cocuq Mərcanlıya səfərindən danışan Ə.Həsənov xatırladıb ki, dövlətimizin başçısı məktəbə gələrək burada hərbi məktəblərin kursantlarının bir qrupu ilə görüşdü. Cocuq Mərcanlı kəndindən olan kursant Prezidentə raport verdi. Bu zaman Prezident İlham Əliyev böyük sevinc hissi keçirirdi. Görürdü ki, müasir Azərbaycan gəncliyi çox yüksək hərbi vətənpərvərlik ruhundadır. Qürur hissi keçirir və bir daha əmin olurdu ki, bu gənclər onun göstərişi ilə istənilən an işğal altındakı torpaqları azad etmək iqtidarındadırlar. Səfər zamanı Prezident şəxsi təşəbbüsü ilə tikilən Şuşa məscidinin bənzəri olan məscid ilə tanış oldu. Bütün dünyaya mesaj verdi ki, Azərbaycan xalqı öz dininə, adət ənənəsinə çox sadiqdir. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin inşası həm də o deməkdir ki, gün gələcək hazırda işğal altında olan məscidləri də bərpa ediləcək. Ə.Həsənov Cocuq Mərcanlıda 24 ildən sonra ilk dərs gününü mühüm tarixi hadisə adlandırıb. Bildirib ki, ümumilikdə Cocuq Mərcanlı Azərbaycan tarixində şanlı bir səhifədir. Əgər son 200 ilə nəzər salsaq görərik ki, bizim torpaqlar daim işğal olunub. Bu müddətdə ilk dəfədir ki, işğal olunmuş torpaqlar azad olunmağa başlayıb. Prezidentin tapşırığı ilə xarici ölkə səfirlərinin, mətbuat orqanlarının nümayəndələrinin Cocuq Mərcanlıya səfərləri təşkil edildi. Bütün dünya bir ildir Cocuq Mərcanlıdan danışır. Ulu öndər Heydər Əliyev 1993-cü ildə bu tarixi yazdı. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu tarixin yazılması layiqincə davam etdirirlər. Prezidentin tapşırığı ilə Cocuq Mərcanlı haqqında kitab və film hazırlanıb. Yaxın günlərdə təqdimatı olacaq. Bu istiqamətdə işlər davam edəcək. Vurğulanıb ki, bu gün Prezident İlham Əliyevlə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə maksimum diqqət və qayğı göstərir. Tədbirdə söz alan kənd ağsaqqalı Fazil Aslanov və məktəbin müəllimi Səidə Quliyeva bu diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Sonra məktəbin şagirdlərinin ifasında kompozisiya təqdim edilib. İyirmi dörd ildən sonra Cocuq Mərcanlı məktəbində çalınan ilk zəngin sədaları altında əllərində gül-çiçək dəstələri olan şagirdlər sinif otaqlarına üz tutublar. Mərasimdə iştirak edən qonaqlar məktəbdə yaradılan şəraitlə tanış olublar. Xatırladaq ki, təhsil nazirinin əmrinə əsasən builki tədris ilində ilk dərs məşğələsi “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr edilib.   AZƏRTAC

Azərbaycan-Fransız Universitetinin yeni tədris binasının açılış mərasimi keçirilib

Sentyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) yeni tədris binasının açılış mərasimi keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Dövlət Katibi Jan-Batist Lemuan, Fransanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin Araşdırmalar və innovasiyalar şöbəsinin Baş direktoru Alen Berets, Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez, ADNSU-nun rektoru Mustafa Babanlı, Strasburq Universitetinin vitse-prezidenti İrene Jacoberger, Fransanın Kimya Tədqiqatlar Fondunun prezidenti Bernar Menye iştirak edib. Rəmzi lent kəsildikdən sonra təhsil naziri Mikayıl Cabbarov, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Dövlət Katibi Jan-Batist Lemuan və digər qonaqlar universitetin auditoriyaları ilə tanış olublar. Sonra universitetin akt zalında Azərbaycan-Fransız Universitetinin açılışına həsr olunmuş toplantı keçirilib. Təhsil naziri Mikayıl Cabbarov UFAZ-ın yeni tədris binasının açılışının Azərbaycan və Fransa arasındakı əməkdaşlıq üçün əlamətdar hadisələrdən biri olduğunu qeyd edib və bu münasibətlə hər kəsi təbrik edib. XX əsrdə ölkələr və millətlər arasında qarşılıqlı anlayışa və hörmətə əsaslanan münasibətlərin qurulmasında təhsilin müstəsna rol oynadığını vurğulayan nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda təhsil sahəsində aparılan islahatları diqqətə çatdırıb. UFAZ layihəsi üçün Azərbaycan tərəfindən aparıcı ali təhsil müəssisəsi qismində ADNSU-nun seçilməsinin heç də təsadüfi olmadığını söyləyən təhsil naziri bu universitetin ölkəmizin enerji potensialının inkişafında xüsusi rol oynadığını, nəinki Azərbaycanın, Rusiya, Anqola, Qazaxıstan, Vyetnam və bir sıra Avropa ölkələrinin neft-qaz sektorunun formalaşmasına öz töhfəsini verdiyini bildirib. Nazir UFAZ layihəsində Fransa tərəfindən aparıcı universitet olan Strasburq Universitetinin rəhbərliyinin və layihəyə cəlb olunan akademik heyətin ilk gündən etibarən universitetin formalaşması üçün öz zəngin təcrübələrini əsirgəmədiklərini qeyd edib. UFAZ tələbələrinin akademik sahədə mübadiləsinin və gələcək fəaliyyətinin iki ölkə arasındakı münasibətləri daha da dərinləşdirəcəyinə inandığını bildirən nazir bu sahədə Azərbaycanın Birinci vitse-prezidenti, Mehriban xanım Əliyevanın müstəsna rolundan danışıb. Təhsil naziri tələbələri yeni tədris ili münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb. Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Dövlət Katibi Jan-Batist Lemuan öz çıxışında UFAZ-ın yaradılmasında Azərbaycanla birgə fəaliyyət göstərməkdən böyük məmnunluq hissi keçirdiyini bildirib. Universitetlə əməkdaşlıq edən Fransa müəssisələrinin UFAZ-a böyük töhfə verdiyini bildirən Jan-Batist Lemuan tələbələrin gələcək karyera inkişafında bunun xüsusi rol oynayacağını vurğulayıb. Fransanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin Araşdırmalar və innovasiyalar şöbəsinin Baş direktoru Alen Berets UFAZ layihəsinin Azərbaycan və Fransanın birgə uğurlu işinin nəticəsi olduğunu qeyd edərək Azərbaycan-Fransız Universitetinin fəaliyyət göstərdiyi ilk tədris ilində mükəmməl nailiyyətlərə imza atdığını diqqətə çatdırıb. Alen Berets ölkə Prezidenti cənab İlham Əliyevin UFAZ layihəsinə göstərdiyi diqqət və qayğının bu uğurun əldə olunmasında önəmli faktor kimi dəyərləndirib. Fransanın Kimya Tədqiqatlar Fondunun prezidenti Bernar Menye inkişafın birbaşa deyil, daimi təkamül yolu ilə baş verdiyini qeyd edərək UFAZ-ın müəllim heyətinin bu sahədə tələbələrə böyük töhfə verməyə qadir olduğunu vurğulayıb. Sonra UFAZ-ın açılış mərasimi çərçivəsində ADNSU, Strasburq Universiteti və Fransa Kimya Tədqiqatlar Fondunun birgə iştirakı ilə UFAZ Fondunun yaradılmasına dair müqavilə imzalanıb. Fondun yaradılması Azərbaycan, Fransa və xarici şirkətlərin UFAZ-ın gələcək inkişafına və onun tədqiqat fəaliyyətinə dəstək vermək məqsədi daşıyır. Azərbaycan-Fransız Universiteti (UFAZ) 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Azərbaycan Respublikası və Fransa Respublikası prezidentlərinin təşəbbüsü ilə yaranan layihədir. 2015-ci ilin aprel ayının 25-də iki ölkə prezidenti UFAZ-ın yaranması barədə sənəd imzalayıb, mayın 22-də isə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan-Fransız Universitetinin yaranması barədə sərəncam imzalayıb. UFAZ-da bütün ixtisaslar üzrə tədris 1 il hazırlıq və 3 il əsas tədris olmaqla 4 il ərzində aparılır. Təhsil ingilis dilindədir. Eyni zamanda hazırlıq ilindən başlayaraq tələbələr fransız dilini də öyrənirlər. Tədris fransız proqramı əsasında aparılır.

Təhsil müəssisələrində “Bilik günü” tədbiri

Sentyabrın 15-də Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində “Bilik günü” münasibəti ilə tədbir keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov iştirak edib. Dövlət himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan Firudin Qurbanov yeni tədris ilinin başlanması münasibətilə mərkəzin kollektivini təbrik edib, onlara uğurlar arzulayıb. Ölkəmizdə peşə təhsilinin prioritet sahələrdən biri olduğunu nəzərə çatdıran nazir müavini qeyd edib ki, son illər bu sahədə bir çox uğurlu layihələr həyata keçirilib. Bildirilib ki, görülən işlərin, həyata keçirilən layihələrin nəticəsidir ki, peşə təhsili müəssisələrində təhsil almaq istəyənlərin sayı xeyli artıb. Peşə seçiminin əhəmiyyətini vurğulayan nazir müavini şagirdlərə dövlətimizin onlar üçün yaratdığı şəraitdən maksimum istifadə etməyi, seçdikləri peşənin ən yaxşı mütəxəssisi olmağı tövsiyə edib. Tədbirdə çıxış edən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Pərviz Həmzəyev mərkəz haqqında iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, bu il “Asan peşə” layihəsi çərçivəsində mərkəzə 23 ixtisas üzrə 500-dən çox şagird qəbul olunub.   Sonra təhsil nazirinin müavini Firudin Qurbanov mərkəzdə yaradılan şəraitlə tanış olub, şagirdlərlə söhbət edib.   * * *   Kimya-biologiya təmayüllü Respublika liseyində  “Bilik günü”  münasibəti ilə tədbir keçirilib. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri  Emin Əmrullayev, Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi Babək Əliyev iştirak ediblər. Təhsil nazirinin müavini Ceyhun Bayramov tədbir iştirakçılarını yeni dərs ili münasibəti ilə təbrik edib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən nazir müavini təhsilin inkişafı istiqamətində görülən işlərin müsbət nəticələrindən danışıb. Ceyhun Bayramov şagirdlərin respublika fənn olimpiadalarında, eləcə də dünyanın müxtəlif ölkələrində keçirilən bilik yarışlarında  qazandıqları nailiyyətləri diqqətə çatdırıb. Liseyin direktoru Kamran Rəhimov rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti haqqında məlumat verib. Qeyd olunub ki, ötən tədris ilində  liseyin məzunlarının 87  faizi ali məktəblərə qəbul olunaraq tələbə adını qazanıb. Həmin məzunların 8 nəfəri 600-dən yuxarı bal toplayıb. Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi Babək Əliyev son illərdə məktəblərin əsaslı təmiri və yenidən qurulması, onların  maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Valideynlər adından çıxış edən Vidadi Mehralıyev müəllim və şagirdləri təbrik edib, övladının tələbə adını qazanmasında liseyin müəllim kollektivinin əməyinin olduğunu xüsusi vurğulayıb.   * * *   Abşeron rayonunun Saray qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə  də 15 sentyabr - "Bilik günü" qeyd olunub. Tədbirdə təhsil nazirinin müavini Mətin Eynullayev, Abşeron Rayon İcra Hakimiyyətinin başcısı İradə Gülməmmədova iştirak edib. Təhsil nazirinin müavini Mətin Eynullayev mərasim iştirakçılarını salamlayaraq bu günün ölkəmizin hər yerində böyük təntənə ilə qeyd olunduğunu söyləyib. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində görülən işlərı diqqətə çatdıran nazir müavini son illərdə Heydər  Əliyev Fondunun dəstəyi əsasında müasir  tələblərə  cavab verən   yeni məktəb  binalarının inşa  və  ya təmir olunaraq  istifadəyə verildiyini, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirildiyini bildirib. “Bilik  günü” münasibəti  ilə  şagirdləri və pedaqoji kollektivi təbrik edən nazir müavini onlara yeni təhsil ilində uğurlar arzulayıb. Abşeron Rayon İcra Hakimiyyətinin başcısı İradə Gülməmmədova yeni dərs ilinin başlanılması ilə əlaqədar pedaqoji ictimaiyyəti təbrik edib. Müəllimlik peşəsinə həsr olunmuş şeirlər səsləndirildikdən sonra şagirdlər sinif otaqlarına daxil olublar.  Təhsil nazirinin müavini Mətin Eynullayev və  Abşeron Rayon İcra Hakimiyyətinin başcısı İradə Gülməmmədova məktəblə tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıdakı 20 nömrəli məktəb-liseyin yeni binasının açılışında iştirak edib

Sentyabrın 15-də - Bilik günündə Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni inşa edilmiş binasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, 20 nömrəli məktəb-liseyin əsası 1958-ci ildə qoyulub. 1988-ci ildə məktəbin daha 4 korpusu tikilib istifadəyə verilib. 2007-ci ildə isə Prezident İlham Əliyevin Sərəncamı ilə məktəbin binası əsaslı şəkildə təmir edilib. Elə həmin il sentyabrın 15-də - Bilik günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məktəbdə aparılan yenidənqurma işləri ilə tanış olublar. Sonradan ərazidə əhalinin çoxalması ilə əlaqədar məktəbə gələn şagirdlərin sayında da böyük artım olub. Bu da təbii ki, təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib və məktəb üçün yeni binanın tikintisi zərurətə çevrilib. Bunu nəzərə alan Prezident İlham Əliyev müvafiq göstəriş verib və bu təhsil ocağı üçün əvvəlkindən daha böyük, ən müasir və dünya standartlarına uyğun yeni bina inşa edilib. Ölkəmizin ən böyük təhsil müəssisəsi olan 20 nömrəli məktəb-liseyin binası indi paytaxtın müasir və memarlıq baxımından zövq oxşayan ən yaraşıqlı binalarından biridir. Dövlətimizin başçısı məktəb-liseyin binasının rəmzi açılışını bildirən lenti kəsdi. Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, ən müasir avadanlıqla təchiz olunan funksional bina tədrisin yüksək keyfiyyətdə təşkili üçün hər cür şəraitə malikdir. Təhsil ocağında məktəbəqədər hazırlıq sinifləri də nəzərdə tutulub. Bununla yanaşı, burada 8 sinifdən ibarət olan Məktəbəqədər Təhsil Mərkəzi də fəaliyyət göstərəcək. Hazırda məktəb 4000 şagird yerlikdir. Yenidənqurmadan əvvəl isə bu təhsil ocağı cəmi 2500 yerlik olub. Burada 145 sinif otağı və fənn kabinetləri, həmçinin 7 laboratoriya var. Azərbaycan və rus bölmələri ilə birlikdə ümumilikdə 119 sinifdə 3300 şagird təhsil alır. Təhsil ocağında 260 müəllimdən ibarət pedaqoji heyət çalışır. Məktəbdəki Heydər Əliyev Muzeyi də eksponatlarının zənginliyi ilə seçilir. Burada Ulu Öndərin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən maraqlı fotolar, sənədlər və kitablar toplanıb. Muzeydə yaradılan müxtəlif fotostendlər, nümayiş etdirilən əyani vəsaitlər Heydər Əliyev irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynayacaq. Qeyd edək ki, paytaxtın bəzi təhsil müəssisələrində olduğu kimi, bu məktəbdə də “Məktəblinin dostu” layihəsi icra olunacaq. Təhsil Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkil etdiyi layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilkin tibbi və psixoloji yardım göstərmək, şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə mütəmadi olaraq maarifləndirmə və diaqnostik işlər aparmaqdır. Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Təhsildəki nailiyyətlər hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca hədəf seçib. Buna görə də neft gəlirləri Azərbaycanda həm də təhsilin, elmin inkişafına yönəlib. İyirmi nömrəli məktəb-lisey üçün yeni binanın inşası bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti sayəsində təhsil islahatları uğurla davam edir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər plana uyğun həyata keçirilir. Bütün bunlar, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilk dəfə məktəbə qədəm qoyan birinci sinif şagirdləri ilə görüşdülər, onları Bilik günü münasibətilə təbrik etdilər. Bildirildi ki, builki tədris ilində ilk dərs məşğələsi “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub. Məqsəd uşaq və gənclərə Azərbaycan Ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar və işğaldan azad olunan torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında daha dolğun məlumatların verilməsidir. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şagirdlərlə xatirə şəkli çəkdirdilər. Ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb. Həmin proqram və layihələrin uğurlu olmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu məsələləri daim diqqətdə saxlamasıdır. İyirmi nömrəli məktəb-liseydə yaradılan şərait həm də onu göstərir ki, Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Çünki dövlətin yürütdüyü siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir. Bu baxımdan təhsil sahəsinə qoyulan investisiyalar mühüm əhəmiyyət kəsb edir. Sonra Prezident İlham Əliyev məktəbin müəllim və şagird kollektivi ilə görüşdü. Dövlətimizin başçısı görüşdə çıxış etdi. Prezident İlham Əliyevin çıxışı - Sabahınız xeyir olsun. Mən, ilk növbədə, sizi yeni dərs ili münasibətilə təbrik etmək istəyirəm. Bu dərs ilində siz yeni məktəbdə oxuyacaqsınız, işləyəcəksiniz. Bütün şagirdləri, müəllimləri bu gözəl hadisə münasibətilə təbrik edirəm. İyirmi nömrəli məktəb indi dünyanın ən yüksək standartlarına cavab verir. Bəlkə də biz özümüz yeni standartları müəyyən edirik. Bu məktəbin çox böyük tarixi var, həmişə ölkəmizin ən böyük məktəbi olmuşdur və bu gün də ölkəmizin ən böyük məktəbi kimi öz fəaliyyətini yeni binada davam etdirir. Təxminən 10 il bundan əvvəl məktəbin təmiri ilə bağlı müəyyən tədbirlər görülmüşdü, mən bu məktəbdə olmuşdum. Təmir işləri aparılmışdı, o vaxt üçün bəlkə də pis aparılmamışdı, ancaq bizim bugünkü inkişafımızın səviyyəsinə uyğun gəlmirdi. Ona görə də qərar qəbul olundu ki, məktəbin binası sökülsün və yeni məktəb tikilsin. Xatırlayıram, o vaxt da valideynlər, müəllimlər tərəfindən müxtəlif fikirlər, narahatlıqlar var idi ki, bu məktəb söküləcək və yerində başqa bir bina tikiləcək. Bəzən olur, şəhərimizdə belə şayiələr gəzir, ancaq əlbəttə ki, onların heç bir əsası yox idi. Bizim planlarımız elə bəri başdan ondan ibarət idi ki, bu yerdə, 20 saylı məktəbin tarixi yerində yeni gözəl məktəb tikilsin və biz bunu da etdik. İki il yarım ərzində möhtəşəm bir bina tikildi. Tam əminliklə demək mümkündür ki, bu gün ölkəmizin ən böyük və ən gözəl məktəbi 20 saylı məktəbdir. Bu adı qazanmaq hazırda o qədər də asan deyil. Çünki son illərdə həm Bakıda, həm bölgələrdə bir çox gözəl məktəblər tikilib. Məktəblərin bəziləri memarlıq abidələridir. Bu gün 20 saylı məktəb doğrudan da bütün məktəblər arasında gözəlliyi, rahatlığı və təchizatı ilə fərqlənir. Əminəm ki, burada təhsilin keyfiyyəti də ən yüksək səviyyədə olacaqdır. Son illər ərzində Bakı şəhərində demək olar ki, məktəblərin tam əksəriyyəti əsaslı təmir olunub, yeni korpuslar, yeni məktəblər tikilib. Bakıda 300-dən çox məktəb var. Son məlumata görə, təmirə ehtiyacı olan məktəblərin sayı təqribən 20-yə yaxındır. Əminəm ki, gələn il və əgər çatdıra bilməsək, 2019-cu ildə Bakının bütün məktəbləri ən yüksək standartlara cavab verəcək. Bu il Bakı şəhərində 10 məktəb əsaslı təmir olunub, biri tikilib. Ölkə üzrə isə 70-dən çox məktəb əsaslı təmir olunub, tikilib. Tikinti işləri davam edir. Bilirsiniz ki, bölgələrdə, ucqar kəndlərdə indi modul tipli məktəblər tikilir. Onlardan 100-ü bu il və gələn il istifadəyə verilməlidir. Beləliklə, qəzalı məktəblərlə bağlı olan problem də əminəm ki, yaxın iki-üç il ərzində öz həllini tam tapacaq. Azərbaycanda məktəb tikintisi sürətlə gedir. Bu prosesə ilk təkanı Heydər Əliyev Fondu vermişdir. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin başlanması geniş bir hərəkata yol açdı. Ondan sonra dövlət xətti ilə bir çox məktəblər tikildi. 2004-cü ildən bu günə qədər 3 mindən çox məktəbdə əsaslı təmir işləri aparılmışdır, bir çox məktəblər yenidən tikilmişdir. Bu proses davam edir və davam edəcəkdir. Çünki hələ qəzalı vəziyyətdə məktəblər var və digər tərəfdən Azərbaycanın uğurlu iqtisadi inkişafı ona gətirib çıxarır ki, Azərbaycanda əhalinin sürətli artımı müşahidə olunur. Bu, çox müsbət haldır, ölkəmizin inkişafını göstərir. Əhalimiz nə qədər artsa, ölkəmiz o qədər də güclənəcək. Məktəblərə gedən uşaqların sayı hər il artır. Belə olan halda əlbəttə ki, məktəb tikintisi prosesi daim təmin edilməlidir. Məktəblərin, təhsilin, ümumiyyətlə, maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, təhsilin keyfiyyəti də artır. Biz bunu görürük və son illərdə bu, özünü artıq büruzə verir. Bu, ali məktəblərə qəbul imtahanlarında özünü göstərir. Bizim məktəblərimiz beynəlxalq fənn olimpiadalarında yaxşı nəticələr göstərirlər. Mənə verilən məlumata görə, 40 medal qazanmışlar, onların arasında qızıl medal da var. Yəni, təhsilin keyfiyyəti əlbəttə ki, bizim ən prioritet məsələmizdir. Ancaq şagirdlərdən və o cümlədən müəllimlərdən bu keyfiyyəti tələb etmək üçün gərək onların yaxşı şəraiti olsun. Müəllimlərin də iş şəraiti məktəblər istifadəyə verildikcə yaxşılaşır. Məktəb ancaq şagirdlər üçün deyil, müəllimlər üçün də iş yeridir. Müəllimlərin əməkhaqları da artır, xüsusilə diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin əməkhaqları əhəmiyyətli dərəcədə artmışdır. Mənə verilən son məlumata görə, Bakı şəhərində orta əməkhaqqı təxminən 500 manatdan çoxdur. Bu, çox yaxşı göstəricidir, daha da artmalıdır. Nə qədər çox artarsa, o qədər də yaxşıdır. Əlbəttə ki, imkan daxilində Azərbaycan dövləti bu işlərə də daim diqqət yetirəcəkdir. Biz bütün bu işləri ona görə görürük ki, uşaqlarımız, gənclərimiz savadlı, bilikli olsunlar. Çox yaxşı haldır ki, biz müstəqillik dövründə savadlılıq səviyyəsini yüksək həddə saxlaya bilmişik və bu gün bu, təxminən 100 faiz səviyyəsindədir. Bizim üçün bu, adi haldır. Amma bir çox ölkələr üçün bu, əlçatmaz bir hədəfdir. Bu, bizim böyük üstünlüyümüzdür. Çünki savadlılıq əsasdır və uşaqlarımız bilikli, ağıllı olmalıdırlar, yaxşı oxumalıdırlar ki, gələcəkdə onlar özləri üçün cəmiyyətdə layiqli yer tuta bilsinlər. Çünki bugünkü dünyada savad, bilik hər şeyi müəyyən edir. Əgər hər hansı bir insan öz həyatını yaxşı qurmaq istəyirsə, gələcəkdə cəmiyyətdə yaxşı yer tutmaq istəyirsə, mütləq yaxşı oxumalıdır. Yaxşı oxumaq üçün bütün şərait var. Mən əminəm ki, Azərbaycan uşaqları, gənclər, yeniyetmələr bu işlərə çox böyük məsuliyyətlə yanaşacaqlar. Hər bir ölkənin inkişafını ölkənin intellektual potensialı müəyyən edir. İnkişaf etmiş ölkələrin təcrübəsinə, onların uğurlarına baxmaq kifayətdir ki, biz bunu deyə bilək. O ölkələrdə ki, innovasiyalar, texnologiyalar inkişaf edir, o ölkələr dünya miqyasında da aparıcı mövqelərə malikdir. Gələcək inkişafı təbii resurslar yox, bilik müəyyən edəcək. Biz görürük ki, iqtisadi sahədə, sənaye sahəsində, hərbi sahədə texnologiyalar nə qədər inkişaf edir. O texnologiyaların sahibləri bu gün dünyada da söz sahibləridir. Biz Azərbaycanda elmə, təhsilə, texnoloji inkişafa çox böyük əhəmiyyət veririk ki, gənclərimiz, cəmiyyətimiz bilikli olsun və Azərbaycan da texnoloji inkişaf baxımından geridə qalmasın. Maddi-texniki baza möhkəmlənir, təhsilin keyfiyyəti yaxşılaşır. Bu sahəyə investisiyalar qoyulur, insan kapitalına investisiyalar qoyulur. Beləliklə, əminəm ki, Azərbaycanda cəmiyyətin intellektual potensialı həmişə yüksək həddə olacaqdır. Bu, həm inkişaf üçün, həm bu gün ölkəmizdə yaşanan sabitlik, əmin-amanlıq üçün lazımdır. Çünki savadlılıq olmayan yerlərdə kənardan mənfi təsirlər də özünü büruzə verir. Biz ölkəmizin təhlükəsizliyini qoruyuruq - həm sərhədlərimizi, təhlükəsizliyimizi qoruyuruq, eyni zamanda, özümüzü yad təsirdən də qorumalıyıq. Çünki bu gün dünyada ideoloji sahədə mübarizə gedir, müharibə gedir. Bu, sonrakı qanlı müharibələrin elə bil ki, əsasını təşkil edir. İnsanların beyinləri, xüsusilə gənc nəslin beyinləri zəhərlənir. Onlar müxtəlif xoşagəlməz addımlara təhrik olunur, sonra da onlardan istifadə edilir ki, bəzi xarici dairələrin çirkin niyyətləri bu və ya digər ölkədə özünü göstərsin. Ona görə, biz özümüzü, o cümlədən bu mənfi və təhlükəli təsirdən də qorumalıyıq. Necə qorumalıyıq? Bax bunu siz müəllimlər, təhsil işçiləri etməlisiniz ki, uşaqlar bilikli, savadlı olsunlar. Belə olan halda heç bir kənar mənfi niyyət, ya təsir bizim uşaqlarımızın şüuruna təsir edə bilməz. Eyni zamanda, bununla bərabər olaraq, həm müəllimlər, həm valideynlər uşaqları vətənpərvərlik ruhunda tərbiyə etməlidirlər ki, onlar Vətənə bağlı olsunlar, milli ruhda böyüsünlər, milli dəyərlərimizi hər şeydən üstün tutsunlar. Çünki əgər milli dəyərlərimizdə hər hansı bir sarsıntı yaşanarsa, bu, cəmiyyətimizin əsaslarını, sütunlarını sarsıdar. Ona görə, mən həmişə deyirəm ki, milli dəyərlərimiz, mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz onları qorumalıyıq, milli ruhumuzu saxlamalıyıq. Çünki bu, bizim gələcəyimiz üçün əsasdır. Biz 25 il ildən çoxdur ki, müstəqil ölkə kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimdən asılı deyilik. Baxmayaraq ki, bizə qarşı müntəzəm olaraq müxtəlif kampaniyalar - qarayaxma, böhtan, şər kampaniyaları aparılır. Onların da məqsədi aydındır - Azərbaycanı ləkələmək, Azərbaycanı öz iradəsinə ram etmək və ondan sonra güclənən Azərbaycan potensialından öz maraqları üçün istifadə etmək. Biz isə buna imkan vermirik və möhkəm dayanmışıq, milli maraqlarımızı qoruyuruq. Ona görə də müntəzəm olaraq müxtəlif xarici dairələrin atəşinə məruz qalırıq. Amma bu, bizi yolumuzdan heç vaxt döndərə bilməz. Biz haqq yolundayıq. Bugünkü Azərbaycan, bugünkü Azərbaycan reallıqları, ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq, inkişaf, tərəqqi, vətəndaş həmrəyliyi, bax, bizim böyük dəyərimizdir və bunu Azərbaycan xalqı öz zəhməti, istedadı hesabına əldə edib. Əlbəttə, ölkəmizdə kifayət qədər güclü siyasi iradə var ki, xalqımızı kənardan bizə tuşlanan bütün atəşlərdən qoruyaq. Gənclər də, uşaqlar da, bax, bu ruhda - müstəqillik ruhunda böyüməlidirlər. Azərbaycan müstəqil ölkə kimi əbədi yaşamalıdır və müstəqil siyasəti bundan sonra da aparmalıdır. Biz bunu aparırıq, aparacağıq. Ancaq gələcək sizin əlinizdə olacaqdır. Ona görə, müəllimlər, valideynlər, uşaqların özləri də həmişə bu amili yadda saxlasınlar. Təhsil, vətənpərvərlik, milli dəyərlər, güclü Azərbaycan - budur bizim əsas prinsiplərimiz. Əminəm ki, belə gözəl məktəbdə mənim bütün tövsiyələrim öz yerini tapacaq. Sizi bir daha təbrik edirəm, sizə uğurlar arzu edirəm. x x x Ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür edən valideyn Jalə SEYİDLİ dedi: -Mənim övladım 20 nömrəli məktəbdə təhsil alır. Bir qədər həyəcanlıyam. Çünki Prezident, Ali Baş Komandan qarşısında və Birinci vitse-prezident qarşısında həyəcansız danışmaq olmur. Bu cür gözəl məktəbə, ümumiyyətlə, Azərbaycan təhsilinin inkişafında gördüyünüz işlərə görə Sizə və Mehriban xanıma təşəkkür etmək istəyirəm. Nazirlik məlumat verib ki, bu il ölkəmizdə təhsilin inkişafı üçün yeni layihələr həyata keçiriləcək. Bir valideyn olaraq çox sevinirəm ki, bu qədər problemlərə, qayğılara, dünyada gedən gərgin siyasi proseslərə baxmayaraq, Prezidentimiz və onun xanımı təhsilə, məktəblərə hərtərəfli dəstək olurlar. Çox sağ olun. Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm, çox sağ olun. Valideynləri də, müəllimləri də təbrik edirəm, yeni-yeni uğurlar arzulayıram. x x x Sonda xatirə şəkli çəkdirildi.   www.president.az  

"Bilik günü" fotolarda

Ümumtəhsil məktəblərində 1 445 049 şagird təhsil alacaq

2017-2018-ci tədris ilində ölkənin ümumtəhsil məktəblərində 1 445 049 şagird təhsil alacaq.  Birinci sinfə gedən şagirdlərin sayı isə 164 945 nəfərdir. 2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib,  ilk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub.  Bu il bütün mənbələr hesabına 71 məktəb inşa edilib. Həmin məktəblərdən 61-i modul tipli məktəbdir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur.12 məktəb binası əsaslı, 484 məktəb cari təmir edilib.1 peşə, 1 uşaq-gənclər, 1 tədris-idman mərkəzi yeni tikilib. 3 ali təhsil müəssisəsinin kampusu və korpusu tikilib, əsaslı təmir olunub. 2017-2018-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil məktəbləri üçün ümumilikdə 241 adda 4 563 416 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub.

Təhsil naziri Mikayıl Cabbarovun “Bilik günü” münasibəti ilə təbriki

Əziz müəllimlər, tələbələr və şagirdlər, hörmətli valideynlər!  Sizi  yeni təhsil  ili  münasibətilə  təbrik edirəm!     “Bilik günü” - bu günün sevincini yaşayan hər bir kəs üçün əlamətdardır. Bu gün insanları xəyallarına, arzularına  qovuşmasına zəmin yaradır, həyat yolunun başlanğıcıdır. Bu yolu inamla getmək üçün əsas keyfiyyət ölkəmizin gələcəyi naminə  qazanılan zəruri biliklər, vətəndaşlıq ləyaqəti və dəyərlərə olan  hörmətdir. Zaman bizə tarixin ən güclü Azərbaycanında yaşamaq xoşbəxtliyini nəsib edib. Burada hamımızın birgə əməyi vacib və həlledicidir - Vətən sevgisi və yeni dünyanı fəth etmək enerjisi ilə. Əziz müəllimlər, tələbələr və şagirdlər! Hər bir başlanğıc yeni imkandır. “Bilik günü” ilə başlanan bu imkanı uğurlu həyat hekayəsinə çevirməkdə hər birinizə nailiyyətlər arzulayıram!

Müəllimlərin əlavə yerləşdirilməsinin nəticələri bəlli oldu

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci turu başa çatıb.  Bu mərhələdə  933  nəfər  müəllim olmaq hüququ qazanıb. Ümumtəhsil müəssisələrində işləyən 125 nəfər müəllim bu mərhələdə iş yerini dəyişib.   Müsahibədən uğurla keçərək müəllim adını qazanan namizədlər sentyabrın 15-dək təyin olunduqları müəssisələrdə və ya yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər. Namizədlərin nəticələri onların şəxsi səhifələrinə göndərilir. Qeyd edək ki, müsabiqənin birinci mərhələsi üzrə 4454 nəfər müəllim adını qazanıb.  Ötən və cari tədris ilində keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müvafiq keçid balını toplamış şəxslər barədə məlumatlar rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) rəsmi saytında yerləşdirilib. Ümumi təhsil müəssisələrində boş qalan vakant yerlərə müddətli müqavilə əsasında işə qəbul zamanı bal ardıcıllığı nəzərə alınmaqla həmin məlumatlardan istifadə olunması nəzərdə tutulub.  

Azərbaycanlı şagirdin Avropa qalibiyyəti

7-13 sentyabr tarixlərində Bolqarıstanın Sofiya şəhərində Birinci Avropa Gənclər olimpiadası keçirilib. Kompüter proqramlaşdırılması sahəsində keçirilən olimpiadada  15 yaşa qədər Avropa ölkələrinin şagirdləri iştirak edib. Olimpiadada şagirdlər proqramlaşdırma dillərindən birində kompüter alqoritmi həll etmək məsələsi ilə qiymətləndiriliblər. 22 ölkənin qatıldığı Birinci Avropa Gənclər olimpiadasında Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Abutalıb Namazov bürünc medal qazanıb.  

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı