Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi Təhsil Nazirliyində qeyd edilib
Mayın 10-da Təhsil Nazirliyində Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının Təhsil Nazirliyi ərazi üzrə ilk partiya təşkilatı və nazirliyin Həmkarlar İttifaqı Komitəsi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbir Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan sənədli filmin nümayiş etdirilməsi ilə başlayıb. Ulu öndərin xatirəsinin hər il böyük ehtiramla anıldığını diqqətə çatdıran təhsil nazirinin müavini Firudin Qurbanov ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu, müstəqilliyimizin bərpası və ölkəmizin dünya miqyasında tanınması baxımından misilsiz xidmətlərindən danışıb. Firudin Qurbanov ulu öndərin müəyyən etdiyi inkişaf strategiyasının, təhsil sahəsinə göstərdiyi yüksək diqqətin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Tədbirdə daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının Təhsil Nazirliyi ərazi üzrə ilk partiya təşkilatının sədri Rauf Orucov, nazirliyin Həmkarlar İttifaqı Komitəsinin sədri Əsgər Quliyev ümummilli liderin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, təhsil sahəsində islahatların həyata keçirilməsi ilə bağlı imzaladığı mühüm fərman və sərəncamlardan, habelə müəllimlərə və gənclərin təhsilinə hər zaman diqqətlə yanaşdığından söz açıblar. Sonra Təhsil Nazirliyinin YAP-a yeni üzv qəbul edilmiş əməkdaşlarına partiya biletləri təqdim olunub, partiya sıralarına üzv qəbul olunmaq istəyən digər əməkdaşların müraciəti isə müsbət cavablandırılıb.
10/05/2018 17:11
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş respublika şahmat festivalı başa çatıb
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Şahmat” fənni tədris olunan pilot ümumtəhsil müəssisələrinin şagirdləri arasında şahmat festivalının final yarışlarına yekun vurulub. Bakı şəhəri 12 nömrəli tam orta məktəbdə keçirilən yarışlara 400-ə yaxın şagird qatılıb. Şəxsi xarakter daşıyan yarış İsveçrə sistemi üzrə keçirilib, komandaların tərkibi 7-10 yaşlı 3 oğlan və 3 qız olmaqla 6 nəfərdən ibarət olub. 2, 3 və 4-cü siniflər üzrə şəxsi yarışlarda 1-ci, 2-ci və 3-cü yerləri tutan məktəblilər diplom, medal və qiymətli hədiyyələrlə, fərqlənən şahmatçılar isə diplomla təltif olunub. Qeyd edək ki, festivalın I mərhələsi respublika üzrə “Şahmat” fənni tədris olunan beş yüzə yaxın pilot məktəbdən üç min nəfərdən çox şagirdin iştirakı ilə keçirilib, rayon (şəhər) üzrə qalib komandalar finalda iştirak etmək hüququ qazanıb.
10/05/2018 14:13
Koreya İnsan Resursları İnkişafı Xidmətinin nümayəndələri tərəfindən hazırlanmış kurikulumların təqdimatına dair görüş keçirilib
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində Təhsil İnstitutunun və Koreya İnsan Resursları İnkişafı Xidmətinin nümayəndələri ilə növbəti görüş keçirilib. Görüşün əsas məqsədi Azərbaycan və Koreya hökumətləri arasındakı razılaşmaya uyğun olaraq, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılacaq Peşə Təhsil Mərkəzi layihəsi çərçivəsində tədris olunması nəzərdə tutulan 8 ixtisas (elektronika, elektrik, avtomatlaşdırma, avtomobil, tikinti, sənaye və quraşdırma, İKT, mexanika) üzrə hazırlanmış təhsil proqramlarının (kurikulumların) və tədris vəsaitlərinin təqdimatı və müzakirələrin aparılması olub. Koreyalı ekspertlər təhsil proqramları (kurikulumlar) və tədris vəsaitləri barədə geniş məlumat verərək, səriştə əsaslı kurikulumların 80 faiz təcrübəyə əsaslanmaqla tərtib edildiyini bildiriblər. Görüşdə, həmçinin layihə çərçivəsində təhsil proqramlarından istifadə edəcək ixtisaslı kadrların cəlb edilməsi, təlimləndirilməsi və hazırlığı məsələlərinə dair fikir mübadiləsi aparılıb. Təqdim olunan kurikulumlar və tədris modulları Peşə Təhsili Dövlət Agentliyinin nümayəndələri tərəfindən müsbət dəyərləndirilib, onların tətbiqinin peşə təhsilinin, eləcə də təhsilalanların bilik və bacarıqların inkişaf etdirilməsi istiqamətində xüsusi önəm kəsb edəcəyi vurğulanıb.
10/05/2018 13:51
Təhsil Nazirliyi qanvermə aksiyası keçirib
8 may-Beynəlxalq Talassemiya Günü ilə əlaqədar Təhsil Nazirliyində qanvermə aksiyası keçirilib. Aksiyada Təhsil Nazirliyinin rəhbərliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, nazirliyin tabeliyindəki qurumların əməkdaşları fəal iştirak edib. Qanvermə aksiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlərə dəstək vermək məqsədi ilə təşkil olunub. Aksiyada Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxlayıb və bundan sonra müvafiq qaydada qan götürüblər. Qan nümunələri xüsusi laboratoriyada yoxlamadan keçiriləcək və irsi qan xəstələrinin müalicəsində istifadə edilməsi üçün Mərkəzi Qan Bankında toplanacaqdır.
08/05/2018 15:51
Şagird və tələbələr arasında keçirilmiş bədii yaradıcılıq festivalının yekun konserti olub
Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə ali, orta və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilmiş bədii yaradıcılıq festivalının yekun konserti olub. Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi tələbələri milli vətənpərvərlik, milli adət-ənənələrə hörmət ruhunda tərbiyə etmək, eləcə də istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək göstərmək və bədii-estetik səviyyəsini yüksəltməkdir. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, ali təhsil müəssisələrinin rektorları, Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin və 20-dək ölkənin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rəhbərləri iştirak ediblər. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıb. Səttar Mehbalıyev bədii yaradıcılıq festivalının şagird və tələbələrin asudə vaxtının səmərəli təşkil olunması, istedadlı gənclərin aşkarlanması baxımından rolunu qeyd edib. Bildirib ki, Tələbə Həmkarlar Təşkilatı vasitəsi ilə universitetlərdə idman yarışları, intellektual oyunlar və olimpiadalar keçirilir. Sonra çıxış edən təhsil nazirinin müavini Firudun Qurbanov ulu öndərin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bütün sahələrin, xüsusilə, təhsil sahəsinin sürətlə inkişaf etdiyini vurğulayıb, bu uğurlu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini deyib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş festivalın ənənəvi olaraq hər il təşkil edildiyini qeyd edən nazir müavini bildirib ki, bu il ilk dəfə olaraq müsabiqədə respublikada fəaliyyət göstərən bütün ali təhsil müəssisələri iştirak edib. Festivalın I mərhələsində müvəffəqiyyətlə iştirak etmiş kollektiv və solo ifaçılar növbəti respublika mərhələsində öz bacarıqlarını nümayiş etdiriblər. Seçimlər Bakı, Lənkəran, Gəncə şəhərləri və Quba rayonunda aparılıb. Firudin Qurbanov festivalın keçirilməsində əməyi olan hər kəsə, xüsusilə münsiflər heyətinə təşəkkür edib və tələbələrə uğurlar arzulayıb. Qeyd edək ki, festivalın yekun konsertində 19 ali, 12 orta ixtisas və 11 peşə təhsili müəssisəsinin tələbələri iştirak edib.
07/05/2018 21:57
Bakıda Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin plenar iclası keçirilib
Mayın 7-də Bakıda Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin “Təhsildə gender bərabərliyinin gücləndirilməsi” mövzusunda plenar iclası keçirilib. Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə təşkil olunan iclasda İrlandiya, Rumıniya, Polşa, Bosniya və Herseqovina, Monteneqro, Böyük Britaniya, Tacikistan, Gürcüstan, Qırğızıstan, Kipr, Belarus, Ukrayna, Qazaxıstan, Albaniya və Bolqarıstandan təhsil sahəsi üzrə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarından 40-a yaxın nümayəndə iştirak edib. Təhsil naziri Ceyhun Bayramov çıxışında bildirib ki, gender bərabərliyinin mühüm istiqamətlərindən biri məhz təhsillə bağlıdır. Eyni zamanda, qadın və kişilərin bərabər təhsil almaları ölkədə hüquq bərabərliyinin fundamental əsaslarından biridir. Nazir qeyd edib ki, XIX əsrin ikinci yarısında Azərbaycanda Avropa standartlarına uyğun qadınlara məxsus təhsil müəssisələri fəaliyyətə başlayıb. 1901-ci ildə Bakıda Hacı Zeynalabdin Tağıyevin şəxsi vəsaiti hesabına Qızlar Gimnaziyası açılıb. Sonralar qadınların dünyəvi təhsil imkanları genişlənib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə də qadınların təhsil almalarına geniş imkanlar yaradılıb. Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra bu ənənə uğurla davam etdirilib. “Təhsil haqqında” Qanunda bərabərlik təhsilin əsas prinsiplərindən biri kimi müəyyənləşdirilib. Dövlət cinsindən, irqindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, sağlamlıq imkanlarından asılı olmayaraq hər bir vətəndaşa təhsil almaq imkanı yaradıb. Diqqətə çatdırılıb ki, bu gün müəllimlərin 82 faizini, təhsil alanların isə 46 faizini qadınlar və qızlar təşkil edir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ayrılmış 3558 təqaüd yerinin 30 faizini qızlar təşkil edir. Magistratura səviyyəsində təhsil alanların 54, fəlsəfə doktorlarının 51, elmlər doktorlarının isə 46 faizi qadınlar və qızlardır. Ali məktəb rəhbərləri arasında da qadınların sayı artmaqdadır. Hazırda 6 rektor, 37 prorektor, 15 kollec direktoru, 36 direktor müavini, 11 ilk peşə ixtisası təhsili mərkəzinin direktoru, 40 direktor müavini, 1244 ümumtəhsil məktəbinin direktoru, 3569 direktor müavini qadındır. Aparılan araşdırma zamanı məlum olub ki, anaları ali təhsilli olan şagirdlər arasında ali məktəblərə qəbulolma faizi daha artıqdır. Ceyhun Bayramov vurğulayıb ki, ölkəmizdə gender bərabərliyinin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti danılmazdır. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, mədəniyyətimizin və folklorumuzun beynəlxalq miqyasda təbliğində Mehriban Əliyevanın gördüyü işlər hər zaman rəğbətlə qarşılanır. Sağlamlıq imkanları məhdud olan uşaqların təhsil almalarında Heydər Əliyev Fondu müstəsna işlər görüb. Fond, eyni zamanda, Pakistan, Uqanda və Keniya kimi ölkələrdə qızların təhsil almaları üçün dəstək göstərib. Nazir vurğulayıb ki, ölkə Prezidenti tərəfindən inklüziv təhsilin inkişafı üçün 2018-2024-cü illəri əhatə edən Dövlət Proqramı təsdiq edilib və hazırda həyata keçirilməkdədir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxışında qeyd edib ki, Azərbaycan qadını sivilizasiyalar arasında mədəni dialoqun qurulmasında, ayrı-ayrı xalqların ortaq mədəni dəyərlərinin aşkara çıxarılmasında, ölkələr arasında elmi-humanitar və mədəni əməkdaşlığın dərinləşməsində, xalqımızın haqq səsinin beynəlxalq tribunalardan səsləndirilməsində böyük işlər görüb. Azərbaycan qadınının qazana bildiyi nailiyyətlər təbii ki, ölkədə bərabərliyin təmin olunması ilə əlaqədar görülən işlərlə bilavasitə bağlıdır. 2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı”, 2006-cı ilin dekabrında isə Azərbaycan Respublikasının Milli Məclisi “Gender bərabərliyinin təminatları” haqqında Qanun qəbul edib. Bununla da ölkədə gender sahəsində geniş işlər aparmaq üçün zəruri normativ hüquqi baza yaradılıb. Bu gün Azərbaycan qadınlarının statistik vəziyyətinə nəzər yetirdikdə onların fəaliyyəti haqqında real mənzərə dərhal göz önündə canlanır. Ölkə əhalisinin ümumi sayının 50,1 faizini qadınlar təşkil edir. Sosial-iqtisadi həyatda fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2 faizdir. Eyni zamanda, dövlət qulluğunda çalışanların 28,5, sahibkarların isə 21,5 faizini qadınlar təşkil edir. Diqqətçəkən daha bir məqam da odur ki, son illər idmanla məşğul olan azərbaycanlı qadınların, çempionların sayı sürətlə artır. Hazırda bədən tərbiyəsi və idmanla məşğul olanların 41,7 faizini qadınlar təşkil edir. Qadınların həyatın müxtəlif sahələrində fəal iştirak etmələri, ilk növbədə, onların bilik səviyyəsinin yüksəldilməsi, ümumiyyətlə, bu sektorda qadın iştirakçıların ildən-ilə artması ilə əlaqədardır. Bu gün ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 79,8, orta ixtisas təhsil müəssisələrində çalışanların 77,9, ali təhsil müəssisələrində çalışanların isə 51,9 faizi qadınlardır. AHİK sədrinin sözlərinə görə, ümumi təhsil müəssisələrində şagirdlərin 46 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 65,3 faizi, ali təhsil müəssisələri tələbələrinin isə 48,2 faizi qızlardır, həmçinin səhiyyə işçilərinin 65,7 faizini, elmi işçilərin 56 faizini qadınlar təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 8-i, müxbir üzvlərindən isə 12-si qadındır. Müasir Azərbaycan dövlətində qadınların fəaliyyətinə geniş yer verilməsi, gender bərabərliyinin qorunması, eyni zamanda, qadınların sosial-iqtisadi, siyasi və mədəni sahələrin inkişafında iştirakçılıqdan birbaşa aparıcı mövqeyə keçməsi həm də lider qadınların yetişdirilməsi üçün əsaslı zəmin yaradılıb. Bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın timsalında tam aydın görmək mümkündür. Bu gün Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə ən yüksək vəzifələrdə uğurla təmsil olunurlar. Ölkənin ali qanunvericilik orqanı olan Milli Məclisin üzvlərinin 20 nəfəri xanım deputatdır. Diqqətə çatdırılıb ki, Azərbaycanın torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, bir milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır. İşğal nəticəsində 242 məktəbəqədər tərbiyə müəssisəsi, 616 ümumtəhsil məktəbi və 4 kollec dağıdılaraq məhv edilib, Azərbaycanın təhsil sisteminə 1,5 milyard dollardan çox ziyan dəyib. Qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalan bu insanların 20 min nəfərdən çoxunu müəllimlər, onların da əksəriyyətini qadınlar, 100 min nəfərdən çoxunu isə şagirdlər təşkil edir. Dünya birliyi bu ədalətsizliyə hələ də dözür. Problemin həll olunmamasının başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və vasitəçilərin bu məsələyə biganə münasibətidir. Bu bizi narahat edən əsas problemdir. Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edib. O bildirib ki, Azərbaycanda qadınların inkişafı gender bərabərliyi çərçivəsində sistemli şəkildə həyata keçirilib. Ölkəmizdə dövlət quruculuğu sahəsində qadınlar daim kişilərlə birlikdə siyasi qərarlar veriblər. Bu il xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin və qadınlara seçib-seçilmək hüququnun verilməsinin 100 illiyini qeyd edir. Azərbaycan müsəlman Şərqində bu sahədə ilk islahatlar həyata keçirən dövlətdir. Komitə sədri deyib ki, Azərbaycanda qadınların dövlət siyasətində fəal iştirakı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam və inkişaf etdirilir. İnkişaf tədbirləri bir çox sahələrdə olduğu kimi, ölkə təhsilində daha çox müşahidə olunur. İctimai, sosial həyatda gənclərin daha fəal olmaları üçün təhsildənkənar xüsusi layihələr həyata keçirilir. Bununla yanaşı, dövlət erkən nikahların və qızların təhsildən uzaqlaşmasının qarşısını almaq üçün xüsusi proqramlar reallaşdırır. Daha sonra Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin prezidenti Kristine Blover və Komitənin direktoru Susan Floken çıxış ediblər. Tədbir işini panel iclaslarla davam etdirib. AZƏRTAC
07/05/2018 16:30
Təhsil Nazirliyinin əməkdaşları arasında “Nə? Harada? Nə zaman?” oyunu keçirilib
Təhsil Nazirliyinin əməkdaşları arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə çempionat keçirilib. Çempionat nazirliyin əməkdaşları arasında komanda ruhunu gücləndirmək və onların asudə vaxtını birlikdə səmərəli təşkil etmək məqsədi daşıyır. 19 komandanın iştirak etdiyi yarış hər birində 10 sual olmaqla 3 turdan ibarət olub. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda birinci yeri Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin “VET” komandası, ikinci yeri Beynəlxalq əməkdaşlıq şöbəsinin “Böyük Altılıq” komandası, üçüncü yeri isə Təhsilin inkişafı proqramları şöbəsinin “Qartal” komandası qazanıb. Qalibləri təbrik edən təhsil naziri Ceyhun Bayramov kollektiv arasında belə intellektual yarışların təşkil olunmasının əhəmiyyətini qeyd edib, sağlam mübarizə ruhunda keçirilən çempionatın davamlı olmasını diqqətə çatdırıb. Qalib komandalar diplom və kubokla təltif edilib.
07/05/2018 13:18
Respublika şahmat festivalının açılış mərasimi keçirilib
“Şahmat” fənni tədris olunan ümumtəhsil müəssisələrinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş respublika şahmat festivalının final mərhələsinə start verilib. Bakı şəhəri 12 nömrəli tam orta məktəbdə keçirilən final yarışının açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə şahmat idman növünün inkişafına göstərilən dövlət qayğısından, Azərbaycan şahmatçılarının nailiyyətlərindən, bu idman növünün uşaqlar üçün əhəmiyyətindən danışıb, gənc şahmatçılara uğurlar arzulayıb. Açılış mərasimindən sonra yarışlara start verilib. Qeyd edək ki, şəxsi xarakter daşıyan yarış İsveçrə sistemi üzrə keçirilir, komandaların tərkibi 7-10 yaşlı 3 oğlan və 3 qız olmaqla 6 nəfərdən ibarətdir. Festivalın I mərhələsi “Şahmat” fənni tədris olunan pilot ümumi təhsil məktəbləri arasında keçirilib, rayon (şəhər) üzrə qalib şagirdlər finalda iştirak etmək hüququ qazanıb. Bu mərhələdə respublika üzrə “Şahmat” fənni tədris olunan 500-ə yaxın pilot məktəbdən 3 min nəfərdən çox şagird iştirak edib. Final yarışlarına mayın 9-da yekun vurulacaq və 400-ə yaxın şagird qatılacaq. 2, 3, və 4-cü siniflər üzrə şəxsi yarışlarda müvafiq yerləri tutan məktəblilər diplom, medal və qiymətli hədiyyələrlə təltif olunacaqlar.
07/05/2018 12:09
İnformatika üzrə XII ümumrespublika olimpiadasının final mərhələsinin nəticələri açıqlanıb
Mayın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadasının final mərhələsi keçirilib. Tədbirin təşkilatçıları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və İnformasiya Texnologiyaları İnstitutudur. 17 may – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş olimpiadanın əsas məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağın artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq yarışlara cəlb edilməsidir. AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev müasir dövrdə dünyada informatika və proqramlaşdırma sahələrinin inkişaf etdirilməsinə böyük önəm verildiyini, bu sahə üzrə yüksəkixtisaslı, elmi-praktiki təcrübəyə malik, innovativ təfəkkürlü kadrların hazırlanmasına tələbatın olduğunu bildirib. Akademik bildirib ki, bu il respublika üzrə 25 ali təhsil müəssisəsindən 62 komanda yarışda iştirak hüququ qazanıb. Paytaxt və regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrinin ən yaxşı nəticə göstərən 14 komandası olimpiadanın final mərhələsinə vəsiqə qazanıb. Alim, həmçinin qeyd edib ki, cari ildə bu yarışda müxtəlif komandaların tərkibində 25 xanım iştirakçı təmsil olunub. Ölkəmizdə bu sahədə yüksəkixtisaslı kadrların yetişdirilməsinə ehtiyac duyulduğunu deyən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bilik yarışlarının keçirilməsinin təqdirəlayiq hal olduğunu deyib. Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev Azərbaycanda bu ixtisas üzrə təhsilin inkişafına xüsusi önəm verildiyini deyib. O, bu ildən başlayaraq informasiya texnologiyaları üzrə bakalavr pilləsinə qəbulun 1,5 dəfə artırıldığını diqqətə çatdırıb. Y.Piriyev informasiya təhlükəsizliyi sahəsinin önəmini nəzərə alaraq ölkəmizdə bu istiqamətdə qəbulun 20 yerdən 140-a qaldırılmasını təqdirəlayiq hal kimi qiymətləndirib. Məruzəçi, həmçinin orta məktəb şagirdləri arasında informatika (proqramlaşdırma) üzrə hər il keçirilən ən nüfuzlu beynəlxalq yarışın – Beynəlxalq İnformatika Olimpiadasının (IOI) 2019-cu ildə Azərbaycanda keçiriləcəyini bildirib, yüksək biliyə malik şagirdlərin bu yarışda ölkəmizi təmsil edəcəyini vurğulayıb. Heydər Əliyev Fondunun nümayəndəsi, hüquq üzrə fəlsəfə doktoru Zafiq Xəlilov təmsil etdiyi qurumun elm və təhsil sahəsində, o cümlədən informasiya texnologiyaları sahəsində həyata keçirilən layihələrə daim dəstək verdiyini diqqətə çatdırıb. O, gənclərin informasiya texnologiyalarına maraq göstərməsinin sevindirici hal olduğunu bildirərək bu kimi olimpiadaların keçirilməsinin gənclərin özünü təkmilləşdirməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Olimpiadanın münsiflər heyətinin sədri, Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə informatika və proqramlaşdırma sahəsində istedadlı tələbələrin aşkara çıxarılmasında və ölkəmizin intellektual yarışlarda yüksək səviyyədə təmsil olunmasında olimpiadanın əhəmiyyətini vurğulayıb. Sonra Təşkilat Komitəsinin üzvləri müsabiqənin keçirildiyi auditoriyalarda final mərhələsində iştirak edən komandalarla tanış olublar. Sonda final mərhələsinin nəticələri açıqlanıb, qalib komandalar müəyyənləşib. Qaliblər Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş tədbirdə qiymətli hədiyyələr, fəxri fərman və diplomlarla mükafatlandırılacaqlar. AZƏRTAC
07/05/2018 11:18
Müddətsiz əmək müqaviləsi ilə işə qəbul üçün keçirilmiş müsahibələrin nəticələri açıqlanıb
Respublikanın ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə ilə keçirilmiş müsahibələrin nəticələri məlum olub. Müsahibələrin nəticələrinə əsasən, həvəsləndirmə tədbirləri tətbiq edilməyən ümumtəhsil məktəblərinə müddətsiz əmək müqaviləsi ilə işə qəbul edilmək istəyən 121 nəfər və həvəsləndirmə tədbirləri tətbiq edilən ümumtəhsil məktəblərində işləyən 356 nəfər olmaqla ümumilikdə 477 nəfərlə növbəti tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi bağlanılacaq. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda keçirilmiş müsahibələrdə hər bir namizəd müsahibə proqramına uyğun olaraq qiymətləndirilib. Müsahibədə iştirak etmək üçün http://www.miq.edu.az/muqavile/ saytında elektron qeydiyyatdan keçmiş ümumilikdə 2882 nəfər müəllimdən 692 nəfəri müsahibələrdə iştirak edib. Qeyd edək ki, mövcud qaydalara əsasən işə qəbul müsabiqəsi nəticəsində namizədin topladığı bal 2 təqvim ili müddətində qüvvədədir. Belə ki, sözügedən müsahibələrdə uğur qazana bilməyən, 2017-2018-cı tədris ili üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək, zəruri keçid balını toplamış namizədlər növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilər. Müsahibələrin nəticələri barədə ətraflı məlumat almaq istəyən namizədlərə şəxsi səhifələrinə baxmaları tövsiyə olunur.
07/05/2018 09:36
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı