Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Latviyanın təqaüd proqramı

Latviya Hökuməti 2018-2019-cu tədris ili üçün Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir. Təqaüd proqramı Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış Sazişə uyğun olaraq həyata keçirilir. Təhsil bakalavriat, magistratura, doktorantura səviyyəsi üzrə ingilis və ya latış dilində aparılacaq. Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları müvafiq internet səhifəsində (http://viaa.gov.lv/eng/scholarships_gov/scholarships_for_studies/) ərizə formasını doldurmalı və digər tələb olunan sənədləri 1 aprel 2018-ci ilədək təqdim etməlidirlər.   Bakalavriat və magistratura təhsil səviyyələri üzrə aylıq 500, doktorantura təhsil səviyyəsi üzrə aylıq 670 avro təqaüd təmin olunur. Səyahət və sığorta xərcləri namizədlərin özləri tərəfindən qarşılanır. Bütün namizədlərin sənədləri yoxlanıldıqdan sonra  yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi (DTİA) tərəfindən veriləcəkdir.   2018-2019-cu tədris ili üçün Latviyanın təqaüd proqramı

Macarıstanda yeni təqaüd proqramı

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə azərbaycanlı tələbələr üçün 2018-2019-cu tədris ili üzrə təqaüd proqramı elan edir. Təqaüd proqramı kənd təsərrüfatı sahəsində magistratura səviyyəsində təhsil almaq istəyən şəxslər üçün nəzərdə tutulub. İngilis dilində aparılacaq proqrama əsasən, heyvandarlıq, su resurslarının idarə olunması, ətraf mühit mühəndisliyi ixtisasları üzrə təhsil almaq mümkündür. Təhsil haqqı, yaşayış və tibbi sığorta Macarıstan tərəfindən qarşılanır. Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları tələb olunan sənədləri 28 fevral 2018-ci il tarixinədək REU-Scholarhip@fao.org elektron poçt ünvanına göndərə bilərlər.   Macarıstanın Kənd Təsərrüfatı Nazirliyinin 2018-2019-cu tədris ili üzrə təqaüd proqramı

Uşaq-Gənclər İnkişaf mərkəzlərinin hesabat tədbiri

Təhsil Nazirliyində Bakı şəhərində yerləşən yaradıcılıq profilli Uşaq-Gənclər İnkişaf mərkəzlərinin qısa fəaliyyət dövrünü əhatə edən hesabat tədbiri keçirilib. Tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əməkdaşları, Bakı şəhərində yerləşən Uşaq-Gənclər İnkişaf mərkəzlərinin direktorları iştirak edib. Tədbiri giriş sözü ilə açan Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov məktəbdənkənar təhsil sahəsində həyata keçirilən islahatlar, strateji hədəflər və qarşıya qoyulan məqsədlər barədə tədbir iştirakçılarına məlumat verib. Daha sonra mərkəz direktorları fəaliyyətlərinə dair təqdimatlarla məktəbdənkənar təhsil sahəsindəki dəyişikliklər və yeniliklər, keçirilən layihələr barədə çıxış ediblər. Tədbir zamanı məktəbdənkənar təhsil sahəsindəki prioritet istiqamətlər, ümumi işin gedişatına və inkişafına təsir edən məsələlər ilə bağlı müzakirələr aparılıb, həmçinin müəssisə direktorlarına müvafiq tapşırıqlar verilib.

SABAH tələbələri təqaüdə layiq görülüblər

Təhsil Nazirliyinin SABAH qruplarının Karyera Akademiyası çərçivəsində tərəfdaşı olan “GoldenPay” şirkəti SABAH tələbələri üçün xüsusi təqaüd ayırıb. Təqaüd informasiya texnologiyaları və iqtisadiyyat ixtisasları üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub. Müsabiqədə iştirak etmiş 70-dən artıq tələbə arasından Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Fidan Sultanova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Azər Umudov və Azərbaycan Texniki Universitetinin tələbəsi Araz Məhərrəmli təqaüdə layiq görülüblər. Hər üç tələbə 3-cü kursda təhsil alır. Qalib tələbələr 2017-2018-ci tədris ilinin sonunadək 150 manat məbləğində aylıq təqaüd əldə edəcəklər. Qeyd edək ki, müsabiqə Azərbaycanda Hesab.az  - ilk onlayn ödəmə xidmətini yaratmış “GoldenPay” şirkətinin təşəbbüsü ilə təşkil olunub. Şirkət eyni zamanda korporativ sosial məsuliyyət siyasəti çərçivəsində SABAH qrupları layihəsi ilə yaxından əməkdaşlıq  edərək təhsilə mütəmadi töhfə verməkdədir. SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsini, 6 ixtisas istiqaməti üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət) 40-dan artıq ixtisas və 2300-dən çox tələbəni əhatə edir.

SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə

Təhsil Nazirliyinin SABAH qruplarında 2017-2018-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədris etmək üçün professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu üzrə müsabiqə başa çatıb. Müsabiqənin keçirilməsinin əsas məqsədi ali təhsil müəssisələrinin SABAH qruplarında tədrisin keyfiyyətinin yaxşılaşdırılması və yeni kadrların tədrisə cəlb olunmasıdır.  Əvvəlki illərdən fərqli olaraq bu tədris ilində müsabiqəyə ali təhsil müəssisələrinin müəllimləri, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanlar və sənaye şirkətlərinin mütəxəssisləri cəlb edilib. Mütəxəssislərin tədrisə cəlbi məqsədi ilə müvafiq qurumlara müraciətlər olunub. Müsabiqəyə 500-dən artıq namizəd müraciət edib və onlardan 200 nəfəri 2-ci mərhələdə iştirak etmək hüququ qazanıb. Seçim zamanı müvafiq sahə üzrə ali təhsil müəssisəsində tədris təcrübəsi olan, fəlsəfə doktoru, elmlər doktoru elmi dərəcələrinə malik və xaricdə ali təhsil almış namizədlərə üstünlük veriləcək. Yekun nəticələr yaxın günlərdə məlum olacaq. SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə dövlət ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə yaradılmış savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Layihənin məqsədi ali təhsil sistemində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması və qlobal kadr bazarının tələblərinə cavab verən savadlı və peşəkar mütəxəssislərin yetişdirilməsidir. SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 ali təhsil müəssisəsində formalaşdırılıb. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsini, 6 ixtisas istiqaməti üzrə 40-dan artıq ixtisas və 2300-dən çox tələbəni əhatə edir, tələbələrə 400-dən artıq professor-müəllim heyəti dərs deyir. 2017-ci ildə SABAH qruplarının ilk məzun buraxılışı olub.

Təhsil işçiləri Şəhidlər xiyabanını ziyarət edib

Yanvarın 20-də Təhsil Nazirliyinin kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Təhsil Nazirliyinin rəhbərliyi, nazirliyin əməkdaşları və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kollektivi ölkəmizin istiqlalı uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər.

Təhsil Nazirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Yanvarın 19-da Təhsil Nazirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Anar İsgəndərov çıxış edərək qeyd edib ki, 1990-cı il yanvarın 20-də keçmiş sovet dövlətinin silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı aksiya insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb, Vətənin azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Sonra çıxış edən Təhsil Nazirliyinin Həmkarlar Komitəsinin sədri Əsgər Quliyev 28 il əvvəl Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı Sovet imperiyasının silahlı birləşmələrinin törətdiyi cinayətlərdən danışaraq, 20 Yanvar hadisəsini milli tariximizin şanlı qəhrəmanlıq səhifələrindən biri kimi qiymətləndirib. Mərasimdə 20 Yanvar faciəsinə həsr olunmuş  film nümayiş olunub.  

Dövlət Proqramı təqaüdçüləri harada işləyirlər?

Gənclərimiz ölkəmizin inkişafında mühüm töhfələr verir Qloballaşan dünyada hər bir ölkənin gələcəyini təmin edəcək gənc nəslin dövrün tələblərinə uyğun surətdə yüksəkixtisaslı mütəxəssis kimi yetişməsi strateji əhəmiyyət daşıyır. Son illər Azərbaycan Respublikası Təhsil Nazirliyinin istedadlı gənclərin dünyanın nüfuzlu ali məktəblərində təhsil almalarını və peşəkarlar kimi yetişməsini hədəfləyən məqsədyönlü tədbirləri nəticəsində tələbələrimiz öz uğur hekayələrini yazmaqdadır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın reytinqli ali məktəblərindən məzun olan gənclərimiz artıq ölkəmizin inkişafı naminə öz töhfələrini verməkdədir. Budəfəki yazımız da elm, təhsil, iqtisadiyyat, sənaye, bank, İKT, dövlət qulluğu və digər sahələrdə öz uğurlu karyera tarixçələrini yazan məzunlarımıza həsr olunub. Beləliklə, Dövlət Proqramı təqaüdçüləri harada işləyir?   Mehriban VƏLİYEVA, Almaniyanın Hochschule Weihenstephan-Triesdorf Tətbiqi Elmlər Universitetinin məzunu 1989-cu ildə Tovuz rayonunda anadan olub. 1996-cı ildə rayonun Vaqif Kazımov adına Çobansıxnaq kənd orta məktəbində birinci sinfə gedib. 2007-ci ildə Gəncə şəhəri Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbi bitirib. 2007-ci ildə Azərbaycan Dövlət Aqrar Univesitetinin aqrar iqtisadiyyat və menecment fakültəsinin menecment (alman proqramı) ixtisasına daxil olub. Təhsil müddətində “DEULA-Nienburg GmbH” təşkilatı vasitəsilə Almaniyada 6 aylıq təcrübə keçib. 2011-ci ildə bakalavr pilləsini fərqlənmə ilə bitirib və həmin il Almaniyanın Hochschule Weihenstephan-Triesdorf Tətbiqi Elmlər Universitetində menecment (aqrar sahədə biznesin idarə olunması) üzrə magistr pilləsinə qəbul olunub. Magistr təhsilini 2013-cü ildə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqram” çərçivəsində tamamlayıb. 2013-cü ildə Hollandiyada 3 aylıq “junior project manager” sahəsində təcrübə keçib. Daha sonra bir müddət Almaniyada REHAU şirkətində keyfiyyətə nəzarət sahəsində, 2014-cü ildə Alman -Azərbaycan Xarici Ticarət palatasında biznes xidmətlər bölməsində işləyib. 2015-ci ildə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tabeliyində “Azalternativenerji” MMC-də baş mütəxəssis olaraq fəaliyyətə başlayıb. 2016-cı ildən etibarən Agentliyin İnvestisiyalar və layihələrin idarə olunması şöbəsində dövlət qulluqçusu olaraq fəaliyyətdədir. Təhsil Nazirliyinin dəstəyi ilə “Enerjinin əldə edilməsi texnologiyası” adlı kitabı çap olunub. Rəşad ƏLİYEV, Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun məzunu 1989-cu il avqustun 17-də Bakıda anadan olub. IX sinfə qədər Bakıdakı 56 nömrəli tam orta məktəbdə oxuyub, daha sonra təhsilini 147 nömrəli Texniki Humanitar Liseyində davam etdirib. 2006-cı ildə orta təhsilini başa vurub. Ali məktəblərə keçirilən qəbul imtahanlarında 627 bal yığaraq Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsinin informatika ixtisasına qəbul olunub. BDU-da 1-ci semestrdə təhsil aldığı zaman UNESCO-nun ACCESS proqramına qatılıb və təhsilini KAİST-də (Koreya Respublikasının Elm və Texnologiyalar İnstitutu) davam etdirmək hüququ qazanıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2007- 2011-ci illərdə KAİST-də kompüter elmləri ixtisası üzrə bakalavr təhsili alıb. KAİST-də oxuyarkən “LG Electronics” şirkətində 2 aylıq internatura təcrübə proqramına qatılıb. Təhsilini bitirdikdən sonra 2011-ci ilin fevralında “Hugeflou” şirkətində tədqiqatçı mühəndis vəzifəsinə işə qəbul olunub. 2012-ci ilin fevral ayından Koreya Universitetində professor Heejo Lee-nin rəhbərliyi altında “Kompüter və kommunikasiyaların təhlükəsizliyi” laboratoriyasında elmi işçi kimi çalışaraq magistratura təhsilinə başlayıb. 2014-cü ilin avqust ayında magistratura təhsilini başa vuraraq magistr elmi dərəcəsini qazanıb. 2014-cü ilin sentyabr ayında Bakı Ali Neft Məktəbində dərs deməyə başlayıb. 2016-cı ilin sentyabrından isə ADA Universitetində kompüter elmləri üzrə müəllim vəzifəsində işləyir. Nərgiz QASIMOVA, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu 3 noyabr 1990-cı il tarixində Bakı şəhərində anadan olub. 2009-cu ildə Rusiya Federasiyası Moskva vilayətinin Şolkovo şəhərinin 6 nömrəli tam orta məktəbini bitirib və həmin il hökumətlərarası müqavilə çərçivəsində Rusiya Federasiyasının Moskva Dövlət Maşınqayırma Universitetinin (Moskovskiy Qosudarstvennıy Maşinostroitelnıy Universitet) hüquq fakültəsinə daxil olub. 2014-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Daha sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (Moskovskiy Qosudarstvennıy Universitet imeni M.V.Lomonosova) hüquq fakültəsinin magistratura pilləsində təhsilini davam etdirib. 2014-cü ildə Rusiya Federasiyasının Maliyyə Nazirliyi tərəfindən keçirilən 3-cü Ümumrusiya elmi-praktik konfransda “Hüquqi və fiziki şəxslərin vergi ödənişlərindən yayınması” məruzəsi ilə çıxış edib. Bundan əlavə, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə təsis edilmiş və hər il keçirilən “Xocalıya ədalət” kampaniyasının təşkilində fəallıq göstərib. N.Qasımova 2016-cı ildə magistraturanı bitirib və hazırda Bakı Apelyasiya Məhkəməsində hakim köməkçisi vəzifəsində çalışır. Ümid MEHDİYEV, Böyük Britaniyanın Liverpul Universitetinin məzunu 1991-ci il avqustun 10-da Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olub. 2009-cu ildə Bakıdakı 258 nömrəli tam orta məktəbi bitirib. 2013-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Almaniyanın Zigen Universiteti ilə birgə əməkdaşlıq proqramı çərçivəsində ingilis dilində tədris olunan “Yeni texnologiyaların iqtisadiyyatda tətbiqi” ixtisasını bitirib. 2015-ci ildə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Liverpul Universitetində “Təchizat zəncirinin idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsini alıb. Rus, ingilis, alman dillərini bilir. 2010-cu ildə “LT Scientific İnc.” şirkətinin Azərbaycan filialında təchizat mütəxəssisi kimi fəaliyyətə başlayıb. 2014-cü ildə “LT Scientific İnc.” şirkətinin Azərbaycan filialında ofis administratoru, 2016-cı ildə “Silkway” şirkətlər qrupunun “Silkway Technics” şirkətinin Logistika və təchizat departamentində inventarın baş koordinatoru, 2016-cı ildə Azərbaycan Turizm və Menecment Universitetində “Dəyər zəncirinin idarə edilməsi” fənni üzrə saat hesabı müəllim vəzifələrində çalışıb. 2016-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) rektorunun köməkçisi, 2017-ci ildən isə ADPU-nun inzibati-təsərrüfat işləri üzrə prorektorudur. Səmra TALIŞİNSKAYA, Böyük Britaniyanın Varvik Universitetinin məzunu 1993-cü il 29 aprel tarixində Lənkəran şəhərində anadan olub. 2010-cu ildə Bakı şəhəri M.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Həmin il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında 660 bal toplayaraq dövlət sifarişi əsasında Qafqaz Universitetinin maliyyə (ingilisdilli) ixtisasına qəbul olunub. 2014-cü ildə PAŞA Bank və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) adlı təqaüdünə layiq görülüb. 2015-ci ildə Qafqaz Universitetindən 98.93% ortalama ilə iqtisadiyyat və idarəetmə fakültəsinin birincisi kimi məzun olub. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2015-2016-cı tədris ilində maliyyə ixtisası üzrə magistratura təhsilini Birləşmiş Krallığın maliyyə ixtisası üzrə ən yaxşı 3 universitetindən hesab olunan Varvik Universitetində (University of Warwick) alıb. 2016-cı ilin oktyabr ayından Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Strateji xidmətlər departamentində çalışır. 2017-ci ilin fevral ayından Bakı Mühəndislik Universitetində saat hesabı əsaslarla pedaqoji fəaliyyətə başlayıb və hazırda bank işi (ingilis dilində) fənnini tədris edir. Nicat İBRAHİMOV, Böyük Britaniyanın Şeffild Universitetinin məzunu 30 noyabr 1993-cü il tarixində Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri, Qaradağ rayonundakı 228 nömrəli tam orta məktəbdə alıb. 2011-ci ildə həmin məktəbi bitirərək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olunub. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təqaüdçüsü kimi 2013-2017-ci illərdə Böyük Britaniyanın Şeffild Universitetində avtomatik idarəetmə və sistemlər mühəndisliyi ixtisasında təhsil alaraq magistr dərəcəsinə yiyələnib. Universitetdə təhsil aldığı müddətdə departament daxilində təşkil olunan robototexnika yarışlarında və layihələrdə iştirak edib. Komanda şəklində və fərdi olaraq yarı-avtonom, full-avtonom robotların dizaynı və proqramlaşdırılması, pilotsuz uçuş aparatlarının idarəetmə sistemi və simulyasiyası layihələri üzərində işləyib. Bundan əlavə, Şeffild - Azərbaycan Cəmiyyətinin fəal üzvü olaraq universitetdə keçirilən müxtəlif tədbirlərlərdə xarici tələbələrin və akademik heyətin ölkəmiz, milli bayramlarımız, Xocalı həqiqətləri ilə yaxından tanış edilməsində iştirak edib. 2017-ci ildə təhsilini başa vuraraq vətənə qayıdıb və hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında mühəndis vəzifəsində çalışır. Elmar MUSTAFAYEV, İtaliyanın La Sapienza Universitetinin məzunu 7 dekabr 1987-ci il tarixində Rusiya Federasiyası Krasnodar vilayətinin Beloreçensk şəhərində anadan olub. Bakı şəhəri Xətai rayonundakı 25 nömrəli tam orta məktəbi bitirib. 2006-2011-ci illərdə Qafqaz Universitetində tərcümə (ingilis dili) ixtisası üzrə bakalavr təhsili alıb. 2013-cü ildə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində İtaliyanın La Sapienza Universitetində “Beynəlxalq əməkdaşlıq və inkişaf” ixtisası üzrə magistratura proqramına qəbul olunub. 2015-ci ildə bu ixtisası fərqlənmə diplomu ilə bitirib. Magistratura təhsili dönəmində Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi və Avropa Parlamentində təcrübə proqramı keçib. 2015-ci ildən La Sapienza Universitetinin siyasi elmlər fakültəsində Avropa tarixi ixtisası üzrə doktorantura tələbəsidir. Doktorantura təhsili müddətində həmçinin Romanın Geosiyasi Araşdırmalar Mərkəzində də fəaliyyət göstərib. 2016-cı ildə doktorantura sahəsində araşdırmalarını davam etdirmək üçün Bakıya qayıdıb və elə həmin ildən Xəzər Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər departamentində müəllim və koordinator kimi çalışır. Eltac ABBASOV, Belçikanın Antverp Menecment Məktəbinin məzunu 1992-ci ildə Bakı şəhərində anadan olub. İlk təhsilini Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə alıb. 2009-cu ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” fakültəsinə qəbul olub. Bakalavr təhsili illərində bir sıra elmi konfranslarda, o cümlədən xarici təşkilatların keçirdiyi tədbirlərdə fəal iştirak edib. 2013-cü ildə bakalavr təhsilini başa vurub. 2013-2015-ci illərdə ADA Universitetində “Dövlət maliyyəsi” (İctimai idarəetmə) ixtisası üzrə magistratura təhsili alıb. Daha sonra Almaniyanın enerji şirkəti olan “EON SE”-də (Düsseldorf və Berlin şəhərlərində ) maliyyə üzrə internatura keçib. 2016-cı ildə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçüsü adına layiq görülərək Belçikanın Antverp Menecment Məktəbində maliyə sahəsində yüksək magistr dərəcəsi üzrə təhsil alıb. Hazırda ADA Universitetində “Büdcə və maliyə təhlili” üzrə analitik vəzifəsində çalışır. CFA Maliyə Proqramı üzrə namizəddir.   “Azərbaycan müəllimi” qəzeti  

“Sabahın alimləri” VII Respublika Müsabiqəsi keçiriləcək

Fevralın 14-də  “Sabahın alimləri” VII Respublika Müsabiqəsi keçiriləcək. Müsabiqənin məqsədi yuxarı sinif şagirdlərinin elmi nailiyyətlərini nümayiş etdirməsinə, müasir düşüncə tərzinin formalaşmasına imkan yaratmaq, onları tədqiqatyönlü fəaliyyətə cəlb etmək və hər il ABŞ-da keçirilən İnteI İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir. Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. Builki yarışmada ötən illərə nisbətən bölgələrdən də olan iştirak sayında artım müşahidə edilib. Cari ildə 22 şəhər və rayonun ümumtəhsil məktəblərində təhsil alan 528 şagird 336 layihə ilə müraciət edib, onlardan 260 şagird (IX sinif-107 şagird,  X sinif-103 şagird və  XI sinif - 50 şagird) 150 elmi layihə ilə Elmi Ekspertiza Komissiyasının qərarına əsasən müsabiqədə iştirak etmək hüququ qazanıb. Layihələrin qiymətləndirilməsi alimlərdən ibarət Münsiflər Heyəti tərəfindən həyata keçiriləcək. Qaliblərə təşkilatçılar tərəfindən pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunacaq, 3 layihənin müəllifi cari ilin may ayında ABŞ-da keçiriləcək İnteI İSEF-də iştirak etmək imkanı qazanacaq. “Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik FonduAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birgə keçirilən “Sabahın alimləri” Respublika Müsabiqəsində indiyə qədər 932 şagird iştirak edib, onlardan 379 nəfəri müsabiqənin müxtəlif mükafatlarını qazanıb. Qaliblər arasından seçilən 35 ən yaxşı layihənin müəllifi ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edib. Ötən il ümumtəhsil məktəblərini qızıl və gümüş medalla bitirmiş məzunlardan 18 nəfəri son iki ildə keçirilmiş “Sabahın alimləri” müsabiqəsinin qalibləri və ya iştirakçıları olub. Onlardan bir qismi xarici ölkələrin tanınmış universitetlərində təhsillərini davam etdirirlər. Hazırda ümumtəhsil məktəblərində “Kiçik Akademiya”lar fəaliyyət göstərir. Həmin akademiyaların fəaliyyəti alimlərlə əlaqələr yaratmağa, şagirdlərdə tədqiqat aparmaq, elmi nəticələri ümumiləşdirmək və onları təqdim etmək bacarıqları aşılamağa yönəldilib.

Akkreditasiya qaydaları və keyfiyyət standartlarına həsr olunan tədbir

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsində ümumi təhsil müəssisələrinin akkreditasiya qaydaları və keyfiyyət standartlarına həsr olunan tədbir keçirilib. Avropa İttifaqının TAIEX proqramı çərçivəsində təşkil olunan tədbirdə beynəlxalq ekspertlər də  iştirak edib. Tədbirin keçirilməsində məqsəd Azərbaycanın ümumi təhsil müəssisələrinin akkreditasiyası qaydalarının və fəaliyyətinin qiymətləndirilməsi üzrə keyfiyyət standartlarının müzakirəsi, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq şəbəkəsinin gücləndirilməsi, eləcə də  beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinin genişləndirilməsidir. Müzakirə sessiyalarında xarici ekspert qismində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının eksperti Elizabet Fordham və İrlandiya Dublin Universitetinin Təhsil Departamentinin fəxri professoru, Təhsildə Qiymətləndirmə, Keyfiyyət və İnspeksiya Mərkəzinin eksperti Joe O’Hara, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Təhsil İnstitutu, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və ümumi təhsil müəssisələrinin rəhbər şəxsləri iştirak ediblər. Görüşdə xarici ekspertlərin ümumi təhsil müəssisələrində keyfiyyətin qiymətləndirilməsinə dair təcrübələri dinlənilib və bu istiqamətdə Avropa ölkələrində tətbiq edilən mexanizmlərə dair müzakirələr aparılıb.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı