Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə

  Təhsil Nazirliyinin SABAH Qruplarında 2018-2019–cu tədris ilinin payız semestrində   müxtəlif fənlərin tədrisini aparmaq üçün professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müsabiqə elan olunub. İxtisası üzrə minimum magistr dərəcəsi olan, İKT və sahə bilikləri yüksək səviyyəli, innovativ tədris metodikalarından istifadə edə bilən, müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər müsabiqədə iştirak edə bilərlər. Bakalavr səviyyəsində keyfiyyətli tədrisin aparılması, kurs sillabusunun hazırlanması, tələbə biliyinin vaxtında qiymətləndirilməsi, ali təhsil müəssisələrinin daxili intizam sənədləşmə qaydalarına riayət edilməsi namizədlərdən tələb olunan öhdəliklər sırasındadır. Seçim zamanı müvafiq sahə üzrə ali təhsil müəssisəsində tədris təcrübəsi olan, fəlsəfə doktoru, elmlər doktoru elmi dərəcələrinə malik və xaricdə ali təhsil almış namizədlərə üstünlük veriləcəkdir. Xaricdə təhsil alan namizədlər nostrifikasiya sənədini təqdim etməlidirlər. Son müraciət tarixi 19 iyun 2018-ci il tarixidir. Hər bir namizəd ixtisasına uyğun vakant yerlər üzrə ən çoxu iki fənn üçün müraciət edə bilər. Müvafiq fənlər üzrə vakant yerlərin siyahısı müraciət formasına daxil edilib: http://sabah.edu.az/az/sabah-qruplarinda-20182019-ci-tedris-ilinin-payiz-semestrine-muellim-qebulu Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən fəaliyyət göstərən SABAH qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədi ilə yaradılıb. SABAH qrupları tələbələrə əlavə təqaüd, bölgələrdə qeydiyyatda olan tələbələr üçün ödənişsiz yataqxana xidməti, xarici mübadilə proqramları, müasir təşkilat və müəssisələrdə tədris və istehsalat təcrübələri, əmək bazarında daha uğurlu namizədlərə çevrilmə kimi üstün imkanlar təklif edir. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas üzrə 2300-dən çox tələbəni,  650-dən  çox müəllim-professor heyətini əhatə edir.

İKT üzrə təlimlər keçirilir

Təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması sahəsində görülən işlərin davamı olaraq, cari tədris ilində 3020 nəfər pedaqoji və inzibati-idarəetmə heyəti üçün təlimlər keçirilib. İlin sonuna qədər bu rəqəmin 3690-a çatdırılması nəzərdə tutulur. Təlimlər əsasən, İKT üzrə savadlılığın artırılması, tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan, interaktiv lövhələrdən istifadə, müasir tədris strategiyaları və layihə metodikasının istifadəsi istiqamətləri üzrə keçirilib. Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən hər il təhsil sisteminin pedaqoji və inzibati-idarəetmə heyəti üçün informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə təlimlər keçirilir. 2014-2017-ci illər ərzində Bakı şəhəri üzrə 12 345 nəfər, 34 rayon üzrə isə ümumilikdə 7448 nəfər pedaqoji və inzibati-idarəetmə heyəti üçün İKT və fənlər üzrə müxtəlif məzmunlu təlimlər keçirilib. Yerli və beynəlxalq standartları əhatə edən təlim proqramları pedaqoji və inzibati-idarəetmə heyətinin nəzəri və praktik bacarıqlarının artmasına, informasiya texnologiyalarının tədris prosesində tətbiqi üzrə vərdişlərin formalaşmasına müsbət təsir edib.

“Təhsilin strateji planlaşdırılması: düşüncələr və perspektivlər”

İyunun 7-də "ADA" Universitetində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin  dəstəyi ilə “Təhsilin strateji planlaşdırılması: düşüncələr və perspektivlər”  mövzusunda III  beynəlxalq elm və  təhsil konfransı öz işinə başlayıb. Tədbirdə  təhsil naziri Ceyhun Bayramov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə  Abbaszadə, ali məktəblərin rektorları, beynəlxalq ekspertlər, KİV nümayəndələri  iştirak edib. Tədbiri giriş sözü ilə açan  "ADA" Universitetinin  prorektoru Vəfa Kazdal   qeyd edib ki, ikigünlük konfransın əsas məqsədi 2013-cü ilin oktyabrında ölkə Prezidenti cənab  İlham Əliyevin imzaladığı  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsindən ötən son  beş il ərzində əldə edilmiş nəticələrin beynəlxalq təcrübə ilə müqayisədə təhlili və müzakirəsini aparmaqdır. Vəfa Kazdal  elmi konfransa  50-dən çox tədqiqat işinin təqdim olunduğunu, onlardan 15-nin  Elmi Şura  tərəfindən bəyənildiyini, konfransın gedişində iştirakçılara təqdim olunacağını bildirib. Təhsil naziri Ceyhun Bayramov çıxışına bir neçə gün əvvəl  "ADA"  Universitetində  keçirilən tədbirdə ölkə başçısı cənab İlham Əliyevin səsləndirdiyi “Əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır. Təbii resurslar yox, məhz biliklər.  Ona görə biz də çalışırıq və bundan sonra da çalışmalıyıq ki, Azərbaycanda təhsilin səviyyəsi daha da qalxsın. Təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab versin”  fikri ilə başlayıb. Nazir qeyd edib ki, təhsil sahəsində strateji hədəfləri müəyyən edən və Təhsil Nazirliyi üçün fəaliyyət planı xarakteri daşıyan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan təxminən 5 il vaxt keçir. Bu müddət ərzində bir sıra hədəflərə çatmaq istiqamətində əhəmiyyətli addımlar atılıb, mühüm nailiyyətlər qazanılıb. Təhsilin məzmunu, müəllim, idarəetmə, infrastruktur və maliyyələşmə sahəsində bir çox təşəbbüslər reallaşdırılıb, pilot layihələr həyata keçirilib. Təhsil siyasətinin vacib göstəriciləri olan əhatəlilik, keyfiyyət, bərabər imkanlar və səmərəlilik baxımından müsbət dinamika əldə edilib. Bundan əlavə, tədris planlarının strukturu, dərs yükünün həcminin, digər amillərin şagird nailiyyətlərinə və sağlamlığına təsiri, ayrı-ayrı fənlərin məzmun və qiymətləndirmə çərçivələri istiqamətində tədqiqatlar Təhsil Nazirliyinin maraq dairəsindədir. Təhsil naziri son 3 ildə Azərbaycanda məktəbəhazırlıq ilə əhatəlilik səviyyəsinin 24 faizdən 65 faizə qədər yüksəldiyini, bu prosesin heç bir zaman məktəbəhazırlıq təşkil edilməyən yüzlərlə yaşayış məntəqəsini əhatə etdiyini deyib. Nazir bildirib ki, ölkənin tarixində ilk dəfə olaraq 130 mindən artıq müəllim diaqnostik qiymətləndirməyə cəlb edilib, onların müvafiq ehtiyacları müəyyən olunub. Digər müsbət tendensiya yüksək bal toplayan abituriyentlərin müəllimlik peşəsini seçməsidir. 2014-cü ildə 500 bal və daha artıq toplayan 674 nəfər müəllimlik ixtisasını seçmişdisə, 2017-ci ildə bu rəqəm 1370 nəfər olub. Şagirdlərin I sinfə qəbulu zamanı elektron sistemin tətbiq edilməsi, məktəb-icma münasibətlərinin yaxşılaşdırılmasından danışan təhsil naziri həmçinin digər tədbirləri də qeyd edib. Sonra Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə belə bir platformanın təhsil sisteminin inkişafı üçün çox böyük əhəmiyyət kəsb etdiyini bildirib. Məleykə  Abbaszadə təhsillə bağlı innovasiyaların, elmi nəticələrin mütəxəssislər tərəfindən müzakirəsinin keçirilməsinin vacibliyini diqqətə çatdıraraq qeyd edib ki, bu cür müzakirələr ictimai marağı və fikri müvafiq istiqamətə  yönəldə bilər. Son illər milli təhsilimizin inkişafında yeni mərhələ başlanıldığını deyən Məleykə Abbaszadə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. "ADA" Universitetinin prorektoru Fariz İsmayılzadə isə Dövlət Strategiyasının qəbulu və sonrakı illərdə təhsil sistemindəki dəyişikliklərdən danışıb.  Onun sözlərinə görə, Dövlət Strategiyasının qəbulundan keçən müddət ərzində dünyada təhsil sahəsində sürətli dəyişikliklər baş verib. Buna görə də strategiya sənədinin bəzi müddəalarının dəyişilməsi zərurəti yaranıb. Daha sonra Böyük Britaniyanın Oksford Universitetinin professoru Deyvid Briksin konfrans iştirakçılarına videomüraciəti təqdim olunub. Müraciətdə Dövlət Strategiyasının istiqamətləri barədə mövcud beynəlxalq təcrübə konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Konfrans işini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na dair dörd istiqamətdə - “Bacarıqlara əsaslanan təhsil məzmununun inkişaf etdirilməsi”, “Təhsil sistemində insan resurslarının müasirləşdirilməsi”, “Şəffaf və səmərəli idarəetmə mexanizmlərinin formalaşdırılması” və “Son texnoloji tələblərə cavab verən infrastrukturun yaradılması” panelləri üzrə davam etdirib.

“Lənkəran iqtisadi rayonunda Regional Model Peşə Təhsil Mərkəzinin yaradılması” layihəsinin təqdimatı

İyunun 6-da Cəlilabadda “Lənkəran iqtisadi rayonunda Regional Model Peşə Təhsil Mərkəzinin yaradılması” layihəsinin təqdimat mərasimi keçirilib. Mərasim Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” layihəsi çərçivəsində Lənkəran regional komponenti üzrə təşkil olunub. Layihənin məqsədi Lənkəran iqtisadi rayonunda Regional Model Peşə Təhsil Mərkəzinin yaradılmasına dəstək göstərmək və peşə təhsilinin keyfiyyətini artırmaqdır. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas, BMTİP-nin Rezident Nümayəndəsinin müavini Alessandro Frakassetti, Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğun direktoru Lorens Meredit, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Amil Əlili çıxış edərək təqdim olunan layihənin Lənkəran iqtisadi rayonunda peşə təhsilinin inkişafında mühüm rol oynayacağını vurğulayıb, layihənin icrası istiqamətində uğurlar arzulayıblar. Layihə rəhbəri Eltəkin Ömərov təqdimatla çıxış edərək tədbir iştirakçılarına layihənin icra mexanizmi, fəaliyyətləri və peşə təhsilinin inkişafı sahəsində əhəmiyyəti barədə geniş məlumat verib. Tədbirdə Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin,  “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” layihəsinin əməkdaşları, peşə təhsili müəssisələrinin və digər qurumların nümayəndələri, özəl sektorun təmsilçiləri iştirak edib. Sonda layihə çərçivəsində görüləcək işlər barəsində qarşılıqlı fikir mübadiləsi aparılıb, maraq doğuran məsələlər müzakirə edilib.

“Rəqəmsal bacarıqlar” layihəsində iştirak edən pedaqoqlarla görüş

İyunun 6-da “Rəqəmsal bacarıqlar” layihəsinin (“İnformatika” fənninin tədrisinə dair pilot layihəsi) birinci ilinin yekunu və əldə olunan nəticələrin müzakirəsi  ilə əlaqədar cari tədris ilində layihə çərçivəsində tədris aparan pedaqoqlarla görüş keçirilib. Görüş Təhsil Nazirliyi, “Rəqəmsal bacarıqlar” layihəsinin icraçısı, informasiya texnologiyaları (İT) sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan "Alqoritmika" beynəlxalq təhsil şirkəti ilə birgə təşkil olunub. Tədbirdə Təhsil Nazirliyinin məsul əməkdaşları, “Alqoritmika” şirkətinin rəhbərliyi, məktəb direktorları ilə yanaşı cari tədris ilində Bakı şəhərində 45 məktəb üzrə 240 sinifdə  6500-ə yaxın V sinif şagirdinə informatika fənnini yeni formatda tədris edən 150-dən çox müəllim iştirak edib. Təhsil nazirin müşaviri Həsən Həsənli  tədbiri giriş sözü ilə açaraq vurğulayıb ki, “Rəqəmsal bacarıqlar” layihəsi şagirdlərdə alqoritmik düşüncə və məntiqin, layihə işləmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyır. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir. Qeyd olunub ki, informatika fənninin tədrisinin təkmilləşdirilməsi ilə şagirdlərin kompüter savadlılığının yüksəldilməsi, onların yüksək texnoloji ixtisaslara marağının artırılması nəzərdə tutulur. Proqramlaşdırma sahəsində ixtisaslı kadr hazırlığına diqqətin artırılması bu sahədə ölkəmizin   beynəlxalq miqyasda  rəqabətədavamlılıq əmsalını artıracaq. Bu baxımından inkişaf etmiş ölkələrin məktəb proqramlarının əsas trendi hesab olunan təhsilalanlara  rəqəmsal bacarıqların öyrədilməsi  zərurəti ölkəmizin ümümtəhsil şəbəkəsi üçün də mühüm əhəmiyyət kəsb edir. Təhsil İşçilərinin Peşəkar İnki şafi İnstitutunun direktor müavini, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Fəxri Qurbanov çıxış edərək tədbirin gündəmini təqdim edib. Həmçinin iştirakçılara layihənin uğuruna qatdıqları töhfələr üçün təşəkkürünü bildirib. “Alqoritmika” şirkətinin yaradıcısı və baş direktoru Andrey Lobanov tərəfindən layihə çərçivəsində “XXI-ci əsrin bacarıqları” mövzusunda keçirilmiş araşdırmanın nəticələrinin təqdimatı keçirilib.Daha sonra layihənin Azərbaycanda ilk tədris ilinin xülasəsi, nəticələr və gələcək planlar haqqında məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində 2017-2018-ci tədris ilində pedagoji fəaliyyətində nümayiş etdirdiyi yüksək nəticələrə görə seçilmiş müəllimlər təşəkkürnamə ilə təltif edilib.

Rus dili və ədəbiyyatı üzrə X olimpiadaya yekun vurulub

Bakı Slavyan Universitetində (BSU) rus dili və ədəbiyyatı üzrə X olimpiadaya yekun vurulması münasibəti ilə mərasim keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov,  “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin sədri Valentin Denisov, Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, alimlər iştirak ediblər. “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin sədri Valentin Denisov bildirib ki, Azərbaycanda rus dili və ədəbiyyatı üzrə olimpiada bu ilin yanvar ayından may ayınadək keçirilib. Olimpiadada Azərbaycanın 51 şəhər və rayonundakı 605 ümumtəhsil müəssisəsindən 2811 şagird iştirak edib. Sonda 170 iştirakçı olimpiadanın qalibi olub. Daha sonra olimpiadaya həsr olunan videoçarx nümayiş etdirilib. Təhsil nazirinin müavini Firudin Qurbanov qalibləri təbrik edib, bu cür olimpiadaların keçirilməsinin gənclərin intellektual zənginləşməsində, məktəblilərin  rus dili vasitəsilə Avropa və dünya ədəbiyyatı ilə tanış olması baxımından  mühüm rol oynadığını vurğulayıb. Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müşaviri Artyom Barkov, BSU-nun rektoru Nurlana Əliyeva  böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin doğum günündə qeyd edilən Beynəlxalq Rus Dili Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik ediblər. Tədbir konsert proqramı ilə davam etdirilib. Konsertdə beynəlxalq müsabiqələr laureatı Əli Muradov, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Atilla Məmmədov, Bakıdakı Nizami və Nəsimi rayonlarının uşaq yaradıcılıq evlərinin rəqs kollektivləri, Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecinin klarnetçilər kvarteti, BSU-nun “Arzu” gənclər ansamblı, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Aslan Əzimzadə çıxış ediblər. Qeyd edək ki, olimpiadanın təşkilatçıları Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycan nümayəndəliyi, Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyası olub.

“Rəqəmsal bacarıqlar” layihəsində iştirak edən pedaqoqlarla görüş

İyunun 6-da “Rəqəmsal bacarıqlar” layihəsinin (“İnformatika” fənninin tədrisinə dair pilot layihəsi) birinci ilinin yekunu və əldə olunan nəticələrin müzakirəsi  ilə əlaqədar cari tədris ilində layihə çərçivəsində tədris aparan pedaqoqlarla görüş keçirilib. Görüş Təhsil Nazirliyi, “Rəqəmsal bacarıqlar” layihəsinin icraçısı, informasiya texnologiyaları (İT) sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan "Alqoritmika" beynəlxalq təhsil şirkəti ilə birgə təşkil olunub. Tədbirdə Təhsil Nazirliyinin məsul əməkdaşları, “Alqoritmika” şirkətinin rəhbərliyi, məktəb direktorları ilə yanaşı cari tədris ilində Bakı şəhərində 45 məktəb üzrə 240 sinifdə  6500-ə yaxın V sinif şagirdinə informatika fənnini yeni formatda tədris edən 150-dən çox müəllim iştirak edib. Təhsil nazirin müşaviri Həsən Həsənli  tədbiri giriş sözü ilə açaraq vurğulayıb ki, “Rəqəmsal bacarıqlar” layihəsi şagirdlərdə alqoritmik düşüncə və məntiqin, layihə işləmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyır. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir. Qeyd olunub ki, informatika fənninin tədrisinin təkmilləşdirilməsi ilə şagirdlərin kompüter savadlılığının yüksəldilməsi, onların yüksək texnoloji ixtisaslara marağının artırılması nəzərdə tutulur. Proqramlaşdırma sahəsində ixtisaslı kadr hazırlığına diqqətin artırılması bu sahədə ölkəmizin   beynəlxalq miqyasda  rəqabətədavamlılıq əmsalını artıracaq. Bu baxımından inkişaf etmiş ölkələrin məktəb proqramlarının əsas trendi hesab olunan təhsilalanlara  rəqəmsal bacarıqların öyrədilməsi  zərurəti ölkəmizin ümümtəhsil şəbəkəsi üçün də mühüm əhəmiyyət kəsb edir. Təhsil İşçilərinin Peşəkar İnki şafi İnstitutunun direktor müavini, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Fəxri Qurbanov çıxış edərək tədbirin gündəmini təqdim edib. Həmçinin iştirakçılara layihənin uğuruna qatdıqları töhfələr üçün təşəkkürünü bildirib. “Alqoritmika” şirkətinin yaradıcısı və baş direktoru Andrey Lobanov tərəfindən layihə çərçivəsində “XXI-ci əsrin bacarıqları” mövzusunda keçirilmiş araşdırmanın nəticələrinin təqdimatı keçirilib.Daha sonra layihənin Azərbaycanda ilk tədris ilinin xülasəsi, nəticələr və gələcək planlar haqqında məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində 2017-2018-ci tədris ilində pedagoji fəaliyyətində nümayiş etdiyi yüksək nəticələrə görə seçilmiş müəllimlər təşəkkürnamə ilə təltif edilib.

Avropa İttifaqı ölkəmizdə peşə təhsili sahəsində baş verən dəyişikliklərdən razıdır

Avropa İttifaqı 2018-ci il üçün Azərbaycan üzrə biznes mühiti hesabatını dərc edib. Hesabatda Avropa İttifaqına üzv olan 20 ölkədən təqribən 385 şirkətin Azərbaycanda biznes fəaliyyəti ilə bağlı fikirləri yer alıb. Ötən illə müqayisədə bu il sorğuda iştirak edən şirkətlərin sayı 31 faiz artıb. Avropa İttifaqının Azərbaycan üzrə sorğu hesabatında 5 ən vacib islahat tədbiri kimi peşə təhsili sisteminin şirkətlərin tələblərinə uyğunlaşdırılması qeyd edilib. Azərbaycanda fəaliyyət göstərən Avropa şirkətlərinin 24 faizi peşə təhsili və təliminin qənaətbəxş olduğunu bildiriblər. Bu rəqəm 2017-ci illə müqayisədə 4 dəfə çoxdur. Eləcə də peşə təhsili ilə bağlı İKT sektorundan sorğuya cəlb edilən 7 iştirakçıdan 6-sı bu sahəni qənaətbəxş kimi qiymətləndirib. Qeyd edək ki, Azərbaycanda peşə təhsili və təlimi üzrə bir sıra tədbirlər reallaşdırılıb. Buna misal olaraq, 2016-cı il aprelin 20-də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmasını, dövlətimizin başçısının Fərmanı ilə "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi" təsdiq olunmasını, 2018-ci il aprelin 24-də "Peşə təhsili haqqında" qanunun Milli Məclis tərəfindən qəbul edilməsini göstərmək olar. Bundan əlavə, 70 ixtisasın təhsil proqramları (kurikulumları), o cümlədən 159 yeni modul/dərsliklər hazırlanıb, 200-dən çox müəllim kurikulumların hazırlanması, pedaqogika və didaktika üzrə təlimlərə cəlb edilib, 20-dən çox ölkənin peşə təhsili sahəsində təcrübəsi öyrənilib. Həmçinin 10-a qədər beynəlxalq və yerli layihədə xarici və yerli ekspertlərlə, o cümlədən vətəndaş cəmiyyətləri ilə birgə əməkdaşlıq həyata keçirilib, rasionallaşdırma və optimallaşdırma tədbirləri çərçivəsində 34 peşə təhsili müəssisəsinin bazasında 14 ixtisaslaşmış Peşə Təhsil Mərkəzi yaradılıb və 21 peşə təhsili müəssisəsinin bazasında 10 Peşə Təhsil Mərkəzinin yaradılması ilə bağlı təklif hazırlanıb. Turizm və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi açılması, Koreya modeli əsasında sənaye və innovasiyalar sahəsində 8 ixtisas üzrə tədris aparılacaq peşə təhsil mərkəzinin tikintisinə başlanılması, regionlarda fəaliyyət göstərən 1000-dən çox sahibkarlıq subyektləri ilə əməkdaşlıq müqavilələrinin imzalanması da bu tədbirlərdəndir.   AZƏRTAC

Məktəblilərarası II Robot Olimpiadasının qalibləri mükafatlandırılıb

İyunun 6-da Məktəblilərarası II Robot Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Olimpiadanın keçirilməsində əsas məqsəd məktəblilər arasında robototexnika sahəsinə marağı artırmaq, robot texnologiyalarından sərbəst istifadə bacarığını formalaşdırmaq və Azərbaycanda İKT sahəsi üzrə peşəkar kadrların hazırlanmasına şərait yaratmaqdan ibarətdir. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, bir sıra dövlət və özəl qurumların və təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, münsiflər heyətinin sədrləri, üzvləri, olimpiada qalibləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Dövlət Himni səsləndirildikdən sonra  “İstək” liseyinin direktoru Samir Şəmiyev olimpiadanın keçirilməsi və təşkili haqqında iştirakçılara məlumat verib. Bildirilib ki, bu il Məktəblilərarası Robot Olimpiadasında iştirak edən məktəblilərin sayı artıb. Belə ki, olimpiadaya Bakı, Sumqayıt, Şirvan, Quba, Mingəçevir, Gəncə, Ağdaş, Lənkəran və Şəki şəhərlərindən 200-ə yaxın şagird qatılıb. Daha sonra təhsil nazirinin müavini Firudin Qurbanov məktəblilər arasında keçirilən olimpiadanın əhəmiyyətindən danışıb. Azərbaycan məktəblilərinin beynəlxalq fənn və layihə olimpiadalarında, o cümlədən robototexnika sahəsində keçirilən olimpiadalarda uğurla təmsil olunduğunu diqqətə çatdıran nazir müavini  şagirdlərin qazandığı nailiyyətlərdən danışıb. Tədbirdə Məktəblilərarası II Robot Olimpiadasının gedişatını əks etdirən videoçarx nümayiş olunub. 4 kateqoriya – “Line follower”, “Lego sumo” və “Hardware control” və “Drone Racing” kateqoriyaları üzrə təşkil olunan olimpiadada Bakı, Sumqayıt, Şirvan, Quba, Mingəçevir, Gəncə, Ağdaş, Lənkəran, Şəki şəhərlərini təmsil edən 33 məktəbdən 200-ə yaxın şagird 86 layihə ilə  çıxış edib. Layihələr Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası, STEP Kompüter Akademiyası və “İstək” liseyinin beynəlxalq təcrübəyə malik mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Sonda qalib gələn şagirdlərə medal, diplom, sertifikat və qiymətli hədiyyələr təqdim olunub. Məktəblilərarası II Robot Olimpiadası Təhsil Nazirliyi"İstək" liseyinin birgə təşkilatçılığı, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası (AREA), “Microsoft Azərbaycan” şirkəti, First Global, STEP Kiçik Kompüter Akademiyası və Mars Academi`nin tərəfdaşlığı ilə həyata keçirilib. 

Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının pilot mərhələsi

İyunun 5-dən Təhsil İnstitutu tərəfindən TİMSS 2019 (Trends in International Mathematics and Science Study) - Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının   pilot mərhələsinin keçirilməsinə başlanılıb. TİMSS tədqiqatının keçirilməsində başlıca məqsəd qlobal kontekstdə sistemin nailiyyət meyillərini qiymətləndirmək, təhsil siyasəti barədə məlumat toplamaq, aşağı göstəricisi olan sahələri dəqiqləşdirmək, kurikulum islahatına təkan vermək, eyni zamanda şagirdlərin riyaziyyat və təbiət elmləri üzrə biliklərinin nəticələri ilə yanaşı öyrətmə və öyrənmə üçün ev və məktəb kontekstləri haqqında vacib məlumatlar əldə etməkdən ibarətdir. Tədqiqatın pilot mərhələsində Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (International Association for the Evaluation of Educational Achievement) təsadüfi seçimlə müəyyənləşdirdiyi və 7-si paytaxt, 18-i region məktəbləri olmaqla,  ümumilikdə 25 məktəb üzrə 32 sinfin IV sinif şagirdlərinin iştirakı nəzərdə tutulub. Beynəlxalq qiymətləndirmə tədqiqatının pilot mərhələsində şagirdlər onlara ünvanlanan sual və tapşırıqları cavablandırırlar. Layihə cari ilin iyun ayının ortalarına qədər davam edəcək. Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən 1995-ci ildən etibarən və hər 4 ildən bir keçirilən TİMSS tədqiqatı IV və VIII sinif şagirdlərinin riyaziyyat və təbiət elmləri üzrə biliklərini qiymətləndirən beynəlxalq bir araşdırmadır. Qlobal konteksdə öz təhsil sistemlərinin effektivliyini qiymətləndirmək üçün təxminən 60 ölkə TIMSS-in məlumatlarından istifadə edir və hər qiymətləndirmədə TIMSS-ə yeni ölkələr qoşulur. TIMSS 2019-da təxminən 70 ölkənin iştirak etməsi gözlənilir. Bundan əvvəl ölkəmiz TIMSS tədqiqatında 2011-ci ildə iştirak edib və yalnız IV sinif şagirdləri ilə təmsil olunub.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı