Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Beynəlxalq müsabiqədə qalib gələn gənclər mükafatlandırılıb

Yanvarın 29-da 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Nəsimi filialında Yaponiya və Hindistanda keçirilən rəsm müsabiqələrində qalib gəlmiş uşaqların mükafatlandırılma mərasimi olub.  Mərasimdə Təhsil Nazirliyinin sektor müdiri Ayla Həsənova, Hindistanın ölkəmizdəki səfiri  Sanjay Rana və Yaponiyanın Azərbaycandakı səfirliyinin Mədəniyyət və ictimai əlaqələr üzrə rəhbəri Saki Uçidate   iştirak ediblər. Yaponiyada keçirilmiş “Planetimizi qoruyaq” adlı 18-ci Beynəlxalq Rəsm Müsabiqəsinə mərkəzin “Rəsm” studiyasının  üzvləri 12 işlə qatılıb, iki  gənc rəssam  I  yerə layiq görülüb. Hindistanda  keçirilmiş Beynəlxalq Gənclər və Uşaqların Rəsm sərgisində də 13 gənc rəssam qalibiyyət əldə edib. Belə ki, müsabiqədə iki nəfər I yerə və qızıl medala, dörd nəfər münsiflər heyətinin xüsusi diplomuna, yeddi nəfər isə diplomlara layiq görülüb. Mərkəzin “Rəsm” studiyasının rəhbəri Nərmin Abdullayeva da diplomla təltif olunub. Qaliblərə diplom və medallar təqdim edildikdən sonra tədbir  “Azəri inciləri” rəqs kollektivinin ifasında  hind, yapon və Azərbaycan rəqsləri ilə davam etdirilib.

NİZAMİ layihəsi üzrə müzakirələr aparılır

Yanvarın 29-da “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələbələrinə uyğun yenidən qurulması və inkişafı- NİZAMİ” layihəsi ilə bağlı növbəti görüş keçirilib.  Bakı görüşündə layihə çərçivəsində ali təhsil müəssisələrində doktorantura səviyyəsinin standartlarının yaradılması, doktorantura təhsilinin maliyyələşdirilməsi, milli idarəetmə portalının istifadəyə verilməsi kimi önəmli məsələlər müzakirə olunur. Görüşün sonunda müzakirə olunan məsələlərlə bağlı qərar qəbul olunacaq. Müzakirələr fevralın 1-dək davam etdiriləcək. Layihə 2014-cü ildə Azərbaycanın bir sıra ali təhsil müəssisələri, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Fransanın Monpelye Universitetinin rəhbərliyi, İsveç, Çexiya, Almaniya və İspaniyanın bir sıra ali təhsil müəssisələrinin əməkdaşlığı ilə Avropa İttifaqının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin Erasmus+ proqramı çərçivəsində həyata keçirilir. Layihənin icrasına 2015-ci ildə başlanılıb və ölkə üzrə koordinatoru Təhsil Nazirliyidir. Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və 9 ali təhsil müəssisəsinin, eləcə də Avropanın 5 aparıcı universitetinin iştirak etdiyi NİZAMİ milli layihəsinin əsas məqsədi Azərbaycanda doktorantura təhsilinin mövcud vəziyyəti və Avropanın doktorantura təhsili ilə müqayisəli təhlilinin müəyyənləşdirilməsi, Azərbaycanda doktorantura təhsilinin təşkili qaydalarının yenidən hazırlanması, ixtisas təsnifatının Avropada mövcud olan təsnifata uyğunlaşdırılmasıdır.   

Respublika fənn olimpiadalarına start verilir

Yanvarın 30-da Təhsil Nazirliyində məktəblilərin Respublika fənn olimpiadalarının birinci mərhələsinin başlanılması ilə bağlı brifinq keçirilib.  Brifinqdə olimpiadanın birinci – rayon (şəhər) mərhələsinə fevralın 4-də start veriləcəyi barədə məlumat verilib. Bildirilib ki, istedadlı uşaqların aşkar edilməsi, şagirdlərin fənlərə olan marağının artırılması, onların həmyaşıdları ilə birgə öz bilik və bacarıqlarını nümayiş etdirmələri baxımından böyük rolu olan Respublika fənn olimpiadaları iştirakçılarının sayı ildən-ilə çoxalır. Belə ki, bu il Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və  tarix olmaqla 8 fənn üzrə 33 112 şagirdin iştirakı ilə əlaqədar yerlərdən müraciətlər daxil olub. Bu mərhələdə Bakı şəhərindən 6326 şagird, Naxçıvan MR-dan isə 652 şagird iştirak edəcək. Olimpiadaya ən çox şagird - 7387 nəfər Azərbaycan dili və ədəbiyyat fənnindən, 7311 nəfər riyaziyyat fənnindən, ən az şagird isə 721 şagird olmaqla informatika fənnindən qatılacaq.  Olimpiadada 12 022 nəfər 9-cu sinif şagirdi iştirak edəcək ki, onların arasında xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdləri də var. İştirakçılardan 11 195 nəfər 10-cu, 9895 nəfər isə 11-ci sinif şagirdləridir. Şagirdlərdən 31 326 nəfəri Azərbaycan, 1786 nəfər isə rus bölməsində təhsil alır.  Üç mərhələdən ibarət olacaq olimpiadanın final mərhələsinə hər fəndən ən yaxşı 60 şagird iştirak edəcək. Final mərhələsində iştirak edən şagirdlərin hər birinə olimpiadanın “İştirakçı” sertifikatı təqdim ediləcək. Qaliblər I,II və III dərəcəli diplomlar, müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif olunacaqlar. Hər bir fəndən qaliblər arasından “Birincilərin birincisi” nominasiyasına görə də şagirdlər mükafatlandırılacaq. Qeyd olunub ki, ötən il respublika fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsində 30 000 nəfərə yaxın şagird iştirak edib. Olimpiadada 8 fənn üzrə 263 qalib müəyyən edilib. 48 nəfər şagird qızıl, 85 nəfər gümüş, 130 nəfər isə bürünc medala layiq görülüb. Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.  

Olimpiadaçıların qış məktəbi

Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin informatika fənni üzrə olimpiadaçı şagirdləri üçün “Azercell”-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində qış məktəbi təşkil edilib. Qış məktəbinə paytaxt və bölgələrdən 20 şagird cəlb olunub. Qış olimpiada məktəbi zamanı əsas fəaliyyət beynəlxalq olimpiadalara hazırlıq prosesini daha da intensivləşdirməyə, tədris ilinin əvvəlindən keçirilən mövzuların təkrarına və yeni olimpiada məsələrinin həllinə yönəlib. Məşğələlər  iki yaş qrupu üzrə təşkil olunub. Yuxarı yaş qrupu 10-11-ci sinifləri, aşağı yaş qrupu 8-9-cu sinifləri əhatə edib. Qış məktəbində təlimçilər beynəlxalq olimpiada iştirakçıları və qalibləri olmuş gənc mütəxəssislər arasından seçilib.  İnformatika fənni üzrə qış məktəbinin əsas məqsədi şagirdlərin olimpiadalara hazırlıq prosesinin stimulllaşdırılması, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, elmi potensialının nümayiş etdirilməsi üçün şəraitin yaradılması, müxtəlif müsabiqələr nəticəsində müəyyənləşdirilmiş istedadlı şagirdlərlə ikinci yarımilə səmərəli hazırlığın həyata keçirilməsidir.

Akkreditasiya üzrə ekspertlər üçün beynəlxalq seminar

12-14 fevral 2018-ci il tarixlərində Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən “Ali təhsil müəssisələrində potensialın gücləndirilməsi” mövzusunda seminar təşkil olunacaq.  Seminar Keyfiyyətin Təminatı üzrə Avropa Şəbəkəsi (ENQA) ekspertləri tərəfindən keçiriləcək. Seminarda ali məktəblərin akkreditasiyası zamanı ekspert komissiyasının üzvləri kimi fəaliyyət göstərən ali təhsil mütəxəssislərinin iştirakı nəzərdə tutulub.  Seminarın məqsədi Azərbaycanda ali təhsil müəssisələrinin akkreditasiya prosesininin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması, habelə proseslərdə iştirak edəcək yerli ekspertlərin praktiki biliklərinin və potensialının inkişaf etdirilməsidir. Seminarda xarici ekspertlər qismində Təhsildə Keyfiyyətin Təminatı üzrə Norveç Agentliyinin eksperti Tove Blytt Holmen, Hollandiyanın Akkreditasiya Təşkilatının eksperti Lineke van Bruggen və Litvanın Ali Təhsildə Keyfiyyətin Qiymətləndirilməsi Mərkəzinin direktoru Nora Skaburskiene iştirak edəcəklər.

Yeni Peşə Təhsil Mərkəzinin təməli qoyulub

Yanvarın 26-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılacaq Peşə Təhsil Mərkəzinin təməlqoyma mərasimi keçirilib. Təməlqoyma mərasimində təhsil naziri vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov  çıxış edərək son illər ərzində peşə təhsilinin inkişafına yönəlmiş islahatlar, bu sahədə dövlət siyasətinin əsas istiqamətləri barədə tədbir iştirakçılarına məlumat verib. Ölkə başçısı tərəfindən təsdiq olunan "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin həyata keçiriləcək layihələr baxımından əhəmiyyətini bildirən Ceyhun Bayramov əmək bazarının dəyişən tələblərinə uyğun rəqabətqabiliyyətli kadr hazırlığı üçün belə mərkəzlərin istifadəyə verilməsinin vacibliyini qeyd edib. Ceyhun Bayramov bildirib ki, Azərbaycan və Koreya Hökuməti arasında razılaşmaya uyğun olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunmaqla nümunəvi təhsil müəssisəsi yaradılacaq. Ceyhun Bayramov həmçinin, Peşə Tədris Mərkəzində təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılacağına əmin olduğunu, iqtisadiyyatın inkişafı üçün belə müəssisələrin fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb. Daha sonra Nazirlər Kabinetinin Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsinin müdiri Nail Fətəliyev, Koreyanın ölkəmizdəki səfiri Kim Çang-gyu, Koreyanın Biliklərin Transferi üzrə Qlobal İnstitutunun prezidenti (Human Resources Development Service Korea (HRD) Kim Dong Man çıxış edərək iki ölkə arasında əməkdaşlıqdan, təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsindən danışıb, yeni mərkəzin əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında və işlək peşə təhsili modelinin qurulmasında əhəmiyyətli rol oynayacağına  inandıqlarını bildiriblər. Qeyd edək ki, layihəyə uyğun olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin bazasında mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə (ümumilikdə 8 ixtisas) ən müasir maddi-texniki baza, Koreyanın tədris planı və bu ölkənin mütəxəssislərinin iştirakı ilə təhsil müəssisəsinin yaradılması nəzərdə tutulur.  

“Xaricdə təhsil hədəflərimizi qətiləşdirməyə stimul oldu”

Aysel Tahirova: “Prezident İlham Əliyevin gənclər üçün yaratdığı imkanlar üzərimizə böyük məsuliyyət qoyur”   Azərbaycanı xarici universitetlərdə təhsil aldığı illərdə layiqincə təmsil edərək peşəkar mütəxəssis kimi vətənə dönən və hazırda ölkəmizin inkişafı naminə öz töhfələrini verən gənclərimizdən biri də Abşeron Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsil şəxsi vəzifəsində çalışan Aysel Tahirovadır. Aysel olduqca məsuliyyətli bir sahədə çalışır və özünü bu işə tam səfərbər etdiyini deyir. Bu günlərdə redaksiyamızın qonağı olan Ayselin fikirləri məzunlarımızın uğur formuluna bir nümunə hesab oluna bilər. Mançester Universitetinin məzunu ilə söhbətimizdə ilk olaraq ölkəmizdə gənclərin dünyanın nüfuzlu ali məktəblərində təhsil alması üçün yaradılan şəraitdən bəhs etdik. TANITIM. Aysel Tahirova 1988-ci ildə Sumqayıt şəhərində anadan olub. 2006-cı ildə Sumqayıt şəhərindəki 12 nömrəli tam orta məktəbi bitirib. Elə həmin ildə Qafqaz Universitetinə daxil olub. 2011-ci ildə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirib. Məzun olduqdan sonra “ERA” şirkətində layihə meneceri vəzifəsində çalışıb. Daha sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2014-2015-ci illərdə Böyük Britaniyanın Mançester Universitetində magistratura təhsili alıb. - Əlbəttə, gənclərimizin dünyanın müxtəlif ölkələrində peşəkar mütəxəssislər kimi yetişməsi üçün yaradılan şərait tələbələrimiz üçün böyük imkanlar açıb. Prezident İlham Əliyevin diqqət və qayğısı Azərbaycan gənclərinin özlərini inkişaf etdirmələrinə, dünyanın nüfuzlu ali təhsil ocaqlarında təhsil almalarına imkan yaradıb. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti də Azərbaycanın inkişaf istiqamətlərini müəyyən edir. Bu sahədə biz gənclərin də üzərinə böyük məsuliyyət düşür. Biz gənclər də üzərimizə düşən məsuliyyəti dərindən qiymətləndirməli, hansı fəaliyyət sahəsində çalışmağımızdan asılı olmayaraq, dövlətimizin güclənməsi naminə öz töhfələrimizi verməliyik. Mən təhsil almaq üçün Böyük Britaniyaya yola düşməzdən əvvəl də peşəkar mütəxəssis kimi yetişib, ölkəmin inkişafı üçün çalışmağı özümə hədəf seçmişdim. Xaricdə təhsil bizim üçün öz hədəflərimizi bir daha qətiləşdirməyə stimul oldu. Biz gənclər üçün yaradılan belə bir şərait və imkana görə Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Düşünürəm ki, burada məsələ təkcə xaricdə ali təhsil almaqla yekunlaşmır. Xaricdə oxuyan gənclər həm də ölkəmizi təmsil edir, Azərbaycan mədəniyyətini, adət-ənənələrini tanıtdırırlar.   - Yeri gəlmişkən, Mançesterdə keçirdiyiniz tədbirlər barədə də məlumat verərdiniz. - Qeyd edim ki, Mançester Universitetində Azərbaycanlı Tələbələrin Cəmiyyəti fəaliyyət göstərir. Universitetdə oxuduğum müddətdə mən cəmiyyətin fəaliyyətində yaxından iştirak etmişəm. Biz 20 Yanvar, Xocalı faciələrinin ildönümləri ərəfəsində stendlər, bukletlər və broşürlər hazırlamışdıq. Universitetdə təşkil etdiyimiz “Azərbaycan gecəsi” ali məktəbdə təhsil alan əcnəbi tələbələr, müəllimlər tərəfindən maraqla qarşılandı. Başqa ölkələrdən olan tələbələr tədbirlərə çox maraqla qatılır, ölkəmiz barədə daha çox məlumat almaq istəyirdilər. Onlara ölkəmiz barədə daha dolğun məlumat çatdırmağa çalışırdıq. Əcnəbilərə Azərbaycanın mədəniyyəti, təbiəti, adətləri, ölkəmizdə hökm sürən multikiltural dəyərlər barədə ətraflı məlumatlar verilirdi. Bu da onlarda ölkəmizə qarşı marağı daha da artırırdı.   - Xaricdə təhsil sizə nə verdi? - Xaricdə təhsil, şübhəsiz ki, mənə çox böyük dividendlər verdi. Ən əsası, mənim akademik biliklərimi artırdı, özümü inkişaf etdirdim. Mən dünyanın müxtəlif ölkələrinin mədəniyyətləri ilə tanış oldum. Avropa təhsil sistemi ilə yaxından tanış ola bildim. Orada həm təhsildə, həm də idarəetmə sahəsində tətbiq olunan yeniliklərlə, həm də onların verdiyi effektlə tanış oldum. Onların çox maraqlı işə yanaşma metodları var. Hesab edirəm ki, Azərbaycan da o yolu gedir. Avropada öyrəndiklərimizi ölkəmizdə çox rahatlıqla tətbiq edə və bunun çox müsbət effektlərini görə bilərik. Adicə şagird-müəllim münasibətlərini deyə bilərəm. Bu məsələdə biz təhsil müəssisələrimizdə nə qədər irəliləyişlərin olduğunu hiss edirik.   - Aysel, necə oldu ki, ictimaiyyətlə əlaqələr sahəsində işləməyə qərar verdiniz? - 2016-cı ildə Böyük Britaniyada magistr təhsilimi başa vurub vətənə döndüm. Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs vəzifəsi üçün verdiyi elanla tanış oldum və müsabiqədə iştirak etmək üçün Təhsil Nazirliyinə müraciət etmək qərarına gəldim. Bir sıra müsahibələrdən keçdim və Abşeron Rayon Təhsil Şöbəsində ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs vəzifəsinə təyin olundum.   - Təhsil sahəsi olduqca məsuliyyətli sahədir. Siz görəcəyiniz işlər barədə məlumatlı idinizmi? - Bəli. Bu vəzifəyə təyin olunana qədər məlumatlar əldə etmiş, müəyyən araşdırmalar aparmışdım. Bu vəzifə səlahiyyətləri çərçivəsində görəcəyim işlərlə tanış idim. Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə gördüyü işlərlə də maraqlanmışdım. Rayon təhsil şöbələrində bu işin təşkilinin çox zəruri olduğunu, buna ehtiyacın duyulduğunu öyrəndim. Bu sahə mənə çox maraqlı gəldi, məni çox cəlb etdi.   - Məsələn, sizi daha çox nələr cəlb edirdi? - Mütəmadi olaraq insanlarla ünsiyyətdə olmaq, insanların gördükləri müsbət işlərlə tanışlıq, məktəblərdə keçirilən tədbirləri yaxından izləmək və iştirak etmək, istedadlı şagirdlərin üzə çıxarılması, onların rayon ictimaiyyətinə təqdim olunması, həmçinin qabaqcıl müəllimlərin tanıdılması, iş təcrübələrinin yayılması, onlar haqqında məlumatların paylaşılması məni cəlb edirdi. Bu, həm müəllimlərin, həm də şagirdlərin özləri üçün stimul idi.   - Fəaliyyətiniz dövründə keçirdiyiniz hansı layihələri qeyd edə bilərsiniz? - Mütəmadi olaraq Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərində müxtəlif tədbirlər keçirilib. Uşaqlar, təhsil işçiləri tədbirlərə çox mütəşəkkil şəkildə hazırlaşırlar. Həmçinin biz məktəblərdə hazırda Azərbaycanın sosial- mədəni həyatında mühüm xidmətləri olan görkəmli şəxslərin şagirdlərlə görüşünü təşkil edirik. Məsələn, ötən il bizdə görkəmli uşaq yazıçısı Zahid Xəlillə görüş olub. Bu yaxınlarda isə paralimpiya çempionumuz İlham Zəkiyev şagirdlərimizin görüşünə gəldi. Bu kimi tədbirlər mütəmadi olaraq keçirilir. 20 Yanvar ərəfəsində universitetlərin tarixçi alimləri, professorları məktəbimizə dəvət olunur, şagirdlərimiz onlara maraqlandıqları suallarla müraciət edirlər. Və ya uşaqlar özləri ölkəmizin həyatında xüsusi rol oynamış hər hansı tarixi hadisə ilə bağlı araşdırmalar aparırlar. Bununla bağlı çıxışlar, təqdimatlar hazırlayırlar. Eyni zamanda, uşaqlar müxtəlif ekskursiyalara aparılır.   - Siz bu tədbirlərin iştirakçısı kimi şagirdlərin fəallığını hiss edirsinizmi? - Son vaxtlar məktəblərin sosial həyatında bir canlanma hiss olunur. Uşaqlar mütəmadi olaraq, hətta müəllimlər də söhbət zamanı bunu deyirlər ki, özləri təşəbbüs irəli sürürlər. Məsələn, biz keçən il 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar olaraq şagirdlərlə təhsil şöbəsinin görüşünü keçirdik. Uşaqlar çox maraqlı təkliflərlə çıxış etdilər. Dedilər ki, gəlin məktəblərarası kitabxanalar yaradaq. Oxuduğumuz kitabları, bədii əsərləri bir-birimizlə dəyişək, birlikdə oxuyaq. Daha sonra sinif otaqlarını gəzsəniz görərsiniz, uşaqların təşəbbüsü ilə bitkilərdən ekoloji mühit yaradılıb.   - Bu tədbirlər həm də istedadlı uşaqların üzə çıxarılmasına xidmət edir... - Biz 2017-2018-ci tədris ilində hər ayı müəyyən fənn aylığına həsr etmişik. Bu, məktəblərimizdə, mən deyərdim ki, hədsiz dərəcədə böyük həyəcana səbəb olub. Bütün müəllimlərimiz öz fənləri üzrə nümunəvi dərslər keçirlər. Məsələn, bu ay bizdə xarici dil aylığıdır, alman, rus dili müəllimləri “açıq dərs”lər keçirlər, tədbirlər hazırlayırlar, bədii qiraət gecələri təşkil edirlər. Texnologiya aylığında şagirdlər məktəbyanı sahədə ağac əkdilər, yəni bu işə çox böyük həvəslə yanaşırdılar.   - Yəni, bu işlərdə həm müəllimlərin, həm də şagirdlərin fəallığı özünü göstərir? - Bu kimi tədbirlər zamanı həm müəllimlərdə, həm də şagirdlərdə qarşılıqlı anlaşma, etimad münasibətləri baş qaldırır, bir ailə mühiti yaranır. Uşaqlar tək sinif yoldaşları ilə deyil, həm də digər siniflərdə oxuyan həmyaşıdları ilə bir sosial mühitdə tanış olur, iş birliyi qurulur, komanda halında işləməyi öyrənirlər. Onlarda komanda ruhu formalaşır, indidən, məktəb yaşlarından onlarda layihələr işləmək istedadı üzə çıxır.   - Siz 10 il əvvəl məktəbdən məzun olmusunuz. Müəllimlərimizin dəyişdiyini hiss edirsinizmi? - Fərq çox böyükdür. Hərdən deyirəm ki, kaş bizim vaxtda da indiki tədris proqramı tətbiq olunaydı. Müəllimlər keçdikləri mövzular üzrə slaydlar hazırlayır, internetdə müxtəlif materiallar tapırlar. Uşaqların kimya-biologiyadan olan reaksiyaları məktəbdə etmək şansları daha yüksəkdir. Dərslərin slaydlarla keçilməsi, elektron lövhədən istifadə olunması, dərs vaxtı birbaşa internetə çıxışın olması çox müsbətdir. Bu həm də şagirdlərdə keçilən dərsə xüsusi maraq yaradır. Onlar çox həvəslidirlər, özləri təqdimatlar hazırlayırlar. Məktəb dövründən artıq şagird bilir ki, təqdimat necə olmalıdir, necə araşdırma aparmaq lazımdır. Dərsdə elektron resurslardan istifadə olunur. Şagirdlər elektron dərslik portallarından da faydalanırlar. Düşünürəm ki, kaş mənim oxuduğum dövrdə də informasiya bu qədər əlçatan olaydı.   - Dərslərdə iştirak edəndə hərdən sizdə elə bir hiss yaranırmı, kaş mən də müəllim olaydım? - Bəli. Bu yaxınlarda müəllimlərimizin dərsinə qatılmışdım. Onların mühazirələrini dinlədikcə, tətbiq etdikləri yenilikləri gördükcə, məndə bir həvəs yaranır ki... Özüm də istəyirəm ki, gedim araşdırım. Çünki bilirsən ki, sənun gördüyün işin bir faydası var. Sinifdə ən azı 20 uşaq olur və sən bilirsən ki, bu 20 uşağa təsir edə, onlarda motivasiya yarada, yönləndirə bilərsən. Elə bunun faydasını düşünmək insanda bir həvəs yaradır.   - Uşaqlarda hansı yaşdan tədqiqatçılığa maraq aşılamağı düşünürsünüz? - Bizdə ibtidai sinif müəllimləri var ki, şagirdləri qruplara ayırırlar və onlara mövzular verilir. Uşaqlar bir neçə gün ərzində kağızlar üzərində araşdırma edir. Yəni, birinci sinif şagirdlərinin hazırlaya biləcəkləri bir formada bu işi görməyə çalışırlar. 4-5 şagird bir yerə yığışıb komanda formasında həmin mövzunu təqdim edir. Bu, onlarda kiçik yaşlardan tədqiqatçılığa maraq yaradır, sinifdə olduğumuz zaman onların necə həvəsli olduğunu görə bilərik. Təkcə dərs gedişində deyil, həm də kənarda öyrəndiklərini başqaları ilə paylaşmağa, “Bunu mən elədim” deməyə can atırlar. Yəni, bu, onlarda həm də özünəgüvən hissini artırır. Situasiyaya, mövzuya hakim olduqlarını düşünürlər. Bu da onların digər dərslərinə da sirayət edir. Yəni, daha çox araşdırma, tapşırıq yerinə yetirməyə, layihə həyata keçirməyə həvəs yaradır. Bunlar bizim ibtidai siniflərdə tətbiq olunur.   - Şagird-müəllim münasibətləri sizi qane edirmi? - Müəyyən müqayisələr aparmaq olar. Bizim dövrdə uşaqlar daha çəkingən idi. Müəllimdən qorxurduq. Müəllim avtoritar idi. Sözümüzü, fikrimizı çatdırmaqda çətinlik çəkirdik. İndi belə deyil, uşaqlar öz fikirlərini rahat şəkildə izah edə bilirlər. Dərslər uşaqların istəyinə, səviyyəsinə uyğun bir şəkildə qurulur. Əvvəllər dərslər konkret proqrama əsaslanırdısa, hamıya eyni şəkildə yanaşılırdısa, indi daha fərqlidir, biliklər uşaqlara anlaya biləcəkləri şəkildə çatdırılır. İndiki uşaqlar daha yaradıcı, daha həvəsli, təşəbbüskardır. Məktəblərimizin çoxunda təklif və şikayətlər qutusu var. Şagirdlərin şansı var ki, öz təkliflərini verə bilsinlər. Bu təklifləri açıb oxuyanda çox maraqlı fikirlərlə qarşılaşırıq.   - Valideynlərlə işi necə qurursunuz? - Məktəblərimizdə “açıq qapı” günləri var. Valideynlər həftənin şənbə günləri gəlib dərslərdə iştirak edə bilirlər. Bu, çox gözəl effekt verir. Dərsdən çıxandan sonra valideynlər deyirlər ki, indiki dərslərin belə maraqlı keçdiyini heç gözləmirdik. Məktəblərdə daim valideynlərlə marifləndirmə işləri aparılır. Məktəblərimizdə sıx-sıx valideyn iclasları olur. Buna ciddi nəzarət olunur ki, valideynlər məktəb həyatına cəlb olunsunlar. Təbii ki, bu üçlüyü - məktəb, valideyn, şagird - qorumaq bizim aktual məsələmizdir, buna çox böyük önəm verilir. Məktəblə mütəmadi əməkdaşlıq edən valideynlərimiz çoxdur.   - Sizin üçün uğur formulu nədir? - 2016-cı ildən məktəb həyatı ilə bağlıyam, gördüyüm qədər də biz günbəgün irəli gedirik. Çox böyük inkişaf yolu keçmişik. Bundan sonra da təbii ki, hədəflərimiz böyükdür, ona doğru gedirik. Şagirdlərimizin uğurları artır, onlar daha çox oxumağa həvəslidirlər. Hədəf qoyublarsa, ona nail olmaq niyyətindədirlər. Mənim düşüncə tərzim həmişə belə olub ki, hədəf varsa, ona çatmaq üçün mütləq əlindən gələni etməlisən. Yəni, bir-iki dəfə cəhd edirsən, 3-cüdə mütləq alınacaq. Çox çalışmaq lazımdır. Kimdənsə nəsə gözləmək ki, möcüzə olacaq, ona inanma. Ola bilsin ki, möcüzə olsun, lakin insan öz üzərində daim işləməlidir, hədəfinə fokuslanmalıdır. Daim çalışmalı və yaradılan bütün imkanlardan istifadə etməlidir. Durmadan əzmlə çalışmaq lazımdır, əsas budur.   “Azərbaycan Müəllimi” qəzeti

“Ucqar kəndlərdəki uşaqlara daha çox fayda verə biləcəyimi düşündüm”

Xəyalə Kəlbalıyeva: “Bəzi dostlarım hətta kəndə getməyim deyə, mənə iş də tapmışdı”   Son illər ümumtəhsil məktəblərinin ixtisaslı müəllim kadrlarına olan tələbatının ödənilməsi Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqə vasitəsi ilə daha şəffaf şəkildə həyata keçirilir. Hər il Şabran rayonunun ən ucqar kənd məktəblərinə də müsabiqədən keçən gənc və ixtisaslı müəllimlər göndərilir. Bu müəllimlərdən biri də Şabran rayon Leyti kənd ibtidai məktəbinin müəllimi Xəyalə Kəlbalıyevadır. Gənc müəllimi ucqar kəndə gətirən səbəbləri, onun duyğu və düşüncələrini öyrənmək üçün həmsöhbət olduq. - 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuşam. Əslən Cəbrayıldan olsam da, təəssüflər olsun ki, oranı heç görməmişəm. 2000-ci ildə Sumqayıt şəhər 6 nömrəli tam orta məktəbdə birinci sinfə getmişəm. 2004-cü ildən təhsilimi Suraxanı rayon 290 nömrəli məktəbdə davam etdirmişəm. Müəyyən səbəblərlə əlaqədar orta məktəbdə təhsilimi davam edə bilmədim və 2009-cu ildə ən yüksək balla Bakı Dövlət Sosial İqtisad Kollecinin “Bank işi” fakültəsinə daxil oldum. Düzünü desəm, kollecdə oxumağımı vaxt itkisindən başqa bir şey hesab etmirəm. Kaş ki, əvvəldən bir yolunu tapıb məktəbdə təhsilimi davam etdirərdim. Amma hər dəfə məktəb dəyişməyim mənə çətin gəlirdi. Kolleci bitirdikdən sonra işə düzəldim, ancaq müəllim olmaq arzusu məni tərk etmirdi. Bir gün universitetə sənəd vermək qərarına gəldim. Cəmi 5 ay hazırlaşa bildim. 2013-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının “İbtidai sinif müəllimliyi” fakültəsinə qəbul oldum. Baxmayaraq ki, Azərbaycan dili və ədəbiyyat müəllimi olmağı arzulayırdım, ancaq 2 balla həmin ixtisasdan kəsildim... 2017-ci ildə təhsilimi başa vurdum və müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək Şabran rayon Leyti kənd ibtidai məktəbində pedaqoji fəaliyyətə başladım.   - İstərdik işə qəbul imtahanı ilə bağlı fikirlərinizi bizimlə bölüşəsiniz. İstədiyiniz nəticəni əldə edə bildinizmi? - Fikrimcə, imtahan şəffaf şəkildə həyata keçirildi. Fürsətdən istifadə edib buna görə hörmətli Mikayıl Cabbarova və bu işdə zəhməti olan hər kəsə minnətdarlığımı bildirirəm. Nəticəmə gəlincə, razı deyiləm, daha çox bal toplamalı idim. Düzü, hazırlaşmamışdım. Güman edirdim ki , azı 50 bal toplayacam, bu da kənd yerində işləməyim üçün yetərli idi. Çünki əvvəldən məqsədim H1, H2 olan kənd yerini seçmək idi. İmtahanda vaxt sanki su kimi axıb getdi və ekranda 47.1983 bal görüncə, təəssüf hissi keçirdim.   - Qeyd etdiniz ki, əvvəldən kənd yerini seçməyi qərara almısız. Niyə məhz kənd? - Fərqlilik axtarışında olan biriyəm. Standart bir həyat mənə görə deyil. Həyatımda yenilik etməyi sevirəm və kənd yerində işləmək mənim üçün bir yenilik, fərqlilik olacaqdı. Bundan başqa, hələ gəncəm, enerjiliyəm və bu enerji ilə ucqar kəndlərdə yaşayan uşaqlara daha çox fayda verə biləcəyimi düşündüm. Şəhər yerlərində, rayon mərkəzlərində uşaqlar məktəbə, demək olar ki, hazır vəziyyətdə gəlirlər. Bir çoxları dərsdən sonra hazırlığa gedir və yaxud evdə valideyn övladına daha çox zaman ayırır, dərslərində köməklik edir. Bu uşaqların dünyagörüşü geniş, düşünmə, nəticə çıxarma, ətrafda baş verənləri dərketmə qabiliyyəti güclü olur. Ancaq kənd yerlərində belə deyil. Kənddəki uşaqların əksəriyyəti bir çərçivə, bir sərhəd daxilində olur. Onların dünyagörüşü bu sərhədlə məhdudlaşır. Təbii ki, bunu hər kəndə və hər uşağa şamil etmirəm. Məqsədim, istəyim bu cür uşaqları içində sıxıb saxlayan çərçivəni qırmaq, istedadlı uşaqları kəşf etmək, onları inkişaf etdirmək və uğurlu bir yolun başlanğıcına gətirmək idi. Buna görə də seçimim kənd yeri oldu. Ancaq elə kənd ki, mən orda istəklərimi reallaşdırmaqla yanaşı, həm də maddi ehtiyaclarımı ödəyə bilim.   Arzuladığım məktəb bu deyildi   - İşə başladığınız məktəb və kəndlə bağlı ilk təəssüratlarınız maraqlıdır. Bəzən müəllimlər şəraitlə, məktəblə tanış olandan sonra imtina edirlər. Sizdə necə, belə düşüncələr oldumu? - Təhsil şöbəsində qeydiyyatdan keçməmişdən əvvəl məktəb direktorunun nömrəsini tapıb məktəb haqqında məlumat əldə etmişdim. Məktəbdə cəmi 8, mənim sinfimdə iki şagird olduğunu öyrənəndə böyük təəssüf hissi keçirdim. Mənim arzuladığım məktəb bu deyildi. Orada çox uşaq olmalı idi. Mən o uşaqlarla müxtəlif oyunlar, yarışlar keçirəcək, hətta olimpiadaya uşaq hazırlaşdıracaqdım. İstedadlı uşaqları kəşf edəcək, bacardığım qədər onları tanıdacaqdım. Sinifdə çox uşaq olması rəqabət yaradır, bəzi şagirdlər bir-birlərindən geri qalmamağa çalışırlar. Üstəlik, zəif şagirdlər belə, güclülərdən nəsə eşidib öyrənirlər. Ancaq ayrı-ayrı siniflərdən olan iki şagirdlə bütün bunlar mümkünsüz gəlirdi mənə. Tək ümidim bu iki şagirdin oxumağa maraqlı olması idi. Bu ümidlə də gedib qeydiyyatdan keçdim və 13 sentyabrda məktəblə tanış olmaq, kirayə ev tapmaq üçün Leyti kəndinə yola düşdüm. Məktəblə bağlı ilk təəssüratlarımı facebook səhifəmdə paylaşmışdım. Bir çoxlarının marağına səbəb olmuşdu bu yazım. Ondan sonra bu fikirlərimlə bağlı mesajlar aldım. Sakinlərdən məni qınayanlar da olmuşdu ki, kənd məktəbindən başqa nə gözləyirdiniz. Mən isə belə düşünürəm ki, kənd məktəbi deyib keçməməliyik, inkişafa can atmalıyıq. Hərtərəfli inkişafa.   - İstərdim o yazdıqlarınızı oxuculara da təqdim edək...   - İlk dəfə sentyabrın 13-ü gördüm işə başlayacağım məktəbi. Açığı, gözümün alışdığı üçmərtəbəli məktəb binası gözləmirdim, amma beləsini də təsəvvür etməmişdim. Məni məktəblə tanış edən balaca İlqar əlini uzadıb məktəbi göstərəndə bir anlıq beynim dayandı. Məktəbə baxıb gülürdüm, nəyə güldüyümü özüm də bilmədən (ümumiyyətlə, mən ağlamağı sevmirəm və ağlamalı vəziyyətimə də gülürəm). Həyətə daxil olub bağlı qapı arxasından içərini görməyə çalışdım. Otağın biri çox pis vəziyyətdə idi. Köhnə partalar, cırılmış və rəngi qaçmış pərdələr, uçuq divarlar... Qəribə hisslər bürümüşdü içimi. Bir anlıq burada təhsil alan uşaqlarla şəhər və rayon mərkəzlərində təhsil alan uşaqları müqayisə etdim, özümdən asılı olmadan. Çox fərq vardı və bu fərq insanın ürəyini ağrıdır, bir kədər çökdürürdü içinə. Sentyabrın 15-i bir çox müəllim təmiz, səliqəli sinif otaqlarına keçib, uşaqlarla tanış olub, yay tətilini necə keçirdiklərini müzakirə edəndə, mən həmin vaxt sinfimdə təmizlik işləri görürdüm. Otağın torunu aldım, partaların yerini dəyişib tozunu sildim, otağı süpürdüm. Özümə təsəlli verə-verə otağı oturulacaq bir vəziyyətə salıb qurtaranda artıq evə getmək vaxtı idi. Forslana-forslana geyindiyim ağ köynək qara, qara ətək ağ rəngdə evə döndüm... İndi o otağın divarları uşaqlıqda çəkib saxladığım şəkillərlə bəzənib, içəriyə gün işığı vuran divar yarığı kirayə qaldığım evdən götürdüyüm sinif guşəsi ilə bağlanıb, lövhənin başında qardaşımın İrana gedərkən aldığı bayrağımız asılıb, xalamın göndərdiyi süfrələr, bacımın toxuduğu güllər və məktəb vaxtı mənə hədiyyə verilən gülqabı isə otağıma bir başqa şirinlik qatıb. Artıq sıxılmıram bu məktəbdə. Əksinə, sevə-sevə işləyirəm. Bütün bunlara görə məni ruhdan düşməyə qoymayan dostlarıma təşəkkürlər.   Köhnə divarlar arxasındakı xoşbəxt uşaqlığım canlandı gözümün önündə   - Sizi ruhdan düşməyə qoymayan dostlarınıza təşəkkür etmisiniz. Bəs sizi ruhdan salmağa çalışan insanlar oldumu? - Əlbəttə ki, oldu. Belə insanlar hər yerdə var. Bəziləri işlədiyim və yaşadığım evin şəkillərini görüncə, kinayə ilə gülmüşdülər. Sən belə yerdə necə yaşayacaqsan, necə işləyəcəksən. Təbii ki, bəziləri bunu mənim yaxşılığım üçün istəyirdilər. Qazı, suyu olmayan bir kənd yerində, köhnə məktəbdə işləməkdənsə, şəhərdə kurslarda işləməyi, evdə uşaq hazırlaşdırmağı məsləhət görürdülər. Bəzi dostlarım hətta kəndə getməyim deyə, mənə iş də tapmışdı. Ancaq mən qərarımı vermişdim və geri dönməyi özümə bağışlaya bilməzdim.   - Deyəsən, yaşadığınız ev də yaxşı vəziyyətdə deyil...   - Bəli, kirayə qaldığım ev çox köhnədir. Baxmayaraq ki , kənd sakinlərinin çoxu köçüb, yaydan-yaya istirahətə gəlirlər, şəraitli boş ev tapa bilmədik. Kənddə qaz olmadığı və bulaq suyundan istifadə edildiyi üçün anam məni tək qoymaq istəmədi. Çünki bilir, özümə qulluqla bağlı çox tənbəl biriyəm. Yemək bişirmək, paltar yumaq kimi bacarıqlarım yoxdur. Ona görə bizə elə ev lazım idi ki, ya kimsə mənə qulluq etsin, ya da anamla yaşaya biləcəyim bir ev olsun. Bir evə baxdıq, ancaq bulaqdan çox uzaq olduğu üçün orda qalmaqdan imtina etdik. Sonra kənd sakinlərindən birinin evində qonaq olduq. Sağ olsunlar, ora-bura zəng edib bizə ev tapmağa çalışdılar. Ancaq evi nisbətən təmirli olanlar kirayə verməyə razı olmadılar. Sonunda bu evin sahibi ilə əlaqə saxladılar. Evə illərlə qadın əli dəyməmişdi, çatlamış divarları, qara taxtadan olan tavanı tor basmışdı. Bir sözlə, evdə hörümçəklər və siçanlar bayram edirdi. Amma çarəmiz yox idi. Həyatım boyu görmədiyim işləri bir gündə bu evdə gördüm. Anam və mən saatlarla dayanmadan işlədik həmin gün. Bəxtimiz bir şeydə gətirdi ki, bulaq lap yaxınımızda idi, yoxsa evin tozunu nəinki üç günə, heç bir həftəyə də təmizləyə bilməzdik. İndi də anamla ikimiz qalırıq. Ev işlərini anam görür. İstirahət günlərində təmizlik işlərində ona kömək edirəm. Belə evdə yaşamaq mənim üçün çətin deyil. Atam hərbiçi olub və yaşamağımız üçün hərbi hissədən bizə verilən evin qaz, su kimi problemləri olmasa da, divarları çox köhnə idi. Bu evə ilk dəfə daxil olanda ağlıma gələn o köhnə evimiz oldu. Köhnə divarlar arxasındakı xoşbəxt uşaqlığım canlandı gözümün önündə. Ancaq anam mənimlə qaldığına görə ürəyim atamın yanında qalır. Onlar bir-birinə çox bağlıdır.Üstəlik də atamın sağlıqla bağlı problemi var deyə, anamdan uzaqda qalmasına üzülürəm, narahat oluram.   - Əvvəldə qeyd etmişdiniz ki, sizin arzuladığınız məktəb bura deyil. Arzularınız, istəkləriniz vardı. Bunlar nə dərəcədə reallaşıb? Sizcə bu məktəbdə yenilik edə bilmisiniz? - Etiraf edim ki, istəklərimin heç birini tam olaraq reallaşdırmamışam. Çünki axtardığım həvəsi, coşqunu şagirdlərimdə və valideynlərdə tapa bilmədim. Əslində, onları da qınamıram. Birinci sinif şagirdimin biri ilk vaxtlarda sinifdə belə oturmurdu. Qaçıb gedirdi, ya da məktəb həyətindəki böyürtkən kollarının arasına girib gizlənirdi. Bəzən iki dərsi onu oradan çıxara bilmirdim. Hər yolu sınayırdım, hətta onun üçün evdən şirniyyat da gətirirdim ki, dərsdə otursan, səni mükafatlandıracam. Zamanla onun bu inadını qıra bildim, alışdı sinifdə oturmağa. Dərsə maraq oyada bilmişəm onlarda. Əvvəllər dərsdə ancaq öz-özümə danışırdım. Uşaqlar verdiyim suallara qətiyyən cavab vermək istəmirdilər. Həvəslə oxuduğum hekayələrə, onlar üçün çəkdiyim şəkillərə çox biganə yanaşırdılar. Ancaq indi bunları həvəslə qarşılayırlar. Sinfə girən kimi dərs danışmaq istəyirlər. Ayxan (birinci sinif şagirdi -red.) ikinci sinif kitabını gətirərək ona hekayələr oxumağımı istəyir. Bütün bunlar məni çox sevindirir.   Arada digər müəllimlə sinifləri birləşdiririk. Uşaqlarla oyunlar oynayır, hekayələr üzərində rollu oyunlar təşkil edir, yarışlar keçirir, əlamətdar günləri qeyd edirik. Bütün bunları uşaqlar həvəslə qarşılayırlar, ancaq onların fəallığı, əldə etdikləri nəticə məni qane edəcək şəkildə deyil. Səbrli olmağa çalışıram və ümid edirəm ki, zamanla düzələcək.   - Şagirdlərinizlə münasibətiniz maraqlıdır. Onlar bir müəllim kimi sizi necə tanıyırlar? - Yəqin bu suala şagirdlərim daha düzgün cavab verər. Uşaqlara qarşı çox həssas biriyəm. Mehriban rəftar edirəm, onlarda gördüyüm kiçik bir irəliləyişi sözdə böyüdürəm ki, daha da həvəslənsinlər. Uşaqları vurmağa, incitməyə qıymıram. Hətta buna görə onların nənəsi mənim yaxşı müəllim olmadığımı da deyib. Həmişə düşünürdüm ki, uğura aparan yol sevgidir. Yaxşı müəllim olmaq üçün ilk növbədə yaxşı insan olub, özümü sevdirməyi bacarmalıyam. Etiraf edim ki, əsəbiləşib onları danladığım vaxtlar da olub. Hətta iki dəfə elə şeylər baş verib ki, artıq olanlara tab gətirə bilməmişəm. Dərsdən sonra Təhsil Şöbəsinə gedib öz ərizəmlə işdən çıxmaq barədə düşünmüşəm. Şagirdlərimin haqqımda olan düşüncələri mənə də maraqlıdır. Bir dəfə texnologiya dərsində 3-cü sinif şagirdim üçün zərf düzəltdim. Mənə olan ürək sözlərini, məndən gözlədiklərini yazıb o zərfə qoymağını istədim. Ancaq zərf hələ də içi boş şəkildə sinfin bir küncündə qalır.   Sadə müəllim olmaqla kifayətlənmək istəmirəm   - Gələcəklə bağlı planlarınız maraqlı olardı. İstərdim bir az da bu haqda danışasınız. - Bir neçə ildən sonra magistr təhsili almağı düşünürəm. Sadə müəllim olmaqla kifayətlənmək istəmirəm. Bir gün arzusunda olduğum universitetə hazırlıq mərkəzini açacağıma inanıram. 2018-ci il üçün imtahanda iştirak edib, istəklərimi reallaşdıracaq bir orta məktəbdə işə qəbul olmaq istəyirəm. Burdakı uşaqlarla keçirdiyim zamanı isə onlar üçün yaddaqalan və faydalı edəcəyimi özümə söz vermişəm. İmkan edən kimi onları gəzməyə aparacağam. Hələ ki, fikrimdə Şabrandakı Mədəniyyət evi və Heydər Əliyev Mərkəzidir. Yaz-yay aylarında Quba və Bakıya da gedərik. Uşaqlarla uzaq yerə getməyin məsuliyyəti böyükdür, ancaq düşünürəm ki, mən bunu etməliyəm.   - Ucqar kənddə işləyən gənc müəllim kimi həmkarlarınıza sözünüz nə olardı? - Çətinliklərdən qorxmayın. İnsan elə bir varlıqdır ki, onun alışmadığı bir şərait yoxdur. Sadəcə, özünə inam və peşəyə sevgi lazımdır. Belə olan halda heç nə sizi yolunuzdan döndərə bilməz. İmkan verməyin ki, kimlərsə, nələrsə sizi həvəsdən salsın. Kənd yerində işləmək əsl macəradır. Həyatınıza rəng qatmaq, fərqlilik yaratmaq istəyirsinizsə, fürsətdən istifadə edin. Ucqar kənddə bir uşağı irəli aparmaq sizin üçün böyük uğurdur. Bu uğurla özünüzə sübut etmiş olacaqsınız ki, bunun qürur hissi hansı çətinliyə desən dəyər.   “Azərbaycan müəllimi” qəzeti

Dövlət Proqramı təqaüdçüləri harada işləyirlər?

Gənclərimiz ölkəmizin inkişafında mühüm töhfələr verir Qloballaşan dünyada hər bir ölkənin gələcəyini təmin edəcək gənc nəslin dövrün tələblərinə uyğun surətdə yüksəkixtisaslı mütəxəssis kimi yetişməsi strateji əhəmiyyət daşıyır. Son illər Azərbaycan Respublikası Təhsil Nazirliyinin istedadlı gənclərin dünyanın nüfuzlu ali məktəblərində təhsil almalarını və peşəkarlar kimi yetişməsini hədəfləyən məqsədyönlü tədbirləri nəticəsində tələbələrimiz öz uğur hekayələrini yazmaqdadır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın reytinqli ali məktəblərindən məzun olan gənclərimiz artıq ölkəmizin inkişafı naminə öz töhfələrini verməkdədir. Budəfəki yazımız da elm, təhsil, iqtisadiyyat, sənaye, bank, İKT, dövlət qulluğu və digər sahələrdə öz uğurlu karyera tarixçələrini yazan məzunlarımıza həsr olunub. Beləliklə, Dövlət Proqramı təqaüdçüləri harada işləyirlər? Əli ƏHMƏDOV, ABŞ-ın Con Hopkins Universitetinin məzunu   11 iyul 1982-ci il tarixində Naxçıvan şəhərində anadan olub. 2000-ci ildə orta məktəbi bitirərək Türkiyə Cümhuriyyətinin Qazi Universitetinin “İqtisadi və idarəetmə elmləri” fakültəsinin “İqtisadiyyat” bölməsinə daxil olub. 2004-cü ildə adıçəkilən ali məktəbi bitirdikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankında əmək fəaliyyətinə başlayıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2014-cü illərdə ABŞ-ın Con Hopkins Universitetinin Beynəlxalq Elmlər üzrə Ali Məktəbinin (SAIS) dövlət siyasəti üzrə Beynəlxalq Magistr Proqramında təhsil alıb. ABŞ-da təhsil aldığı dövrdə Azərbaycanla bağlı tədbirlərdə də aktiv iştirak edib. Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutu ilə birlikdə “Neft gəlirlərinin idarə olunması: Azərbaycanın pul siyasəti” mövzusunda tədbir təşkil edib. 2016-cı ildən Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentinin direktoru vəzifəsində çalışır. Həmçinin, Mərkəzi Bankın Pul siyasəti və İnvestisiya komitələrinin də üzvüdür. 2006-cı ildə çap olunmuş “Maliyyə və Birja Terminləri lüğəti” adlı kitabın, Azərbaycanda və eləcə də bir sıra xarici ölkələrdə nəşr edilmiş elmi əsərlərin müəllifidir. İngilis, rus və türk dillərini bilir. Ailəlidir, 2 övladı var. Azər İMANQULİYEV, Böyük Britaniyanın Kardif Universitetinin məzunu   1986-cı ildə Bakı şəhərində anadan olub. 2005-2009- cu illərdə Qafqaz Universitetində kompüter mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alıb. Ali məktəbi müvəffəqiyyətlə bitirərək proqramçı mühəndis ixtisasına yiyələnib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2009-2013-cü illərdə Böyük Britaniyanın Kardif Universitetinin “Mühəndislik” fakültəsində “Sistem mühəndisliyi” ixtisası üzrə PhD təhsili alıb fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Elmi rəhbəri dünyada süni intellekt sahəsində kifayət qədər nüfuza malik professor D.T.Pham olub. 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında PhD dissertasiyasını təkrar attestasiyadan keçirərək texnika üzrə fəlsəfə doktoru elmi adını alıb. 2014-2015-ci illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Yüksək Texnologiyalar Parkı” MMC-də Biznesin inkişafı və investisiya şöbəsinin aparıcı mütəxəssisi, 2015-2016-cı illərdə Azərbaycan Texniki Universitetinin İnnovativ Təhsil və İnformasiya Kommunikasiya Texnologiyaları departamentinin direktoru və SABAH mərkəzinin müəllimi vəzifələrində çalışıb. Bakalavriat səviyyəsində təhsil alan tələbələrin buraxılış, magistratura səviyyəsində isə dissertasiya işlərinə rəhbərlik edib. Bir sıra elmi əsərlərin müəllifidir. Qafqaz Universitetinin humanitar və sosial məsələlər üzrə prorektoru vəzifəsində çalışıb. Hazırda Bakı Mühəndislik Universitetinin beynəlxalq əlaqələr üzrə prorektorudur. Eyni zamanda həmin universitetdə kompüter və informasiya texnologiyaları kafedrasının baş müəllimidir. Xatirə HÜSEYNƏLİYEVA, İtaliyanın Milan Sənaye Dizaynı Məktəbinin məzunu   7 mart 1991-ci il tarixində Bakı şəhərində anadan olub. 2009-cu ildə M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbi bitirib. 2009-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dizayn ixtisasına daxil olub. 2013-cü ildə akademiyanı bakalavriat səviyyəsində fərqlənmə diplomu ilə bitirib. 2014-cü ilin iyul ayında Azərbaycan Respublikasının Milli Aerokosmik Agentliyi (MAKA), Kosmik Cihazqayırma Təcrübi Zavoduna rəssam-konstruktor vəzifəsinə qəbul olunub. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2014-2015-ci illərdə İtaliyanın Milan şəhərində yerləşən Sənaye Dizaynı Məktəbində (Scuola Politecnica di Design) “Sənaye dizaynı” ixtisası üzrə magistr ali peşə-ixtisas dərəcəsinə yiyələnib. Magistratura təhsili zamanı dizayn layihəsi (“One Chair is Not Enough”, tərcüməsi - “Bir oturacaq kifayət deyil”) 2015-ci ildə İtaliyanın Milan şəhərində təşkil olunmuş dizayn həftəsində “The Next Supper” adlı sərgidə nümayiş olunub. 2016-cı ildə həmin layihə Milanda növbəti dizayn həftəsində “SaloneSatellite” salonunda sərgilənib. 2016-cı ilin yanvar ayından iyul ayınadək Milan şəhərində yerləşən “Claudio Bellini Design+Design” şirkətində dizayner vəzifəsində çalışıb. 2017-ci ilin sentyabr ayından Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dizayn kafedrasında müəllim vəzifəsində çalışır və bundan əlavə, dizayn işləri ilə də məşğul olur. Əbdül ƏLİYEV, Çexiyanın Praqa Karl Universitetinin məzunu   9 oktyabr 1986-cı il tarixində Bakı şəhərində anadan olub. 1993-2004-cü illərdə Bakıdakı 46 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” fakültəsində “Politologiya” ixtisası üzrə bakalavr təhsili alıb. 2009-2012-ci illərdə BDU-nun “Sosial elmlər və psixologiya” fakültəsində “Milli təhlükəsizlik və siyasi strategiya” ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirib. Daha sonra 2013-2015-ci illərdə təhsilini “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Çexiyanın Praqa Karl Universitetinin “Sosial elmlər” fakültəsində “Beynəlxalq iqtisadiyyat və siyasət” ixtisası üzrə davam etdirib. 2007-2008-ci illərdə “Synergetics” Sosial Araşdırmalar Mərkəzində ekspert vəzifəsində çalışıb. 2008- 2009-cu illərdə hərbi xidmətdə olub. 2010-2011-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsində təcrübə keçib və 2011-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin xarici siyasət şöbəsində məsləhətçi-ekspert vəzifəsində çalışıb. 2014-2015-ci illərdə Çex-Azərbaycan İctimai Birliyinin sədri olub. 2016-cı ilin fevral-martında Azərbaycan Dillər Universitetində müəllim vəzifəsində çalışıb. 18 iyul 2016-cı il tarixindən isə Qəbələ regional “ASAN xidmət” mərkəzinin direktoru vəzifəsində çalışır. Hikmət BABAYEV, Böyük Britaniyanın London İmperial Kollecinin məzunu   1989-cu il fevral ayının 23-də Bakı şəhərində anadan olub. 2006-cı ildə Bakıdakı Ə.Mahmudov adına məktəb-liseyi bitirərək Azərbaycan Dövlət Neft Akademiyasının “Neft və qaz yataqlarının axtarış və kəşfiyyatı” fakültəsinə daxil olub. Akademik göstəriciləri yüksək olduğundan “BP- Azərbaycan” şirkətinin təqaüdünə layiq görülüb. 2010-2012-ci illərdə neft və qaz sənayesində çalışdığı müddətdə eyni zamanda Azərbaycan Dövlət Neft Akademiyasında (indiki ADNSU) “Biznesin təşkili və idarə olunması” (Master of Business Administration (MBA)) ixtisası üzrə təhsil alıb və “Kompüter sistemləri” ixtisasına yiyələnib. Neft və qaz sənayesi və eləcə də, ixtisası üzrə 2014-2015-ci illərdə “BP -Azərbaycan” şirkətinin təqaüdü ilə Türkiyənin İstanbul Texnik Universitetində “Geologiya mühəndisliyi” ixtisası üzrə magistr təhsili alıb. Yüksək akademik göstəricilərinə görə Yaponiyanın “Nippon Foundation” fondu tərəfindən təqaüdə layiq görülüb. Magistr diplomu işini Türkiyə Elm və Texnoloji Tədqiqat Şurası layihəsi üzərində müvəffəqiyyətlə müdafiə edib. Magistr təhsilini bitirdikdən sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2015-2016-cı illər ərzində Böyük Britaniyanın London İmperial Kollecində neft və qazın geologiyası və geofizikası ixtisası üzrə 2-ci magistr təhsili alıb. Hazırda SOCAR-ın “Azneft” İstehsalat birliyində Neft və qaz yataqlarının işlənməsi şöbəsinin “Modelləşdirmə” qrupunda böyük geoloq vəzifəsində çalışır. Eldar BABAYEV, Böyük Britaniyanın Lids Universitetinin məzunu   29 noyabr 1994-cü il tarixində Bakı şəhərində anadan olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oxuyub. 2011-2015-ci illər ərzində Bakı Musiqi Akademiyasında bəstəkarlıq ixtisası üzrə bakalavr təhsili alıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2015-2016-cı tədris ilində Böyük Britaniyanın Lids Universitetində “Bəstəkarlıq” (impressario, produsser) ixtisası üzrə magistr təhsilini başa vurub. 2014-cü ilin sentyabrında SOCAR şirkəti tərəfindən təşkil olunmuş əsrin müqaviləsinə həsr olunmuş “20 Şanlı il”, 2016-cı ilin avqustunda Lids Universiteti və York Orkestri tərəfindən təşkil olunmuş Bəstəkarlıq müsabiqələrində I yerə layiq görülüb. Britaniya üzrə keçirilən bəstəkarlıq müsabiqəsində qalib gəlmiş əsəri “Leeds Town Hall”-da York Orkestri tərəfindən ifa olunub. 2017-ci ilin oktyabrında Rusiya Dövlət Teatr Agentliyinin sifarişi ilə “Peterburqskiy Rostovşik” adlı tamaşaya 4 əsər bəstələyib. Bakı şəhərində xeyriyyə konserti təşkil edib və konsertdən yığılan pulları Ramana kəndində yerləşən uşaq internat evinə hədiyyə edib. 2016-cı ilin mayında Lids şəhərində “Jazz&Rock” konserti təşkil edib və konsertdən yığılan vəsaiti Lids uşaq xəstəxanasına verib. Hazırda yeni yaradılmış “Creative İndustries Management” adlı şirkətinn təsisçisi və Rus Dram Teatrının bəstəkarıdır. Famil KƏRİMOV, İspaniyanın İE Biznes Məktəbinin məzunu   1984-cü ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Xətai rayonu 138 nömrəli tam orta məktəbi bitirib. Elə həmin il Xəzər Universitetinin “Maliyyə və mühasibatlıq” fakültəsinə daxil olub, 2005-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirib. Universiteti bitirdikdən sonra dünyanın aparıcı şirkətlərindən olan “Deloitte”də auditor olaraq işə qəbul olunub və baş menecer vəzifəsinə kimi yüksəlib. 2013-cü ildən etibarən Beynəlxalq Mühasiblər Assosiasiyasının (ACCA) üzvüdür. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2014- cü illərdə biznes təhsili üzrə dünyada top-onluğa düşən İspaniyanın İE Biznes Məktəbində (Instituto de Empresa Business School) biznesin idarəedilməsi (MBA) üzrə magistr təhsili alıb. Həmin proqramda maliyyə seminarları üzrə ən yaxşı 10 tələbədən biri olub. Magistr təhsilini bitirdikdən sonra Azərbaycana dönərək Cənub Qaz Dəhlizi QSC-də kommersiya direktoru vəzifəsində çalışıb. Sonra “Gilan Holdinq”ə keçib. Hazırda Gilan Sənaye Qrupunun baş direktorunun müavini vəzifəsində, eyni zamanda Bakı Mühəndislik Universitetində yarımştat müəllim kimi də fəaliyyət göstərir. Yaqub ƏLİZADƏ, Böyük Britaniyanın Ekseter Universitetinin məzunu   1993-cü il 29 yanvar tarixində Bakı şəhərində anadan olub. 1999-2010-cu illərdə paytaxtdakı Fikrət Tağıyev adına 72 nömrəli məktəb-liseydə təhsil alıb. 2010-cu ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında 695 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının menecment ixtisasına qəbul olunub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb. 2014-cü ildə bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vurub. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təqaüdçüsü kimi 2015-2016-cı tədris ilində Böyük Britaniyanın Ekseter Universitetində maliyyə iqtisadiyyatı üzrə magistratura təhsili alıb. 2016-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “İqtisadiyyat və menecment” fakültəsinin dekan müavini və müəllimi vəzifələrində işləyir.   "Azərbaycan müəllimi" qəzeti

Azərbaycan Tələbə-Könüllülərinin 3-cü Forumu

Yanvarın 25-də Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə Azərbaycan Tələbə-Könüllülərinin 3-cü Forumu keçirilib. Forumun keçirilməsində əsas məqsəd tələbələr arasında könüllülük hərəkatının inkişafına, tələbələrin ictimai həyatda fəal iştirakının stimullaşdırılmasına yardım etməkdən ibarətdir. Forumda təhsil naziri vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov,  gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, millət vəkilləri, 300-ə yaxın tələbə-könüllü  iştirak edib. Dövlət himni səsləndirildikdən sonra tələbələrin könüllülük fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Forum iştirakçılarını salamlayan Ceyhun Bayramov tədbirin əhəmiyyətini diqqətə çatdıraraq ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti, bu istiqamətdə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verib. Ceyhun Bayramov bu gün savadlı və hazırlıqlı, milli dəyərlərə sahib, qloballaşan dünyanın çağırışlarına hazır olan gənc nəslin yetişdirilməsinin Azərbaycan təhsilinin başlıca hədəfi olduğunu vurğulayıb. Təhsil Nazirliyi tərəfindən reallaşdırılan çoxsaylı layihələr içərisində “Bir” Tələbə-Könüllü Proqramının mühüm yer tutduğunu bildirən Ceyhun Bayramov qeyd edib ki, son illərdə ölkəmizdə keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin təşkilində tələbə-könüllülərin fəaliyyəti danılmazdır. “BİR” tələbə-könüllüləri beynəlxalq tədbirlərin uğurla keçirilməsinə öz töhfələrini verirlər. Bu isə öz növbəsində növbəti illərdə Azərbaycanda keçiriləcək ölkə və beynəlxalq miqyaslı tədbirlər üçün təcrübəli könüllülər ordusu deməkdir. Daha sonra çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov tələbə-könüllülərə tövsiyələrini bildirib, forumun işinə uğurlar arzulayıblar. Tədbirdə Azərbaycanda könüllülük sahəsində ilk dəfə olaraq www.konullu.edu.az portalının təqdimatı keçirilib. Qeyd olunub ki, hər bir tələbə-könüllünün iştirak etdiyi tədbirlərə dair sertifikat həmin portalda onlara məxsus şəxsi səhifədə yerləşdiriləcək. Forumda ilin ən fəal tələbə-könüllüləri mükafatlandırılıb. Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisəsini əhatə edən proqram 15 000-dən artıq könüllü bazasına sahibdir.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı