Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

2017-2018-ci tədris ilinin nailiyyətləri

Məktəbəqədər və ümumi təhsil    Ümumtəhsil məktəblərinin təmayüllü siniflərinə 27 005 nəfər şagird qəbul edilib 2017-2018-ci dərs ilində ölkə üzrə 722 məktəbin təmayüllü 1206 onuncu sinfinə 27 005 nəfər  şagird cəlb olunub.   Məktəblilərin olimpiada uğurları 2017-2018-ci tədris ilində beynəlxalq olimpiadalarda qazanılmış medalların sayı 13 olub. Respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak edib, 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla 276, Naxçıvan MR daxil olmaqla isə 298 nəfər qalib elan edilib.   “Ən yaxşı təqdimat” müsabiqəsi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib. Müsabiqəsinin nəticələrinə əsasən, 8 nəfər I, 14 nəfər II, 18 nəfər III dərəcəli diplomla, 25 nəfər isə tərifnamə ilə təltif olunub.   “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilib Artıq üçüncü ildir ki, ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilir. Builki müsabiqənin nəticələrinə görə, 5 nəfər birinci, 10 nəfər ikinci, 15 nəfər üçüncü dərəcəli diploma, 20 nəfər tərifnamayə layiq görülüb.   140 000-dən çox müəllim diaqnostik qiymətləndirmədən keçib 2018-ci ildə 16 000-dən, 2017-ci ildə 49 000-dən çox müəllim diaqnostik qiymətləndirmədən keçib. 2014-2018-ci illər ərzində respublika üzrə ümumilikdə 140 000-dən çox pedaqoji işçi diaqnostik qiymətləndirmədən keçib və qiymətləndirməyə cəlb edilmiş müəllimlərin dərs yükü norması 1,5 dəfə yüksəldilməklə əməkhaqları 2 dəfə artırılıb.    2018-ci ilin aprel ayında müddətli əmək müqaviləsi ilə işləyən 477 nəfər ilə müddətsiz əmək müqaviləsi bağlanılıb 2016-2017-ci və 2017-2018-ci tədris illəri üzrə müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan və ümumi təhsil müəssisəsinə müddətli əmək müqaviləsi əsasında işə qəbul edilən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması üçün keçirilən müsahibələrin nəticəsinə əsasən, 477 nəfər müəllim ilə müddətsiz əmək müqaviləsi bağlanılıb.   Müəllimlərin yerdəyişməsində yenilik Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi artıq eyni rayon (şəhər) daxilində və ya bir rayondan (şəhərdən) digərinə olmaqla iki mərhələdə yox, bir mərhələdə proqram təminatı tətbiq edilməklə həyata keçirilir. Namizədlər işə qəbul üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə 2 və ya daha çox sayda iştirak edibsə, ona müsabiqəyə qatılmaq istədiyi balı seçmək imkanı verilir. Həmçinin güzəştli kateqoriyalara əvvəlcədən müəyyən edilən bal artımı tətbiq olunub.   Yüksək bal toplayanların hədəfi müəllimlikdir 2014-cü ildə 500 bal və daha artıq toplayan 674 nəfər müəllimlik ixtisasını seçibsə, 2017-ci ildə bu rəqəm 1370 olub.   Beynəlxalq PIRLS qiymətləndirilməsində nəticələr yüksəlib. 2017-ci ildə elan olunan beynəlxalq PIRLS qiymətləndirməsinin nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 10 bal artaraq 462 baldan 472 bala yüksəlib. “PIRLS 2011” tədqiqatının nəticələri ilə müqayisədə son 5 ildə “mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı 2 dəfə artıb. “Aşağı” səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin faizi isə 10 faiz azalaraq 37-dən 27-ə enib.   Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının pilot mərhələsinə başlanılıb Təhsil İnstitutu tərəfindən TİMSS 2019 (Trends in International Mathematics and Science Study) - Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının   pilot mərhələsinin keçirilməsinə başlanılıb. Tədqiqatın pilot mərhələsində 7-si paytaxt, 18-i region məktəbləri olmaqla,  ümumilikdə 25 məktəb üzrə 32 sinfin IV sinif şagirdlərinin iştirakı nəzərdə tutulub.   Ümumtəhsil məktəblərinin birinci siniflərinə qəbul elektron qaydada aparılır 2018-2019-cu dərs ili üçün Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin  I siniflərə şagird qəbulu elektron sistem vasitəsi ilə həyata keçirilir. İyunun 11-nə olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsi ilə I sinfə qəbul üçün ümumilikdə 58 minə yaxın sorğu yerləşdirilib. Belə ki, paytaxt məktəblərinin I sinfinə qəbul üçün bu günədək 42 325 sorğu yerləşdirilib. Abşeron rayonu üzrə 5776, Gəncə şəhəri üzrə 3802, Sumqayıt şəhəri üzrə 5353 nəfərin sorğusu qeydə alınıb. Həmin bölgələr üzrə I sinfə gedəcək şagirdlərin sayının 17 873 nəfər olacağı proqnozlaşdırılır.   “Rəqəmsal bacarıqlar” layihəsinə başlanılıb  Təhsil Nazirliyində informatika fənninin yeni formatda tədrisi üzrə “Rəqəmsal bacarıqlar” pilot layihəsinə başlanılıb. Layihə Bakı şəhərində 45 məktəb üzrə 240 sinifdə  6500-ə yaxın V sinif şagirdini əhatə edir. İnformatika fənninin yeni formatda tədrisi 150-dən çox müəllim tərəfindən aparılır.   Məktəbdənkənar təhsil müəssisələrində 3616 nəfər heyətin qiymətləndirilməsi keçirilib Regionlardakı məktəbdənkənar təhsil müəssisələrinin 3616 nəfər dərnək rəhbəri və məşqçi-müəlliminin bilik və bacarıqlarının qiymətləndirilməsi keçirilib.   Peşə təhsili   İlk peşə-ixtisas təhsili müəssisələrinin normativ-hüquqi bazası təkmilləşdirilib İlk dəfə olaraq “Peşə təhsili haqqında” qanun layihəsi hazırlanıb və Milli Məclisin plenar iclasında qanun qəbul olunub. “Peşə təhsili müəssisələrində yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili Qaydaları”nın, “Dövlət və bələdiyyə tərəfindən yaradılan ilk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin layihəsi hazırlanıb.   Peşə təhsili müəssisələri üzrə mühəndis-pedoqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib Ötən dövr ərzində peşə təhsili müəssisələri üzrə 1350 mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçirilib.   "ASAN Peşə" təhsil mərkəzi yaradılıb 2018-ci il fevralın 27-də Mingəçevirdə Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan "ASAN Peşə" təhsil mərkəzi yaradılıb.   Fənn muəllimləri, mühəndis–pedaqoji heyət ölkədə və xaricdə təlimlərə cəlb edilib 800-dən artıq ümumtəhsil fənn, 200-dən artıq ixtisas fənn müəllimləri və ustalar ölkəmizdə və ölkədən kənarda keçirilən seminarlarda, o cümlədən pedaqogika, didaktika, kurikulumun hazırlanması və tədrisi üzrə təlimlərdə iştirak ediblər.   Peşə təhsili sahəsində beynəlxalq əməkdaşlıq genişlənib “Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin və regionlarda (Gəncə, Bərdə, Qax, İsmayıllı, Qəbələ və Cəlilabad) peşə təhsili müəssisələrinin fəaliyyətinə dəstək məqsədilə Avropa İttifaqının 4 qrant layihəsinin icrasına başlanılıb.   Koreya təhsil standartları əsasında Peşə Təhsil Mərkəzi fəaliyyətə başlayacaq 2018-ci il yanvarın 26-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılacaq Peşə Təhsil Mərkəzinin təməlqoyma mərasimi olub.   Peşə təhsili müəssisələrinin maddi-texniki bazası gücləndirilir Bakı və Gəncə şəhərlərində yerləşən peşə təhsili müəssisələrində quraşdırılması üçün Çin Xalq Respublikasından 70 adda 168 ədəd müxtəlif təyinatlı simulyatorlar, təlim və tədris vəsaitləri ölkəmizə gətirilib.   Avropa İttifaqı peşə təhsilində baş verən dəyişikliklərdən razıdır Avropa İttifaqı 2018-ci il üçün Azərbaycan üzrə biznes mühiti hesabatını dərc edib. Hesabatda Avropa İttifaqına üzv olan 20 ölkədən təqribən 385 şirkətin Azərbaycanda biznes fəaliyyəti ilə bağlı fikirləri yer alıb.  Ötən illə müqayisədə bu il sorğuda iştirak edən şirkətlərin sayı 31 faiz artıb. Avropa İttifaqının Azərbaycan üzrə sorğu hesabatında 5 ən vacib islahat tədbiri kimi peşə təhsili sisteminin şirkətlərin tələblərinə uyğunlaşdırılması qeyd edilib. Azərbaycanda fəaliyyət göstərən Avropa şirkətlərinin 24 faizi peşə təhsili və təliminin qənaətbəxş olduğunu bildiriblər. Bu rəqəm 2017-ci illə müqayisədə 4 dəfə çoxdur. Eləcə də peşə təhsili ilə bağlı İKT sektorundan sorğuya cəlb edilən 7 iştirakçıdan 6-sı bu sahəni qənaətbəxş kimi qiymətləndirib.   Ali təhsil və elm   Transfer.edu.az portalı ilə köçürülmələr davam etdirilib Transfer.edu.az portalı vasitəsi ilə 2018-ci ildə bakalavriat və magistratura üzrə 1067 nəfərin sorğusu təsdiq olunub. Bakalavriat üzrə yerli ali təhsil müəssisələrindən 650, xaricdəki universitetlərdən 26, magistratura üzrə 15, orta-ixtisas təhsili üzrə 186 nəfərin sorğusuna müsbət cavab verilib.   225 nəfər Azərbaycan Respublikası vətəndaşı hökümətlərarası müqavilələr çərçivəsində xaricdə təhsil almaq hüququ qazanıb 2017-2018-ci tədris ilində hökumətlərarası müqavilələr çərçivəsində 22 nəfər Çin Xalq Respublikasında, 198 nəfər Macarıstanda, 5 nəfər isə Rumıniyada dövlət xətti ilə təhsil almaq hüququ qazanıb. 2018-ci ilin əvvəllərində hökumətlərarası müqavilələr çərçivəsində 2018-2019-cu tədris ili üçün Macarıstanda, Rumıniyada, Latviyada və Çində təhsil məqsədi ilə Təhsil Nazirliyi tərəfindən seçimlər aparılıb, 250-ə yaxın Azərbaycan Respublikası vətəndaşının namizədliyi təsdiq olunmaq üçün müvafiq ölkələrin aidiyyəti qurumlarına təqdim edilib.   Ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəllərində Azərbaycan universitetləri təmsil olunub Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS) agentliyinin İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə reytinq cədvəlində Azərbaycanın 6 ali təhsil müəssisəsi 300 ən yaxşı ali məktəb sırasında qərarlaşıb: (Bakı Dövlət Universiteti (95), Xəzər Universiteti (100), Azərbaycan Dövlət İqtisad Universiteti (161-170), Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (171-180), Azərbaycan Dillər Universiteti (171-180), Bakı Slavyan Universiteti (201-250).   Nəşr aktivliyinin son 3 ildəki artım dinamikasına görə Azərbaycan regionda birinci yerə çıxıb "Clarivate Analytics” ("Thomson Reuters") şirkəti ilə 2015-ci ildən başlanan əməkdaşlıq öz müsbət nəticələrini verməkdədir. Qlobal elmi bazadan istifadə aktivliyinin dinamikasında 2017-ci ildə əvvəlki illə müqayisədə 75 faiz artım müşahidə olunub. İmpakt faktorlu jurnallarda çap olunmuş məqalələrin sayında son 4 ildə 68 faiz artım qeydə alınıb. Nəşr aktivliyinin son 3 ildəki artım dinamikasına görə Azərbaycan regionda birinci yerə çıxıb. 2017-ci ildə publikasiya sayı üzrə ən yüksək göstərici (1118 elmi tədqiqat işi) qeydə alınıb, ilkin təhlillərə əsasən ölkə üzrə ümumi publikasiyaların təxminən 43 faizi məhz ali  təhsil müəssisələrinin payına düşüb.   Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı təmsil edən şagirdlər xüsusi mükafatlara layiq görülüb Cari ilin mayında ABŞ-da təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisində “Sabahın alimləri” musabiqəsinin qalibləri olan şagirdlərimiz tərəfindən hazırlanan 2 ixtiraçılıq işi 1000 və 5000 ABŞ dolları məbləğində xüsusi mükafatlara layiq görülüb. Dünyanın ən böyük şagird ixtiraçılıq sərgisində hər il 75 ölkədən 1800-dən çox məktəbli iştirak edir və qalib işlərin 30 faizi patent alır.    “SABAH” qruplarını 850-yə yaxın məzun bitirir 2017-2018-ci dərs ilində 12 ali təhsil müəssisəsində 32 ixtisas üzrə 851 tələbə müsabiqədən keçərək SABAH qruplarına qəbul olub. SABAH qrupları artıq ikinci ildir ki, öz məzunlarını yola salır. 2016-2017-ci tədris ili üzrə bu qrupların ilk məzunlarının sayı 722 nəfər olub. Cari tədris ilində isə 850-yə yaxın SABAH məzunu təhsilini başa vurur.   "Bir" Tələbə-Könüllü Proqramı Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə Azərbaycan Tələbə-Könüllülərinin 3-cü Forumu keçirilib.   “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik Təhsil Nazirliyi tərəfindən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklərin edilməsi barədə təkliflər layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub. Təkliflərdə qanunun 24 maddəsinə dəyişiklik edilməsi, 2 yeni maddənin isə əlavə olunması göstərilib. Layihədə pedaqoji fəaliyyətin tənzimlənməsi, təhsilverənlərin əmək münasibətləri və sair məsələlər yer alıb. İyunun 12-də Milli Məclisin iclasında "Təhsil haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Layihələr ayrılıqda səsə qoyularaq qəbul olunub.  

5-ci sinif şagirdləri üçün müsabiqə

Təhsil Nazirliyinin “Rəqəmsal bacarıqlar” pilot layihəsi çərçivəsində skreç mühitində yaradılmış layihələr - yaradıcılıq müsabiqəsi keçirilib. Müsabiqə 5-ci sinif şagirdlərinin skreç proqramlaşdırma mühitində yaradıcı özünüreallaşdırmasını təşviq etmək, iştirakçıların bilik səviyyəsini qiymətləndirmək, uşaqlar arasında populyarlıq qazanmış mövzu və qəhrəmanları müəyyənləşdirmək məqsədi ilə təşkil edilib. Müsabiqə çərçivəsində 5-ci sinif şagirdləri tərəfindən yaradılmış layihələrin qiymətləndirmə meyarları ekspert komissiyası tərəfindən müəyyənləşdirilib. Müsabiqədə Bakı şəhəri üzrə layihənin həyata keçirildiyi 45 məktəbin 5-ci sinif şagirdləri iştirak edib. 250-dən çox şagird 300-dən çox layihə təqdim edib. Müəyyən olunmuş 4 nominasiyada 14 layihə seçilərək mükafatlandırılıb. Qaliblər və onların məşqçiləri qismində iştirak edən müəllimlər müxtəlif mükafatlar və fəxri fərmanlar, bütün şagirdlər isə “İştirakçı sertifikatı” ilə təltif edilib.   Laureat-layihələr “Rəqəmsal bacarıqlar” pilot layihəsinin onlayn platformasında sərbəst nümayiş üçün yerləşdirilib. Qeyd edək ki, müsabiqəyə alqoritmika platformasında skreç mühitində icra edilmiş orijinal və tamamlanmış layihələr qəbul edilib. Müsabiqənin hər mərhələsi bir həftə davam etməklə, 2 mərhələdə keçirilib. Birinci mərhələ üçün şagirdlər 4 nominasiyada  - cizgi filmi və ya interaktiv kitab, oyun, faydalı proqram təminatı və tədris resursu üzrə layihələr hazırlayıblar. İkinci mərhələdə müsabiqədə iştirak hüququ qazanmış layihələr “Alqoritmika Azərbaycan” MMC-nin metodistlərindən və proqramçılarından ibarət ekspert komissiyası tərəfindən qiymətləndirilib. İştirakçılar müsabiqə üçün nəzərdə tutulmuş tapşırığı fərdi və ya komanda şəklində hazırlayıblar.

“SABAH” incəsənət festivalından fotoanlar

İyunun 10-11-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “SABAH” incəsənət festivalı” keçirilib.

“SABAH” incəsənət festivalı keçirilib

İyunun 11-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “SABAH” incəsənət festivalının bağlanış mərasimi keçirilib. Festivalın keçirilməsində məqsəd SABAH qrupları layihəsinin incəsənətlə bağlı müvafiq ali təhsil müəssisələrində təhsil alan tələbələrinin nailiyyətlərini nümayiş etdirmək,  tələbələrin təhsilə və yaradıcılığa həvəsini artırmaq və milli mədəniyyətimizi təbliğ etməkdir. Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, ölkəmizin tanınmış mədəniyyət və incəsənət xadimləri, ali təhsil müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər. Əvvəlcə qonaqlar Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının  SABAH qruplarının tələbələrinin müxtəlif layihələri, əl işləri ilə tanış olublar. Daha sonra tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin hazırladığı tamaşa nümayiş olunub. Sonra Bakı Musiqi Akademiyasının SABAH tələbələrinin ifasında musiqi proqramı təqdim edilib. Tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov müasir dünyada təhsilin mühüm rolundan, ölkəmizdə bu sahənin inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən danışıb. Nazir SABAH qrupları tələbələrinin festivalın keçirildiyi iki gün ərzində təqdim etdiyi nümunələrin təqdirəlayiq olduğunu bildirib və bu cür tədbirlərin miqyasının genişləndirilməsinin vacibliyini vurğulayıb. Qeyd edilib ki, 2014-2015-ci tədris ilindən etibarən fəaliyyət göstərən SABAH qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədi ilə yaradılıb. Tədbirin sonunda festivalın təşkilinə göstərdikləri xüsusi dəstəyə görə müvafiq ali təhsil müəssisələrinin rəhbərlərinə təşəkkürnamələr təqdim olunub, bu müəssisələrin bir qrup əməkdaşı diplomlarla təltif edilib. Festival Təhsil Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə əməkdaşlığı ilə təşkili olunub. SABAH qruplarının incəsənətlə əlaqədar 4 ali təhsil müəssisəsinin-Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Bakı Musiqi Akademiyasının iştirakı ilə təşkil edilən festivala iyunun 10-dan start verilib. Həmin gün ADMİU-nun "Səda" Tədris Teatrında SABAH qrupları müəllimləri və tələbələrinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə hazırladığı “Hərə bir qəhrəman” tamaşası təqdim edilib. İçəri Şəhərdə  Qoşa Qala qapısı meydanında isə SABAH qrupları layihəsinin incəsənətlə bağlı müvafiq ali təhsil müəssisələrində təhsil alan tələbələrin nailiyyətləri nümayiş olunub. Həmçinin canlı tamaşalar göstərilib, klassik musiqi əsərləri ifa olunub, rəssamlıq, keramika, xalçaçılıq, qobelen və dizaynla əlaqədar SABAH tələbələrinin nailiyyətləri təqdim edilib. Festival çərçivəsində incəsənətin müvafiq sahələri üzrə  ustad dərsləri də keçirilib.        

Şagirdlərimiz beynəlxalq yarışda

Bakı Avropa Liseyinin şagirdləri Estoniyada keçirilən Açıq Beynəlxalq turnirdə  iştirak ediblər. “FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışının çempionu olan Bakı Avropa Liseyini təmsil edən “Robo Sapiens” komandasınınü üzvləri Murad Quliyev, Əkbər  Ocaqverdiyev, Emil Hacıyev və Ərtoğrul Həsənli bu mötəbər yarışda ölkəmizi təmsil edib. Yarışın məqsədi məktəb şagirdlərinin elm və texnologiyalara olan marağını artırmaq, hazırkı qlobal problemlərin elmi-texniki həllinə öz töhfələrini verməyə həvəsləndirməkdir. Qeyd edək ki, mayın 12-də “ADA” Universitetində məktəblilər arasında “FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışı keçirilib. Yarışda hər birində dörd məktəbli olmaqla 12 komanda dörd kateqoriya - əsas dəyərlər, layihə təqdimatı, robot dizaynı və robot yarışı üzrə gücünü sınayıb. Şagirdlər ərsəyə gətirdikləri layihələri  3 turda onlara ayrılmış 2.5 dəqiqə ərzində  münsiflər heyəti qarşısında nümayiş etdiriblər. Məktəblilər əyləncəli bir mühitdə  elmi və texnoloji xarakterli problemləri  qaldırıb və onların həlli  yollarını araşdırmağa cəhd ediblər. Qaliblərə  medal və sertifikatlar,  müxtəlif kateqoriyalar üzrə qalib komandalara  isə kuboklar təqdim olunub. Danimarkanın “LEGO” qrupu və ABŞ-ın “FIRST” (For Inspiration and Recognition of Science and Technology) təşkilatının ortaq layihəsi olan FLL yarışı 1999-cu ildən bəri hər il təşkil edilir. FLL yarışına dünyanın 80-dən artıq ölkəsindən 250 mindən çox məktəbli cəlb edilir. Yarışın keçirilməsinin məqsədi şagirdlərin elm və texnologiyalara marağını artırmaq, onları hazırkı qlobal problemlərin elmi-texniki həllinə töhfə verməyə həvəsləndirməkdir. Ölkəmizin bir sıra dövlət və özəl ümumtəhsil məktəb şagirdlərinin iştirak etdiyi yarış Təhsil Nazirliyi, “ADA” Universiteti, “Mars Academy” MMC və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı və “PAŞA Bank”,“Enginet” şirkəti, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin dəstəyi ilə keçirilib.

Peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Cari ilin iyununda ölkədə fəaliyyət göstərən peşə təhsili müəssisələri üzrə mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulur. Diaqnostik qiymətləndirməyə regionlarda fəaliyyət göstərən 30-a yaxın peşə təhsili müəssisəsinin ixtisas fənn müəllimləri və istehsalat təlimi ustaları ilə yanaşı, müxtəlif səbəblərə görə əvvəlki qiymətləndirmələrdə iştirak edə bilməyənlər də cəlb olunacaq. Diaqnostik qiymətləndirmənin keçirilməsində məqsəd “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən peşə təhsili müəssisələri üzrə kadr hazırlığı prosesinin müasirləşdirilməsi üçün mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının yoxlanılması, nəticələrdən asılı olaraq onların ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsilə əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır. Qeyd edək ki, dövlət başçısının 17 yanvar 2018-ci il tarixli  “Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əməkhaqlarının, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə əməkhaqlarının artırılması haqqında” sərəncamına uyğun olaraq, diaqnostik qiymətləndirilmədən keçən mühəndis-pedoqoji heyətin dərs yükünün və əməkhaqlarının artırılması nəzərdə tutulur.  2017-2018-ci tədris ili ərzində peşə təhsili müəssisələri üzrə mərhələlərlə keçirilən diaqnostik qiymətləndirilmə prosesində təhsil və təlim fəaliyyəti ilə məşğul olan 1350 işçinin iştirakı təmin edilib və rasionallaşdırılmış peşə təhsili  müəssisələri üzrə diaqnostik qiymətləndirmə tam başa çatıb.

Pedaqoji mühazirələr keçirilib

İyunun 9-da 132-134 nömrəli təhsil kompleksində  “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində pedaqoji mühazirələr keçirilib. Mühazirələrdə təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil Nazirliyinin nümayəndələri, məktəb rəhbərləri, tanınmış təhsil işçiləri iştirak edib. Təhsil nazirinin müavini Firudin Qurbanov pedaqoji mühazirələri dinləyib, bu mühazirələrdə çıxış edən müəllimlərə öz tövsiyələrini verib. Nazir müavini pedaqoji mühazirələrin müəllimlərin bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacağını bildirib, müəllimlərin iş təcrübələrinin digər həmkarları arasında yayılmasının faydalı olacağını vurğulayıb. Pedaqoji mühazirələrin keçirilməsində əsas məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir. Pedaqoji mühazirələr 2 mərhələdə-rayon (şəhər) və ölkə mərhələləri üzrə təşkil olunmuşdur. Rayon (şəhər) mərhələsinin qaliblərinin mühazirələri respublika mərhələsinə təqdim olunub. Respublika mərhələsində proqrama 14 bölmə üzrə 114 pedaqoji mühazirə daxil edilib. Pedaqoji mühazirələr hər bir bölmə üzrə bölmə rəhbərləri və üzvlər tərəfindən dinlənilib və 10 ballıq sistemlə  qiymətləndirilib. Pedaqoji mühazirələrin yazılmasında ümumi təhsil sistemində çalışan işçilər-müəllimlər, məktəb rəhbərləri, metodistlər, məsləhətçilər, psixoloqlar iştirak ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilib

İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş illik ümumi yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın institut və təşkilatlarının direktorları, ali məktəblərin rəhbərləri, KİV təmsilçiləri iştirak ediblər. Akademiyanın prezidenti Akif Əlizadə ümumi yığıncağı giriş sözü ilə açaraq gündəlikdə AMEA Rəyasət Heyətinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatın müzakirəsi, “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın, akademiyanın Azərbaycanın görkəmli alim və mütəfəkkirlərinin adına təsis etdiyi adlı mükafatlarının təqdimatı, AMEA-nın prezidentinin və Rəyasət Heyətinin yeni tərkibinin seçilməsinin nəzərdə tutulduğunu bildirib. Yığıncağın gündəliyi təsdiq olunduqdan sonra Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan dünyasını dəyişmiş görkəmli alimlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib. Akademik Akif Əlizadə AMEA-nın 2017-ci il və son beş ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında geniş məlumat verib. Ötən ilin mühüm elmi nailiyyətlərlə və uğurlarla yadda qaldığını söyləyən akademik son beş ildə tətbiqi tədqiqatların səmərəliliyinin mühüm dərəcədə artdığını bildirib. Akademiyada elm və təhsilin vahid sosial institut kimi formalaşmasının əsas vəzifələrdən biri olaraq qarşıya qoyulduğunu deyən Akif Əlizadə qeyd edib ki, yüksəkixtisaslı kadr hazırlığı sahəsində elm və təhsilin səmərəli şəkildə inteqrasiyasına nail olmaq, elmi kadrlara artan tələbatı ödəmək məqsədilə ölkə rəhbərliyinin dəstəyi sayəsində AMEA-da magistratura pilləsi yaradılıb və bir sıra prioritet ixtisaslar üzrə qəbul həyata keçirilir. Akademik son beş ildə tətbiqi tədqiqatların səmərəliliyinin mühüm dərəcədə artdığını bildirərək AMEA-nın uğurlarının "Web of Scince", "Scopus", "Google" kimi elmi bazalar üzrə statistik göstəricilərin dayanıqlı yüksəlmə meyilləri ilə bağlı olduğuniu diqqətə çatdırıb. AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev tədbir iştirakçılarının hesabatla bağlı suallarını cavablandırıb. Daha sonra çıxış edən təhsil naziri Ceyhun Bayramov bildirib ki, Prezident  İlham Əliyev tərəfindən uğurla həyata keçirilən iqtisadi strategiyanın əsas prioritetlərindən biri bilik iqtisadiyyatının formalaşdırılması, təhsil, elm və innovasiya arasında effektiv qarşılıqlı əlaqənin yaradılmasıdır. Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında ali təhsil müəssisələrində “təhsil-tədqiqat-innovasiya” formatında inkişafın təşviqi əsas hədəflərdən biri kimi nəzərdə tutulub ki, bu da elmi fəaliyyətin nəticələrinin kommersiyalaşdırılmasına diqqətin artırılmasını zəruri edib. Nazir qeyd edib ki, elmi fəaliyyətin stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər, eyni zamanda dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan “Clarivate Analytics” ("Thomson Reuters") şirkəti ilə 2015-ci ildən başlanan uğurlu əməkdaşlıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, qlobal elmi bazadan istifadə aktivliyinin dinamikasında 2017-ci ildə, əvvəlki illə müqayisədə 75 faiz artım müşahidə olunub, impakt faktorlu jurnallarda çap olunmuş məqalələrin sayında son 4 ildə 68 faiz artım qeydə alınıb. Nəşr aktivliyinin son 3 ildə artım dinamikasına görə Azərbaycan regionda birinci yerə çıxıb. 2017-ci ildə nəşrlərin sayı üzrə ən yüksək göstərici qeydə alınıb, ilkin təhlillərə əsasən 1118 elmi tədqiqat işinin, təxminən, 43 faizi ali təhsil müəssisələrinin payına düşüb. Ceyhun Bayramov Təhsil Nazirliyinə tabe olan ali təhsil müəssisələrində çalışan alimlər tərəfindən hər il 200-dən çox monoqrafiya, 800-dən artıq dərslik və dərs vəsaiti, 10 mindən çox elmi məqalə və məruzə nəşr olunduğunu diqqətə çatdırıb. Nazir bildirib ki, AMEA-da magistraturanın yaradılması elm və təhsilin inteqrasiyası, eləcə də AMEA və Təhsil Nazirliyi arasında əməkdaşlıq üçün geniş platforma yaradıb. Sonra “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”, AMEA-nın Azərbaycanın görkəmli alim və mütəfəkkirlərinin adına təsis etdiyi adlı mükafatlar sahiblərinə təqdim olunub. Fasilədən sonra yığıncaq işini davam etdirib. Ümumi yığıncaqda AMEA-nın prezidenti vəzifəsinə və AMEA Rəyasət Heyəti üzvlüyünə seçkilər keçirilib. Akademik Akif Əlizadə yenidən AMEA-nın prezidenti seçilib. Akademik Nərgiz Paşayeva, akademik İradə Hüseynova AMEA-nın yeni vitse-prezidentləri seçiliblər. Seçkinin nəticələrinə görə akademiklər İsa Həbibbəyli, İbrahim Quliyev, Tofiq Nağıyev və Dilqəm Tağıyev yenidən AMEA-nın vitse-prezidentləri seçiliblər. AMEA-nın müxbir üzvü Bilal Bilalov isə vitse-prezident vəzifəsini icra edən seçilib. Bundan başqa, səsvermə nəticəsində akademiklər Əhliman Əmiraslanov Biologiya və Tibb Elmləri Bölməsinin, Nazim Məmmədov Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin, Fəxrəddin Qədirov Yer Elmləri Bölməsinin, Dilqəm Tağıyev Kimya Elmləri Bölməsinin, Nərgiz Axundova İctimai Elmlər Bölməsinin, Teymur Kərimli Humanitar Elmlər Bölməsinin akademik-katibləri seçiliblər.

Təhsil sistemi üçün əhəmiyyətli il

Dövlət Strategiyasının həyata keçirildiyi dövr müsbət dinamika ilə müşayiət olunub   Qloballaşan dünyanın sürətlə dəyişən tələbləri təhsil sahəsində də çevik  keyfiyyət dəyişikliklərinin qəbulunu şərtləndirir. Daim dəyişən təhsil cəmiyyət həyatının bütün sahələrinə öz təsirini göstərməkdədir. Bu baxımdan yeniliklərə sürətlə adaptasiya olunmaq üçün təhsil strategiyalarının monitorinqi və müsbət meyillərin nəzərə alınması qaçılmazdır.   İyunun 7-də   “ADA” Universitetində  Avropa  İttifaqının Azərbaycan Nümayəndəliyinin  dəstəyi ilə işə başlayan “Təhsilin strateji planlaşdırılması: düşüncələr və perspektivlər”  adlı  III  beynəlxalq elm və təhsil konfransı da bu məqsədlərə çatmaq üçün mühüm əhəmiyyət kəsb edirdi. Tədbiri açan “ADA” Universitetinin  prorektoru Vəfa Kazdal qeyd edib ki, ikigünlük konfransın əsas məqsədi 2013-cü ilin oktyabrında Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsindən keçən son  beş il ərzində əldə edilmiş nəticələrin beynəlxalq təcrübə ilə müqayisədə təhlili və müzakirəsini aparmaqdır. V.Kazdal elmi konfransa 50-dən çox tədqiqat işinin təqdim olunduğunu, onlardan 15 -nin Elmi Şura  tərəfindən  bəyənildiyini, konfrans gedişində  iştirakçılara təqdim olunacağını bildirib.   Təhsil ictimaiyyəti üçün mühüm tədbir   Konfransda çıxış edən təhsil naziri Ceyhun Bayramov “ADA” Universitetində artıq ənənə halını almış təhsil konfransının təhsil ictimaiyyəti üçün mühüm tədbirə çevrildiyini bildirərək, bu təhsil ocağının ölkəmizin ən qabaqcıl təhsil müəssisələrindən biri olduğunu, burada təhsil sahəsi ilə bağlı xüsusi fakültənin, akademik proqramların mövcudluğunu, tədqiqatların və müxtəlif layihələrin həyata keçirilməsinin təhsil işçiləri üçün önəmli hadisə olduğunu diqqətə çatdırıb.  Nazir qeyd edib ki, təhsil sahəsində strateji hədəfləri müəyyən edən və Təhsil Nazirliyi üçün fəaliyyət planı xarakteri daşıyan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan təxminən 5 il vaxt keçir. Bu müddət ərzində bir sıra hədəflərə çatmaq istiqamətində mühüm addımlar atılıb, vacib nailiyyətlər əldə edilib.  Təhsilin məzmunu, müəllim, idarəetmə, infrastruktur və maliyyələşmə sahəsində bir çox təşəbbüs reallaşdırılıb, pilot layihələr həyata keçirilib.  Təhsil siyasətinin vacib göstəriciləri olan əhatəlilik, keyfiyyət, bərabər imkanlar və səmərəlilik baxımından əldə olan rəqəmlərə əsaslansaq, bütün sadalanan məsələlər üzrə müsbət dinamika əldə edilib.   Yeni dərs ilində kurikulumlar XI sinifdə tətbiq ediləcək   Nazir Dövlət Strategiyasının qəbulundan ötən müddət ərzində təhsilin məzmununda baş vermiş dəyişiklikləri diqqətə çatdırıb. Onun sözlərinə görə, məzmun istiqamətində ən mühüm nailiyyət ondan ibarətdir ki, 2008-ci ildən başlayaraq ümumi təhsil müəssisələrində yeni kurikulumların tətbiqi prosesi başa çatmaqdadır. Artıq növbəti tədris ilində yeni kurikulumlar XI sinifdə tətbiq ediləcək. Bu uzun və çətin proses çərçivəsində hər bir fənn üzrə yeni məzmun standartları hazırlanıb, 150 mindən  artıq müəllim təlimlərə cəlb olunub, yeni məktəbdaxili qiymətləndirmə mexanizmi yaradılıb və tətbiq edilib. Eyni zamanda, yüzlərlə nüsxədə yeni dərslik və müəllimlər üçün vəsait, yeni məktəbdaxili qiymətləndirmə sistemi hazırlanıb: “2016-cı ildə keçirilmiş PIRLS tədqiqatının nəticələri göstərib ki, yeni kurikulumlarla təhsil almış şagirdlər ənənəvi proqramlarla təhsil almış şagirdlərdən zəif nəticə göstərməyib. Azərbaycanın nəticələri 2011-ci ildə aparılan tədqiqatlarla müqayisədə 462 baldan 472 bala yüksəlib. Yüksək və mükəmməl nəticə göstərmiş şagirdlərin sayı 2 dəfə artıb”.   Təhsilin keyfiyyəti  və bərabər imkanlar   Təhsil naziri çıxışında ölkəmizin 2019-cu ildə TIMSS beynəlxalq qiymətləndirməsində də iştirak edəcəyini bildirib. Bu isə şagird nailiyyətlərinə təsir edən amillərin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb edəcək. Bundan əlavə, tədris planlarının strukturu, dərs yükünün həcminin, digər amillərin  şagird nailiyyətlərinə və sağlamlığına təsiri, ayrı-ayrı fənlərin məzmun və qiymətləndirmə çərçivələri istiqamətində tədqiqatlar da Təhsil Nazirliyinin maraq dairəsindədir: “Təhsilin keyfiyyətinə və insanların uzun müddətdə rifahına təsir edən ən vacib amillərdən biri erkən yaş inkişafı ilə bağlıdır. Bu istiqamətdə bir sıra vacib əməli addımlar atılır, təkmilləşmələr aparılır. Son 3 ildə Azərbaycanda məktəbəhazırlıq ilə əhatəlilik səviyyəsi 24%-dən 65%-ə qədər qalxıb, heç vaxt məktəbəhazırlıq təşkil edilməyən yüzlərlə yaşayış məntəqəsi əhatə edilib. Bu sahədə bizim planlarımız var. Ölkə ərazisində məktəbəhazırlığın əhatə dairəsinin 90 faizə çatdırılmasını nəzərdə tutmuşuq”. C.Bayramov əlavə edib ki, bu vacib dəyişiklik nəticəsində həm təhsilin keyfiyyəti, həm də bərabər imkanlar baxımından müsbət nəticələr əldə ediləcək.      Müəllim işləmək arzusunda olanların sayı 3 dəfə artıb   Müəllimlərlə bağlı da bir sıra mühüm nailiyyətlərin əldə olunduğunu deyən nazir ölkə tarixində ilk dəfə olaraq 130 mindən artıq müəllimin diaqnostik qiymətləndirməyə cəlb, onların müvafiq ehtiyaclarının müəyyən edildiyini bildirib. Diaqnostik qiymətləndirməyə cəlb edilmiş müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə yüksəldilməklə əməkhaqları 2 dəfə artırılıb.  Müəllim işləmək arzusunda olanların sayında da 3 dəfə fərq var. Bu rəqəm  2013-cü ildə 16-17 min ətrafında olubsa, ötən il 49 min nəfərə qədər vakant yerlərə müraciət edib.   Yüksək bal toplayanların müəllimliyi seçməsi sevindiricidir   Təhsil naziri çıxışında ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayan gənclərin müəllimlik ixtisasını seçməsinin sevindirici hal olduğunu deyib: “2014-cü ildə 500 bal və daha artıq toplayan 674 nəfər müəllimlik ixtisasını seçmişdisə, 2017-ci ildə bu rəqəm 1370 nəfər olub. Bununla belə, müəllim hazırlığının məzmunu, müəllim fəaliyyətinin qiymətləndirilməsi, müəllim-şagird münasibətləri, tədrisin keyfiyyətinin yaxşılaşdırılması mövzularını əhatə edən tədqiqatlara ehtiyacın olduğunu düşünürük”.  İqtisadiyyatın inkişafında insan kapitalının xüsusi rolunun danılmaz olduğunu vurğulayan nazir qeyd edib ki, hazırda istər ilk peşə-ixtisas təhsili, istərsə də ali təhsil sahəsində bir sıra mühüm layihələr həyata keçirilir: “Bir faktı nəzərinizə çatdırım ki, son illərdə 2 hədəfə eyni zamanda nail olunub: bir tərəfdən, ali təhsil müəssisələrinə qəbul edilmiş abituriyentlərin sayı əsaslı şəkildə artıb (təxminən 4000 nəfər və ya 12%), eyni zamanda ali təhsil müəssisələrinə qəbul balı yüksəlib (179 baldan 239 bala, 60 bal və ya 33.5%). İnanırıq ki, bu, çox önəmli dəyişiklikdir. Bununla belə, peşə və ali təhsil müəssisələrində tədris olunan proqramların məzmunu, hal-hazırda əmək bazarında baş verən əsas tendensiyalar, innovasiya və startuplar istiqamətində bir sıra mühüm tədqiqatların aparılmasına ehtiyac var”.  Çıxışının sonunda  nazir  qeyd edib ki, təhsil elə bir sahədir ki, burada tədqiqat mövzularının həm sayı, həm də dərinliyinin məhdudiyyəti yoxdur: “İnanırıq ki, istənilən islahat məhz təhlil və tədqiqatlara əsaslanmalıdır. Bu mənada təhsil sahəsində bu cür tədqiqat platforması rolu oynayan tədbirləri dəstəkləyirik. Tədqiqatçılar və qərar verən şəxslər arasında, o cümlədən tədqiqatçılar arasında əməkdaşlıq nə qədər sıx olarsa, aparılan tədqiqatların da keyfiyyəti bir o qədər yüksək olar”.  Sonra Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə  Abbaszadə çıxış edərək, belə bir platformanın təhsil sistemimizin inkişafı üçün çox böyük əhəmiyyət kəsb etdiyini bildirib. O, təhsillə bağlı innovasiyaların,  elmi nəticələrin mütəxəssislər tərəfindən müzakirəsinin keçirilməsinin vacibliyini diqqətə çatdırıb: “Hesab edirəm ki, innovasiyaların, ideyaların, elmi nəticələrin mütəxəssislər tərəfindən müzakirəsi ictimai marağı və fikri bu istiqamətə yönəldə bilər”. “ADA” Universitetinin bu sahədə çox böyük iş gördüyünü deyən M.Abbaszadə bu kimi tədbirlərin təhsil qarşısında duran hədəfləri müəyyən etmək baxımından əhəmiyyətli olduğunu bildirib. O, qeyd edib ki, 2019-cu il bütün təhsil sistemi üçün çox böyük əhəmiyyəti olan il olacaq: “Gələn il 9-cu siniflərlə yanaşı, 11-ci sinif şagirdləri də yeni proqramlar üzrə buraxılış imtahanı verəcəklər”.  “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə isə Dövlət Strategiyasının qəbulu və sonrakıl illərdə təhsil sistemində baş vermiş dəyişikliklər barədə məlumat verib.  Onun sözlərinə görə, Dövlət Strategiyasının qəbulundan keçən müddət ərzində dünyada təhsil sahəsində sürətli dəyişikliklər baş verib. Buna görə də  təhsil strategiyasında bəzi müddəaların dəyişməsinə zərurət yaranıb.  Daha sonra Böyük Britaniyanın Oksford Universitetinin professoru Deyvid Briksin konfrans iştirakçılarına videomüraciəti təqdim olunub. Müraciətdə Dövlət Strategiyasının istiqamətləri barədə mövcud beynəlxalq təcrübə konfrans iştirakçılarının diqqətinə çatdırılıb.  Konfrans işini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na dair dörd istiqamətdə - “Bacarıqlara əsaslanan təhsil məzmununun inkişaf etdirilməsi”, “Təhsil sistemində insan resurslarının müasirləşdirilməsi”, “Şəffaf və səmərəli idarəetmə mexanizmlərinin formalaşdırılması” və “Son texnoloji tələblərə cavab verən infrastrukturun yaradılması” panelləri üzrə davam etdirib.   “Azərbaycan müəllimi” qəzeti

Təhsil naziri Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək

  Ağdaş, Yevlax, Bərdə rayon və Mingəçevir şəhər sakinlərinin nəzərinə!   Təhsil naziri Ceyhun Bayramov 29 iyun 2018-ci il tarixində saat 11:00-da Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ağdaş, Yevlax, Bərdə rayon və Mingəçevir şəhər sakinlərini qəbul edəcək. Qəbulda Ağdaş, Yevlax, Bərdə rayonlarında və Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 8-22 iyun 2018-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı