SABAH qruplarının tələbələri “Azercell”də təcrübə keçəcəklər
Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin “Azercell” Telekom MMC ilə əməkdaşlığı çərçivəsində bu qrupun tələləbələri üçün “Yay Tələbə Təcrübə Proqramı” elan edilib. Proqram tərəflər arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilir. Tələbələr iyulun 2-dən başlayacaq proqram çərçivəsində “Azercell”də 2 ay təcrübə keçmək şansı qazanacaqlar. Bu günədək 13 SABAH tələbəsi bu imkandan yararlanaraq şirkətdə ixtisasları üzrə təcrübə keçiblər. “Yay Tələbə Təcrübə Proqramı” mərhələlərlə seçilən gənclərə “Azercell”də təcrübə keçmək imkanı qazandıraraq ali məktəblərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək imkanı yaradır. Qeyd edək ki, SABAH qruplarının “Azercell” Telekom MMC ilə əməkdaşlığı çərçivəsində Tələbə Təqaüd proqramı üzrə Bakı şəhəri üzrə elan olunmuş yerlərin 50 fazi SABAH tələbələri üçün ayrılıb. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə əməkdaşlıq nəticəsində 6 ay müddətində davam edən inkubasiya proqramına seçilən 5 komandadan biri məhz SABAH qruplarının tələbələri olub. Ötən ilin sonunda SABAH qrupları tələbələri üçün “Azercell Plaza”da tanışlıq səfəri təşkil edilib, onlar üçün “GSM Texnologiyası ilə tanışlıq”, “Məhsulların idarə olunması”, “Öz brendini yarat” movzularında qısa sessiyalar təşkil olunub. Həmçinin İnsan qaynaqları departamentinin əməkdaşları 17-20 fevral tarixlərində SABAH Karyera Qış Məktəbi layihəsində Qubada tələbələrə təlimlər keçiblər. “Yay Tələbə Təcrübə Proqramı”na SABAH qruplarının son 3-cü və 4-cü kurs tələbələri 2018-ci ilin 12 aprel tarixinə qədər https://www.azercell.com/az/company/career/development_oportunities/internship2018/ keçidinə daxil olmaqla “Yay Tələbə Təcrübə Proqramı”na müraciət edə bilərlər. SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılıb, tələbələrə daha üstün təhsil və inkişaf imkanları təklif edən ən aparıcı layihələrdəndir.
05/04/2018 09:42
Aprel zəfəri: ötən hər gün üçün bir ağac əkildi
Aprelin 4-də Təhsil və Müdafiə nazirlikləri 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun qazandığı tarixi qələbəyə həsr olunmuş “Aprel zəfərindən ötən hər gün üçün bir ağac əkək” devizi altında Pirəkəşkül qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə ağacəkmə kampaniyası keçirib. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar. Sonra hərbi hissənin klubunda əsgərlərlə görüş keçirilib. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşü giriş sözü ilə açan Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbani tədbirin məqsədi barədə məlumat verib. Bildirib ki, Azərbaycanın müasir hərb tarixinin zəfər səhifəsi olan aprel döyüşlərinin ikinci ildönümünün qeyd edilməsi, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun artırılmasına töhfə verilməsi bu tədbirin əsas məramıdır. Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Milli Ordusunun 2016-cı ilin aprel ayında həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində strateji mövqelərə nəzarət bərpa olunub və ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qələbə qazanılıb. Aprel döyüşlərində qazanılan qələbənin ikinci ildönümünün ictimaiyyət, o cümlədən təhsil işçiləri tərəfindən də qeyd olunması xalqımızın mübarizə ruhunu və yüksək vətənpərvərlik hissini bir daha nümayiş etdirir. Nazir müavini düşmən tapdağı altında olan torpaqlarımızın yaxın zamanlarda işğaldan azad ediləcəyinə əminliyini ifadə edib. Sonra çıxış edən Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev bildirib ki, 2016-cı ilin aprelində Azərbaycan ordusu bir daha gücünü nümayiş etdirib, düşmənin çoxlu sayda canlı qüvvə və texnikasını məhv edib. Milli ordunun bu tarixi qələbəsi xalqımızda böyük ruh yüksəkliyi yaradıb, düşmən üzərində tezliklə qələbəmizə əminlik və nikbinlik hisslərini artırıb. Tədbirdə Milli Ordumuzun şanlı tarixinə çevrilmiş aprel döyüşlərinin hər bir Azərbaycan vətəndaşına qürur hissi yaşatdığı, eləcə də ölkə Prezidentinin yüksək qayğısı ilə Cocuq Mərcanlı kəndinin bərpası istiqamətində görülən işlər xüsusi qeyd olunub. “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş şəhid Urfan Vəlizadənin həyat yoldaşı Könül Vəlizadə, Milli Qəhrəman Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyeva, Milli Qəhrəman Samid İmanovun həyat yoldaşı Badam İmanova çıxış edərək onlara göstərilən diqqət üçün minnətdarlıqlarını bildirib, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların həyat yolunun gənc nəsil üçün örnək olduğunu qeyd ediblər. İştirakçılar hərbi hissədə yaradılan şəraitlə tanış olublar. Sonra hərbi hissənin ərazisində ayrılmış xüsusi məkanda Təhsil və Müdafiə nazirliklərinin birgə təşəbbüsü ilə aprel zəfərindən ötən hər gün üçün 730 ağac əkilib. Tədbirdə aprel döyüşlərinin iştirakçısı, “Şücaətə görə” medalı ilə təltif edilmiş Azər Məmmədov, “Şahin” hərbi idman oyunlarının komandaları, tələbə-könüllülər və KİV nümayəndələri iştirak ediblər.
04/04/2018 17:10
Ağcabədi müəllimləri “Bizim müəllim” layihəsində
Təhsil Nazirliyi Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən, peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatını davam etdirir. “Bizim müəllim” layihəsinin növbəti təqdimatı Ağcabədi rayonu olan müəllimlərə həsr olunur.
04/04/2018 10:13
Təhsil və Vergilər nazirlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb
Aprelin 3-də Təhsil və Vergilər nazirlikləri arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib. İmzalanma mərasimində Təhsil və Vergilər nazirliklərinin rəhbərliyi, ali məktəblərin rektorları, SABAH qruplarının İcra Komitəsinin üzvləri və tələbələr iştirak ediblər. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, vergilər nazirinin müavini Sahib Ələkbərov, SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə çıxış ediblər. Bildirilib ki, ölkəmizdə işəgötürənlərlə təhsil alanlar arasında effektiv əlaqənin qurulmasını nəzərdə tutan yeni bir layihəyə start verilib. Bu layihə ali təhsil ocaqlarında xüsusi istedadlı tələbələr üçün yaradılmış SABAH qruplarında təhsil alan gənclərin gələcək hazırlığı ilə bağlıdır. Layihə gənclərin tədris dövründə inkişafını, təlim və peşə hazırlığı üzrə biliklərinin dərinləşdirilməsi və möhkəmləndirilməsini, peşəkar kadr kimi yetişdirilməsini, potensialı olan gənclərin gələcəkdə vergi xidmətində işə cəlb edilməsi üçün ilkin hazırlığını nəzərdə tutur. Qeyd edilib ki, bu layihənin həyata keçirilməsi ölkədə kadr hazırlığında yeni bir yanaşmanı müəyyən edəcək, insan resurslarının dövlət qurumlarının və əmək bazarının tələbatları nəzərə alınmaqla savadlı, bacarıqlı və hazırlıqlı kadr kimi yetişdirilməsinə şərait yaradacaq. Əməkdaşlıq çərçivəsində qarşıdakı dövrdə tələbələrə istehsalat təcrübəsi dövrünü Vergilər Nazirliyində keçirmələri üçün şərait yaradılacaq, müasir standartlara cavab verən kadr hazırlığı proqramları, təhsil müəssisələri üçün vahid vergi proqramının tərtibi və digər sənədlər hazırlanacaq, müəllim və tələbə heyəti bu qurum tərəfindən keçirilən təlim və seminarlara cəlb ediləcəklər. Çıxış edən natiqlər layihənin elm, təhsil və təcrübənin bir-birini tamamlamasına xidmət etdiyini və gələcək peşəkar kadrların yetişdirilməsinə böyük təkan verəcəyini bildiriblər. Sonra Təhsil və Vergilər nazirlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi təhsil nazirinin müavini Firudin Qurbanov və vergilər nazirinin müavini Sahib Ələkbərov imzalayıblar.
03/04/2018 13:05
“Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası qalib olub
26-31 mart tarixlərində 13-14 yaşlı boksçular arasında ölkə birinciliyi keçirilib. 19 çəki dərəcəsi üzrə 50-yə yaxın komandanın, 294 nəfər idmançının qatıldığı yarışda “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası 6 qızıl, 2 gümüş və 4 bürünc medal qazanaraq komanda hesabında birinci yeri tutub. Qeyd edək ki, mərkəzin yığma komandası bu ilin fevral ayında 15-16 yaşlı boksçular arasında keçirilən ölkə birinciliyinin də qalibi olub.
03/04/2018 09:40
“Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsi keçirilir
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsinə başlanılıb. Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən təqdimat müsabiqəsi Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunur. Müsabiqənin ölkə mərhələsində respublikanın bütün bölgələrindən olan 104 nəfər şagird iştirak edir. Şagirdlər Təhsil Nazirliyində yaradılmış İşçi qrupunun qarşısında 10 dəqiqəlik təqdimat edir, onların çıxışları əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında maksimum 10 balla qiymətləndirilir. “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, şagirdlər diplom, tərifnamə və qiymətli hədiyyələrlə təltif olunacaqlar.
02/04/2018 17:07
Mart ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 8 894 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin mart ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə ümumilikdə 8 894 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 6 552 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2 342 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 899 sənəd (523 məktub, 325 ərizə, 51 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ümumtəhsil məktəblərinin 1-ci sinfinə qəbul, tələbələrin yerli ali və orta ixtisas təhsil müəssisələrinə köçürülməsi və bərpası, müəllimlərin işə qəbulu ilə bağlı məsələləri əhatə edib. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin cümə (1 791 müraciət) və çərşənbə axşamı (1 337 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin cümə (652 müraciət) və bazar ertəsi (483 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.
02/04/2018 11:15
Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi
Martın 29-da Bakı Musiqi Akademiyasında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı sərəncama əsasən, erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə müvafiq tədbirlər planının təsdiq edildiyini və bu istiqamətdə silsilə tədbirlərin təşkil olunduğunu vurğulayıb. Nazir müavini tariximizin qan yaddaşına çevrilən 31 mart hadisələrinin xalqımız tərəfindən heç vaxt unudulmayacağına əminliyini bldirib. Anım tədbirində soyqırımı gününə həsr olunmuş ədəbi-bədii kompozisiyalar təqdim olunub, incəsənət nümayəndələri, beynəlxalq müsabiqə laureatları, tələbələr tərəfindən Fikrət Əmirov, Qara Qarayev, Arif Məlikov, Fərhad Bədəlbəyli və digər bəstəkarların əsərləri səsləndirilib.
30/03/2018 17:52
Təhsil Nazirliyinin məlumatı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit keçəcək, güclü (təhlükəli) şimal-qərb küləyi əsəcək. Təhsil Nazirliyi bununla bağlı tələbə və şagirdləri diqqətli olmağa, xüsusilə azyaşlı məktəb şagirdlərinin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır. Eyni zamanda Bakıda və Abşeron yarımadasında fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərlərindən göstərilən tarixlərdə müvafiq təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirmələri xahiş olunur.
29/03/2018 19:53
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı