Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyi qeyd edilib
Dekabrın 8-də Sumqayıt Dövlət Universitetinin (SDU) 55 illik yubileyi münasibəti ilə mərasim keçirilib. Tədbir iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Tədbirdən öncə foyedə təşkil olunan tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Universitetin akt zalında davam etdirilən mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, dünyanın müxtəlif ölkələrindən olan alimlər və ali məktəblərin rektorları iştirak ediblər. Mərasimi giriş sözü ilə açan universitetin rektoru Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinin keçdiyi tarixi yoldan, qazandığı uğurlardan və ali məktəbin gənc nəslin təlim-tərbiyəsindəki rolundan danışıb. Universitetin kollektivini yubiley münasibətilə təbrik edən təhsil nazirinin müavini Ceyhun Bayramov SDU-nun zəngin ənənələrə malik elmi-pedaqoji fəaliyyətindən, ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. Nazir müavini ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Nazir müavini SDU-nun Azərbaycanda yüksək ixtisaslı kadr hazırlığında rolunu, ölkəmizin beynəlxalq səviyyədə təhsil əlaqələrinin inkişafında əhəmiyyətini diqqətə çatdırıb. Ceyhun Bayramov bidirib ki, SDU fəaliyyət göstərdiyi bütün dövrlərdə yalnız Azərbaycanın deyil, həm də keçmiş Sovetlər Birliyinin, eləcə də bir sıra xarici ölkələrin sənaye müəssisələrini yüksək ixtisaslı kadrlarla təmin edib, ölkəmizin intellektual potensialının inkişafına dəyərli töhfələr verib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Ufa Dövlət Neft Texniki Universitetinin rektoru Ramil Baxtizin kollektivi 55 illik yubiley münasibəti ilə təbrik edərək yeni-yeni nailiyyətlər arzulayıblar. SDU-nun 55 illik yubileyinə həsr olunmş mərasimdə Başqırdıstan Respublikasının baş nazirin müavini S.Saqitovun, Uxta Dövlət Texniki Universitetinin rektoru Nikolay Cхаdаyanın, universitetin fəxri doktoru, Almaniyanın Lüdviqshafen şəhərinin oberburqomistri Eva Lohsenin təbrik məktubları səsləndirilib. Mərasimdə ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə universitetin yubiley münasibəti ilə təltif olunan əməkdaşlarına dövlət mükafatları, həmçinin bir qrup əməkdaşa isə Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri fərmanı təqdim olunub.
08/12/2017 19:48
SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə
Təhsil Nazirliyinin SABAH qruplarında 2017-2018-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq üçün professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müsabiqə elan olunub. İKT və sahə bilikləri yüksək səviyyədə olan, innovativ tədris metodikalarından istifadə edə bilən, hərtərəfli dünya görüşünə malik ali təhsilli (magistr və daha yüksək elmi dərəcə) namizədlər müsabiqədə iştirak edə bilər. Universitet, dövlət sektoru və biznes sahəsində çalışan mütəxəssislər müsabiqəyə dəvət olunurlar. Müsabiqədə iştirak üçün müvafiq fənnin adı siyahıdan seçilməli və qeydiyyat formasına əlavə olunmalıdır (Forma tam doldurulmalıdır). Müsabiqədə iştirak üçün son müraciət tarixi 17 dekabr 2017-ci ildir. Seçim zamanı müvafiq sahə üzrə ali təhsil müəssisəsində tədris təcrübəsi olan, fəlsəfə doktoru, elmlər doktoru elmi dərəcələrinə malik və xaricdə ali təhsil almış namizədlərə üstünlük veriləcəkdir. Xaricdə təhsil alan namizədlər nostrifikasiya sənədini təqdim etməlidirlər. Hər bir namizəd ixtisasına uyğun vakant yerlər üzrə ən çoxu iki fənn üçün müraciət edə bilər. Müvafiq fənlər üzrə vakant yerlərin siyahısı müraciət formasına daxil edilib: https://teacher.sabah.edu.az SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə dövlət ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə yaradılmış savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Layihənin məqsədi ali təhsil sistemində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması və qlobal kadr bazarının tələblərinə cavab verən savadlı və peşəkar mütəxəssislərin yetişdirilməsidir. SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 ali təhsil müəssisəsində formalaşdırılıb. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsini, 6 ixtisas istiqaməti üzrə 40-dan artıq ixtisas və 2300-dən çox tələbəni əhatə edir. 2017-ci ildə SABAH qruplarının ilk məzun buraxılışı olub.
08/12/2017 11:53
Pedaqoji mühazirələrin dinlənilməsinə start verilib
“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təşkil edilən pedaqoji mühazirələrin dinlənilməsinə start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdindəki Təlimə Dəstək Mərkəzinə paytaxtın 12 inzibati rayonu üzrə 1000-dən artıq pedaqoji mühazirə təqdim olunub. Ümumi təhsil məktəblərinin pedaqoji heyətinin ən çox müraciət etdikləri mövzular “Müəllim-şagird münasibətlərinin pedaqoji əməkdaşlıq əsasında qurulması”, “Fənnin tədrisində müasir təlim texnologiyalarının tətbiqi”, “İbtidai təhsil səviyyəsində şagird nailiyyətlərinin inkişafına məktəbəhazırlıq təhsilinin təsiri”, “İstedadlı şagirdlərlə işin təşkili formaları”dır. Pedaqoji mühazirələr dinlənildikdən sonra mövzunun uyğunluğu və aktuallığı, təcrübi əhəmiyyəti, orijinallığı baxımından uyğun gələnlər seçilərək şəhər (rayon) mərhələsi üzrə Təşkilat Komitəsinə təqdim ediləcək. Pedaqoji mühazirələrin şəhər (rayon) mərhələsində ən yaxşı məruzələr müəyyənləşdirilərək innovativ xarakterə, səmərəli təcrübəyə əsaslananları ölkə üzrə seçimlərə təqdim olunacaq. Pedaqoji mühazirələrin ölkə mərhələsinin qalibləri müvafiq qaydada mükafatlandırılacaqlar. Qeyd edək ki, 2017-2018-ci dərs ilində təşkil olunan pedaqoji mühazirələrin əsas məqsədi ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir. Pedaqoji mühazirələrin şəhər mərhələsinin 2018-ci ilin fevral-mart aylarında, ölkə mərhələsinin isə aprel-may aylarında keçirilməsi nəzərdə tutulur.
08/12/2017 11:13
Məktəbdənkənar təhsil işçiləri təltif edilib
3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində Təhsil Nazirliyinin Fəxri fərmanına layiq görülən məktəbdənkənar təhsil işçilərinə təltiflərin təqdim edilməsi mərasimi keçirilib. Tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, Bakı şəhərində yerləşən uşaq-gənclər inkişaf mərkəzləri, uşaq-gənclər idman-şahmat məktəblərinin direktor və müavinləri iştirak edib. Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Lalə Qəti məktəbdənkənar təhsil sahəsinə son illər göstərilən diqqət və qayğı, yaradılan şərait barədə məlumat verib. Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov çıxış edərək məktəbdənkənar təhsil sahəsində həyata keçirilən islahatlar, əldə olunan uğurlu nəticələrdən danışıb. Vasif Məmmədov təhsilin inkişafında xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək naliyyətlər əldə etdiklərinə görə təltif olunan məktəbdənkənar təhsil sahəsində çalışan işçiləri təbrik edib. Daha sonra uşaq-gənclər inkişaf mərkəzləri və uşaq-gənclər idman-şahmat məktəblərinin təltif olunan əməkdaşlarına Fəxri fərmanlar təqdim edilib. Tədbir 3 nömrəli Uşaq -Gənclər İnkişaf Mərkəzi ilə tanışlıqla başa çatıb.
07/12/2017 16:31
Azərbaycanlı şagirdlərin oxu bacarıqları üzrə nəticələri yüksəlib
Dekabrın 7-də Təhsil Nazirliyində PIRLS tədqiqatı üzrə azərbaycanlı şagirdlərin göstərdikləri yüksək nəticə ilə bağlı brifinq keçirilib. Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev qeyd edib ki, son 5 ildə oxu bacarıqları üzrə IV sinfin sonunda yüksək nəticə göstərən azərbaycanlı şagirdlərin sayı 2 dəfə artıb. Belə ki, oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqat – PIRLS-in (Progress in International Reading Literacy Study) nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462 baldan 472 bala yüksəlib və ya 10 bal artıb. Oxu prosesinin ayrı-ayrı komponentləri üzrə də ölkə üzrə şagirdlərin nəticələrində əsaslı yaxşılaşma qeydə alınıb. “İnformasiya almaq məqsədilə” oxu bacarıqları 460 baldan 475 bala, ədəbi məzmunlu mətnlər üzrə oxu bacarığı 461 baldan 465 bala qədər inkişaf edib. Şagirdlərin “İzah, inteqrasiya və qiymətləndirmə” bacarıqları 449 baldan 463 bala, “birbaşa nəticə çıxarma” bacarıqları isə 469 baldan 476 bala qədər artıb. PIRLS tədqiqatı şagirdləri nəticələrinə görə 4 – “mükəmməl”, “yüksək”, “orta” və “aşağı” səviyyəyə bölür. PIRLS - 2011 tədqiqatının nəticələri ilə müqayisədə azərbaycanlı şagirdlərin “mükəmməl” səviyyəyə daxil olan payı 0 faizdən 2016-cı ildə 2 faizə qədər artıb. “Yüksək” səviyyə üzrə isə şagirdlərin nəticələri 2011-ci il ilə müqayisədə 9 faizdən 2016-cı ildə 16 faizə yüksəlib. Başqa sözlə, ölkə üzrə son 5 ildə “mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı 2 dəfə artıb. “Aşağı” səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin payı 37 faizdən 27 faizə enib və ya 27 faiz azalıb. PIRLS - 2016 proqramına ümumilikdə 60 iştirakçı ölkə (ştat, zona və s.) üzrə 340.000-dən çox şagird, 330.000 valideyn, 16.000 müəllim, 12.000 məktəb cəlb olunub. Azərbaycan üzrə isə təsadüfi seçim əsasında 170 ümumtəhsil məktəbi, 6000-dən çox 4-cü sinif şagirdi, 340 müəllim və 6000-dən çox valideyn iştirak edib. Bildirilib ki, ölkəmiz PIRLS, TİMSS və PİSA beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirak edir. Beynəlxalq qiymətləndirmə proqramları təhsilin keyfiyyətinin qiymətləndirilməsi funksiyasını yerinə yetirməklə ölkədə təhsil prosesi haqqında məlumat əldə etməyə, həlli tələb olunan əhəmiyyətli problemləri araşdırmağa, nəticələrin beynəlxalq təcrübə ilə müqayisəsinə imkan yaradır. PIRLS ibtidai təhsil səviyyəsinin sonunda şagirdlərin oxu bacarıqlarını qiymətləndirən beynəlxalq tədqiqat proqramıdır. PIRLS tədqiqatı Şagirdlərin Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən 2001-ci ildən başlayaraq hər beş ildən bir keçirilir. Azərbaycan Respublikası bu proqrama 2011-ci ildə qoşulub. Əsasən inkişaf etmiş ölkələrin şagirdlərinin iştirak etdiyi bu qiymətləndirmə tədqiqatında ölkələr üzrə orta bal 500 bal olaraq müəyyən edilir. İbitidai təhsildə keyfiyyət artımı insan kapitalının və iqtisadiyyatın inkişafına uzun müddətdə müsbət təsir edən həlledici amillərdəndir. Təhsil Nazirliyi son illərdə ibtidai təhsil səviyyəsində şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib. Məktəbəhazırlıq qruplarının təşkili, ibtidai sinif müəllimlərinin sınaq qiymətləndirilməsi, bu qiymətləndirmə əsasında ixtisasartırma təlimləri, müəllimlərin peşəkar inkişafı ilə bağlı layihələr, şagirdlər arasında oxu vərdişlərinin təşviqi, oxu bacarıqlarının inkişafına yönəlmiş “Zərdabi” layihəsi, valideynlərlə iş buna bariz nümunədir. Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
07/12/2017 15:42
Noyabr ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 14 060 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin noyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 14 060 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 10 829 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 231 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 557 sənəd (750 məktub, 589 ərizə, 218 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), maaşların verilməsi, tətbiq olunan həvəsləndirmə tədbirləri üzrə vəsaitlərin ödənilməsi, şagirdlərin bir məktəbdən digərinə köçürülməsi və dərs saatlarının verilməsi ilə bağlı məsələləri əhatə edib. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə (2 593 müraciət) və bazar ertəsi (2 166 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:30-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə (712 müraciət) və bazar ertəsi (687 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 15:00-dək müraciət edilib.
07/12/2017 13:09
Peşə təhsili müəssisələrinin işəgötürənlərlə əməkdaşlığına dair konfrans
Dekabrın 6-da Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili müəssisələrinin işəgötürənlərlə birgə əməkdaşlığa dair konfrans keçirilib. Konfransın məqsədi dövlət-özəl əməkdaşlığı çərçivəsində işəgötürənlərin peşə təhsili müəssisələri ilə tərəfdaşlığa cəlb olunması və bu prosesin təşviq edilməsidir. Öncə konfransda ölkəmizdə peşə təhsili sahəsində aparılan islahatlara dair videoçarx nümayiş olunub. Tədbiri Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev açaraq rayonun sosial-iqtisadi inkişafı və görülən işlər barədə məlumat verib. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında özəl sektorun inkişafının Azərbaycan iqtisadiyyatının prioritetlərindən olduğunu, dövlətin iqtisadi siyasətində sahibkarlığın inkişafının əhəmiyyətini və yaradılan iş yerlərinin səriştəli işçi qüvvəsi ilə təminatının vacibliyini diqqətə çatdırıb. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev çıxış edərək bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl tərəfdaşlığı sisteminin həyata keçirilməsi zəruridir. İqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən işəgötürənlər ilə peşə təhsili müəssisələri arasında müxtəlif səviyyələrdə tərəfdaşlığın qurulmasının günün tələbi olduğunu vurğulayan Famil Mustafayev ixtisaslı və səriştəli kadrların hazırlanmasının bu prosesə mühüm töhfə verəcəyini qeyd edib. Tədbirdə Avropa İttifaqının Bakı ofisi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, British Petrolium (BP), British Council və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) kimi beynəlxalq təşkilatların, iri sahibkarlıq subyektlərinin nümayəndələri, yerli iş adamları iştirak edib və öz fikirlərini bildiriblər. Konfransda peşə təhsili müəssisələri ilə dövlət-özəl əməkdaşlığı istiqamətində işəgötürənlərin maraq və öhdəliklərinin müəyyənləşdirilməsi məqsədilə sahibkarlar arasında sorğu keçirilib. Tədbir iştirakçıları Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şəraitlə tanış olublar.
06/12/2017 15:35
Mikayıl Cabbarov təhsil naziri kimi necə yadda qaldı? - SORĞU
Prezident İlham Əliyevin sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarov bu vəzifədən azad olunaraq vergilər naziri təyin edilib. M. Cabbarovun təhsil naziri kimi 4 il 7 aylıq fəaliyyəti nə ilə yadda qalıb? Millət vəkilləri, media rəhbərləri və ekspertlər APA-nın bu barədə sorğusunu cavablandırıblar. Milli Məclisin üzvü Zahid Oruc bildirib ki, Mikayıl Cabbarovun təhsil naziri kimi dörd il ərzində fəaliyyəti əhəmiyyətli və danılmazdır: “Ali təhsil müəssisələrinin rəhbər korpuslarında aparılan dəyişikliklər faydalı olub. Hər zaman korrupsiya hallarına yol verilən tələbə köçürülmələrinin elektronlaşdırılması, bu sahədə şəffaflaşdırma və sair kimi məsələləri əlavə etdikdə dəqiq yol xəritəsinə malik, hədəfləri olan və buna uyğun komanda quraraq addım-addım irəliləyən nazirin fəaliyyətinə şahidi olduq. Hesab edirəm ki, bu, uğurlu idi. Əminəm ki, ölkə prezidenti tərəfindən təyin olunacaq yeni təhsil naziri həmin müsbət zəmin üzərində qurulan işləri irəliyə aparacaq. “APA Holding”in prezidenti Vüsalə Mahirqızı qeyd edib ki, təhsil sahəsi islahatların ehtiyatla və mərhələli şəkildə həyata keçirilməsini tələb edən sahədir: “Son illər ərzində bu sahədə xüsusilə prioritetlərin müəyyənləşməsi istiqamətində ciddi işlər görülüb. Eyni zamanda, müəllimlərin işə qəbul prosesi elektronlaşdırılıb və şəffaflaşdırılıb. Həmçinin son illər diqqətimi çəkən əsas işlərdən biri təhsil menecmentinin formalaşması istiqamətində atılan addımlar olub. Xüsusilə orta məktəblərdə direktor və direktor müavinlərinin təyinatı ilə bağlı görülən işləri, mütəxəssislərin hazırlanması prosesini dəstəkləyirəm. Prioritetləri və hədəfləri bilən, idarəetmə bacarığını mənimsəmiş mütəxəssis olmadan bu sahədə islahatlar aparılması mümkün deyil. Məncə, Təhsil Nazirliyində başlamış bu proses davam etdirilməlidir. Təhsil sahəsində cəmiyyət, ziyalılar, aktiv kəsim arasında konstruktiv diskussiya mühiti yaranıb, bunun da qorunub saxlanmasına ehtiyac var”. Millət vəkili Fazil Mustafa deyib ki, təhsil islahatlarının son illər bir sıra yeniliklərlə müşayiət olunduğunu söyləmək olar: “Xüsusilə məktəb direktorlarının müsabiqə yolu ilə seçilməsinin müsbət bir tendensiya olduğunu düşünürəm. “Təhsil TV”nin maarifləndirici funksiya yerinə yetirməsi də müsbət hadisədir. Ali məktəblərdə “Sabah” kurslarının açılışı da faydalı yeniliklərdən sayıla bilər. Tədris metodikasında çox ciddi yeniliklər də tətbiq olundu. Ümid edirəm ki, yaxın zamanlarda bu islahatların faydalı nəticələri ortaya çıxacaq”. Millət vəkili Aydın Mirzəzadənin fikrincə isə, son 4 ili Təhsil Nazirliyinin fəaliyyətinə yeniliyin gəlməsi, müasir təhsil fəlsəfəsinin bərqərar olması kimi qiymətləndirmək olar: “Gənclərə böyük etimad göstərilməsi, müəllimlərin statusunun və nüfuzunun cəmiyyətdə qaldırılması üzrə işlərin görülməsi, yeni tikilən məktəblərə, yeni ab-hava, yeni düşüncə gətirilməsi, təhsilin səviyyəsinin artırılması - bütün bunları ötən dövrün müsbət addımları kimi xarakterizə etmək olar. Ümumən götürdükdə, bu gün Azərbaycan təhsili dünya standartlarına cavab verən səviyyəyə gəlib çatıb”. Millət vəkili Tahir Mirkişili qeyd edib ki, son illər Azərbaycanda dövlət başçısı tərəfindən aparılan islahatlar iqtisadiyyatın və idarəetmənin bütün sahələrini əhatə etməkdədir: “Əlavə olaraq dünyada yeni yaranan paradiqmalar təhsilin də qarşısına yeni vəzifələr qoyub, sürətli, əhatəli islahatların aparılmasını labüd edib. Son illər təhsildə aparılan islahatlar ciddi və əhatəli təhlillər üzərində qurulub. Məhz bu yanaşmanın nəticəsində şagirdlərin və tələbələrin bilik və vərdişlərində keyfiyyət dəyişiklikləri artıb, idarəetmə strukturlarında çevik yanaşma tətbiq olunub, İKT-dən istifadə geniş yayılıb. Peşə təhsilinin inkişafı isə iqtisadiyyatın qarşısında duran məsələlərin həllinə ciddi dəstək olub”. “Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı bildirib ki, son 4 ildə Azərbaycan təhsil sistemində inkişafa doğru böyük dəyişikliklər olub: “Bunu kimsə dana bilməz. Ancaq təhsil elə bir sahədir ki, aparılan islahatların, görülən işlərin nəticəsi illər sonra hiss olunur. Təhsil Nazirliyinin bütün strukturları son 4 ildə ictimai fikrə hər zaman diqqətlə, hörmətlə yanaşıb, haqlı tənqidləri qəbul edib. Ölkə mediasında təhsillə bağlı dərc edilən yazılar heç zaman reaksiyasız qalmayıb. Bir sözlə, artıq Təhsil Nazirliyi hər kəs üçün əlçatandır”. “525”-ci qəzetin baş redaktoru Rəşad Məcid Təhsil Nazirliyinin fəaliyyətindəki ötən 4 ili dinamiklik, hərəkətlilik, zamanın sürətli tempi ilə ayaqlaşmaq istəyi kimi qiymətləndirib: “Media rəhbərləri ilə, yazıçılarla birlikdə iştirak etdiyim çoxsaylı tədbirlərdən təəssüratım kreativliyin aşılanması, yeni innovasiyaların tətbiqi, ənənəvi metodları sındırmaq, fərqli və müasir yanaşma metodlarının tətbiqidir. Bu dəyişikliklər gözümüzün önündə baş verib. Rəqabət hissi yaradan, biliklərini ortaya çıxaran müsabiqələrin, yarışların təşkili, bir yandan “Məktəblinin dostu” kimi şagirdlərə sərbəst yaradıcılıq imkanları verən layihələr, ali məktəblərdə imtahan sisteminin dəyişilməsi, tələbələrin yalnız biliyinə, savadına güvənməyin uğur üçün yeganə yol olmasına inandırılması, özünə güvən hissinin aşılanması, qısa müddətdə buna nail olunması böyük bacarıqdır. Müəllimlərin və direktorların imtahanla seçilməsi, neqativ məqamlara səbəb ola biləcək yolların qapadılması uğurlu nəticələrdəndir”. Təhsil eksperti Etibar Əliyev hesab edir ki, Mikayıl Cabbarov Azərbaycanın təhsil tarixində adı yalnız yaxşıya çəkilən nazir kimi qalacaq: “Onun imza atdığı islahatlar Azərbaycan təhsilinin simasını deyişdi. Bu islahatların rasional davamı olacaqsa, təhsildə daha böyük uğurlar əldə olunacaq”. “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli son 4 il ərzində Azərbaycanın təhsil sistemində görülən işlərin davamlı inkişaf üçün möhkəm təməl yaratdığını düşünür: “Müəllimlərin işə qəbulu ilə bağlı yaradılmış şəffaf mühit bütövlükdə təhsilə olan münasibəti dəyişib. Universitetlərimizin beynəlxalq əlaqələrinin genişləndirilməsi, “Sabah” qrupları, ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəllərində irəliləməsi, təhsilin keyfiyyətinin nəzərəçarpacaq dərəcədə dəyişməsi bu quşa müddətdə əldə olunmuş böyük uğurlardır. Şübhə etmirəm ki, zaman keçdikcə görülən işlərin miqyası daha aydın görünəcək”. Təhsil eksperti Nabatəli Qulamoğlu deyib ki, Mikayıl Cabbarov Təhsil Nazirliyində yeni iz qoyub: “İlk növbədə təhsilimizdə baş alıb gedən korrupsiyanın qarşısını almaq üçün mexanizmlər yaratmaq yolunu seçdi. Başa düşdü ki, hədə-qorxu, tapşırıqlarla bunu həll etmək mümkün deyil. Təhsildə müəllim sıxlığını aradan qaldırmaq üçün bir sıra tədbirlər həyata keçirdi. Bu, həm də kadr potensialının saflaşması anlamına gəlirdi: diaqnostik qiymətləndirilmə aparıldı, mövcud kadrların potensialı müəyyən edildi. Müəllimlərin yeni qayda üzrə işə qəbulu prosesinə start verildi. Artıq hər kəs anladı ki, yaxşı iş yeri qazanmaq üçün bilik əsas meyardır. Birinci siniflərə qəbulla bağlı sui-istifadə hallarının qarşısını almaq üçün qəbulu elektron formada həyata keçirmək üçün qaydalar təsbit edildi. Diplomların nostrifikasiyasını da elektron formada həyata keçirməyə başladılar, çünki təcrübə göstərdi ki, bununla bağlı ciddi sui-istifadə halları mövcuddur. Ən başlıcası, M. Cabbarov Təhsil Nazirliyinə demokratik ruh gətirdi, müstəqil fikir söyləmək, tənqidlərə açıq olmaq artıq ənənəyə çevrildi. Yeni qayda ilə direktorların işə qəbulunu təşkil etdi. Təmayüllər üzrə təhsilin inkişafına start verdi. Məktəblərdə yeni qiymətləndirmə mexanizmi yaradıldı”. Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun həmsədri Vüqar Bayramov qeyd edib ki, son 4 ildə birmənalı şəkildə təhsil sektorunun fərqli bir mərhələyə qədəm qoyduğunu söyləmək olar: “Bu, həm ali təhsil sahəsində aparılan islahatlar, eyni zamanda orta məktəb səviyyəsində tətbiq edilən yeni mexanizmlərlə bağlıdır. Ali təhsil səviyyəsində ali məktəblərin statusunun dəyişdirilməsi, eyni zamanda birbaşa adambaşına maliyyələşmə mexanizminin tətbiqinə başlanması ali məktəblər üçün yeni imkanlar açdı. Bu imkan verdi ki, ali məktəblər kənar mənbələrdən istifadə etməklə təhsilin keyfiyyətinin artırılması imkanlarına malik olsun. Aparılan islahatlar ali məktəb sahəsində kök salmış korrupsiya hallarının minimallaşdırılmasına səbəb oldu. Son 4 ildə Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə mövqeyinin güclənməsi müşahidə edilib. Məncə son 4 ili qiymətləndirəndə aparılan islahatlar gələcəkdə əldə ediləcək nailiyyətlər üçün bir baza formalaşdırdı. Son 4 il Azərbaycan təhsil sistemində xüsusi bir mərhələ kimi qiymətləndirilir. Bu, Azərbaycan təhsilinin həm dünya, həm də regionda mövqeyinin güclənməsinə gətirib çıxardı”. “1news.az” agentliyinin müxbiri Elşən Rüstəmov qeyd edib ki, təhsildə 2-3 il ərzində nəticələrin görülməsi mümkün deyil, buna minimum 7-8 il tələb olunur: “Mikayıl Cabbarov Azərbaycanın müstəqilliyi dövründə ən yaxşı nazirlərdən biri kimi mənim yaddaşımda qalıb. Prezidentin sərəncamı ilə vergilər naziri təyin olunması onun xidmətlərinin yüksək qiymətləndirildiyinin göstəricisidir. Əminəm ki, Mikayıl Cabbarov yeni vəzifəsində peşəkarlıqla özünü göstərəcək”. Professor Şahlar Əsgərov son 4 il ərzində təhsildə baş verən dəyişiklikləri 4 sözlə ifadə edib - ümid, inam, tərəqqi və dəyər: “Mikayıl müəllim bu sifətləri cəm şəklində təhsil sistemimizdə yarada bildi. O, təhsil islahatlarını yeni mərhələyə çıxardı: “Əməkhaqqı ilə bağlı görülən tədbirləri yüksək qiymətləndirirəm. Müəllimlərin diaqnostik qiymətləndirilməsindən sonra əməkhaqqının artımının şahidi olduq. Nəinki Bakı şəhərində, rayonlarda da bu proses davam edir. Bununla yanaşı, sənədlərin elektron qaydada qəbulunun həyata keçirilməsi də olduqca müsbət haldır”. Apa.az
06/12/2017 13:11
Son 5 ildə oxu bacarıqları üzrə yüksək nəticə göstərən şagirdlərin sayı 2 dəfə artıb
Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqat – PIRLS-in nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462 baldan 472 bala yüksəlib və ya 10 bal artıb. 1news.az-ın verdiyi xəbərə görə, PIRLS ibtidai təhsil səviyyəsinin sonunda şagirdlərin oxu bacarıqlarını qiymətləndirən beynəlxalq tədqiqat proqramıdır. PIRLS tədqiqatı Şagirdlərin Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən 2001-ci ildən başlayaraq hər beş ildən bir keçirilir. Azərbaycan Respublikası bu proqrama 2011-ci ildə qoşulub. Əsasən inkişaf etmiş ölkələrin şagirdlərinin iştirak etdiyi bu qiymətləndirmə tədqiqatında ölkələr üzrə orta bal 500 bal olaraq müəyyən edilir. Ölkəmiz PIRLS, TİMSS və PİSA beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirak edir. Beynəlxalq qiymətləndirmə proqramları təhsilin keyfiyyətinin qiymətləndirilməsi funksiyasını yerinə yetirməklə ölkədə təhsil prosesi haqqında məlumat əldə etməyə, həlli tələb olunan əhəmiyyətli problemləri araşdırmağa, nəticələrin beynəlxalq təcrübə ilə müqayisəsinə imkan yaradır. PIRLS tədqiqatı şagirdləri nəticələrinə görə 4 – “mükəmməl”, “yüksək”, “orta” və “aşağı” səviyyəyə bölür. Sevindirici haldır ki, PIRLS 2011 tədqiqatının nəticələri ilə müqayisədə azərbaycanlı şagirdlərin “mükəmməl” səviyyəyə daxil olan payı 0 faizdən 2016-cı ildə 2 faizə qədər artıb. “Yüksək” səviyyə üzrə isə şagirdlərin nəticələri 2011-ci il ilə müqayisədə 9 faizdən 2016-cı ildə 16 faizə yüksəlib. Başqa sözlə, ölkə üzrə son 5 ildə “mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı 2 dəfə artıb. “Aşağı” səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin payı 37 faizdən 27 faizə enib və ya 27 faiz azalıb. PIRLS 2016 proqramına ümumilikdə 60 iştirakçı ölkə (ştat, zona və s.) üzrə 340.000-dən çox şagird, 330.000 valideyn, 16.000 müəllim, 12.000 məktəb cəlb olunub. Azərbaycan üzrə isə təsadüfi seçim əsasında 170 ümumtəhsil məktəbi, 6000-dən çox 4-cü sinif şagirdi, 340 müəllim və 6000-dən çox valideyn iştirak edib. İbitidai təhsildə keyfiyyət artımı insan kapitalının və iqtisadiyyatın inkişafına uzun müddətdə müsbət təsir edən həlledici amillərdəndir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi son illərdə ibtidai təhsil səviyyəsində şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib. Məktəbəhazırlıq qruplarının təşkili, ibtidai sinif müəllimlərinin sınaq qiymətləndirilməsi, bu qiymətləndirmə əsasında ixtisasartırma təlimləri, müəllimlərin peşəkar inkişafı ilə bağlı layihələr, şagirdlər arasında oxu vərdişlərinin təşviqi, oxu bacarıqlarının inkişafına yönəlmiş “Zərdabi” layihəsi, valideynlərlə iş buna bariz nümunədir. www.1news.az
05/12/2017 18:34
Peşə təhsili sahəsində ikitərəfli əməkdaşlıq müzakirə olunub
26 noyabr-2 dekabr 2017-ci il tarixlərində Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Estoniya Respublikasında səfərdə olub. Səfərin əsas məqsəd “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, əmək bazarının tələblərinə uyğunlaşdırılmaqla peşə təhsili sisteminin inkişafı, peşə təhsili müəssisələrində strateji planlaşdırma, qeyri-formal və informal təhsil, yaşlıların təhsili, səmərəli maliyyələşdirmə mexanizminin yaradılması istiqamətində beynəlxalq təcrübələrin öyrənilməsindən ibarət olub. Səfərin ilk günü Estoniya Respublikasının Təhsil və Tədqiqat Nazirliyində görüşlər keçirilib, iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Səfər çərçivəsində Təhsil və Tədqiqat Nazirliyinin əsas tərəfdaşı olan İnnovasiya Fondu, Estoniya Ticarət ve Sənaye Palatası, kənd təsərrüfatı və xidmət sahələri üzrə fəaliyyət göstərən peşə təhsili müəssisələrində görüşlər keçirilib. Görüşlərdə ölkələrimiz arasında yüksək səviyyəli və tarixi əlaqələrə toxunan Famil Mustafayev peşə təhsili sahəsində Azərbaycanda aparılan islahatlar haqqında geniş məlumat verib, ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün konkret təklifləri qarşı tərəfə çatdırıb. Təlim səfərində Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri Estoniyanın kvalifikasiya sitemi, peşə təhsilində keyfiyyətin təminatı, peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq, kurikulumların hazırlanması, yaşlıların təhsili və nəticəyönümlü modulların tətbiqinə dair təcrübə ilə yaxından tanış olublar. Təlim səfəri “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsi çərçivəsində baş tutub. Səfərdə bu layihənin rəhbəri Herman Sonnerveld və ekspertlər də iştirak edib. Estoniya təhsil islahatlarına görə Avropa ölkələri içərisində aparıcı yer tutur və əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığı, optimallaşdırılmış peşə təhsili müəssisələri, effektiv peşə təsərrüfat fəaliyyəti sahəsində qabaqcıl təcrübəyə malikdir.
04/12/2017 16:53
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı