Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 5 ili – infoqrafik məlumat

Ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən müddət ərzində təhsilin məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə nəzərdə tutulan hədəflərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb. Ümumi təhsilin inkişaf dinamikası infoqrafik məlumatda öz əksini tapır.

İmişlidə modul tipli məktəb binası quraşdırılır

İmişlidə Muradxanlı kənd ümumi orta məktəbi üçün 54 şagird yerlik modul tipli bina quraşdırılır. Binanın tikinti-quraşdırma işləri Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ayrılan vəsait hesabına həyata keçirilir. Tikinti-quraşdırma işləri Təhsil Nazirliyinin sifarişi ilə aparılır. Artıq binanın bünövrəsi tökülüb və quraşdırma işləri görülür. Yeddi sinif otaqlı bina dayanaqlı su, istilik və elektrik enerjisi ilə təmin olunacaq. Təhsil ocağının gələn ilin ilk aylarında şagirdlərin istifadəsinə verilməsi planlaşdırılır.   AZƏRTAC

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 5 ili – infoqrafik məlumat

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən beş il ərzində təhsilin əhatəliliyi, keyfiyyət dəyişikliyi baxımından çoxsaylı tədbirlər həyata keçirilib. Strategiyada nəzərdə tutulmuş hədəflər çərçivəsində təhsilin ayrı-ayrı pillələri üzrə mühüm nailiyyətlər əldə olunub. İlk olaraq məktəbəqədər təhsillə bağlı görülmüş işlərə dair infoqrafik məlumatlar təqdim edilir:

“İstedadlı şagird üçün istedadlı müəllim” adlı müsabiqə keçirilib

Dekabrın 15-də Təhsil İnstitutunun təşkilatçılığı ilə “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsi keçirilib. Kimya Biologiya təmayüllü Respublika Liseyi və “Zəngi” Liseyində keçirilən müsabiqədə Bakı şəhəri və ölkəmizin bütün bölgələri əhatə olunmaqla 1500-dən çox müəllim iştirak edib. Müsabiqə beş fənn - riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə keçirilib.  Müsabiqənin ümumi mükafat fondu 15 000 manatdır. Hər bir fənn üzrə I yerin qalibinə 1500 manat, II yerin qalibinə 1000 manat, III yerin sahibinə isə 500 manat mükafat veriləcək. Müsabiqənin məqsədi ümumi təhsil müəssisələrində çalışan müəllimlərin istedadlı şagirdlərlə bağlı fəaliyyətlərə daha yaxından cəlb edilməsi, həmin şagirdlərlə işləyəcək pedaqoji kollektivin müəyyənləşdirilməsi, müəllimlərin müxtəlif layihələrdə iştirakı təmin olunmaqla  pedaqoji və akademik bacarıqlarının inkişafının təmin edilməsidir. Müsabiqə “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilib.

SABAH tələbələri qalib olub

Bakı Dövlət Universitetinin “Kompüter elmləri” ixtisası üzrə IV kurs SABAH  tələbələri Aytac Mirzəliyeva, Məmmədəli Şahbazov, Cavid Qasımov, Ramazan Süleymanlı “First Step” komandası adı altında “Hult Prize BSU”-nun qalibi olublar. Bakı Dövlət Universitetində 17 komanda arasında baş tutmuş mübarizənin qalibləri regional finalda birbaşa iştirakla yanaşı, 2019-cu ilin sentyabr ayında ABŞ-ın Nyu-York şəhərinin ev sahibliyi edəcəyi “Global Hult Prize” müsabiqəsinin finalına qatılmaq hüququ qazanıblar. Qalib komanda üçün 1 milyon ABŞ dolları dəyərində mükafat təyin olunub. “Hult Prize” müsabiqəsi sabiq ABŞ prezidenti Bill Klinton və "Times” jurnalı tərəfindən dünyanı daha yaxşıya dəyişən beş ən yaxşı ideyadan biri kimi tanınır. “Hult Prize 2019” müsabiqəsinin əsas hədəfi Birləşmiş Millətlər Təşkilatının 7, 8 və 9-cu Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanaraq gənclərin işsizlik probleminin həll olunmasına yardım etməkdir.   

“Bir” Tələbə-Könüllü Proqramının 3 illiyi münasibətilə tədbir

Dekabrın 14-də Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının yaranmasının 3 illiyi münasibətilə Azərbaycan Dillər Universitetinin tələbə-könüllüləri tərəfindən tədbir keçirilib. Tədbirdə tələbə-könüllülər üçün yaradılan imkanlardan, qazanılan nailiyyətlərdən danışılıb. Qeyd olunub ki, “Bir” Tələbə-Könüllü proqramı Təhsil Nazirliyi tərəfindən 2015-ci il dekabrın 14-də yaradılan uzunmüddətli layihədir. Proqram milli könüllü platforması kimi 20 mindən çox vahid tələbə-könüllü bazasına malikdir. Könüllülərin təmsil olunduğu bölgələrə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran və Masallı daxildir. Proqramda tələbə-könüllülər üçün özünü inkişaf mühiti formalaşdırılıb. Burada tələbə-könüllülər üçün müntəzəm olaraq təlimlər, kurslar, seminarlar, təcrübə və mübadilə proqramları həyata keçirilir. Proqramın fəal könüllüləri uğurlu fəaliyyətləri nəticəsində karyeralarına başlayıb, bir çoxları isə beynəlxalq forumlarda ölkəmizi layiqincə təmsil ediblər. Tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. Azərbaycanda könüllülük sahəsində ilk dəfə həyata keçirilən “Elektron könüllü portalı” proqram tərəfindən yaradılıb. Bu sistem vasitəsilə hər bir tələbə-könüllünün iştirak etdiyi tədbirlərin sertifikatı www.konullu.edu.az saytındakı hesabında yerləşdirilir. Proqrama qoşulmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçərək fəal tələbə-könüllülərdən ola bilərlər. Tədbirdə proqramın və tələbə-könüllülərin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, istedadlı tələbə-könüllülərin iştirakı ilə mahnılar ifa olunub.

Birgə Akademik İncəsənət Proqramı üzrə əməkdaşlığın yeni mərhələsi

Təhsil Nazirliyi, Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Rəssamlıq Akademiyası tərəfindən Birgə Akademik İncəsənət Proqramının tətbiqi sahəsində əməkdaşlığın yeni mərhələsinə start verilib. Layihə zamanı  dərslər  Rəssamlıq Akademiyasında (standart akademik tədris program çərcivəsində) və İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin maddi-texniki bazasında keçirilir. Bu məqsədlə hər iki qurumda xüsusi hazırlıq işləri aparılıb, SABAH proqramı çərçivəsində təhsil alan tələbələrin təhsil prosesini daha yüksək səviyyədə təşkil etmək üçün şərait yaradılıb. Akademiyada SABAH layihəsinin  tədris auditoriyaları istifadəyə verilib. Tədris proqramının hazırlanmasında hər iki qurumun mütəxəssisləri iştirak edib. Seçilmiş fənlər üzrə akademiyanın professor-müəllim heyəti tərəfindən müasir tələblərə cavab verən yeni innovativ proqram tərtib edilib. Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində fəaliyyət göstərən mütəxəssisləri də beynəlxalq standartlara cavab verən proqram təqdim ediblər.   Əməkdaşlıq çərçivəsində birgə akademik incəsənət proqramının Azərbaycanda tətbiq olunan incəsənət üzrə kurikuluma inteqrasiya edilməsi, Azərbaycanın milli mədəni irsinin dərindən öyrənilməsi nəzərdə tutulur. Həmçinin Rəssamlıq Akademiyasının  hazırda təklif olunan akademik tədris sisteminə inteqrasiya olunması, elmi-pedaqoji heyətin müvafiq proqramla tanışlığının təmin edilməsi, tələbələrin sənət sahələri üzrə yüksək bilik və bacarıq səviyyəsinə çatdırılması, peşə və ali məktəb səviyyəsində təlimçi-müəllimlərin hazırlanmasına köməklik göstərilməsi planlaşdırılır. Hazırda bu tədris proqram çərçivəsində 60-a yaxın SABAH tələbəsi təhsilini davam etdirir.  

Bakıda “İstedadların hazırlığı laboratoriyası” II Beynəlxalq Olimpiadanın qalibləri mükafatlandırılıb

Dekabrın 13-də Bakıda “İstedadların hazırlığı laboratoriyası” II Beynəlxalq Olimpiadanın qalibləri mükafatlandırılıb. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər. Əvvəlcə Olimpiadadan bəhs edən videoçarx nümayiş olunub. Sonra beynəlxalq tədbirin iştirakçılarına ölkəmizdə həyata keçirilən irimiqyaslı tədbirlər barədə məlumat verilib. Qeyd olunub ki, Azərbaycanda 2015-ci ildə ilk Avropa Oyunları, iki il sonra IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları, dünya və Avropa çempionatları yüksək səviyyədə təşkil olunub. Həmçinin ölkəmiz beynəlxalq fənn olimpiadalarına da ev sahibliyi edib. Gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək Olimpiadanın əhəmiyyətini yüksək qiymətləndirib. Nazir deyib ki, Olimpiadada iştirak böyük şərəf olmaqla yanaşı, ciddi məsuliyyət tələb edir. Çünki hər bir iştirakçı öz ölkəsini, təhsil aldığı məktəbi təmsil edir. Belə tədbirlər yeniyetmələrin inkişafında xüsusi rol oynayır. Olimpiadada onlayn olaraq 5 mindən artıq məktəbli iştirak edib. Onların arasından seçilənlər yarışın final mərhələsinə vəsiqə qazanıblar. “Artıq iki ildir Olimpiada beynəlxalq status alıb. Digər ölkələrdən iştirakçıların Olimpiadaya qatılması rəqabəti daha da artırır. Bu, həmçinin məktəblilər arasında daha geniş fikir mübadiləsinin aparılmasına və yeni dostluqlara imkan yaradır”, - A.Rəhimov əlavə edib. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ölkəmizin müxtəlif fənd olimpiadalarına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb. Nazir müavini bildirib ki, Azərbaycanda təkcə elmlə bağlı deyil, idman, mədəniyyət və digər sahələr üzrə də mötəbər tədbirlər təşkil olunur. Yeniyetmələrimiz beynəlxalq olimpiadalarda ölkəmizi layiqincə təmsil edir, mükafatçılar sırasında yer alırlar. Nazirliyin nəzdində olimpiadalara hazırlıq mərkəzinin beş ildir fəaliyyət göstərdiyini vurğulayan M.Vəliyeva gələn ilin avqustunda ölkəmizdə informatika Olimpiadasının təşkil olunacağını diqqətə çatdırıb. Sonra Gənclər və İdman Nazirliyinin şöbə müdiri İndira Hacıyeva “Milli ideya və beynəlxalq təcrübə” adlı təqdimatla çıxış edib. Daha sonra mükafatlandırma mərasimi təşkil olunub. Komanda yarışlarında Rusiya birinci, Özbəkistan ikinci, Tacikistan komandası üçüncü pillədə qərarlaşıblar. Olimpiadanın fərdi qalibləri də mükafatlandırılıb. Onlara medal, diplom və qiymətli hədiyyələr təqdim olunub. Komanda yarışının qaliblərinə isə kubok verilib. İkinci Beynəlxalq Olimpiadaya Azərbaycan, Belarus, Estoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistandan olan məktəblilər qatılıblar. “İstedadların hazırlığı laboratoriyası” II Beynəlxalq Olimpiada Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasının təmin edilməsi məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunub. 14-16 yaşlı yeniyetmələrin iştirak etdikləri Olimpiada riyaziyyat, fizika və kimya fəndləri üzrə keçirilib. Beynəlxalq Olimpiadada cari ilin noyabrında “İstedadların hazırlığı laboratoriyası” VI Respublika Olimpiadasının onlayn turlarının qalibi olan azərbaycanlı iştirakçılar da yarışıblar. Olimpiadanın keçirilməsində məqsəd məktəblilər arasında elmi-tədqiqat fəaliyyətinə marağın aşkar edilməsi, onların inkişafı üçün lazımı rəqabət mühitinin formalaşdırılması, elmi biliklərin təbliği, alim və tədqiqatçıların yeniyetmə və gənclərlə işə cəlb olunması, istedadlı yeniyetmələr arasında beynəlxalq əlaqələrin formalaşdırılması üçün şəraitin yaradılmasından ibarətdir. 2013-cü ildən başlayaraq, hər il respublika səviyyəsində keçirilən Olimpiadaya 2017-ci ildə beynəlxalq status verilib. Həmin il Bakıda 8 ölkənin iştirakı ilə “İstedadların hazırlığı laboratoriyası” I Beynəlxalq Olimpiada keçirilib. İndiyədək bu elmi müsabiqəyə 13 mindən artıq azərbaycanlı yeniyetmə qatılıb.   AZƏRTAC

Mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Dekabrın 22-də dövlət peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin növbəti mərhələsi keçiriləcək. Bu mərhələdə əsasən regionlarda fəaliyyət göstərən və indiyə qədər diaqnostik qiymətləndirilməsi keçirilməyən dövlət peşə təhsili müəssisələrinin ixtisas fənn müəllimləri və istehsalat təlimi ustaları iştirak edəcək. Qiymətləndirmənin nəticələrindən asılı olaraq, mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsi ilə əmək bazarının tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur. Qeyd edək ki, müxtəlif səbəblərə görə əvvəlki qiymətləndirmələrdə iştirak edə bilməyənlər də diaqnostik qiymətləndirmənin bu mərhələsinə cəlb olunacaq. Bununla da dövlət peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin başa çatdırılması planlaşdırılır. Diaqnostik qiymətləndirmənin keçirilməsində məqsəd “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən peşə təhsili müəssisələri üzrə mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının yoxlanılması, nəticələrdən asılı olaraq onların ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsilə əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır.

Təhsil naziri Xırdalan şəhərində vətəndaşları qəbul edib

Dekabrın 14-də təhsil naziri Ceyhun Bayramov Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Abşeron, Qubadlı, Kəlbəcər, Zəngilan rayon və Sumqayıt şəhər sakinlərini qəbul edib. Qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Abşeron rayonunda və Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının artırılması, işə bərpa olunma, təhsil sənədlərinin tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər.

27/06/2026

Olimpiya icmalı #TəhsilTV #MRİO2026

Ətraflı
26/06/2026

Məktəblilərin Respublika İdman Olimpiadası üzrə yekun statistika

Ətraflı
25/06/2026

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. ?? Vətənimizin müdafiəsi və təhlükəsizliyi naminə şərəflə xidmət edən bütün hərbçilərimizi təbrik edir, onlara uğurlar arzulayırıq. #ElmVəTəhsilNazirliyi #26İyun #SilahlıQüvvələriGünü

Ətraflı