Turizm-xidmət sahəsi üzrə kadr hazırlığına başlanılıb
Cari tədris ilindən başlayaraq “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı” layihəsi çərçivəsində Qusar Peşə Liseyi və İsmayıllı Peşə Tədris Mərkəzində turizm-xidmət sahəsi üzrə kadr hazırlığına başlanılıb. Təcrübə proqramı Təhsil Nazirliyi, “British Council” təşkilatı və ölkədə fəaliyyət göstərən turizm-xidmət sektoru üzrə müəssisələr ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi turizm-xidmət sahəsi üzrə müəllimlərin potensialının artırılması, işəgötürənlərin iştirakı ilə milli standart və kvalifikasiyalara uyğun kurikulumların hazırlanması və peşə təhsili müəssisələrinin məzunlarının işlə təmin olunmasına imkan yaradılmasıdır. Layihə Turizm və Sosial Xidmətlər üzrə Peşə Təhsil Mərkəzində “aşpaz”, “oteldə konsiyerj” və “mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi” ixtisasları üzrə həyata keçirilib. Layihəyə uyğun olaraq, Birləşmiş Krallığın “People1st” təşkilatı tərəfindən müfaviq ixtisaslar üzrə yeni kurikulum və tədris materialları hazırlanıb, müəllimlər üçün təlimlər təşkil olunub. “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı”na cəlb olunan peşə təhsili müəssisələrinin tələbələrinin 60 faizindən çoxu işlə təmin olunub. Gələcəkdə layihənin əhatə dairəsinin daha da genişləndirilməsi və müvafiq sahələr üzrə peşə təhsili müəssisələrinin bu layihəyə cəlb olunması nəzərdə tutulur.
17/01/2019 16:08
Təhsil nazirinin Neftçala şəhərində vətəndaşların qəbulu vaxtı dəyişdirilib
Təhsil naziri Ceyhun Bayramovun Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl rayon və Şirvan şəhər sakinlərinin 18 yanvar 2019-cu il tarixinə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib. Qeydiyyatdan keçmiş vətəndaşlara qəbulun vaxtı barədə əlavə məlumat veriləcək.
17/01/2019 09:24
Fransanın sabiq Prezidenti Azərbaycan-Fransız Universitetində olub
Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozi ölkəmizə səfəri çərçivəsində yanvarın 16-da Azərbaycan-Fransız Universitetində (UFAZ) olub. Nikola Sarkozi əvvəlcə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində nümayiş etdirilən sərgiyə baxıb. Sərgidə Azərbaycan tələbələrinin yay məktəbi zamanı Strasburqda çəkdikləri fotolar, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinə dair arxiv sənədləri nümayiş olunur. Nikola Sarkozi universitetin tələbələri ilə söhbət edib, bu ali təhsil ocağında fəaliyyət göstərən laboratoriyalarla tanış olub. Fransanın sabiq Prezidenti tələbələr qarşısındakı çıxışına “Sizin çox güclü və önəmli ölkəniz var” sözləri ilə başlayıb. N.Sarkozi vurğulayıb ki, Xəzər dənizinin sahilində yerləşməsi mükəmməl ölkə olan Azərbaycana daha böyük üstünlüklər gətirir. O, qeyd edib ki, Azərbaycanın gələcəyi sayılan gənclər daim öz üzərilərində işləməlidirlər. Sonda sabiq Prezident Nikola Sarkozi universitetin xatirə kitabına ürək sözlərini yazıb. AZƏRTAC
16/01/2019 15:49
Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə əmr
Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb. Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır və tədrislə bağlı tədbirlər təxirə salınır. Əmr bütün ümumtəhsil, peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrinə aiddir. Eyni zamanda ali məktəblərdə imtahan və kollokviumlar da iki günlük təxirə salınıb.
16/01/2019 13:56
Direktorların işə qəbulu üzrə müsahibələr davam edir
Dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. Direktorların işə qəbulu üzrə müsahibələrə dekabrın 5-dən başlanılıb. Bu günədək 575 nəfər namizədlə müsahibələr aparılıb. Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndirilir. Bu mərhələ üzrə keçid balı 3 bal müəyyən edilir. Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi yanvarın sonunadək davam edəcək. Bu mərhələdə 730 namizəd iştirak edəcək. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edirlər.
16/01/2019 11:24
Onlayn sorğu: müəllim peşəsinə maraq artıb
Təhsil Nazirliyinin saytında keçirilən “2018-ci ildə təhsil sahəsində ən uğurlu yeniliklər hansılardır?” sorğusu başa çatıb. Bir ay davam edən onlayn sorğuda 1483 nəfər iştirak edib. Onlardan 609 nəfər müəllim peşəsinə marağın artmasını, 306 nəfər “Təhsil haqqında” Qanuna edilən dəyişiklikləri, 248 nəfər I siniflərə elektron qəbulun aparılmasını,153 nəfər məktəbəhazırlığın əhatəsinin genişlənməsini, 91 nəfər ali təhsilin keyfiyyət göstəricilərinin yüksəlməsini, 76 nəfər nüfuzlu elmi jurnalllarda Azərbaycan alimlərinin nəticələrinin çap olunmasını 2018-ci ildə təhsil sahəsində ən uğurlu yenilik hesab edib. Beləliklə, sorğunun nəticəsinə əsasən, 2018-ci ildə təhsil sahəsində ən uğurlu yenilik müəllim peşəsinə marağın artması olub.
15/01/2019 16:49
"CanSat Azərbaycan 2019" müsabiqəsinə qeydiyyat başa çatıb
Təhsil Nazirliyinin “Azərkosmos” ASC ilə birgə keçirdiyi “CanSat Azərbaycan 2019” milli tələbə model peyk müsabiqəsinə qeydiyyat başa çatıb. Müsabiqədə iştirak üçün Bakı şəhərində və regionlarda yerləşən 15 ali təhsil müəssisəsindən 38 komanda qeydiyyatdan keçib. Komandaların tərkibi əsasən elektronika, mexanika, proqramlaşdırma və kommunikasiya üzrə bilik və bacarıqlara malik, bakalavr və magistr pilləsində təhsil alan tələbələrdən ibarətdir. Müsabiqə çərçivəsində qeydiyyatdan keçən komandalar üçün təşkil olunan infosessiyada “CanSat Azərbaycan 2019” müsabiqəsinin mahiyyəti, ötən müsabiqədə iştirak edən komandaların hazırladıqları peyk modellərinin xüsusiyyətləri və müsabiqənin şərtlərinə dair müzakirələr aparılıb. Həmçinin, təlim müddətində komandalara peyk modellərinin hazırlanması üçün ümumi təlimat verilib və ortaya çıxan suallar cavablandırılıb. Təlimlərdən sonra mart ayında komandalar qarşıya qoyulmuş tapşırıqların həlli yolları, hazırlanacaq peyk modelinin layihələndirmə işləri və eskizi üzrə hesabat təqdim edəcəklər. “CanSat Azərbaycan” müsabiqəsi ali təhsil müəssisələrinin tələbələri arasında kosmik sahəyə marağın artırılması, bu sahədə fundamental bilik və bacarıqlar formalaşdıraraq yerli kadrların yetişdirilməsi məqsədilə təşkil edilir. Müsabiqənin keçirilməsi tələbələrin radiotexnika, mexanika, elektronika sahələri üzrə baza biliklərinin inkişafına, onlara kosmik sənayeyə asan çıxış imkanının verilməsinə xidmət edir. Müsabiqədə uğurla çıxış edən tələbələr “Azərkosmos” ASC-də təşkil olunan təcrübə proqramında iştirak etmək, dəyərli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər Qaliblərə beynəlxalq “CanSat” müsabiqəsində iştirak edəcəkləri təqdirdə “Azərkosmos” tərəfindən texniki dəstək də göstəriləcək. Müsabiqə haqqında daha ətraflı məlumatı http://cansat.az/ saytından əldə edə bilərsiniz.
15/01/2019 15:51
Köçürülmək istəyən tələbələrin nəzərinə
Fevralın 1-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılacaq. Transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək sənəd qəbulu fevralın 7-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır. Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Transfer.edu.az portalı vasitəsi ilə köçürülən tələbələr köçürüldüyü ali təhsil müəssisəsindən və yaxud ixtisasından imtina etmək hüququna malik deyil. Tələbələrin köçürülməsinə dair ən çox verilən suallar və onların cavabları Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar
15/01/2019 14:24
“100 saat Astronomiya”
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Tusi-Bohm Planetariumun birgə əməkdaşlığı ilə “100 saat Astronomiya” adlı tədbir keçirilib. 2019-cu ildə Beynəlxalq Astronomiya İttifaqı (BAİ) özünün 100 illiyini və ötən dövr ərzində elm, texnika və mədəniyyəti formalaşdıran astronomik kəşfləri bayram edir. İl boyu qeyd olunacaq tədbirlər astronomiyanın elm, təhsil, davamlı inkişaf və diplomatiyadakı mühüm rolunu göstərəcək. Yubiley tədbirləri çərçivəsində yanvarın 10-dan 13-dək bütün dünyada 50 ölkədən 250-dən çox tədbir qeydiyyatdan keçib. Tusi-Bohm Planetariumda dörd gün ərzində məktəblilər üçün “açıq qapı” saatları, “Kosmik kostyum” müsabiqəsi keçirilib və gecə müşahidələri aparılıb. Tədbirdə 700 nəfərdən artıq məktəbli və xüsusi qayğıya ehtiyacı olan uşaq iştirak edib.
15/01/2019 11:44
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Hörmətli vətəndaşlar! Hər birinizi “Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər” barədə anket sorğusunda aktiv iştiraka dəvət edirik. ? Fikirləriniz bizim üçün çox önəmlidir. Sorğuya keçid: https://anket.edu.az/user/318 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #Sorğu
ƏtraflıMilli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
Ətraflı