Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İdmançımız qızıl medal qazanıb

Təhsil Nazirliyinin 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər-İdman Məktəbinin yetirməsi Avropa Kuboku uğrunda yarışın qalibi olub. 3-4 fevral tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində cüdo üzrə Avropa Kuboku uğrunda keçirilən turnirdə 29 ölkədən 244 idmançı iştirak edib. 60 kq çəki dərəcəsində mübarizə aparan Təhsil Nazirliyinin 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər-İdman Məktəbinin idmançısı, milli yığma komandanın üzvü Tofiq Məmmədov Fransa, İspaniya və Bolqarıstan təmsilçilərini məğlub edərək finala yüksəlib. İdmançımız həlledici görüşdə Rusiya təmsilçisinə qalib gələrək qızıl medala layiq görülüb.

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib

Fevralın 4-də ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib. Bilik yarışında 33 mindən çox şagird iştirak edib. Bakı şəhərində 14 müxtəlif mərkəzdə keçirilən olimpiadaya 6000-dən çox, Naxçıvan MR-dən isə 700-yə yaxın şagird qatılıb. Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və  tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub. Olimpiadanın rayon (şəhər) mərhələsində şagirdlərə fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilib. Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən yüksək nəticə göstərən şagirdlər mart ayında təşkil ediləcək olimpiadanın Respublika mərhələsinin yarımfinal turunda iştirak edəcəklər. Fənn olimpiadaları rayon (şəhər) və Respublika mərhələsi olmaqla iki mərhələdən, Respublika mərhələsi isə öz növbəsində yarımfinal və final tur olmaqla iki mərhələdən ibarətdir. Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Respublika fənn olimpiadası Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir.

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təntənəli mərasim keçirilib

Mərasimdə bir qrup gəncə Prezident mükafatları təqdim olunub   Fevralın 2-də Azərbaycan Gəncləri Günü münasibətilə “Buta Palas”da təntənəli mərasim keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 2 fevral tarixli Sərəncamı ilə bir qrup gəncə Prezident mükafatları təqdim olunub. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən danışıb. Bildirib ki, 21 ildir gənclərimiz ulu öndər Heydər Əliyevin təsis etdiyi Azərbaycan Gəncləri Gününü təntənəli şəkildə qeyd edirlər. Bu dövr yaddaşlarda Azərbaycan dövləti tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayğı illəri kimi qalıb. Ötən ilin ölkəmizin, o cümlədən gənclərimizin həyatında uğurlu il olduğunu vurğulayan nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan gəncləri 2017-2021-ci illər”də Dövlət Proqramının təsdiq olunması barədə Sərəncamın imzalanmasını xüsusi qeyd edib. Bildirib ki, bu sənəd Azərbaycan Prezidenti tərəfindən gənclərlə bağlı təsdiq edilən üçüncü Dövlət Proqramıdır. Gənclərin bütün sahələrdə maraqlarını nəzərə alan bu proqram müasir dövrün çağırışlarına tam cavab verir. Dünyanın heç bir ölkəsində gənclərlə bağlı ardıcıl olaraq bu qədər proqram qəbul edilməyib. Nazir paytaxt Bakı ilə yanaşı, regionlarda da gənclərin fəallığının, məşğulluğunun təmin edilməsinin diqqət mərkəzində saxlanıldığını vurğulayaraq, bölgələrdə Gənclər evlərinin inşasının onların məşğulluğu işinə, eləcə də bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verdiyini bildirib. Qeyd edib ki, bu gün Azərbaycan gəncləri vətənpərvər, yüksək intellektli, milli mənəvi dəyərlərinə, tarixi köklərinə, dövlətə və Vətənə sadiq olmaqla yanaşı, ictimai-siyasi məsələlərlə bağlı əsl vətəndaşlıq mövqeyindən çıxış edərək yüksək fəallıq və təşəbbüskarlıq göstərirlər. Azad Rəhimov gənclərimizin inkişafında, onların fəallıqlarının artırılmasında, istedadlarının üzə çıxarılmasında Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulayıb. Bildirib ki, müasir dövrdə Azərbaycan iqtisadiyyatının əsasında yaradıcılıq, innovasiyalar, bilik və bacarıqlar, eləcə də yüksək texnologiyalardan peşəkarlıqla istifadə imkanları dayanır. Məhz buna görə də yaradıcı və istedadlı gənclərin üzə çıxarılmasına, onlara dövlət dəstəyinin göstərilməsinə xüsusi diqqət yetirilir. Ölkəmizdə gənclərin məşğulluğunun təmin edilməsi, onların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində ilk dəfə olaraq “Made in Azerbaijan-2017” biznes ideya müsabiqəsi, “Gənc investor-2017” birja ticarəti üzrə simulyasiya yarışı keçirilib. Son illər Azərbaycan gənclərinin təşkilatlanması, onların beynəlxalq əlaqələrinin inkişafı istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdıran Azad Rəhimov ötən il 160-dan çox ölkədən nümayəndələrin iştirakı ilə Dünya Skaut Təşkilatının 41-ci konfransının Azərbaycanda təşkilinin önəmini qeyd edib. Bu il dövlət gənclər siyasətinin banisi ümummilli lider Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərinin qeyd olunacağını, prezident seçkilərinin keçiriləcəyini, habelə Mart soyqırımının 100-cü ildönümü ilə bağlı silsilə tədbirlərin təşkil olunacağını diqqətə çatdıran nazir bu baxımdan gənclərimizin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib. Azad Rəhimov Bakının “Ekspo-2025” Ümumdünya Sərgisinə namizədliyini irəli sürdüyünü xatırladaraq, bu mövzuda gənclər arasında esse müsabiqəsinin elan olunduğunu deyib. Nazir çıxışının sonunda gəncləri 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edərək, onların qarşıdakı prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevi dəstəkləyəcəklərinə əminliyini bildirib. Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev çıxış edərək Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurlarından danışıb. Azərbaycan Gəncləri Gününün ümummilli lider Heydər Əliyevin ölkə gəncliyinə töhfəsi olduğunu vurğulayan Yusuf Məmmədəliyev deyib ki, hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam və inkişaf etdirir. Azərbaycan gənclərinin yüksək intellektli və vətənpərvər olduqlarını, ölkəmizi uğurla təbliğ etdiklərini diqqətə çatdıran Prezident Administrasiyasının şöbə müdiri qlobal səviyyədə rəqabətədavamlı gənclərimizin sayının ildən-ilə artdığını məmnunluqla vurğulayıb. Qeyd edib ki, gənclərin potensialının artırılması, onların inkişafı prosesində motivasiya çox önəmlidir. Bu gün müxtəlif sahələrdə ən istedadlı gənclərin təltif olunması onların uğurlarını cəmiyyətə tanıtmaqla yanaşı, həmin gənclərin daha da həvəsləndirilməsinə mühüm töhfə verəcək. Gənclərimiz bilməlidirlər ki, onların bilik və bacarıqları, fəaliyyətləri diqqətdən kənarda qalmır və yüksək qiymətləndirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva gənclərimizin qayğısına qalır, onların fəaliyyətini yaxından izləyirlər. Yusuf Məmmədəliyev bildirib ki, ölkə rəhbərliyinin həyata keçirdiyi “qara qızılın insan kapitalına çevrilməsi” strategiyasına əsaslanan gənclər siyasəti nəticəsində gənclərin elmi, mədəni, ictimai sahələrdə fəallığı təşviq edilir. Buna görə də gənclərimiz ölkəmizin inkişafı üçün bütün sahələrdə daha da fəal olmalıdırlar. Bu ilin ölkəmiz üçün əhəmiyyətli hadisələrlə zəngin olacağını vurğulayan Yusuf Məmmədəliyev bu baxımdan növbəti prezident seçkilərinin önəmini xüsusi qeyd edib. Əminliklə bildirilib ki, Azərbaycanın gələcəyini, uğurlu inkişafını təmin edəcək bu prosesdə gənclər daha da fəal olacaq, dövlətimizin onlara göstərdiyi etimadı doğruldacaqlar. Bakının “Ekspo-2025” Ümumdünya Sərgisinə namizədliyini irəli sürdüyünü xatırladan şöbə müdiri deyib ki, bu, insan kapitalının inkişafı və gələcəyə baxış strategiyasına əsaslanır. Bu gün Prezident İlham Əliyevin yürütdüyü uğurlu gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi müasir, tolerant, savadlı, bacarıqlı və innovativdir. Çıxışının sonunda gəncləri əlamətdar gün münasibətilə bir daha təbrik edən Yusuf Məmmədəliyev deyib ki, Azərbaycan rəhbərliyi gənclərimizə inanır və daim onları dəstəkləyir. Hər bir gənc ölkəmizin tarixi-mədəni dəyərlərini yaşatmalı, layiqli vətəndaş kimi Vətəninə xidmət etməlidir. Bu gün Azərbaycan öz tarixinin ən güclü və dinamik dövrünü yaşayır. Gənclərimiz bu dövrün çağırışlarını həssaslıqla duymalı, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər. Sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən, mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən Reyhan Camalovaya, Gülnar Əlfidatlıya, Xaqani Fərəcova, Ağarəhim Quliyevə, Zümrüd Səfərovaya və Aysun Zeynalovaya 2018-ci il Gənclər üçün Prezident mükafatları təqdim olunub. Tədbirdə, həmçinin uğur qazanan, habelə dövlət gənclər siyasətinin əsas istiqamətləri üzrə həyata keçirilmiş müxtəlif tədbirlərdə fərqlənən yaradıcı və istedadlı gənclər də mükafatlandırılıb. Mərasimdə Naxçıvan şəhərinin 2018-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçildiyi elan olunub. Bildirilib ki, Naxçıvan “www.genclerpaytaxti.az” saytında keçirilmiş onlayn səsvermənin qalibi olub. Gənclər və idman naziri Azad Rəhimov gənclər paytaxtının rəmzi açarını Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarova təqdim edib. Tədbir bədii hissə ilə davam edib.   AZƏRTAC

Azərbaycanın gənc müəllimləri

Yanvar ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 12 931 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin yanvar ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə ümumilikdə 12 931 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 9 970 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2 961 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 291 sənəd (639 məktub, 479 ərizə, 173 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, müəllimlərin işə qəbulu, şagirdlərin bir məktəbdən digərinə köçürülməsi ilə bağlı məsələləri əhatə edib. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (2 164 müraciət) və çərşənbə (2 070 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (737 müraciət) və çərşənbə axşamı (604 müraciət) günləri, əsasən, saat 11:00-dan 16:00-dək müraciət edilib.  

“Maarifçi” Tələbə Kredit Fondu növbəti elan sessiyasına start verib

  Maarifçi Tələbə Kredit Fondu növbəti elan sessiyasına başlayıb. Bu elan sessiyasında təqdim olunacaq faizsiz təhsil kreditləri 2017-2018-ci tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub. Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər. Təhsil kreditlərinin növləri və şərtləri, seçim meyarları və müraciət forması ilə bağlı ətraflı məlumat fondun rəsmi saytında (http://maarifci.az) qeyd olunub. Kreditin alınması şərtləri və tələbələrin seçim meyarları bu dəfə də dəyişməz qalıb.  “Maarifçi” Tələbə Kredit Fondu fəaliyyətə başladığı vaxtdan indiyədək beşinci elan sessiyasını keçirir. Bu müddət ərzində fonda daxil olan 304 elektron müraciət əsasında universitetlər tərəfindən təqdim edilən yerlərin sayına əsasən seçim meyarlarına uyğun gələn tələbələrlə ümumilikdə 175 təhsil krediti müqaviləsi imzalanıb. Tələbələr martın 15-dək kredit almaq üçün müraciət edə bilərlər.

Dövlət Proqramı təqaüdçüləri harada işləyirlər?

Gənclərimiz ölkəmizin inkişafında mühüm töhfələr verir   Qloballaşan dünyada hər bir ölkənin gələcəyini təmin edəcək gənc nəslin dövrün tələblərinə uyğun surətdə yüksəkixtisaslı mütəxəssis kimi yetişməsi strateji əhəmiyyət daşıyır. Son illər Azərbaycan Respublikası Təhsil Nazirliyinin istedadlı gənclərin dünyanın nüfuzlu ali məktəblərində təhsil almalarını və peşəkarlar kimi yetişməsini hədəfləyən məqsədyönlü tədbirləri nəticəsində tələbələrimiz öz uğur hekayələrini yazmaqdadır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın reytinqli ali məktəblərindən məzun olan gənclərimiz artıq ölkəmizin inkişafı naminə öz töhfələrini verməkdədir. Budəfəki yazımız da elm, təhsil, iqtisadiyyat, sənaye, bank, İKT, dövlət qulluğu və digər sahələrdə öz uğurlu karyera tarixçələrini yazan məzunlarımıza həsr olunub. Beləliklə, Dövlət Proqramı təqaüdçüləri harada işləyirlər? Ceyla SEYİDOVA, Rusiyanın P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu   1995-ci il avqustun 20-də Bakıda anadan olub. 2001-ci ildə “Skripka” ixtisası üzrə Bülbül adına Orta-İxtisas Musiqi Məktəbinə daxil olub. 2004-cü ildə Kövkəb Səfərəliyevaya həsr edilmiş gənc ifaçıların I festivalının qalibi olub. 2005-ci ilin iyununda Tbilisidə keçirilən “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş beynəlxalq festivalda, İtaliyanın Fasano şəhərində keçirilən I Beynəlxalq musiqi müsabiqəsində birinci yeri, Spivakov adına VII Beynəlxalq Musiqi Festivalında laureat adını, Belçikanın Nəmur şəhərində keçirilən “Bravo” IV Beynəlxalq musiqi müsabiqəsində I yeri, Ukraynanın Lvov şəhərində keçirilən Yuri Başmet adına IV Beynəlxalq musiqi festivalının qalibi adını qazanıb. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb və adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ına yazılıb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 2013-cü ildəki nailiyyətlərinə görə xüsusi mükafata layiq görülüb. 2014-cü ilin iyulunda Yunanıstanın Rodos şəhərində VII Beynəlxalq musiqi müsabiqəsində, 2015-ci ildə Afina şəhərində beynəlxalq müsabiqədə I yerin, 2016-cı ildə Moskvada Sergey Prokofyev adına 2-ci Beynəlxalq müsabiqənin Qran-Pri mükafatının sahibi olub. 2016-cı ildə gənclər üçün Prezident Mükafatına layiq görülüb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2015-2017-ci illərdə Çaykovski adına Moskva Dövlət Konservatoriyasında “Skripka” ixtisası üzrə bakalavr təhsili alıb. Təhsilini fərqlənmə diplomu ilə bitirib. Hazırda Azərbaycan Dövlət Filarmoniyasında çalışır, skripka ifaçısıdır. Ramil MƏHƏRRƏMOV, ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutunun məzunu   1979-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalında ziyalı ailəsində anadan olub. 1999-cu ildə Qafqaz Universitetində (indiki Bakı Mühəndislik Universiteti) “Dövlət və iqtisadi idarəetmə” ixtisası üzrə bakalavr, 2006-cı ildə ABŞ-ın Massaçusets Universitetində iqtisadiyyat, 2016-cı ildə isə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Massaçusets Texnologiyalar İnstitutunun Sloan İdarəetmə Məktəbində “Biznesin idarəedilməsi” ixtisası üzrə magistr təhsilini uğurla bitirib. BP şirkətində, İslam İnkişaf Bankının Ərəbistanda yerləşən Baş Ofisində, Beynəlxalq Valyuta Fondunda, Azərbaycan Respublikası Mərkəzi Bankında, Dünya Bankında biznesin inkişafı, iqtisadi təhlil, investisiyaların təhlili və idarə edilməsi, strateji idarəetmə sahələrində mütəxəssis və rəhbər vəzifələrində işləyib. Təhsil aldığı müddətdə Grove Street Advisors kimi qlobal investisiya şirkətində təcrübə keçib. Regionda özəl sektor investisiyalarının, startup və innovasiya ekosisteminin inkişafı üçün müxtəlif təşəbbüsləri dəstəkləyir, konfranslarda, seminarlarda öz təhlilləri və təkliflərilə çıxış edir. Bu istiqamətdə SOCAR AQŞ şirkətinin dəstəyi ilə 2018-ci ildə Azərbaycanda ilk dəfə təşkil olunacaq Massaçusets Texnologiyalar İnstitutunun (MIT) Qlobal Startup Lab proqramının təşkilatçılarından biridir. Hazırda “Tethys Investments” Fondunun qurucusu və icraçı direktoru və bir sıra şirkətlərdə məsləhətçi kimi fəaliyyət göstərir. Fədai ƏFƏNDİYEV, Malayziya Texnologiya Universitetinin məzunu   31 iyul 1988 -ci il tarixində Qazax şəhərində anadan olub. 1994-2005-ci illərdə M.Məmmədov adına Ağstafa rayonu Sadıqlı kənd tam orta məktəbində təhsil alıb. 2005-2010-cu illərdə Qafqaz Universitetinin “Sənaye mühəndisliyi” (“İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəolunması”) ixtisası üzrə bakalavr təhsili alıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2015-ci illərdə Malayziya Texnologiya Universitetində “Sənaye mühəndisliyi” (“İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəolunması”) ixtisası üzrə magistr təhsilinə yiyələnib. 2015-ci ilin oktyabr ayından Təhsil Nazirliyinin təyinatı ilə Azərbaycan Texnologiya Universitetində işləyir. 2015-2016-cı illərdə universitetin “Yüngül sənaye və logistika” fakültəsində tədris işləri üzrə dekan müavini, 2017-ci ilin fevral ayından sentyabr ayına kimi Davamlı İnkişaf Mərkəzinin direktor müavini vəzifələrində çalışıb. 2017-ci ilin sentyabr ayından universitetin Davamlı İnkişaf və Təhsil Texnologiyaları Mərkəzinin direktoru vəzifəsində fəaliyyət göstərir. Eyni zamanda universitetin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Sənayenin iqtisadiyyatı” kafedrasında baş müəllim işləyir. Faiq NURİYEV, Türkiyənin Doqquz Eylül Universitetinin məzunu   1988-ci il noyabrın 1-də Qərbi Azərbaycanın Qafan rayonunun Qaraçimən kəndində anadan olub. 1995-2006-cı illərdə Sumqayıtdakı 33 nömrəli tam orta məktəbdə təhsil alıb. 2006-cı ildə Sumqayıt Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Mühasibat uçotu və audit” ixtisasına qəbul olub və 2010-cu ildə bitirib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2012-2015-ci illərdə Türkiyənin Doqquz Eylül Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Maliyyə iqtisadiyyatı və bank işi” ixtisası üzrə magistratura təhsilini yüksək fərqlənmə dərəcəsi ilə bitirib. İzmirdə keçirilən “Dünya Xocalını Anlatır, Sən də Anlat” layihəsinin ideya müəllifi olmaqla yanaşı, adıçəkilən layihənin həyata keçirilməsində yaxından iştirak edib. Təhsil aldığı müddətdə İstanbul Fond Birjasının xarici əlaqələr departamentində qısamüddətli staj keçib. Türkiyə, Gürcüstan, Çində keçirilən bir sıra beynəlxalq simpoziumlarda iştirak edib. 2015-2017-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Strateji planlaşdırma və proqnozlaşdırma şöbəsinin Fiskal, monetar və qiymət siyasəti sektorunda məsləhətçi vəzifəsində çalışıb. 2017-ci ilin oktyabr ayından isə həmin şöbənin Makroiqtisadi təhlil və proqnozlaşdırma sektorunda fəaliyyətini davam etdirir. Eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında “Makroiqtisadiyyat” və “Azərbaycan iqtisadiyyatı” fənlərini tədris edir. Orxan HƏSƏNOV, Böyük Britaniyanın Kembric Universitetinin məzunu   7 yanvar 1991-ci il tarixində Bakı şəhərində anadan olub. 2008-ci ildə paytaxtdakı 6 nömrəli tam orta məktəbi bitirib. Elə həmin il ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək Azərbaycan Dövlət Neft Akademiyasının “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olunub. 2010-cu ilin yanvarından avqust ayına qədər Böyük Britaniyanın Nyukasl Universitetinin hazırlıq kurslarına qatılıb. İngilis dilində riyaziyyat, fizika, kimya fənləri üzrə keçirilən hazırlıq kurslarını “əla” qiymətlərlə başa vuraraq Nyukasl Universitetinin bakalavr pilləsinə daxil olub. 2010-cu ildə Nyukaslda təhsil aldığı dövrdə “Nyukasl Universiteti Azərbaycan Cəmiyyəti”ni yaradıb. Bakalavr təhsilini uğurla başa vuraraq “2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2014-cü dərs ilində Birləşmiş Krallığın Kembric Universitetində “Kimya mühəndisliyi” ixtisası üzrə magistr təhsili alıb. Universiteti fərqlənmə diplomu ilə bitirib. Ali məktəbin Tədqiqatlar Mərkəzində çalışıb. SOCAR- ın Polimer işçi layihəsinin hazırlanması mərhələsində Mumbayda tətbiqi təlim keçib. Hazırda SOCAR-ın Polimer zavodunda mühəndis-texnoloq vəzifəsində çalışır. Cəmil HÜSEYNOV, Macarıstanın “International Business School”un məzunu   1990-cı ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakıdakı 194 nömrəli tam orta məktəbdə və 70 nömrəli pilot məktəb-liseydə alıb. 2007-ci ildə orta təhsilini başa vurub. Ali məktəblərə keçirilən qəbul imtahanlarında 610 bal toplayaraq Azərbaycan Dillər Universitetinin “Amerikaşünaslıq” ixtisasına qəbul olunub. 2013-2015-ci illərdə Azərbaycan Universitetində ABŞ-ın Corciya Dövlət Universiteti ilə birgə həyata keçirilən MBA proqramı üzrə “Biznesin idarə edilməsi (ixtisaslaşma maliyyə)” ixtisası üzrə magistr təhsili alıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2015-2016-cı illərdə Macarıstanın Beynəlxalq Biznes Məktəbində tədrisi İngiltərənin Bukingem Universiteti ilə ikili diplom proqramı əsasında həyata keçirilən “İnsan resurslarının idarə edilməsi” ixtisası üzrə magistratura səviyyəsində təhsil alıb. Təhsilini fərqlənmə diplomu ilə başa vuraraq magistr dərəcəsini qazanıb. Təhsil aldığı dövrdə aktiv ictimai fəaliyyətlə məşğul olmuş, Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatının sədr müavini vəzifəsində, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərarverici və icraedici orqanlarında rəhbər mövqelərdə fəaliyyət göstərib. Xaricdə təhsilini başa vurduqdan sonra Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və “Gilan İndustrial Group” MMC-nin İnsan Resursları Departamentində çalışıb. Hazırda “Gilan Holdinq”in baş ofisinin İnsan Resursları Departamentində işləyir. Ramil ƏKBƏROV, Rusiyanın Moskva Fizika Texniki İnstitutunun məzunu   6 noyabr 1989-cu il tarixində Rusiya Federasiyasının Kursk şəhərində anadan olub. 1996-cı ildə birinci sinfə gedib, orta təhsilini 2007-ci ildə tamamlayıb. 2008-ci ildə Bakı Dövlət Universitetinin (BDU) “Fizika” fakültəsinə daxil olub və 2012-ci ildə bakalavr təhsilini başa vurub. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2012-2014-cü illərdə Rusiyanın Moskva Fizika Texniki İnstitutunun (MFTİ) “Fiziki və kvant elektronikası” fakültəsində magistratura təhsili alıb. 2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun doktorantıdır. 2015-ci ildən Azərbaycanın Milli Nüvə Tədqiqatlari Mərkəzində (MNTM) mühəndis vəzifəsində çalışır. R.Əkbərov 2017-ci ilin 22-26 may tarixlərində Rusiya Federasiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda, 1-5 oktyabr tarixlərində isə Moskvada keçirilən hissəciklər fizikası və astrofiziklərin III Beynəlxalq konfransında iştirak edib. Hazırda dissertasiya işi ilə əlaqədar Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) silisium əsaslı detektorların yaradılması sahəsində fəaliyyət göstərir. Çinarə ƏLİYEVA, Böyük Britaniyanın London Universitet Kollecinin məzunu   30 may 1993-cü il tarixində Lənkəran şəhərində anadan olub. 1999-cu ildə 129 nömrəli tam orta məktəbə daxil olub, 2010-cu ildə orta təhsilini başa vurub. Həmin ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında 680 bal toplayaraq Qafqaz Universitetinin “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasına qəbul olunub. Prezident təqaüdünə layiq görülüb. 2015-ci ildə bakalavriat təhsilini başa vurub. Oxuduğu 5 il ərzində 3 dəfə SOCAR-ın daxili təqaüdünü qazanıb. 2014-cü ildə “Unibank”in “Young Innovators” müsabiqəsinin qalibi olaraq İT departamentində təcrübədə olub. 2014-2015-ci illərdə Deloitte şirkətinin Azərbaycandakı nümayəndəliyində Risklərin İdarə Edilməsi Departamentində məsləhətçi vəzifəsində çalışıb. Magistratura təhsilini “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın London Universitet Kollecində (UCL) “Kompüter elmləri” fakültəsində “Kompüterləşdirilmiş maliyyə” ixtisası üzrə alıb. Hal-hazırda “Unibank”ın “Digital Banking” Departamentində biznes analitik vəzifəsində çalışır.   “Azərbaycan müəllimi” qəzeti

Tələbə könüllülərə təqaüd veriləcək

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə ictimai dəstək verilməsi məqsədi ilə  keçirilən “Könüllü” Tələbə təqaüd proqramı müsabiqəsi başa çatıb. Ötən ilin oktyabr ayından start verilən müsabiqəyə 58 müraciət daxil olub. “Könüllü” Tələbə Təqaüd Proqramının büdcəsi, dosent Nadir Adilov tərəfindən yazılan, Azərbaycan Universiteti Elmi Şurasının rəyi ilə nəşr edilən “Gəncsən? Başla!” gənclər üçün şəxsi inkişaf kitabının satışından əldə edilən vəsait hesabına və  müəllifin şəxsi təşəbbüsü ilə formalaşıb. Təqaüd fondunun ümumi miqdarı 3000 manat  təşkil edir. Müsabiqəyə daxil olan müraciətlər komissiya tərəfindən dəyərləndirilib, 2 tələbə könüllünün hər birinə 500 manat məbləğində birdəfəlik təqaüd verilməsi qərara alınıb. Həmçinin, könüllüllük fəaliyyətinə stimullaşdırılmasına dəstək məqsədi ilə 20 tələbə-könüllünün hər birinə 100 manat pul mükafatı ayrılmasına qərar verilib. Fevralın 8-də YARAT Müasir İncəsənət Məkanında keçiriləcək mərasimdə  təqaüdlər  tələbə könüllülərə təqdim olunacaq.   Könüllü Təqaüd Proqramına seçilmiş tələbələr

Təhsil Nazirliyi gənc müəllimləri mükafatlandırıb

Fevralın 1-də Gənclər Günü ərəfəsində bir qrup gənc müəllimlə görüş keçirilib. Əvvəlcə tədbir iştirakçıları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya ediblər. Daha sonra Təhsil Nazirliyinin rəhbər heyəti və müəllimlər Bakı Marionet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının tamaşasını izləyiblər. Sonra təhsil naziri vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov gənc müəllimləri 2 fevral - Gənclər Günü münasibəti ilə təbrik edərək onlara pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb. Natiq ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Ceyhun Bayramov bildirib ki, son illər müəllimlərin peşəkarlıq səviyyəsinin və nüfuzunun artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Ceyhun Bayramov həmçinin, müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəffaf keçirilməsi nəticəsində ötən il 6000-dək müəllimin işə qəbul olunduğunu və onların 3794 nəfərinə həvəsləndirmə tədbirləri tətbiq edildiyini deyib. Qeyd edib ki, bu gün ölkəmizin ümumi təhsil müəssisələrində 151 458  müəllim çalışır, onlardan 42 263 nəfəri 35 yaşadək olan gənc müəllimdir. Bu da müəllimlərin ümumi sayının 28 faizi deməkdir. Daha sonra Ceyhun Bayramov həvəsləndirmə tədbirləri çərçivəsində ucqar bölgələrdəki ümumtəhsil məktəblərinin kadr təminatının əhəmiyyətli şəkildə yaxşılaşdığından, təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədi ilə bu tədris ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsindən və cari ildə hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrdən danışıb. Ölkəmizin müxtəlif bölgələrində çalışan gənc, müasir, savadlı və peşəsinə bağlı olan müəllimlərlə görüşdən məmnun olduğunu vurğulayan Ceyhun Bayramov şagirdlərin milli dəyərlər əsasında formalaşmasında onların böyük rolunu vurğulayıb. Natiq müəlimlərin xoş sədasının, əldə etdikləri uğurların təhsil sahəsində aparılan islahatların müsbət nəticəsi və islahatlara davam etməyin əlavə stimulu kimi dəyərləndirib. Görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor əvəzi Vəfa Yaqublu çıxış edərək müasir müəllimin üzərinə düşən vəzifələri diqqətə çatdırıb, həmçinin müəllimləri Gənclər Günü münasibəti ilə təbrik edərək onlara uğurlar arzulayıblar. Tədbirdə gənc müəllimlərdən Beyləqan rayonu Tatalılar kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Mürsəl Behbudlu, Ağdaş rayonu Cardam kənd tam orta məktəbinin  tarix müəllimi Anar İbrahimli, Daşkəsən rayonu  Dəstəfur kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnar İsmayılova, Laçın rayonu Taxtakörpü qəsəbə tam orta məktəbinin ingilis dili müəllimi Şəbnəm Uğurlu, Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbinin tarix müəllimi Həbib Əlizadə, Quba rayonu Möhüc kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülşən Yolçubəyli, İsmayıllı rayonu İstisu kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Şahid Muradlı və digərləri çıxış edərək öz fəaliyyətləri haqqında danışıb, onlara göstərilən diqqət üçün təşəkkürlərini bildiriblər. Sonda müəllimlərə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təşəkkürnaməsi” və hədiyyələr təqdim edilib.

Tələbələrin köçürülməsinə fevralın 1-dən başlanılıb

Fevralın 1-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılıb. Transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək sənəd qəbulu  fevralın  7-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Transfer.edu.az portalı vasitəsi ilə köçürülən tələbələr köçürüldüyü ali təhsil müəssisəsindən və yaxud ixtisasından imtina etmək hüququna malik deyil.   Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar  

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı