Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Hər şey beynəlxalq olimpiadalar üçün

Və yaxud istedadlı uşaqlarla məşğul olmağın məsuliyyəti   Bu həftə ölkə məktəblilərinin uğur dolu sorağı gəldi: biri Gürcüstandan, digəri uzaq Afrikadan, Botsvanadan. Gürcüstanın paytaxtı Tbilisidə məktəblilərin informatika fənni üzrə Beynəlxalq komanda olimpiadası keçirilib və məktəblilərimiz cənub regionu (Azərbaycan, Gürcüstan, Ermənistan) üzrə yarışda iştirak ediblər. 19 komandanın qatıldığı müsabiqədə cənub regionu üzrə 2-ci yerə layiq görülən komandamız Beynəlxalq komanda olimpiadasının üçüncülük diplomu ilə mükafatlandırılıb. Botsvanada isə yeniyetmələrin 15-ci Beynəlxalq Elm Olimpiadası (İJSO) keçirilib. Dekabrın 10-da təşkil olunan yarışda Azərbaycanı  6 şagirdimiz təmsil edib və dünyanın 48 ölkəsindən məktəblilərin iştirak etdiyi olimpiadada bilik və bacarıqlarını nümayiş etdirən şagirdlərimiz 5 bürünc medal qazanıblar. Ölkə məktəblilərinin ayın ilk ongünlüyündə iki mötəbər yarışdan uğurla qayıtmasına aparan yol hardan başlanıb? Əlbəttə ki, şagirdlərimizi  beynəlxalq yarışlara hazırlayan olimpiadalara hazırlıq mərkəzlərindən. Təhsil nazirinin əmrinə əsasən, artıq 4 ildir ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, Kimya-biologiya təmayüllü respublika liseyində, Sumqayıt şəhər Təbiət elmləri təmayüllü liseydə hazırlıq mərkəzləri fəaliyyət göstərir. Fizika, riyaziyyat və informatika təmayüllü liseydəyik. İlk baxışdan sakitlik olsa da, bütün otaqlarda şagirdlər var. Belə məlum olur ki, sadəcə gündəlik məşğələlər deyil, bu gün həm də sınaq imtahanları keçirilir...   Beynəlxalq olimpiadalara seçim   Mərkəzdə beynəlxalq olimpiadalara hazırlıq yalnız dəqiq fənlər üzrə aparılır. Olimpiadaçılar il ərzində 15-dən artıq beynəlxalq yarışa qatılırlar. Şagirdlərin olimpiadalara hazırlıq prosesi onların seçimi, dərslərin keçirilməsi və beynəlxalq olimpiada seçmə imtahanının təşkili, müəllimlərin yetişdirilməsi, vəsaitlərin çap olunması da daxil olmaqla 4 mərhələdən ibarətdir. İlk mərhələ - şagirdlərin seçimi ölkə əhəmiyyətli yarışlarda aparılır. Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadası, Respublika Fənn Olimpiadası, Məktəblilərarası respublika fənn müsabiqələrinin qalibləri beynəlxalq yarışlara hazırlıq mərkəzinə dəvət edilirlər.  Xatırladaq ki, fənn olimpiadalarında 30 min, fənn müsabiqələrində isə 15 mindən artıq şagird iştirak edir və 45 min nəfərlik bu kontingentin içərisindən beynəlxalq müsabiqələrin iştirakçısı olacaq 25 nəfər müəyyənləşdirilir. Şagirdlərin seçilməsi aşağı və yuxarı yaş qrupları üzrə aparılır. Aşağı yaş qrupunda VI-VII sinif şagirdləri əhatə olunub. Riyaziyyat üzrə VI, fizika, kimya, biologiya və informatika fənlərindən isə VII siniflərdən şagirdlər seçilir. Beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri ilə çalışan şəxs, Azərbaycan Respublikası Təhsil İnstitutu İstedadlı uşaqlarla iş şöbəsinin mütəxəssisi Qorxmaz Mustafayev səbəbi belə izah edir: “Şagirdlər fizika fənninin tədrisinə VI sinifdən başlayırlar. VI sinifdə bir çox mövzu keçilmədiyindən uşaqların fizika ilə bağlı biliklərini VII sinifdə müəyyənləşdirə  bilirik. Amma riyaziyyat aşağı siniflərdən keçildiyindən VI sinifdən bu fənn üzrə şagirdlərin biliyini ölçmək mümkün olur”. Hazırlıq mərkəzlərinə aşağı və yuxarı yaş qrupu əsasında bölgü aparılsa da, beynəlxalq olimpiadalarda yaş bir çox hallarda önəm daşımır: “Bir də görürsən, IX sinif şagirdi XI sinif şagirdindən daha yaxşı nəticə göstərir. Yaş sadəcə, seçim prosesi üçün önəmli sayılır”.   “Bizim vaxtımızda bu imkanları yaradan yox idi”   Həmin yaş qrupunda olimpiadalara hazırlıq mərkəzinə dəvət edilən şagirdlərdən birinin atası Yusif Babayev qızı Selcanın olimpiadalara hazırlıq mərkəzinə dəvət edilməsindən qürurla danışır. Sadəcə, orta məktəb təhsili ilə iki dəfə Respublika fənn olimpiadalarında uğur qazanan Selcan artıq beynəlxalq yarışlara hazırlaşdırılır. Hazırda VIII sinif şagirdi olan qızından bu dərs ilində daha böyük uğurlar gözləyən atası onu həftədə iki dəfə - hər çərşənbə və şənbə günləri - yaşadıqları Sahil qəsəbəsindən Bakıya - Fizika, riyaziyyat və informatika təmayüllü liseyə gətirir. Selcan Sahil qəsəbəsindəki 253 nömrəli tam orta məktəbin şagirdidir. VI sinifdə oxuyanda Respublika fənn olimpiadasında III, VII sinifdə isə II yeri tutub. Yusif Babayev deyir ki, Selcanın təhsil aldığı məktəbdən çox razıdır: “Təkcə qızımın oxuduğu məktəb deyil, bütün məktəblərdə şagirdlərin daha yaxşı təhsil alması üçün şərait yaradılıb. Oğlum Atilla Babazadə Sahil qəsəbəsindəki 294 nömrəli məktəbdə təhsil alır. O da əlaçıdır. Onun da təhsil aldığı məktəbdə keyfiyyətli təhsil verilir. V sinif şagirdidir və artıq uğurları var. Qızım fizika üzrə fərqlənib, oğlum da riyaziyyat üzrə uğur qazanır. Mən də məktəbdə yaxşı riyaziyyatçı olmuşam. Amma bizim vaxtımızda bu imkanları yaradan yox idi. Qızım olimpiadada uğur qazandı, onu hazırlıq mərkəzinə çağırdılar. Pulsuz dünya olimpiadalarına hazırlayırlar. Bəlkə də belə imkan yaradılsaydı, mənim də vaxtında uğurlarım ola bilərdi. İndi uşaqlarım qiymətləndirildiyi kimi, məni qiymətləndirən olmadı”. Sərməs Əhmədov isə nəvəsi Səid Qasımovu gözləyir. 6 nömrəli məktəbin 8-ci sinif şagirdi olan Səid ingilis dilində təhsil alır. Həm VII, həm də VIII siniflərdə kimya üzrə respublika fənn olimpiadalarına qatılıb və hər ikisində qalib olub.   “Burada fənləri daha dərindən öyrənirik”   Bakıdakı hazırlıq mərkəzlərinə rayonlardan da şagirdlər qəbul olunur. Artıq olimpiadalara hazırlıq mərkəzlərində Bakı və ətraf qəsəbələrlə yanaşı, ölkənin ayrı-ayrı rayonlarından da istedadlı uşaqlar cəlb edilib. Bakı və ətraf rayonların məktəblərindən seçilənlər hazırlıq mərkəzlərinə həftə ərzində bir neçə dəfə gəlir. Rayondan hazırlıq mərkəzlərinə gələnlərə liseylərin yataqxanasında qalmaq üçün şərait yaradılsa da, ancaq məktəbini dəyişmək istəməyənlər, Qubadan, Mingəçevirdən həftəsonu dərslərdə iştirak etmək üçün Bakıya gəlib-qayıdanlar da var. Onlardan biri, Respublika fənn olimpiadalarının gümüş medalçısı Gültac Seyidova 9-cu sinifdə oxuyur. Mingəçevir şəhər Texniki-humanitar liseyin şagirdidir. Ötən  ilin sentyabrından olimpiadalara hazırlıq mərkəzində hazırlaşır. Atası tətillərdə və hər həftəsonu onu Mingəçevirdən Bakıya gətirir, Fizika, riyaziyyat və informatika təmayüllü liseydə fəaliyyət göstərən olimpiadalara hazırlıq mərkəzinin məşğələlərində iştirakına şərait yaradır. Ata-bala hələlik bu çətinliyin öhdəsindən gəlirlər: “Keçən ilin sentyabrında dərs başlamadan 5 günlük kampda iştirak etdim. Çox maraqlı oldu və kampdan sonra məşğələlərə başladım”. Gültacın təhsil aldığı lisey rayonda ən yaxşı göstəriciləri olan məktəbdir: “Bu il rayon üzrə ən çox medalı liseyimizin şagirdləri qazandı. Ən yüksək nəticə də bizim məktəbdən idi. Ancaq olimpiadalara hazırlıq mərkəzinin üstünlükləri daha çoxdur. Burada fənləri daha dərindən öyrənirik. Çoxlu çalışmalar işləyir, yeni dərslər keçirik”.   Universitet və özəl şirkətlərdən olimpiadaçılara dəstək   Amma istedadlı uşaqların çox olması onların hər birinin beynəlxalq yarışlara qatıla biləcəyi demək deyil. Qorxmaz Mustafayevin sözlərinə görə, beynəlxalq olimpiadalara gedəcək şagirdləri imtahanla məhz istedadlı uşaqların arasından seçirlər: “Beynəlxalq fənn olimpiadalarının seçmə mərhələsinə respublika fənn müsabiqələrinin və olimpiadalarının qalibləri və olimpiadalara hazırlıq mərkəzinin şagirdləri qatılırlar. İstənilən beynəlxalq olimpiadadan öncə 2 mərhələdə seçmə imtahanı keçirilir”. Bəzi olimpiadalara, o cümlədən məktəblilərimizin bu günlərdə uğur qazandığı Botsvanada keçirilən yeniyetmələrin 15-ci Beynəlxalq Elm Olimpiadası üçün laboratoriya hazırlığı tələb olunur. Laboratoriya hazırlığını təşkil etmək üçün isə Bakı Mühəndislik Universiteti, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı ilə əməkdaşlıq edilir. Bu prosesə hətta özəl şirkətlər də cəlb olunub. Belə ki, qurulan əməkdaşlıq sayəsində “Azərcell” şirkəti Beynəlxalq İnformatika Olimpiadasının hazırlıq prosesinə dəstək verir. Qorxmaz Mustafayev deyir ki, əsas məqsəd beynəlxalq olimpiadalarda Azərbaycan şagirdlərinin nailiyyətlərini yüksəltməkdir. Bu məqsədə nail olmaq üçün isə Təhsil Nazirliyi bütün imkanlarını səfərbər edib.   “Cəhdləri davam etdirəndə nəticə mütləq olur”   Bəs, hər biri beynəlxalq olimpiada iştirakçısı ola biləcək istedadlı uşaqlara kim dərs deyir? Beynəlxalq olimpiadalara hazırlığın başladığı ilk gündən burada çalışan Əməkdar müəllim Şəmsi Səfərov Fizika, riyaziyyat,  informatika təmayüllü liseyin riyaziyyat müəllimidir. Olimpiadalara hazırlıq mərkəzində elə ilk gündən çalışır və hesab edir ki, son 2-3 il ərzində, konkret olaraq, riyaziyyat üzrə hazırlıq sahəsində kifayət qədər yüksək nəticələr var. Şəmsi müəllim deyir ki, olimpiada sinfi ilə məşğul olmaq vaxt tələb edən işdir. Burada müntəzəm işləmək lazımdır, yoxsa yüksək nəticə əldə etmək heç də asan olmur: “Bu nəticə üçün də bir yol tanıyıram: həvəslə, yorulmadan hazırlaşmaq. Həm müəllim, həm də şagirdlər belə etməlidir. Bir dəfə nəticə əldə etməyəndə ruhdan düşmək lazım deyil. Cəhdləri davam etdirəndə nəticə mütləq olur. Biz bunu neçə ildir öz təcrübəmizdə görürük. İstedadlı siniflə məşğul olmağın məsuliyyəti isə xüsusilə böyükdür”. Şəmsi müəllimin sözlərinə görə, hazırlıq mərkəzlərinə rayon məktəblərindən istedadlı şagirdlərin də qatılması ümumi işin xeyrinədir və bu, öz nəticəsini mütləq verəcək: “Rayondan gələn xeyli uşaq var ki, çalışqan olduqlarından şəhər məktəblərinin şagirdlərini üstələyirlər. Ümumiyyətlə, uğur qazanmaq üçün çalışmaq çox önəmlidir. V sinfi bitirən 20 bacarıqlı uşağı seçib hazırlığını bizə tapşırsalar, biz onları VI sinfin sonunda respublika qalibi edə bilərik. Yəni, şagird qabiliyyətlidirsə və düzgün istiqamətləndirilirsə, nəticə əldə etmək üçün elə də çox zaman tələb olunmur. Hazırlıq mərkəzində elə uşaqlar var ki, onları görəndə adam daha çox öyrənmək və öyrətmək istəyir”.   Dərsin effektivliyi, müəllimin peşəkarlığı, şagirdin isə səviyyəsi...   Şagirdləri düzgün istiqamətləndirəcək müəllimlər isə hər yerdə var. Qorxmaz Mustafayevin sözlərinə görə, bölgələrdəki məktəblərin şagirdləri fərqləndiyi kimi, müəllimlərdən də artıq diqqəti cəlb edənlər var: “Məsələn, Neftçalanın Xilli kənd məktəbinin müəlliminin şagirdləri hər yarışda yer tutur. Neftçala, Gəncə, Xaçmaz rayonlarından olan 5-dən çox belə müəllim var ki, onlar qrant layihəsi çərçivəsində istedadlı uşaqları hazırlaşdırırlar”. Qeyd edək ki, bu qəbildən olan ən yaxşıları müəyyənləşdirmək üçün daha bir addım atılıb. Dekabrın 15-də istedadlı şagird üçün istedadlı müəllim imtahanı keçiriləcək. Həmin imtahanda yüksək nəticə göstərəcək müəllimlərdən müsahibə əsasında seçilənlər olimpiada hazırlıqlarına cəlb ediləcəklər. Uşaq hazırlaşdırdığı üçün Bakıya gələ bilməyən müəllimlər elə yerlərdəcə fənn müsabiqələrində fərqlənən şagirdlərin hazırlığına cəlb olunacaq və ətraf rayonlarda fərqlənən istedadlı uşaqların hazırlığı da həmin müəllimlərə yönləndiriləcək. Nəzərdə tutulub ki, Bakıda və rayonlarda xüsusi siniflər yaradılsın və istedadlı uşaqların yetişdirilməsində belə müəllimlərin gücündən istifadə edilsin. Artıq bu istiqamətdə işlərə başlanılıb və 15-ə yaxın rayonda belə siniflərin təşkili reallaşıb. Q.Mustafayevin sözlərinə görə, istedadlı uşaqlarla işləmək üçün kadr ehtiyacı sadəcə, orta ümumtəhsil məktəbləri hesabına ödənilmir. Ölkədəki universitetlərin professor və müəllim heyətindən də bu prosesə cəlb edilənlər var. Məsələn, BDU-nun professoru Naqif Nəbiyev fizika üzrə, İqrar Nəzərov kimya üzrə, AMEA Botanika İnstitutunda çalışan Rəşad Səlimov, Xəzər Universitetinin professoru Nazim Kərimov riyaziyyat fənnindən hazırlıq prosesində fəal iştirak edirlər. Hazırlıq prosesinə keçmiş olimpiada qalibləri də cəlb ediliblər. Yerli və beynəlxalq olimpiadaların qalibi və iştirakçısı olan gənclərin enerjisindən, biliyindən bu istiqamətdə geniş istifadə olunur: “Keçmiş olimpiada qalibi, hazırda Kanadanın Alberto Universitetinin tələbəsi Cavid Əhmədov burada uşaqlara dərs keçir. Respublika fənn olimpiadası qalibi, dünya fənn olimpiadasının iştirakçısı Abdullah Bazarov şagirdlərin fizika üzrə hazırlıqlarına cəlb edilib. Bakı Ali Neft Məktəbində axırıncı kursda oxuyan İsmət Ağayev də hazırlıq prosesində uşaqların ən böyük dəstəkçisidir”.   “Medal almaq üçün hər cür şərait yaradılıb”   Cavid Əhmədov 4 il əvvəl orta təhsilini tamamlayıb. Onu uşaqlarla işdən ayırıb söhbətə tuturuq: “Təcrübəmi onlarla  bölüşürəm. Hər həftə şagirdlərlə dərslərimiz olur. Əsasən həftəsonu görüşürəm və kimyadan hazırlıq üzrə əlimdən gələn formada kömək edirəm. Xüsusən, laboratoriyalarda bir yerdə işləyirik. Ali təhsil müəssisələrinin laboratoriyalarında bunun üçün hər cür şərait yaradılıb. Olimpiadaya düşə biləcək sualların bənzərləri əsasında laboratoriyada uşaqlarla birlikdə tapşırıqlar həll edirik”. C.Əhmədov deyir ki, uşaqlar indi çox şanslıdırlar: “Mən 2012-ci ildə qalib olmuşam. Bizim vaxtımızda bu qədər böyük şərait yox idi. Nəinki laboratoriya, bizə kömək edəcək bir adam belə tapmırdıq. Ancaq indi onları xüsusi olaraq olimpiadalara hazırlaşdırır, laboratoriyalarda işləmələri üçün şərait yaradılır, hətta kömək etmələri üçün olimpiada təcrübəsi olanlarla mütəmadi görüşdürürlər. Yəni, məktəblilərin beynəlxalq yarışlardan  medal almaları üçün hər cür şərait yaradılıb”. Ancaq aşağı yaş qrupunda səfərbər edilən daxili imkanlar yuxarı yaş qrupunda kifayət etmir. Həmin şagirdlərin hazırlığında daha yüksək nəticələrə nail olmaq üçün mütəmadi olaraq ayrı-ayrı ölkələrdə çalışan tanınmış, olimpiadalara hazırlıq sahəsində təcrübəsi olan müəllimlər dəvət edilir. İndiyədək İrandan, Rusiyadan, Türkiyədən dəvət olunanlar olub. Qorxmaz Mustafayevin sözlərinə görə, uşaqlara riyaziyyatdan hazırlıq keçmək üçün seçilən müəllim beynəlxalq riyaziyyat olimpiadasında sual müəlliflərindəndir: “Riyaziyyat olimpiadasının təşkilat komitəsinin üzvü olan, müsabiqəyə sual göndərən, yaxud tutaq ki, Rusiyada müəyyən fənn üzrə olimpiadanı təşkil edən informatika müəllimini dəvət edirik. Dəvət etdiyimiz müəllim gələ bilməyəndə, ya da laboratoriya hazırlığı məqsədi ilə uşaqlarımızı da xaricə göndəririk”. Uzun sözün qısası, ölkə məktəblilərinin beynəlxalq yarışlarda uğur qazanması üçün şagirdlər də, müəllimlər də xüsusi seçilir. Ancaq bu seçimin doğru olub-olmadığı mütəmadi olaraq yoxlanılır. Başqa sözlə, olimpiada mərkəzlərində təhsilin keyfiyyəti, şagirdlərin proqramı mənimsəmə faizi mütəmadi ölçülür. Məsələn, dərslərin effektivliyini yoxlamaq, müəllimlərin hazırlıq mərkəzinin şagirdlərini nə dərəcədə qane etdiyini araşdırmaq üçün mütəmadi sorğular keçirilir. Hər semestrin sonunda aparılan sorğuda müəllimlər qiymətləndirilir. Şagirdlər “Müəllimlər dərsə hazırlıqlı gəlirmi?”, “Şagirdləri öyrənməyə təşviq edirmi?”, “Verilən materiallar keçilən mövzuya, yaxud olimpiada materialına uyğundurmu?”,  kimi suallara cavab verirlər. Bunun əsasında da müəllimlərin öyrətmə prosesində nə qədər uğurlu olduğu müəyyənləşdirilir.   “Hazırlıqlı deyil, istedadlı uşaqları aşkara çıxarmağa çalışırıq”   Dərsin də, müəllimin də keyfiyyəti həm də sınaq imtahanlarında ortaya çıxır. Mərkəzlərdə hər ay sınaq imtahanları keçirilir. Uşaqların səviyyəsini müəyyənləşdirməyə xidmət edən imtahanlarda 4 fənn üzrə yaxşı nəticə göstərənlər məşğələlərə davam edir. Lütfi Zadə adına məktəblilərarası məntiq yarışlarında fərqlənən Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin VIII sinif şagirdi Ayan Nəbiyeva da  imtahan verir. Bu imtahanın nəticələrindən asılı olaraq olimpiadalara hazırlıq mərkəzində təhsilinə davam edib-etməyəcəyi bəlli olacaq. Ayanın anası Elnarə İsmayılova qızının burada məşğələlərə davam etməsini çox istəyir: “Ötən il qızım burada hazırlaşdı. Ümumiyyətlə, olimpiadalara hazırlıq mərkəzlərində uşaqlarla işin keyfiyyəti məni qane edir. Ancaq Ayan builki imtahanlarda keçə bilmədi. İndi yenidən imtahan verir. Nəticələri yüksək olsa, burada yenidən təhsilini davam etdirmək şansı qazanacaq”. Gülnar Süleymanova da oğlu Sabir Süleymanlının imtahandan çıxmağını gözləyir. Lütfi Zadə adına məktəblilərarası məntiq yarışlarında fərqlənən oğlu artıq iki ildir ki, olimpiadalara hazırlıq mərkəzində hazırlaşır. Vüsalə Mirzəyevanın isə VIII sinifdə oxuyan qızı Tünzalə iki ildir burada riyaziyyat üzrə hazırlıq keçir. Ancaq onların hər birinin bundan sonra yolunu harada davam edəcəyi imtahandan çıxandan sonra bəlli olacaq. Təhsil İnstitutunun mütəxəssisi Qorxmaz Mustafayevin fikrincə, cəmi 2 faiz xüsusi istedadlı olur. Olimpiada hazırlıq mərkəzlərinə gələnlərin də hamısı istedadlı deyil. Burada məşğələlərə cəlb edilənlərin sayı bu səbəbdən tez-tez dəyişir: “Olimpiadaçı olmaq üçün məntiqi düşünməli, analiz qabiliyyəti olmalıdır. Uşaqlarda bu bacarığı üzə çıxartmaq üçün Respublika fənn olimpiadalarında hətta tarix fənni üzrə belə faktoloji biliyə deyil, müqayisəli biliyə əsaslanan suallar qoyulur. Çünki biz hazırlıqlı deyil, istedadlı uşaqları aşkara çıxarmağa çalışırıq. Analiz qabiliyyəti isə hazırlıqla mümkün olmur”.   Hazırlıqda ən böyük çətinlik - vəsait çatışmazlığı   Məlumdur ki, hər işin öz çətinlikləri olur. Olimpiadalara hazırlıq mərkəzlərində də bəzi çətinliklər müşahidə edilir. Qorxmaz Mustafayevin sözlərinə görə, hazırda ən böyük çətinlikləri vəsait çatışmazlığı ilə bağlıdır: “Azərbaycan dilində vəsait yox dərəcəsindədir. Bu problemi həll etmək üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi”nin verdiyi imkanlardan yararlanmağa çalışırıq. Müəllimlər başqa dillərdə olan dərs vəsaitlərini tərcümə edirlər. Artıq 4 vəsait hazırlanaraq çap olunub. İnformatika, riyaziyyatdan vəsaitlər hazırlanıb. Biologiyadan isə vəsaitin hazırlanması planlaşdırılır”.   “Olimpiada elə bir yerdir ki...”   Ötən həftə ölkəmizi Tbilisidə keçirilən beynəlxalq komanda yarışında təmsil edən şagirdlərdən biri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Abutalıb Namazov 7-ci sinifdən olimpiadalara hazırlıq mərkəzində məşğələlərə qatılır. Onu fərqləndirən cəhəti isə bilik yarışlarına iki fənn üzrə qatılaraq yüksək nəticələr əldə etməsidir. Belə ki, Abutalıb Respublika fənn olimpiadasında informatika üzrə bir bürünc, iki qızıl, riyaziyyat üzrə isə bir  bürünc, bir gümüş medal qazanıb. Beynəlxalq olimpiadaya riyaziyyatdan qatılaraq Junior Balkan Yeniyetmələr Olimpiadasında gümüş medala sahib çıxan Abutalıb riyazi biliklərinin informatikada ona kömək etdiyini deyir: “İnformatikada adama sürət lazım olur. Sürət isə daha çox işlədikcə artır. Sürətlə işləmək riyaziyyatda tez qərarlar verməyə kömək edir. Odur ki, bu iki fənn üzrə bacarıqlarımı inkişaf etdirmək məni nəinki iki yol ayrıcında qoymur, əksinə, hər ikisi üzrə yüksək bacarıqlar formalaşdırmağımda köməyimə gəlir”. Beynəlxalq olimpiadalara qatılmağın isə ayrı üstünlükləri var: “3 ildə özümdə çox böyük fərq hiss edirəm. Təcrübəm artıb, maraqlı ekskursiyalarda iştirak etmişəm, həm istirahət edib, həm də yeniliklərlə tanış olmuşam”. Beynəlxalq olimpiadalarda sualların daha çətin olduğunu da deyən Bakı məktəblisi iddia edir ki, olimpiadada qızıl medal almaq hər çətin sualın öhdəsindən gələ bildiyin anlamını vermir: “Olimpiada elə bir yerdir ki, çətin sualı həll edib yüksək nəticə qazana bilməzsən”.   ***   Çözdüyün çətin sualların sayı qazandığın medalların sayına mütənasib, zehnin açıq, yolun işıqlı, uğurların bol olsun, Azərbaycan məktəblisi! Dünyanın ən mötəbər yarışlarından gələn xoş sorağını gözləyirik!   "Azərbaycan müəllimi" qəzeti

“Media və təhsil dialoqu” mövzusunda növbəti təlim-konfrans keçirilib

Dekabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Media və təhsil dialoqu” mövzusunda növbəti təlim-konfrans keçirilib. Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin humanitar və sosial məsələlər üzrə prorektoru Fikrət Rzayev, tədris işləri üzrə prorektoru Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektoru Asəf Zamanov, Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, təhsil ekspertləri iştirak ediblər. Təlim-konfransdan əvvəl akademik Yusif Məmmədəliyev və akademik Zahid Xəlilov adına auditoriyalarda pedaqoji ixtisaslara yüksək balla qəbul olmuş tələbələrlə görüş keçirilib və dərs prosesi izlənilib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin humanitar və sosial məsələlər üzrə prorektoru Fikrət Rzayev konfransı açaraq belə təlimlərin media-ali məktəb əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Fikrət Rzayev qeyd edib ki, 20 min nəfərə yaxın tələbə-müəllim heyətinə malik universitet ölkənin müəllim yetişdirən əsas təhsil ocağıdır. Universitetin tədris işləri üzrə prorektoru Eldar Aslanov ADPU-da həyata keçirilən yenilikləri diqqətə çatdıraraq deyib ki, bu il universitetə daxil olan tələbələrin 556 nəfəri 500-dən yuxarı bal toplayıb. Bu, müəllimlik peşəsinin nüfuzunun artmasının və ölkədə təhsil sahəsində aparılan islahatların nəticəsidir. Təhsil Nazirliyinin media ilə əlaqələrə xüsusi önəm verdiyini deyən nazirliyin sektor müdiri Cəsarət Valehov isə “Media və təhsil dialoqu” mövzusunda təlim-konfransın artıq altıncı dəfə keçirildiyini diqqətə çatdırıb. Sektor müdiri bildirib ki, tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələrinin media və təhsil əlaqələrinin möhkəmləndirilməsi,  ictimaiyyətlə əlaqələr üzrə peşəkar vərdişlərin artırılması, universitetlərin veb saytlarının müasir standartlara uyğunlaşdırılması və əlçatanlığın təmin olunmasıdır. Daha sonra Qlazqo Universitetinin məzunu və Qərbi Kaspi Universitetinin sosial elmlər kafedrasının müəllimi Samirə Həsənzadənin “Universitet veb saytının istifadəçilər üçün əlçatanlığının təmin olunması”, Təhsil Nazirliyinin sosial media üzrə marketinq meneceri İsfəndiyar Əmrahovun “Ali təhsil müəssisələrinin rəqəmsal alətlərdən istifadəsi və onların nəticələri”, Təhsil Nazirliyinin vebmasteri Mehman Şəfaqətovun “Veb saytlarda yeni funksiyalardan səmərəli istifadə və təhlükəsizlik” mövzularında təqdimatları olub. Tədbir təqdimatlar ətrafında müzakirələrlə davam edib. Tədbirdə çıxış edən “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Yeni müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Ayna.az” saytının rəhbəri Elçin Şıxlı, “Olaylar” İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz, təhsil eksperti Etibar Əliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov təhsil-media əlaqələrinin daha da gücləndirilməsi barədə fikirlərini bölüşüblər. Bildiriblər ki, belə təlim-konfranslar Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələrinin açıqlığına daha bir sübutdur. Çıxış edənlər ali məktəblərin piar işinin daha da təkmilləşdirilməsi, növbəti təlim-konfransların kollec və orta məktəblərdə təşkil edilməsinə dair təkliflər irəli sürüblər. Tədbirdə həmçinin yeni məzmun, forma və tərtibatda çap olunan “Azərbaycan məktəbi” jurnalı konfrans iştirakçılarına təqdim edilib.

Cüdo idman növü üzrə açıq birincilik keçirilib

Yeniyetmələr arasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş cüdo üzrə açıq birincilik keçirilib. Birincilik “Təhsil” Respublika İdman Mərkəzinin dəstəyi, 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə baş tutub. Xaçmaz rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin idman zalında keçirilən yarışda Qusar, Xaçmaz, Siyəzən rayon və Sumqayıt şəhər uşaq-gənclər idman-şahmat məktəblərindən, “Təhsil” RİM-in Sumqayıt şəhər 1 nömrəli və 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəblərindən 17 çəki dərəcəsi üzrə 158 idmançı mübarizə aparıb. Birincilikdə komanda hesabında I yerə “Təhsil” RİM-in 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, II yerə Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, III yerə Qusar rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandaları layiq görülüb. Müxtəlif çəki dərəcələri üzrə I,II və III yerləri tutan idmançılar medal və diplomlarla təltif edilib. Qeyd edək ki, birinciliyin keçirilməsində məqsəd regionlarda məktəblilər arasında cüdo idman növünün təbliği və inkişaf etdirilməsi, onların sağlam həyat tərzinə cəlb edilməsi, perspektivli cüdoçuların müəyyən edilməsi və idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsindən ibarətdir.

AMEA-da akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans işinə başlayıb

Dekabrın 13-də AMEA-nın Əsas binasının Dairəvi akt zalında görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm və texnika xadimi, akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan "Neftqazçıxarmada innovativ texnologiyaların və tətbiqi riyaziyyatın müasir problemləri" mövzusunda beynəlxalq elmi konfrans işinə başlayıb. AMEA, Təhsil NazirliyiAzərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə ABŞ, İsveç, Türkiyə, Rusiya, İran, Səudiyyə Ərəbistanı, Çin və digər ölkələrin tanınmış alimləri iştirak edirlər. Əvvəlcə tədbir iştirakçıları I Fəxri Xiyabanda akademik Azad Mirzəcanzadənin məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Beynəlxalq konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq Prezident İlham Əliyevin "Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi haqqında" 2018-ci il 6 iyul tarixli Sərəncamının əhəmiyyətindən danışıb, bu sənədi Azərbaycan elmində xüsusi xidməti olan görkəmli alimin əməyinə verilən yüksək qiymət və qayğının təzahürü kimi dəyərləndirib. “Akademik Azad Mirzəcanzadə tətbiqi mexanika və neft-mədən işləri üzrə bir sıra yeni istiqamətlərin banisidir” – deyə bildirən alim neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, həmçinin riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlərin onun tərəfindən əhatəli şəkildə araşdırıldığını qeyd edib. AMEA rəhbəri görkəmli alimin zəngin elmi irsə malik neft-qaz sənayesinin aktual problemlərinin həllinə dair çoxsaylı qiymətli tədqiqatları ilə Azərbaycan elminə mühüm nailiyyətlər qazandırdığını, onun rəhbərliyi və bilavasitə iştirakı ilə dəniz neft və qaz-kondensat yataqlarının işlənilməsinin fundamental-nəzəri əhəmiyyətli metodlarının hazırlanıb tətbiq edildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, akademik A.Mirzəcanzadənin rəhbərliyi ilə 250-dən çox fəlsəfə doktoru, 100-dən artıq elmlər doktoru hazırlanıb. Mərhum alimin həm də elmin təşkili və idarə olunması prosesində fəal iştirak etdiyini deyən akademik Akif Əlizadə bildirib ki, o, Azərbaycan elminin dünyaya inteqrasiyası üçün bilik və bacarığını əsirgəməyib. A.Mirzəcanzadə uğurlu elmi fəaliyyətinə görə müxtəlif illərdə bir çox fəxri mükafatlara, medallara, həmçinin Azərbaycan Respublikasının “İstiqlal” və “Şöhrət” ordenlərinə layiq görülüb. Elmi kadrların və yüksək ixtisaslı neftçi mütəxəssislərin hazırlanmasında görkəmli alimin əvəzedilməz rolunun olduğunu deyən A.Əlizadə onun elmi məktəbinin davamçılarının nəinki Azərbaycanda, hətta xaricdə elmi mərkəzlərə və istehsalat müəssisələrinə rəhbərlik etdiyini bildirib. AMEA rəhbəri Azərbaycan elmində əvəzsiz xidmətləri olan Azad Mirzəcanzadənin xatirəsinin hər zaman yaddaşlarda yaşayacağını söyləyib. Sonra Azərbaycan Respublikası Təhsil nazirinin müavini, psixologiya üzrə fəlsəfə doktoru Məhəbbət Vəliyeva çıxış edərək dünya şöhrətli alim A.Mirzəcanzadənin həyat yolu, neft elminin inkişafına verdiyi töhfələrdən söhbət açıb. Bildirib ki, Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakıda anadan olub, 15 yaşında orta məktəbi bitirib. O, 23 yaşında namizədlik, 29 yaşında doktorluq dissertasiyalarını müdafiə edib, 34 yaşında Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 40 yaşında isə həqiqi üzvü seçilib. Nazir müavini çıxışında son dərəcə geniş maraq dairəsi olan Azad Mirzəcanzadənin pedaqoji fəaliyyətlə məşğul olduğunu, onun yüksəkixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf etdiyini və ölkə iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak etdiyini vurğulayıb. Qeyd edib ki, neftçi-alim pedaqogika elminin və uşaq psixologiyasının dərin bilicisi olub, neft-qaz elminin inkişafında və gənc alimlər nəslinin formalaşmasında mühüm xidmətlər göstərib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə çıxış edərək cari ilin sentyabr ayında SOCAR-da akademik A.Mirzəcanzadənin 90 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdırıb. Azad Mirzəcanzadə ilə tanışlığının 1950-ci illərin əvvəllərinə təsadüf etdiyini deyən X.Yusifzadə görkəmli alimin neft mədən mexanikasında yeni istiqamətlərin, neftqazçıxarma və işlənmə proseslərində innovativ fikirlərin yaradıcısı olduğunu, onun fundamental elmi görüşlərinin ölkənin hüdudlarından kənarda da böyük şöhrət qazandığını söyləyib. Bildirib ki, elmlə istehsalatın vəhdətini yaratmağa nail olmuş akademik Azad Mirzəcanzadənin araşdırmalarının nəticələrindən mötəbər elmi mərkəzlər bu gün də geniş istifadə etməkdədir. Alimin Azərbaycanda, keçmiş sovet məkanında və dünyada neft elminin inkişaf etdirilməsində misilsiz xidmətləri var, onun elmi irsi zəngin kəşflər və ixtiralar xəzinəsidir. Daha sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı çıxış edərək fəaliyyətinin böyük hissəsini bu universitetlə bağlayan akademik Azad Mirzəcanzadənin hər zaman gənc və perspektivli mütəxəssislərin axtarışında olduğunu qeyd edib. Alimin adının ölkə hüdudlarından kənarda da yaxşı tanındığını deyən rektor əlavə edib ki, onun ideya və kitabları tədris prosesində geniş istifadə olunur. Mustafa Babanlı, həmçinin vurğulayıb ki, öz elmi məktəbində 400-dən çox fəlsəfə və elmlər doktoru yetişdirən Azad Mirzəcanzadə Başqırdıstan, Tatarıstan, Qərbi Sibirdə neft və qaz yataqlarının işlənilmə nəzəriyyəsi və praktikası, qeyri-xətti mexanika və tətbiqi riyaziyyatda yeni istiqamətlərin inkişafına təkan verib. Rektor görkəmli alimin novatorluq fəaliyyətindən də danışıb. Bildirib ki, Azad Mirzəcanzadə Mahmudbəyov adına səkkizillik məktəbin müəllim kollektivi tərəfindən fəxri direktor seçilib və onun təşəbbüsü ilə bu məktəb istedadlı uşaqlar üçün liseyə çevrilib. Siniflərdə mühazirələrlə çıxış edən Azad Mirzəcanzadənin dəvəti ilə liseydə Elmlər Akademiyasının tanınmış alimləri də dərs deyiblər. Görkəmli alimin digər təşəbbüsü ilə tələbələr buraxılış işlərini universitetdən kənarda, neftqazçıxarılma müəssisələrində həyata keçiriblər. Professor M.Babanlı bu günlərdə ADNSU-da keçirilən tələbələrin 67-ci elmi-texniki konfransının akademik Azad Mirzəcanzadəyə həsr edildiyini bildirib. O, universitetdə hər il mərhum alimin adına təqaüdlərin təsis edilərək təhsildə və tələbə elmi cəmiyyətinin işində böyük uğur qazanmış iki bakalavr və bir magistranta təqdim olunduğunu diqqətə çatdırıb. Rektor, həmçinin universitetdə akademikin iş otağının hazırda muzey kimi fəaliyyət göstərdiyini qeyd edib.  Konfransda Rusiya Təbiət Elmlər Akademiyasının vitse-prezidenti, professor Əzizağa Şahverdiyev "Neft yataqlarının işlənmə prosesinin optimallaş­dı­rıl­­ması və neftçıxarmanın artırılmasının innovativ tex­­nologiyaları", Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Tulparxan Salavatov "Azad Mirzəcanzadə – vətəndaş, pedaqoq, alim, mütəfəkkir" mövzusunda məruzələrlə çıxış ediblər. Daha sonra AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevə, AMEA-nın müxbir üzvü Bağır Süleymanova və ADNSU-nun Qaz-neft-mədən fakültəsinin dekanı, professor Qafar İsmayılova "Akademik Azad Mirzəcanzadə adına medal" təqdim olunub. Digər çıxış edənlər Azad Mirzəcanzadənin elmi yaradıcılığının əhəmiyyətindən bəhs edib, akademiklə bağlı xatirələrini bölüşüblər. Tədbir plenar məruzələrin dinlənilməsi ilə işinə davam edib. Beynəlxalq konfransa dekabrın 14-də yekun vurulacaq.   AMEA

Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzi yaradılır

Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının “Gəncədə Sənaye üzrə Regional Peşə  Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi həyata keçirilir. Layihənin məqsədi Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasının hüquqi-normativ sənədlərinin inkişaf etdirilməsi, Kompetensiya Mərkəzində təchizat, alət və maşınların quraşdırılması, əmək bazarını araşdıraraq 3  yeni təhsil proqramı (kurikulumlar)  və tədris vəsaitlərinin hazırlanması, informal və qeyri-formal yollarla əldə edilmiş səriştələrin tanınması mexanizminin pilot olaraq icra edilməsidir. Layihə çərçivəsində cari ildə 3 kurikulum (“Mənzil təsərrüfatı xidməti üzrə mütəxəssis”, “Məişət soyuducu  və istilik sistemlərinə xidmət üzrə mütəxəssis” və “Dağ-mədən işləri üzrə mütəxəssis”) və 16 modul dərslik hazırlanıb. Sənaye istiqaməti üzrə əlavə 3 ixtisasa dair kurikulum və dərsliklərin hazırlanması da nəzərdə tutulur. Bununla yanaşı, Gəncədə kurikulum və modulların hazırlanması üzrə təlimlər keçirilib.    Layihənin icrası istiqamətində informal və qeyri-formal yollarla əldə edilmiş səriştələrin tanınması üzrə Qaydaların layihəsi hazırlanıb və Peşə Təhsili üzrə Dövlət Agentliyinə təqdim edilib.  

Şahmat üzrə respublika birinciliyi başa çatıb

Salyan şəhər 2 nömrəli tam orta məktəbin idman zalında “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə respublika birinciliyinin final mərhələsi keçirilib. Yarışın əsasnaməsinə uyğun olaraq finalda 6 yaş qrupu üzrə (6, 8, 10, 12, 14, 16 yaşlaradək) oğlan və qızlar arasında keçirilən zona yarışlarında 1 və 2-ci yerləri tutan, həmçinin finalda birbaşa oynamaq hüququ qazanan yüksək reytinqli şahmatçılar iştirak edib. Ümumilikdə final mərhələsinə 140 məktəbli qatılıb. Yarışın açılış mərasimində Təhsil Nazirliyinin, rayon rəhbərliyinin, idman ictimaiyyətinin nümayəndələri iştirak edib, məktəblilər konsert proqramları ilə çıxış edib. Birincilikdə yaş qrupları üzrə 1, 2 və 3-cü yerləri tutan oğlan və qız şahmatçılar diplom və medallarla təltif edilib. Qeyd edək ki, birinciliyin keçirilməsində məqsəd məktəblilər arasında şahmat idman növünü təbliğ etmək, şahmatçıların oyun təcrübəsini artırmaq, yaş qrupları üzrə yığma komandalara cəlb etmək və idmançılar arasında dostluq əlaqələrini yaratmaqdan ibarət olub.

Məktəblər arasında respublika çempionatının zona yarışları davam edir

Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq qızlardan ibarət məktəb komandaları arasında voleybol idman növü üzrə növbəti zona yarışı keçirilib. Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən oyunlarda Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Qobustan, Sumqayıt, Abşeron, Qubadlı rayonlarının məktəb komandaları mübarizə aparıb. Yarışların nəticəsi olaraq I yeri Abşeron rayonu Aşağı Güzdək tam orta məktəbin, II yeri Qusar rayonu Urva kənd tam orta məktəbin, III yeri Şabran rayonu 1 nömrəli tam orta məktəbin komandası tutub. Daha bir zona yarışı basketbol idman növü üzrə Tovuz Olimpiya İdman Kompleksində keçirilib. Yarışlarda Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy, Goranboy, Göygöl, Samux, Bərdə, Tərtər, Yevlax, Naftalan, Mingəçevir, Kəlbəcər, Ağdam, Xocalı, Daşkəsən rayonlarının məktəb komandaları mübarizə aparıb. Nəticədə I yeri Gəncə şəhəri 19 nömrəli tam orta məktəbin, II yeri Göygöl rayonu Xəqani kənd tam orta məktəbin, III yeri Mingəçevir şəhəri 10 nömrəli tam orta məktəbin komandaları tutub. Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıb. Yarışların açılış mərasimində tərəfdaş qurumların, idman ictimayyətinin nümayəndələri iştirak edib. Qaliblərə diplomlar təqdim olunub. Məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir. 2018-2019-cu tədris ili ərzində keçiriləcək çempionatda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrinin komandaları şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-ci siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə mübarizə aparacaq. Şahmat və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır, voleybol və basketbol idman növləri üzrə keçirilən yarışların qalib məktəb komandaları məktəblərin dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanır.

Təhsil Nazirliyi qadınlar arasında İT-nin təbliğinə görə mükafatlandırılıb

Təhsil Nazirliyi qadınlar arasında İT sahəsinin populyarlaşdırılmasına və təbliğinə göstərdiyi dəstəyə görə diplom və mükafatla təltif olunub. Mükafat Bakıda keçirilən "Bakutel 2018" XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransı çərçivəsində baş tutan “Azərbaycan qadınları İKT-də - Femmes Digitales (AWIC)” klubunun təşkilatçılığı ilə sayca 2-ci “AWITA 2018” (“The Women in IT Award”) mərasimində verilib. Bu il “AWITA” mükafatı müsabiqəsinə 100-dən artıq ərizə daxil olub. Yekun nəticəyə görə, 11 nominasiya üzrə qaliblər müəyyənləşdirilıb. Müsabiqənin “Rayon və ucqar bölgədə İT sahəsinə verilən töhfə” nominasiyası üzrə İsmayıllı rayonu 1 nömrəli tam orta məktəbin müəllimi Bahar Abdullayeva, “İlin innovativ müəllimi” nominasiyası üzrə Sumqayıt şəhəri 1 nömrəli tam orta məktəbin fizika-informatika müəllimi Aliyə Əhmədova  qalib elan olunub. “Azərbaycan qadınları İKT-də - Femmes Digitales (AWIC)” klubu dövlət və özəl sektorda çalışan qadınları birləşdirmək, həmçinin onların bu sahədə təhsil almaları və karyera yüksəlişinin təmin edilməsi məqsədi ilə yaradılıb. Bu il klub 4 yaşını qeyd edib.

Fəxri xiyaban ziyarət edilib

Dekabrın 12-də Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Daha sonra təhsil nazirinin müavini, YAP Nərimanov rayon təşkilatı idarə heyətinin üzvü Firudin Qurbanov, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev və nazirliyin əməkdaşları ümummilli liderin Heydər Əliyev Sarayının qarşısındakı abidəsini ziyarət edib, dahi liderə ehtiramlarını bildiriblər. Həmçinin Təhsil Nazirliyinin 6 nəfər əməkdaşı Yeni Azərbaycan Partiyasına üzv qəbul olunub.

Ulu öndərimizi ehtiramla anırıq!

.

27/06/2026

Olimpiya icmalı #TəhsilTV #MRİO2026

Ətraflı
26/06/2026

Məktəblilərin Respublika İdman Olimpiadası üzrə yekun statistika

Ətraflı
25/06/2026

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. ?? Vətənimizin müdafiəsi və təhlükəsizliyi naminə şərəflə xidmət edən bütün hərbçilərimizi təbrik edir, onlara uğurlar arzulayırıq. #ElmVəTəhsilNazirliyi #26İyun #SilahlıQüvvələriGünü

Ətraflı