Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Qubada modul tipli məktəb istifadəyə verilib

Yanvarın 17-də Quba rayonuna mediatur təşkil edilib. Mediaturun məqsədi bu bölgədə inşa edilən modul tipli məktəb haqqında media nümayəndələrinə məlumat vermək və onları həmin məktəblə tanış etmək olub. Media nümayəndələri Quba rayonunun Çağacıq kəndində yeni istifadəyə verilən modul tipli məktəbdə olublar. Bildirilib ki, 56 şagird yerlik məktəb 5 sinif otağı və 1 müəllimlər otağından ibarətdir. Hazırda 50 şagirdin təhsil aldığı məktəbdə 4 sinif komplekti və 1 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəb müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib. Media nümayəndələrinə məlumat verilib ki, bu məktəbdə təhsil alan İsmət Ağayev 2015-ci ildə Riyaziyyat üzrə Respublika fənn olimpiadasında birinci yerin qalibi olub. Bu günədək Qubada 3 belə məktəb istifadəyə verilib və bu iş hazırda davam etdirilir. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarında istifadə edilir. Qeyd edək ki, Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə Prezidenti cənab İlham Əliyev sosial infrastrukturla bağlı çox ciddi addımlar atıldığını deyib. Bildirib ki, ötən il ölkədə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb.  2018-ci ildə də sosial infrastruktur layihələrinin icrası ilə bağlı dövlət investisiya proqramında kifayət qədər vəsait olduğunu söyləyən dövlət başçısı bəzi rəqəmləri diqqətə çatdırıb. Belə ki, bölgələrdə modul tipli 137 məktəb tikiləcək. Yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək.

Azərbaycan Tələbə-Könüllülərinin 3-cü Forumu keçiriləcək

Yanvarın 25-də Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə Azərbaycan Tələbə-Könüllülərinin 3-cü Forumu keçiriləcək. Tədbir ötən il təşkil olunmuş 2-ci Forumun nəticələrinə, görülmüş işlərə və qarşıya qoyulan yeni məqsədlərə həsr olunacaq Forumda könüllülük hərəkatının inkişafı və tələbələrin ictimai həyatda fəal iştirakının stimullaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaq. Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü Proqramı ölkəmizin mədəni və ictimai inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. İki il ərzində 21 ali və 16 orta ixtisas təhsili müəssisələrindən olan 15 000-dən çox tələbə-könüllünü öz ətrafında birləşdirən “Bir” Tələbə-Könüllü Proqramı indiyədək 150-dən çox müxtəlif səviyyəli tədbirlərə könüllü dəstəyi göstərib və 7 regionda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Masallı)  təmsil olunub.

Peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyətinin diaqnostik qiymətləndirilməsi davam etdiriləcək

2018-ci ilin birinci yarısında ölkədə fəaliyyət göstərən ilk-peşə ixitsas təhsili üzrə müəllim-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin davam etdirilməsi nəzərdə tutulur. Ötən ilin əvvəllərində ilk peşə-ixtisas təhsili müəssisələri üzrə bütün ümumtəhsil fənn müəllimlərinin diaqnostik qiymətləndirilməsi təşkil edilib və həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb olunub. 2017-ci ilin sonunda isə rasionallaşdırılmış peşə təhsili müəssisələri üzrə Bakı və Gəncə şəhərlərində, Qəbələ rayonunda yaradılmış 14 dövlət peşə təhsil mərkəzinin 300-ə qədər mühəndis-pedaqoji heyətinin diaqnostik qiymətləndirilməsi keçirilib. 51 peşə-ixtisas istiqaməti üzrə tədris etdikləri ixtisaslara müvafiq ali və ya orta ixtisas təhsilli fənn müəllimləri və istehsalat təlimi ustalarının diaqnostik qiymətləndirilmədə iştirakına şərait yaradılıb. Diaqnostik qiymətləndirmənin bu mərhələsində daha çox “Aşpaz”, “Kompüter ustası”, “Avtomobil təmiri çilingəri”, “Dərzi”, “Geyim üzrə dizayner”, “Əl elektrik qaynaqçısı” ixtisasları üzrə mühəndis-pedaqoji heyət iştirak edib, ixtisas və metodika sahəsində sualları cavablandırıb. Nəticələrdən asılı olaraq mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsi ilə əmək bazarının tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur. Diaqnostik qiymətləndirmənin keçirilməsində məqsəd “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən peşə təhsili müəssisələri üzrə kadr hazırlığı prosesinin müasirləşdirilməsi üçün müəllim-pedaqoji heyətin bilik və bacarıqlarının yoxlanılması, nəticələrdən asılı olaraq onların ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsilə əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır.

Tələbələrin köçürülməsinə fevralın 1-dən başlanılır

  Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılacaq. Cari ilin fevral ayının 1-dən etibarən transfer.edu.az portalı vasitəsi ilə sənəd qəbulu həyata keçiriləcək və bu proses fevralın 7-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər. Təhsil NazirliyiDövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Transfer.edu.az portalı vasitəsi ilə köçürülən tələbələr köçürüldüyü ali təhsil müəssisəsindən və yaxud ixtisasından imtina etmək hüququna malik deyil. Ötən tədris  ilində portal vasitəsi ilə 1191 nəfər tələbə köçürülüb.   Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar

Məktəblilər ali təhsil müəssisələrində

Paytaxt məktəbliləri üçün karyera planlama təlimləri çərçivəsində ali təhsil müəssisələrinə ekskursiyalar təşkil edilir. Ekskursiyalar zamanı ali məktəblərin müəllim və tələbələri ilə görüşən şagirdlərə fakültələr, ixtisaslar, təqaüd və mübadilə proqramları barədə məlumatlar verilir. Eyni zamanda, görüşlərdə ixtisas seçimi, bu zaman diqqət yetirilməli olan məqamlar, bacarıq və qabiliyyətlərin düzgün qiymətləndirilməsi, əmək bazarındakı vəziyyət və digər məsələlər ətrafında müzakirələr aparılır. Ekskursiyalar çərçivəsində, həmçinin, məktəblilər elmi-tədqiqatlara cəlb olunur, dərs dinləmələrinə qatılır, maraqlandıqları suallara cavab alırlar. Qeyd edək ki, karyera planlama təlimləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 19 ümumi təhsil məktəbində “Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılır. Təlimlərin təşkil olunmasında əsas məqsəd şagirdlərə peşələr haqqında məlumat vermək, onlara ixtisas seçimində kömək etmək, həmçinin, seçilən peşə növünün xüsusiyyət və tələbləri ilə məktəblilərin psixofizioloji və sosial-psixoloji durumu arasındakı uyğunluğu müəyyənləşdirməkdən ibarətdir.

Bölgələrdə modul tipli 137 məktəb tikiləcək

Yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Prezident İlham Əliyev iclasdakı giriş nitqində 2017-ci ildə görülən işlərdən söz açıb. Ötən il ölkəmizin sürətlə və uğurla inkişaf etdiyini deyən dövlət başçısı həyatın bütün sahələrində əldə edilmiş nəticələrin ümumi inkişafa böyük töhfə verdiyini bildirib. Ölkə iqtisadiyyatının bütün sahələrində görülmüş işlərin müfəssəl təhlilini verən Azərbaycan Prezidenti sosial infrastrukturla bağlı çox ciddi addımlar atıldığını deyib. Bildirib ki, ötən il ölkədə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb.  Prezident İlham Əliyev iclasdakı yekun nitqində 2018-ci ildə də ölkə iqtisadiyyatının öz inkişaf yolu ilə gedəcəyini, il ərzində bir çox önəmli layihələrin icrasının nəzərdə tutulduğunu qeyd edib. Sosial infrastruktur layihələrinin icrası ilə bağlı dövlət investisiya proqramında kifayət qədər vəsait olduğunu söyləyən dövlət başçısı bəzi rəqəmləri diqqətə çatdırıb. Belə ki, bölgələrdə modul tipli 137 məktəb tikiləcək. Yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək. “Beləliklə, hesab edirəm ki, bu məktəblər tikiləndən sonra ölkəmizdə qəzalı məktəb qalmamalıdır”.    2018-ci ildə quraşdırılması nəzərdə tutulan modul tipli təhsil müəssisələrinin siyahısı

“Cücələrim” ansamblı festivalda birincilik qazanıb

Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Cücələrim” ansamblı XVII Beynəlxalq Uşaq Yaradıcılıq Forumu və “Milad Ulduzları - 2018” festival-müsabiqəsinin əsas Yeni il festivalında I yeri qazanıb. Festival “Şəhərlərin Həyatı” Festival Komitəsi tərəfindən Moskvanın "Kosmos" Böyük Konsert Zalında keçirilib. Festival Rusiyanın müxtəlif şəhərləri, MDB və digər xarici ölkələr ilə yaradıcı nailiyyətlərin mübadiləsinin aparılması, uşaq yaradıcılığının təbliği, gənc istedadların yaradıcılıq imkanlarının reallaşdırılmasına dəstək göstərilməsi və aşkarlanması, qorunması, inkişafı, uşaq kollektivlərinin ustalıq və ifaçılıq mədəniyyətinin artırılmasına köməklik edilməsi məqsədi daşıyıb. Festivalda 2500 uşaq kollektivi iştirak edib. Beş gün davam edən festivalda “Cücələrim” ansamblı Azərbaycan rəqslərini təbliğ edib, milli rəqslərimizə xas olan və onu başqa xalqların rəqslərindən fərqləndirən səciyyəvi cəhətləri  nümayiş etdiriblər. Klassik, xalq və estrada rəqsləri, uşaq xor kollektivləri və vokal ansamblları, uşaq orkestrləri və musiqi ansamblları, fraqmentlərlə uşaq operettaları kimi müxtəlif janrlarda təşkil olunmuş müsabiqədə “Cücələrim” ansamblı  digər rəqiblərini  üstələyərək birincilik kubokunu əldə edib. Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə, müəllim heyəti və ansamblın üzvləri Moskva Mədəniyyət Departamenti, Moskva Həmkarlar İttifaqları Federasiyası tərəfindən xüsusi mükafat və hədiyyələrlə, diplom və sertifikatlarla təltif olunub.

Ucqar kəndlərin maarifçiləri

Onlar üçün müəllimlik bir missiyadır   Qubanın ucqar dağ kəndi Xınalığın gənc müəllimləri Rüfanə və Natiq, İsmayıllı rayonunun İstisu kəndinin ibtidai sinif müəllimi Şahid, Şamaxının dağ kəndi, mərkəzdən 30 km. aralı Ərçiman məktəbində dərs deyən Şahsuvar və Tehran, Zaqatala rayonu Üçüncü Tala kənd tam orta məktəbinin müəllimi Ehtiram, Ağsu rayonunun Cəlayir kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Səridə, Lerik rayonunun ucqar kəndlərindən birində işləyən Mahmud, Masallının Təklə kəndində bu tədris ilindən müəllimliyə başlayan Günel və onlarla azərbaycanlı gənci bir keyfiyyət birləşdirir: fədakarlıq. Onlar sevdikləri müəllimlik peşəsinin vurğunlarıdır. Bu onların özünün seçdiyi yol, özlərinə yazdıqları qədərdir. Bu qədəri yaşaya-yaşaya sıralarını da artıracaqlar.   Gənc fədakarlar   Onların hər biri bir cür fədakardır. Biri Cəlil Məmmədquluzadənin həyatını oxuyandan sonra, başqası Rəşad Nuri Güntəkinin “Çalıquşu” əsərindən ilhamlanıb, bu yolu gedəcəklərinə qərar veriblər. Məsələn, Şəmkir rayonu Nərimanlı kənd məktəbinin kimya müəllimi Gülnar Əhmədovanın həkim, yoxsa müəllim olacağı ilə bağlı tərəddüdlərinə Rəşad Nuri Güntəkinin “Çalıquşu” romanı, onun əsasında çəkilən film son qoyub. O da əsərdəki baş qəhrəman Fəridə kimi olmaq istəyib. Bütün çətinliklərə baxmayaraq, ucqar yerlərə, kəndlərə gedib təhsildən uzaq düşən uşaqları maarifləndirmək niyyətindədir. Cəlil Məmmədquluzadənin həyatından örnək götürüb müəllimliyə dağ kəndlərində başlayan gənclərin üstünə bəlkə Mirzə Cəlilə atılan palçıqdan atılmayıb. Məktəbdən yayındırmaq, yolundan qaytarmaq istəyən olmayıb. Ancaq onların da yoluna başqa problemlər çıxıb. Gənc müəllim Şahid Muradlı “Mirzədən saçılan işığın sirri onun geyimindən öncə beynindən, xalqının gələcəyi üçün ortaya qoyduğu ürəyindən qaynaqlanırdı”, - deyib, öz ürəyindəki mübarizə həvəsini ortaya qoyub. Təkcə Şahiddirmi? Ölkədə Mirzə Cəlilin həyatındakı bu kiçik epizoddan həvəslənib, günümüzdə müxtəlif çətinliklərə baxmayaraq, oxumaq eşqi sönməyən ucqar kənd insanının yanında olmağa tələsənlər ordusu yetişməkdədir. Fədakar insanlara hər zaman hörmət, sevgi duyulub, onlar daim əl üstündə tutulub. Yəqin ona görədir ki, belələrinin etdiyini hər adam bacarmayıb. Söhbət peşəsini sevməkdən və onu ən yaxşı şəkildə icra etməkdən başqa, həm də ən çətin şəraitdə sevməkdən və sevdirməkdən gedir. Ucqar kənd məktəblərinin gənc müəllimləri də məhz bu yolu tutublar. Seçdiyi peşəsini sevib-sevdirməyə ən çətin şəraitdən başlayıblar. Aralarında ali məktəblərə qəbul imtahanlarında 500 və daha çox bal toplayıb məhz müəllimliyi seçənlər də var, tələbəliyin 3-cü kursuna çatanda ən yaxşı müəllim olmağa qərar verənlər də. Maraqlıdır ki, müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbul imtahanlarında da əksəriyyəti əyalət üçün tələb olunandan çox yüksək bal toplayıb və sadəcə rayonu deyil, onun ən ucqar kəndini seçiblər. Bir rayonun hər cəhətdən təmin olunmuş müasir məktəbini deyil, dörd divardan başqa heç nəyi, şagirdi belə tək-tək olan məktəbində dərs demək istəyiblər. Məsələn, fizika müəllimi olan Rüfanə Rzayeva Xınalığa 3 il əvvəl Oğuzdan gəlib. Evlərinə gedib-gəlmək bütöv bir günü aldığından ailəsini ildə bir neçə dəfə görə bilib. Nə bu həsrət, nə Xınalığın sərt hava şəraiti onu müəllimlikdən çəkindirməyib. 9 kənddən 340 şagirdin təhsil aldığı internat tipli Xınalıq orta məktəbində dərs deyib.   Onlar müəllimliyə sevdalandılar   Bir peşədə fədakar olmaq üçün onu sevmək lazımdır. Onlar danışdıqca hiss olunur ki, müəllimlik ən uca amalları, sevdalarıdır. Elə Narıngülü götürək. Əsasən, avarların yaşadığı kənddə heç bir çətinlik yaşamadığını deyən gənc müəllim üçün yeganə narahatlıq dərsinin az olmasıdır: “Həftədə 5 saat dərsim var. Maaşları vaxtında alırıq. Ancaq dərs saatım az olduğuna görə, maaşım da azdır. Yaxşı ki, maaşdan əlavə həvəsləndirmə olaraq, 60 manat pul alıram. Bu, vəziyyətdən çıxmağıma kömək edir. Dərsim az olsa da, işləməyə həvəsim çoxdur. Peşəmi çox sevirəm. Gələcək üçün hələlik bir planım var: peşəkar müəllim olmaq!”. Günel Osmanova Qazaxdan ta Masallıya müəllimlik etməyə gəlib. Rayon mərkəzindən 20 km. uzaqda yerləşən Təklə kəndində ibtidai sinif müəllimidir. Artıq bir neçə aydır işləməsinə baxmayaraq, çox sevilir: “Müəllimlik mənim üçün əvəzsiz bir peşədir. Bizim rayonda bu peşəyə xüsusi maraq var. Hamı qızını müəllim kimi görmək istəyir. Ona görə də ətrafımda müəllimliyə xüsusi nəzərlərlə baxanlar çoxdur. İşimi çox sevirəm. Müəllim olmaq üçün sadəcə təhsilim kifayət etməyib. Təhsil Nazirliyinin təşkil etdiyi imtahanlarda uğur qazana bilmək üçün öz üzərimdə işləməli oldum. Artıq müəlliməm və çox xoşbəxtəm. Deyəsən, bu hisslərim uşaqlarıma da təsir edir. Uşaqlarla işləməyi çox sevirəm. Dərsdə yeniliklər etməyə çalışıram. Hər dərsi maraqlı etmək üçün nəsə fikirləşirəm. Masallıya gələndə mənə sadəcə otaq verdilər. İndi bura sadəcə bir otaq deyil, uşaqlarımın rəngarəng dünyasıdır”.   Azərbaycan müəlliminin yeni obrazı   Dizlərində güc, ürəklərində təpər olduqca, onların hər biri qaranlıqda işıq saçan, çarəsizlikdə yol göstərən olacaq, xəstəyə loğman, xəstəliyə dərman kimi tanınacaqlar. Müəllimliyin bu əzəli obrazı indi müasir müəllimlərdədir. Onlar həm müəllimə aid edilən ənənəvi xüsusiyyətlərə, həm də müasir müəllimdə tələb olunan yeni keyfiyyətlərə sahibdirlər. Yeni standartları bilir, sosial şəbəkələrlə işləməyi bacarır, müasir dərs metodlarından istifadə edir, əyləndirərək öyrədirlər. Ucqar kəndin köhnə məktəbində müasir dərs metodları tətbiq edərək köhnəlikdən yeniliyə körpü salır, cahil həyatdan inkişaf etmiş dünyaya pəncərə açırlar. Köhnə xüsusiyyətlərlə yeniliyin birləşməsindən ortaya çıxan bu yeni müəllim surətini hamı sevib. Bu sevgi sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində əks-səda doğurub, hətta müsabiqələrdə qalib olub.   Sosial şəbəkədə məşhurlaşdılar   Onlara sevgi məhdud dairədən başlayıb, qısa müddətdə bütün ölkəyə yayılıb. Ucqar kənd məktəbinə gedənlər əvvəlcə məktəbdə, sonra kənddə, daha sonra rayonda tanınıb. Gənc müəllimlərin əksəriyyəti dərsə başladıqları ilk gündən barələrində söz açdırmağa nail olublar. Onlardan biri 26 yaşlı Həbib Əlizadədir. Dünya təcrübəsində tətbiq edilən bir metodu Lənkəranın dağlıq Gəgiran kənd məktəbində uğurla icra edir. O, uşaqlara qoşulub rep deyir. Özü də tarixdən. İsmayıllı rayonunun İstisu kəndində ibtidai sinif müəllimi olan Şahid Muradlı isə sosial şəbəkədə “Özündən başla” layihəsi ilə məşhurlaşıb. Qələm tutmağı, hərf, işarə yazmağı yenicə öyrənən azyaşlılara həm də “özündən başlamağı” öyrədən müəllim yeniliyi ilə tanınıb. Uşaqların öyrənmə həvəsini artırmaq, işinin effektini qaldırmaq üçün müasir müəllimin öz yolu var. Maraqlıdır, o yol hansıdır? Hələ məktəbə alışmayan, valideyni üçün dərsdə bir neçə dəfə ağlayan gözləri nə ilə güldürmək, o gözləri qapıdan necə çəkmək olar? Körpə ürəklərə sinfi doğmalaşdırmaq üçün kiçik əllərə rəngli qələm və dəftərdən əlavə nə vermək olar? Bir gənc müəllimin kağızı belə yenicə boyamağı öyrənən şagirdlərinə sinif otağını, oturduğu partanı rənglətdirməkdə məqsədi nə ola bilər? Müəllimin cavabı belədir: “Müəllim olaraq, sinif otağının əlverişli mühiti məni düşündürüb. Ölkə müəllimləri və sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanan “Özündən başla” layihəsini də beləcə fikirləşdim. Sinif otağını şagirdlərimlə bərabər boyadıq. Bu yolla onlara məktəbin bizim ikinci evimiz olduğunu hiss etdirmək istəyirdim. Otaqlarını öz dünyalarındakı rəngarəngliyə uyğun boyayaraq, həm əylənəcək, həm də öz işlərinin bəhrəsini özləri qoruyacaqdılar. Belə də oldu”.   Problemi həll etməyə özündən başlayan müəllimlər   Müasir müəllim problemlərdən danışmır, o, problemləri həll edir. Giley-güzar, qeybət, söz-söhbət onun işi deyil. Getdiyi hər yerə yenilik aparır, gördüyü dərdə çarə axtarır. Şahid Muradlının da yuxarıda barəsində danışdığımız layihəsi onun özünün bu məqsədə sadiqliyini göstərir: “Qarşılaşdığı hər çətinlikdən şikayətlənən, ətrafında olan problemləri qabardan insanlara sosial mesaj vermək istədim: “Dünyanı rəngarəng etmək istəyirsənsə, özündən başla”. Bir sözlə, uşaqların öz əli ilə dünyasını rəngləndirən müəllim bir layihə ilə bir neçə hədəfə nail olub: həm sinif otağının problemini həll edib, həm uşaqları əyləncəli bir şəkildə kollektiv işə istiqamətləndirib, həm də bundan sonra uşaqların divarlara, partalara zərər yetirməsinin qarşısını alıb. Natiq Məlikov isə öz rayonunda - Qubada coğrafiyanın tədrisindən narazı olduğu üçün bu ixtisası və peşəni seçib. Necə deyərlər, öz əyalətinin əmək bazarını, çatışmazlığını nəzərə alıb, zəifliyini aradan qaldırmaq üçün çıxış yolu olaraq, özündən başlayıb. Ucqar kənd məktəblərinin problemini bilən və bunu həll etməyə çalışanlar arasında Ərçimandakı müəllimləri də unutmaq olmaz. Sumqayıt sakini Şahsuvar Məmmədov kimya ixtisası üzrə Şamaxının Ərçiman kəndində dərs deyir. Ucqar kənd məktəbində 9 illik müəllimlik təcrübəsi var. Bundan əvvəl də Yardımlının Horavar kəndində işləyib. Ərçimana riyaziyyat müəllimi Tehran Dadaşov Qubadan, tarix müəllimi İsmayıl Hacıyev isə Bakıdan gəlib. Hər ikisinin ucqar kənd məktəbində ilk təcrübəsidir. Rayon mərkəzindən 30 km. aralıda dərs deməyə onları problemləri həll etmək istəyi aparıb. Hesab edirlər ki, Təhsil Nazirliyinin ucqar kənd məktəblərində işləyənlər üçün ödədiyi əlavə vəsait onlara bu arzularını yerinə yetirməkdə çox böyük dəstəkdir. Problemi vaxtında görüb, onu düzgün qiymətləndirib, çıxış yolu axtaran gənc müəllimlər dərsdə ona lazım olanları təşkil etmək üçün nə mümkündürsə edir. Bu da onu göstərir ki, Azərbaycanın gənc müəllimləri problem həll edərkən nədən başlayacağını, hansı məsələni necə həll edəcəyini bilir. Bu minvalla da onun yeni obrazı meydana çıxır: həlledən. Məsələn, Lerik rayonu Lərmərud kənd orta məktəbində idman zalı var, amma orada avadanlıqlar yoxdur. Məktəbin gənc müəllimi Seymur İbrahimov, sizcə, buradan necə çıxış yolu tapıb: “Avadanlıqlar yoxdursa, bu, o demək deyil ki, mən dərs keçməyəcəm. Bizə avadanlıqlar olmadan da dərs keçməyi öyrədiblər”. Bəs, necə? Dərsə isinmə hərəkətləri ilə başlayır, sonra: “Əgər dərsimiz yuxarı ətraf əzələlərinin inkişaf edirilməsidirsə, bizə turnik lazımdır. Turnik yoxdursa, bunu başqa hərəkətlərlə əvəz edirəm. Məsələn, qolların bükülüb-açılması hərəkətini edirik. Əvəzləyə bilməyəcəklərim avadanlıqları isə əldə etməyə çalışıram. Artıq toplar, şahmat dəstləri və s. idman avadanlıqları təşkil etmişəm. Zala 40 ədəd tatami (idman döşəyi) gətirmişəm. Bundan başqa, uşaqları dərsdə mütləq nəzərə alıram. Tutaq ki, yorğundurlarsa, onlarla estafet oyunlar təşkil edirəm. Belə oyunlar həm uşaqları əyləndirir, həm də fiziki göstəricilərini artırır. Estafet oyununun keçirilməsində fərqli metod yaratmışam. Bundan başqa, uşaqlara idmanın nəzəriyyəsindən də suallar verirəm. Bu da onların həm fiziki göstəricilərini, həm də idman haqqında dünyagörüşlərini artırır.   Kim sevirsə idmanı... idmanı sevdirən müəllim   Seymur İbrahimovun fikrincə, fiziki tərbiyə fənninə çoxları, hətta başqa fənn müəllimləri biganə yanaşır: “Halbuki uşaqların fiziki tərbiyə dərslərinə ehtiyacı daha çoxdur. Uşaqlar 3-4 dərsə girdikdən sonra yorulurlar. Niyə? Çünkü uşaq gün ərzində yığdığı kalorini itirmir və beləcə, fikirlərini dərsə yönəldə bilmir. Yəni, uşaqların oxuduğunu mənimsəməsi üçün fiziki tərbiyə zəruri sayılır. Ən əsası, bizə sağlam nəsil lazımdır”. Məktəblərdə fiziki tərbiyə dərslərinin əhəmiyyətindən danışan Ağsu rayon Qaraqoyunlu kənd orta məktəbinin gənc müəllimi Nuray Mehrəliyev şagirdlərinin idmanda uğurlarına artıq nail olanlardandır: “Ölkəmizdə idmana xüsusi qayğı var. Təhsil Nazirliyi də idmanın kütləviləşməsi istiqamətində ardıcıl tədbirlər görür. Bu məsələdə mənim kimi fiziki tərbiyə müəllimlərinin üzərinə böyük iş düşür. Kurikulum sistemi də imkan verir ki, fiziki tərbiyə dərslərini daha da maraqlı, əyləncəli, cəlbedici edək. Mən həm müəllimliyi sevirəm, həm idmanı. İki il sərbəst güləşlə məşğul olmuşam. Müxtəlif nəticələrim də var. Lakin sol ayağımdan ağır zədə aldığım üçün ixtisasımı dəyişərək, voleybolu seçdim. Bu idman növü üzrə birinci dərəcəli hakim adına layiq görüldüm. Bu idman sahəsində də bacarıqları necə inkişaf etdirəcəyimi bildiyimin nəticəsidir ki, müəllimi olduğum Ağsu rayon Qaraqoyunlu kənd orta məktəbinin “Turan” voleybol komandası rayon birinciliyini qazanaraq, kuboku məktəbimizə gətirdi”.   “Müəllimlərdə mütləq olacaq” - hər dərdə çarə müəllim   Bir zamanlar kim hansı suala cavab tapmayanda, müəllimdən soruşurdu. “Müəllimdir, bilər” deyib ixtisasının nə olduğu ilə maraqlanmazdı da. Nə fərqi var ki, hansı ixtisasa yiyələnib. Əsas odur ki, müəllimdir. Müəllim də sualın altında qalmaz, mütləq bir fikir söyləyər, o fikir birmənalı olaraq qəbul edilərdi. “İndi zaman dəyişib”, - deməyin. Ucqar kəndlərdə indi də belədir. Müəllimlərlə bağlı bu təsəvvür hələ də qalır. Müəllimin hörməti də, nüfuzu da elə öz yerindədir. Bunu ucqar kəndin gənc müəllimləri müşahidə edib. Qubanın Zeyid kəndində dərs deyən Gülşən kəndlə şəhəri belə müqayisə edir: “Şəhərdə hazırlıqla məşğul olmuşam, təcrübə vaxtı da uşaqlarla işləmişəm. Amma şəhər uşaqlarında o həvəs, müəllimə hörmət, emosional hisslər qalmayıb. Hər şey adiləşib. Kənddə uşaqlar daha təmiz, daha inamlıdırlar. Şəhər məktəblərində müəllimlə anlaşılmazlıqlar çox olur. Burada isə o cür problemlərlə üzləşmirik. Kənd mühitində dərs deməyin çətinliyi odur ki, valideynlər təhsilsiz olduğuna görə uşağa evdə kömək edən yoxdur”. Bu saf münasibəti əhalidə də hiss edən Gülşənin sözlərinə görə, kimə hansı dərman lazım olsa, məhz kəndin gənc müəlliminə üz tutur, “Müəllimdə mütləq olacaq”, - deyirlər. Bu da müasir Azərbaycan müəlliminin yaratdığı daha bir obraz. Xəstəyə loğman, xəstəliyə dərman ola biləcək bir kənd müəllimi obrazını Gülşən Yolçubəyli Zeyid kəndində yaradıb. Azərbaycanın ayrı-ayrı ucqar nöqtəsində bu cür gənc müəllim çoxdur.   Erkən nikah onların ortaq “problemi”dir   Özü çətinliklə oxuyub, çətinliklərə sinə gərərək ailəsindən uzaqda müəllimlik edən 24 yaşlı gənc müəllimi - Gülşən Yolçubəylini narahat edən səbəb, əslində, ölkəni narahat edir: “Çalışdığım kənddə qızlar çox erkən evlənir. Məktəbin yuxarı siniflərində qızlar artıq nişanlıdırlar. Hətta vəziyyət elə səviyyədədir ki, on birinci sinifdə oxuyan və hələ də nişanlanmamış qıza birtəhər baxırlar. Bu, məni çox üzür”. Müəllimlərin mərkəzləşdirilmiş işə qəbul imtahanlarında yalnız ucqar kənd məktəblərindəki vakansiyaları seçən gənc müəllim indi qız şagirdlərini özü kimi taleyi ilə barışmamağa inandırmaq istəyir. Hər dərsin 10-15 dəqiqəsini onlarda mübarizə ruhunu qaldırmağa həsr edir. Söhbət hər sinifdə 2-3 şagird olmaqla cəmi 17 şagirdi olan gənc müəllimdən gedir. Ancaq bu rəqəmə baxıb pessimizmə qapılmır. Cəhalətdən bircə qızı xilas etsə də, kardır. Odur ki, böyük əzmlə dəniz səviyyəsindən 2236 metr hündürlükdə, 150 nəfərlik bir kənddə, xəstəyə dərman tapmağa, qızlara ümid olmağa çalışır. O, bilir ki, bu mübarizədə tək deyil. Çoxlu gənc müəllim onunla eyni cəbhədə döyüşür. Gədəbəydə doğulub, Bakıda böyüyüb, Qubaya müəllimlik etməyə yollanan Xəyalə kimi. Qəçrəş kənd məktəbində “Tarix” fənnini tədris edən Xəyalə Əsgərli də cəhalətlə savaşda onunla çiyin-çiyinədir. Qızların erkən nikaha marağının olması əvvəlcə onu təəccübləndirib: “11-ci sinifdə universitetə yalnız 2 qız hazırlaşır. Bu vəziyyəti dəyişmək üçün əlimdən ancaq yaxşı müəllim olmaq gəlir. Ən yaxşı müəllim, məncə, şagirdlərin sevdiyi müəllimdir. Müəllim şagirdlərin sevdiyi olmalıdır ki, üzərlərində təsir qüvvəsi olsun və lazım gələrsə, təhsil almaq hüququ əllərindən alınanda, mübarizəyə onların özünü də qoşa bilsin. Mən də buna çalışıram”. Ağsu rayonunun Cəlayir kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Səridə Quliyeva deyir ki, dərs dediyi məktəb ucqar kənd məktəblərindən seçilsə də, burda da erkən nikah probleminin olması onu narahat edir: “Ən böyük problem şagirdlərimi tələbə bileti ilə görmək varkən, gəlinlikdə görməkdir. Amma burada oxumaq istəyən oxuyur”.   Ucqar kənddə müasir dərs   Ölkədə tədris standartları dəyişib. Yeni metodlarla dərs keçən müəllim ölkənin ən ucqar nöqtələrində də var. Elə deyək sosial şəbəkə fenomeni Həbib müəllimi. Onun dərsi, adətən, müzakirə müstəvisinə çevrilir: “Dərslərdə debat təşkil edirik. Hər iki tərəf fikir yürüdür və hər hansı məsələnin həll yolları müzakirə olunur. Yəni şagirdlər özünüifadəni öyrənir. Müasir təhsil sisteminin əsas məqsədlərindən biri də məntiqi və tənqidi düşüncənin inkişaf etdirilməsidir”. Müasir kənd müəlliminin dərsi 45 dəqiqə ilə məhdudlaşmır. O, bütün gün ərzində şagirdlərlə təmasdadır. Həbib müəllim də həmin kənd müəllimlərindəndir. Dərsdə öyrədir, tənəffüslərdə uşaqlarla vaxt keçirir, birgə oyunlar təşkil edir, çay içir, gəzintiyə gedir və s. Onun fikrincə, uşaqlarla birgə təşkil edilən hər tədbir tədrisin tərkib hissəsidir. İmişlinin Sarıxanlı kənd 2 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnur Həsənov da Həbib müəllimdən geri qalmır. O, keçdiyi dərsin fərqini belə izah edir: “Biz təkcə informasiya ötürmürük, həm də mövzuya yaradıcı yanaşma istəyirik. Buna görə də dərsi daha yaxşı qavramaları üçün şagirdlərə mövzu ilə bağlı kiçik esse yazmağı tapşırıram. Yazı yazdıqca şagirdlərin fikrini çatdırmaq, mühakimə etmək və səlis nitqlə danışmaq bacarığı da artır”. Həbib müəllim kimi, Elnur müəllim də dərsdə diskussiya yaradır: “Şagird gözləmir ki, əlini qaldırıb löhvə qabağına gəlsin və dərsi danışsın. Biz dərs müddətində hamımız mövzunu müzakirə edirik. Hamımız sual da veririk, cavab da alırıq”. Narıngül Məhəmməd qızı Balakən rayonunun Qazbölük kənd tam orta məktəbinin müəllimidir. Kənd ucqarda yerləşsə də, buradakı şəraitdən razı olan gənc müəllimin sözlərinə görə, 2011-ci ildə tikilən məktəb binası burada müasir dərs standartlarını tətbiq etməyə imkan verir. Tədris etdiyi “Texnologiya” fənni barədə danışan müasir müəllim dərsdə uşaqların əl qabiliyyətlərini, bacarıqlarını üzə çıxarmağa çalışır: “Dərs zamanı həm nəzəri məlumatı mənimsəyir, həm də praktiki olaraq, qrup işləri görürük. Ev tapşırığı olaraq, hər hansı məmulatın hazırlanmasını onlardan istəyirəm. Keçdiyim mövzuya uyğun olaraq, evə praktiki iş verirəm. Bu, əsasən, hər hansı fiqurun düzəldilməsi, hansısa əl işinin hazırlanması olur. Bəzən özüm nümunə üçün düzəltdiyim əl işlərini dərsə gətirirəm”. Şəmkir rayonu Nərimanlı kənd məktəbinin kimya müəllimi Gülnar Əhmədova işlədiyi müddətdə artıq fənnini sevdirib: “Sentyabrda ilk dəfə məktəbə gələndə, şagirdlərin kimya ilə maraqlanmadığını gördüm. Artıq o günlər geridə qalıb. İndi kimyaya maraq göstərir, dərslərə müntəzəm cavab verirlər. Təsəvvür edin, əvvəllər II və III ixtisas qruplarına hazırlaşmaq istəyənlər sonradan kimya fənninin olduğu I-IV qruplara maraq göstərdilər. Hətta kimya müəllimi olmaq istəyənlər də var. Burada laboratoriya otağı olmasa da, əvvəldən qalan bəzi maddə və sınaq şüşələrini sinifdəki dolaba qoymuşuq. Buranı bir növ, kimya kabinetinə oxşatmışıq. Mövzumuza uyğun bəzi sadə reaksiyalar apara bilirik. Şagirdlər təcrübə apardığımız dərsə daha çox maraq göstərirlər”.   Onlar uzağı yaxın etmək istəyirlər   Rayon mərkəzlərindən uzaqda yerləşən kəndlərdə işə başlayan müəllimlər dərsini deyib evinə getmək, iş yerini dəyişib ailəsinə qayıtmaq niyyətində deyillər. Mübariz ruhlu gənc müəllimlər uzağı yaxın etməkdə qərarlıdırlar. Məsələn, Həbib Əlizadə özü kimi müəllimləri başına yığıb ucqarlarda müəyyən işlər görmək niyyətindədir: “Tək işlədiyim yerdə yox, digər məktəblərdə də. Ümid edirəm, yaxın günlərdə 3 ucqar məktəbdə uşaqları sevindirəcəyik. Eyni zamanda, uşaqlara kitab paylamanı sosial layihəyə çevirməyə çalışırıq. Gənc və işini sevən müəllimlərlə birgə də müəyyən yeni layihələr ola bilər. Bunun üçün də həm maliyyə, həm də müəllimlərin istəyi önəmlidir. Yaxın gələcəkdə olmasa belə, növbəti illərdə bunu etməyə çalışacağıq”. Zaqatala rayonu Üçüncü Tala kənd tam orta məktəbinin gənc müəllimi Ehtiram Safquliyev ucqar kəndlərə müəllim kimi getmək istəyənlərə deyir: “Möhkəm və səbirli olsunlar. Şəraitə uyğunlaşdıqdan sonra işlər yoluna düşəcək. Əsas olan yalnız işini sevmək, öz yoluna inamla davam etməkdir. Bunu edə bildikdən sonra hər şey asandır. İnanın ki, ucqarlarda gənclərə çox böyük ehtiyac var. Onlar bu təhsil ocaqlarında yeni nəfəsdir. Orada yaşayanların da təhsil almaq hüququ var. Biz də bu işdə onlara yardım etməliyik. Çünki bu, bizim ən müqəddəs borcumuzdur”.   “Azərbaycan Müəllimi”qəzeti

“Ədəbiyyat biliciləri” müsabiqəsinin ikinci mərhələsi təşkil olunur

Təhsil Nazirliyi artıq üçüncü ildir ki, ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsini keçirir. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi  gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdir. “Ədəbiyyat biliciləri” müsabiqəsi 3 mərhələdə təşkil edilir: məktəb, rayon (şəhər) və  ölkə mərhələləri. Müsabiqənin keçirilməsi “Qaydalar”ına əsasən, noyabr-dekabr aylarında müsabiqənin ilk - məktəb mərhələsi keçirilib. Yanvar-fevral ayları ərzində ölkənin bütün bölgələrində müsabiqənin ikinci – rayon (şəhər) mərhələsi təşkil olunacaq. Müəyyən olunmuş kvota əsasında, hər rayon və şəhərdən qalib seçilmiş şagirdlər mart-aprel ayları ərzində keçiriləcək ölkə mərhələsində iştirak edəcəklər. Ölkə mərhələsində şagirdlər onlara təklif olunmuş mövzulardan birini seçərək inşa yazacaq və 10 sualı yazılı cavablandıracaqlar. Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndiriləcək. Müsabiqənin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunacaq. 

SABAH tələbələri “Azercell”-in tələbə təqaüdünə layiq görülüblər

Təhsil Nazirliyinin SABAH qrupları“Azercell Telekom” MMC arasında imzalanmış memorandum çərçivəsində bu qruplarda təhsil alan 9 tələbə “Azercell” Tələbə Təqaüdü Proqramının qalibi olub. Mükafatlandırılma mərasimində “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev və SABAH qrupunun İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə qalibləri təbrik edib, onlara sertifikat və hədiyyələr təqdim olunub.  Təqaüdə layiq görülən tələbələr Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti UniversitetiBakı Dövlət Universitetində təhsil alırlar.  Proqramın məqsədi təhsildə müvəffəqiyyətlə qazanan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir. Proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər “Azercell” şirkəti tərəfindən müəyyənləşdirilmiş təqaüdü alacaqlar. Bununla yanaşı həmin tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaq. Belə ki, onlar telekommunikasiya sahəsində biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində, sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər.  Memorandum çərçivəsində 2017-ci ildə  SABAH qruplarının 7 tələbəsi “Azercell” şikətinin tələbə təqaüdünü qazanıb, 10 tələbə isə şirkətdə ixtisas təcrübəsi keçmək imkanı əldə edib. Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsini, 6 ixtisas istiqaməti üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət) 40-dan artıq ixtisas və 2300-dən çox tələbəni əhatə edir.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı